Beş nəfər zəngin gənc gecə saat üçdə əylənmək üçün kiçik bir Peterburq balına gəlmişdilər. Çoxlu şampan içilmişdi, cənablardan əksəriyyəti cavan idi, qızlar da gözəldilər, fortepiano və skripkada bir-birinin ardınca polka çalınırdı, rəqs və gurultunun arası kəsilmirdi; ancaq bununla belə, məclis nə isə cansıxıcı və yöndəmsiz idi, nədənsə hamıya elə gəlirdi ki (belə hallar tez-tez olur), bütün bunlar öz qaydasında deyil və gərəksizdir.
Onlar bir neçə dəfə məclisi canlandırmağa çalışdılar, lakin saxta şənlik cansıxıcılıqdan daha pisdir.
Beş gəncdən biri həm özündən, həm də başqalarından və bütün gecədən daha çox narazı idi. O, nifrət hissi ilə ayağa qalxıb şlyapasını axtardı və səssiz-səmirsiz getmək üçün bayıra çıxdı.
Dəhlizdə heç kim yox idi, lakin qapının arxasından qonşu otaqda iki nəfərin mübahisə etdiyini eşitdi. Qadın səsi deyirdi:
– Olmaz, orada qonaqlar var.
– Buraxın, xahiş edirəm, heç bir şey eləmərəm! – deyə zəif kişi səsi yalvarırdı.
Qadın deyirdi:
– Xanım icazə verməsə, buraxmayacağam. Hara getdin? Ay səni!..
Qapı taybatay aralandı və astanada qəribə bir kişi fiquru göründü. Xidmətçi qadın qonağı görən kimi ondan əl çəkdi. Qəribə fiqur isə çəkinə-çəkinə baş əyərək, dizdən bükülən ayaqları səndirləyə-səndirləyə otağa daxil oldu. Bu, ortaboylu, dar, əyilmiş kürəyi və uzun, pırtlaşıq saçları olan bir kişi idi. Əynində qısa palto, yırtıq, ensiz şalvar, ayaqlarında qırış-qırış olmuş bulaşıq çəkmə vardı. Qalstuku ip kimi burub uzun ağ boynuna taxmışdı. Kirli köynəyi paltosunun qollarından çıxıb arıq əlləri üstə düşmüşdü. Lakin bədəninin həddindən artıq arıq olmasına baxmayaraq, sifəti zərif və ağdı, hətta seyrək qara saqqalından və bakenbardlarından yuxarıda, yanaqlarında qırmızılıq da nəzərə çarpırdı. Daranmamış saçlarını dala verdiyindən dar və həddindən artıq təmiz alnı açıqda qalmışdı. Qara yorğun gözləri mülayim və bununla belə, təmkinlə qabağa baxırdı. Onların ifadəsi cazibədarlıqla seyrək bığları altından görünən ucları büzüşmüş zərif dodaqlarının ifadəsinə qovuşmuşdu.
Bir neçə addım atıb dayandı, gəncə tərəf qanrıldı və gülümsədi. O sanki çətinliklə gülümsədi, lakin təbəssüm onun sifətini işıqlandırdıqda gənc də səbəbini bilmədən gülümsədi.
– O kimdir? – deyə qonaq qəribə fiqur rəqs səsi eşidilən otağa keçəndən sonra pıçıltı ilə xidmətçi qadından soruşdu.
– Teatrdandır, başıhavalı çalğıçıdır, – deyə xidmətçi qadın cavab verdi, – hərdənbir xanımın yanına gəlir.
Bu zaman salondan çağırdılar:
– Delesov, sən hara getdin?
Delesov dedikləri həmin gənc salona qayıtdı.
Çalğıçı qapının yanında durub rəqs edənlərə tamaşa eləyirdi. O öz təbəssümü və baxışı ilə, ayaqlarını qaldırıb-qoymaqla bu tamaşadan həzz aldığını bildirirdi.
Qonaqlardan biri ona dedi:
– Siz də gəlin, rəqs edin!
Çalğıçı baş əydi və sualedici bir nəzərlə ev sahibəsinə baxdı.
Ev sahibəsi söhbətə qarışdı:
– Gəlin, gəlin, əgər sizi cənablar dəvət edirsə, gəlin!
Çalğıçının arıq, zəif bədən üzvləri birdən-birə güclü bir hərəkətə gəldi. O gülümsəyib göz vurdu və dartınıb çətinliklə, ağır-ağır salonda atılıb-düşməyə başladı. Kadrilin22 ortasında çox gözəl, həvəslə rəqs edən şən zabit bilmədən kürəyi ilə çalğıçıya toxundu. Çalğıçının zəif, yorğun ayaqları müvazinətini saxlaya bilmədi, o, dizləri bükülə-bükülə bir neçə addım kənara çəkildi və döşəmənin üstünə sərildi. Onun yıxılması ilə güclü və quru bir səs eşidildi. Buna baxmayaraq ilk dəqiqədə, demək olar ki, hamı buna gülüşdü.
Lakin çalğıçı yerindən qalxmırdı. Qonaqlar susdular, hətta fortepianonun da səsi kəsildi. Delesov ev sahibəsi ilə yıxılanın yanına birinci yüyürdülər. O, dirsəyi üstə yıxılmışdı və sönük gözləri yerə zillənmişdi. Onu qaldırıb stula qoyduqları zaman çalğıçı cəld arıq əli ilə saçlarını alnından yığdı və suallara cavab vermədən gülümsəməyə başladı.
– Cənab Albert! Cənab Albert! – ev sahibəsi deyirdi, – əzildiniz? Haranız əzildi? Mən sizə dedim axı sizə rəqs eləmək olmaz. – Sonra qonaqlara müraciətlə sözünə davam etdi: – O, çox zəifdir, güclə yeriyir, ona rəqs etmək olar?
– Bu kimdir? – deyə ev sahibəsindən soruşdular.
– Zavallı bir adam. Artistdir. Çox yaxşı adamdır, ancaq görürsünüz də, yazıqdır.
O bu sözləri çalğıçının öz yanında ondan çəkinmədən deyirdi.
Çalğıçı özünə gəlmişdi, elə bil nədənsə qorxmuş kimi büzüşdü və onu dövrəyə almış adamları özündən araladı.
– Boş şeydir, – deyə birdən səsləndi və stuldan qalxmağa səy göstərdi.
Heç bir yerinin ağrımadığını sübut etmək üçün otağın ortasına çıxdı və tullanmaq istədi, lakin səndirlədi və onu tutan olmasaydı, təzədən yıxılacaqdı.
Hamı pərt olmuşdu, ona baxaraq susurdular.
Çalğıçının baxışı yenə küt bir ifadə aldı. O, görünür, hər şeyi unudaraq dizini ovxalayırdı. Birdən başını qaldırdı, titrəyən ayağını qabağa ataraq yenə əvvəlki mənasız bir hərəkətlə saçlarını dala tulladı və skripkaçıya yaxınlaşıb skripkanı ondan aldı.
– Hamısı boş şeydir, – deyə skripkanı əlində qolaylayıb yenə də təkrar etdi. – Cənablar, musiqi çalacağıq!
Qonaqlar öz aralarında deyirdilər:
– Nə qəribə adamdır!
Qonaqlardan biri dedi:
– Bəlkə də, bu zavallı xilqətin simasında böyük bir istedad məhv olur.
Bir başqası deyirdi:
– Hə, yazıqdır, yazıqdır!
– Gözəl simadır!.. Onda nə isə fövqəladə bir şey var, – Delesov dedi, – indi görərik…
Albert bu zaman heç kəsə əhəmiyyət vermədən, skripkanı çiyninə sıxaraq, fortepianonun yanında var-gəl edə-edə onu sazlayırdı. Dodaqları sıxılıb soyuq bir ifadə almışdı. Gözləri görünmürdü. Ensiz, arıq kürəyi, uzun, ağ boynu, əyri qıçları, pırtlaşıq saçlı qara başı qəribə bir şəkil almışdı və nə üçünsə heç də gülünc görünmürdü. O, skripkanı sazladıqdan sonra cəld akkord götürdü və başını geri ataraq, onu müşayiət etməyə hazırlaşan pianoçuya "Melancholie C-dur"23 deyə amiranə bir əda ilə müraciət etdi. Bunun ardınca isə sanki lovğa ədasına görə üzr istəyirmiş kimi mülayimcəsinə gülümsədi və belə bir təbəssümlə adamlara baxdı. Kamanı tutduğu əli ilə saçlarını geri verərək fortepianonun küncündə durub rəvan bir hərəkətlə kamanı simlərdə gəzdirdi. Otağa şəffaf, ahəngdar bir səs yayıldı və tam bir sakitlik yaratdı.
Musiqi səsləri bir-birinin arxasınca sərbəst və incəliklə axaraq gözlənilməz, aydın təskinlik yayan bir işıqla hər bir dinləyicinin daxili aləmini aydınlatdı. Nə saxta, nə də ifrat bir səs dinləyicilərin rahatlığını pozmurdu, bütün səslər aydın, zərif və təsirli idi. Hamı susaraq həyəcanla onların inkişafını izləyirdi. Bu adamlar düşdükləri cansıxıcı, gurultulu və ruhi yuxululuq vəziyyətindən birdən-birə özləri də bilmədən, unutmuş olduqları tamamilə başqa bir aləmə köçdülər. Onların qəlbində gah keçmişin sakitcə seyri kimi bir hiss, gah nə isə xoş bir şeyin ehtiraslı xatirəsi, gah hüdudsuz bir hakimiyyət və şöhrət tələbi, gah da itaətkarlıq, nakam məhəbbət və kədər hisləri baş qaldırırdı. Gah kədərli-zərif, gah coşqun-şiddətli səslər sərbəstcəsinə hörülüb bir-birinin arxasınca elə incə, elə güclü və elə qeyri-iradi axırdı ki, sanki eşidilən səs deyildi, bəlkə də, hərənin qəlbinə çoxdan tanış olan, lakin ilk dəfə poeziyanın dilə gətirdiyi gözəl bir axın yol tapırdı.
Albert notdan-nota daha yüksəklərə qalxırdı. O heç də eybəcər, ya da qəribə görünmürdü. Skripkanı çənəsinə sıxaraq ehtiraslı bir diqqətlə səslərə qulaq asır və ayaqlarını əsəbiliklə tərpədirdi. O gah dimdik düzəlir, gah da belini səylə əyirdi. Gərginliklə bükülmüş sol qolu elə bil öz vəziyyətində donub-qalmışdı, yalnız arıq barmaqları əsəbiliklə hərəkət edirdi. Sağ əli rəvanlıqla, incəliklə, sezilmədən hərəkət edirdi. Sifəti ardıkəsilməz bir fərəhlə işıldayırdı, gözləri açıq bir parıltı ilə yanır, burun pərələri körüklənir, qırmızı dodaqları həzdən aralanırdı. Bəzən başı skripkaya tərəf əyilir, gözləri yumulur və saçları ilə yarıörtülü sifəti mülayim bir sevinc təbəssümü ilə işıqlanırdı. Bəzən də ayağını geri çəkərək dümdüz düzəlirdi. Elə bu zaman onun təmiz alnı və otağa nəzər salan parlaq gözləri qürur, əzəmət və üstünlük düşüncəsi ilə parlayırdı.
Bir dəfə pianoçu çaşıb səhv bir akkord götürdü. Çalğıçının bütün fiqurunda və sifətində fiziki əzab duyuldu. O, bir dəqiqəliyə durdu və uşaq qəzəbi ilə ayağını yerə vurub çığırdı: "Moll, c-moll!"24 Pianoçu səhvini düzəltdi, Albert gözünü yumub gülümsədi və özünü, başqalarını və bütün dünyanı unudaraq zövqlə işinə davam etdi.
Albert çaldığı müddətdə otaqda olanların hamısı lal bir sükuta qərq olmuşdu və elə bil ancaq musiqinin səsləri ilə yaşayır və nəfəs alırdılar.
Şux zabit pəncərənin yanında stulda oturaraq sönük baxışlarını döşəməyə dikmişdi və arabir ağır-ağır nəfəs alırdı. Qızlar divar diblərində tam bir sükut içərisində əyləşmişdilər və ancaq hərdənbir təqdir və heyrət bildirən baxışlarla bir-birinə baxırdılar. Ev sahibəsinin gülümsər, kök sifəti sevinc içindəydi. Pianoçu gözlərini Albertin sifətinə, dartılmış bədəninə zilləmişdi. Yenə səhv edəcəyindən qorxduğu üçün onu izləməyə çalışırdı. Qonaqlardan biri başqalarından daha çox içmişdi və üzüüstə divanda uzanaraq öz həyəcanını büruzə verməmək məqsədilə tərpənməməyə çalışırdı. Delesov qeyri-adi bir hiss içərisindəydi. Hansısa görünməz, soyuq dairə gah yığılır, gah da genişlənərək başını sıxırdı. Saçlarının dibi də göynəyirdi, kürəyini soyuq bir rəşə bürümüşdü, nə isə getdikcə qalxaraq boğazına dirənir, nazik iynə ucu kimi burun və damağına sancılır və göz yaşları yanağını isladırdı. O, başını silkələyərək onları sezilmədən silməyə çalışırdısa da, gözündən təzə damlalar süzülüb yenidən yanağı ilə axırdı. Təəssüratının qəribə şəkildə bir-birinə qarışması nəticəsində Albertin skripkasının ilk sədaları Delesovu ilk gənclik illərinə aparıb çıxardı. Artıq o qədər də gənc deyildi, həyatdan bezmiş, taqətdən düşmüş olan Delesov birdən-birə özünü on yeddi yaşlı, özündənrazı, gözəl, bəxtiyar, səfeh, düşüncəsiz, xoşbəxt bir məxluq kimi hiss etdi. Çəhrayı paltarlı əmisi qızına olan ilk məhəbbəti yadına düşdü, cökə xiyabanında ilk dəfə məhəbbətini izhar etdiyini xatırladı, təsadüfi öpüşün hərarət və anlaşılmaz füsunkarlığını və o zaman onun ətrafındakı təbiətin möcüzəsini və dərkedilməz əsrarəngizliyini xatırladı. Onun geri qayıtmış xəyalında o qız qeyri-müəyyən ümidlər, anlaşılmaz arzular və mümkün olmayan səadətin mümkünlüyünə şübhəsiz bir inam dumanı içərisində parladı. O zamanın qiymətləndirilməmiş bütün dəqiqələri gəlib gözləri qabağından keçdi. Lakin bu dəqiqələr indi irəli qaçan zamanın mənasız anları kimi deyil, bəlkə də, keçmişin dayanan, şaxələnən, tənəli obrazları kimi xəyalında bərpa olunurdu. O, məmnuniyyətlə onlara tamaşa edir və ağlayırdı. Ona görə ağlamırdı ki, bu ötüb-keçmiş zamandan yaxşı istifadə edə bilərdi (əgər zamanı ona geri qaytarsaydılar, ondan yaxşı istifadə etməyə çalışmazdı da), ona görə ağlayırdı ki, bu zaman ötüb-keçib və bir də geri qayıtmayacaq. Xatirələr öz-özünə canlanır, Albertin skripkası isə ancaq bir şey deyirdi: "Qüvvət, məhəbbət və səadət zamanı səndən ötrü ötüb-keçib. Keçib və heç zaman geri qayıtmayacaq. Onun üçün ağla, bütün göz yaşlarını axıt və bu zaman üçün tökdüyün göz yaşları içərisində də öl, bu sənə qalmış ən yaxşı səadətdir".
Sonuncu hissənin axırına doğru Albertin sifəti qıpqırmızı pörtmüşdü, gözləri yanır, iri tər damcıları yanağı ilə süzülürdü. Alnında damarları şişmişdi; bütün bədəni getdikcə daha çox hərəkətə gəlirdi. Rəngi qaçmış dodaqları daha bağlanmırdı və bütün görkəmi aldığı həzzi coşqun bir vəcdlə ifadə edirdi.
O, bütün bədənini var gücü ilə hərəkətə gətirərək saçlarını əsdirdi və skripkanı yanına salaraq məğrur bir əzəmət və səadət təbəssümü ilə məclisdəkilərə baxdı. Sonra beli əyildi, başı sinəsinə düşdü, dodaqları sıxıldı, gözlərinin işığı söndü və sanki özündən xəcalət çəkərək cəsarətsizcəsinə ətrafına baxdı və ayaqları dolaşa-dolaşa o biri otağa keçdi.
Məclisdəkilərin hamısına elə bil nəsə olmuşdu və Albertin ifası qurtarandan sonra araya çökmüş sükut içərisində nə isə qəribə bir şey hiss olunurdu. Elə bil hərə bu gördüklərinin mənasını demək istəyir, ancaq bacarmırdı. İşıqlı və isti otaq, gözəl qadınlar, pəncərələrdəki sübh şəfəqi, coşmuş qan və uçub getmiş səslərin təmiz təəssüratı nə deməkdi? Lakin bunun nə demək olduğunu heç kim söyləməyə cəhd etmirdi. Əksinə, onlara yeni təəssürat gətirmiş adamın tərəfinə tamamilə keçməkdə, demək olar ki, hamı özünü aciz hiss edərək ona ürəklərində qəzəblənirdilər.
Zabit dedi:
– O ki olduqca yaxşı çalır.
Delesov qolu ilə yanağını gizlicə silərək cavab verdi:
– Fövqəladədir!
Divanda uzanan azca özünə gələrək dedi:
– Cənablar, getmək vaxtıdır. Axı musiqiçiyə də bir şey vermək lazımdır. Gəlin pul yığaq.
Albert bu zaman o biri otaqda, tək-tənha divanda oturmuşdu. O, arıq dizlərinə dirsəklənmişdi; tərləmiş çirkli əlləri ilə üzünü tumarlayır, saçlarını hamarlayır və öz-özünə fərəhlə gülümsəyirdi.
Çoxlu pul yığıldı və onu Albertə verməyi Delesov öz boynuna götürdü.
Bundan başqa, musiqinin daha güclü və fövqəladə təsir bağışladığı Delesovun başına belə bir fikir gəlmişdi ki, bu adama yaxşılıq eləsin. Fikirləşdi ki, onu öz yanına alsın, geyindirsin və harasa bir işə düzəltsin – bir sözlə, onu bu iyrənc vəziyyətindən qurtarsın.
Delesov ona yaxınlaşıb soruşdu:
– Nədi, yorulmusunuz?
Albert gülümsədi.
– Sizdə əsl istedad var, musiqi ilə ciddi məşğul olmalısınız, camaat üçün çalmalısınız.
Albert yuxudan ayılan kimi oldu.
– Bir şey içərdim, – dedi.
Delesov şərab gətirdi. Çalğıçı acgözlüklə iki stəkan içdi.
– Nə yaxşı şərabdır! – dedi.
Delesov dedi:
–"Melanxoliya" nə füsunkarmış!
– Hə! Bəli, bəli, – deyə Albert gülümsəyərək cavab verdi, – ancaq məni bağışlayın, bilmirəm kiminlə danışmaq şərəfinə nail olmuşam: bəlkə, qrafsınız, ya da knyazsınız. Mənə bir az pul verə bilərsinizmi? – O, bir az susdu. – Mənim heç nəyim yoxdur… yoxsulam. Onu sizə qaytara bilməyəcəyəm.
Delesov qızardı və tez toplanmış pulu çalğıçıya verdi.
Albert pulu qamarlayıb aldı.
– Çox minnətdaram. İndi isə yenidən musiqiyə keçək. Nə qədər istəsəniz, sizin üçün ifa edərəm. – Ayağa qalxıb əlavə etdi: – Ancaq yenə bir şey olsaydı, içərdim.
Delesov ona yenə şərab gətirdi və xahiş etdi ki, yanında əyləşsin.
– Sizinlə açıq danışsam, məni bağışlayın, – Delesov dedi. – Sizin istedadınız məni çox maraqlandırdı. Mənə elə gəlir ki, sizin vəziyyətiniz pisdir.
Albert gah Delesova, gah da otağa daxil olmuş ev sahibəsinə baxdı.
– İcazə verin, sizin xidmətinizdə hazır olduğumu bildirim, – deyə Delesov sözünə davam etdi. – Əgər bir şeyə ehtiyacınız varsa, hazıram. Mən çox şad olaram ki, siz bir müddətə yanıma köçəsiniz. Mən tək yaşayıram, bəlkə, sizə faydam toxundu.
Albert gülümsəyib heç bir cavab vermədi.
– Nə üçün minnətdarlıq eləmirsiniz? Əlbəttə, bu sizin üçün yaxşılıqdır. Ancaq bunu sizə məsləhət bilməzdim, – deyə ev sahibəsi Delesova müraciət etdi və başını buladı.
– Sizə çox minnətdaram, – deyə Albert yaş əlləri ilə Delesovun əlini sıxdı, – indi isə buyurun, sizin üçün ifa edim.
Lakin qalan qonaqlar artıq getməyə hazırlaşmışdılar, Albert onları dilə tutsa da, dəhlizə çıxdılar.
Albert ev sahibəsi ilə xudahafizləşdi və bütün qış geyimini təşkil edən enli kənarlı köhnə şlyapasını və nimdaş yaz almavivasını25 geyinib Delesovla birlikdə artırmaya çıxdı.
Öz təzə tanışı ilə karetə minən Delesov çalğıçıdan qalxan sərxoşluq və natəmizlik iyini hiss etdikdə öz hərəkətinə peşman oldu və özünü uşaq ürəyiyumşaqlığı və düşüncəsizliyinə görə töhmətləndirməyə başladı. Bundan başqa, Albert mənasız və boş şeylər danışırdı və açıq havada içki onu elə tutmuşdu ki, Delesov tamam iyrəndi. "Mən onunla nə eləyəcəyəm?" – deyə fikirləşdi.
On beş dəqiqə yol gedəndən sonra Albert susdu, şlyapası ayaqlarının altına düşdü, özü də karetin bir küncünə yıxılıb xoruldamağa başladı. Çarxlar donmuş qarın üstündə aramla xırçıldayırdı. Sübh şəfəqinin zəif işığı donmuş pəncərələrdən içəri süzülürdü.
Delesov öz qonşusuna tərəf qanrıldı. Albertin plaşla örtülmüş arıq bədəni cansız halda böyründə uzanmışdı. Delesova elə gəldi ki, iri, tünd burunlu uzunsov bir baş onun bədəni üstündə yırğalanır, lakin yaxından baxanda gördü ki, ona sifət və burun kimi görünən Albertin saçlarıdır, onun əsl sifəti isə aşağıda idi. O əyilib çalğıçının sifətini aydın seçə bildi və alnının gözəlliyi, sakitcə büzüşmüş ağzı təzədən onu məftun etdi.
Delesov bu sifətə baxaraq əsəblərinin yorğunluğunun, qıcıqlandırıcı yuxusuz sübh saatının və eşitdiyi musiqinin təsiri altında özünü təzədən bu gecə xəyalında canlandırdığı gözəl aləmdə hiss etdi. Gəncliyinin xoşbəxt və comərd vaxtları təzədən yadına düşdü, o öz hərəkəti üçün daha peşmançılıq çəkmədi. O bu dəqiqədə Alberti ürəkdən və hərarətlə sevirdi və qəti qərara gəldi ki, ona yaxşılıq eləsin.
Ertəsi səhər işə getmək üçün onu oyatdıqları zaman Delesov xoşagəlməz bir təəccüblə ətrafında özünün köhnə şirmasını26 və stol üstündəki saatını gördü. "Məni həmişə əhatə edən bu şeylərdən başqa daha nəyi görmək istəyirdim?" – deyə özündən soruşdu. Dərhal çalğıçının qara gözlərini və xoşbəxt təbəssümünü xatırladı. "Melanxoliya"nın motivi və bütün dünənki qəribə gecə xəyalında canlandı.
О проекте
О подписке
Другие проекты