Читать книгу «Qədim türklər» онлайн полностью📖 — Льва Гумилева — MyBook.

II fəsil
ƏCDADLAR

Jujan xanlığının Vey imperiyası ilə müharibəsi. 420-ci il jujanların qüdrətinin zirvəsi idi. Şimal və qərb tayfaları üzərində asan qələbələr jujanları Böyük Çölün hegemon qüvvəsinə çevirdi, lakin bu qətiyyən xanlığın sakitliyini və çiçəklənməsini təmin etmədi. Jujanların başlıca düşməni Toba-Vey imperiyası idi və jujan xanı Datan öz təbii rəqibinin qüvvətlənməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəmirdi.

424-cü ildə Datan 60 min atlı ilə Çinə soxuldu, paytaxta qədər gedib çıxdı və imperatorun şəhər kənarındakı sarayını dağıtdı. Toba qoşunlarının səfərbərliyə alınması və jujanlar arasında intizamsızlıq onu döyüşə girmədən geri qayıtmağa məcbur etdi. 425-ci ildə tobalılar jujanları Qobinin o biri tərəfinə qovdular. 430-cu ildə imperator Tay-u-di (Toba Dao) Cənubi Çində əl-qol açmaq üçün jujanları aradan götürmək qərarına gəldi. Böyük qoşun Çölə hücum etdi, jujanlar qaçıb dağıldılar. Datan özü qərbə tərəf qaçdı və xəbərsiz itkin düşdü. Teleslər onun adamlarını öldürürdülər. Datanın oğlu Udi mübarizəni davam etdirməkdən əl çəkdi və Vey imperiyasına xərac verməyə başladı. Lakin bu sülhü 437-ci ildə imperiyaya qarşı yürüşə çıxan Udinin özü pozdu. Görünür, jujanlar öz həyatlarını qarətsiz təsəvvür edə bilmirdilər. Toba imperatorunun 439-cu ildəki cavab yürüşü heç bir nəticə vermədi, qoşun dərələrdə gizlənmiş jujanlarla qarşılaşmadan geri dönməli oldu.

440-cı ildə Tobanın Xesiyə qarşı müharibəsindən istifadə edən Udi yenə sərhəddə hücuma keçdi, lakin pusquda durmuş dəstələr onun qoşununun ön hissələrini əsir götürdülər. Jujanlar yenə qaçmalı oldular. Eyni hadisə 445-ci ildə də təkrar olundu. Bundan sonra Udi öldü və taxta oğlu Tuxeçjen (445—464) çıxdı.

İndi rollar dəyişilmişdi. Toba-Vey imperiyası öz inkişafının zirvəsinə çatmışdı, onun qoşunları tez-tez Çölə hücuma keçir, jujanları dağlarda gizlənməyə məcbur edirdilər. Əslində bu müharibə yox, cəza yürüşləri idi.

Tuxeçjenin oğlu və varisi Yuyçen (464-485) mübarizəni davam etdirməyə çalışdı. Lakin 470-ci ildə darmadağın edildi və xərac vermək şərti ilə sülh xahiş etməli oldu. Jujan zəiflədi, artıq Çin üzərinə yürüşlər qeyri-mümkün idi. İndi qarət obyekti kimi daha kasıb və zəif olan Qərb ölkəsi seçildi. 460-cı ildə jujanlar Turfan vahəsini ələ keçirdilər və qalib tobalıların əlindən burada sığınacaq tapmış keçmiş müttəfiqlərinə – cənub hunlarına divan tutdular. 470-ci ildə jujanlar Xotanı çapıb-taladılar, lakin eftalitlərin qüvvətlənməkdə olan dövləti jujan işğalına son qoydu. Tyan-Şan Jujanın sərhədinə çevrildi.

Jujanların yeni xanı Doulun (485—492) «qətllərə meylli olan amansız adam»10 idi. O, taxta çıxmasını əyanlardan birini bütün nəsli ilə birlikdə qırmaqla «tarixə saldı». Bu, ölkədə böyük qəzəb doğurdu. Xanın Çinə hücum etmək cəhdi daha böyük narazılıqla qarşılandı. Hamı yaxşı başa düşürdü, hətta ən uğurlu talandan sonra da, Çin ordusunun yürüşü başlanacaq. Onun qarşısını almaq isə imkan xaricində idi.

Tele ağsaqqalı Afuçjilo xana təkidlə məsləhət görürdü ki, Çinlə müharibəyə başlamasın. Lakin dəlillərinin təsirsiz qaldığını gördükdən sonra o, öz xalqı ilə birlikdə üsyana çıxdı. Həmin dövrdə telelər sayca o qədər də az deyildilər (Çin məlumatlarına görə onlar 100 min araba idilər). Afuçjilo köçünü qərbə, İrtış çayı vadisinə çəkdi. O, burada «Səmanın Böyük oğlu» titulunu qəbul etdi. Bu özünü Jujan xanı ilə eyni səviyyəyə qoymaq idi. Müharibə odu yenidən alovlandı.

490-cı ildə Çin qoşunları Çölə şərq tərəfdən hücuma keçdilər və telelərlə birlikdə jujanları iki tərəfdən sıxışdırmağa başladılar. Jujan əyanları bütün məsuliyyəti fərasətsiz xanın üzərinə yıxdılar və onu öldürdülər.

Telelərin qərbə keçməsi fövqəladə əhəmiyyətə malik hadisə idi – qərbdə bu dağınıq köçərilər öz dövlətlərini yaratdılar.11 Asiyada yenidən etnogenez prosesi başlandı. Eyni dövrdə Altay dağlarında türk xalqı, Braxmaputra vadisində tibet xalqı formalaşırdı, Çində isə Suy və Tan sülalələrinə əzəmətli orta əsrlər mədəniyyəti bəxş edən dirçəliş başlanmışdı. Şərqi Asiya tarixinin antik dövrü başa çatırdı, bu dövrün eybəcər qalığı olan Jujan dövləti məhvə məhkum idi.

Teleut xanlığı – Qaoqyuy. Teleutların ayrılması və 492-ci ildəki dövlət çevrilişi Jujanın tarixində dönüş nöqtəsinə çevrildi. O, Mərkəzi Asiyada öz hegemon rolunu itirmişdi və artıq hakimiyyət yox idi, mövcudluq uğrunda vuruşmağa məcbur idi. Öldürülmüş Doulanı əvəz edən Naqay yalnız bir il hakimiyyət sürdü. Onun hakimiyyət devizi belə idi: «Tam sakitlik». Başqa sözlə desək, Naqay öz sələfinin hərbi niyyətlərindən əl çəkmişdi. Naqayın oğlu Futu da imkan daxilində atasının siyasətini davam etdirirdi.

Bu müddətdə teleutlar öz yeni vətənlərinə uyğunlaşırdılar və hun epoxasının sonuncu qalığı olan Yuebanı aradan götürdülər. Teleutlar köçüb gəldikləri yerdə öz dövlətlərini yaratmaq istəyirdilər. Bu məqsədlə də onlar xalqı iki yerə ayırdılar – şimal hakimi Afuçjilo «Böyük imperator», cənub hakimi isə «Varis hökmdar» titullarını qəbul etdi. Onların öz dövlətlərini necə adlandırdıqları məlum deyil, çinlilər isə bu dövlətə Qaoqyuy deyirdilər. Çin dilindən tərcümədə bu sözün mənası «hündür araba» deməkdir. Teleutların dövləti elə bu ad altında da tarixə daxil olmuşdur.

Siyasi baxımdan Qaoqyuy Çinə meyl edirdi. Bu meylin arxasında Çindən ipək almaq niyyəti gizlənirdi. Lakin həmin ipək Qaoqyuya heç bir fayda gətirmədi. 494-cü ildə eftalitlər İranla haqq-hesablarını çürütdülər və arxalarını bərkitdikdən sonra üzlərini şimala çevirdilər. Qaoqyuy dövlətinin cənub hissəsi ildırım sürəti ilə darmadağın edildi, «Varis hökmdar» öldürüldü, onun ailəsi əsir götürüldü, xalq isə qaçıb dağıldı. Qaçqınların bir hissəsi jujanlara tabe oldu, bir hissəsi isə Çinə üz tutdu. Növbəti 496-cı ildə şimal dövləti də eyni sürət və asanlıqla işğal edildi. Eftalitlər əsirlərin içərisindən knyaz Mivotunu ayırıb onu sağ qalan teleutlara başçı təyin etdilər. Beləliklə, Qaoqyuy jujanların düşməni və Çinin müttəfiqi (bu ittifaqa görə çinlilər 60 topa ipək parça verirdilər) olan eftalitlərin vassalına çevrildilər. Görünür, elə həmin dövrdə (497-ci il) eftalitlər Karaşarı tutmuşdular, Turfan vahəsindəki Qaoçan knyazlığının hakimi çinli Ju onun təbəələrini qəbul etməyi və Çin ərazisinə köçürməyi Çin hökumətindən xahiş etmişdi. Jujanın ətrafında polad dairə yaranırdı. Lakin qaoçanlılar abad yerlərini tərk etmək istəmirdilər, ona görə də öz hakimlərini öldürüb Jujana birləşdilər. Bu iqtisadi gərginliyi bir qədər zəiflətdi; əkinçiliklə məşğul olan Qaoçan Jujanı taxıl, meyvə və parça ilə təmin edirdi. Lakin əvəzində siyasi gərginlik gücləndi, çünki qaoçanlıların hərəkəti Çin imperatoru Syuandini bərk qəzəbləndirmişdi. Xan Futunun sülh xahişi müqabilində imperator bildirdi ki, o, yalnız Cənubi Çinin fəthi ilə məşğul olduğuna görə hələlik şimala diqqət yetirmir, ümumilikdə isə Futunu və jujanları üsyankar təbəələr sayır, həmin dövrdə (500-cü il) Qaoçandakı çinpərəst qüvvələr bayram edirdilər. Jujanla bağlanmış ittifaq pozulmuşdu.

Qərb ölkəsində Çin mənafeyinin müdafiəsinə yardım məqsədi ilə ora Mın Veyin komandanlığı altında üç min nəfərlik nizami ordu dəstəsi göndərildi. Mın Vey Xamidə möhkəmlənərək jujanları sıxışdırmağa başladı. Futunun Çinə göndərdiyi yeni səfirlik heç nəyə nail ola bilmədi. Teleutlar da jujanların əleyhinə qaldırıldı. Onlar çinlilərdən aldıqları 60 top ipəyin dəyərini qanları ilə ödəməli idilər. Puley gölü yaxınlığında Mivotu jujanları əzdi. Onlar cənuba qaçdılar, lakin Beyşen dağlarında Mın Veyin çinli dəstələri ilə üzləşdilər. Vahimə içərisində geriyə dönən jujanlar bu dəfə teleutlarla qarşılaşdılar və yenidən darmadağın edildilər. Bəxti gətirməyən xan Futu bu qırğında da həlak oldu. Mivotu onun başının dərisini Mın Veyə göndərdi. Bunun müqabilində çinlilər Mivotuya musiqi alətlərinin tam dəstəsini 80 nəfər musiqiçi, 10 parça al-qırmızı qumaş və altmış top güllü ipək parça hədiyyə verdilər.

Həlak olmuş Futunun varisi Çeunu iki dəfə Çinlə razılığa gəlməyə təşəbbüs göstərdi, lakin tezliklə başa düşdü ki, onu yalnız qüvvə xilas edə bilər. 516-cı ildə o, Qaoqyuya hücum edib Mivotunun dəstəsini əzdi, dəstə başçısını isə əsir götürüb özünəməxsus üsulla öldürdü. Onun ayaqlarını yabının qarnının altına sarıyıb Mivotu ölənə qədər atı o yan bu yana qovdular. Kəllə sümüyündən isə qədəh düzəltdirdilər. Jujanlardan xilas olmuş teleutlar eftalitlərlə yaxınlaşdılar. Bundan sonra Jujan xanının səfirliyini imperator Vey Syaomin-di qəbul etdi (518-ci il).

Vassal təəhüdlərin dəqiq yerinə yetirmədiklərinə görə onları məzəmmətlədilər. Bu cür münasibət istənilən güzəştə yol açırdı və elə görünürdü ki, Jujan düşdüyü ümidsiz vəziyyətdən çıxacaq.

Jujanda çəkişmələr. Çeunu, Jujanın xilası üçün mümkün olan hər şeyi elədi. Teleutları əzdikdən sonra o, qərbdə müharibəni davam etdirmədi, eftalitlərlə sülh bağladı. İttifaq Jujan şahzadə qızlarının eftalit əyanları ilə nikahı nəticəsində daha da möhkəmləndirildi.12 Şərqdə jujanlar Koreya (Qao-Qyuili) ilə dil tapıb onunla birlikdə mancur tayfalarından olan dideuqanları əzmək və bununla da Mancuriyada Bey sülaləsinin mövqelərini zəiflətmək istəyirdilər. Turfan məsələsi də eyni dərəcədə uğurla həll olundu. 518-ci ildə Çin hökuməti Turfan vahəsinin əhalisini Daxili Çinə köçürmək fikrindən rəsmi şəkildə imtina etdi və Qaoçan knyazlığını tanıdı. Ehtimal ki, turfanlıların jujanlarla ticarət əlaqələri kəsilməmişdi. Onlar fasiləsiz surətdə buğda və parça ilə təchiz edilirdilər. Dəmir məmulatlarını jujanlara Altaydakı vassalları – türkyutlar (türk-tukyu) gətirirdilər.

Lakin ortadakı birlik pozulmuşdu. Buddizm Jujana nüfuz etmişdi. Bir qayda olaraq buddist missionerləri ilk növbədə xanı öz tərəfinə çəkirdilər. Düşərgədə «şamanlar» – budist ruhaniləri və «ni»lər – rahibələr peyda olmuşdular. Yeni şəraitdə buddizm fantastik formalar kəsb edirdi; məsələn, rahibələrin qanuni ərləri var idi, lakin, görünür, bu xanı o qədər də narahat etmirdi. Məlumatların kasadlığına baxmayaraq, təsdiq etmək olar ki, buddizm heç də hamının xoşuna gəlmirdi. Xanın öz ailəsində və qoşunda da müxalifət meydana çıxmışdı. Jujan ona indi hər zamankından daha artıq lazım olan birliyi itirmişdi. 513-cü ildə Çindəki Jujan səfirliyinə «mirvari bəzəkli büt» gətirən şaman Xuiqyuan başçılıq edirdi. Bu köçərilərin tarixində ilk təsadüf idi ki, dini şəxs dünyəvi missiya ilə çıxış edirdi.

Aşağıdakı epizod daha səciyyəvidir. Jujanların düşərgəsində Deu-xun divan adlı gənc şaman qız yaşayırdı. Onun təxəllüsünün fars mənşəli olması («divanə») diqqəti cəlb edir. «O, müalicə edir və cadugərliklə məşğul olurdu (yəni ruhların köməyi ilə şamanlıq eləyirdi) və Çeunu həmişə şaman qıza inanırdı».13 Çin salnaməçisi onu şarlatan sayır və Deu-xunun fırıldaqçılığı haqqında bir epizod da gətirir. Lakin bizi maraqlandıran bu deyil. «Çeunu ona çox ehtiram göstərir və sevirdi, şaman qızın məsləhətlərinə əməl edərək dövlətin idarə olunmasını tamamilə dolaşdırmışdı».14 Orduda Çeunun məşuqəsinə qarşı müxalifət yarandı və 520-ci ildə xan yürüşdə olanda onun anasının əmri ilə Deu-xunu boğub öldürdülər. Çeounu qayıdanda əyanlarla birlikdə qəsd hazırlayan ananın əmri ilə onu da öldürdülər, taxt-tacı isə qadın özünün o biri oğlu Anaxuanyuya verdi.

1
...
...
7