Читать книгу «Qədim türklər» онлайн полностью📖 — Льва Гумилева — MyBook.
image

Hərəkət sürətindən göründüyü kimi türkyutlar güclü müqavimətə rast gəlməmişdilər. 555-ci ildə qoşunlar «Qərb dənizinə» çatmışdılar. Bu ad altında Xəzər deyil, Aral dənizini nəzərdə tutmaq lazımdır. Çünki Firdovsi İranın sərhədlərini aşağıdakı şəkildə göstərirdi: «Çindən Ceyhunun (Amu-Dəryanın) sahillərinə və Çaçanın (Daşkəndin) o tayından Gül-zariuna (Sır-Dəryaya) qədər».

Bu sitat əsasında biz 555-ci ilin dəqiq sərhədlərini müəyyənləşdirə bilərik. O, Daşkəndin şimalından gedir, sonra Sır-Dəryanı şimala dönən yerdə kəsib keçir və get-gedə genişlənərək Amu-Dəryanın aşağılarına və Aral dənizinin cənub sahillərinə çatırdı. Soqdiana və Buxara həmin dövrdə eftalitlərin hakimiyyəti altında idi. Türkyutlar onlarla qarşılaşmışdılar.30 Beləliklə, il yarım ərzində türkyutlar bütün Mərkəzi Qazaxıstanı, Yeddisuyu31 və Xarəzmi32 özlərinə tabe etmişdilər.

Lakin getdikcə vəziyyət daha da çətinləşdi. Aral dənizinin şimal sahillərində türkyutlar xuni (xio-nit)33, var34 və oqor35 tayfalarının müqavimətinə rast gəldilər. Yalnız 558-ci ildə bu tayfalar məğlub edildi və türkyutlar itaətdən boyun qaçıranları da qabaqlarına qatıb qova-qova Volqa sahillərinə çıxdılar. Qovulanlar var və xun tayfalarının qalıqları idilər. Sayları təxminən 20 min nəfərə çatırdı. Sonralar bu tayfalar vahid xalq —avar xalqı36 kimi formalaşdılar.

Türkyutlar Volqanı keçmədilər, yalnız Uralyanı düzənlikləri itaət altına almaqla kifayətləndilər. Bununla da İsteminin qərb yürüşü başa çatdı. Dörd il ərzində əldə olunanlar xaqanlığın qarşısında yeni siyasi vəzifələr qoydu.

Bütün Asiya düzənliyini tutan vahid dövlətin meydana gəlməsi Çin, Bizans və İran diplomatiyası üçün mühüm əhəmiyyətə malik amil idi.

VI əsrin 50-ci illərinin sonunda Qara dəniz sahillərindəki siyasi vəziyyət çox gərgin və mürəkkəb idi. Bu da Bizansın uzaqgörən və incə siyasəti sayəsində mümkün olmuşdu. Dnepr və Donun aşağı hissələrini kuturqur adlı bolqar xalqı tuturdu. Onlarla qohum olan uturqurlar isə Kubanda yaşayırdılar. Kuturqurların Frakiyaya basqınlarından zərər çəkən Bizans hədiyyələr və səfirliklər vasitəsi ilə uturqurları onlara qohum olan kuturqurların üzərinə qaldırırdılar. Yustininanın hiyləgər siyasəti bu iki qohum tayfanı az qala biri-birini son nəfərə qədər qırmağa gətirib çıxardı.

Uturqurlardan şərqdə, Kuma rayonunda və Dağıstanda çox döyüşkən sabir tayfası yaşayırdı. Sabirlər Bizans-İran müharibəsində əvvəlcə İranın tərəfində, sonra isə ona qarşı fəal iştirak edirdilər. 552-ci ildə onlar Aqvaniyanı tutdular, lakin 554-cü ildə artıq farslara məğlub oldular.

Kuban sahillərində Bizansın sadiq müttəfiqi olan alanlar yaşayırdılar. Yunanlar yeni barbar xalqın – avarların meydana çıxdığını ilk dəfə onlardan eşitdilər.

Avarlar Qara dəniz sahillərində. Türkyut basqınlarından qaçan avarların vəziyyəti ilk baxışdan ümidsiz görünürdü. Arxadan onları güclü düşmən təqib edirdi, qabaqlarını isə müharibələrə öyrəşmiş, qələbənin sirlərini bilən güclü, varlı və çoxsaylı xalqlar kəsmişdilər. Avarlar öz sürülərini və doğma ölkələrini itirmiş qaçqın dilənçilər idilər. Onların necə və nəyə görə həm xilas olmağının, həm də qalib gəlməyinin səbəbini dövrün siyasi şəraitini diqqətlə nəzərdən keçirməklə müəyyənləşdirmək olar.

Avarların ilk vəzifəsi düşməndən uzaqlaşmaq idi. Həmin dövrdə Orta Asiyada eftalitlərin fəallaşması və İsteminin diqqətini yayındırmaları (İstemi deyirdi: «Avarlar quş deyillər ki, havaya uçub türk qılıncından canlarını qurtarsınlar, avarlar balıq deyillər ki, suya baş vurub dənizin dərinliklərində gizlənsinlər. Onlar da başqaları kimi yerin üstündə yaşayırlar. Eftalitlərlə qurtaran kimi avarların üzərinə gedəcəyəm, onlar əlimdən qaçıb qurtara bilməzlər») avarlar üçün xilas yoluna çevrildi.

İstemi eftalitlərə qarşı fəal mübarizəyə yalnız 561-ci ildə – Xosroy Ənuşirvan Yustinianla sülh bağlayıb diqqətini şərqə yönəldəndən sonra başladı. Orta Asiyada həlledici sülh yalnız 571-ci ildə bağlandı və yalnız bundan sonra türkyutlar təzədən qərbə üz çevirə bildilər. Lakin yaranmış fasilədən çox bacarıqla istifadə edən avarlar artıq İstemi üçün əlçatmaz idilər.

Türkyutlardan uzaqlaşan avarlar özlərinə müttəfiq axtarmağa başladılar. Onlar alanların başçısı Sarosiydən37 Bizansla yaxınlaşmaqda kömək göstərməyi xahiş etdilər. Sarosiy avarlara yardım əli uzatmaq qərarına gəldi və onların elçisinin Lazikə gətirilməsini təmin etdi. Buradan isə həmin elçi Konstantinopola göndərildi, lakin Bizans sarayında onu könülsüz və inamsız qəbul etdilər. Lakin buna baxmayaraq Yustinian Vladimirin başçılığı ilə cavab elçiliyi göndərdi. Vladimir avarlara hədiyyələr gətirdi və onlara imperiyanın düşmənlərinə qarşı (həmin dövrdə əsas düşmən İran sayılırdı) birlikdə mübarizə aparmağı təklif etdi. İttifaq 558-ci ildə bağlandı. Lakin avarlar Bizansın düşmənləri əvəzinə müttəfiqləri üzərinə hücuma keçdilər.

Onların ilk qurbanları sabirlər oldu. Sabirlər yeni «var» xalqını hələ V əsrdə məğlub olduqları həqiqi Asiya avarları (abar) kimi qəbul etdilər. Bu anlaşılmazlıq onların sıralarında başı pozuqluq yaratdı və avarların qələbəsini təmin etdi. Beləcə kiçik linqvistik səhv məlum rol oynadı. Sabirlərin ardınca Bizans imperiyasının sadiq müttəfiqləri olan uturqurlar və Donun aşağı sol sahillərində yaşayan zallar da avarların əlinin suyunu daddılar. Sonra Donu keçən avarlar antlara basqın etdilər və bu xalqı soyub quru yerdə qoydular.

Avarları Qafqazda bir müddət alanlar müdafiə etmişdilər. Qara dəniz sahillərində isə həmin vəzifə kuturqurların üzərinə düşdü. Mənbələr avarlarla kuturqur arasında ittifaq haqqında birbaşa məlumat verməsələr də, hadisələrin gedişi və dolayısı mənbələr onların müttəfiqliyini ehtimal etməyə əsas verir.

551-ci ildən 558-ci ilə qədər kuturqurlar Bizans imperiyasının sərhədlərinə yaxınlaşmağa cürət etmirlər. Səbəb məlumdur: incə Bizans diplomatiyası sayəsində kuturqurların şərq sərhədləri kuturqurların təhlükəsinə məruz qalmışdı, qərb sərhədlərini isə Qara dənizyanı çöllərdən şimala doğru meşəli-düzən zolaqda yaşayan çoxsaylı ant tayfaları hədələyirdilər. Menandr yazır ki, «avarlar uturqurlarla müharibəyə başladılar», bunun ardınca isə öz yürüşləri ilə antların yurduna süpürgə çəkdilər. «Ant hakimləri müflis vəziyyətə salındı və ümidlərini itirdilər». Təəssüf ki, Menandr antların məhz hansı ümidləri itirdiklərini göstərmir, digər tərəfdən onun hekayətində o qədər məsələlərin üzərindən sükutla keçilir ki, bu antik tarixçinin avar-Bizans danışıqlarının nəticələri haqqındakı məlumatına tənqidi yanaşmaq zərurəti meydana çıxır.

Valentinin elçiliyindən sonra avarlar məhz Bizansın müttəfiqlərini – sabirləri, uturqurları və antları əzdilər. Bütün bunlar Bizansın mənafeləri ilə bir araya sığmadığından təbiidir ki, nəticədə İran tərəfi udurdu.

Əslində belə bir fikir qətiyyən yolverilməzdir ki, avarlar yalnız Konstantinopola üz tutmuşdular və hətta danışıqların müvəffəqiyyət qazanacağı təqdirdə Ktezifonu qətiyyən nəzərə almırdılar. Əgər avarlarla farsların öz aralarında ittifaq bağlamaları ehtimalını qəbul etsək, onda avarların nəyə görə Qafqazdan uzaqlaşmaq məcburiyyəti qarşısında qaldıqları məlum olar. Bizansın sadiq müttəfiqi olan Alan knyazı Sarosiy bu şəraitdə avarlara kömək göstərə bilməzdi. Yardımdan məhrum olan avarlar isə qazandıqları qələbələrə baxmayaraq Ön Qafqazda möhkəmlənə bilmədilər. Üstəlik də onların arxasında türkyutların qüdrətli hərbi qüvvəsi dayanırdı.

Lakin yunanların düşməni kimi tanınan kuturqur başçısı Zaberqan şübhəsiz, avarların simasında Bizans və onun dostları – antlar və uturqurlarla mübarizə üçün zəruri olan yeni müttəfiq tapmasına şad idi. Doğrudan da avarlar uturqurları məğlubiyyətə uğradıb arxadan kuturqurların təhlükəsizliyini təmin etdikdən sonra Zaberqan Balkanlara yeni yürüşə çıxdı və Konstantinopol divarlarına qədər çatdı. Eyni dövrdə avar səfirliyindən dərhal sonra türkyut elçiliyi də Konstantinopola gəldi (iyul, 558-ci il) və burada yaxşı qarşılandı. Çox ehtimal ki, bu elçilik də Bizans-avar münasibətlərinin soyumasında müəyyən rol oynadı.

Beləliklə, 558-ci ildə İran diplomatiyası Bizansa qarşı güclü düşmən yaratmaq və təhlükəli qonşuları öz sərhədlərindən Balkanlara yönəltmək baxımından mühüm qələbə qazandı. Sonradan görəcəyimiz kimi fars-avar ittifaqı 628-ci ilə qədər davam etdi və az qalmışdı ki, Bizans imperiyasının axırına çıxsın.

Antlar avarlarla razılığa gəlməyə cəhd edirdilər. Bu məqsədlə də səfir Mizamiri onların yanına göndərmişdilər. Onun əsas vəzifəsi əsirlərin satın alınması idi. Lakin avarların yanına gələn Mizamir özünü elə lovğa və kobud apardı ki, elçi toxunulmazlığına baxmayaraq öldürüldü. Səfirə divan tutduqdan sonra da avarlar antları soymağı və kölə vəziyyətinə salmağı davam etdirirdilər.

Belə bacarıqlı müttəfiqin köməyinə arxalanan kuturqur knyazı Zaberqan artıq Şərqdən heç bir təhlükə gözlənilmədiyi qərarına gəldi və sklavinlərlə ittifaq bağlayıb Bizansa hücum etdi. 559-cu ilin martında o, buzun üstü ilə Dunay çayından keçib qoşununu üç dəstəyə böldü – birinci dəstə Makedoniyadan Elladaya girdi və Fermopilama daxil oldu, ikinci dəstə Frakiya Xersonunu qoruyan müdafiə qurğularını hədələyirdi, Zaberqanın özünün başçılıq etdiyi üçüncü dəstə isə zəlzələdən dağılan və cinayətkar laqeydlik ucundan bərpa edilməyən Uzun divarın yarıqlarından şəhərə girdi.

Konstantinopolda qarmaqarışıqlıq başlandı: qoca sərkərdə Velizari unutqanlıq dumanından tapılıb üzə çıxarıldı və düşmənləri paytaxtdan qovdu. Lakin buna baxmayaraq Zaberqan Frakiyada düşərgə salmışdı və istədiyi böyük məbləği almayınca soyğunçuluq və qarətçilikdən əl çəkmirdi. Uturqurlara da «hədiyyələr» vəd edildi. Yalnız bundan sonra kuturqurlar Frakiyanı tərk etdilər.

Yustinian dərhal uturqurların başçısı Sandilxlə dil tapdı. Onlar dərhal Zaberqanın Frakiyadan geri dönən dəstələrinin birinə hücum edib hamını qırdılar, əldə edilən qəniməti Sandilx yunanlara qaytardı. Bunun ardınca başlanan müharibə hər iki xalqı elə taqətdən saldı ki, həmin savaşdan yalnız avarlar qazandı.

565-ci ildə imperiyanı kifayət qədər qüdrətli sayan Yustinian avarlara hədiyyələr verilməsini dayandırdı. Lakin avarların gücü artmışdı. 565-ci ildə onlar artıq Tyurinqiyanı yerlə yeksan etmişdilər və firəng kralı Sigerberqlə uğurla döyüşürdülər. 567-ci ildə avarlar lanqobardlarla ittifaqda Bizansa yardım göstərən lepidləri darmadağın edib Tissa vadisini ələ keçirdilər.

Bir il sonra lanqobordlar İtaliyaya çəkildikdə avarlar bütün Pannoniyanın sahibi və Mərkəzi Avropanın qənimi oldular. Onların əsas qüvvəsini tamamilə avar xanına tabe olan uturqurlardan, antlardan, qərbi slavyan və kuturqurlardan ibarət köməkçi qoşun dəstələri təşkil edirdilər. İlk avar xanı Bayan 558-ci ildə Bizansı təhdid edərək ikiüzlülüklə deyirdi: «Roma torpağına elə adamlar göndərəcəyəm ki, hamısı qırılsa da, bu itki vecimə gəlməyəcək». Və bunun ardınca yürüşə 10 min nəfər kuturqur göndərdi.

Hadisələrin təsviri VI əsrin 60-cı illərində beynəlxalq siyasətin əsas hərəkətverici qüvvəsini üzə çıxarmağa imkan verir. İran və Bizans barışmaz düşmənlər idilər. Bizansın əleyhdarları kimi avarlara İranla müttəfiqlik lazım idi. Avarların düşməni olan türkyutlar isə bizanslılarla ən yaxın dostluq əlaqələri saxlaya bilərdilər.

Lakin eftalitlərin İran və türkyutlarla düşmənçilik edən dövlətinin mövcudluğu bu qüvvələr düzümünü mürəkkəbləşdirirdi. Ona görə İstemi xan üçün Xosroy Ənuşirvanla ittifaq Yustinianla danışıqlardan daha cəlbedici idi. Təxminən 560-cı ildə farslar və türkyutlar hücum ittifaqı bağladılar – birincilər «şah Perozun ölümünün intiqamını almaq», ikincilər isə Soqdiananın çiçəklənən şəhərlərini ələ keçirmək üçün müttəfiq olmaq qərarına gəlmişdilər.

Eftalitlər iki, hətta üç cəbhədə vuruşmalı oldular, çünki eftalit hökmdarı Mixirakula Kəşmiri və Pəncabı əldə saxlayaraq hindlilərlə inadlı döyüşlər aparırdı.

Eftalitlərin darmadağın edilməsi. Sasani İranının şərq siyasəti kifayət qədər öyrənilməyib. Lakin mənbələrdə qorunub saxlanan yarımçıq məlumatlar da həmin siyasətin çox çevik və ağıllı olduğunu aydın göstərir. Məsələn, Şimal-Qərbi Çinin güclənməsi İranda dərhal diqqəti cəlb etmişdi və 555-ci ildə Çanyana fars səfirliyi gəlmişdi. Eyni vaxtda türkyutların da yanına səfirlik göndərilmişdi (aydın məsələdir ki, həmin səfirlik mənzil başına daha əvvəl çatmışdı). İran şahı ilə İsteminin qızı arasındakı nikah türkyutlarla farslar arasındakı ittifaqı daha da möhkəmləndirdi.38

Öz müttəfiqlərini – jujanları itirən eftalitlər qorxuya düşdülər və 553-cü ildə onlar da Çinlə əlaqə yaratmağa təşəbbüs göstərdilər. Lakin Qərbi Vey imperiyasının hökmdarı Yuyvın Tay türkyutlarla müttəfiq idi və çox güman, elə buna görə də eftalitlərin arzusu burada rəğbətlə qarşılanmadı. Eftalitlərin öz aralarında da birlik yox idi. Katulf adlı əyan hökmdar Qatfarı müharibədən çəkindirirdi, lakin hökmdar tərəfindən təhqir olunduqdan sonra o, həmtayfalarına xəyanət etdi və İran şahının yanına qaçdı.

Fəal hərbi əməliyyatlar 560-cı ildə, Qatfarın təşəbbüsü ilə başlandı. Şahənşahla xaqanın əlaqələrindən narahat olan Qatfar bu yaxınlaşmaya mane olmaq üçün əlindən gələni əsirgəmirdi. Soqddan keçib gedən türkyut səfirliyi bir nəfər istisna edilməklə qılıncdan keçirildi. Xilas olan atlı kədərli xəbəri İstemi xana çatdırdı. Müharibə labüd idi. İstemi bütün qoşunlarını səfərbərliyə aldı. Onların arasında həmin dövrə qədər eftalitlərin təbəəsi olan xotanlılar da vardı. Xosroy Ənuşirvan öz rəqibini qabaqladı və 562-ci ildə eftalitləri ilk məğlubiyyətə uğratdı. Lakin müharibə bununla başa çatmadı.

Türk qoşunun öncül dəstələrinin ilk qurbanı Çaç şəhəri oldu. Türkyutlar burada bütün əhalini qılıncdan keçirdi. Sonra onların əsas qüvvələri Çirçik çayını keçərək Maymurqada39 öz avanqardları ilə birləşdilər. Eftalitlər Buxara yaxınlığında cəmləşmişdilər, lakin mahir türk süvarilərinin üstünlüyə malik olduğu düzən yerdə döyüşə girmək istəməyən Qatfar dağlara çəkildi və Nesef (Karşı) yaxınlığında döyüşə başladı.

Firdovsinin yazdığına görə türkyutların hücumu zamanı soqdiyalılar çox ağlayırdılar, ancaq eftalitlərin tərəfində vuruşmaq istəmirdilər. Nesef yaxınlığındakı döyüş səkkiz gün davam etdi və eftalitlərin tam məğlubiyyəti ilə başa çatdı (565-ci il). Xilas olanlar müstəqil eftalit dövlətinin sonunun çatdığını görüb Qatfarı taxtdan saldılar və Çaqanian knyazı Faqonişi çar seçdilər. Həm də onların fikrincə, türkyutlara müqavimət göstərə biləcək Xosroy Ənuşirvana tabe olmağı Faqonişə tapşırdılar.

Eyni vaxtda həm xaqanın məktubunu, həm də Faqonişin itaətkarlıq təklifini alan Xosroy onların heç birinə cavab vermədi. Qərb sərhədlərini boş qoymaqdan qorxan əyanlarla hesablaşmadan o, bütün qoşunun başında Xorasana tərəf hərəkət etdi.

Ümumi düşmən əzildikdən sonra müttəfiqlər özləri düşmənə çevrildilər. Xaqanlıqla İran arasında mövcud olan və ümumi düşmənlə haqq-hesabı çürütmək zərurətindən arxa plana keçən münaqişə fikir ayrılığı indi bütün çılpaqlığı ilə aşkara çıxdı. Məlum oldu ki, münaqişə kifayət qədər dərindir, hətta tərəflər barışmaz mövqe tuta bilərlər. Lakin biz növbəti fəsli həmin münaqişəyə həsr edəcəyik. Hələlik isə evtalitlərin üzərinə qayıdaq.

Silah və qəddarlıq gücünə Orta Asiyada hegemonluğu ələ alan eftalitlər fəth etdikləri ölkələrdə populyarlıq qazana bilməmişdilər.

VI əsr Orta Asiya üçün iqtisadi və mədəni yüksəliş dövrü idi. Şəhərlər böyüyür və zənginləşir, əkinçilik, sənətkarlıq və ticarət tərəqqi edirdi. Soqdiyalılar həmin dövrdə təcrübəli və bacarıqlı tacir-dəllallar kimi tanınmışdılar. Onlar qədim karvan yollarından istifadə edərək İranla Aralıq dənizi arasında daimi əlaqə yaratmışdılar. Lakin jujanların yolkəsənliyi və eftalitlərin arasıkəsilməz müharibələri ticarət əlaqələrinə mane olurdular. Çölü və Soqdiananı birləşdirən türkyutlar ticarət üçün geniş imkanlar açmışdılar. Bunun müqabilində Soqdiya tacirləri türkyut xanlarının təbəəliyini qəbul etmişdi. Belə loyal təbəələr onlara sərfəli idi. Bu yolla Orta Asiya xaqanlığın ayrılmaz tərkib hissəsinə çevrilirdi. Yaranmış vəziyyət eftalitlərin qisas cəhdlərinin qarşısını kəsdi və onları dağlara çəkilməyə məcbur etdi. Eftalitlərin qalıqları bizim zəmanəyə qədər həmin yerlərdə yaşamaqdadırlar.

1
...