Mövzu və onun əhəmiyyəti. Bəşəriyyətin tarixi son dərəcə qeyri-bərabər öyrənilib. Avropa və Yaxın Şərqdə hadisələrin ardıcıllığı və ictimai formasiyaların bir-birini əvəz etməsi hələ XIX əsrin sonlarında ümumun başa düşdüyü əsrlərdə öz əksini tapdığı, Çin və Hindistanın isə XX əsrin əvvəllərində təsvir edildiyi halda, Avrasiya çöllərinin böyük bir ərazisi hələ də öz tədqiqatçısını gözləməkdədir. Bu, xüsusən Çingiz xanın tarix səhnəsinə gəlməsindən əvvəlki dövrə aiddir. Həmin dövrdə Mərkəzi Asiya çölündə iki diqqətəlayiq xalq – hunlar və qədim türklər, habelə adlarını şöhrətləndirməyə imkan tapmayan bir sıra digər xalqlar yaranmış və məhv olmuşlar.
Onların hamısının bir-birini təkrar etdiklərini düşünmək səhv olardı. Doğrudur, bu xalqların istehsal üsulu – köçəri heyvandarlıq, həqiqətən də heç bir təkmilləşdirməyə uyuşmayan ən sabit təsərrüfat formasıdır. Lakin məişət xüsusiyyətləri, təsisatlar, siyasət və dünya tarixində yerləri baxımından hunlar və qədim türklər tamamilə fərqlənirdilər. Onların taleləri də eyni dərəcədə fərqli olmuşdu.
Dünya tarixi fonunda qədim türk xalqının və onun yaratdığı dövlətin tarixi belə bir sual doğurur: türklər necə meydana gəlmişdilər və adlarını əslində onların varisləri olmayan bir sıra xalqlara verərək necə yoxa çıxdılar? Bu problemi yalnız siyasi tarixin təhlili, yaxud ictimai münasibətlərin araşdırılması yolu ilə həll etməyə dəfələrlə təşəbbüs göstərilib, lakin həmin təşəbbüslər heç bir bəhrə verməyib. Bəşər tarixindəki cahanşümul əhəmiyyətlərinə baxmayaraq, qədim türklər azsaylı xalq idilər, Çin və İranla yaxın qonşuluq onların daxili işlərində əz əksini tapmaya bilməzdi. Başqa sözlə desək, bu ölkələrin ictimai və siyasi tarixi bir-biri ilə sıx çulğalaşmışdı və hadisələrin gedişini bərpa etmək üçün biz həm bu, həm də digər tərəfi diqqətdən qaçırmamalıyıq. İqtisadi konyukturanın dəyişməsi, xüsusən də Çin mallarının daşınmasının yüksək, yaxud aşağı səviyyədə olması, habelə İran hökumətinin maneçilik xarakterli tədbirləri də burada az rol oynamamışdır.
Türk xaqanlığının sərhədləri VI əsrin sonlarında qərbdə Bizans, cənubda İran və hətta Hindistanla, şərqdə isə Çinlə kəsişdiyinə görə bu ölkələrin tarixindəki gözlənilməz dəyişikliklər nəzərdən keçirilən dövrdə türk dövlətinin taleyi ilə bağlı idi. Həmin dövlətin yaranması müəyyən mənada bəşər tarixində dönüş nöqtəsi oldu. Çünki o vaxta qədər bir-birinin mövcudluğundan xəbərdar olsalar da, Aralıq dənizi və Uzaq Şərq mədəniyyətləri əslində ayrı düşmüşdülər. Ucsuz-bucaqsız çöllər və dağ silsilələri Şərqlə Qərbin əlaqələrinə mane olurdu. Yalnız çox qoşqularının kəşfi karvanlara dağ zirvələrini və sonralar metal üzəngilərin və arabanı əvəz edən yük düzənləri nisbətən asan keçməyə imkan yaratdı. Buna görə də VI əsrdən etibarən çinlilər Konstantinopol bazarlarındakı qiymətlə hesablaşmağa, bizanslılar isə Çin imperatoru nizəçilərinin sayını öyrənməyə məcbur oldular.
Belə bir vəziyyətdə türklər nəinki vasitəçi rolunu oynayır, həm də Çin, Hindistan, İran, Bizans mədəniyyətləri ilə qarşı-qarşıya qoymağa layiq bildikləri spesifik mədəniyyətlərini yaradırdılar. Bu özünəməxsus çöl mədəniyyətinin qədim ənənələri və dərin kökləri vardı, lakin oturaq xalqların mədəniyyəti ilə müqayisədə o, bizə çox cüzi məlumdur. Bunun səbəbi türklərin və digər köçəri tayfaların qonşularla müqayisədə az istedadlı olmasında deyildi; səbəb onların maddi mədəniyyət qalıqlarının keçə, dəri, ağac və xəzin daşa nisbətən pis qorunub saxlanmasındadır; elə buna görə də Qərbi Avropa alimləri arasında belə bir səhv fikir yaranmışdır ki, köçərilər «bəşəriyyətin eşşək arılarıdır» (Violle de-Lyuk). Cənubi Sibirdə, Monqolustanda, Orta Asiyadakı arxeoloji qazıntılar bu fikri təkzib edir və tezliklə elə vaxt gələcək ki, biz qədim türklərin mədəniyyəti, incəsənəti haqqında danışmaq imkanına malik olacağıq. Lakin tədqiqatını maddi mədəniyyətdən daha çox türklərin sosial təsisatlarının və ictimai mövcudluq formalarının mürəkkəbliyi heyrətə salır – el, qohumluq bölgüsü sistemi, rütbə ierarxiyası, hərbi intizam, diplomatiya, habelə qonşu ölkələrin ideoloji sistemlərinə qarşı qoyulan dəqiq işlənmiş dünyagörüşünün mövcudluğu bu qəbildəndir.
Lakin bütün bunlara baxmayaraq qədim türk cəmiyyətinin qədəm basdığı yol məhvə aparırdı, çünki çöldə və onun sərhədlərində baş verən ziddiyyətləri dəf etmək mümkün olmamışdı. Böhran məqamlarında çöl əhalisinin böyük əksəriyyəti xanlara yardımdan boyun qaçırırdı, bu isə 604-cü ildə xaqanlığın Şərq və Qərb hissələrinə parçalanması, 630 və 659-cu illərdə isə müstəqilliyini itirməsinə (doğrudur, həmin müstəqillik 679-cu ildə qaytarıldı) və 745-ci ildə qədim türk xalqının məhvinə gətirib çıxardı. Əlbəttə, xalqın məhvi onu təşkil edən adamların hamısının aradan götürülməsi demək deyildi. Onların bir hissəsi çöldəki hakimiyyətin varisi kimi çıxış edən uyğurlara tabe oldular, böyük əksəriyyəti isə Çinin sərhəd qoşunlarında özlərinə sığınacaq tapdılar. 756-cı ildə bu sonuncular Tan sülaləsi imperatoruna qarşı üsyan qaldırdılar. Türklərin qalıqları bu üsyanda çox fəal iştirak edirdilər. Onlar da üsyanın digər iştirakçıları ilə birlikdə parça- parça edildilər. Bu artıq xalqın və epoxanın (eləcə də bizim mövzunun) həqiqi sonu idi.
Lakin «türk» adı tarix səhnəsindən silinmədi. Əksinə, o, Asiyanın tən yarısına yayıldı. Ərəblər Soqdianadan şimalda yaşayan bütün döyüşkən köçəriləri türk adlandırmağa başladılar. Onlar bu adı qəbul etdilər, çünki həmin adın ilkin daşıyıcıları tarix səhnəsindən getdikdən sonra çöllülər üçün igidlik və qəhrəmanlıq simvoluna çevrilmişdilər. Sonralar bu termin bir daha dəyişikliyə məruz qaldı və dil ailəsinin adına çevrildi. Beləliklə, VI—VII əsrlərdə böyük xaqanlığa daxil olmayan bir çox xalqlar «türkə» çevrildilər. Onların bəziləri – məsələn, türkmənlər, osmanlılar, azərbaycanlılar hətta monqoloid deyildilər. Başqaları – yakutların əcdadları kurıkanlar və xakasların əcdadları kırqızlar xaqanlığın ən qəddar düşmənləri olmuşdular. Üçüncülər – məsələn, balkarlar və çuvaşlar türklərin özündən əvvəl formalaşmışdılar. Lakin hətta indi «türk» termininə verilən geniş yayılmış linqvistik şərh də müəyyən əsasa malikdir: qədim türklər çöl mədəniyyətinin hələ hun dövründə yetişən və III—V əsrlərin çətin şəraitində anabioz1 vəziyyətində qalan başlanğıclarını parlaq şəkildə həyata keçirdilər.
Bir sözlə, bəşər tarixində qədim türklərin əhəmiyyəti cahanşümuldur, lakin indiyə qədər bu xalqın tarixi yazılmayıb. Həmin tarix ötəri və müxtəsər şərh olunub, bu isə mənbəşünaslıq, onomastik, etnonimik və toponomik xarakterli çətinliklərdən yan keçməyə imkan yaradıb. Həmin çətinliklər o qədər böyükdür ki, təqdim olunan əsər tamamilə dürüst şərhlər vermək iddiasında deyil. Müəllif ümid edir ki, o, problemin həllində yalnız növbəti pillə rolunu oynayacaq. Kitab tarixi analiz və sintez metodlarının uyğunlaşdırılması təcrübəsi kimi düşünülüb. Qədim türklərin, onlarla bağlı olan, yaxud onlardan əvvəl gələn xalqların tarixinin ayrı- ayrı hadisələri təhlilə cəlb edilib. Mənbələrə tənqidi baxış, onomastika və etnogenez problemləri də bura daxildir. Türkyutların2, göytürklərin3 və uyğurların4 tarixinin vahid proses kimi dərki (dövrləşdirmə baxımından burada bir bütövlük yaranır), habelə təsvir edilən hadisənin dünya tarixi məcrasına salınması isə əsərin sintez xüsusiyyəti kimi üzə çıxmışdır.
Sarı çay üzərində dəyişikliklər. V əsrdə əprimiş Romanın süqutuna gətirib çıxaran xalqların Avropadakı böyük hicrəti Şərqi Asiyada yüz il əvvəl baş vermişdi. Çin tarixində «beş barbar tayfanın epoxası» adlandırılan dövrdə (304— 399-cu illər) Şimali Çin hunlar və syanbiylilər tərəfindən tutulmuş və itaət altına alınmışdı. Onlar burada qotların, burqundların və vandalların barbar krallıqlarını xatırladan bir sıra qısa ömürlü dövlətlər yaratmışdılar. Avropada, Balkan yarımadasında Şərqi Roma imperiyası zərbələrə davam gətirdiyi kimi Çində də böyük Yantszı çayının sahillərində Xan imperiyasının varisi olan müstəqil Çin imperiyası möhkəmləndi. Erkən Bizans çiçəklənmə vaxtındakı Romaya oxşadığı kimi bu imperiya da öz böyük sələfinə bənzəyirdi. O da Şərqi Roma imperiyası kimi özündə yalnız şimaldan və qərbdən üstünə gələn barbarlardan qorunmaq üçün qüvvət tapa bilirdi. Tez-tez bir-birini əvəz eləyən sülalələrin zəif və bacarıqsız imperatorları «Orta düzənliyin» (həmin dövrdə Xuanxe vadisi belə adlanırdı) Çin əhalisini vəhşi tayfa başçılarının talanına vermişdilər. Lakin yadellilərin amansız zülmünə və fasiləsiz ara müharibələrində çoxlu qan axıdılmasına baxmayaraq, çinlilər Şərqi Çində say etibarı ilə onlara qalib gələn xalqlardan çox idilər və bu da VI əsrdə Çinin dirçəlişini şərtləndirdi.
Özünün bütün rəqibləri üzərində qələbə çalan Toba tayfası Çin mədəniyyətinin sehrinə düşdü. Tobalıların yaratdıqları ilkin feodal dövləti 420-ci ilə qədər artıq bütün Şimali Çini bir imperiyada birləşdirirdi. Bu dövlət Çin adı ilə Vey (386-cı il) adlandırılırdı. Həmin ad Toba xanının təbəələrinin böyük əksəriyyətini təşkil edən çinli əhali ilə kompromisi yolunda ilk addım idi. Köçərilərin tədrisi assimilyasiya prosesi ona gətirib çıxardı ki, V əsrin sonlarına doğru artıq tobalıların xələfləri hörüklərini kəsirdilər, itaətə gətirdikləri xalqla ünsiyyət isə onların güc və ənənələrini zəiflətmişdi. Tobalılar hətta ana dillərini də yaddan çıxarmış və Çin dilində danışmağa başlamışdılar. Dilləri və geyimləri ilə yanaşı onlar bir zaman qələbələr qazanmağa imkan verən cəsurluqlarını və birlik hissini də qeyb etmişdilər. Lakin buna baxmayaraq tobalılar inadla öz dövlətlərini yaratmağa can atan çinlilərin içərisində əriyib itməmişdilər.
О проекте
О подписке
Другие проекты
