Читать книгу «Yağış adam» онлайн полностью📖 — Леоноры Флейшер — MyBook.
image
cover

Leonore Fleyşer
Yağış Adam

Birinci fəsil

İşlər əla gedirdi. Qənbərqulusu çıxmamalı idi. Çarli Bebbitt ömründə bundan gözəl əməliyyat həyata keçirməmişdi. Dünyada sevdiyi, can atdığı nə vardısa, hamısı bu əməliyyatda cəmlənmişdi. Parlaq ideya, pul qoymadan böyük gəlir əldə etmək imkanı, sürətli dövriyyə, özü də hər şey qayda-qanun çərçivəsində. Əlbəttə, demək olmazdı ki, o, xeyriyyəçilik edirdi, amma heç kimin zorla pulunu dartıb əlindən almağa da hazırlaşmırdı. Uğursuzluğa düçar olmaq ehtimalı isə sıfıra bərabər idi. Hər halda, Çarli Bebbitt özünə belə deməli idi: bu işdə yanmaq mümkün deyil.

Sözsüz ki, danışıqları sürətlə aparmalı və elə etməli idi ki, xırdaca kələyinin üstü açılmasın. Çarlinin də ən çox xoşuna gələn məhz bunlar idi, çünki hər iki işi yaxşı bacarırdı. Gözə kül üfürmək məsələsində mahir ustanın qarşısında geniş fəaliyyət meydanı açılmışdı. Hazırlıq mərhələsinə həftələr sərf etmişdi, ancaq buna dəyərdi.

Ən çətini pul tapmaq idi. İki yüz min dollar. İyirmi yağlı yüzlük dəstəsi. Oğul istəyirdi bu pulun sahibini dilə tutub yola gətirsin. Bert Vayyat çox xəsis idi, hamıya şübhə ilə baxırdı, fırıldağı yüz addımdan hiss edirdi. Amma bu işdən fırıldağın heç iyi də gəlmirdi. Hər şey, hətta bütün zəmanətlər üzdə idi. Altı cağbacağ «lamborcini» limanda yan-yana düzülüb göz qamaşdırırdı. Bu klassik avtomobillər öz vətənindən, «mamma mia» ölkəsindən təzəcə gətirilmişdi, hərəsinin səksən min dollara yaxın qiyməti vardı. Hamısı da onun idi. Hər halda, bu saat maşınlar ona məxsus idi. Nə qədər istəsə tamaşa edib ləzzət ala, «lamborcini»lərin hamar, par-par parıldayan yanlarını sığallaya, kapotu açıb altındakı təkmil mexanizmə, qüvvətli motorlara uzun-uzadı baxa, təzə təkərlərin və salonun yenicə silinmiş dəri örtüyünün iyini ciyərlərinə çəkə bilərdi. Bu iy ona qadın ətrindən də xoş gəlirdi.

– Kağızları gətirmişəm, budur, – Çarli Bebbitt şəstlə gömrük müfəttişinə dedi və deklarasiyaları təmiz dəvəquşu dərisindən üz çəkilmiş zərif «diplomat»ından çıxardı. – Altı «lamborcini», hamısı sonuncu model, biri gümüşü, ikisi qara, biri ağ. İkisinin isə üstü də qırmızıdır, içi də.

Çarlinin çərənləməsinə fikir verməyən müfəttiş kağızları alıb diqqətlə oxudu. Onları imzalayıb möhürünü basdı. İşini qurtardıqdan sonra – yalnız bundan sonra – Çarliyə baxdı.

– Əlil arabalarının yarışına çıxaracaqsan? – müfəttiş istehzalı gülüşlə soruşdu.

– Yox, «Miss Amerika» gözəllik yarışına çıxaracağam, – Çarli də gülümsəyib cavab verdi və fəxrlə sinəsini qabartdı.

O, ofisə qədər bütün yolu düşündüyü əməliyyatı dəfələrlə beynində fırlatdı. Zəif yer axtarırdı, amma birini də tapmırdı. Bu, əsl şedevr idi, Çarlinin yaşamaq uğrunda onillik mübarizəsinin kulminasiya nöqtəsi idi, bircə dollar artıq qazanmaq üçün onun-bunun qabağına qaçmasının sonu demək idi. Bu əməliyyat onu köhnə avtomobillər satan xırda alverçilər cərgəsindən dartıb çıxaracaqdı, sürət götürməyə, iri dilerlər, nüfuzlu avtosalon və dəbdəbəli nümayiş zalları sahiblərinin cərgəsinə qoşacaqdı. Əlvida, San-Pedro. Xoş gördük, Bel-Eyr!

Hər şey düzdür. Hər şey elə bu cür planlaşdırılmışdı. Vayyatdan qısamüddətli kredit şəklində, on yeddi faizlə cəmi dörd həftəliyinə (acgöz əclaf!), «lamborcini»ləri girov qoymaq şərti ilə alınmış iki yüz min dollar! Həmin iki yüz min dollar, üstəgəl Lenni Barişin tapdığı altı alıcının əvvəlcədən ödədiyi iri məbləğdə beh. Alıcıların hamısı vəkillər korporasiyasının ləyaqətli üzvləri idi. Maşınların pulunu ödəmək üçün növbəyə dayanmışdılar. Çarli Bebbittin təklif etdiyi güzəştli qiymətlərdən də razı qalmışdılar. Gəlin, gəlin, Çarli xırdaçılıq eləmir!

İtaliyalı tədarükçülərlə bir neçə sərfəsiz sövdələşmədən sonra, nəhayət, Çarli altı əsl «lamborcini» tapa bilmişdi. Bu əla idman maşınlarından heç biri digərinə oxşamırdı, özləri də əla vəziyyətdə idi. Maşınların hərəsi Bebbittə vur-tut qırx min dollara başa gəlmişdi. Üç il əvvəl Çarli onları daha aşağı qiymətə ala bilərdi. Amma dollar ucuzlaşırdı və bununla Çarlini xeyli pəjmürdə edirdi. Heç nəyə baxmayaraq o, avtomobilləri deyilən qiymətə tapdığına da sevinirdi. «Lamborcini»lərin birini yetmiş beş min dollara (çıxaq beş faiz güzəşt – bu, alıcıları şirnikləndirmək və xoşbəxt etmək üçün vacib idi) satacaqdı.

Maşınlar San-Pedro limanında gömrük sənədlərinin hazır olmasını gözləyirdi. Çarli onların İtaliya gəmisindən boşaldılmasına nəzarət etmək üçün sahil körpüsünə getdi. Əmin olmaq istəyirdi ki, fəhlələr avtomobilləri cızmayacaqlar. Sənədləri etibarlı yerdə – «diplomat»ında gizlətmişdi.

Çox iş qalmamışdı – maşınları tez boşaltmaq, özündən başqa heç kimin bilmədiyi yerə aparmaq, qeydiyyat sənədlərini hazırlamaq, pulun qalanını alıcılardan götürmək və «lamborcini»ləri yeni sahiblərinə təhvil vermək. Alıcılar, əlbəttə, axır qiymətdən razı qalacaqdılar: altmış yeddi min beş yüz dollara belə dəbdəbəli maşını başqa harada tapa bilərdilər?! Sonra Çarli borc sahibi ilə də haqq-hesabı çürüdəcəkdi, vəssalam. Pulun qalanı özünün olacaqdı. Altı rəqəmlik təmiz gəlir! Və bu qədər gəliri qazanmaq üçün əlini heç nəyə bulaşdırmamışdı, yaraşıqlı «Corcio Armani» kostyumunun yaxasına xırda toz dənəsi qonmamışdı. Bircə sent də öz pulunu xərcləməmişdi.

Tezliklə hamı xoşbəxt olacaqdı. Altı hüquqşünas – Beverli Hillzdən olan boşanma işləri üzrə mütəxəssislər güzəştli qiymətə aldıqları bahalı avtomobillərinə minib yola çıxacaqdılar. «Pul dağarcığı» verdiyi borcu on yeddi faiz artıqlaması ilə geri alacaqdı. Çarlz Bebbitt Palm-Sprinqsin1 zərli-zinətli otellərindən birində otaqda oturub pullarını sayacaqdı. Düzdür, belə gözəl maşınlarla ayrılmalı olduğuna görə təəssüf hissi keçirəcəkdi. Bir az da ağıllı olsa idi, ən çox xoşuna gəlmiş ağ «lamborcini» özünə qalardı, digər beş maşından qazandığı isə ona tamamilə bəs edərdi. Bu ağ gözəlçə Çarlinin olardı, Çarli onu sevərdi. Amma eybi yoxdur. İtaliyada «lamborcini»lər qurtarmadı ki! Birini də gətirib adını üstünə yazar.

Əməliyyat elə həmin gün başa çata bilərdi, amma Çarli, hər ehtimala qarşı, öz-özlüyündə ona lazım olduğundan da çox – düz dörd həftə! – vaxt ayırmışdı. Bu, maşınları qeydiyyatdan keçirmək üçün gen-bol bəs edərdi. Hətta EPA – ətraf mühitin mühafizəsi üzrə agentlik işə pəl vursa belə, bəs edərdi. EPA-nın toksik qaz tullantılarına ciddi məhdudiyyət qoyan murdar qanunları var idi.

Bu, doğrudan da, «Əsrin sazişi» idi. Özünüz fikirləşin, bir sent qoymayasan, bütün gəliri tək götürəsən. Hərçənd Lenniyə də nəsə çatmalı idi. Çarli ona alıcı tapdığına görə iyirmi beş min dollar vəd etmişdi. Amma, yenə də, Lennini şərik adlandırmaq olmazdı, çünki ideya yalnız və yalnız Çarli Bebbittə məxsus idi.

Bəs niyə, niyə Çarlinin şah əsəri, gül kimi iş heç cür başa çatmaq bilmirdi? Niyə ilişib qalmışdı, günlərlə yerindən tərpənmirdi?

Axı hər şey əvvəlcədən ölçülüb-biçilmişdi. Əvvəl-axır iki yüz min pulun on yeddi faizi dörd həftədə otuz dörd min dollar təşkil edir. Bu boyda pulun başından keçməyib ki?! Borcunu nə qədər tez qaytarsa, bir o qədər az itirər. Amma artıq nəinki dörd, altı həftə keçib, əməliyyat isə acıbağırsaq kimi uzanır. Belə getsə, Çarli Palm-Sprinqsdəki geniş otel otağını həbsxana kamerasına dəyişməli olacaq.

Ətraf mühitin mühafizəsi üzrə agentliyi görüm lənətə gəlsin! Niyə gedib balinaları xilas etməklə məşğul olmurlar, atom-elektrik stansiyalarında radioaktiv tullantılar axtarmırlar, bunun əvəzinə vicdanlı biznes adamlarına ilişirlər, avtomobillərin toksik tullantıları barədə avara qanunların dərdini çəkirlər?! Yəni bu EPA-da heç cür başa düşmürlər ki, benzin nasoslarında onların tələblərinə cavab verən dəyişikliklər etmək olmur? «Şevrole»də bu, mümkündür. «Cip-çeroki»də? Problem yoxdur. Amma «lamborcini»də alınmır.

Həftələr bir-birini əvəzləyirdi, Çarlinin tutduğu usta isə hara gedirdisə, əli ətəyindən uzun qayıdırdı. Çarli artıq qiyməti də ağlasığmaz həddə çatdırmışdı: hər nasosa görə iyirmi beş dənə yüzlük saymağa hazır idi, di gəl alınmırdı ki, alınmırdı.

– Heç kim bu nasosla heç nə edə bilmir. «Lamborcini» kimi divin öhdəsindən gələn tapılmır. Bu italiyalıların necə hava ilə nəfəs aldıqları veclərinə deyil, – Çarlinin mexaniki, Eldorf adlı yöndəmsiz gənc əsəbi halda deyirdi.

EPA isə ipə-sapa yatmırdı. Agentlik nasoslarda dəyişiklik olunmadan maşınların istismarına icazə verməkdən üç dəfə dalbadal imtina etmişdi. Kaliforniya ştatında yalnız EPA-nın icazəsini aldıqdan sonra avtomobili qeydiyyata salmaq və satmaq mümkündü. Bu, pozulmaz qayda idi. Çarli maşınları Oreqona apara və orada qeydiyyatdan keçirə bilərdi, amma vaxtı əldən vermişdi. Bundan sonra uyğun qiymətə gəmi tapıb «lamborcini»ləri qonşu ştata necə göndərəydi?

Çarli məhv olurdu. Hüquqşünaslardan aldığı behi qanuni gəlirinin bir hissəsi kimi xərcləyib qurtarmışdı. Çünki hamıya özünün uğurlu iş adamı olduğunu göstərməli, yaxşı geyinməli, bahalı oteldə qalmalı idi. Bunların hamısı puldur, gərək əlin cibində olsun: “adi”cə saç düzümü iki yüz əlli dollara başa gəlmişdi, retro üslubunda günəş eynəyinə – üstündə ən çox dəbdə olan dizaynerin yarlığı da var idi – dörd yüz dollar saymışdı. Zəhrimara qalmış pul isə durmadan dəyərdən düşürdü. İtaliyada sifarişlə tikdirdiyi kostyumu iki il əvvəl, bəlkə, min üç yüzdən baha olmazdı, Çarli isə ona görə iki min dollar vermişdi. Amma bircə günə başa çatdırılması mümkün olan əməliyyat o qədər uzanırdı ki, borc sahibi də, alıcılar da artıq dilə gəlmişdilər, narazılıqlarını bildirirdilər.

Çarli onların həyəcanlı zənglərindən təngə gəlmişdi. O belə şeyləri xoşlamırdı.

* * *

Susanna Palmieri «volvo»sunu Çarli Bebbittin tərtəmiz gümüşü «ferrari»sinin yanında saxladı. Çərşənbə günü səhər saat on bir olardı. Qız maşından çıxıb ətrafa boylandı. Son üç həftəni burada işləyirdi. Əslində, böyük anbara bənzəyən bu yastı binanın qarşısında lövhə olmalı idi: «Bebbittin avtosalonu. Kolleksiya modelləri». Amma nə lövhə var idi, nə də ki kolleksiyaya layiq modellər. Binanın qarşısında bir neçə köhnə-kürüş maşın yan-yana düzülmüşdü.

«Bebbittin avtosalonu» uzun küçənin sonunda, saysız-hesabsız anbarlar və maşın «ölüxanaları» cərgəsinin lap axırında yerləşirdi. Binanın görünüşündən yazıqlıq yağırdı: divarların suvağı tökülmüşdü, dama elə bil qotur düşmüşdü – çox yerdə dəmir örtüyün rəngi getmişdi. Onu 1946-cı ildə ayaq üstə güclə dayanan, necə deyərlər, «bugün-sabahlıq» müəssisələr üçün müvəqqəti sığınacaq kimi tikmişdilər. Çarlinin «avtosalonu» həmin firmalar sırasında təkcə yerinə görə sonuncu deyildi, həm də bu müəssisələrin ən «bugün-sabahlığı» idi.

Belə gözəl, ağıllı, İtaliyada katolik kilsəsinin ən sərt ənənələrinə uyğun tərbiyə görmüş, monastırda təhsil almış bir qızın burada nə işi vardı? Pulunu haradan qazandığı, nə ilə yaşadığı bəlli olmayan bir gənc onu necə özünə cəlb edə bilmişdi?

Susanna, sözsüz ki, daha böyük səadətə layiq idi; məsələn, yaxşı işi, daimi gəliri olan bir kişiyə ərə gedib onunla sevgi dolu həyat yaşamaq bu qəşəng qıza daha çox yaraşırdı. Bəs niyə o, Çarli Bebbitt kimi uğursuz avtosalon sahibini seçmişdi və həftənin istirahət günlərini onunla keçirməyə razılıq vermişdi?

Susanna sanki bu sualları beynindən qovmaq üçün başının hərəkəti ilə saçlarını geri atdı, sonra qapını açıb ofis rolunu oynayan dar otağa girdi. Otaq ona yaxşı tanış idi.

«Niyə?» – qız bir daha özü özündən soruşdu.

Çarli Bebbitt telefonda kiminləsə qışqıra-qışqıra danışırdı, acıqlı idi. Susanna onu görəndə hər şey bir daha qıza aydın oldu. Çarli. Çarli Bebbitt. Bax buna görə! Susanna uzun müddət onu kənardan seyr etdi, başdan-ayağa süzdü. Şübhəsiz, Çarli onun indiyədək tanıdığı kişilərin içərisində ən yaraşıqlısı idi. Ucaboy, əzələli, iyirmi altı yaşında zərrə qədər də artıq piyi olmayan möhkəm bədənli bu gəncin sıx, tündrəngli saçları heç cür sözə baxmaq istəmirdi. Onları nə qədər sığallasan da, növbəti andaca pırtlaşırdı. Uzun kirpikləri iri, qonur gözlərini çəpərləmişdi. Çarli gülümsəməyəndə ətli, düzgün biçimli dodaqları qız dodaqları qədər gözəl görünürdü. Gülümsəyəndə isə… Oh, sədəf kimi dişləri, çənəsində yaranan balaca, yumru çökək, bütün sifətinə yayılan işıq adamın az qala ağlını başından çıxarırdı.

Amma Susanna xarici görünüşə uyub ağlını itirəcək qədər sadəlövh qız deyildi. Gözəl, ehtiraslı kişi ilə gecəni birgə keçirmək, səhər isə həmişəlik vidalaşmaq olar. Bütün gününü bir yerdə keçirmək istədiyin kişinin isə gərək içində də qiymətli nəsə olsun.

Söhbət Çarlidən gedirsə, bu «nəsə» – onun iti, son dərəcə çevik ağlı idi. Zahiri parlaqlıq, qızğın ehtiras və dərin zəka Çarlidə vəhdət təşkil edirdi. O, istənilən problemin məğzini dərhal tuturdu və vaxt itirmədən düzgün qərar qəbul edə bilirdi. Əgər bu bacarıqlarını göydən ulduz qoparmağa yox, daha ciddi və praktik məqsədlərə yönəltsə idi, elə uğur qazana bilərdi ki, dünya onunla hesablaşardı.

Çarli siqaretinə dərin qullab vurub əli ilə Susannaya yanındakı masanı göstərdi: yəni otur və işlə məşğul ol. Özününsə bütün diqqəti telefonda üstünə qışqırdığı adamda idi, gərgin vəziyyətdə onun cavabını dinləyirdi. Susanna keçib masanın arxasında oturdu, telefonun dəstəyini qaldırdı və uzun bir nömrə yığdı. Bir az gözləyəndən sonra kiminləsə italyan dilində danışmağa başladı.

«Bebbittin avtosalonu»nun adı təmtəraqlı səslənirdi, özü isə pis kökdə idi. Hər yana siqaret iyi hopmuşdu, hara baxsan, ağzınacan dolu külqabı görürdün. Otağın mebeli cəmi üç metal masadan, üç stuldan və maili yazı taxtasından ibarət idi. Hamısı hərracda ucuz qiymətə alınmışdı. Masaların birinin arxasında Çarli oturub işləyirdi. İkinci masa «beş dəqiqəliyinə harasa çıxmış» katibə üçün qoyulmuşdu. Çarli qonaqlarına və nadir müştərilərinə belə deyirdi, əslində isə katibə yerli-dibli yox idi və heç vaxt olmamışdı.

Susanna həmin «beş dəqiqəliyinə harasa çıxmış» katibənin yerini tutmuşdu. Çarli onunla təsadüfən tanış olmuş və bu ilahi gözəlliyə vurulmuşdu. Qızın incə, qıvraq bədəni, cənublulara məxsus çılğınlığı, şirin ləhcəsi onu məftun etmişdi. Susannanın təmiz italyan dilində (lingua toscana in bocca romana!2) danışdığını biləndə isə düşünmədən qıza iş təklif etmişdi.

Bir neçə gündən sonra müdirlə təzə əməkdaşı arasında məhəbbət macərası başlanmışdı. Susanna «lombarcini əməliyyatı»nın bütün iştirakçıları ilə çox gözəl münasibətlər qurmuşdu və özünə aid olan işləri dəqiq görürdü.

...
5

На этой странице вы можете прочитать онлайн книгу «Yağış adam», автора Леоноры Флейшер. Данная книга имеет возрастное ограничение 16+, относится к жанрам: «Зарубежная классика», «Классическая проза». Произведение затрагивает такие темы, как «аутизм», «драма». Книга «Yağış adam» была издана в 2022 году. Приятного чтения!