Читать книгу «Zaman maşını» онлайн полностью📖 — Герберта Уэллса — MyBook.

4. Zamanda səyahət

– Ötən cümə axşamı bəzilərinizə Zaman Maşınının necə işlədiyini və hətta onun özünü belə göstərmişəm. O elə indi də laboratoriyamdadır, hərçənd səyahət nəticəsində bir az korlanıb. Əsas hissələrindən biri çatlayıb, tunc zolağı da əyilib, amma qalan yerləri sağ-salamatdır. Onu hələ cümə günü işlək vəziyyətə gətirmək niyyətində idim, lakin işin sonunda nikel detaldan birinin lazım olandan qısa alındığını gördüm. Onu təzədən düzəldəsi oldum. Elə o səbəbdən Maşınımla bağlı işləri yalnız bu gün başa çatdıra bildim. Beləcə, artıq səhər saat onda dünyada ilk Zaman Maşını adını alacaq aparatım səyahətə hazır vəziyyətdə idi. Sonuncu dəfə yan-yörəsinə keçib vintləri yoxladım və yəhərə oturdum. Bir əlimlə işəsalma lingindən, digəri ilə əyləcdən tutdum. Əvvəl birini və anındaca o birini burdum. Səndələdiyimi, bir də sanki harasa düşdüyümü hiss elədim. Amma ətrafa boylananda laboratoriyadan kənara çıxmadığımı anladım. Olmaya heç nə baş verməmişdi? Bəlkə, nəzəriyyəm kökündən səhv idi? Saata baxdım. Bir dəqiqə əvvəl əqrəblər on biri göstərirdi, indisə dördün yarısı idi!


Mən dərindən ah çəkib dişlərimi qıcadım və hər iki əlimlə işəsalma lingini burdum. Laboratoriya dumanlı şəkil aldı. Elə bu vaxt təsərrüfat müdirəsi missis Uotçet içəri girdi və heç məni sezmədən bağçaya açılan qapıya tərəf getdi. Bu məsafəni qət etmək üçün, yəqin ki, ona təxminən bir dəqiqə lazım oldu. Mənəsə elə gəldi ki, o, raket sürəti ilə ötüb-keçdi. Bu dəfə lingi var gücümlə burdum. Anındaca araya qaranlıq çökdü, sanki lampanı söndürdülər, amma elə növbəti anda məkan yenidən işıqlandı. Laboratoriya getdikcə kölgəyə çevrildi. Birdən yenidən gecə düşdü, sonra səhər, onlar beləcə durmadan artan sürətlə bir-birini əvəzlədi. Qulaqlarım uğuldayırdı və sanki elə hey aşağı yuvarlanırdım. Bir sözlə, özümü çox pis hiss edirdim. Tezliklə laboratoriyamın tutqun cizgiləri belə tamamilə yoxa çıxdı və mən hər dəqiqə şərqdən qərbə sıçrayan günəşi, gah kiçilən, gah da bədirlənən ayı gördüm. İşıqla qaranlığın bir anda əvəzlənməsi gözlərimi yorurdu. Beləcə, dayanmadan artan sürətlə irəliləyirdim. Nəhayət, gecə ilə gündüz bütöv bir boz pərdəyə çevrildi və göyün üzü erkən ala-toranın rənginə boyandı. Ora-bura çırpınan günəş qızılı zolağa, ay isə zəif axan işartıya çevrildi. Mən artıq ulduzları belə görmürdüm və yalnız ara-sıra səmanı dövrələyən işıqlı çevrələr sezirdim.

Ətrafımda hər şey dumanın nazik pərdəsinə bürünmüşdü. Mən hələ də evimin yerləşdiyi təpənin yamacında idim. Ağaclar böyüyərək tüstü burumlarıtək formalarını dəyişir və sonda qeybə çəkilirdi. Nəhəng gözəl binalar da peyda olduğu kimi asanlıqla yoxa çıxırdı. Yer üzü gözlərimin qarşısında cilddən-cildə düşürdü. Maşının sürətini göstərən əqrəblər dayanmadan, sürətlə fırlanırdı. Günəşin gah şimala, gah da cənuba doğru hərəkətini göstərən zolaqdan bir ili bir dəqiqəyə yaşadığımı anladım.

İndi özümü o qədər də pis hiss etmirdim. Lakin birdən məni hiddət bürüdü. Maşının qəribə şəkildə yırğalandığını hiss etdim, amma səbəbini anlamadım. Ağlım qarışmışdı və mən dəlicəsinə gələcəyə doğru uçurdum. Dayanmaq fikrində deyildim, bu yeni hislərimin fövqündə sanki hər şeyi unutmuşdum. Lakin tezliklə bu hislər qorxuqarışıq maraqla əvəzləndi: “Əgər elə indi dayanıb dünyaya göz gəzdirsəm, bəşəriyyətin gələcəkdə əldə etdiyi nailiyyətlərin şahidi ola bilərəm!” Mən yaşadığım dönəmdə inşa edilən binalardan qat-qat nəhəng tikililər görürdüm. Bir də təpənin döşünün ilboyu yaşıl don geyindiyini sezdim. Bu mənzərə məni valeh etmişdi. Onu daha yaxından hiss etmək üçün Maşını dayandırmaq qərarına gəldim.

Amma ehtiyatlı olmalıydım. Hara düşəcəyimi və məni orada nə gözləyəcəyini bilmirdim. Digər tərəfdən də Maşının yorucu titrəyişi və fasiləsiz aşağı enmə hissi əsəblərimə toxunurdu. Əslində, artıq heç vaxt dayana bilməyəcəyimdən qorxsam da, özüm də bilmədən əyləci basdım. Maşın anındaca çevrildi və mən sürətlə boşluğa yuvarlandım.

Sanki qulağımın dibində ildırım çaxdı. Bir an heç nə eşitmədim. Sonra çətinliklə də olsa, oturub ətrafa nəzər saldım. Dolu yağırdı. Əvvəlcə hər şeyi boz rəngdə görsəm də, tədricən duman seyrəldi, üstəlik, qulağımdakı uğultunun keçib-getdiyini hiss etdim. Yenidən ətrafa boylandım: bənövşəyi və al-qırmızı çiçəklərlə dolu çəmənlik göz oxşayırdı. Tappıltı ilə yerə dəyən dolu Maşınımın üzərindən oyan-buyana uçur, əriyir və torpağa qarışırdı. Bir anın içində başdan-ayağa islandım. “Əcəb qonaqpərvərlikdi, – söylədim, – bura düşmək üçün gör neçə il yol gəlmişəm”.

Daha da islanmamaq üçün ayağa qalxdım. Dumanın imkan verdiyi qədər irəli boylandım və böyük ehtimalla hansısa ağ daşdan hörülmüş nəhəng bir fiqur sezdim. Bundan artığını görmək mümkün deyildi.

Hislərimi ifadə etməkdə çətinlik çəkirəm. Dolu səngiyəndə ağ fiquru diqqətlə müşahidə etdim. O, ağ mərmərdən yonulmuşdu və Sfinksi xatırladırdı, lakin qanadları bədəninə yapışmamış, əksinə, geniş açılmışdı, sanki uçmağa hazırlaşırdı. Çox nəhəng idi. Hündür qovaq ağacı onun yarısına çata bilərdi. Sfinksin pyedestalı, deyəsən, tuncdan düzəldilmişdi və zamanın təsirinə məruz qalmışdı. Onun üzü düz mənə tuşlanmış, kor gözləri sanki mənə zillənmişdi, dodaqlarında isə təbəssüm vardı. Bəlkə, yarım dəqiqə, bəlkə də, yarım saat ona baxdım. Nəhayət, baxışlarımı fiqurdan çəkdim. Dolu artıq kəsmişdi. Göyün üzü açılmışdı və tezliklə günəşin görünəcəyi bəlliydi.

Yenidən Sfinksə nəzər saldım və birdən Zaman Maşını ilə səhayətin, əslində, dəlisov fikir olduğunu dərk etdim. Görəsən, duman tamamilə çəkiləndən sonra nə görəcəkdim? Bəlkə, insanlar bu müddət ərzində daha da qəddarlaşıblar? Bəlkə də, onlar simalarını tamam itiriblər və əcaib bir varlığa çevriliblər? Bəs birdən insanabənzər vəhşi bir məxluqla rastlaşsam?

Yenidən ətrafa boylandım. Bu dəfə arxası meşəyə söykənmiş məzəli məhəccərləri və hündür sütunları olan nəhəng evlər gördüm. Canıma vəlvələ düşdü. Dəli kimi Zaman Maşınına tərəf qaçdım və onu yenidən işə salmağa çalışdım. Mənə naməlum olan bu dünyada özümü çox tənha hiss edirdim. Yəqin, quzğunun hücumuna məruz qalan quşcuğaz da eyni hissləri keçirir. Bütün gücümü toplayıb Maşına dayaqlandım və dişlərimi qıcayıb onu çevirməyə cəhd elədim. Çətinliklə də olsa, bunu bacardım. Nəfəsimi dərib bir əlimlə oturacaqdan, digəri ilə lingdən yapışıb Maşına dırmaşmağa hazırlaşdım.

Lakin geri çəkilməyə hazır olduğum anda yenidən cürətləndim. Uzaq gələcəyin bu dünyasını tanımaq istəyim qorxuma qalib gəldi. Yaxınlıqdakı evin tağının altında genbalaq paltarlı bir neçə fiqur gördüm. Onlar da məni sezdilər. Sonra səslər eşitdim. Ağ Sfinksin arxasındakı kolluqdan mənə tərəf qaçan adamların başları və çiyinləri göründü. Onlardan biri Maşına doğru yön alan cığıra sıçradı. Bu, balaca bir varlıq idi – boyu dörd futu ötməzdi. Əynində al-qırmızı rəngdə, dizlərinə qədər uzanan gen köynək vardı. Ayaqlarına səndələbənzər bir şey geyinmişdi. Onun yüngül geyimi burda havanın mülayim olmasına dəlalət edə bilərdi.

Bu adam mənə qeyri-adi gözəl, zərif, amma eyni zamanda həddindən artıq kövrək məxluq təsiri bağışladı. Sanki bu adamcığaza əl dəysəydim, ovulub töküləcəkdi. Onu görən kimi Gələcəkdə qalmaq əminliyim birə-beş artdı və mən əlimi Maşından çəkdim.

5. Qızıl Əsrdə

Bir neçə saniyədən sonra biz artıq üz-üzə dayanmışdıq – mən və bu uzaq gələcəyin xəfif varlığı. O, cəsarətlə mənə yaxınlaşıb mehribanlıqla gülümsündü. Bu varlığın qarşısındakından zərrə qədər də ürkməməsi məni heyrətləndirdi. O, ardınca gələn iki həmvətəninə tərəf çevrilib onlara qəribə olduğu qədər də zərif və cingiltili dildə nəsə söylədi. Bu arada qalanları da özünü çatdırdı və beləliklə, səkkiz-doqquz nəcib varlığın əhatəsində qaldım. Onlardan biri mənə nəsə bir sual verdi. Bilmirəm niyə, amma nədənsə mənə elə gəldi ki, səsim onlara çox kobud görünəcək. Elə bu səbəbdən başımı bulamaqla və qulaqlarıma işarə etməklə kifayətləndim. İlk xitab edən varlıq bir addım irəli çıxdı, azacıq tərəddüd etsə də, sonra ehmalca əlini mənə toxundurdu. Çiynimdə və kürəyimdə daha bir neçə belə zərif toxunuş hiss elədim. Onlar mənim, həqiqətən də, mövcud olduğuma inanmaq istəyirdilər. Hərəkətlərində adamı qorxuya salacaq heç nə yox idi. Əksinə, bu balaca varlıqlarda etibar doğuracaq bir şey, zəriflik, uşaq təbiiliyi vardı. Bir də onlar elə kövrək idilər ki, lazım gələrsə, onunu birdən əzmək olardı. Amma həmin varlıqların Maşını əlləşdirdiyini görəndə hər ehtimala qarşı ehtiyatlı tərpənməyi qərara aldım. Üstəlik, bayaqdan yadımdan çıxardığım bir məqamı xatırladım. Maşın işə düşüb yoxa çıxa bilərdi. Elə bu səbəbdən onu hərəkətə gətirə biləcək lingləri çıxarıb cibimə qoydum. Sonra yeni rastlaşdığım adamcığazlara tərəf çevrilib onlarla necə dil tapacağımı beynimdə saf-çürük etdim. Çini heykəlcikləri xatırladan fiqurlarını diqqətlə gözdən keçirdim. Onların qısa saçları eyni cür qıvrım idi. Üzlərində tükdən əsər-əlamət yox idi. Qulaqları adamı heyrətləndirəcək qədər balaca idi. Ağızları, həmçinin kiçik, al-qırmızı dodaqları nazik, çənələri sivri idi. Gözləri isə iri idi.

Onlar artıq mənimlə anlaşmağa çalışmır, bir-birinə nəsə söyləyib gülümsəyirdilər. Söhbətə ilk mən başladım. Şəhadət barmağımla əvvəlcə Zaman Maşınını, sonra özümü göstərdim. Bu arada Zaman məfhumunu necə izah edəcəyimi düşünüb günəşə işarə etdim. Al-qırmızı rəngdə dama-dama paltar geyinmiş varlıq jestimi anındaca təkrarladı və ildırımı yamsılayırmış kimi qəribə bir səs çıxardı.

Bir anlıq təəccübləndim, axı jestimin mənası yetərincə aydın idi. Birdən ağlıma belə bir fikir gəldi: deyəsən, qarşımdakı insanlar elə də ağıllı deyillər. Bu fikrimə necə heyrətləndiyimi təsəvvürünüzə belə gətirə bilməzsiniz. Axı həmişə elə düşünürdüm ki, düşdüyüm səkkiz yüz iki mininci ilin insanları həm elmdə, həm incəsənətdə, ümumiyyətlə, hər şeydə bizdən qat-qat irəli gedib. Yeri gəlmişkən, bu rəqəmləri Maşınımın sayğa- cında görmüşdüm. İndi, budur, qarşımdakıların ağlı mənə beşyaşlı uşağın təfəkkürünü xatırladırdı. Olmaya onlar mənim, həqiqətən də, ildırım çaxarkən günəşdən düşdüyümü düşünürdülər? Bir tərəfdən də bu varlıqların al-əlvan geyimi, kövrək bədən quruluşları, həddən artıq zərif üz cizgiləri… Qəribə peşmançılıq hissi keçirdim və bir anlıq Maşını düzəldərkən bir-birinə caladığım yuxusuz gecələrə heyifsiləndim.



Razılıq əlaməti olaraq başımı tərpədib yenidən günəşi göstərdim. Üstəlik, ildırımı elə məharətlə yamsıladım ki, hamısı arxaya sıçrayıb qorxudan yerə oturdu. Amma tez də ürəkləndilər və biri gülə-gülə əlində tanımadığım çiçəklərdən hörülmüş çələnglə mənə yaxınlaşdı. O, yerlilərinin şən sədaları altında çələngi boynumdan asdı. Bu da azmış kimi, hərəsi bir tərəfdən çiçək dərib məni gül yağışına qərq elədi. Bu uzaq Gələcəkdə təbiətin necə yeni gözəl güllər yaratdığını təsəvvürünüzə belə gətirə bilməzsiniz. Sonra, deyəsən, onlardan biri məni elə bu vəziyyətdə yaxınlıqdakı binalardan birində kiməsə göstərməyi təklif etdi və onlar məni çat-çat olmuş, bozarmış hündür daş saraya apardılar.