Beləcə, Psixoloq Zaman Maşınının modelini sonsuz səyahətə göndərdi. Biz hamımız lingin necə çevrildiyini gördük. Mən burda heç bir yalan olmadığına özüm kimi əminəm. Havada nəsə titrədi, lampanın işığı göz vurdu. Buxarının üstündə olan şamlardan biri söndü. Model yırğalandı, dumanlandı, bir an gözümüzə kölgə kimi göründü və sonra yoxa çıxdı. Masanın üstündə yalnız lampa vardı. Bir dəqiqə hamı donub-qaldı. Sonra Filbi “Lənət şeytana!” söylədi. Təəccübdən gözləri bərələn Psixoloq masanın altına baxdı. Zaman Səyyahı onun bu hərəkətini qəhqəhə ilə qarşıladı.
Biz matdım-matdım bir-birimizə baxdıq.
– Siz, həqiqətən də, ixtiranızın Zaman boyu səyahətə yollandığına inanırsınız? – Həkim dilləndi.
– Zərrə qədər də şübhə etmirəm, – o, əlindəki tənbəki çubuğundan bir qullab alıb Psixoloqa baxdı. – Üstəlik, onu da deyim ki, artıq böyük maşınım belə, de- mək olar ki, hazırdır… Bax orda. – Zaman Səyyahı barmağını laboratoriyasına tərəf uzatdı. – Tam hazır olan kimi sizi səyahətə dəvət edəcəm.
– Siz bu maşının gələcəyə yollandığını söyləyirsiniz? – Filbi soruşdu.
– Keçmişə, ya gələcəyə – dəqiq bilmirəm.
– Dayanın, – Psixoloq cuşa gəldi. – Əgər o, həqiqətən də, harasa yollanıbsa, bu, mütləq keçmiş olmalıdır.
– Niyə? – Zaman Səyyahı soruşdu.
– Ona görə ki əgər o, Fəzada hərəkət etməsəydi və gələcəyə yollansaydı, həmişə bizimlə qalardı: axı biz də ora səyahət edirik!
– Amma əgər o, keçmişə yollansaydı, – mən əlavə etdim, – biz onu ötən cümə axşamı burda olarkən, ya da ondan əvvəlki həftə görə bilərdik! Geriyə saydığım günlərin sayını istənilən qədər artırmaq olar!
– Maraqlı etirazdır! – Əyalət Meri qeyd etdi və qərəz dolu baxışlarını Zaman Səyyahına dikdi.
– Heç də yox, – Zaman Səyyahı dedi və bu dəfə Psixoloqa müraciət etdi: – Siz özünüz bunu rahat izah edə bilərsiniz.
– Əlbəttə, – Psixoloq bizə anlatmağa çalışdı. – Psixoloji nöqteyi-nəzərdən izah çox sadədir. Biz havada uçan güllə tək eynilə bu maşının hərəkətini də görə bilmərik. Əgər maşın gələcəyə doğru bizdən yüz dəfə sürətlə hərəkət edirsə, əgər biz saniyəni ötüb-keçə bildiyimiz vaxtda o, rahatlıqla dəqiqəni arxada qoya bilirsə, əlbəttə, maşını görmək qeyri-mümkündür. – O, əlini az əvvəl aparatın dayandığı yerə sürtdü. – Anlayırsınız?
– Bu gün baş verənlərə inanmaq istərdim, – Həkim cavab verdi, – amma gəlin sabahacan gözləyək. Necə deyərlər, axşamın xeyrindənsə səhərin şəri yaxşıdır.
– Zaman Maşınına baxmaq istəmirsiniz ki? – Zaman Səyyahı soruşdu.
Sonra o, lampanı götürüb bizi uzun dəhlizin sonunda yerləşən laboratoriyasına apardı. Lampanın sayrışan işığını, onun irəlidə görünən iri başını, divarlarda oynayan kölgələrimizi yaxşı xatırlayıram. Biz hələ də baş verənlərə şübhə ilə yanaşa-yanaşa laboratoriyadakı maşını diqqətlə seyr etdik. Onun bəzi hissələri nikeldən, digərləri fil sümüyündən və hətta dağ büllurundan düzəldilmişdi.
– Onun Zaman Maşını olduğuna heç inanmağım gəlmir, – Həkim söylədi. – Yoxsa ötən Milad bayramında bizə nümayiş etdirdiyiniz kabus kimi bu da növbəti fokusunuzdur?
– Bu maşınla, – əlindəki lampanı yuxarı qaldıran Zaman Səyyahı dedi, – Zamanı tədqiq etmək niyyətindəyəm. Anlayırsınız? Tam ciddi sözümdür.
Onun bu sözlərinə necə münasibət bəsləyəcəyimizi bilmirdik. Həkimin arxasından boylananda baxışlarım Filbinin nəzərləri ilə toqquşdu. O, çoxmənalı şəkildə mənə göz vurdu.
Zənnimcə, o vaxt bizlərdən heç biri Zaman Maşınına inanmamışdı. Zaman Səyyahı elə həddən artıq ağıllı adamlardan idi ki, ona kor-koranə inanmaq səfehlik olardı. Əgər həmin modeli bizə Filbi göstərsəydi və onun sayəsində Zamanda səyahət etməyin mümkün olduğunu söyləsəydi, biz eşitdiklərimizə daha çox etibar edərdik. Filbini hətta ən sadəlövh insan belə anlaya bilərdi. Amma Zaman Səyyahı çox qəribə idi və biz ona inanmaqda çətinlik çəkirdik. Ağlı başında olan adam Zaman Səyyahının zarafat xətrinə də olsa onu ələ salacağından çəkinirdi. Yəqin, elə bu səbəbdəndir ki, növbəti həftə heç birimiz Zamanda səyahət barədə bir kəl- mə belə kəsmədik, hərçənd hamımızı maraq bürümüşdü.
Növbəti cümə axşamı yenidən Riçmonda yollandım və qonaq otağında dörd-beş tanışımla rastlaşdım.
Həkim bir əlində kağız, digərində saat buxarının qarşısında dayanmışdı. Ətrafa boylandım: Zaman Səyyahı gözümə dəymədi.
– Səkkizin yarısıdır, – Həkim dilləndi. – Zənnimcə, masa arxasına əyləşmək vaxtıdır.
– Bəs ev sahibi haradadır? – mən soruşdum.
– Bax, əlimdə tutduğum bu kağızda o bizdən saat yeddidə masa arxasında əyləşməyi xahiş edir. Yazdığına görə, özü gecikə bilər. Burada deyilir ki, gələndə hər şeyi izah edəcək.
– Heç şam yeməyi ab-havasının pozulmasını istəməzdim, – məşhur bir qəzetin Redaktoru dilləndi.
Həkim zəngi çaldı.
Biz süfrə arxasına əyləşdik. Bu dəfə masa arxasında ötəndəfəki qonaqlardan yalnız Həkim, Psixoloq və mən oturmuşduq. Əvəzində yeni qonaqlar təşrif buyurmuşdu. Bunlar az əvvəl adını çəkdiyim Redaktor və o qədər də yaxından tanımadığım bir Jurnalist idi. Hamı şam edə-edə ev sahibinin indi harada olması barədə mülahizələr yürüdürdü. Mən zarafata salıb onun Zamana səyahət etdiyini söylədim. Redaktor məsələnin təfsilatına varmaq istədi və Psixoloq ötən həftə baş verənlər haqda uzun-uzadı söhbət etdi. Elə düz söhbətin ortasında otağın qapısı yavaşca aralandı və mən onu gördüm.
– Oh! – ucadan səsləndim. – Nəhayət ki! – Qapı taybatay açıldı və biz Zaman Səyyahının içəri girməsinin şahidi olduq.
– Aman Allah, sizə nə olub? – Həkimlə mən eyni vaxtda çığırdıq.
Masa arxasında oturanların hamısı qapıya tərəf çevrildi.
Zaman Səyyahının üst-başı toz içindəydi, saçları pırtlaşıq və çirkliydi. Bənizi də ağarmışdı, çənəsində dərin yara vardı, gözlərindən məyusluq və yorğunluq yağırdı. O, bir dəqiqə qapının ağzında dayandı, sonra axsaya-axsaya içəri keçdi. Biz hamımız sakitcə ona baxır və nə deyəcəyini gözləyirdik.
Zaman Səyyahı bir kəlmə kəsmədən ayaqlarını sürüyə-sürüyə masaya yaxınlaşdı və əli ilə şampan şüşəsinə işarə etdi. Redaktor ona şampan şərabı süzdü. Zaman Səyyahı qədəhi birbaşa başına çəkdi və sanki bir az yüngülləşdi. O, masa arxasında oturanlara ötəri nəzər saldı və üzündə həmişəki təbəssümü oynadı.
– Nə baş verib? – Həkim soruşdu.
– Narahat olmayın, – Səyyah dili topuq vura-vura söylədi. – Hər şey qaydasındadır. Gedim vanna qəbul edim, paltarımı da dəyişim. Sonra gəlib sizə başıma gələnləri danışaram… Yalnız mənə bir tikə qoyun əti saxlayın. Elə istəyirəm ki, dilimə ət yeməyi dəysin!
O, əlindəki qədəhi masaya qoyub qapıya tərəf yönəldi. Mən yenidən onun axsadığına və ayağını sürüdüyünə fikir verdim. Zaman Səyyahının ayağında cırıq- cırıq olmuş və qana bulaşmış corablardan savayı heç nə yox idi. Qapı örtüldü. Onun ardınca getmək istədim, lakin Zaman Səyyahının artıq təlaş xoşlamadığını xatırlayıb fikrimdən daşındım.
– Məşhur alim özünü qəribə aparır, – qəzet dilində danışmağı xoşlayan Redaktor dilləndi.
– Görəsən, nə baş verib? – Jurnalist soruşdu. – Olmaya, bu dəfə avara rolunu oynayır? Heç nə anlamadım.
Psixoloqla bir-birimizə baxdıq və onun nəzərlərindən anladım ki, o da mənimlə eyni şeyi düşünür. Mən Zaman içində səyahət və indi ayağını çəkən Səyyah haqqında düşündüm. Deyəsən, onun axsadığını məndən savayı sezən olmamışdı. Az əvvəl qarşılaşdığı mənzərənin təsirindən ilk özünə gələn Həkim oldu. O, zəng çaldı və xidmətçiyə növbəti xörəyi gətirməsini tapşırdı. Zaman Səyyahı yemək vaxtı qulluqçunun otaqda olmasını heç xoşlamırdı. Burnunun altında mızıldanan Redaktor çəngəl-bıçağa əl atdı. Beləcə, hamı təzədən yeməyə başladı. Marağını heç cür gizlədə bilməyən Redaktor dilləndi:
– Görəsən, dostumuz öz büdcəsini dilənçilik hesabına artırmır ki?
– Onun halının Zaman Maşını ilə bir əlaqəsi olduğuna əminəm, – mən az əvvəl Psixoloqun yarımçıq qalan söhbətini davam etdirə-etdirə ötən həftə gördüklərimizdən danışdım. Yeni qonaqların eşitdiklərinə şübhə ilə yanaşdıqları üzlərindən bəlli idi. Redaktor hətta etiraz etməyə başladı.
– Bu, cəfəngiyatdır!
Bu da azmış kimi, hətta ələ saldı:
– Məgər Gələcəkdə paltar şotkası yoxdur ki, üst-başı belə toz içindədir?
Jurnalist də eşitdiklərinə heç cür inanmaq istəmirdi. O da Redaktora qoşulmağa hazırlaşırdı ki, Zaman Səyyahı yenidən otağa qayıtdı. İndi onun əynində səliqəli kostyum vardı.
– Eşidirsiniz, – Redaktor şən səslə dedi, – bu zarafatcıllar sizin gələn həftənin ortasına səyahət etdiyinizi söyləyirlər!.. Sərgüzəştlərinizdən bir az bizə də danışmaq istəmirsiniz ki? Buna görə sizə nə qədər qonorar verək?
Zaman Səyyahı deyilənləri qulaqardına vurub masaya yaxınlaşdı.
– Hanı mənim qoyun ətim? – soruşdu. – Çəngəli yenidən qızardılmış ətə batırmaq necə böyük xoşbəxtlikdir!
– Mövzunu dəyişməyin! – Redaktor qışqırdı.
– Lənət şeytana! – Zaman Səyyahı ucadan səsləndi. – Acından ölürəm. Kəmərimin altını bərkitməmiş heç nə danışan deyiləm. Çox sağ olun. Zəhmət olmasa, duzu da verin.
– Yalnız bircə söz, – dedim. – Siz Zamanda səyahət etmisiniz?
– Hə, – Səyyah əti ləzzətlə çeynəyə-çeynəyə söylədi.
– Hər sətrə bir şillinq2 verməyə hazıram! – Redaktor dilləndi.
Zaman Səyyahı yenə əhvalını pozmayıb yeməyə davam etdi. Nahar mənə çox uzun gəldi. Sual verməkdən özümü güclə saxlayırdım. Jurnalist otağa çökən gərginliyi azaltmaq məqsədilə lətifə danışmağa cəhd etdi. Həkim gözlərini qıyıb elə hey Zaman Səyyahına baxırdı. O isə heç nə baş verməyibmiş kimi qarşısındakı yeməyi xüsusi iştahla yeyirdi. Səyyah, nəhayət, boşqabını bir kənara çəkib masa arxasında əyləşənləri növbə ilə süzdü.
– Hamınızdan üzr istəyirəm, – o dedi. – Acından ölürdüm. Başıma gələnlərsə çox maraqlıdır.
O, qutudan siqar götürüb ağzına yaxınlaşdırdı.
– Gəlin o biri otağa keçib yerimizi rahatlayaq. Hekayətimə çirkli boşqablarla dolu süfrə arxasında oturub uzun-uzadı qulaq asmaq ürəyinizcə olmayacaq.
Sonra o bizi siqaret çəkmək üçün nəzərdə tutulmuş qonşu otağa apardı.
– Bugünkü qonaqlara Maşın haqda nəsə söyləmisinizmi? – kresloya yayxanan Zaman Səyyahı üç yeni qonağa işarə ilə məndən soruşdu.
– Amma bu, inanılmazdır, – Redaktor özünü saxlaya bilmədi.
– Bu gün mübahisə etmək iqtidarında deyiləm. Yalnız danışa bilərəm. İstəyirsiniz, başıma gələnləri sizlərə nağıl edim. Amma bir xahişim var, sözümü kəsməyin. Bilirəm, söyləyəcəklərim sizə inandırıcı gəlməyəcək. Qoy olsun! Amma deyəcəklərimin hamısı əvvəlindən sonunadək həqiqətdir… Bu gün gündüz saat dörddə adəti üzrə öz laboratoriyamda idim və həmin andan etibarən… üç saata səkkiz gün yaşadım… Hələ heç bir insanın yaşamadığı səkkiz gün! Çox yorulmuşam, lakin başıma gələnləri danışmamış yatan deyiləm. Yalnız onda gözümə yuxu gedər. Bircə sözümü kəsməyin! Razısınız?
– Razıyam, – Redaktor söylədi.
Biz hamımız xorla təkrar etdik:
– Razıyıq!
Beləcə, Zaman Səyyahı son üç saatda yaşadıqlarını nağıl etməyə başladı.
О проекте
О подписке
Другие проекты