Читать книгу «Xudafərin körpüsü» онлайн полностью📖 — Фармана Керимзаде — MyBook.

Sonuncu gün

 
Çay axdı, ada saldı,
Coşdu sel, səda saldı.
Allah bizi unutdu,
Əzrayıl yada saldı.
 

– Bunları kim qoşub, Səkinə xala?

– Nə bilim, atam-anam. El-elat, çoban-çoluq. Dərd kimdə olar? Hərə öz dərdini deyib, axırda olub bayatı…

Sultanəli hücrəyə girdi. Kəsik-kəsik nəfəs alırdı. Rəngi ağarmışdı. Çox həyəcanlı idi. Divara söykənib İsmayılla Səkinənin söhbətini dinləyən anasına dedi:

– Gəlirlər.

– Kim gəlir? – Aləmşahbəyim təlaşla soruşdu.

– Qalaya çox böyük dəstə qalxdı. Yəqin, bizi aparmağa gəlirlər.

İsmayıl qalxıb qardaşından soruşdu:

– Hara? Evimizə?

Sultanəli onunla açıq danışmaq istədi. Odur ki qardaşının qarşısında çöməldi.

– Evimizə yox, mənim balaca qardaşım. Deyəsən, axırımız çatıb. Kişi kimi mərd mərdanə dayan, ölüm ayağında belə özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox, üzlərinə tüpürmək lazımdır.

Aləmşahbəyim quruyub qalmışdı. Dili söz tutar-tutmaz Səkinəyə dedi:

– Səkinə, mənim zümrüdqaşlı üzüyümü mücrüdən çıxar ver.

Sultanəli tərs-tərs anasına baxdı. Özünü saxlaya bilməyib dedi:

– Ölüm ayağında neynirsən bər-bəzəyi?

Aləmşahbəyim oğlunun sözünə fikir vermədi. Birdən Sultanəli anasının fikrini başa düşdü və daha heç nə demədi. Səkinə qorxu içində, titrəyə-titrəyə gedib mücrüdən zümrüdqaşlı üzüyü gətirdi. Aləmşahbəyim üzüyü barmağına keçirdi, sonra necə elədisə üzüyün qaşı qalxdı.

– Bunu nənəm Sara xatun bağışlayıb. Mənim üçün hər şeydən irəlidir. Səkinə, o birisiləri də gətir.

Lakin Səkinə yerindən tərpənmədi. Aləmşahbəyim bayaqkı sözlərini təkrarladı.

– Əlim gəlmir, atam-anam, – Səkinə dedi.

– Yerini de, özüm götürüm.

Bu zaman Səkinə gedib cürə sazı divardan götürdü.

Sonra isə sazın aşıqlarından11 birini çıxartdı. Aşığın içindən Səmərqənd kağızına bükülən kiçik həbləri götürdü. Bu həblərdən birini ağzına atmaq istəyəndə Aləmşahbəyim onun biləyindən tutub saxladı.

– Neynirsən?

– Bu günü görmək istəmirəm, atam-anam.

– Sənin günahın nədi, Səkinə, – Aləmşahbəyim belə deyib onu qucaqladı. – Əlbət mənim axırıncı xahişimi eşidəcəklər. Deyəcəyəm səni öz ellərinə göndərsinlər.

– Sizdən sonra bu dünyada yaşamaq istəmirəm, atam-anam.

İsmayıl mat-mat onlara baxır, nə baş verdiyini anlamağa çalışır, ancaq işin məğzini başa düşə bilmirdi. Axırda Sultanəlidən soruşdu:

– Nə olub?

Sultanəli onun qolundan tutub bir kənara çəkdi və dedi:

– İsmayıl, biz kişiyik, axıra qədər də özümüzü kişi kimi aparmalıyıq. Atamızın düşmənləri bizi aparmağa gəlib. Onlar, yəqin ki, bizi edam edəcəklər. Düşmənlərə boyun əyməməliyik. Son nəfəsimizdə belə üzlərinə tüpürməliyik. Atamız da belə kişi olub. – Sonra Sultanəli cibindən nəsə çıxarıb qardaşının ovcuna basdı. – Bu həbi qoy cibinə. Zəhərdi. Gördün ki, cəllad öz işini görməyə hazırlaşır, onda bu həbi udarsan.

Sultanəli sözünü bitirdikdən sonra üzünü döndərib arxasını çevirdi ki, kiçik qardaşı onun gözlərindəki yaşı görməsin.

Bayaqdan dinməyən İsmayıl, nəhayət ki, dilləndi:

– Sultanəli, atamız bu gələn adamlardan qorxurdu?

– Yox!

– Onda biz niyə qorxaq ki?

– Əhsən, qardaşım!

Aləmşahbəyim oğullarının söhbətini eşitmişdi, ona görə də özünü saxlaya bilmədi, qəşş eləyib yıxıldı. Səkinə qalxıb su gətirdi və onun sifətinə çilədi. Aləmşahbəyim gözlərini açanda başı üstündə Sultanəlini gördü.

– Sənə nə oldu, ana?

– Heç nə, oğlum, heç nə…

– Düşmənlərimiz bizi belə görsə, sevinər axı… Özünü ələ al!

Bu zaman qapının kilidi cingildədi. İçəridəkilərin gözləri qapıya dikilmişdi. Axır ki, qapı açıldı və içəri bir neçə nəfər daxil oldu. Ən öndəki ucaboy kişinin başında dilim-dilim qırmızı çalma vardı.

– Ana, qızılbaşlar! – deyə Sultanəli qışqırdı.

– Hüseyn Lələ?! – deyə Aləmşhabəyim də heyrət qarışıq sevinclə dilləndi.

Bəli, gələn Hüseyn Lələ idi. O, öncə Sultanəlini bağrına basdı. Lakin bu vaxt İsmayıl irəli yeriyib onu itələdi və qışqırdı:

– Burax qardaşımı, cəllad!

Hüseyn Lələ bəy dönüb təəccüblə İsmayıla baxdı. Sonra onu qucağına götürüb başı üstünə qaldırdı.

– İsmayıl, gözümün işığı, maşallah, necə də böyümüsən!

– Sən bizi öldürməyə aparırsan? – İsmayıl dedi.

Hüseyn Lələ onu özünə daha bərk sıxdı və gözlərinin yaşını gizlətməyə çalışdı. Sultanəli dedi:

– İsmayıl, Hüseyn Lələ atamızın dostu, bizim də lələmizdir12. O bizi xilas etməyə gəlib.

Hüseyn Lələ bəy İsmayılı yerə qoyub Aləmşahbəyimə ehtiramla baş əydi.

– Bacı, bu günə çox şükür!

Aləmşahbəyim yaşmaq çəkdi, başını aşağı əydi və soruşdu:

– Bizi bir hali elə görək axırımız necə olacaq?

– Hər şey yaxşıdı. Qızılbaşlar Rüstəm Mirzəni13 taxta çıxartdılar. O da fərman verib sizi azad elədi. İndi gəlmişik sizi Təbrizə aparaq.

– Təbrizə niyə? Ərdəbilə getsək başımız daha salamat olar.

– Rüstəm Mirzə uşaqları Təbrizdə təntənə ilə qarşılamaq istəyir. Oradan da Ərdəbilə yola düşəcəyik.

– Əmim oğlu Rüstəm qardaşımdan da zalımdı. Birdən bizə oyun oynayar.

– Heç nə olmaz. Onun bütün ixtiyarı qızılbaşların əlindədir. Qızılbaşlar isə imkan verməz ki, sizin başınızdan bir tük əskik olsun.

Təbrizdə

Şeyx Heydərin övladlarını böyük mürid dəstəsi əhatə eləmişdi. Dəstəyə isə Hüseyn Lələ bəy rəhbərlik edirdi.

Sultanəli ata minmiş, başına qızılbaş çalması qoymuşdu. Bu çalmanı neçə illərdir Hüseyn Lələ bəy özündə saxlayırdı. Dostu Heydərin çalması idi. İndiyədək də dostunun oğlu üçün qoruyub saxlamışdı. İsmayıl isə Hüseyn Lələ bəyin atının tərkində oturmuşdu. Xeyli getdikdən sonra dayanıb düşərgə salanda İsmayıl qaçmaq, dağlara dırmaşmaq, ağaclara çıxmaq, düzənlərdə yüyürmək istədi. Lələ isə oğlanı bir an belə gözündən qoymadı. O bilirdi ki, uşaqlığını zindanda, dörd divar arasında keçirən İsmayıl indi azadlığı dadmaq istəyir. Odur ki oğlana mane olmaq istəmir, bununla belə, başına nəsə gələcəyindən qorxurdu.

Növbəti düşərgədə isə Sultanəli gözlənilmədən Hüseyn Lələ bəyə dedi:

– Lələ, mən Rüstəm Mirzə ilə görüşmək istəmirəm.

– Niyə?

– Səbəbini özün bilirsən. Mən babam Həsən padşahdan başqa heç bir Ağqoyunlu hökmdarına hörmət eləmirəm. Onlar hamısı mənim qan qohumum olmaqla bərabər, həm də qan düşmənlərimdir.

Lələ əlini onun çiyninə qoydu.

– Sən ağıllı oğlansan. Atandan sonra Səfəviyyə təriqətinin başçısısan. Ona görə də unutma: bu gündən düşmənlə də dost kimi danışmağı bacarmalısan.

– Axı mən hələ təriqət başçısı olmağa hazır deyiləm.

– Sən Ərdəbilə qayıdandan sonra müridlər hər yerdən axışıb gələcək. İndi Təbrizə də qohum kimi yox, təriqət başçısı kimi gedirsən. Orada öz şərtlərini irəli sürərsən.

– Hansı şərtləri?

– Ən əsas şərt odur ki sən Ərdəbilin Ağqoyunlu paytaxtından asılılığına son qoymalısan.

– Rüstəm Mirzə bu şərtimlə razılaşacaqmı?

– Razılaşacaq. Müqaviləni imzalamışıq.

– Deməli, Ərdəbil Ağqoyunludan ayrılacaq? – deyə Sultanəli təəccüblə soruşdu.

– Bəli. Ölkə qan içindədir. Gündə minlərlə günah işlənir. Təriqətimiz özünün pak, təmiz başçısını və paytaxtını əldə eləməsə, yenə də Ağqoyunlulardan asılı qalsa, onda heç nəyə nail ola bilməyəcəyik.

– Lələ, sən atamızın dostusan. Ən çətin gündə köməyimizə gəlmisən. Sənin hər sözün bizim üçün qanundur. Necə deyirsən, qoy elə də olsun.

***

Yolçular Təbrizin gündoğan qapısına çatanda bütün şəhər əhli pişvaza çıxmışdı. Yolların kənarı, qala divarlarının üstü adamla dolu idi.

İsmayıl təəccüblə soruşdu.

– Lələ, bu qədər adam olar?

– Olurmuş, qardaşoğlu…

– Lələ, o adamlar niyə elə sallanıblar? Şəbeh çıxardırlar?

Qala qapısından bir neçə cəsəd asılmışdı və havada yellənirdi.

– Onlar yox, onları bu günə salanlar şəbeh çıxardır.

Hüseyn Lələ bəy bu cavabı verdikdən sonra ürəyində dedi: «Bu, Əbih Sultanın işidir. Kimdən xoşu gəlmirsə bir bəhanə tapıb asdırır. Cəsədləri də bilərəkdən götürməyib. Şeyx Heydər övladlarını belə qarşılayarlar? Yəqin, bizi qorxutmaq istəyir, indidən bizə buynuz göstərir. Nə olar, biz də neyləyəcəyimizi bilirik».

İsmayıl isə sualı sual dalınca yağdırırdı. Lələ bir yandan sualları cavablandırıb, o biri yandan da diqqət edirdi ki, nə Rüstəm Mirzə, nə də Əbih Sultan qonaqları qarşılamağa çıxmayıb. Ağlına pis fikirlər gəldi. Ona görə də qərarını dəyişdi. Yanındakılara səsləndi:

– Dayanın!

Lələnin əmrindən sonra hamısı dayandı.

– Digər darvazaya doğru dönün!

Bundan sonra yolçular yollarını dəyişdilər. Bürclər, divarlar İsmayıla Təbrizi görməyə mane olurdu.

– Lələ, Təbrizə niyə girmirik? – O soruşdu.

– İsmayıl, səni padşah qarşılamalıdır. Görünür, o bizi digər qapıda gözləyir.

Şəhərin digər darvazası qarşısında adam daha çox idi. Ancaq buradan da cəsədlər asılmışdı. Üstəlik, Hüseyn Lələ bəy həmin darvaza önündə də onları qarşılamağa saraydan kimsənin gəlmədiyini gördü və pərt oldu.

– Burada təpənin üstündə çadır qurun. Qalan müridlər silahlarına qurşanıb təpəni dövrəyə alsın. Şeyx Heydərin uşaqları Rüstəm Mirzənin ayağına getməyəcək. Rüstəm Mirzə onların ayağına gələcək!

Beləliklə, təpənin üstündə ağ çadır quruldu. Aləmşahbəyimlə Səkinə çadıra keçib oturdular. Sultanəli ilə qardaşları İbrahim və İsmayıl isə lələnin yanında dayanıb Təbrizə baxırdılar. Buradan baxanda şəhərin içərisində uca minarəli məscid görünürdü. Onun kaşıları firuzə rəngində idi və bir neçə yerdə, sanki bir güzgü kimi günəş işığını əks eləyirdi.

– Lələ, o hansı məsciddir? – deyə İsmayıl soruşdu.

– Təbrizin ən böyük məscidi olan Nəsriyyə məscididir. Baban rəhmətlik Həsən padşah tikdirib. Yanındakı da ölkənin ən böyük mədrəsəsidir.

– Bəs o göy bina nədir?

– O da «Səkkiz behişt» sarayıdır. Sultan Yaqub tikdirib.

– Lənətulla, – deyə mərhum dayısının adını eşidən İsmayıl acıqla dilləndi. Lələ ona baxıb gülümsündü. İbrahim də gülümsədi, ancaq dili söz tutmadı.

– Təbriz çox böyükdü, Lələ?

– Çox böyükdü. Karvan yollarının hamısı buradan keçir. Bir yol buradan gedir Diyarbəkirə, oradan Mardinə, Mardindən Qeysəriyyəyə, Qeysəriyyədən Ankaraya, oradan da Bursaya… Başqa bir yol ilə Ərzurum, Ərzincan, Toqat, Amasiya və Ankaradan keçməklə yenə Bursaya gedib çıxırsan14. Buradan oraya, oradan da buraya tacirlər gedib-gəlirlər. Venesiyadan, Neapoldan, dünyanın bir çox başqa şəhərlərindən də tacirlər öz mallarını gətirib Təbrizdə satırlar. Bir yol da gündoğana – Hindistana və Çinə gedir. Düzdür, indi oralara gediş-gəliş azalıb, ancaq Təbrizdə toxunan parçalar, zərbaftalar15 hələ də dünyanın hər yerinə daşınır. Azərbaycan ipəyinin heç yerdə misli yoxdur.

Bir qədər sonra Hüseyn Lələ bəyin göndərdiyi atlı «Səkkiz behişt» sarayına xəbər apardı ki, Şeyx Heydərin külfəti Təbriz yaxınlığında düşərgə salıb.

Rüstəm Mirzə bir hökmdar olaraq onların ayağına getməyi şəninə sığışdırmırdı. Lakin Əbih Sultan onu fikrindən döndərdi. Dedi: «Hökmdar sağ olsun, sən taxta təzə oturmusan. Hamının gözü səndədir. Camaat Şeyx Heydərin xatirəsini əziz tutur, övladlarının xətrini də ən azı atası qədər çox istəyirlər. Sən Şeyxin külfətinə məhəbbət və ehtiramını bildirsən, bu camaata xoş gələr, hörmətini artırar».