Читать книгу «Əlvida silah» онлайн полностью📖 — Эрнеста Хемингуэя — MyBook.
image

BEŞİNCİ FƏSİL

Ertəsi gün mən yenə miss Barklinin yanına getdim. O bağda deyildi, buna görə də mən villanın yan qapısına tərəf döndüm, sanitar maşınları da ora gəlirdi. İçəri girib hospitalın baş şəfqət bacısını gördüm, o mənə dedi, Barkli növbətçidir.

– Bilirsizmi, müharibədir.

Dedim ki, bilirəm.

– Siz italyan ordusunda qulluq edən həmin amerikalısız? – soruşdu.

– Bəli, mem.

– Axı, bu necə olub? Niyə bəs bizə gəlmədiz?

– Özüm də bilmirəm. – dedim. – Bəs indi sizin yanınıza keç-mək olar?

– Qorxuram ki, indi mümkün olmasın. Deyin, niyə italyan ordusuna getmisiz?

– Mən İtaliyada yaşamışam, – dedim, – özü də italyanca danışıram.

– O! – qız dedi. – Mən italyancanı öyrənirəm. Çox gözəl dildir.

– Deyirlər ki, onu iki həftəyə öyrənmək olar.

– Xeyr, mən iki həftəyə öyrənə bilmərəm. Mən artıq neçə aydır ki, məşğul oluram. Əgər onu görmək istəyirsizsə, saat yeddidən sonra gələ bilərsiz. O vaxta qədər növbədən çıxar. Ancaq rast gəldiyiniz hər italyanı özünüzlə gətirməyin.

– Dillərinin gözəl olmasına baxmayaraq?

– Bəli. Hətta gözəl mundirlərinə də baxmadan.

– Xudahafiz, – dedim.

– A rivederci, tenente10.

– A rivederla, – hərbi salam verib çıxdım. İtaliyada əcnəbi-lərə hərbi salam verildiyi kimi salam verərkən özünü itirməmək mümkün deyil. Görünür, italyan adətilə salam vermək eksport üçün nəzərdə tutulmayıb.

İsti bir gün idi. Səhər mən çayın yuxarılarına, Plava tərəfdəki körpüqabağı istehkamlara getmişdim. Oradan hücum başlamalı idi. Keçən il o sahil ilə hərəkət etmək mümkün deyildi, çünki dağ keçidindən ponton körpüsünə gedən yeganə yol, demək olar, bir mil məsafədə pulemyot və top atəşi altına düşürdü. Bundan başqa, bu yol hücumdan ötrü lazım olan bütün nəqliyyatın hərəkəti üçün kifayət qədər geniş deyildi və buna görə də avstriyalılar orada əsl qırğın törədə bilərdilər. Lakin italyanlar çayı keçib, sahil boyu hər iki tərəfə doğru irəliləmişdilər, indi də çayın Avstriya sahilində bir mil yarım sahəni əllərində saxlayırdılar. Bu, onlara təhlükə doğuracaq üstünlük verirdi, odur ki, avstriyalılar onlara orada möhkəmlənməyə imkan verməməliydilər. Mən elə güman edirəm ki, bu məsələdə hər iki tərəfin dözümlülüyü özünü büruzə verirdi, çünki çayın aşağılarındakı o biri körpüqabağı istehkam, hələ də avstriyalıların əlində idi. Avstriyalıların səngərləri aşağıda, dağın yamacında, italyanların mövqelərindən cəmi bir neçə yard aralıdaydı. Əv-vəllər sahildə şəhərcik var idi, lakin onun tozunu göyə sovur-muşdular. Bir az o tərəfdə dəmir yolu stansiyasının xarabalıq-ları və dağıdılmış körpü vardı ki, onu düzəldib istifadə etmək mümkün deyildi, çünki o hər tərəfdən görünürdü.

Mən ensiz yol ilə aşağı, çaya tərəf getdim, maşını təpənin altındakı sarğı məntəqəsində qoyub, qarşısını dağın kəsdiyi ponton körpüsünü keçdim və dağılmış şəhərciyin yerindəki və yamacın ətəyindəki səngərləri dövrə vurdum. Hamı blindaj-larda idi. Mən üst-üstə qalanıb hazırlanmış fişəngləri gördüm, bunlardan artilleriyanı kömək üçün atəş açmağa səsləməkdən və rabitə qırılarkən siqnaldan ötrü istifadə edirdilər. Ətraf sakit, isti və palçıq idi. Mən məftil maneələrin ardında avstriyalıların mövqelərinə baxdım. Heç kəs görünmürdü. Mən blindajlardan birində tanış kapitanla birlikdə bir az içdim və körpü ilə geri döndüm.

Dağdan aşaraq ziqzaq ilə körpüyə enən yeni geniş yol çəkilib qurtarmaqda idi. Bu yol çəkilib qurtaran kimi hücum başlan-malı idi. Yol sərt dönərək meşədən keçirdi. Plan belə idi. Hər şeyi yeni yol ilə gətirməli, boş yük maşınları və arabalar, yaralıları daşıyan sanitar maşınları və geriyə dönən bütün nəqliyyat isə köhnə ensiz yol ilə hərəkət etməli idi. Sarğı məntəqəsi Avstriya sahilindəki təpənin altında idi və yaralılar ponton körpüsü vasitəsilə xərəklə daşınmalıydı. Bu qaydanı hücum başlanandan sonra da saxlamaq nəzərdə tutulmuşdu. Mənə elə gəlirdi ki, enişin qurtardığı yerdə yeni yolun bir mildən bir az artıq məsafəsi avstriyalıların top atəşi altına düşməli idi. İş pis ola bilərdi. Lakin mən elə bir yer tapdım ki, axırıncı təhlükəli məsafəni vurub keçəndən sonra və yaralıları ponton körpüdən keçirib gətirənə kimi maşınları orada gizlət-mək mümkün olsun. Mən maşınla yeni yoldan getmək istəyir-dim, amma yol hələ hazır deyildi. Yol geniş idi, hər işə yaxşı yarayırdı, yolun döngələri dağın meşəli yamacındakı qabağı açıq olan yerlərdə çox mənzərəli görünürdü. Güclü tormozları olan maşınlar üçün eniş çətin olmayacaq, hər halda bu maşınlar aşağı boş gedəcəkdi. Mən ensiz yol ilə geriyə döndüm.

Karabiner maşını saxladı, irəlidə, yolda mərmi partladı, biz orada dayandığımız zaman daha üç mərmi partladı. Bunlar 77 millimetrlik mərmilər idi, mərmilər havada olarkən bunların vıyıltısı, sonra bərk, qısa partlayış eşidildi, alov göründü və boz tüstü yolu bürüdü. Karabinerlər bizə işarə verdilər ki, yolumuza davam edək. Maşın partlayış olan yerlərə yaxınlaşarkən kiçik çuxurların yanından dolanıb gilin, daşın və təzəcə parçalanmış çaxmaqdaşının iyini duydum. Mən Qorisiyaya, villamıza qayıtdım və dediyim kimi, hələ növbədə olan miss Barklinin yanına getdim.

Günorta yeməyini çox tez yedim və o saat da yenidən ingilis hospitalının yerləşdiyi villaya getdim. Villa çox böyük və qə-şəng idi və evin qarşısında gözəl ağaclar ucalırdı. Miss Barkli bağdakı skamyada oturmuşdu. Miss Ferqyuson da onunla idi. Elə bil gəlişimdən sevindilər, bir az sonra miss Ferqyuson üzr istəyib qalxdı.

– Sizi ikilikdə qoyuram. – dedi. – Siz mənsiz çox yaxşı keçi-nirsiz.

Miss Barkli:

– Ellen, getməyin, – dedi.

– Yox, mən gedirəm. Mən məktub yazmalıyam.

– Gecəniz xeyrə qalsın, – dedim.

– Gecəniz xeyrə qalsın, mister Henri.

– Elə şey yazmayın ki, senzor təftiş eləsin.

– Narahat olmayın. Mən ancaq necə gözəl yerdə yaşadığı-mızdan və bütün italyanların necə igid olduqlarından yazıram.

– Bu qaydada davam edin, onda orden alarsız.

– Çox şad olaram. Gecəniz xeyrə qalsın, Ketrin.

Miss Barkli:

– Bir azdan sizə baş çəkəcəyəm, – dedi. Miss Ferqyuson qaranlıqda gözdən itdi.

– Yaxşı qızdır, – dedim.

– Əlbəttə. Çox yaxşı qızdır. O, şəfqət bacısıdır.

– Bəs siz şəfqət bacısı deyilsiz?

– Ah, yox. Mən VAD11 deyilən dəstədənəm. Biz yaman çox işləyirik, amma bizə etibar etmirlər.

– Bəs niyə?

– İş olmayanda etibar etmirlər. İş çox olanda etibar edirlər.

– Bəs fərq nədədir?

Şəfqət bacısı bir növ doktordur. Çox oxumaq lazımdır. VAD-lar isə ancaq qısa müddətli kursları bitirirlər.

– Başa düşürəm.

– İtalyanlar qadınları cəbhə xəttinə bu qədər yaxın buraxmaq istəmirdilər. Odur ki, bizim burada xususi rejimimiz var. Biz heç yerə çıxmırıq.

– Bəs mən bura gələ bilərəm?

– Əlbəttə. Bura monastır deyil.

– Gəlin müharibəni unudaq.

– Bu o qədər də asan deyil. Belə yerdə müharibəni unutmaq çətindir. Hər halda unudaq.

– Yaxşı.

Biz qaranlıqda bir-birimizə baxdıq. O mənə çox gözəl görün-dü və mən onun əlini tutdum. Qız əlini çəkmədi, mən ona tərəf əyildim və belini qucaqladım.

– Lazım deyil, – dedi. Mən onu buraxmadım.

– Nə üçün?

– Lazım deyil.

– Lazımdır, – dedim. – Belə yaxşıdır.

Mən qaranlıqda əyildim ki, onu öpüm, ancaq nə isə ani ola-raq məni yandırdı. O, üzümə bərk bir şillə vurdu. Şillə gözləri-min və burnumun üstünə dəydi, gözlərim yaşardı.

– Bağışlayın məni, – qız dedi.

Mən öz tərəfimdə bir qədər üstünlük duydum.

– Siz düzgün hərəkət etdiz.

– Yox, siz məni bağışlayın, – o dedi. – Düzgün hərəkət etmə-dim, – şəfqət bacısı zabitlə, özü də istirahət günü axşamı. Mən sizi incitmək istəmirdim. Ağrıyır?

O, qaranlıqda mənə baxırdı. Mən acıqlı idim və eyni zaman-da şahmat oyununda olduğu kimi, hər şeyi qabaqcadan görərək özümdə inam hiss edirdim.

– Siz tamamilə düzgün hərəkət etdiz, – dedim. – Mən bir tikə də acıqlanmıram.

– Zavallı!

– Bilirsizmi, mən çox mənasız həyat sürürəm. Hətta ingiliscə danışmağıma da ehtiyac qalmır. Bir də siz çox gözəlsiniz.

Mən ona baxırdım.

– Bütün bunları mənə niyə deyirsiz? Mən ki, sizdən üzr istədim. Biz artıq barışmışıq.

– Elədir, – dedim. – Bir də daha müharibədən danışmırıq.

O güldü. Onun necə güldüyünü birinci dəfə görürdüm.

Mən gözümü onun gözünə dikmişdim.

– Siz yaxşı oğlansız, – qız dedi.

– Heç də yox.

– Hə, siz mehribansız. İstəyirsiz, mən özüm sizi öpüm?

Mən onun gözlərinin içinə baxdım, yenə belini qucaqlayıb onu öpdüm. Mən onu bərk-bərk öpdüm və özümə möhkəm sıxaraq dodaqlarını aralamağa çalışdım; dodaqları bərk yumul-muşdu. Mən hələ də acıqlı idim, buna görə də onu özümə sıxanda birdən diksindi, mən onu bərk-bərk sıxırdım və ürəyi-nin necə döyündüyünü hiss edirdim, bu vaxt onun dodaqları aralandı və başı qolumun üstünə düşdü, başa düşdüm ki, başını çiynimə qoyub ağlayır.

– Əzizim! – dedi. – Siz mənimlə həmişə yaxşı dolanacaqsız, eləmi?

«Lənət şeytana», – fikirləşdim. Mən onun saçlarını oxşadım və əlimi kürəyinə döydüm. O ağlayırdı.

– Doğrudan, yaxşı dolanacaqsız? – Qız gözlərini mənə zillə-di. – Çünki bizim həyatımız çox qəribə olacaq.

Bir az sonra mən onu villanın qapısına qədər ötürdüm, o içəri girdi, mən isə evə yollandım. Evə qayıdıb öz otağıma qalxdım. Rinaldi yatağında uzanmışdı. O mənə baxdı.

– Deməli, miss Barkli ilə işləriniz düzəlir?

– Mən onunla dostam.

– İndi siz ovdakı köpəyə oxşayırsız.

– Mən başa düşmədim. Nəyə?

O, başa saldı.

– Siz özünüz köpəyə oxşayırsız… – dedim.

– Bəsdir, – dedi. – Bir az da keçsə, biz bir birimizə pis şeylər deyərik. – O güldü.

– Gecəniz xeyrə qalsın, – dedim.

– Gecəniz xeyrə qalsın, kefcil oğlan.

Mən balışla onun şamını vurub yıxdım və qaranlıqda yerimə uzandım. Rinaldi şamı qaldırıb yandırdı və mütaliəsinə davam etdi.

ALTINCI FƏSİL

İki gün mən postlara baş çəkdim. Evə qayıdanda artıq çox gec idi və miss Barkli ilə ancaq o biri gün axşam görüşə bildim. O, bağda deyildi, buna görə də o, aşağı düşənəcən, mən hospitalın dəftərxanasında gözləməli oldum. Dəftərxananın yerləşdiyi otağın divarları önündəki rənglənmiş taxta postamentlərin üstündə çoxlu mərmər büstlər qoyulmuşdu. Dəftərxananın qarşısındakı vestibüldə də belə büstlər var idi. Mərmər heykəllər öz ümumi xüsusiyyətlərinə görə elə bil eyni sifətdən götürülmüşdü. Heykəllər həmişə məni kədərləndirir; tunc heykəl olsa yenə dərd yarıdır, amma mərmər büstlər mütləq mənə qəbiristanlığı xatırladır. Yeri gəlmişkən deyim ki, Pizada gözəl bir qəbiristanlıq var. Ən çox pis mərmər büstlər Genuyadadır. Bu villa əvvəllər varlı bir almana məxsus imiş və görünür bu büstlər ona çox ucuz başa gəlməyib. Maraqlıdır, görəsən bu əsərlər kimindir və bunlara nə qədər pul verilib. Mən bunların ata-babalara və ya başqalarına aid olduğunu müəyyən etməyə çalışdım; lakin onların hamısının yeknəsək – klassik görkəmi var idi. Onlara baxarkən bir şey anlamaq mümkün deyildi.