Читать книгу «Fiesta» онлайн полностью📖 — Эрнеста Хемингуэя — MyBook.

3

İsti bir yaz gecəsi mən, Robertonun gedişindən sonra Napolitendəki masaların birində əyləşib havanın qaralmasına, küçə lampalarının yavaş-yavaş yanmasına, işıqforun qırmızı, yaşıl işıqlarına, şütüyən insanlara, taksi tıxacının kənarı ilə atılıb-düşən faytonlara, özünə axşam yeməyi axtaran tək, ya cüt gəzişən fahişələrə tamaşa edirdim. Mən masamın yanından keçən gözəl bir qıza baxır, küçənin sonunda gözdən itənə qədər gözümü ondan çəkmir sonra, başqasına baxırdım ki, birinci qızın geri qayıtdığını gördüm. O, mənim yanımdan təkrar keçəndə baxışlarımız toqquşdu və o, masama yaxınlaşıb əyləşdi. Ofisiant dərhal bizə yaxınlaşdı.

– Nə içəcəksən?– soruşdum.

– Perno1.

– Bu, balaca qızlar üçün məsləhət deyil.

– Balaca qız özünsən. Ofisiant, bir qədəh perno.

– Mənə də perno, zəhmət olmasa.

– Nə olub? – o soruşdu. Əylənmək istəyirsən?

– Hə, bəs sən ?

– Yəqin ki. Bu şəhərdə hər şey mümkündür.

– Deyəsən Parisi sevmirsən?

– Yox.

– Bəs niyə başqa yerə getmirsən?

– Getməyə başqa yerim yoxdur.

– Demək onda burada xoşbəxtsən.

– Olmayan kimi!

Perno absinteyə bənzəyən yaşımtıl içkidir. Su əlavə edəndə süd rəngi olur. Biyan dadan bu içki, əvvəldə kefini yaxşı qaldırsa da, sonrası pis olur. Biz oturduq bir az içdik, ancaq qız yaman qaşqabaqlı görünürdü.

– Yaxşı, – mən dedim, – məni yeməyə qonaq etməyəcəksən?

O, irişdi və bu zaman onun niyə gülməkdən qaçdığı mənə aydın oldu. Çünki ağzı bağlı daha gözəl gorunürdü. Mən hesabı ödədim və biz küçəyə çıxdıq. Mən fayton saxladım və sürücü səkiyə çıxıb saxladı. Biz arxada əyləşəndən sonra, yüyənə xəfif toxunuşla vitrinləri işıqlı, qapıları bağlı mağazaların önündən, geniş, işıqlı və boş prospektdən keçib, Opera prospektinə tərəf yola düşdük. Fayton pəncərəsi saatlarla dolu olan "Nyu-York Xəbərçisi" bürosunun yanından keçdi.

– Bu saatlar nə üçündür? – o soruşdu.

– Onlar bütün Amerikanın vaxtını göstərir.

– Mənə kələk gəlmə.

Biz Rivoli küçəsinin tıxacından, Tyulirin qaranlıq darvazasından keçərək Piramida küçəsinə doğru davam etdik. O, mənə tərəf sıxıldı, mən isə qolumu ona sarıdım. O, öpüşmək istədiyi gözlərindən oxunurdu. Bir əliylə mənə toxunsa da, onun əlini geri götürdüm.

– Lazım deyil.

– Sənə nə olub? Xəstəsən?

– Hə.

– Ona qalsa, hamı xəstədir. Elə mən də xəstəyəm.

Biz Tüleri bağından keçib, işığa çıxdıq, Sena çayını keçib, Sen-Pères (Müqəddəs Atalar-tərcüməçidən) küçəsinə tərəf burulduq.

– Gərək xəstə-xəstə perno içməzdin.

– Elə sən də.

– Mənim üçün fərqi yoxdur. Bunun qadınlara heç bir təsiri yoxdur.

– Adın nədir?

– Corcet. Bəs sənin?

– Ceykob.

– Bu, flamand adıdır.

– Həm də amerikan.

– Yəqin, flamand deyilsən?

– Yox, amerikalıyam.

– Lap yaxşı, flamandları görməyə gözüm yoxdur.

Biz artıq restorana çatmışdıq. Faytonu saxlaması üçün sürücünü səslədim. Biz aşağı düşdük, ancaq bura Corcetin ürəyincə deyildi.

– Elə də gözəl restoran deyil.

– Yox, – mən dedim.

– Bəlkə Foyota gedək? Gəl, faytonu saxlayıb yolumuza davam edək.

Onu ona görə özümlə gətirmişdim ki, qəlbimin dərinliyində kiminləsə qarşılıqlı yemək yeməyin daha yaxşı olacağına ümid edirdim. Axırıncı dəfə nə vaxt fahişə ilə yemək yediyim xatırlamadığımdan, bunun necə darıxdırıcı olduğu da yadımdan çıxmışdı. Biz restorana girib, qəbul masasında oturan xanım Lavinin yanından keçib, balaca bir otağa daxil olduq. Corcetin kefi bir az düzəlmişdi.

– Bura o qədər də pis deyil, – o dedi. Çox dəbdəbəli olmasa da, yeməkləri dadlıdır.

– Lejedə yediklərindən daha yaxşıdır.

– Yəqin, Brüssel demək istədin.

Biz bir şüşə də şərab içdik və Corcet mənimlə zarafatlaşmağa başladı. O, artıq çəkinmədən gülümsəyərək bütün pis dişlərini göstərir və biz qədəhləri toqquşdururduq.

– Pis oğlana oxşamırsan, – o dedi. Amma heyif ki, xəstəsən. Yoxsa, yaxşı yola gedərdik. Bəlkə deyəsən sənə nə olub ?

– Müharibədə yaralanmışam, – mən dedim.

– Ah, bu amansız müharibə!

Yəqin ki, biz müharibə mövzusunu davam etdirib onun sivilizasiya üçün bir faciə olduğu ilə razılaşıb ondan yaxa qurtarmaq haqqında uzun-uzadı danışacaqdıq. Artıq sıxılmağa başlamışdım. Elə bu vaxt başqa otaqdan kimsə məni çağırdi:

– Barns! Ey, Barns! Ceykob Barns!

– Dostum məni çağırır, – dedim və çıxdım.

Bredoks öz dəstəsini böyük masa ətrafına toplamışdı: Kon, Frensiz Klayn, xanım Bredoks və tanımadığım bir neçə adamlar.

– Bizimlə rəqsə getmək istəyirsən? – Bradoks soruşdu.

– Hara?

– Əlbəttə ki, rəqs zalına. Yoxsa, bizim yenidən rəqsə qayıtmağımızdan xəbərsizsən? – xanım Bredoks müdaxilə etdi.

– Sən gəlməlisən, Ceyk. Hamımız gedirik, – Frensiz masanın sonundan dilləndi. O, gülümsədi.

– Əlbəttə, o gəlir, – Bredoks dedi. Gəl, bizimlə kofeyə qonaq ol, Barns.

– Yaxşı.

– Rəfiqəni də gətir, xanım Bredoks gülə-gülə dedi. Kanadalı bu qadın, onlara xas bütün nəzakət qaydalarına əməl edirdi.

– Çox sağolun, indi gəlirik, – mən dedim və balaca otağa geri qayıtdım.

– Sənin dostların kimdir? – Corcet soruşdu.

– Yazıçılar və rəssamlar.

– Çayın bu tərəfində onlardan yaman çoxdur.

– Həm də lap çox.

– Razıyam. Amma, hələ də aralarında pul qazananlar var.

– Hə, elədir.

Biz yeməyi və şərabımızı bitirdik.

– Gəl gedək, – mən dedim. Gedək, kofeni də onlarla içək.

Corcet çantasını açıb, kiçik güzgüsünə baxa-baxa üz-gözünə əl gəzdirdi, dodaq boyasını təzələdi və şlyapasını düzəltdi.

– Yaxşı, sən deyən olsun, – o dedi.

Biz Bredoks, onun yoldaşları və çoxlu adamlarla dolu olan otağa daxil olduq.

– İcazə verin, nişanlım Madmazel Corcet Leblankı sizə təqdim edim, – mən dedim. Corcet o gözəl gülüşü ilə gülümsədi və biz hamı ilə əl sıxıb tanış olduq.

– Sizin müğənni Corcet Leblankla qohumluğunuz var? – xanım Bredoks soruşdu.

– Heç tanımıram, – Corcet cavab verdi.

– Amma, adlarınız eynidir, – xanım Bredoks mehribanlıqla təkid edirdi.

– Yox, – Corcet dedi. Elə deyil. Mənim soyadım Hobindir.

– Ancaq cənab Barns sizi Madmazel Corcet Leblank kimi təqdim etdi. Öz qulaqlarımla eşitdim, – fransızca danışmağın həyəcanından düşünməyə macal tapmayan xanım Bredoks dediyindən dönmək istəmirdi.

– O, axmaqdır, – Corcet dedi.

– Ah, demək, bu, bir zarafatdır, – xanım Bredoks dedi.

– Əlbəttə, – Corcet dedi. Gülmək üçün söylədim.

– Eşidirsən, Henri? – xanım Bredoks stolun aşağısına tərəf səsləndi.

– Cənab Barns öz nişanlısını Madmazel Leblank kimi təqdim etsə də, əslində onun soyadı Hobindir.

– Əlbəttə, əzizim, Madmazel Hobin, mən onu çoxdan tanıyıram.

– Oh, Madmazel Hobin, Frensiz Klayn xanım Bredoksun lovğa və həyəcanlı fransızcasından fərqli olaraq, öz səlist və təbii fransız ləhcəsi ilə dilləndi.

– Siz çoxdandır Parisdəsiniz? Bura xoşunuza gəlir? Parisi sevirsiniz ya yox?

– Bu kimdir? – Corcet məndən soruşdu. Onunla mütləq danışmalıyam?

O əyləşib əlini əlinin üstünə qoymuş, başını dik tutub dodaqlarını danışmaq üçün büzmüş Frensizə tərəf çevrildi.

– Yox, mən Parisi sevmirəm. Bura baha və çirkli şəhərdir.

– Doğrudan? Ancaq mən buranı həddindən ziyadə təmiz hesab edirəm. Hətta, deyərdim ki, Avropanın ən təmiz şəhərlərindən biridir.

– Fikirlər müxtəlifdir.

– Çox qəribədir! Ola bilsin, bu şəhərdə yenisiniz.

– Mən kifayət qədər uzun müddətdir ki, buradayam.

– Ancaq razılaşmaq lazımdır ki, burada çoxlu yaxşı insanlar var.

Corcet mənə tərəf döndü.

– Əcəb yaxşı dostların var.

Frensiz içkili olduğundan söhbəti daha da uzatmaq marağında olsa da, Lavinin kofe və likör gətirməsi ilə söhbət yekunlaşdı və biz hamımız Bredoksun dediyi rəqs klubuna yollandıq.

Rəqs Müqəddəs Montan Ceneve küçəsində yerləşən "Bal Muzet"də keçirilirdi. Həftənin beş günü Panteon məhəlləsinin işgüzar camaatı burada rəqs edirdi. Həftədə bir gün isə bura rəqs klubuna çevrilirdi. Bazar ertəsi isə bura bağlı olur. Biz çatanda qapının ağzında oturan polisdən, bir də barın arxasındakı sahibkarın həyat yoldaşı ilə barın sahibindən başqa demək olar ki, heç kəs yox idi. Biz içəri girəndə buranın sahibinin qızı pilləkənlərdən aşağı endi. Burada uzun skamyalar, otaq boyunca düzülmüş stollar və sonda rəqs döşəməsi var idi.

– Kaş adamlar bir az tez gələrdi, – xanım Bredoks dedi.

Bar sahibinin qızı nə içəcəyimizi öyrənmək üçün bizə yaxınlaşdı. Sahibkar rəqs döşəməsinin yanındakı hündür kətildə əyləşib, akkordeonda ifa etməyə başladı. Onun topuğundakı zınqırovlu xalxal hər dəfə ifa etdikcə səs çıxarırdı. Hər kəs rəqs edirdi. Çox isti olduğundan, biz tər içində döşəmədən uzaqlaşdıq.

– Aman Tanrım, – Corcet dedi. Tamam su içindəyəm.

– Hə, yaman istidir.

– Həm də necə!

– Şlyapanı çıxart.

– Heç bu ağlıma gəlmir.

Kimsə Corceti rəqsə dəvət etdi və mən bara yaxınlaşdım. Belə isti gecədə akkordionun səsi insana xoş təsir edirdi. Mən qapının kandarında dayanıb, küçədən gələn küləyin sərin nəfəsini içimə çəkə-çəkə pivə içdim. Elə bu vaxt iki taksi sıldırım küçədən aşağı endi. Hər iki taksi rəqs zalının qarşısında saxladı. Maşından bəzisi köynəkdə, bəzisi jaketdə olan bir dəstə gənc aşağı düşdü. Mən qapıdan düşən işıqdan yalnız onların əllərini və təzəcə yuyulmuş dalğalı saçlarını görə bilirdim. Qapının ağzında dayanan polis mənə baxdı və gülümsədi. Onlar içəri daxil oldular. Onlar deyib gülə-gülə içəri girəndə işığın altında ağ əllərini, ağ sifətlərini, dalğalı saçlarını daha aydın gördüm. Bret də onlarla idi. O, çox qəşəng görünürdü və oğlanlarla çox mehriban idi.

Onlardan biri Corceti göstərib dedi:

– Özüdür ki var! Əsl fahişədir. Mən onunla rəqs edəcəm, Lett. Bizə tamaşa edərsən.

Lett adlı qaraşın hündür olan oğlan dedi:

– Özünü ələ al.

Qıvrımsaçlı sarışın cavab verdi:

– Narahat olma, əzizim. Bret isə hələ də onlarla idi.

Mən çox hirslənmişdim. Həmişə onlar necəsə məni əsəbləşdirməyi bacarırdılar. Bilirəm onlar əylənmək istəyirlər və mən dözümlü olmalıyam, ancaq onların ağzının payını vermək üçün istənilən adamın üstünə atılmağa hazır idim. Bunun əvəzində isə mən küçəni aşağı düşüb, zalın yanındakı barda pivə içdim. Pivə yaxşı olmadığından onun dadını qaçırmaq üçün ondan daha pis dadan konyak içdim. Zala geri qayıdanda döşəmə rəqs edənlərlə dolu idi və Corcet, oyanarkən boynunu əyən, gözlərini qaldıran, iri yanlarını silkələnən hündürboy sarışınla rəqs edirdi. Musiqi dayananda isə dəstədən başqa biri onu rəqsə dəvət etdi. Qız onların çevrəsinə düşmüşdü. Mən başa düşdüm ki, onların hamısı bir-bir onunla rəqs etməsə əl çəkməyəcəklər. Onlar həmişə belə edirdilər.

Mən bizim masaya yaxınlaşdım. Kon da qonaqların arasında idi. Frensiz isə rəqs edirdi. Xanım Bredoks kimisə özü ilə gətirib bizə Robert Prentis kimi təqdim etdi. O, əslən Çikaqodan olan, Nyu-Yorkda yaşayan yeni roman yazarlarından idi. Onun qəribə ingilis ləhcəsi var idi. Mən ona içki təklif etdim.

– Çox sağolun, – o dedi. İndicə içmişəm.

– Birini də için.

– Çox sağolun, bir azdan içərəm.

Biz qızı çağırdıq və hər birimiz su ilə konyak sifariş etdik.

– Eşitdim, siz Kansazdansınız? – o dedi.

– Bəli.

– Paris necə, ürəyinizcədir?

– Bəli.

– Doğrudan?

Mən bir az içkili idim. Elə çox içməsəm də, bu mənə laqeyd olmağa bəs edirdi.

– Bəli, doğrudan. Tanrı xatirinə, dedim ki, ürəyimcədir. Sizin yox? – mən soruşdum.

– Siz necə gözəl əsəbləşirsiniz, – o dedi. Kaş mənim də belə istedadım olardı.

Mən ayağa durub rəqs döşəməsinə tərəf getdim. Xanım Bredoks məni müşayiət edirdi.

– Robertlə höcətləşmə, – o dedi. Bilirsən ki, o hələ də uşaqdır.

– Mən heç nə etmədim, – dedim. Sadəcə məni qovacağından qorxdum.

– Nişanlının yaman bəxti gətirib, – xanım Bredoks döşəmədə Let adlı qara, hündür oğlanın qolları arasında rəqs edən Corcetə baxaraq dedi.

– Elə deyil ki? – mən dedim.

– Sözsüz, – xanım Bredoks cavab verdi.

Kon bizə yaxınlaşdı.

– Gəl, Ceyk, – o dedi, gəl gedək içək.

Biz bara yaxınlaşdıq.

– Sənə nə olub? Yaman pis görünürsən.

– Heç nə. Sadəcə bu tamaşa mənə pis təsir edir, vəssalam.

Bu zaman Bret də bara yaxınlaşdı.

– Hello, dostlar!

– Salam Bret, – mən dedim. Nə əcəb sərxoş deyilsən?

– Artıq içməyi tərgitmişəm. Dostlara konyak və soda verin.

O, əlində stəkan dayananda Konun ona baxdığını gördüm. O elə baxırdı ki, sanki həmyerlisi vəd edilmiş torpağa baxır. Əlbəttə, Kon daha cavan idi. Ancaq o, ümidə layiq bir həvəslə ona baxırdı.

Bret çox gözəl idi. O, hörmə jaket, tvid yubka geyinmiş, saçını oğlan kimi arxaya daramışdı. Bununla da hər şey başladı. Lakin, əynindəki yun sviter belə onun yarış yaxtasının korpusuna bənzəyən donqarını gizlətmirdi.

– Əla dostların var, Bret, – mən dedim.

– Çox istiqanlıdırlar, elə deyil? Özünə bir bax, əzizim! Onu haradan tapmısan?

– Napoliten kafesindən.

– Yaxşı vaxt keçirə bildiniz?

– Ah, misilsiz, – mən dedim.

Bret güldü.

– Səhvin var, Ceyk, bu heç yaxşı hərəkət deyil. Bu, bizim hamımız üçün təhqirdir. Bir baxın, Frensiz ilə Co da buradadırlar.

Bu Konun xeyri üçündür.

– Bu lap ağ oldu, – Bret dedi və yenə güldü.

– Arifə bir işarə də kifayətdir, – mən dedim

– Hə, bəlkə elə deyil? Bu cür dostların içində ürəyin istəyən qədər içə bilərsən.

Musiqi başladı və Robert Kon dedi:

– Mənimlə rəqs edərsiniz, xanım Bret?

Bret ona gülümsədi.

– Mən bu mahnını Ceykobla oynamağa söz vermişdim, o güldü. Sənin adını Bibliyadan götürüblər, Ceyk.

– Bəs növbəti mahnını necə? – Kon soruşdu.

– Biz artıq gedirik, – Bret dedi. Bizim Montmartrda görüşümüz var.

Rəqs zamanı mən Bretin çiyinləri üzərindən Kona baxdım və onun hələ də barda dayanıb Bretə baxdığını gördüm.

– Yeni bir qurban hazırdır, – mən ona dedim.

– Belə demə. Yazıq oğlan. Mən də indi fikir verdim.

– Yaxşı, – mən dedim. Elə bilirdim onların sayının artmağı sənin ürəyincədir.

– Cəfəng danışma.

– Əlbəttə, xoşuna gəlir.

– Hə, yaxşı, tutaq ki, belədir sonra?

– Heç nə, – mən dedim. Biz akkordion və banconun sədaları altında rəqs edirdik. Hava isti olsa da, özümü xoşbəxt hiss edirdim. Biz dəstənin başqa bir üzvü ilə rəqs edən Corcetin yanından keçdik.

– Onu bura gətirmək haradan ağlına gəldi?

– Bilmirəm, gətirdim də.

– Getdikcə axmaq romantikə oxşayırsan.

– Elə deyil, darıxırdım.

– İndi necə?

– İndi yox.

– Gəl, çıxaq buradan. Onun qayğısına qalan çoxdur.

– Doğrudan istəyirsən?

– İstəməsəm, niyə təklif edim ki?

Biz döşəmədən ayrıldıq, mən divardakı asılqandan paltomu götürüb geyindim. Bret barın yanında məni gözləyirdi. Kon ona nəsə deyirdi. Mən bara yaxınlaşıb bir zərf istədim. Müdir birini tapdı. Cibimdən əlli franklıq çek çıxarıb, zərfə qoyub möhürləyəndən sonra ona uzatdım.

– Mənimlə gələn qız məni soruşsa, zəhmət olmasa, bu zərfi ona verin, – mən dedim. Yox, əgər, bu bəylərdən biri ilə getsə, o zaman xahiş edirəm, bu zərfi mənim üçün saxlayın.

– C'est entendu, monsieur (Başa düşdüm, cənab, fr.), – bar sahibi dedi. Artıq gedirsiniz? Belə tez?

– Bəli, dedim.

Biz qapıya yaxınlaşdıq. Kon hələ də Bretlə nəsə danışırdı. Bret Konla sağollaşıb qoluma girdi.

– Gecən xeyrə, Kon, – mən dedim.

Küçəyə çıxıb, taksi axtarmağa başladıq.

– Elə bil, həmin əlli frankı salıb itirdin, – Bret dedi.

– Ah, elədir ki var.

– Bir dənə də taksi yoxdur.

– Biz Pantona qədər piyada gedib oradan birini tapa bilərik.

– Gəl, yolüstü istənilən pivəxanaya gedib içək, taksi üçün isə bir adam tapıb göndərək.

– Küçədə də gəzmək istəmirsən.

– Əgər çarə varsa, niyə də istəyim?

Biz ən yaxın pivəxanaya girdik və mən ofisiantı taksi tapmaq üçün göndərdim.

– Belə, – mən dedim, – biz onlardan uzaqlaşdıq.

Biz hündür bara söykənib heç bir söz demədən bir-birimizə baxırdıq.

Ofisiant gəlib taksinin bayırda olduğunu deməsi bizi özümüzə gətirdi. Bret mənim əlimi möhkəm sıxdı. Mən ofisianta bir frank verdim və biz oradan çıxdıq.

– Deyək, hara sürsün? – mən soruşdum.

– Ah, hara istəyirsə, ora da getsin.

Biz əyləşdik, qapını bağlayıb sürücüyə Monsori Parkına sürməsini söylədim. Bret küncdə gözləri yumulu, arxaya tərəf əyilmişdi. Mən onun yanında əyləşdim. Maşın yola düşdü.

– Ah, əzizim, mən elə bədbəxtəm ki! – Bret dedi.