O, bütün bunları daxilində, dərinliklərdə saxlayır və heç zaman zərrə qədər də biruzə vermirdi. Oğlanın bunu hiss edəcəyi, yaxud duya biləcəyi barədə düşündüyündə yanaqları alışıb-yanırdı. Onun üçün sirrinin ifşa olması bütün həyatını dağıntılara və nizamsızlığa atacaq bir faciə olardı, necə ki, oxşar aşiqlik onun mehriban Estel bibisinin həyatını məhv etmişdi. Atası nə deyərdi? Maks və bacıları nə deyərdi? Və əsas da, bibilər, bibilər!… Qəribədir, o, bir an olsun ailəsinin bu birliyi qəbul edəcəyi haqda fərziyyə ilə özünü əyləndirməmişdi. Yox, o, güclü şəkildə intuitiv olaraq ailəsinin buna qarşı çıxacağını hiss edirdi, hamısının, buna qarşı çıxacağını hiss edirdi. Niyə? O, bunu deyə bilməzdi, amma hiss edirdi. Onun Raymonda olan hissləri fəlakət idi, özü də bilirdi, bunu bu qədər aşkar, dərin hiss etdiyindən, bildiyindən ara-sıra kədər və iztirab içində hönkürərdi. Bununla belə böyük istəyi nə azalar, nə də yox olardı.
Səssiz bir məmnuniyyətin yumşaq görüntüsü arxasında Adrianın bədbəxtliyi davam edirdi və onu tanıyanlardan heç biri zərrə qədər də bundan şübhələnmirdi.
Masa arxasındakı nəşəli birlikdəliyə qəfil təntənəli bir sükut çökdü. Bibilər masalarından məclisi tərk etmək üçün rəsmi şəkildə qalxdılar. Hər üçü qonşu şəhərin kənarında kənd evində yaşayırdı və onların faytonu evin qarşısında gözləməkdə idi. Onlar tam qaranlıq çökənə kimi evdə olmağa üstünlük verirdi. Qoca sürücüləri Vreskendən savayı müşayiət edənləri olmadığından tənha, işıqlandırılmamış yollarda at sürməyə qorxurdular. Ləyaqətli bir sıralama ilə onlar ayaqlarını sürüyərək xudahafizləşmək üçün cənab Dufoura yaxınlaşdılar.
– “Mais non!”( Amma yox. Fransızca) Belə tez! – o, üzünə saxta təəccüb ifadəsi verib dedi.
– Bayırda hava artıq qaralıb, – Klemens bibi dedi. Və onun tarım sifəti demək olar ki, məzəmmətedici bir görünüş aldı, sanki onların bu qədər gecəyə qalmasının günahı qardaşlarında idi.
– Hər şey möhtəşəm idi, sadəcə möhtəşəm!, – mehriban Estel bibi təbəssümlə dedi.
Viktuar bibinin burnunun altında nə mırıldadığını ayırd etmək mümkün deyildi, amma onun bürüşmüş sifətində narazı baxış vardı və bağlı dodaqları arasında nəsə deyinirdi.
Bibilər ayağa qalxan kimi qardaşı qızları da onlarla bərabər yay kimi sıçradı. Adrinın onların paltosunu gətirmək üçün cəld otaqdan çıxdığı əsnada Klara və Edmi üç qarımış qadına tərəf yaxınlaşdı. Sanki onların buranı tərk edişi son dərəcə mühüm əhəmiyyətə malik hadisə idi, sanki onlar uzun və təhlükəli bir səfərə çıxırdılar.
– Ehtiyatlı olun, soyuqlayarsınız, Klemense bibi.
– Xəz yaxalığınızı qaldırım, Viktuar bibi?
Onlar hər nə olsa da, hər zaman məmnun qalan Estel bibi barədə daha az narahat idilər.
Bibilər çıxıb gedəndən sonra digər bütün qonaqlar bir-birinin ardınca ayağa qalxdı. Qəribə idi, baxmayaraq ki, böyük bibilər məclisin həyatı və qəlbi idilər, Dufour ailəsindəki nüfuzları elə idi ki, onların iştirakı olmadan şadyanalığa davam etmək nalayiq rəftar sayılardı. Qonaqlar bir-bir “gecəniz xeyrə qalsın!” demək üçün cənab Dufourun və qızlarının yanına yaxınlaşdılar. Sifətlərin çoxu qızarıb parıldayırdı, cənab Dufourun sifəti də istisna deyildi. Emosiyalar və heç də az olmayan miqdardakı içki onun üzünü qızartmışdı. Adrian zərif bir təbəssümlə Raymonda güldü, sonra cəld gözlərini aşağı dikdi. Əli nəm idi və onun əlini sıxanda titrədi. Hər halda bu Raymondda heç bir təəssürat oyatmadı. O, Marinin iki əmisioğlu – özü kimi həvəsli at sürən və ovçu olan – Verstraje qardaşları ilə söhbətə girişmişdi. Və Adriana bir anlıq belə göz qoymadan onlarla söhbət eləyə-eləyə məkanı tərk etdi. O, darıxdırıcı bir melonxoliya hiss etdi, sonuncu qonaq çıxıb gedəndən və böyük otaq qəfildən boş və sakit olandan sonra bu hiss daha da kəskinləşdi. Atası da məclisdən gedən kütlənin arxasınca otağı tərk etmişdi. Havasını dəyişməli olduğunu söyləmiş və bəzi dostları ilə qəhvəxanaya çıxmışdı, çox gec gəlməyəcəkdi.
Budur bacılar hər üçü nə edəcəklərini bilmədən, hara gedəcəklərindən, hansı addımı atacaqlarından əmin olmadan orada dayanmışdılar. Onlar gözlərini ləkəli süfrənin, yarıdolu şərab qədəhlərinin, solan çiçəklərin üzərində gəzdirdilər və bu nizamsızlıq bütün prozaik təmkini ilə onları bir zərbə ilə vurdu. Sanki onlar birdən mərasimin yenicə yekunlaşdığı otelə, yaxud bir restorana düşmüşdülər. Onlar artıq özlərini evlərindəki kimi hiss etmirdilər, xüsusən də məhz bu məclis üçün tutulan, masaları təmizləmək üçün hələ də açıq qapıda ehtiyatda gözləyən, tanış olmayan ofisiantları gördüklərində! Yuxarı nəzarət edən qulluqçu tərəddüdlü baxışla yaxınlaşdı.
– Xanım Klara, biz burada səliqə-səhman yaradınca öz hücrənizə çəkilmək istəməzdinizmi? Orada sizin üçün çıraq yandıraram.
– Hə, Marta, əlbəttə! – sanki kiminsə onlara yaxınlaşıb nə edəcəklərini deməsindən xoşbəxt görünürlərmiş kimi hər üçü başı ilə razılığını bildirdi. Tələsik çıxdılar və onlar böyük qonaq otağının kiçik hücrəsində, geniş pəncərənin qarşısında yarıqaranlıqda oturub Martadan hələ çırağı yan-dırmamağını xahiş etdilər. Bir az oturub söhbətləşəcəklərini, alatoranlıqdan həzz alacaqlarını dedilər.
Səssizlik qalın, əzici kəfən kimi qaranlıqla bərabər onların üzərinə çökdü. Yalnız geniş pəncərə bayırdan içəri bozumtul işıq süzdürürdü və onlar hərəkətsiz, dalğın, xəyal quran gözlərlə bu işığa tamaşa edirdilər.
Maks və Mari, görəsən, bu anda harada ola bilərdi, onlar indi nə edirdilər? İndi… onlar indi qatarda idi və toy gecələrini birlikdə keçirəcəkləri böyük şəhərə doğru yol almışdılar. Birlikdə… hər zaman birlikdə, sonsuza qədər! Xoşbəxt günlərdə birlikdə, kədərli günlərdə birlikdə, ancaq birlikdə, hər zaman birlikdə, bütün həyatları boyu… Evliliyin gözəlliyi bu idi, xoşbəxtliyin gözəlliyi bu idi. Bu həyatın məqsədi idi! Tezliklə, öz otaqlarında yalnız ikisi olacaq, insanlığın mənasız hay-küyündən uzaqda Maks onu ehtirasla sinəsinə sıxıb sığallayacaq, öpəcəkdi, dodağından öpəcək və boğulan, əsən səsi ilə:
“Mən xoşbəxtəm, Mari; Mən dünyanın ən xoşbəxt kişisiyəm!” deyəcəkdi.
Ah, xoşbəxt Mari, bu pərəstiş sözlərini eşidən, üzünə əri tərəfindən onu əsl, mükəmməl şəkildə xoşbəxt edənin özü, yalnız Mari özü olduğu deyilən xoşbəxt qadın…
Onlar üçü də pəncərənin önündə, lazımsız toy libasında fikirli halda gecənin alatoranlığına baxaraq oturmuşdular. Böyük yemək otağından səslər gəlirdi: masaların təmizlənməsi, büllur və gümüş qabların bir birinə yüngül toxunuş-ları; qədəhlərdə qalan son xoşbəxtliyin səsləri əks-səda verirdi. Hər şey bitmişdi və bir daha geri gəlməyəcəkdi. Hətta bir gün o masanın üstünü yenidən eyni səbəblə bəzəsələr belə yenə bu günkü kimi olmayacaqdır. Çünki keçmiş anı geri qaytarmaq mümkün deyildir.
Qapı sakitcə döyüldü. Onlar üçü də diksinərək fikirdən ayıldılar.
Klara dedi:
– Gələ bilərsiniz.
– Üzr istəyirəm, xanım, – Marta sakitcə daxil olaraq dedi – şam edəcəksiniz?
Şam yeməyi? Heç kim bu barədə düşünmürdü. Kimsə daha nəsə yemək istəmirdi. Yox, şam yeməyindən söhbət belə gedə bilməzdi.
Xidmətçi gəldiyi kimi sakitcə getdi. Amma onun kabusa bənzər görünüşü onları xoş xəyallardan ayırdı. Onlar yenidən xəyallarını kənara qoyub öz banal həyatlarına döndülər.
Ümidsiz tənhalıqdan və boş, mənasız keçən həyatlarını düşünərkən onların içini dələn bir ağrı hiss etdilər. Yaşadıqları kəndə nifrət edirdilər; yaşamağa məcbur olduqları bu yerə nifrət edirdilər, çünki bu kənd, bu yer onları məhv edirdi.
Onların yaşlarına və siniflərinə uyğun qadınlar, dostluq edə biləcəkləri kimsə yox idi. Ətrafda heç nə və heç kim yox idi; onlar yaşayan ölü idilər, bədənləri və ruhları məhv olmuşdu.
Kənd – uzun dar yollarda yerləşən, sanki varlıqlarını gizlədən, ya da onların varlı olduqları görünməsin deyə qapalı evlərdən ibarət idi. Hər həftə kəndin tacirləri eyni vaxtda meyxanalarda toplaşırdılar. Həftədə bir dəfə kənddə yarmarka olurdu. Orada varlı ailələr öz heyvanlarını ya da ərzaqlarını satışa çıxarırdılar; bunun xaricində kənddə həyat yox idi.
Onların tək təsəllisi kilsə idi. Gündə iki dəfə oranı ziyarət edirdilər: səhər və axşam.
Kilsədə onlar bütün günahlardan təmizlənirdilər və ruhları dincəlirdi. Orada yalnız bir saat qalmaq olardı.
Kilsə qadınlar üçün idi, onlar orada özlərini evdəki kimi hiss edirdilər, və qısa müddətdə olsa da o darıxdırıcı dünyalarından uzaqlaşırdılar. Onlar burada olarkən özlərini rahibələrdən biri kimi hiss edirdilər, o rahibələr ki bütün həyatlarını Tanrıya həsr etmişdilər.
Alatoranlıq yerini gecəyə vermişdi. Küçənin qaranlığı fonunda yekə pəncərələr daha qaranlıq görünürdü. Sadəcə, bir neçə evdə zəif işıq görünürdü. Bu qaranlıqda bacılar hələ də dayanıb pəncərədən baxırdılar, bəzən bir-iki kəlmə nəsə danışıb yenidən fikrə dalırdılar. Bəs onların taleyi necə olacaqdı? Yoxsa bibiləri kimi onların da qismətləri bağlı idi? Bəlkə də artıq onlar bunu qəbullanmalı idilər. Amma yox, onlar ümidlərini itirməmişdilər. Necə Maks öz qismətini tapıb evləndi, eləcə də kimsə onları tapacaqdı. Lakin onlar çox qorxurdular, xoşbəxt olmaları üçün maneələr çox idi. Nəhayət, kimsə gəlməli idi, çünki onlar yetərincə gözləmişdilər. Klaranın otuz, Adrianın iyirmi səkkiz, Edminin isə iyirmi beş yaşı var idi. Bəzən onlar özlərini yaşlı hiss edirdilər. Getdikcə bibilərinə bənzəməyə başlamışdılar. Klara Klemens bibiyə oxşayırdı və gün keçdikcə bu bənzərlik daha da artırdı; Adrian nəzakətli Estel bibiyə bənzəyirdi; bir tək Edmi onların heç birinə bənzəmirdi,lakin onun da sağlığında problemlər olduğu üçün o da yaşlı görünürdü. Zəif görən gözləri və kədərli siması onu həmişə yuxusuz birinə bənzədir, sanki o heç vaxt doyunca yata bilmirdi.
Nə vaxtsa qocalıb bibiləri kimi olacaqlarını düçünəndə dəhşətə gəlirdilər. Onlar bu qorxunc fikirdən qaçmaq üçün mübarizə aparsalar da bacara bilmirdilər. Məsələ bunda idi ki, heç kim dilinə gətirib bu barədə nəsə deməsə də, bu üç bibinin öz qardaşları qızlarının üzərində hökümləri var idi. Onlar çox imkanlı idilər və bütün pullarını qardaşlarının uşaqlarına xərcləyirdilər. Və buna görə də üç gənc qız bibilərini acıqlandıracaq və onların nüfuzlarına xələl gətirəcək nəsə edə bilməzdilər. Məsələn, əgər bibilərin razılığı olmasa idi Maks heç vaxt Mari ilə evlənə bilməzdi. Bibilərinin razılığı olmadan ərə getmək qızlar üçün ağlasığmaz hərəkət idi. Bu, Dufour ailəsi üçün dəyişilməz qanun idi. Bibilər hakimiyyəti bütövlüklə ələ almışdılar.
Otağın qapısı açıldı, zəif yanan lampa işığı cənab Dufourun üzünə düşdü.
– Bu nədir? Niyə hələ də qaranlıqda oturmusunuz? – o, təəccüblə soruşdu. – siz yemək yemisiniz?
– Heç birimiz ac deyildik. – Klara sakitcə dedi.
– Yeməklər dadlı idi, elə deyil? – cənab Dufour lovğalanaraq soruşdu.
– Çox dadlı idi, – onlar sakitcə cavab verdilər.
– Nəhayət ki, o gözlənilən gün baş verdi – cənab Dufour dedi. – Maks çox əla seçim etdi – o davam edirdi. – imkanlı və gənc gözəl bir qız, əla seçimdir!
Qızlar daha heç nə demədilər, onların da ümidləri var idi, bircə reallaşması qalırdı. Atalarının belə həvəslə danışması onları qıcıqlandırdı, xüsusilə də sözünü deməkdən çəkinməyən Klaranı.
– Mən ümid edirəm ki, bizim də nə vaxtsa bəxtimiz gətirəcək!
Cənab Dufour özünü itirdi.
– Sizin hələ vaxtınıza var, vaxtınız çoxdur, – o, etiraz etdi.
– Hə, əlbəttə, – Klara özündən çıxdı, – bizə gələndə həmişə vaxta var! Bir ya da iki il, nə fərqi var axı? Amma bunu bil ki, mənim otuz, Adrianın iyirmi səkkiz, Edminin isə iyirmi beş yaşı var, amma Marinin heç iyirmi üç yaşı tamam olmayıb.
– Nə olsun? Bu nəyi sübut edir axı? – cənab Dufour çiyinlərini çəkərək dedi.
– Burada bizim üçün heç nə yoxdur, heç nə! – Klara göz yaşlarına hakim olmayıb ağlayaraq dedi.
Hamı təəccüblə ona baxırdı.
– Sakit ol… sakit, xidmətçilər bizi eşidə bilərlər – cənab Dufour onu sakitləşdirməyə çalışırdı.
– Gəlin lampanı yandıraq, – səsi titrəyərək Adrian təklif etdi.
– Hə, hə, işıq… işıq… – cənab Dufour təkrar etdi.
– Yox! Lazım deyil! Yandırsanız lampanı vurub sındıra-cağam! – Klara qəzəblənərək ayağa qalxdı.
Cənab Dufour qapını çırparaq otaqdan çıxdı.
– Ah, Klara, Klara, – Adrian səsi titrəyərək dedi.
Otağa ani səssizlik çökdü. Üçü də ağır nəfəs almağa başladılar və bir az sonra onlar iç vuraraq ağlamağa başladılar. Onlar üçü də Maks və Mari haqqında düşünüb daha da qəzəbləndilər.
О проекте
О подписке
Другие проекты
