Читать книгу «Hekayələr» онлайн полностью📖 — Азиза Несина — MyBook.

AĞCAQANADLAR OLMASA

On yaşında ikən deyirdi:

– Ah, bir çantam olsaydı… Ah, mənim də o biri uşaqlar kimi kitablarım, dəftərlərim olsaydı!.. Onda görərlər, necə oxuyuram. Heç bir şeyim yoxdur. Kitablarsız necə dərs oxuyum?..

***

On üç yaşına gəlincə, o biri uşaqlar kimi kitabları, dəftərləri, çantası oldu. Amma heç cür oxuya bilmirdi.

– Dost-tanışlarım kimi şəraitim yoxdur… – deyirdi. – Anam, atam, qardaşlarım – hamımız bir otaqda yaşayırıq. Belə dar yerdə dərs hazırlamaq olarmı? Ah, bir yazı masam olsaydı, bir də kitab şkafım. Bax onda məktəb birincisi olardım…

***

On altı yaşında öz otağı, masası, şkafı da oldu.

– Mənim yaşımda bir gənc həftədə on lirə cibxərcliyi almazsa, necə dərs oxuya bilər? Kitab-dəftər almalıyam. Ah, ah… Yaxşı xərcliyim olsaydı, onda hər şeyim olar, mən də daha səylə dərslərimə hazırlaşardım…

***

İstədikləri on səkkiz yaşında ikən oldu.

– Ah, bu məktəbi bitirsəydim… Həyat başqa, məktəb başqa… Universiteti bitirəndən sonra elə çalışacağam ki, həsəd aparacaqlar… Elə bir əsər yazacağam ki…

***

İyirmi dörd yaşında birtəhər ali məktəbi bitirdiyi zaman belə söyləyirdi:

– Heç cür istədiyim kimi çalışa bilmirəm. Ağlım, fikrim həmişə əsgərlikdədir… Ah, bu əsgərliyi bitirsəydim, gecə-gündüz durmadan tər tökərdim… Çalışmasan, əsər ortaya çıxmaz. Bir əsər yazacağam ki, hər kəs məndən danışacaq. Ah, bu əsgərlik…

***

İyirmi altı yaşında əsgərliyini bitirmişdi:

– Çalışa bilmirəm ki… Heç cür istədiyim kimi çalışa bilmirəm. Əsərimi yaza bilmirəm. Bu vəziyyətdə necə yazmaq olar? Hər gün çörəkpulu arxasınca qaçıram. İnsanın yaxşı bir işi, bəlli bir gəliri olmasa, nə cür əsər yazar? Ah, ah… Bir yaxşı iş tapsam, əsərimi yazmaq üçün hər gecə səhərə qədər işləyərəm.

***

İyirmi səkkiz yaşında iş-güc sahibi olmuşdu.

– Çalışa bilmirəm, vəssalam! – deyirdi. – Necə çalışım belə? İnsanın ikiotaqlı evi olmalıdır. Radiosu olmalıdır. Açarsan radionu, musiqidən ilham alarsan… Bax o zaman durmadan yaz!.. Ah, ah!.. Bir radio olsaydı…

***

İyirmi doqquz yaşında ikiotaqlı bir mənzil kirayəyə götürdü. Bir də radio aldı. Amma yenə istədiyi kimi yaza və illərdən bəri düşündüyü əsərini ortaya çıxara bilmirdi.

– Ah!.. – deyirdi. – Bu tənhalıq var ha… Sanki sinəmin içi sonsuz, dibsiz quyular kimi bomboşdur… İnsan tənha olanda necə yazıb-yarada bilər? Adamı çalışmağa həvəsləndirən, şövqləndirən, hətta məcbur edən bir qüvvə olmalıdır. Kimin üçün çalışacağam? Kimdən ruhlanıb əsər yazacağam? Ah, ah… Ey eşq, haradasan?..

***

Otuz yaşında aşiq oldu. Həm sevir, həm də sevilirdi. Amma illərdir düşündüyü o böyük əsərini heç cür yaza bilmirdi.

– Eşq gözəl şeydir, – deyirdi. – Bəli, gözəl olmağına gözəldir. Amma evlənmədən yazmaq olarmı? Evlənsəm, o zaman həyatım qaydaya düşər, istədiyim kimi çalışaram. Ah, evlənsəydim… Bir dəqiqəmi belə boş keçirməz, dayanmadan yazardım.

***

Otuz iki yaşında evləndi. Xoşbəxt idi, amma əsərini heç cür yaza bilmirdi. Çünki haqlı səbəbi vardı.

– Dolanmaq dərdi mindi çiyinlərimə. Çörəkpulu dalınca qaçmaqdan öz istədiyim kimi əsər yazmağa vaxtım yoxdur ki… Əsər yazmaq üçün insanın bütün zamanını, gücünü qələmə verib çalışması gərəkdir. O da bu pulla olmaz.

***

Otuz altı yaşında qazancı artmışdı. Amma bir özünü dinləyək:

– İkiotaqlı bir mənzil… Otaqlar da kiçikdir. Uşaq-muşaq səs-küyü də bir yandan… İnsan bu səs-küyün içərisində əsər yaza bilərmi? Ah, dörd-beş otaqlı bir evdə yaşasam, elə bir əsər yaradacağam ki…

***

Otuz səkkiz yaşında beşotaqlı bir evə köçdü. Lakin heç cür əsərini yaza bilmirdi. Yaza bilmirdisə, təqsir onun deyil ki…

– Şəhər içindəki bir evdə insan necə ilhamlana bilər? Bu gurultu içində gəl bir yaz da… Əsərimi yaza bilmək üçün səssizliyə, yaxşı istirahətə ehtiyac var. Bura toz-torpaqlı, gurultulu yerdir… Yox, burda alınmaz. Ah, sakit, səssiz bir evə köçsəm, elə ilhama gələrəm ki… İçimdə yazmağa qarşı dərin bir susuzluq var.

***

Qırx yaşında ikən, tam axtardığı kimi, səssiz bir yerdə gözəl mənzərəli, geniş bir evə köçmüşdü. İstədiyi kimi çalışa bilirdimi? Xeyr. Çünki:

– Ah, ah… – deyirdi, – insanın evində gözəl əşyalar – divarlarda dəyərli tablolar, bahalı mebellər, əntiq əşyalar, rahat oturacaqlar, yumşaq xalılar olmazsa, necə yaza bilər? Gözəl əsər ortaya çıxarmaq üçün insanın gözü zövqlü şeylər görməlidir. Klassik musiqi valları olmalıdır. Bir yandan gözün, bir yandan qulağın zövq alarkən sən heç dayanmadan çalışacaqsan. Ah, ah… Bu istədiklərim bir gün olacaqmı, yarəbbi… Elə yazaram ki…

***

Qırx iki yaşında tam istədiyi kimi rahat, gözəl, dəyərli əşyalara da qovuşdu. Əgər yenə də heç cür əsərini yaza bilmirsə, o nə etsin?

– Ah, ah, – deyirdi, – mənim halımı bir bilsəydiniz. Pul dərdi, dolanmaq sıxıntısı çəkmirəm. Arvadım məni xoşbəxt edir. Uşaqlarım da yaxşıdırlar… Evim genişdir, rahatdır, mənzərəsi də gözəldir. Çox dəyərli, bahalı əşyalarım, üstəlik, bolluca zamanım da var. Amma bu ağcaqanadlar var ha, lənətə gəlmiş ağcaqanadlar… Heç cür rahatlıq vermirlər ki, oturub yazam. Mənim halım necə olacaq? Nədir bu ağcaqanadlardan çəkdiyim? Ah, ah… bu ağcaqanadlar olmasa, mən bilirəm necə yazacağımı… Amma nə edək ki, ağcaqanadlar qoymurlar. Heç cür əsərimi yaza bilmirəm. Gecələr yatmıram ki, əsər yazam, bu ağcaqanadların əlindən fürsət olmur. Pəncərələri bağlayıram, isti olur. Pəncərələrə tor çəksəm, evin görünüşünü pozacaq. Necə? Qışda yazım? Hə, düzdür, qışda ağcaqanad olmaz.

***

Gəlin ümidimizi ondan kəsməyək. Əlbəttə, bir gün axtardığı rahatlığa çıxacaq, elə ilhamlanacaq ki, dayanmadan, hətta nəfəsini belə dərmədən çalışıb o böyük əsərini ortaya çıxaracaq.

Tərcümə edəni: Oqtay Orucov

BÖYÜK ADAMIN QARDAŞI OĞLU

Biz idarədə bir ailə kimi dolanırdıq. Hamımız da burada çoxdan bəri işləyir, bir-birimizi yaxşı tanıyırdıq. Aramızda söz-söhbət olmazdı. Hamı bir-birini sevir və hörmətini saxlayırdı.

Beləcə rahat və xoşbəxt ikən günün birində müdir bizim otağa girdi. Yanında da cavan bir oğlan. Müdir bir az qayğı, bir az da hörmətlə, əli cavan oğlanın çiynində, onu özündən əvvəl otağa buraxdı. Özü də onun arxasınca içəri girdi. Ayağa qalxdım. Ardımca yoldaşlarım da ayağa qalxdılar.

Bizim müdir çox yaxşı adamdır. Amma bir az sərtdir. Heç birimizə üz verməz, otağımıza da gəlməzdi. Görünür, bu gəlişdə nə isə bir iş vardı. Cavan oğlana baxır, amma onu heç kəsə oxşada bilmirdim. Yuxarıdan gəlmiş vəzifə sahibi desəm, oxşamırdı. Hərçənd indi cavan uşaqlar da müfəttiş vəzifəsində çalışırlar, amma bu onlara da bənzəmirdi. Bəs nə üçün müdir onun qoluna girmişdi?!

Müdir cavan oğlanı mənim yanıma gətirdi, əvvəl mənimlə, sonra başqaları ilə tanış etdi.

– Təkin bəy…

Tanışolma mərasimi qurtaranda müdir:

– Təkin bəy sizin şöbədə işləyəcək, – dedi. – Mən indi təsərrüfat müdirinə tapşırıq verərəm.

Mən istər-istəməz:

– Nə işdə çalışacaq? – deyə soruşdum.

Müdir qıpqırmızı oldu və:

– Mən sonra sizə deyərəm, – dedi.

O, cavan oğlana tərəf döndü, boş bir stulu göstərərək:

– Siz hələlik buyurub burada əyləşin, – dedi. – Mən sizin üçün stol gətirdərəm.

Müdir çıxıb getdi. Hamımız gözucu Təkin bəy adlanan bu cavana baxırdıq. O, ayağını bir-birinin üstünə aşırmışdı, qolunu stoluma söykəyərək siqaretini tüstülədirdi.

Mən bir daha ona:

– Xoş gəlmisiniz, oğlum! – dedim.

– Çox sağ olun! – deyə cavab verdi.

Otaqdakılar da cavan oğlanı xoş qarşıladılar. Sonra ortaya sükut çökdü. Az sonra cavan oğlan:

– Siz burada nə işlə məşğul olursunuz? – deyə soruşdu.

– Bura ikinci şöbədir. Biz buraya göndərilən məktublara cavab verir, göstərilən işləri görürük.

Cavan oğlanın nə iş gördüyümüzü başa düşdüyünü deyə bilmərəm, amma o:

– Cansıxıcı işdir, – dedi.

– Cansıxıcı olsa da, nə etmək olar?! Borcumuz onu yerinə yetirməkdir.

Az sonra kuryer gəldi və mənə:

– Müdir sizi çağırır, – dedi.

Müdirin qapısını döyərək içəri girdim.

– O cavan oğlanın kim olduğunu bilirsənmi?

– Bilmirəm, – dedim.

– Amanın günüdür, ehtiyatlı olun. O, Fişgetdin bəyin qardaşı oğludur.

– Hə?.. – təəccübdən ağzım açıla qaldı.

– Bu gün səhər Fişgetdin bəy mənə zəng etdi. “Qardaşım oğlunu yanınıza göndərirəm. Ona münasib bir iş verin”, – dedi. İki saat sonra bu oğlan gəldi. “Əmim sizə zəng etmişdi?” – deyə soruşdu. “Bəli” dedim, amma cavan oğlanın təhər-töhürü xoşuma gəlmədi. “Necə iş istəyirsiniz?” – deyə soruşdum. O: “Bu məsələni əmimlə razılaşdırın”, – dedi. Nə bacardığını bilmirdim ki, ona görə də iş verəydim. Üzdən 20 yaşı ancaq olardı. “Əsgərlikdə olmusunuzmu?” – deyə soruşdum. “Əlbəttə!” cavabını verdi. Təhsilini soruşdum. Məlum oldu ki, ali təhsillidir. “Diplomunuzu, hərbi biletinizi və pasportunuzu gətirin, münasib bir iş verək!” – dedim. Nahardan sonra istədiklərimin hamısını gətirdi.

İndi mən başqa şöbəyə göndərsəm, yoldaşlar onu yola verə bilməzlər. Başımıza əngəl açılar. Sən, necə də olsa, təcrübəli adamsan. Amanın günüdür, heç bir şikayətə yol vermə. Onu birtəhər yola verin getsin.

– Baş üstə. Ona nə kimi iş verməliyik?

– Vallah, heç özüm də bilmirəm. Bax da… nə iş olsa, verərsən. Çox işlətməsən də olar.

Qayıdıb şöbəyə gəldim. Gördüm ki, Təkin bəy üçün üstü şüşəli bir stolla bir kreslo gətiriblər. Mən hələ ömrümdə elə bir stol arxasında oturmamışdım. “Mən axı bu cavan oğlana nə iş verim?” – deyə düşündüm. Sonra şkafdan qovluq çıxarıb:

– Təkin bəy, – dedim, – vaxt tapdıqca bu materialların surətini çıxarın.

– Nəyini çıxarım?

– Surətini.

– Onu necə edirlər?

Özümü itirdim və üzünə baxdım. Surətçıxarmanın necə edildiyini başa salmağa çalışdım. Boynunu qaşıdı.

“Fişgetdin bəyin qardaşı oğlu olmasaydın, sənə neyləyəcəyimi yaxşı bilərdim. Şükür et ki, elə adamın qohumusan”, – deyə ürəyimdə fikirləşdim.

– Yoldaşlar birinci dəfə üçün kömək edərlər, – dedim.

Qovluğu aldı. Barmaqlarına tüpürə-tüpürə onu bir qədər vərəqlədi. Bir az sonra:

– Mən gedirəm, – dedi.

Səsimi çıxartmadım. Çıxıb getdi. Ertəsi gün saat on ikinin yarısında gəldi, bir az oturub getdi. O gün bir daha gəlmədi. O biri gün isə nahardan sonra gəldi. Əlləri şalvarının cibində, fit çala-çala gəzindi, bir neçə dəfə otağa girib-çıxdı və getdi.

Xeyli vaxt belə ötüb-keçdi. Bir gün iş yoldaşlarımızdan Safiyə xanım:

– Bu Təkin bəy haranı bitirib? – deyə soruşdu.

– Hüquq fakültəsini, – dedim.

Qadın bir az düşünəndən sonra dedi:

– Vallah, o heç orta məktəbi də qurtarmayıb.

Düzü, mən də şübhələnirdim. Çünki o, düz-əməlli yaza da bilmirdi.

Safiyə xanım:

– Mənə elə gəlir ki, – dedi, – o, Fişgetdin bəyin qardaşı oğlu da deyil. Bizim müdiri başa salın. İndi belə şeylər çox olur. Qəzetlərdə oxumursan?

Ağlıma batdı. Gedib bu söhbəti olduğu kimi müdirə söylədim. Müdir:

– Aman, sus! – dedi. – Mən də şübhə edirəm. Mən hələ bu qədər cahil adam görməmişəm. Düzünü öyrənmək üçün nə edək?

– Siz onun diplomunu mənə verin, – dedim. – Gedib öyrənərəm.

Diplomu alıb elə həmin gün hüquq fakültəsinə getdim. Məlum oldu ki, diplom saxtadır. Müdir:

– Amanın günüdür, bir az da gözləyək, – dedi. – Hay-küy salmayaq. O, doğrudan da, Fişgetdin bəyin qardaşı oğludursa, başımız bəlaya düşər.

Aradan yenə bir qədər vaxt keçdi. Şöbəmizdə əcaib hadisələr baş verməyə başladı. O günə qədər otağımızda bir sancaq belə itmədiyi halda, indi pullarımız, bahalı qələmlərimiz oğurlanmağa başladı. Təkin bəyin idarəyə hər gəldiyi gün otağımızda bir şey yox olurdu. Bir gün də Müştaq bəyin təzə paltosu yoxa çıxdı. Kuryeri sıxma-boğmaya saldıq. O isə:

– Mən oğrunun kim olduğunu bilirəm, – dedi, – amma deyə bilmərəm. Başımı bəlaya soxmaq istəmirəm.

– Heç kəsə demərik, – deyə söz verdik.

Kuryer ancaq bundan sonra:

– Hər şeyi oğurlayan Təkin bəydir, – dedi. – Qapıdan neçə dəfə göz qoymuşam. O oğurlayır.

Bundan sonra idarənin inventarları da yoxa çıxmağa başladı. Bir gün də yazı makinası yox olanda gedib vəziyyəti müdirə danışdım.

Müdir:

– Heç səs salma, – dedi. – Aradabir mənim otağıma da gəlir. Nə vaxt gəlirsə, bir şey yoxa çıxır. Dünən də təzə alışqanım getdi.

Qayıdıb otağımıza gəldim. Bircə Fişgetdin bəyin qardaşı oğlu olmadığını öyrənə bilsəydim, ona bir divan tutardım ki!..

Bir gün Müştaq bəy:

– Bu hərif, görəsən, əsgərlik edib? – deyə soruşdu.

– Edib. Ehtiyat zabitidir.

– Yalandır. Onun hərbi işdən qəti anlayışı yoxdur.

Gedib bunu da müdirə söylədim.

– Mən də şübhə edirəm, – dedi. – Bunu necə öyrənək?

– Hərbi şöbəyə gedib öyrənərəm.

Gedib nə öyrənsəm yaxşıdır? Onun hərbi bileti də saxta imiş. Müdirə dedim:

– Bu adamı polisə verməliyik.

– Verməyinə verək, – dedi, – amma Fişgetdin bəyin qardaşı oğludursa, onda necə olsun?!

Biz yenə heç bir şey edə bilmədik. Bu Təkin bəy yavaş-yavaş qovluqları da qurdalamağa başladı. Əvvəllər idarəyə az gəldiyi halda, indi tez-tez görünməyə başladı. Yoldaşlar göz-qulaq olsalar da, o öz bildiyini edirdi. Hər necə olsa, biz ona “ora-bura əl vurma” deyə bilməzdik.

Onun bu əməliyyatlarının səsi tezliklə çıxmağa başladı. Məlum oldu ki, o, vətəndaşlardan “Sizin işi tez həll etdirərəm” deyə pul almağa başlayıb. Yoldaşlarımızdan İrfan bəy bu zaman dedi:

– Nə deyirsiniz deyin… Bu hərif heç vaxt Fişgetdin bəyin qardaşı oğlu ola bilməz!

– Amma olarsa?..

– Ola bilməz! Çünki onun adı heç Təkin də deyil.

– Bəs nədir?

– Doğan…

– Doğrudanmı?

– Vallah, elədir. Bu günlərdə onu bir yoldaşı ilə gördüm. Kinoklubda bir yerdə idilər… Həmin adam ona hey Doğan deyirdi. Bir dəfə də olsun Təkin demədi.

Müdirin yanına gedib eşitdiklərimi dedim.

O yenə:

– Mən çoxdan bəridir ki, şübhələnirəm, – dedi. – Bunu bircə öyrənə bilsəydik…

– Mən öyrənərəm!

Araşdırdım, məlum oldu ki, onun pasportu da saxta imiş. Sonra müdirə dedim:

– Daha durmaq vaxtı deyil! Onu dərhal polisə təslim etmək lazımdır.

– Bəs birdən Fişgetdin bəyin qardaşı oğlu çıxsa, onda necə olar?

***

Xadimə qadının iki gözü çeşmə olmuşdu. Səbəbini soruşduqda məlum oldu ki, Təkin bəy “səninlə evlənəcəyəm” deyə idarədə işləyən dörd qızın başına gətirdiyi işi onun da başına gətiribmiş. Qızlara çox acığım tutdu, onları danladım:

– Görünür, elə siz onun belə rəftarına hazırmışsınız! Gözləyirmişsiniz ki, bu hərif gəlsin və sizi belə aldadıb biabır etsin!

Qızlar da polisə şikayət etmək fikrində olduqlarını dedilər. Ancaq Fişgetdin bəydən qorxduqları üçün bunu edə bilmirdilər. Sonra məlum oldu ki, Təkin bəy dəftərxanadakı dul bir qadına da evlənmək vədi verib on min lirəsini əlindən alıbmış.

İşə gəlməsi heç altı ay olmamışdı. Amma o, idarənin altını-üstünə çevirmişdi. Aldatmadığı, kələk gəlmədiyi adam qalmamışdı. Bir iş üçün idarəyə gələn vətəndaşlardan tutmuş müdirə qədər hərəyə bir badalaq gəlmişdi.

Nəhayət, idarənin bütün əməkdaşları toplanıb bu bəlanı başımızdan necə rədd etmək yollarını müzakirə etdik. Hamı ondan şikayət etdi. “Səni məmur vəzifəsinə təyin etdirəcəyəm” deyə qapıçının iki yüz lirəsini əlindən alıbmış. Müdir müavininin evində hoteldəymiş kimi iki ay yaşamış, sonra onun xalçasını və radiosunu oğurlayıb satıbmış… Fişgetdin bəyin qardaşı oğlu olmasından qorxub heç kəs bu günə qədər çınqırını çıxarmamışdı. Yoldaşlardan biri: “Belə tərbiyəsiz adam heç vaxt Fişgetdin bəy kimi tanınmış bir şəxsin qardaşı oğlu ola bilməz”, – deyə inad etdi.

– Aramızdan bir nümayəndə seçib Fişgetdin bəyin yanına göndərək… Bu yolla Təkinin onun qardaşı oğlu olub-olmadığını öyrənə bilərik.

Son qərarımız belə oldu.

Biz bu qərara gələndə xəbər tutduq ki, Fişgetdin bəy idarəmizə gəlməyə hazırlaşır. Hə, indi hərifin vay halına! Onun bütün saxtakarlıqlarının üstü açılacaq. Fişgetdin bəy onu görən kimi işi bitəcək. Biz hər cür hazırlığı başa çatdırdıq. Onu dərhal tutub polisə verəcəkdik.

Müştaq bəy:

– Yox… bu azdır, – dedi. – Onun üzünə iki dəfə tüpürmədən polisə vermərəm.

Müdir müavini:

– Mən də onu yaxşıca əzişdirəcəyəm, – dedi.

Onun aldatdığı qızlardan biri çantasında şiş dabanlı bir tufli gəzdirirdi. O bu tufli ilə hərifin başına vuracaqdı. Beləliklə, hərə özünə görə bir hazırlıq görmüşdü. Mən bunu hiss edib:

– Nə edəcəksinizsə edin! – dedim. – Ancaq amanın günüdür, onu şikəst etməyək.

Mənim də öz planım vardı. Stolumun üstündə yarımlitrlik bir mürəkkəb şüşəsi hazır dururdu. Onu hərifin başına tökəcəkdim. Fişgetdin bəyin idarəmizə gələcəyini öyrənərsə, hərif buraya ayaq basmaz deyə bu məsələni ondan gizlədirdik. Fişgetdin bəyin gələcəyi günü Təkinin də orada olması üçün müxtəlif tədbirlər gördük.

Nəhayət, Fişgetdin bəy gəlib çıxdı. Təkin də bu vaxt bizim otaqda idi. Müdir bir yol tapıb Fişgetdin bəyi bizim otağa gətirəcəkdi. Hamı həyəcan içində idi. Hər kəs hazırlığını başa çatdırmışdı. Çayçı bir vedrə su qaynatmışdı. O bu qaynar suyu Təkin bəyin başına tökəcəkdi. Biz polis idarəsinə də xəbər vermişdik və oradan üç polis gəlmişdi. Onlar hərifi tutub aparacaqdılar.

Nəhayət, Fişgetdin bəy ətrafında müdir və müavini bizim otağa gəldi. İdarəmizin bütün əməkdaşları da qapının arxasına yığışıb gözləyirdilər. Kiminin əlində zopa, kiminin əlində süpürgə…

Fişgetdin bəy içəri girər-girməz Təkin yerindən sıçrayıb ona tərəf cumdu və əlini öpdü. Fişgetdin bəy:

– Sağ ol, oğlum! – dedi.

Təkin:

– Əmidostum necədir, yaxşıdırmı? – deyə soruşdu.

– Allaha şükür, yaxşıdır, hamı canına duaçıdır.

Təkin:

– Əmidostum mənə nə qədər “Təkin, evə gəl, qonaq ol” deyir. Amma heç cür vaxt tapıb gedə bilmirəm. Əmidostumun yanında üzüqara oldum. Məni buraya qulluğa düzəltdiyiniz gündən inanın ki, boş vaxtım olmur.

Fişgetdin bəy bir Təkinə baxdı, bir müdirə:

– Siz necə, Təkindən razısınızmı? – deyə soruşdu.

Müdir:

– Çox razıyam, əfəndim! – dedi.

– Şöbə müdiri kimdir?

Müdir məni göstərdi.

Fişgetdin bəy:

– Necədir, Təkin işin öhdəsindən yaxşı gəlirmi?

– Ah, əlbəttə!

Çölə çıxdılar. Onlar qapıdan çıxanda Təkin Fişgetdin bəyin əlini bir də öpdü. Biz yerimizdəcə quruyub qaldıq.

İki ay sonra Təkinin vəzifəsi böyüdüldü.

Dünən o, yüz lirə versəm, mənə həkimdən biraylıq işdən azadolma kağızı düzəldəcəyini söylədi. Bilmirəm bu pulu ona verim, ya yox. Bu haqda fikirləşirəm.

Tərcümə edəni: Yusif Şirvan