Читать книгу «Hekayələr» онлайн полностью📖 — Азиза Несина — MyBook.

UÇURUMA YUVARLANIRIQ

Çayxanada bir şillə səsi eşidildi: “Şapp!” Nərd və kart oyunu dayandırıldı, söhbət kəsildi. Başlar şillə səsi gələn tərəfə çevrildi. Şapalağı yeyən cüssəli bir adam idi, vuran isə onun tam əksinə, arıq, sısqa və balacanın birisi idi. Cüssəli adamın yanağında sısqa adamın beş barmağının izi qalmışdı. Çayxanadakılara elə gəldi ki, iricüssəli adam onu vuran bu balaca adamı indicə ayağının altına alıb palçıq kimi tapdalayacaq. Amma elə olmadı. O:

– Şikayət edəcəyəm, – deyə bağırdı.

Heç kəsdən səs çıxmadı. Şillə yeyən adam sonra:

– Hamınız şahidsiniz, – dedi və boyu onun çiynindən belə olmayan arıq adama tərəf çevrildi.

– Gedək polis idarəsinə!

Sısqa adam ona cavab vermək əvəzinə milçək qovalayırmış kimi əlini yellədi. Cüssəli adam bayıra yüyürdü. İçəridəkilər yenə oyunlarını, söhbətlərini davam etdirdilər. Az sonra cüssəli adam bir polis nəfəri ilə gəldi və onu vuranı göstərərək:

– Budur, – dedi. Sonra orada oturanlara baxıb əlavə etdi: – Bunlar da gördülər.

Polis sısqa adamla yaxınlıqda oturmuş dörd nəfəri idarəyə apardı. Polis idarəsində cüssəli adam hələ də qızarmış sol yanağını tutmuşdu.

– Bu adamdan şikayətim var, komissar bəy! – dedi. – Mənə şillə vurdu. Bu adamlar da gördülər.

Komissar əvvəl döyən ilə döyülənin, sonra da şahidlərin kim olduqlarını makinada yazdırdı. Şikayətçi onu şillələyən adamı heç tanımadığını söyləyirdi. Şahidlərsə:

– Biz heç bir şey görmədik, – dedilər.

Cüssəli adam:

– Şillənin səsini də eşitmədiniz? – deyə soruşdu.

Onlar nə bir şey gördüklərini, nə də bir səs eşitdiklərini bildirdilər. Alçaqboylu, arıq adam isə:

– Bəli, – dedi. – Mən inkar etmirəm. Bu adamı şillələdim.

Komissar:

– Nə üçün? – deyə soruşdu. – Aranızda ədavət vardımı? O sizi təhqir etmişdi?

– Aramızda heç bir şey yoxdur. Mən onu heç tanımıram da.

– Yaxşı, bəs necə oldu ki, onu vurdunuz?

Arıq adam məsələni anlatmağa başladı:

– Dünən axşam işdən evə gəldim. Gördüm ki, işığımızı kəsiblər. Pulunu verməmişdik. Bütün gecəni qaranlıqda qaldıq. Yata da bilmədim. Evlərdən uzaq, anam da iki ildir xəstədir. Yazıq arvadı mədə ağrısı öldürür. Səhər tezdən yataqdan qalxdım. Gördüm ki, sol böyrüm tamamilə quruyub. Yatdığımız otağın pəncərə şüşələri üç ay əvvəl sınmışdı. Saldırmağa şüşə tapa bilmirik. Elə bil ki, şüşə ceyran belinə minib. Pəncərəyə döşəkağı asmışıq. Amma faydası yoxdur. Külək və soyuq səhərə kimi otağı buzxanaya çevirir. Nə isə… Yataqdan qalxdım, üzr istəyirəm, ayaqyoluna getdim, gördüm ki, suyumuz da kəsilib. Çöldə şıdırğı yağış yağır, amma boruda su yoxdur. Otağa qayıtdım. Tir-tir titrəyirdim. Bir az odun almışdıq, o da qurtarmışdı. Mən hər səhər işə getməzdən əvvəl qəzet oxuyuram. Bu gün də qəzetə baxdım. Orada “Gözəllik müsabiqəsi”, “Qalatasaray” futbol klubunun1 oyunu”, “Gömrükdə saxlanılmış 300 ton qəhvənin aqibəti” kimi başlıqlar vardı. Evdən baş götürüb getmək istədim. Çölə çıxmaq istəyirdim ki, məhkəmə icraçısı ilə bir vəkil qapıda qabağımı kəsdi. Kirə pulunu verə bilmədiyimizdən ev sahibi bizi məhkəməyə vermişdi. Onlar müsadirə etmək üçün evimizi axtarmağa başladılar. Mən məhkəmə icraçılarının evimizə gəlməsini heç xoşlamıram. Müsadirə etməyə bir şey tapa bilməyəndə adam xəcalət çəkir.

Onlar evə göz gəzdirib:

– Bu divanı götürək! – deyə təkid etdilər.

Onların “divan” deyə əllərini uzatdıqları şey üstü əsgi parçaları və yırtıq yorğanlarla örtülü qənd qutuları idi. Vəkil bunları görüb bu səfər:

– Radionu götürək! – dedi.

“Bu radionu aparsalar, canım qurtarar”, – deyə sevindim. Radiomuz ilin on ayı təmirdə olur. Güclə pul qazan, onu da radio təmirinə ver. Əslində, bizi bu vəziyyətə salan elə radiodur…

Onları yola salıb mən də qapıdan çıxanda arvadım:

– Qız məktəbə getmir, – dedi.

– Nə üçün?

– Bədən tərbiyəsi müəllimi ona ağ rezin ayaqqabı gətirməyi tapşırmışdı. Onsuz dərsə buraxmayacaq.

– Yaxşı, bir şey fikirləşərik… – dedim.

Küçəyə yüyürdüm. İşə gecikmişdim. “Bu gün işə getməyəcəyəm”, – deyə qərar verdim. Şiddətli yağış yağırdı. Bizim tərəflərdə tramvay xəttini də sökmüşdülər. Avtobus da yarım saatdan bir gəlir. Minmək mümkün olmur. Ağzına kimi adamla dolu olur.

Yağış isə hey tökürdü. Ayaqqabılarım da su keçirirdi. Yamanca islanmışdım. Tir-tir titrəyirdim. Cavan bir oğlan mənə yaxınlaşdı.

– Bağışlayın, əmican! – dedi.

Mənə elə gəldi ki, vaxtı soruşacaq. O isə soruşdu:

– Dünənki futbol oyunundan xəbəriniz varmı? Deyə bilməzsinizmi?..

– Lənət sənə, kor şeytan. Heç yeridirmi? – dedim və yoluma davam etdim.

Orada bir çayxana var. İçəri girdim. Üst-başımdan su sızırdı. Bir çay istədim. Yanımda da şillə vurduğum bu adam oturub qəzet oxuyurdu. Mən bu vaxt öz-özümə “Yarəbbi, mənim halım necə olacaq? Axırımız haraya gedib çıxacaq?” – deyə düşünürdüm. Mən bu fikirdə ikən həmin adam əlindəki qəzeti qəzəblə kənara atdı:

– Bəli, – deyə bağırdı. – Ölkə uçuruma yuvarlanır!

Onun da mənim kimi dərdli olduğunu zənn etdim. Fikirləşdim ki, söhbət edərik, dərdimizi bir-birimizə açarıq:

– Cənab, nə olub? – deyə soruşdum. – Bağışlayın, işinizə qarışıram, niyə hirsləndiniz?

O, yenə hərarətlə:

– Daha nə olacaq ki! – dedi. – Ölkənin bir sahibi yoxdur, canım! Namusuma and olsun ki, sahibi yoxdur!

Ondan sonra daha nə olduğunu deyə bilmərəm. Vallah, heç özüm də başa düşmürəm, komissar bəy! Mən ömrümdə heç kəsə çırtma belə vurmamışam. Amma necə oldu, bilmirəm. Bədənimdə sanki bir düymə basıldı, oraya elektrik qüvvəsi buraxıldı, bu sağ əlim birdən havaya qalxdı. Hərifin üzünə bir şillə çəkdim. Bunu inkar etmirəm. Vurdum, amma qəsdən yox. İradəmdən xaric bir işdi, baş verdi.

Komissar şillə yemiş adama baxdı və dişlərini qıcıdaraq bir-birinə sıxdı. Sonra sağ ovcunu qaşımağa başladı və cüssəli adama:

– Haydı, uzatmayın, barışın! – dedi.

Cüssəli adam:

– Barışmaram! – deyə inad etdi.

Komissar makina arxasındakı polis nəfərinə:

– Onda yaz! – dedi. – “Şikayətçi: “Ölkə uçuruma yuvarlanır, ölkənin sahibi yoxdur” deyərək…”

Cüssəli adam bu sözlərin komissarın dilində necə səsləndiyini görcək:

– Yaxşı, cənab komissar, siz deyən olsun. Niyə uzadırıq ki, barışaq, – dedi.

Tərcümə edəni: Yusif Şirvan

BİZ EVƏ QƏZET ALMIRIQ

Ankarada, neçə ildən bəri görüşmədiyim çox yaxın bir dostumun evində qonaq idim. Səhər tezdən yuxudan oyanan kimi qəzet oxumasam, başqa iş görə bilmərəm. Mən qonaq olduğum yerdə də bu vərdişimdən əl çəkmək istəməyib səhər tezdən xidmətçidən qəzet istədim. O, əvvəlcə özünü eşitməzliyə vurdu. İkinci dəfə istəyəndə isə bir söz deməyib getdi. Mən elə bildim ki, o, qəzet gətirməyə gedib. Bir az sonra dostumun arvadı salona gəldi.

– Sabahınız xeyir!

– Sabahınız xeyir.

– Rahat yata bildinizmi?

– Çox rahat yatdım.

– Xidmətçidən qəzet istəmisiniz?

– Bəli.

Qadın pıçıltı ilə dedi:

– Biz evimizə qəzet almırıq.

Mən də onun kimi pıçıltı ilə soruşdum:

– Nə üçün?

O, yenə də pıçıltı ilə dedi:

– Əvvəllər hər səhər üç qəzet alırdıq, amma indi altı aydır ki, evimizə qəzet gəlmir.

Mən yenə də pıçıltı ilə:

– Nə üçün yavaşcadan danışırsınız? – deyə soruşdum.

O, bir az da qulağıma tərəf əyilib dedi:

– Uşaqlar eşitməsin deyə…

Bu zaman dostum o biri otaqdan arvadını çağırdı.

Səhər yeməyində özümü saxlaya bilməyib dostumdan soruşdum:

– Nə üçün sizin evə qəzet gəlmir?

O, gözü ilə uşaqlara tərəf işarə etdi, barmağını dodağının üstünə qoydu:

– S-s-s.

Az sonra uşaqlar bağçaya oynamağa getdilər. O zaman dostum mənə dedi:

– Evə necə qəzet alım? Başımıza nə oyun gəldiyini bilsəniz, bunu soruşmazsınız. Oğlum ikinci sinifdə, qızım birdə oxuyur. Ən kiçiyi isə hələ məktəbə getmir. Amma o da artıq oxumağı öyrənib.

Bir dəfə bazar günü idi. Hamımız evdə idik. Biz bazar günü beş, başqa günlər isə üç qəzet alırdıq. Anam paltar ütüləyirdi. Bu zaman oğlum:

– Nənəcan, striptiz nə deməkdir? – deyə soruşdu.

Anam:

– Sus, o nə sözdür… Bu saat ağzına istiot tökərəm. Belə tərbiyəsiz sözləri haradan öyrənirsən?! – deyib oğluma acıqlandı.

Mən həmişə düşünürdüm ki, uşaqların bütün suallarına cavab vermək lazımdır. Əlbəttə, onların anlaya biləcəkləri bir şəkildə… Həm də uşaqların sual vermək arzu- sunu boğmaq çox böyük səhvdir. Bu onlarda daha böyük maraq oyadır və mütləq başqa adamlardan suallarına cavab axtarırlar. Bunun isə nəticəsi çox vaxt ürəkaçan olmur.

Oğlum anamın sualına:

– Heç kimdən öyrənməmişəm, nənəcan, qəzetdə yazılıb… – deyə cavab verdi. – Bax yazır ki, “Striptiz ulduzu…”

– Sus deyirəm sənə! – deyə anam acıqlanaraq qəzeti oğlumun əlindən aldı. Mən yavaşcadan anama dedim:

– Uşağa belə acıqlanmaqla heç də yaxşı iş görmədin! İndi uşaq daha da maraqlanacaq. Onların hər sualına cavab vermək lazımdır… Uşağı başa sal!

– Görəcək günlərimiz varmış! – anam dedi. – Əl boyda uşağa bu yaşımda striptiz nə olduğunu öyrədim?

Oğlum anamla nə haqda danışdığımı hiss etdi və bu səfər mənə yaxınlaşıb soruşdu:

– Ata, sən bilirsən striptiz nə deməkdir?

– Qəzeti gətir baxım!

Gətirdi. Qəzetdə böyük bir şəkil var idi: bir yarıçılpaq qadın başını geriyə əymişdi. Şəkil çox yaxından və ön tərəfdən çəkilmişdi. Oğluma striptizin nə olduğunu anlatmaq istəyərkən o biri uşaqlar da yanıma gəldilər:

– Bu şəkli görürsünüz də… Qadınlar paltarlarını belə çıxarıb soyunur və rəqs edirlərsə, ona striptiz deyirlər. Bu şəkildəki qadın da striptiz oynayandır.

Bu dəfə qızım soruşdu:

– Oğlanlar da striptiz oynayırlar?

– Hələ ki striptizi yalnız qadınlar oynayırlar.

– Nə üçün oğlanlar oynamırlar?

İndi mən buna nə cavab verməli idim?!

– Kişilərə yaraşmaz, – dedim, – təkcə qadınlar oynayır.

– Nə üçün axı?

Buna da çətinliklə cavab verdim.

– Qadınlarda daha yaxşı alınır.

– Mən də böyüyəndə striptiz oynayacağam?

Nənəsi qızımın bu sualını eşidən kimi:

– Hə, indi cavab ver görək! – deyə üstümə bağırdı.

– Sən oynamayacaqsan, qızım… – dedim.

– Niyə? Axı mən də qızam…

Uşaqların ən balacası hər şeyi bilirmiş kimi ona dedi:

– Axmaq, çünki sən hələ balacasan, böyük qızlar striptiz oynayırlar.

Qızım birdən anamdan soruşdu:

– Nənəcan, sən də cavanlıqda striptiz oynamısanmı?

Anam üzünü mənə tutub:

– Öyrət uşaqları, öyrət, – deyə bağırdı. Başını bulayıb mətbəxə getdi.

Bu dəfə oğlum soruşdu:

– Ata, qadınlar nə üçün soyunurlar?

– Kişilərin xoşuna gəlmək üçün…

– Axı indi hava soyuqdur…

– Onlar örtülü, isti yerdə soyunurlar.

– Hə, başa düşdüm, hamamda…

Lap kiçik uşağım anasından soruşdu:

– Ana, sən striptiz oynayırsanmı?

Arvadım:

– Sizin başqa işiniz yoxdurmu? – deyə acıqlandı. – Haydı, keçin içəri!

Uşaqların hərəsi bir tərəfə çəkildi. Bu məsələ ilə əlaqədar olaraq anam mənim xəbərim olmadan qızıma:

– Tərbiyəli qadınlar striptiz oynamazlar, – deyibmiş, – striptiz oynamaq ayıbdır…

Heç uşağa belə söz deyərlər? Nə isə… Elə həmin axşam bir rejissor, bir mühəndis, bir də baş müdir işləyən üç dostum arvadları ilə birlikdə bizə şam yeməyinə gələcəkdilər. Dostum rejissorun arvadı bir zamanlar rəqqasə olub… Bu qadın haqqında xoşagəlməyən şeylər də danışırdılar. Baş müdir olan dostumun evlənməyi isə lap qəribə olmuşdu. Yanında işləyən ərli bir qadınla sevişərkən iş başında yaxalanır. Qadının əri arvadına o adamla evlənərsə, onu məhkəməyə verməyəcəyini söyləyir. Onlar da beləcə evlənirlər. İşin maraqlı cəhəti budur ki, baş müdirin əvvəlki arvadı da başqa bir evdə belə bir iş üstündə yaxalanmış, hətta adı qəzetlərə belə düşmüşdü. Gənc mühəndisin arvadı isə məşhur bir kino ulduzu idi.

Bilirsən ki, mənim əvvəldən kinoya böyük marağım var. Biz dördümüz bir film şirkəti qurmaq istəyirdik. Mən ssenari yazacaqdım. Baş müdir mühəndislə sərmayə qoyacaqdılar. Mühəndisin arvadı baş rolu oynayacaq, rejissor dostum isə filmi çəkəcəkdi. Beləcə, ilk filmimizi birlikdə ucuz başa gətirəcəkdik. Şam yeməyinə toplaşmaq- da məqsədimiz də iş haqqında söhbət etmək idi.

Qonaqlar gəldilər. Süfrəyə keçməzdən qabaq salonda söhbət edirdik. Qonaqların xanımları bizim uşaqları çox sevirdilər. Qardaşım, bu vaxt başımıza gör nə iş gəldi! Böyük oğlum birdən rejissorun rəqqasə olmuş arvadından:

– Xala, siz striptiz oynayırsınızmı? – deyə soruşdu.

Elə çıxdı ki, guya biz uşağı öyrətmişik. Keçmiş günlərini unutdurmağa çalışan qadın pərt oldu. Mən o saat dişlərimi ağardıb dedim:

– Hi-hi-hi… Bu gün uşaq qəzetdə striptiz haqqında oxuyub.

Bunun dalınca qızım başladı:

– Mən böyüyəndə striptiz oynayacağam…

Kiçik oğlum:

– Oynaya bilməzsən! – deyə onun üstünə bağırdı.

– Niyə oynaya bilmərəm? Lap yaxşı oynayaram!

– Nənəm dedi ki, striptizi pis qadınlar oynayırlar, – deyə üzünü rəqqasə qadına tutdu. – Elə deyilmi, xala?

Allah bunların cəzasını versin… Böyük oğlum da dedi:

– Amma atam qadınların nə üçün soyunduqlarını bizə demədi.

Baş müdir məni çətin vəziyyətdən qurtarmaq üçün dedi:

– Oğlum, bu, bir sənətdir! Sənət! Gözəl qadınlar soyunur, başqaları da onu seyr edirlər.

Bu dəfə baş müdirin arvadı ərini qısqandı, keçmiş rəqqasəyə tərəf baxıb:

– Əlbəttə, sənətdir, oğlum… O işin də öz ustası var, hər qadın soyunmaz, – deyə ona söz atdı.

İndi gəl çulu sudan çıxart! Nə isə, qardaş, mən dərhal söhbəti dəyişdim. Arvadım uşaqları apardı. Ancaq bir az sonra qızım əlində qəzet qaça-qaça gəlib kino ulduzu olan mühəndisin arvadından soruşdu:

– “Bir gecəlik qız” nə deməkdir?

Qadın qıpqırmızı oldu. Kiçik oğlum:

– Mən də oxumuşam, – dedi, – qəzetdə belə bir qızın həyatından yazıblar. Mən bunun nə demək olduğunu bilirəm.

Böyük oğlum ona:

– Az danış, – dedi. – Mən bilməyəndən sonra sən haradan biləcəksən… Ata, “Bir gecəlik qız” nə deməkdir?

İki od arasında qalmışdım…

– Bəzi qadınlar var ki… Onları… pul ilə alırlar… – dedim.

– Elədirsə, onda çox yaxşı şeydir. Belə bir iş görmək üçün neçə sinif oxumaq lazımdır?

Mən qızımı başa salarkən oğlum bir yandan qışqırdı:

– “Namünasib vəziyyətdə” nə deməkdir, ata?

Bayaq baş müdirin arvadı rəqqasəyə söz atmışdı. Bu dəfə rəqqasə:

– Quzum, sən onu bu xaladan soruş! – deyə baş müdirin arvadını göstərib dedi. – Belə şeylərdən onun yaxşı başı çıxır.

Vəziyyət çox gərgin idi. Arvadım bu xoşagəlməz vəziyyəti yüngülləşdirmək üçün:

– Süfrəyə keçəkmi? – deyə soruşdu.

– Siz bilərsiniz… Amma məncə, hələ tezdir…

Bunu deyən mühəndisin arvadı idi. Anam uşaqları yan otağa apardı. Bir az sakitləşdim. İçəridən uşaqların səs-küyü gəlirdi. Otaqdakı gərgin vəziyyət bir az yatmışdı ki, oğlum əlində bir qəzet qaça-qaça yanımıza gəldi. Qardaş, elə bil öyrətmişdik, gələn kimi rejissorun arvadından soruşdu.

– Xala, “Ümumi ev”2 necə olur? Bax, burada şəkli var…

O saat oğluma dedim:

– Buraya gətir baxım! Gəl mən deyim. – Üzümü qonaqlara tutub: – Uşaqdır da… ona hər şey maraqlı gəlir… Qəzetdə nə görsələr, nəyi oxusalar, soruşurlar.

– Ata, tez ol, de…

– “Ümumi ev”, bir növ, evdir də…

– Bizim ev kimi?

Qonaqlar gülüşdülər, mən isə ciddi bir halda dedim:

– Xeyr, bizimki xüsusi evdir.

– Axı “Ümumi ev” necə olur?

– Sabah səni başa salaram. Haydı, qaç uşaqların yanına…

– Axı “Ümumi ev”də nə edirlər?

– Nə edəcəklər, canım, yaşayır, yatırlar. Evdir də…

Bundan sonra qızım əlində bir qəzet əlavəsi ilə gəlib kino ulduzuna dedi:

– Xala, bax, bu abla3 deyir ki…

– Hansı abla?

Qızım qəzetdən məşhur bir kino ulduzunun adını oxudu.

– Bu abla deyir ki, “Şöhrətin yolu rejissorun yatağından başlayır…”

Rejissorun arvadı qısqanclıqla:

– Əlbəttə, – dedi, – rejissorun yatağından başlayır…

– Ata, niyə rejissorun yatağından başlayır? Kino ulduzunun öz yatağı yoxdur ki, rejissorun yatağında yatır?

– Var, qızım, var… Amma məsələn… Bəzən gec olanda və ya xəstələnəndə…

– Deməli, bərabər yatırlar…

– Canım, niyə də yatmasınlar, bunda nə var axı?

– Soyuq olduğu üçün, hə?

– Hə, hə, soyuq olduğu üçün…

Birdən mühəndisin arvadı ayağa qalxıb dedi:

– İcazənizlə biz gedək!

– A-a-a, bəs yeməyə qalmayacaqsınız?

İndi də rejissorun arvadı mühəndisin arvadına söz atdı:

– Kino ulduzumuz hirsləndi…

– Mən niyə hirslənim, elə əsl kefi pozulan sənsən… Balaca bir uşaq “Ümumi ev” haqqında soruşmaqla nə etdi axı, üzün belə qızardı?

Baş müdirin arvadı da yerindən qalxdı:

– Biz də gedirik…

– Xanım, rica edirəm… Üzr istəyirəm… Əgər bizim… – deyə vəziyyətdən çıxmağa çalışsam da, bir şey alınmadı. Qonaqlar çıxıb getdilər.

Bizim film işimiz beləcə alınmadı. O üç dost həm bizdən, həm də bir-birindən incidi… Onlar gedəndən sonra arvadım uşaqları döyməyə başladı. Zorla uşaqları onun əlindən aldım. Döymək daha pis nəticə verir…

O gündən sonra evə qəzet alınmasını qadağan etdim. Mən qəzetləri işdə oxuyuram, sonra gizlincə evə gətirirəm. Arvadım da yatanda oxuyur… Bu evə qəzet alınmır, qardaşım, alınmayacaq da! Səbəbi sizə aydın oldumu?

Tərcümə edəni: Oqtay Orucov
...
5