Читать книгу «Əhməd bəy Ağaoğlu» онлайн полностью📖 — Айдына Гусейнага оглы Балаева — MyBook.
image

Paris illəri

Uzun gözləntidən sonra, 1888-ci il may ayının ortalarında Əhməd bəy, nəhayət ki, evdən məktub və təxminən 1000 franka bərabər olan 400 rubl pul alır. Təbii ki, həmin anda onun sevincinin həddi-hüdudu yox idi və özünün də etiraf etdiyi kimi, əgər məktubla pulu gətirən poçtalyondan utanmasaydı, durub «Uzundərə» oynayacaqdı. Əhməd bəy hər şeydən öncə borclarını qaytarmasından və bununla da Qafqazdan olan tamamilə yad bir tələbəyə xeyirxahlıq edərək aylarla borc vermiş insanların etimadını doğrultmasından məmnun idi. Hərçənd az sonra məlum oldu ki, Paris üçün bu, adi bir şeydir, digər tələbələr də həmin imkanlardan yararlanırlar. Tanış baqqalın ona söylədiyi kimi, «bu kimi yaxşılıqlar bir şey deyil. Kifayətdir ki, arada etimad olsun. Bu etimad məsələsində isə ən öndə gələn türklərdir. Türk tələbəyə kreditə otaq, ərzaq, hətta paltar da verirlər. Çünki bilirlər ki, onlar nə olsa da, borclarını qaytaracaqlar. Lakin, məsələn, yunanlar belə deyillər. Yunan tələbəyə əsla etimad edilməz. Çünki pulları olduğu halda belə borclarını ödəməzlər».

Əhməd bəy borclarını qaytardıqdan sonra yaşamaq üçün daha münasib bir yer axtarmaq qərarına gəldi. Axırda Rue de Glacier küçəsində yerləşən pansionda otaq kirayələdi. Tezliklə həmin pansionda qalan iki iranlı və üç misirli tələbə ilə dostlaşan Ə.Ağaoğlu elə onların məsləhəti ilə Parisin iki nüfuzlu elm və tədris mərkəzində – Fransa kollecində və Ali tətbiqi araşdırmalar məktəbində mühazirələr dinləməyə başladı. Həmin vaxt Parisin elmi dairələrində böyük nüfuz sahibi olan görkəmli fransız filosof və tarixçi Ernest Renan (1823–1892) hər həftə Fransa kollecində məruzələrlə çıxış edirdi. Ali tətbiqi araşdırmalar məktəbində isə İranın mədəniyyət və din tarixinin tanınmış tədqiqatçısı Ceyms Darmesteter (1849–1894) «Şərq xalqlarının tarixi» mövzusunda mühazirələr oxuyurdu. Mübaliğəsiz deyə bilərik ki, məhz bu iki görkəmli alimlə tanışlıq Ağaoğlunun gələcək taleyini əhəmiyyətli dərəcədə müəyyənləşdirmiş oldu.

Əhməd bəy həmçinin 1888/89-cu tədris ilindən etibarən Sorbonna Universitetinin Hüquq fakültəsində dərslərə başladı. Lakin onun maraq dairəsi təkcə hüquq elmləri ilə məhdudlaşmırdı. Belə ki, Ə.Ağaoğlu Şərq sivilizasiyalarının və dinlərinin tarixinə də böyük maraq göstərirdi. Həmin sahələrdə əlavə biliklər əldə etmək məqsədilə o həmçinin Anri Oqüst (1820–1898) və Barbiyer de Meуnard (1826–1908) kimi görkəmli şərqşünasların mühazirələr oxuduğu Canlı Şərq dilləri məktəbinə tez-tez baş çəkirdi.

Ağaoğlunun bir tədqiqatçı və şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayan bu məşhur araşdırmaçılar müxtəlif elm sahələrində fəaliyyət göstərirdilər. Bir-birindən fərqli ideoloji baxışlara sahib olsalar da, onları Şərq dünyasına, ilk növbədə isə İranın tarix və mədəniyyətinə olan ümumi maraq birləşdirirdi. Onlar məşğul olduqları sahəyə sayğı və sevgilərini Əhməd bəyə da aşılaya bilmişdilər. Təsadüfi deyil ki, Ağaoğlunun ilk elmi araşdırmalarının mövzusu İranın islamaqədərki tarixi və inancları olmuşdur.

Parisdəki təhsil illərində Əhməd bəyin bir çox istedadlı şəxslərlə təmasda olmasına baxmayaraq onun yaxın çevrəsini üç nəfər təşkil edirdi. Bunlar filosof və tarixçi Ernest Renan, iranşünas-filoloq Ceyms Darmesteter, eləcə də yazar Cülyetta Adam idi. Ağaoğlunda elmi araşdırmalara marağın yaranmasında bu üç şəxsin, xüsusilə Darmesteterin xidmətləri danılmazdır. Şərq dinləri (zərdüştilik5 və məzdəkilik6) tarixinin, eləcə də sanskrit və qədim İran dillərindəki əlyazmaların tədqiqi ilə məşğul olan Darmesteter 1892–1893-cü illərdə «Avesta»nın tam mətninin fransız dilində tərcüməsini ətraflı tarixi və filoloji şərhlərlə birlikdə nəşr etdirdi. Həmin tərcümədə qədim Atropatena «Avesta»nın vətəni kimi təqdim olunurdu. Üstündən uzun zaman keçməsinə baxmayaraq professor Darmesteterin bu nəşri indinin özündə də «Avesta»nın Avropa dillərinə ən mükəmməl tərcüməsi sayılır.

Əhməd bəyin qızı Sürəyya Ağaoğlunun sözlərinə görə, bu tərcümə Darmesteterlə atasının müştərək əməyinin məhsuludur. Sürəyya xanımın bu iddiası digər mənbələr tərəfindən təsdiqlənməsə də, hər halda, nəzərə almaq lazımdır ki, Darmesteter «Avesta»nın tərcüməsi üzərində işlədiyi vaxt Əhməd bəy Parisdə təhsil alırdı, üstəlik, onun ən sevimli tələbələrindən biri hesab olunurdu. Odur ki dünya ədəbiyyatının ən möhtəşəm abidələrindən olan «Avesta»nın mətninin akademik nəşrinin hazırlanmasında Əhməd bəyin bu və ya digər formada iştirakı tamamilə istisna edilə bilməz.

İstənilən halda məhz Darmesteter Əhməd bəyi Renan və Adam ilə tanış etmiş, sonuncular isə ona Parisin kübar dairələrinin qapalı məclislərinə qatılmaq imkanı yaratmışdılar.

Görkəmli fransız filosof və tarixçi Renan müasir millətlərin yaranması və təkamülü haqqında ilk orijinal konsepsiyanın müəllifidir. Belə ki, dünya elmində ilk olaraq məhz o, 1882-ci il martın 11-də Sorbonna Universitetində oxuduğu «Millət nədir?» adlı məruzəsində bu fenomenin mahiyyətini izah etməyə cəhd göstərmişdir. Həmin məruzəsində insan toplumlarının müxtəlif formalarının təkamül yolunu təhlil edən Renan belə qənaətə gəlirdi ki, millət – «tarixdə olduqca yeni bir fenomen»dir və aqrar cəmiyyətdən sənaye istehsal üsuluna keçid mərhələsində yaranıb. Bununla da o, millətin az qala bəşəriyyətlə birgə yaranması fikrini rədd edirdi. Renan əmin idi ki, «millətlər əbədi deyil, onların başlanğıcı olduğu kimi sonu da vardır».

Ağaoğlunun Parisin kübar cəmiyyətinin say-seçmə nümayəndələrinin – tanınmış siyasətçilər, yazarlar, elm və mədəniyyət xadimlərinin toplaşdığı qapalı aristokratik klubuna, Cülyetta Adamın salonuna giriş əldə etməsində Renanın rolu danılmazdır. Belə ki, Əhməd bəyin bu salona daxil olması üçün xanım Adama ünvanlanan 2 fevral 1891-ci il tarixli zəmanət məktubunu məhz Renan imzalamışdı. Nəticədə xanım Adam tərəfindən salonun qonaqlarına təqdim olunan Əhməd bəy təkcə Parisin yox, bütövlükdə Fransanın siyasi, mədəni və elmi elitasının təmsilçiləri ilə sərbəst ünsiyyət qurmaq imkanı qazanmışdı.

Salonun sahibəsi olan xanım Adam həmçinin 1879-cu ildə təsis olunmuş «La Nouvelle Revue» dərgisinin naşiri və redaktoru idi. Təsadüfi deyil ki, Əhməd bəyin ilk elmi araşdırmaları, «İran cəmiyyəti» başlıqlı məqalələr silsiləsi də 1891–1893-cü illərdə məhz bu dərgidə işıq üzü görmüşdür.

Maraqlıdır ki, ilk tədqiqatlarında Ağaoğlunun İrana pərəstiş və rəğbəti açıq-aşkar sezilməkdədir. Bu məqalələrin məzmunundan aydın görünür ki, o həmin vaxt İran mədəniyyətinin inkişaf potensialı baxımından türk və digər müsəlman xalqlarının mədəniyyətlərindən üstün olması fikrində idi. Buna görə də əminliklə bildirirdi ki, gələcək islam intibahının aparıcı qüvvəsi İran olacaqdır.

Osmanlı imperiyasının imkan və perspektivlərinə isə Ə.Ağaoğlu, yumşaq desək, tənqidi yanaşırdı. O, böyük çətinliklə yenidən dirçəlməyə çalışan bu imperiyanın uğursuzluğa düçar olacağını proqnozlaşdırırdı. Əhməd bəyin fikrincə, Osmanlı dövləti heç bir halda islam dünyasının intibah və yüksəlişinin «lokomotiv»i olmaq iqtidarında deyildi. Bu mənada Polşa tarixçisi Tadeuş Svetoxovskinin belə bir fikri ilə razılaşmamaq mümkün deyil ki, Paris dönəmi yazılarında Ağaoğlu «İran tərəfdarı və Osmanlı əleyhdarı» kimi çıxış edirdi. Hərçənd ədalət naminə etiraf etməliyik ki, Əhməd bəy bu cür mövqe sərgiləyən heç də ilk azərbaycanlı deyildi. Eyni münasibət XIX əsrin digər görkəmli Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundov üçün də səciyyəvi idi. Belə ki, qədim İran mədəniyyətini ideallaşdıran Axundov osmanlılara olan antipatiyasını gizlətmirdi.

Parisdə təhsil aldığı dönəmdə qələmə aldığı yazılarında Əhməd bəy islamdan öncəki İran tarixinin müxtəlif aspektlərinə toxunmaqla bərabər, müasir İranın dövlət dini olan şiəliyin mahiyyəti və tarixi kökləri haqqında da maraqlı fikirlər səsləndirirdi. Bu baxımdan onun 1892-ci ilin sentyabrında Londonda keçirilən IX Beynəlxalq şərqşünaslıq konfransındakı «Şiəlik təlimində məzdəki inancları» adlı məruzəsi xüsusi maraq doğurur. Qeyd edək ki, Ə.Ağaoğlu faktiki olaraq belə nüfuzlu elmi tədbirdə çıxış etmək imkanı qazanmış ilk müsəlman araşdırmaçı idi.

Ağaoğlu məruzəsində göstərirdi ki, şiəlik – islam ehkamları ilə İranın qədim dini inanclarının, ilk növbədə məzdəkiliyin birgə məhsuludur. O, şiə təlimi ilə məzdəkilik arasında paralellər apararaq çoxsaylı tarixi faktları müqayisəli təhlil edirdi. Nəticədə şiəliklə məzdəkiliyin bir çox təməl prinsiplərinin oxşar olması və ya eyniyyət təşkil etməsi qənaətinə gəlirdi. Ağaoğlu vurğulayırdı ki, islamda şiəlik cərəyanı hələ VII əsrdə Ərəb xilafətində hakimiyyət uğrunda gedən mübarizənin nəticəsi olaraq ortaya çıxsa da, onun qəti olaraq formalaşması və islam aləmində real siyasi qüvvəyə çevrilməsi birmənalı olaraq iranlıların xidmətidir. Onun qənaətinə görə, iranlılar şiə təlimini öz milli maraqlarının müdafiəsi vasitəsinə çevirə biliblər. Bunun üçün islamın əsaslarına toxunmaq belə lazım gəlməyib; çünki iranlılar yaxşı anlayırdılar ki, sonuncu addım ərəblərin kəskin reaksiyasına səbəb ola bilər.

Ə.Ağaoğlunun fikrincə, bu baxımdan Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni Əli ibn Əbu Talibin şiəlikdə mərkəzi fiqur kimi seçilməsi də təsadüfi deyildi. Belə ki, Əli ilə düşmənçilik edən ilk üç xəlifə – Əbu Bəkr, Ömər və Osman eyni zamanda iranlıların qatı düşməni hesab olunurdular, çünki məhz onların hökmranlığı dönəmində Sasanilər dövlətinin mövcudluğuna son qoyulmuşdu. Bu mənada iranlıların nəzərində Əli ərəb mənşəyinə baxmayaraq sonuncu Sasani hökmdarı ilə birlikdə ərəblərin şiddət və özbaşınalığından haqsız yerə zərər çəkmiş şəxsiyyət idi. Ən əsası isə iranlıların imam Əliyə olan rəğbətinin başlıca səbəbi onun ikinci oğlu, şiələrin böyük ehtiramla yanaşdıqları imam Hüseynin sonuncu Sasani hökmdarı III Yezdəgirdin qızı ilə evli olmasıydı. Bu səbəbdən Hüseyn iranlılar üçün təkcə xilafətdə ali hakimiyyətə qanuni haqqı olan Məhəmməd peyğəmbərin nəvəsi deyil, həm də Sasani taxt-tacının varisi və İranın islamaqədərki ənənələrinin davamçısı idi. Məlum olduğu kimi, şiə təliminə əsasən yalnız Əli və onun birbaşa varisləri olan imamlar dünyanın bütün müsəlman icmasına rəhbərlik etmək üçün müstəsna hüquqa malikdirlər.

Əhməd bəyin fikrincə, iranlılar Sasanilər sülaləsinin bütün hüquqlarını Əlinin əsas varisi olan imam Hüseynə ötürməklə İranın milli və dini simvolu olan şiəlik təlimini yaradıblar. O bundan çıxış edərək göstərirdi ki, hər bir şiə ilk növbədə iranlıdır, çünki İran kimliyinin təzahürü olan şiə doktrinası mahiyyət etibarilə İranın islamaqədərki tarixi ünsürlərinin daimiliyi və davamlılığı haqqında baxışları təcəssüm etdirir.

Məruzənin sonunda Ağaoğlu bu nəticəyə gəlirdi ki, şiəliyin yaranması iranlıların yadelli ərəblərin yeni dini qarşısında tam təslim olmaq istəməməsindən qaynaqlanırdı. Bu mənada şiəlik İranın milli dini, eyni zamanda ərəblər tərəfindən məğlub edilmiş, lakin sonadək ram olunmamış iranlı ruhunun ifadəsi idi. Ərəblərin islam dünyasındakı dominantlığına qarşı iranlıların təbii özünüqoruma reaksiyası olan şiəlik eyni zamanda ərəb hegemonluğuna qarşı mücadilədə onların əsas ideoloji silahı idi.

Parisdə təhsil aldığı illərdə Ağaoğlu İran tarixi və mədəniyyətinə nə qədər böyük rəğbət bəsləsə də, bu dönəmdə belə o, doğma torpağını ürəkdən sevən və bütün vücudu ilə ona bağlı olan bir insan olaraq qalırdı. Onun 1892-ci ilin sentyabrında şərqşünasların beynəlxalq konfransında iştirak etmək məqsədilə Londona ikihəftəlik səfəri zamanı qələmə aldığı və Tiflisdə nəşr olunan «Kavkaz» qəzetində işıq üzü görən yol qeydləri bunun əyani sübutudur. Belə ki, Britaniya paytaxtının görməli yerləri ilə tanış olan Əhməd bəyin gözləri önündə ilk növbədə doğma Şuşanın mənzərələri canlanırdı. Bu baxımdan Londonun dünya şöhrətli Hayd Parkının onda yaratdığı təəssürat xüsusilə maraqlıdır. O yazırdı: «Budur, bu da Hayd Park. Özünü elə bil Şuşada, Topxanada, ya da köhnə dustaqxananın yanındakı erməni bulvarında hiss edirsən. Budur, dəstə-dəstə azərbaycanlı və erməni avaraları gözlərim önündə canlanır. Onlar Tuman xanın fantastik sərgüzəştlərindən dastanlar, ya da imam Əlinin şərəfinə qəsidələr oxuyan bir aşığın, yaxud dərvişin dövrəsinə yığışıblar…»

Ağaoğlu Britaniya paytaxtının tarixi və memarlıq abidələri ilə bərabər, elm ocaqları və universitetlərinə də xüsusi maraq göstərirdi. 1892-ci il sentyabrın 9-da konfrans iştirakçılarının Britaniya Muzeyinə birsaatlıq qısa ekskursiyası zamanı onu burada ən çox valeh edən Şərq dillərindəki əski və nadir əlyazmalar olmuşdu. Məruzəçisi olduğu konqres bitdikdən sonra Britaniya Muzeyinin İran və semit bölmələri rəhbərlərinin razılığı ilə Əhməd bəy bir həftə ərzində buradakı əlyazmalarla daha yaxından tanış olmaq imkanı qazanmışdı. O etiraf edirdi ki, Türkiyə, İran, Misir, Hindistan və digər Şərq ölkələrindən gətirilmiş əlyazmaların sayı və orijinallığına görə dünyanın heç bir kitabxanası Britaniya Muzeyi ilə rəqabət apara bilməz.

Ağaoğlu Britaniyada olduğu zaman baş çəkdiyi Kembric və Oksford universitetlərini də böyük həyəcanla təsvir edirdi. O, «mühitdən uzaq, əlahiddə fəaliyyət göstərən» bu elm ocaqlarında təhsil almaq və elmi araşdırmalarla məşğul olmaq üçün ideal bir şəraitin yaradıldığını vurğulayırdı. Bu da, onun fikrincə, tələbə və professor-müəllim heyətinə, gündəlik məişət problemlərinin həllinə əlavə vaxt və enerji sərf etmədən bütün səylərini təhsil və elmi tədqiqatlara yönəltməyə imkan verirdi.

Parisdə təhsil aldığı illərdə Əhməd bəy həmçinin Qərb cəmiyyətinin həyatını uşaqlıqdan yaxşı tanıdığı Şərqin gündəlik praktikası ilə müqayisə edərək onlardan hər birinin müsbət və mənfi cəhətlərini müəyyənləşdirməyə çalışırdı. Bu baxımdan Parisdəki həyat Əhməd bəyə yalnız Qərbi anlamaq yox, həm də Şərqi yenidən kəşf etmək imkanı verirdi.

1889-cu ildə Parisdə keçirilən və Böyük Fransa inqilabının 100 illiyinə həsr olunan ümumdünya sərgisi bu məsələdə ona yardımçı oldu. Qərbin ən son elmi-texniki və mədəni nailiyyətlərinin nümayiş olunduğu həmin sərgiyə dünyanın hər yerindən, o cümlədən müsəlman ölkələrindən nüfuzlu qonaqlar təşrif buyurmuşdular. Həmin qonaqlar arasında İranın ozamankı hökmdarı Nəsrəddin şah Qacar da var idi. Əhməd bəyə Fransa prezidenti Sadi Karno tərəfindən Nəsrəddin şahın qarşılanması mərasimini izləmək nəsib olmuşdu. Mərasimin gedişində Şərq və Qərb sivilizasiyalarını təmsil edən bu iki dövlət başçısının görünüş və davranışlarındakı kəskin fərq onda dərin təəssürat yaratmışdı.

Ağaoğlu şahidi olduğu bu səhnəyə çox simvolik qiymət verərək onu demokratiya ilə despotizmin, azadlıqla əsarətin amansız qarşıdurması kimi dəyərləndirirdi: «Şahın tacındakı brilyantlar gözləri qamaşdırırdı. Sinəsi cəvahiratlarla örtülü idi. İri gözləri, qalın çatıq qaşları, dik başı təsviri mümkün olmayan bir qürur və təkəbbür ifadə edirdi… Sadi Karnonun sadə siyah redinqotu7, dik bəyaz qalstuku, təvazökar davranışı bu qürur və təkəbbürlə tam bir təzad təşkil edirdi. Mən ilk dəfə hürr və sərbəst milləti təmsil edən rəhbərlə əzəmət və təkəbbürü təmsil edən bir despotu yan-yana görürdüm».

Taleyin hökmü ilə Əhməd bəy bu olaydan sonra bir daha Parisdə İran şahı ilə qarşılaşmalı oldu. Bu ikinci görüş də onu Şərqin həmin dönəmdəki durumu barədə acı düşüncələrə qərq etdi. Ağaoğlu Nəsrəddin şahı nəzərdə tutaraq yazırdı: «Gecə idi, yenə xalqın iki cərgəsi arasından keçirdi. Yolda üzərindəki xəzli paltosunu nəyə görə isə çiyninin bir hərəkəti ilə yerə atdı. Və arxasınca gələn sədr-əzəmə (birinci nazir, baş nazir) dönərək «Götür!» əmrini verdi. Zavallı sədr-əzəm bütün camaatın gözü önündə yerə qədər əyilərək paltonu qaldırdı və qolu üzərinə alaraq bir uşaq kimi onun arxasınca getdi. Şahın bu ədası və sədr-əzəmin bu cür aşağılanması Şərq istibdadının mahiyyətini göstərən açıq örnəklərdəndir!»

Təbiətinə xas olan ədalət hissi və azadlıq istəyi Əhməd bəyi zaman keçdikcə səlahiyyət sahiblərinin hər cür təkəbbür, özbaşınalıq və zülmünə qarşı prinsipial, barışmaz mübarizə çevirəcəkdi. Şərq cəmiyyətində belə hallara hər yerdə və hər gün rast gəlindiyini nəzərə alsaq, xarakterinə görə olduqca emosional və həssas olan Əhməd bəyin həyatı boyunca özünə saysız-hesabsız güclü düşmənlər qazanması təəccüblü görünməməlidir.

Əhməd bəy Parisdə həmçinin özü kimi saf və təmiz insanların simasında xeyli sayda sadiq dostlar da qazandı. Burada tanış olduğu və ünsiyyət qurduğu «İttihad və Tərəqqi» partiyasının8 gələcək liderləri də həmin dostlar sırasında idilər. Əhməd bəyin Türkiyənin gələcək təhsil naziri doktor Nazim və Əhməd Rıza ilə xüsusilə sıx və isti münasibətləri yaranmışdı. Əhməd bəyin «Gənc türklər»9 hərəkatının üzvü olan bu yeni dostları arasında Əhməd Rızanın xüsusi yeri vardı. O, Osmanlı sultanının Fransada ali təhsil almış ilk təbəələrindən biri idi. Təhsilini bitirdikdən sonra Osmanlı dövlətinin Təhsil Nazirliyinin strukturlarında yetərincə yüksək vəzifələr tutsa da, Sultan II Əbdülhəmid istibdadına qarşı çıxdığı üçün ölkəni tərk etməyə məcbur olmuşdu. Əhməd Rıza Fransada çətinlik və məhrumiyyətlərlə dolu mühacirət həyatını Türkiyədəki rahat yaşayışdan üstün tutmuşdu.

«Gənc türklər» hərəkatının baş ideoloqu olan Ə.Rıza öz siyasi baxışlarının doğruluğuna sarsılmaz inamı və dürüstlüyü ilə seçilirdi. Bu isə gənc və idealist Əhməd bəydə ona qarşı dərin hörmət oyatmışdı. Belə ki, Parisdə maddi sıxıntılar içərisində yaşamasına baxmayaraq Ə.Rıza Fransanın bir çox məşhur şəxslərinin, o cümlədən onu yaxından tanıyan ölkənin gələcək baş naziri Jorj Klemansonun (1841–1929) himayə və yardımından imtina etmişdi. Həmçinin Sultan II Əbdülhəmid Parisdəki səfiri vasitəsilə ona siyasi fəaliyyətdən əl çəkəcəyi təqdirdə 100 min frank təklif etmişdi. Lakin Rıza sultanın həmin təklifini də rədd etmişdi. Onun bu davranışı isə Əhməd bəydə unudulmaz təəssürat yaratmışdı.

Əhməd Rıza ilə ilk görüşə böyük həyəcanla getdiyini xatırlayan Əhməd bəy tərcümeyi-halında yazırdı: «Mənzilin zəngini basarkən əlim titrəyirdi. Qapı açıldı. Qarşıma uzunboylu, bəyaz üzlü, azca ağarmış saqqalı olan bir insan çıxdı. Bu, Əhməd Rıza idi. Kəkələyərək gəlişimin səbəbini anlatdım. Əlimdən tutdu, içəri çəkdi. Kiçik bir otaqda qarşı-qarşıya oturduq. Məndən məmləkətimi, təhsilimi bitirdikdən sonra nə işlə məşğul olacağımı soruşdu…

«Yaxında, lap yaxında Türkiyədə hürriyyət olacaq! O zaman mən İstanbula dönəcəyəm. Məni mütləq axtararsınız», – deyə bildirdi.

Birdən gözlərim ayaqlarına dikildi. Corabları bir-birinə uyğun gəlmirdi. Baxdığımın fərqinə vardı. Gülərək «hürriyyət bu qədər məhrumiyyətlərə dəyməzmi?» – dedi».

Biri rusların əsiri olan Qafqazdakı türk diyarından, digəri isə vaxtilə qüdrətli türk dünyasının sonuncu müstəqil parçası olan Osmanlı dövlətindən Fransa paytaxtına gəlmiş bu iki ruh arxadaşı asanlıqla ümumi dil tapa bildi. Çünki onları yalnız qürbətçilik hissi deyil, həm də ümumi ideallar, sarsılmaz azadlıq eşqi və xalqlarının tərəqqisinə yardımçı olmaq istəyi birləşdirirdi. Bu səbəbdən də azadlıq və bərabərlik ideallarının təntənəsi üçün bu qədər qanların axıdıldığı əsrarəngiz Parisdə əsası qoyulan həmin dostluğa Ağaoğlu və Rıza bütün ömürləri boyunca, sonuncunun 1930-cu ilin fevralında vəfatınadək sadiq qaldılar.

Lakin həyatının Paris dönəminin ən önəmli nəticəsi, heç şübhəsiz ki, Ağaoğlunun mükəmməl təhsil alması və onun akademik dairələrlə yanaşı, fransız ictimaiyyətinin də diqqətini cəlb edən ilk elmi əsərləri idi. Hətta müsəlmanlara və islama elə də rəğbət bəsləməyən, ümumiyyətlə, tərif söyləməkdə çox xəsis olan Renan belə Ağaoğlunun tədqiqatlarını yüksək dəyərləndirərək onun bir alim kimi parlaq gələcəyi olduğunu deyirdi.

Renan Əhməd bəyə təhsilini başa vurduqdan sonra həmişəlik Avropada qalmağı məsləhət görmüşdü: «Sən dünya miqyaslı alim olmaq imkanına malik bir insansan, məmləkətinə qayıtma. Şərq səni udacaq». Ə.Ağaoğlunun sevimli müəlliminin bu təklifinə cavabı isə qısa və qəti olmuşdu: «Şərqin də oxumuş insanlara ehtiyacı var. Sizdən öyrəndiklərimi məmləkətimdəki soydaşlarıma öyrədəcəyəm».