Biz ya iflas etmiş köhnə ənənələrə sadiq qalaraq tamamilə yox olacağıq, ya da onlardan birdəfəlik və qəti şəkildə ayrılaraq həyatımızı yeni təməllər üzərində quracağıq.
Əhməd bəy Ağaoğlu
Azərbaycanın dilbər guşələrinin birində, qədim Qarabağ torpağının mərkəzi olan Şuşa şəhərində yetərincə tanınmış bir ailə var idi. Bu ailənin başçısı Mirzə Həsən Qurdlar eli soyundan idi. Həmin soy bir zamanlar müasir Türkiyə ərazisindəki Ərzurum bölgəsində məskunlaşmışdı. Lakin XVIII əsrdə indiki Azərbaycan ərazisinə köçərək öncə Gəncədə, sonra isə Qarabağda yerləşdi.
Mirzə Həsənin xanımı Tazə xanım isə Qarabağın, əsasən, maldarlıqla məşğul olan və yarımköçəri həyat tərzi sürən məşhur Sarıcalılar nəslinin nümayəndəsi Rəfi bəyin qızı idi. XIX əsrin başlanğıcında Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu nəslin bəzi nümayəndələri, o cümlədən Tazə xanımın qardaşı ənənəvi məşğuliyyətlərindən əl çəkərək çar ordusunda qulluq etməyə başlamışdılar.
Qurdlar eli nəslinin Qarabağda geniş torpaq sahələri vardı. Həmin torpaqlarda, əsasən, pambıq əkilirdi. Elə ailə də daha çox pambıqçılıqdan əldə edilən gəlirlə dolanırdı.
XIX əsrin başlanğıcında Azərbaycanın Rusiya tərəfindən işğalı belə ailənin ənənəvi həyat tərzinə elə də ciddi dəyişikliklər gətirməmişdi. Hər halda, Mirzə Həsən təxminən belə düşünürdü: «Nə olmuş ki? Allaha şükür ki, azan oxunur, məscidlər qalır, axundlar vəz edir və bizim evdə də gecə-gündüz din ətrafında söhbətlər gedir! Ruslar malikanələrə toxunmadılar. Üstəlik, malikanə sahiblərinə zadəganlıq da verdilər!» Bir sözlə, Mirzə Həsənin sıxıntı və narahatlıq keçirməsi üçün elə də ciddi səbəb yox idi. Sonralar onun oğlu – kitabımızın qəhrəmanı Əhməd bəy Ağaoğlu özü yazırdı ki, sakit həyat sürən atası «ömründə bir kərə də olsun, Qarabağın hüdudlarından kənara çıxmadı. Qışı Qarabağın kəklik, turac və qırqovullarla bol olan düzən hissəsində, yayı isə min iki yüz metr yüksəklikdəki bir dağın başına qartal yuvası kimi qonmuş, suları buz kimi Şuşada keçirərdi. Vaxtı gələndə və kefi istəyəndə Abdallar kəndindən bir aşıq dəstəsi çağırar və «Koroğlu»dan, «Aşıq Pəri»dən, «Əsli və Kərəm»dən nəğmələr dinləyib kef edərdi. Belə bir adam üçün düşünüləcək, üzüləcək nə isə vardımı?»
Əhməd bəy Ağaoğlu qatı dindarlığı ilə seçilən belə bir ailədə 1869-cu ildə doğulmuşdu. Onun ata babası Mirzə İbrahim Şuşada islamın ən gözəl bilicilərindən sayılırdı. Atası Mirzə Həsən də dinə bağlı bir insan idi. Əhməd bəy yazırdı ki, «ondan «sən kimsən?» deyə soruşulduğu zaman «Əlhəmdülillah, Məhəmməd ümmətindənəm; İmam Əli aşiqiyəm; mənim atam Mirzə İbrahim, onun da atası Qurdlar elindən Həsən ağadır», – deyərdi. Ağlına türk olduğu əsla gəlməzdi».
Lakin etiraf etməliyik ki, bu hal o zaman istisnasız olaraq bütün Azərbaycan türkləri üçün səciyyəvi idi. Bu onların şüurunda dini mənsubiyyət hissinin dominantlıq təşkil etməsindən qaynaqlanırdı. Üzeyir bəy Hacıbəyli yazılarının birində bu durumu belə təsvir edirdi: «Bizim bir nəfərimizdən soruşsan ki:
– Sən kimsən?
Deyər: müsəlmanam.
– Hankı millətdənsən?
– Müsəlmanam.
– Nə dinindənsən?
– Müsəlman dinindən.
– Nə dili danışırsan?
– Müsəlman dili.
Halbuki özü türkdür, dini islam dini, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur».
Əhməd bəyin əmisi, nəslin ağsaqqalı hesab edilən Hacı Mirzə Məhəmməd Şuşada böyük nüfuz sahibi idi. Maraqlı bir tarixi fakt bunu təsdiqləyir. Belə ki, 1877–1878-ci illər Osmanlı-rus müharibəsi ərəfəsində müsəlmanların rus çarına sədaqəti hakimiyyət orqanlarında şübhə doğurmağa başlayır. Bu səbəbdən də çar məmurları şəhərin azərbaycanlı əhalisinin tanınmış nümayəndələrindən tələb edirlər ki, sonuncular müsəlmanların həmin savaşda osmanlılara dəstək verməyəcəklərinə zamin dursunlar. Bir çoxları müxtəlif bəhanələrlə həmin tələbdən imtina etdikləri halda, Mirzə Məhəmməd irəli çıxaraq buna zəmanət verir. Yaxınlarının «Niyə bu ağır yükün altına girdin?» sualını isə belə cavablandırır: «Bizimkilərdə ayağa qalxacaq qədər qeyrət olsun, zərər yoxdur, mən fəda olmağa hazıram».
Qatı dindarlığı ilə fərqlənən Mirzə Məhəmmədin təşəbbüsü ilə ailəyə məxsus mülkün böyük zalında mütəmadi olaraq molla və axundlar toplaşır, islam dininin müxtəlif məsələləri ətrafında uzun-uzadı müzakirələr aparırdılar. Əhməd bəyin bütün uşaqlıq və yeniyetməlik dövrü bəzən günlərlə davam edən həmin aramsız dini mübahisələr içində keçib. İllər sonra o belə məclisləri xatırlayaraq yazırdı: «Ah, bu münaqişələri nə qədər gərgin bir diqqətlə dinlərdim! Bir şey anlamazdım. Fəqət o qalın əmmaməli mollalar, o təhtülhənək, sallaşıq axundlar mənə göydən enmiş varlıqlar kimi görünürdü. Xüsusilə onların danışdığı dil məni heyran edirdi, türkcə idi, fəqət elə bir türkcə ki, mən bir tək kəlmə belə anlamırdım».
Əmisi Mirzə Məhəmməd gələcəkdə Əhməd bəyi də din xadimi kimi görmək istəyirdi. Hər halda, o hər fürsətdə kiçik Əhmədi nəzərdə tutaraq deyirdi ki, bu oğlum müctəhid1 olacaq. Bu səbəbdən təəccüblü deyil ki, altı yaşına çatdıqda bir çox digər həmyaşıdları kimi balaca Əhmədi də təhsil almaq üçün mollaxanaya verirlər.
Mollaxanada təhsil faktiki olaraq Quran mətnlərinin avazla yüksəkdən oxunması və əzbərlənməsi ilə məhdudlaşırdı. Aydındır ki, sadəcə, əzbərçiliyi təbliğ edən bu təhsil müəssisələrində uşaqların təfəkkür və intellektinin inkişaf etdirilməsindən söhbət belə gedə bilməzdi. Mollaxanaların daha bir ciddi nöqsanı burada uşaqların çarizmə tam sədaqət və mütilik ruhunda tərbiyə edilməsi idi.
Əhməd bəyin müəllimi Axund Hüseynqulunun çar II Aleksandrın 1881-ci ildə inqilabçılar tərəfindən qətlə yetirilməsinə reaksiyası bu baxımdan olduqca səciyyəvidir. Ağaoğlu xatirələrində həmin olay haqqında yazırdı: «Axund Hüseynqulu bu vaqiədən xəbər tutmuş, ta ciyərindən yaralanmış, duyduğu təsirlər altında bizim sinfə gəlmişdi. Oturan kimi kəmərindən qələm və dua kitabçasını çıxardı, bizdən bir parça kağız istədi və çox uzun papağını çıxararaq kağız üzərində düşünməyə, bir müddət sonra isə yazmağa başladı. Yazdı, pozdu və, nəhayət, bizə xitabən: «Ayağa qalxın və üzünüzü qibləyə doğru çevirin», – deyə əmr etdi.
Biz anındaca qalxdıq və cənuba doğru çevrildik.
«İndi isə dinləyin», – dedi və II Aleksandrın ölümü haqqında yazmış olduğu bir ağını bizə oxudu. Təəssüf ki, ağını unutmuşam. Fəqət çox yaxşı xatırlayıram ki, nəqəratı rusca iki kəlmədən ibarətdi. Həmin kəlmələrin mənası bu idi: «İt oğlu alçaqlar!»
Axund qatillərə küfrlər yağdırır, çarı isə mədh edərək ruhuna rəhmət diləyirdi. Eyni zamanda bizə nəsihət olaraq çarın Allah tərəfindən seçilib təyin olunduğunu bildirirdi: «Ona əl qaldıran Allaha əl qaldırmış olur, qatil isə sorğu-sualsız kafiri-mütləq olur. Çəkinin, övladlarım, bu kimi dəlalətlərə uymayın. Əks halda, qızmış olan Allah yalnız sizi deyil, bütün atalarınızı, analarınızı, əqrəbalarınızı, elinizi kökündən kəsər, yox edər».
Sonradan eşitdim ki, axund Peterburqda yeni imperatora təqdim edilmək məqsədilə ağını Qafqaz canişininə göndərmiş və müqabilində bir qədər pul ilə mükafatlandırılmışdır».
Belə bir şəraitdə mollaxanalarda tədrisin keyfiyyətinin son dərəcə aşağı səviyyədə olması tamamilə gözlənilən idi. Hətta ən qabiliyyətli şagirdlər də mollaxanalarda təhsillərini dərin biliklər əldə etmədən başa vururdular. Məsələn, Əhməd bəy etiraf edirdi ki, bütün səylərinə baxmayaraq mollaxanadakı dörd illik təhsildən sonra nəinki Sədinin farsca «Bustan» və «Gülüstan»ını, hətta Füzulinin türkcə yazdığı «Leyli və Məcnun»unu belə oxuyub anlamaqda çətinlik çəkirdi.
O zamanın digər imkanlı azərbaycanlıları kimi Mirzə Məhəmməd də mollaxananı bitirdikdən sonra Əhmədi təhsilini davam etdirmək üçün şiələrin müqəddəs şəhərləri – Nəcəf və Kərbəlada yerləşən mədrəsələrdən birinə göndərməyi planlaşdırırdı. Lakin anası Tazə xanımın Əhməd bəyin gələcəyi ilə bağlı planları tam fərqli idi. O, dindar bir qadın olmasına baxmayaraq din xadimlərini heç xoşlamırdı. Sonralar Əhməd bəy vurğulayırdı ki, anası «Allahı da, peyğəmbəri də, din xadimlərini də gəzdiyi və gördüyü axar sular və dağlar kimi dupduru, saf, bəzək-düzəksiz görmək istəyirdi». Gerçəklik isə Tazə xanımın bu təsəvvürlərindən çox-çox uzaq idi. Axundların və mollaların xarici görünüşü – əcaib qiyafələri, əmmamələri, cübbələri, nəleyinləri2 belə onda qıcıq yaradırdı. Tazə xanım qəti qərara gəlmişdi ki, oğlu heç vaxt ikrah hissi ilə yanaşdığı həmin din xadimlərindən biri olmayacaq. Odur ki oğluna rus məktəbində dünyəvi təhsil vermək arzusunda idi. Bu baxımdan onunla Mirzə Məhəmməd arasında oğlunun gələcəyi uğrunda gizli bir mücadilə yaşanırdı. Arzularını reallaşdırmaq məqsədilə Tazə xanım ərindən və qaynından gizli balaca Əhməd üçün rus dili müəllimi tutmaq qərarına gəldi. Qonşuluqda yaşayan ixtiyar dayəsi Kərbəlayı Bahar bu işdə ona yardımçı oldu. Beləcə, Əhməd hər gün atası və əmisindən gizlin Bahar nənənin evinə gedərək müəllimdən rus dili dərsləri almağa başladı. Əhməd bəy yazırdı ki, «anamın bu planı düz üç il davam etdi. Anam mənə bərk-bərk tapşırmışdı ki, bu haqda kimsəyə söyləməyim. Mən də bu sirri saxlamağı özüm üçün bir böyüklük əlaməti sayaraq səmimi olaraq uşaqcasına öyünürdüm».
Müəllim balaca Əhmədə rus dili ilə yanaşı, hesab, tarix və coğrafiya dərsləri də verirdi. Hər ayın sonunda isə Tazə xanım ətəyindəki qızıl rus imperiallarından birini kəsir və Kərbəlayı Bahar vasitəsilə zəhmət haqqı olaraq müəllimə çatdırırdı.
Bu gizli dərslərin nə ilə nəticələnəcəyini heç kim bilmirdi. Lakin xoş bir təsadüf problemin həllinə gətirib çıxardı. Belə ki, çar hökuməti 1881-ci ildə Şuşa şəhərində 6 illik realnı məktəb açmaq qərarına gəldi. Məktəbin açılışı ilə əlaqədar Şuşa qəzasının rəisi şəhərin nüfuzlu müsəlman ailələrinin nümayəndələrini Xurşidbanu Natavanın evində topladı. Ailənin başçısı sayılan Mirzə Məhəmməd xəstələnərək müalicə üçün Tiflisə getmişdi. Odur ki həmin toplantıda Əhmədin atası Mirzə Həsən iştirak etməli oldu. Qəza rəisi müsəlmanlara səslənib uşaqlarını rus məktəbinə verməyə çağırdı, bunun onlar üçün faydalı olacağını söylədi. Toplantı iştirakçılarının əksəriyyəti, o cümlədən Mirzə Həsən rəisə xoş gəlmək üçün övladlarını yeni açılan məktəbə verəcəklərini vəd etdi. Hərçənd Əhməd bəy xatırlayırdı ki, «hiddət içində evə dönən atası böyük qardaşı Mirzə Məhəmmədin qəzəbindən çəkinərək özünü qınayırdı:
– Nə etdim? Dadaşım (böyük qardaşını belə adlandırırdı) nə deyəcək?
Anam mələk baxışı və nəvazişli səsi ilə irəli atıldı:
– Nə deyəcək? Qəza rəisinə, bütün şəhərə qarşı getməyinimi istəyəcək? O da olsaydı, əlbəttə ki, sənin kimi edərdi.
Anam çox təmiz və saf bir adam olan atama öz zəkası və incəliyi ilə hakim idi. Atam yumşaldı, fəqət:
– Hacı Mirzə Məhəmmədi tanımırsanmı? – deyə söylədi.
– Tanıyıram, amma çarə yoxdur».
Bir müddət sonra Tiflisdən geri dönən Mirzə Məhəmməd lənətlər yağdırsa da, balaca Əhmədin qəbul imtahanlarına hazırlaşmasına izin verdi. Üç aydan sonra sınaqdan uğurla keçən Əhməd realnı məktəbin birbaşa ikinci sinfinə qəbul edildi. Belə yüksək imtahan nəticəsini üç aylıq hazırlığın yekunu sayan Mirzə Məhəmməd bundan çox heyrətləndi. Üzünü qardaşı Mirzə Həsənə tutaraq dedi: «Babalı sənin boynuna! Mən onu müctəhid edəcəkdim. İndi o, kim bilir, nə olacaq! Üç ayda bu qədər bacarıq göstərən bir uşaq öz elmlərinə davam etsəydi, nə olmazdı». Daha sonra isə dərin bir ah çəkərək əlavə elədi: «Allah axırını xeyir etsin!»
На этой странице вы можете прочитать онлайн книгу «Əhməd bəy Ağaoğlu», автора Айдына Гусейнага оглы Балаева. Данная книга имеет возрастное ограничение 12+, относится к жанру «Биографии и мемуары». Произведение затрагивает такие темы, как «идеология», «личность». Книга «Əhməd bəy Ağaoğlu» была издана в 2022 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты
