Читать книгу «Sirli ada» онлайн полностью📖 — Жюля Верна — MyBook.

Dördüncü fəsil

Qəzaya uğrayanların əyinlərindəki paltardan başqa heç bir şeyləri yox idi.

Sayres Smit yanlarında olsaydı, onun ağlı və biliyi yoldaşlarının köməyinə çatardı. Lakin qəzaya uğrayanlar indi yalnız özlərinə güvənə bilərdilər. Buxarı müvəqqəti sığınacaq üçün kifayət qədər münasib idi. Ocaq qalaya bilmişdilər. Yaxınlıqdan şirin sulu çay da axırdı. Ona görə də burada bir neçə gün qalıb adanı araşdırmaq qərarına gəldilər.

Bu plan hamıdan çox Nabın xoşuna gəldi. O, ağasının öldüyünə inanmadığı üçün qəzanın baş verdiyi yeri tərk etmək istəmirdi.

26 martda səhər yeməyindən sonra Herbertlə Penkrof ova yollandılar. Penkrof meşədə iki budaq sındırıb dəyənək düzəltdi. Herbert bu dəyənəklərin ucunu qaya daşlarına sürtüb itilədi. Nə qədər axtarsalar da, yeməli meyvəsi olan ağac tapa bilmədilər. Birdən qarşı-larından bir dəstə xırda quş uçdu.

– Bunları yemək olar? – Penkrof oğlandan soruşdu.

– Bu quşların əti çox dadlı olur, – Herbert dedi.

Onlar ağaca oğrun-oğrun yaxınlaşdılar. Ağacın aşağı budaqları quşla dolu idi. Dəyənəklər işə salındı. Bir yığın quş qırılıb yerə töküldü. Ovçular onları çubuğa düzüb yollarına davam etdilər.

Onlar ov etməyə davam edərək daha bir neçə quş tutmağa müvəffəq oldular. Saat altıya yaxın ovçular Buxarıya döndülər və hərəkətsiz vəziyyətdə dayanıb okeana baxan Gedeon Spiletlə qarşılaşdılar. Lakin jurnalist o qədər fikirli idi ki, Penkrofla Herbertin yaxınlaşdığını hiss etmədi. Penkrof sakitcə dedi:

– Məncə, gecə fırtına olacaq, mister Spilet.

Spiletin isə verdiyi sual onun öz aləmində olduğundan xəbər verirdi:

– Necə düşünürsünüz, mühəndis həlak olub?

– Məncə, hə, –deyib Penkrof buxarıya girdi və yemək hazırlamağa başladı. O, quşlardan ikisinin tüklərini yoldu. Az sonra çubuğa keçirilmiş quş yaxşıca qızardılmışdı.

Axşam düşsə də, Nab hələ geri dönməmişdi. Penkrof ondan nigaran idi. Herbert isə fikirləşirdi ki, Nab hələ qayıtmayıbsa, deməli, yeni bir ümid yeri çıxıb. O, Nabı qarşılamağa getmək istəsə də, Penkrof ona bunun əbəs olduğunu başa saldı. Herbertin yanaqlarından iki damla yaş yuvarlandı.

Saat səkkizə yaxın şiddətli bir qasırğa qopdu. Nab hələ də gəlməmişdi. Şam yeməyindən sonra hamı yatdı. Yalnız Gedeon Spilet yata bilmirdi. O, Nabla getmədiyinə görə özünü danlayırdı.

Gecə saat ikiyə yaxın Penkrof kiminsə onu silkələdiyini hiss edib oyandı və:

– Nə olub? – deyə qışqırdı.

– Qulaq as, Penkrof, – onun başı üstündə durmuş jurnalist pıçıldadı.

Dənizçi qulaqlarını şəkləsə də, heç bir səs eşitmədi.

– Küləkdir, – deyə mızıldadı.

– Mənə elə gəldi ki… it hürür. Eşidirsiniz?

– Hə… hə…

– Bu, Topun səsidir, – yuxudan ayılan Herbert qışqırdı.

Onların hər üçü Buxarının girəcəyinə atıldı.

Bayıra çıxmaq çox çətin idi. Göz-gözü görmürdü. Şiddətli külək onlara irəliləməyə imkan vermirdi. Üç yoldaş bir neçə dəqiqəlik yerlərində donub qaldı. Birdən yenə it səsi eşidildi.

Dənizçi içəriyə qaçıb əlində kösövlə geri qayıtdı, onu başı üzərinə qaldırıb fit çaldı. Çox çəkmədən bir it qaçaraq mağaraya girdi. Bu, doğrudan da, Top idi.

– İt tapılıbsa, yiyəsi də tapılar, – jurnalist dedi. – Top bizi onun yanına aparar.

Topa etibar etmək qərarına gəlmiş üç nəfər şiddətli qasırğaya baxmayaraq, səhər saat dördə qədər yol getdi. Onlar iliklərinə qədər islansalar da, şikayətlənmirdilər.


İt sahildən uzaqlaşıb qum təpələrinə tərəf yönəlirdi. Adamlar da onun ardınca gedirdilər. Top bir mağaranın ağzında durub hürdü. Penkrof, Spilet və Herbert mağaraya girdilər.

Burada Nab yerə uzadılmış bir cəsədin önündə diz çökmüşdü. Bu, mühəndis Sayres Smit idi.

Beşinci fəsil

Ağasını ölmüş hesab edən Nab tərpənmirdi. Jurnalist dizlərini yerə qoyub qulağını Smitin sinəsinə dayadı və sevinc içində mühəndisin sağ olduğunu bildirdi.

Smitin sağ olduğunu biləndə yoldaşlarının sevincinin həddi-hüdudu yox idi.

Herbert mağaranın yaxınlığında qumun arasından çıxan şəffaf sudan gətirdi. Bir neçə damla su dərhal öz gücünü göstərdi. Sayres Smit dərin bir nəfəs aldı. Gedeon Spilet onu ovxalamağı təklif etdi. Penkrof cəld yun köynəyini çıxarıb Smiti ovxalamağa başladı. Masaj nəticəsində qızınan Smit əlini azca tərpətdi.

Smitin necə tapılması barədə yoldaşlarının verdiyi suallara Nab belə cavab verdi:

– Uzun və nəticəsiz axtarışlardan sonra ümidimi tamam itirmişdim ki, saat beşə yaxın qumun üzərində ayaq izləri gördüm. İzlər qum təpələrinə doğru gedirdi. Ehtiyatla irəliləyib izləri pozmamağa çalışdım. Beş dəqiqədən sonra Topun səsini eşitdim. Məni buraya gətirən də o oldu.

Mühəndisi özünə gətirmək cəhdləri boşa çıxanda Nab öz yoldaşlarını xatırlamış, onların da mühəndisi son kərə görmək istəyəcəklərini düşündüyü üçün Topu yoldaşlarını gətirməyə göndərmişdi.

Huşsuz vəziyyətdə olan mühəndis tez-tez “Adadır, yoxsa qitə?” sualını verərək sayıqlayırdı.

Jurnalistin məsləhəti ilə Penkrofla yoldaşları mühəndisi buxarıya aparmaqdan ötrü ağac budaqlarından xərək düzəltdilər. Bu iş qırx dəqiqə vaxt apardı. Dənizçi, Herbert və Nab mühəndisin olduğu yerə qayıtdıqda artıq səhər saat on idi. Sayres Smit yenicə özünə gəlmişdi. O, başını qaldırıb yoldaşlarından harada olduqları barədə danışmalarını xahiş etdi.

Jurnalist mühəndisə məlum olmayan bütün hadisələri ona danışdı. Sayres Smit də başına gələnləri xatırlamağa çalışdı. Dalğa onu şardan qoparan kimi suya batmış, okeanın üzünə çıxanda yanında Topu görmüşdü. O, sahilə doğru üzmüş, sonra isə taqətdən düşüb suyun dibinə qərq olmuşdu. Bundan sonra dostlarının qucağında ayılana qədər nələrin baş verdiyini xatırlamırdı.

– Yəqin ki, – Penkrof dedi, – bu mağaraya özünüz gəlmisiniz. Axı Nab sizin ayaq izlərinizi tapıb.

– Bu yerlərdə başqa adamlara rast gəlməmisiniz? – Smit soruşdu.

– Xeyr, – deyə jurnalist cavab verdi. – Lap başqa biri olsaydı belə, axı nəyə görə sizi xilas etdikdən sonra atıb gedəydi?

– Haqlısınız. Bəs həmin ayaq izlər pozulmayıb ki?

– Mağaranın ağzında yağış və küləkdən qorunan bir yerdə pozulmayıb, – deyə Nab cavab verdi.

– Penkrof, zəhmət olmasa, mənim ayaqqabımı həmin izlə tutuşdurun, – deyə Smit dənizçiyə müraciət etdi.

Mühəndisin ayaqqabısı ilə izlər üst-üstə düşürdü.

Gündüz çağı yoldaşları mühəndisi xərəyə uzadıb mağaradan çıxdılar. Buxarıya qədər altı saat yol getmək lazım idi. Güclü külək onlara daha sürətlə getməyə mane olduğu üçün kiçik dəstə saat altının yarısında buxarıya çatdı. Onlar xərəyi qumun üstünə qoyduqdan sonra burada olmadıqları vaxt dənizin Buxarının dəhlizlərinə dolaraq hər şeyi yox etdiyini və ocağı söndürdüyünü gördülər.

Altıncı fəsil

Mühəndis dərin yuxuya getmişdi. Buxarının ortasında onun üçün quru dəniz yosunlarından yataq hazırladılar. Gecə düşdü. Buxarıda külək uğuldayırdı. Mühəndisə soyuq olmasın deyə yoldaşları onun üstünə öz gödəkcələrini örtmüşdülər.

Dənizçi od yandırmaq üçün vasitə axtarırdı. O, iki daşı bir-birinə sürtüb quru yosunu alışdırmaq istədi. Lakin yosun yanmadı. Həmin gecə od əldə etmək səyləri baş tutmadı.

Ertəsi gün, yəni 28 martda mühəndis yuxudan oyandıqda ilk sözləri yenə də “Adadır, yoxsa qitə?” oldu.

– Bilmirik, mister Smit, – deyə dənizçi cavab verdi. – Bunu araşdırmaq lazımdır.

– Bunu araşdırmağı öz boynuma götürərəm. Amma əvvəlcə yemək yesəm, yaxşı olar. Bəs odunuz var?

– Artıq sönüb…

– Eybi yox, kibrit düzəldərik.

Dənizçi buna inanmasa da, mübahisə etmədi. Mühəndis Herbertin verdiyi balıqqulağı və dəniz yosununu yeyib:

– Dünən siz məni gətirəndə uca bir dağ gördüm. Düz görmüşəm? – deyə soruşdu.

– Bəli, – Gedeon Spilet cavab verdi.

– Çox gözəl. Buranın necə bir yer olduğunu sabah o dağın başına çıxdıqdan sonra biləcəyik.

– Siz dağa çıxa biləcəksiniz? – deyə Herbert soruşdu.

– Bu, Penkrofla nə ovlayacağınızdan asılı olacaq.

– Biz əliboş qayıtmarıq. Amma ovu bişirə biləcəyimə əmin olmaq istərdim…

– Əsas odur ki, siz ovu gətirəsiniz, Penkrof, – mühəndis onun sözünü kəsdi.

Nab, Herbert və Penkrof ov üçün meşəyə yollandılar. Onlar Topun və dəyənəyin köməyi ilə qabana bənzəyən iri bir heyvan ovlayıb geri qayıtdılar. Onlar hələ Buxarıya çatmamış qayalardan göyə qalxan tüstünü gördülər.

Oraya çatan kimi Penkrof:

– Odu kim yandırdı? – deyə təəccüb içində soruşdu.

– Günəş! – Gedeon Spilet cavab verdi.

– Şüşəniz vardı? – deyə Herbert sual verdi.

– Budur, – deyə Smit özünün və Spiletin saatından çıxarılmış şüşələrdən düzəltdiyi cihazı göstərdi. Quru yosunu bu şüşə vasitəsilə yandırmaq mümkün olmuşdu.

Dənizçi ilə Nab ocaqda qaban ətini qızartdılar. Buxarının sakinləri axşam yeməyindən sonra yuxuya getdilər.

29 martda onlar adanı tədqiq etmək üçün buxarını tərk edib saat doqquza yaxın meşənin qərb kənarına çatdılar. Dağ onların qarşısında idi. Onun ətəyindəki çıxıntılar yuxarı çıxmaq üçün təbii bir yol təşkil edirdi. Smitlə yoldaşları birinci çıxıntıya çıxmağa başladılar. Çıxıntı yavaş-yavaş ucalıb dağın birinci mərtəbəsinə çatırdı.

Tədqiqatçılar birinci mərtəbənin meydançasına çatanda hava qaralırdı. Penkrofla Nab qayanın arasında ocaq qaladılar. Onlar gecələmək üçün yer hazırlayan vaxt Herbertlə mühəndis ətrafı öyrənməyə getdilər.

İyirmi dəqiqə getdikdən sonra Smitlə Herbertin qarşısına bir divar çıxdı. Onu keçmək mümkün deyildi. Smit geri qayıtmaq istəyəndə birdən qayada geniş bir çat gördü. Mühəndislə Herbert bu çat içi ilə yavaş-yavaş yuxarı qalxmağa başladılar. Onlar axşam saat səkkizdə dağın ən yüksək nöqtəsinə çatdılar. Sayres Smit təzə Ayın işığında üfüqü gözdən keçirib:

– Bura adadır, – dedi.

Yeddinci fəsil

Ertəsi gün mühəndis adanı bir daha gözdən keçirmək üçün dağın başına çıxmağı təklif edərək dedi:

– Bəlkə də, bütün ömrümüzü burada keçirməli olacağıq. Adanın qitədən nə dərəcədə uzaq olduğunu öyrənməliyik.

Səyyahlar saat səkkizə yaxın dağın başına çatdılar. Spilet mühəndisin xahişi ilə adanın konturlarını öz qeyd dəftərinə çəkdi. Adanın cənubu qalın meşə ilə örtülmüşdü, şimal hissə daşlıq və qumluq idi, dağ və şərq sahili arasında isə ağaclarla əhatə olunmuş bir göl vardı.

İndi adada yaşayış olub-olmadığını müəyyən etmək lazım idi. Onlar adanı bu hündürlükdən gözdən keçirdikdə burada nə insan, nə də yaşayış əlaməti gördülər.

Smitlə yoldaşları adanın sahəsini təyin edib sahil xəttinin uzunluğunu hesabladılar, meşə, çay, düzənlik və yaylaqların yerini xəritəyə köçürdülər. Adanın tədqiqatı bitdi.

Dağdan enməmiş Smit yoldaşlarına dedi:

– Dostlar, təsadüf bizi bu torpaq parçasına atıb. Biz, bəlkə də, burada uzun zaman yaşamalı olacağıq.

– Gəlin qəzaya uğradığımızı deyil, adaya məskunlaşmağa gəldiyimizi düşünək, – deyə Penkrof təklif etdi.

– Mənə elə gəlir ki, bu adaya, dağlara, çaylara, meşələrə ad qoymaq lazımdır, – deyə Smit gülümsəyərək dedi.

– İndi yaşadığımız yeri “Buxarı” adlandıraq. Qalan yerlərə isə öz adlarımızı verək, – dənizçi təklif etdi.

– Mən vətəni xatırladan adları daha üstün tutardım, – Gedeon Spilet dilləndi.

– Sizinlə razıyam, – mühəndis dedi. – Böyük körfəzi “İttifaq limanı”, ondan cənubda yerləşən körfəzi “Vaşinqton limanı”, bu dağı “Franklin dağı”, gölü “Qrant gölü” adlandıraq. Bu adlar bizə Amerikanı xatırladacaq.

Smitin təklifini hamı bəyəndi. Jurnalist bu adları xəritədə qeyd etdi. Daha sonra Buxarının yanındakı çaya “Razılıq çayı”, şarın onları atdığı adacığa “Qurtuluş adası”, Buxarının yanındakı yaylağa “Uzaq görünüşlü yaylaq” adı verdilər. Ada isə Smitin təklifi ilə “Linkoln adası” adlandırıldı.

Onların ağlına da gəlməzdi ki, Abraham Linkoln3 cəmi altmış gündən sonra Vaşinqtonda qətlə yetiriləcək.

Səkkizinci fəsil

Tədqiqatçılar gecələdikləri yerə enəndə Spiletlə Smit saatlarını yoxlamaq qərarına gəldilər. Smit günəşin yüksəkliyinə baxıb əqrəbləri saat doqquza çəkdi.

Mühəndis Qrant gölünə yaxından baxmaq istədiyin-dən yoldaşlarına Buxarıya başqa yolla qayıtmağı təklif etdi. O, yolboyu susaraq gah mineral parçası, gah ağac budağı yığmaq üçün tez-tez yoldan kənara çıxırdı.

Birdən öndə gedən Herbert irəlidə tüstü çıxdığını xəbər verdi.

Mühəndis yoldaşlarına yerlərindən tərpənməməyi işarə edib qayaların arasında yox oldu. Birdən onun yoldaşlarını çağıran səsi eşidildi. Smit yoldaşlarına tüstünün əmələ gəlməsinə orada olan kükürdün səbəb olduğunu dedi.

Yolçular yola davam edib meşəyə çatdılar. Buradan şirin sulu çay axırdı. Gölün yanında yaşayış üçün Buxarıdan daha münasib bir yer tapılsaydı, çox yaxşı olardı.

Birdən meşənin içindən kəskin və yüksək bir xor səsi gəldi. Nab ilə Herbert səsin gəldiyi yerə qaçdılar. Bu, dağ qırqovullarının səsi idi. Bir neçə dəyənək zərbəsi ilə bu quşlardan ovlamaq mümkün oldu.

Yolçular yollarına davam edib gölün qərb sahilinə çatdılar. Sahilində su quşları yuva salmış gölün suyu şəffaf və şirin idi. Göldə bol balıq olduğu hiss olunurdu.

– Burada məskən sala bilərik, – Smit dedi.

Artıq saat beş idi. Yolçular ac olduqları üçün Buxarıya qayıtdılar. Nahardan sonra Sayres Smit yoldaşlarını çağırıb yoldan topladığı mədən nümunələrini göstərdi:

– Bu, dəmir külçəsidir, bu, gil, bu, əhəng, bu isə daş kömürdür. Gələcəkdə biz bunlardan istifadə edə bilərik.

Yoldaşları Smitdən nə edəcəklərini soruşduqda o, ocaqxana tikməyin vacib olduğunu dedi.

– Ocaqxana nəyimizə lazımdır? – Penkrof soruşdu.

– Gil qablar düzəltmək üçün.

– Bəs ocaqxananı nədən tikəcəyik?

– Kərpicdən.

– Bəs kərpici haradan götürək?

– Gildən. Gil yatağında emalatxana quracağıq. Biz orada işləyəcəyik. Nab isə ovla məşğul olacaq.

– Silah olmadan necə ov edəcək? – jurnalist soruşdu.

– Heç olmasa, bir bıçağımız olsaydı, ondan ox-kaman düzəldərdim! – deyə Penkrof ah çəkdi.

Mühəndis Topun xaltasını çıxarıb sındırdı və Penkrofa müraciətlə dedi:

– Bu da iki bıçaq.

Sonra o, yoldaşlarına Qrant gölünün qərb sahilinə – gili tapdığı yerə getməyi təklif etdi.