Barbiken çıxışını tamamladıqdan sonra hər tərəfdən «Ura!» sədaları ucaldı. Sanki yer-göy yenidən lərzəyə gəldi.
Barbiken təmkinini pozmadan yoldaşlarına yenə nəsə demək istədi. Lakin klub üzvləri ona ağzını açmağa imkan vermədilər. Onlar sədri qolları üstə qaldırıb küçəyə apardılar. Orada Barbikeni coşqun kütlə qamarladı. «Ura!», «Əhsən!» səsləri daha da yüksəldi.
Bu vurhavurda sanki söhbətin ondan getdiyini anlayan Ay zülmət gecəni işıqlandırırdı. İndi bütün gözlər ona tuşlanmışdı: bəziləri əl yelləyərək Ayı salamlayır, digərləri gözəl sözlərlə bu səma cisminə səslənirdilər. Bəziləri isə onu yumruğu ilə hədələyib «Darıxma, səni fəth etməyimizə çox qalmayıb» deyirdilər. Bir qədər sonra isə yankilər artıq özlərini Ayın sahibi kimi aparırdılar. Adama elə gəlirdi ki, Ay indi Birləşmiş Ştatların bir parçasına çevrilib.
Bütün bu hay-küy düz gecə saat 2-dək davam etdi. Barbiken, nəhayət, izdihamın əlindən qurtulub evinə qayıda bildi. O özünü hədsiz dərəcədə əzgin hiss edirdi. Hərçənd onun yerinə lap Herakl[7] da olsaydı, çoxdan yorulub əldən düşmüşdü.
Səhəri gün Barbikenin təklifi ABŞ-ın bütün böyük şəhərlərinə yayıldı. «Topçular klubu» nun başda Nyu-York, Boston, Vaşinqton, San-Fransisko olmaqla iri şəhərlərdəki üzvləri teleqraf vasitəsilə məsələdən xəbər tutdular. Birləşmiş Ştatların dörd bir yanında klubun 30 mindən çox üzvü vardı. Onların hamısı Barbikendən dəvət məktubu alsa da, çoxu iclasa gedə bilməmişdi. Odur ki dünən axşamdan intizar içində idilər. Bilmək istəyirdilər ki, sədri təcili şəkildə belə bir iclas çağırmağa hansı vacib məsələ məcbur edib. Budur, indi onlar hər şeydən məlumatlıdırlar və Barbikenin niyyətini öyrəndikdən sonra bərk həyəcanlanıblar.
Növbəti gün isə Birləşmiş Ştatların, demək olar, bütün qəzet və jurnalları «Topçular klubu» sədrinin Ayı fəth etmək fikrinə düşməsindən yazırdı. Bu yazılanları bir-birindən maraqlı suallar müşayiət edirdi: Ayda həyat əlamətləri varmı? Ayın Yerdən görünməyən hissəsində nə var? Ayda hər şey sabitdir, yoxsa orada tez-tez hansısa dəyişikliklər baş verir?
Hələlik söhbət bu göy cisminə top atmaqdan gedirdi. Lakin hər kəs başa düşürdü ki, qarşıda onları çox möhtəşəm bir təcrübə gözləyir. Bəzi yankilər qəti əmin idilər, bəziləri isə, sadəcə, ümid edirdilər ki, Ayın sirlərini açmaq amerikalılara qismət olacaq.
Qəzet və jurnalların az qala hamısı Yerin peyki ilə bağlı bütün suallara tezliklə cavab tapılacağına ürəkdən inanırdılar. Hətta Boston Təbiətşünaslıq Cəmiyyəti, Albani Elm və İncəsənət Assosiasiyası, Nyu-York Coğrafiya və Statistika Cəmiyyəti, Filadelfiya Fəlsəfə Cəmiyyəti bu işdə «Topçular klubu» na maddi dəstək belə təklif etdilər.
Gərək düzünü deyəsən: o zamanadək hələ heç bir elmi ideya bu qədər dəstək görməmişdi. Barbikenin təklifinə kimsə nə şübhə, nə də əndişə ilə yanaşırdı. Halbuki Avropada bu cür təklifləri məsxərəyə qoyan, ələ salan xeyli insan tapılardı. Amerikada isə bir nəfər də belə adam tapa bilməzdin. Çünki elə şeylər var ki, Yeni dünyada onları ələ salmaq qadağandır…
Hər tərəfdən Barbikenin təklifinə dəstək və alqış yağırdı. Lakin bunların heç biri onda başgicəllənməsi yaratmadı. O, tezliklə «Topçular klubu» nun üzvlərini yenidən bir araya yığdı. İclasda irəli sürülən təkliflə bağlı alimlərin rəyini öyrənmək qərara alındı. Bu məqsədlə onlara müxtəlif suallar göndəriləcəkdi. Suallara alınacaq cavablardan sonra təklifin həyata keçirilməsinə başlanılacaqdı.
Beləliklə, hazırlanan suallar dərhal Massaçusets ştatındakı Kembric şəhər rəsədxanasına göndərildi. Bunun da səbəbi vardı: orada Şimali Amerikanın ən yaxşı alimləri çalışırdı. «Topçular klubu» nun üzvləri belə bir ciddi məsələdə ancaq onlara etibar edə bilərdilər.
Səbirsizliklə gözlənilən cavab məktubu cəmi iki gün sonra artıq Barbikenin əlində idi. O, rəsədxanadan gələn məktubu böyük bir həyəcanla açıb oxumağa başladı.
«Kembric rəsədxanasının direktorundan «Topçular klubu» nun sədrinə.
Kembric şəhəri, 7 oktyabr.
Cənab sədr!
Rəsədxanamıza ünvanladığınız sualları aldıqdan dərhal sonra təcili iclas çağırdıq. İclasda aşağıdakı suallar müzakirəyə qoyuldu:
1. Top mərmisinin Aya çatması mümkündürmü?
2. Yerdən Ayadək olan dəqiq məsafə nə qədərdir?
3. Başlanğıc sürəti kifayət qədər yüksək olan bir mərmi Aya nə qədər müddətə çata bilər?
4. Mərminin hədəfə çata bilməsi üçün Ay nə zaman daha əlverişli vəziyyətdə olacaq?
5. Topu göy cisminin hansı nöqtəsinə tuşlamaq lazımdır?
6. Topdan atəş açılarkən Ay göy qübbəsinin hansı nöqtəsində yerləşəcək?
Birinci sualın cavabı: Əgər mərmiyə saniyədə on iki min yard sürət verə bilərsinizsə, o, Aya çatacaqdır.
İkinci sualın cavabı: Ay Yer ətrafında dairə deyil, ellips cızır, odur ki müxtəlif vaxtlarda müxtəlif uzaqlıqda olur. Beləliklə, o, Yerdən ən çox 247.552 mil[8], ən az 218.657 mil məsafədə yerləşə bilir».
Üçüncü sualın cavabı: Əgər mərmi saniyədə on iki min yard sürəti qoruyub saxlasaydı, o, təxminən 9 saata Aya çatardı. Lakin mərminin sürəti tədricən azalacağı üçün onun hədəfinə yetişməsindən ötrü 83 saat 20 dəqiqə lazım gələcək. Həm Yerin, həm də Ayın mərmini cəzb edəcəyini nəzərə alsaq, onu müəyyənləşdirilmiş vaxtdan 97 saat 13 dəqiqə 20 saniyə öncə atmaq lazımdır.
Dördüncü sualın cavabı: Astronomik hesablamalara görə, mərmini atmaq üçün ən uyğun tarix gələn il dekabrın 4-dür. Həmin vaxt Ay perigeydə[9] olacaqdır.
Beşinci sualın cavabı: Mərmi 00və 280 şimal və ya cənub en dairəsinə tuşlanmalıdır.
Altıncı sualın cavabı: Atəş açılan yerdən Ayın mərkəzinə olan məsafə 640 bucaq təşkil etməlidir.
«Topçular klubu» nun üzvləri dərhal işə başlamalı və göstərilən tarixə – 4 dekabracan hazırlığı bitirməlidirlər. Əgər onlar həmin tarixi əldən versələr, oturub 18 il 11 gün gözləməli olacaqlar.
C.M.Belfast,Kembric rəsədxanasının direktoru».
Gəlin bu yerdə Ay haqqında bir az ətraflı öyrənək. Çünki bu məlumatlar kitabımızın növbəti səhifələrində bizə məlum ola bilər.
Günəşin ətrafında səkkiz planet fırlanır. Ona məsafəcə ən yaxın olan Merkuridir. Ardıcıllıq belə davam edir: Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun.
Bəzi planetlərin öz peykləri var: Uranla Saturnun səkkiz, Yupiterin dörd, Neptunun iki, Yerin isə bir. Yerin peyki Aydır.
Ay tarixboyu planetimizin sakinlərinin diqqətini daim özünə cəlb edib. Müsəlmanlar təqvimi Ayın Yer ətrafında fırlanması ilə hesablamağa başlayıblar. Onu müqəddəsləşdirən xalqlar da az deyil: qədim misirlilər Aya tanrı kimi baxır və onu İzida adlandırırdılar. Finikiyalılar[10] Aya Astarta, qədim yunanlar isə Feba adını veriblər. Lakin bu xalqların heç biri selenoqrafiya[11] sahəsində biliklərə malik deyildilər. Kimisi onu büllur göy qübbəsindən asılmış hərəkətsiz cisim hesab edirdi, kimisi də Günəşin bir qırıntısı sayırdı. Hətta Aristotelin şagirdi olmuş Kleark belə düşünürdü ki, Ay okeanın sularını əks etdirən cilalanmış güzgüdür.
Lakin qədimdə bir sıra astronomlar Ayla bağlı doğru mülahizələr də irəli sürüblər; məsələn, miladdan öncə 624–548-ci illərdə yaşamış yunan filosofu Miletli Fales belə bir fikir irəli sürüb ki, Ay öz işığını Günəşdən alır. Müasir elm bu fərziyyənin həqiqiliyini təsdiqləyib. Yenə miladdan öncə 310–230-cu illərdə yaşamış başqa bir yunan alimi Aristarxus Samoslu isə Ayın Yer ətrafında hərəkət dövriliyini düzgün izah etmişdi.
Bütün bu kəşflər sonrakı əsrlərdə astronomların işinə yaradı. Lakin Ayın quruluşu uzun müddət insanlara müəmmalı qalıb. 1564–1642-ci illərdə yaşamış italyan alimi Qaliley Yerin peykində orta hündürlüyü 4500 tuaza[12] çatan dağlar olduğunu deyirdi. Di gəl, XVIII əsrin sonunda Gerşel öz dövrünün ən yaxşı teleskopu sayılan cihazın köməyi ilə bu rəqəmi xeyli azaldıb. Onun fikrincə, Ayın ən hündür nöqtəsi 1900 tuazdan çox deyil. Lakin Gerşel də yanılırdı. Sonrakı yüzilliklərdə yaşayan astronomlar Ayda altı dağın orta hündürlüyünün 2600 tuazdan çox olduğunu söyləyiblər. Onların fikrincə, ən yüksək dağın hündürlüyü isə 3801 tuazdır.
Zaman keçdikcə Ayın quruluşu ilə bağlı yeni biliklər meydana çıxdı. Bu biliklərdən isə belə fikir hasil olurdu ki, Ayda hava və su yoxdur. Deməli, orada canlı varlıqlar yaşaya bilməzdilər. Əgər yaşasalar belə, onlar Yer sakinlərindən çox fərqlənməli idilər. Yəni bizdən fərqli olaraq havaya və suya ehtiyac duymamalı idilər.
Yeni müşahidə üsulları sayəsində Ayın səthi haqda dəqiq məlumatlar toplamaq mümkün olub. Bu məlumatlardan belə görünür ki, onun ümumi diametri 2150 mildir, səthi Yer kürəsinin səthindən on üç, həcmi isə qırx doqquz dəfə kiçikdir.
«Topçular klubu» nun üzvləri öz niyyətlərinə çatmaq üçün hərəkətə keçəndə Ay haqqında bundan artıq heç nə bilmirdilər.
Barbikenin təklifindən sonra isə Amerikada hamı Yerin peyki barədə danışmağa başlamışdı. İnsanlar gün keçdikcə Ay ilə bağlı daha çox şey öyrənmək, daha çox suala cavab tapmaq istəyirdilər. Uşaqdan böyüyə hər kəsin söhbətinin başlıca mövzusu Ay idi. İş o yerə çatmışdı ki, artıq ən cahil yanki belə Yerin peyki barədə nəsə bilirdi.
Bir sözlə, Birləşmiş Ştatlarda hər kəsin indi bircə məqsədi vardı: Ayı fəth etmək və ABŞ-ın ulduzlu bayrağını onun ən hündür nöqtəsinə sancmaq!
Kembric rəsədxanasının cavab məktubundan sonra Barbiken və yoldaşları öz məqsədlərini həyata keçirmək üçün hazırlıq işlərinə başladılar. «Topçular klubu» nun sədri işləri icra edəcək xüsusi komitə yaratdı və onun üzvlərini təyin etdi.
Komitənin ilk üç iclasında top və mərminin hazırlanması, eyni zamanda lazımi qədər barıtın əldə edilməsi müzakirə olundu. Sonda həmin işlərlə məşğul olmaq Barbikenlə yanaşı, general Morqan, mayor Elfiston və Mastona tapşırıldı. Dördnəfərlik bu qrup vaxt itirmədən «Topçular klubu» nun sədrinin evində toplaşdı.
Sözə də elə Barbiken başladı:
– Əziz həmkarlar! Bura niyə yığışdığımız aydındır. Fikrimcə, ilk olaraq Aya atacağımız mərmi məsələsini həll etməliyik. Çünki hazırlayacağımız topun ölçüsü mərminin ölçüsündən və çəkisindən asılı olacaq.
– İcazənizlə müdaxilə edim, – Maston uca səslə dedi. – Mən də sizin kimi düşünürəm. Həm də ona görə ki Aya buraxacağımız mərmi eyni zamanda bizim elçimiz olacaq.
Mastonun son sözləri hamının marağına səbəb oldu. Odur ki onu ikiqat diqqətlə dinləməyə başladılar.
– Möhtərəm həmkarlar! – Maston yenidən uca səslə dilləndi. – İzninizlə nə demək istədiyimi geniş izah edim. Zənnimcə, mərmi insan ağlının ən parlaq təzahürüdür. İnsan mərmini yaratmaqla uca yaradana daha da yaxınlaşıb. İşığın, ulduzların, kometaların, planetlərin, peyklərin, səsin, küləyin sürəti Allahın işidir. Biz isə sürətinə görə qatarı belə arxada qoyan mərmi yaratmışıq!
Maston əməllicə cuşa gəlmişdi. O, mərmiyə təriflər yağdırmaqdan usanmırdı.
– Sizə rəqəmlər lazımdır? Elə isə, buyurun, – Maston alovlu şəkildə deyirdi. – Götürək çəkisi iyirmi dörd funt olan bapbalaca bir mərmini… Bu mərmi elektrik cərəyanından səkkiz yüz min dəfə yavaş hərəkət etsə də, topdan atılarkən səsdən daha sürətlidir. O, Aya on bir günə, Günəşə on iki ilə, Neptuna isə üç yüz altmış ilə çata bilər. İnsan ağlının və əməyinin məhsulu olan bu mərmi görün nələrə qadirdir! Əgər biz onun sürətini iyirmi dəfə artıra bilsək, necə?! Bu lap möcüzə olardı!
Maston ani susdu və bayaqkından da təntənəli şəkildə dilləndi:
– Ey qüdrətli! Mən göylərin səni layiqincə qəbul etməsini arzulayıram!
Dinləyənlər Mastonun alovlu nitqinə «Ura» sədaları ilə cavab verdilər. Maston həyəcan içində kreslosuna oturdu.
– İndi isə, – Barbiken dedi, – gəlin məsələnin konkret həllinə keçək.
– Biz hazırıq, – masadakı buterbrodlara girişən digərləri onun çağırışına hay verdilər.
– Haradan başlamalı olduğumuz, fikrimcə, hər birinizə aydındır: bizdən mərmiyə saniyədə on iki min yard sürət vermək tələb olunur. Hesab edirəm ki, biz bunu bacaracağıq. Lakin əvvəlcə hazırkı mərmilərin hansı sürətlə hərəkət etdiyini öyrənmək lazımdır. General Morqan, bizə bununla bağlı məlumat verməyə hazırsınızmı?
– Məmnuniyyətlə, – general cavab verdi. – Axı mən müharibə zamanı silahları sınaqdan keçirən komissiyanın üzvü olmuşam. Hazırda ilkin sürəti saniyədə beş yüz yard olan mərmilər də var, saniyədə səkkiz yüz yard sürətlə uçan, çəkisi yarım ton olan mərmilər də…
– Belə çıxır ki, səkkiz yüz yard hazırda ən böyük ilkin sürətdir? – Barbiken soruşdu.
– Bəli, – deyə general sakitcə cavab verdi.
– Deməli, başlanğıc sürətini iyirmi dəfə artırmaq lazımdır, – «Topçular klubu» nun sədri bunu deyib fikirli halda başını qaşıdı. – Gəlin tələb olunan sürətin müzakirəsini gələn iclasa saxlayaq. Hələliksə mərminin ölçüsündən danışaq. Şübhəsiz ki, burada söhbət yarım tonluq mərmidən getmir.
– Niyə ki? – mayor soruşdu. O, yenidən nəsə demək istəyirdi ki, Maston sözünü kəsdi:
– Çünki bu mərmi çox iri olmalıdır, əks təqdirdə o, Ay sakinlərinin diqqətini çəkməyəcək.
– Əlbəttə, elədir, – Barbiken dedi. – Lakin bundan da ciddi səbəb var.
– Barbiken, açıq danışın görək, nə demək istəyirsiniz? – mayor maraqla xəbər aldı.
– Məsələ burasındadır ki, – sədr aramla izah etməyə başladı, – Aya atəş açmaq azdır, mərmi bu göy cisminə çatanacan onu müşahidə etmək də lazımdır.
– Nə?! – mayorla general bir ağızdan qışqırdılar.
– Bəli, biz mərminin hərəkətini izləyə bilməliyik. Yoxsa təcrübəmiz nəticəsiz qalacaq, – Barbiken tövrünü pozmadan soyuqqanlı şəkildə dedi.
– Elədirsə, deməli, mərmimiz düşündüyümüzdən qat-qat böyük olmalıdır, – bu dəfə mayor fikirli halda başını qaşıdı.
– Heç də! – sədr sakitcə etiraz etdi. – Bəyəm sizin müşahidə cihazlarının necə təkmilləşdirildiyindən xəbəriniz yoxdur?! Müasir teleskoplar Ayı bizə qırx mil məsafəyədək yaxınlaşdırır. Bu cür məsafədə isə uzunluğu altmış fut olan cisimləri aydınca görmək, izləmək mümkündür. Ah, əgər Ayın zəif işığı olmasaydı… Bu işimizi daha da asanlaşdırardı.
– Heç nə başa düşə bilmirəm, – general təəccüblə dilləndi. – Ayın işığı güclü olsaydı, bu nəyi dəyişəcəkdi? Yoxsa siz diametri altmış fut olan mərmi hazırlamaq istəyirsiniz?
– Qətiyyən!
– Bəlkə, onda Ay işığını daha parlaq etmək fikrindəsiniz?
– Doğru buyurdunuz.
– Əla! – Maston çığırdı. General onun belə coşqun reaksiyasına əhəmiyyət verməyib Barbikenə növbəti sualı ünvanladı:
– Ay işığını daha da parlaqlaşdırmaq? Axı necə?
– Bu çox sadədir, – sədr həmişəki təmkini ilə sözlərinə davam etdi: – Əgər atmosfer örtüyünün qalınlığını azaltsaq, Ay işığı daha parlaq ola bilər.
– Məncə, bu, ağlabatandır, – Elfiston razılaşdı.
– Biz bu cür nəticəyə nail olmaq üçün teleskopu hündür dağda yerləşdirməliyik, – Barbiken təklifini bir az da konkretləşdirdi.
– Mən təslim, – mayor dedi. – Cənab sədr, siz istənilən qəliz məsələni sadələşdirməkdə ustasınız!.. Bəs bu yolla Ay işığının parlaqlığını nə qədər çoxaltmaq fikrindəsiniz?
– Qırx səkkiz min dəfə! – Barbiken cavab verdi. – Onda biz Ayı sanki beş mil məsafədə görəcəyik. Bu məsafədənsə uzunluğu doqquz futa çatan cisimləri görmək mümkündür.
– Lakin icazənizlə deyim ki, – mayor Elfiston bu dəfə etiraz etdi, – belədə mərminin çəkisi həddən artıq böyük olacaq. Bu isə o deməkdir ki…
– Mayor! – Barbiken heç kimin gözləmədiyi halda amiranə səslə onun sözünü kəsdi. – Mərminin çəkisini müzakirə etməzdən öncə yadınıza salım ki, bizdən əvvəlkilər bu sahədə misilsiz möcüzələr yaratmağa nail olublar. Elə isə, biz özü də ballistikanın günbəgün inkişaf etdiyi bir vaxtda niyə möcüzə yarada bilməyək?!
– Söylədiklərinizi sübut edin! – Maston hərarətlə çığırdı.
– Bundan asan nə var ki! – Barbiken yenidən sakit səslə dedi. – Sizə bir neçə nümunə gətirə bilərəm: 1453-cü ildə II Mehmet[13] Konstantinopolu mühasirəyə alarkən Osmanlı toplarının atdığı mərmilərin çəkisi min doqquz yüz funta çatırmış.
– Paho! – mayor ucadan dilləndi. – Min doqquz yüz funt!
– Bəs dövrümüzdə nə baş verir? – Barbiken davam etdi: – Bəzi toplar çəkisi, sadəcə, beş yüz funt olan mərmilər, bəziləri isə yarım tonluq mərmilər atırlar. Belə çıxır ki, bu gün mərmilərin uçuş məsafəsi artıb, ancaq çəkisi azalıb. Biz indi Osmanlı mərmilərinin çəkisini on qat artırmağa nail olmalıyıq. Başqa yol yoxdur.
– Bəs hazırlayacağımız mərmi üçün hansı metaldan istifadə olunmasını təklif edirsiniz?
– Zənnimcə, çuqundan, – general Morqan dedi.
– Tfu!.. – Maston dərin nifrətlə dilləndi. – Ay belə materialdan hazırlanmış mərmiyə qətiyyən layiq deyil.
– Dostum, bu qədər də tələbkar olmağa gərək yoxdur, – Morqan dedi. – Bir halda ki çuqun işimizə yarayır, qoy olsun!
– Bir dəqiqə! – mayor Elfiston qəfildən söhbətə qarışdı. – Mərminin çəkisi onun həcminə mütənasibdir. Belə çıxır ki, diametri doqquz fut olan mərminin çəkisi də kifayət qədər çox olacaq.
– Hə, əgər o, bütöv olarsa, – Barbiken cavab verdi, – və yox, əgər onun içi boş olarsa.
– İçi boş! Söhbət bombadan gedir?
– Bəli, bombadan! – sədr təsdiqlədi. – Bizə bomba lazımdır! Mən onun çəkisinin iyirmi min funt olmasını təklif edirəm.
– Bəs divarlarının qalınlığı nə qədər olmalıdır? – mayor soruşdu.
– Nisbətlərdən çıxış etsək, – Morqan dedi, – yüz səksən düym[14] diametrlik mərminin divarlarının qalınlığı haradasa iki fut olmalıdır.
– Bu, həddən artıq çoxdur, – Barbiken dilləndi. – Mərminin divarları barıt qazlarının təzyiqinə tab gətirməlidir. Beləcə, çuqun bombanın çəkisinin iyirmi min futdan çox olmaması üçün divarların qalınlığı nə qədər olmalıdır? Maston indi bizim üçün bunu hesablayar.
– Bundan asan nə var ki! – Maston bunu söyləyib cəld hesablamağa başladı və çox keçmədən nəticəni açıqladı: – Divarların qalınlığı cəmi iki düym olacaq!
– Məgər bu, kifayətdir? – mayor şübhə içində soruşdu.
– Yox, – Barbiken cavab verdi. Azca fikirləşib əlavə etdi: – Zənnimcə, başqa bir metaldan istifadə etməliyik.
О проекте
О подписке
Другие проекты
