Kronlar vəhşi səslər çıxardaraq aşağıdakı yolla qızı izləyirdilər. Nil kronların mavi alovlarla açdıqları atəşlərdən yayınmağa çətinlik çəkmirdi, lakin sayları çoxaldıqca vəziyyət daha da təhlükəli olacaqdı. Bir neçə dükan irəlidən dörd kron da dama çıxıb ona tərəf qaçmağa başladı. Nil də onlara doğru ziqzaqvari qaçaraq qılıncını belindən götürdü. Açılan mavi atəşlərin hamısı qızın sağından-solundan santimetrlərlə yan keçirdi. Bəziləri lap ayağının altına dəyirdi. Aralarındakı məsafə lap qısalanda kronlar da qılınclarını çıxarmaq istədilər, lakin buna vaxtları qalmamışdı. Nil onların arasından bəbir kimi sürətlə qaçıb keçdi. Hansına necə zərbə endirdiyini digərləri heç görmədilər də. Bir-birlərinə baxıb bədənlərində nələrinsə əksik olduğunu düşündülər. Ağrı çəkmirdilər, amma, elə bil, dərin yuxuya getmək istəyirdilər. Yalnız döyüşçü qız onlardan xeyli aralanandan sonra birinin sol qoluyla sağ ayağı qopdu, birinin başı ortadan iki yerə ayrıldı, digərlərinin isə qarınlarındakı böyük kəsiklərdən bütün içalatları çölə daşdı. Damın üstü bir anlığa ağappaq gölməçəyə çevrildi. Nil bu dəfə də qılıncındakı ağ qanı üstünə silib belinə bərkitdi. Belindəki xüsusi maqnit qılıncı oradan düşməyə qoymurudu.
Birdən-birə qulağına əvvəlcə xışıltı, daha sonra isə tanış bir səs gəldi.
– Nil? Cavab ver, məni eşidirsən?
Qızılbaşların lideri Solonasın səsi qaranlıq tunelin sonundakı işıq kimiydi. Nil budəfəki tapşırığı danışıldığı vaxtdan bir neçə saat tez yerinə yetirmişdi. Buna görə də bazarın cənub çıxışında hələ ki onu gözləyən qızılbaş gəmisi görsənmirdi.
– Salam, şef. Hər şey yaxşıdır, hamı xoşbəxtdir. Öldürə-öldürə qaldığım kronlardan başqa. Tələsməyə bilərsiniz, – bir az zarafatyana, bir az da ironiya ilə cavab verən qızın səsi dayanmadan qaçdığına görə titrək və təngənəfəs çıxdı.
– Biz, təxminən, iki saatdan sonra cənub çıxışında səni gözləyəcəyik. Gecikməməyə çalış. Yoxsa, bazarı partlatmağa məcbur qalacayıq, – Solonasın səsi arada-gedib gəlirdi. Görünür, Nilin də səsi yaxşı eşidilmirdi ki, qızın nədən danışdığını Solonas anlamamışdı. – Bu partlayış isə çox diqqət çəkər. Bunu istəmirəm.
– Narahat olma. Belə getsə, bir neçə dəqiqədən sonra özüm partladacam bu ölüxananı, – deyən kimi damdan yerə tullanan qız düz önündəki iki kronun sinəsini gümüş bıçaqlarla iki yerə böldü. Bu dəfə qan qızın bütün üz-gözünə sıçradı. Nil sifətini turşudaraq başını yellədi. Kronları öldürmək ona hədsiz zövq versə də, qanlarından gələn üfunət iydən zəhləsi gedirdi.
– Nil… Nələr baş verir? – Solonasın səsi qeyri-adi dərəcədə təmkinli idi. – Hər şeyi səssiz-sakit həll etməyini istəmişdim.
– Mümkün olmadı, şef. İmpravizə eləməyə məcbur qaldım. İndi də bazarın ortasında ora-bura qaçıram və dörd bir yanımda da bir neçə kron dəstəsi var. Silahlı və əsəbi kronlar, – Nil təngənəfəs vəziyyətdə gah sağa, gah da sola dönüb qaçırdı. – İki saatlıq vaxtım yoxdur, məncə.
– Qolbaq səndədir? – kiçik səssizlikdən sonra qızılbaş lideri az qala pıçıltıyla soruşdu.
– Qolumdadır. Heç də biz düşündüyümüz kimi asan olmadı oğurlamaq. Bir-iki vedrə ağ qan axıtdım götürmək üçün, – deyən qız sağ biləyindəki dəmir qolbağa baxdı. Qəribəydi. Görünüşünə görə qədim döyüş qolçaqlarını xatırladan qolbaq, elə bil, sırf onun biləyinin ölçüsündə hazırlanmışdı. Rahat hərəkət etsin deyə dəmir qolbağı qoluna taxan kimi biləyində öz-özünə kipləşmiş və balacalaşmışdı sanki.
– Nə badə qaçmağı dayandırıb açıq döyüşə girəsən, nə badə. Maksimum sürətlə gəlirik. Gizlənməyə bir yer tap və gəmimizi görənə qədər də çıxma oradan, – Solonasın yüngülcə xırıldayan səsi qarşı tərəfdən heç eşidilmirdi. – Həyatda qal, əsgər. Bu əmrdir.
– Oldu, şef, – Nil dükanların qapı kandarlarına düzülmüş dəmir piştaxtalarının üstündən tullanaraq və ətrafındakı qəribə görünüşlü yadplanetli irqlərin nümayəndələrini sağa-sola itələyərək durmadan qaçırdı. Belə nə qədər davam edə biləcəyini heç bilmirdi.
Birdən-birə, elə bil, sağ tərəfindən böyük bir qaya parçası dəydi ona. Zərbənin təsirindən sol tərəfdəki dükanın dəmir divarlarına çırpıldı. Nazik divarları deşib qumlu torpağın üstündə bir neçə dəfə diyirlənərək bir küçə geridəki dükanın önündəki böyük dəmir soyuducuyla toqquşdu. Toqquşmağıyla da kəmərindəki qoşa tapançanı çıxardıb zərbə gələn tərəfə tuşladı. Gözləri bir anlıq bulanıqlaşıb yenidən düzəldi. Çoxdandır bu qədər güclü zərbə dəymirdi ona. Önündəki arxa divarı deşilmiş dükandan heç kim gəlmirdi. Bir neçə saniyə bu cür dayandıqdan sonra dərin bir nəfəs aldı və beş metr irəliyə düşmüş qulaqlığı görüb yenidən ayağa qalxdı. Onu yerdən götürmək üçün əyildiyi vaxt bu dəfə solundan toz-torpaqlı bir küləyin ona yaxınlaşdığını hiss etdi. Kronlardan on qat daha sürətlə hərəkət edirdi. Başını sola çevirməyə imkan tapmamış qaya kimi sərt külək bir dəfə də Nili havaya sovurdu. Nil on beş-iyirmi metr kənara uçub başqa bir dükanın metal yığınına dəydi və dəmir-dümür ətrafa səpələndi. Sol çiynində ağrılar baş qaldırırdı. Qaşının üstündən də qan açılmışdı.
Başını qaldırıb zərbənin dəydiyi tərəfə baxdı. Toz-duman yavaş-yavaş çəkilərkən qanadlı bir məxluqun siluetini görə bildi. Qanadları asta-asta belinə doğru yığılıb yoxa çıxdı. Havaya sovrulan toz-torpağın arasından incəbelli və həddindən artıq gözəl bir qız çıxdı. Nil bir az əvvəl yerdən götürdüyü qulaqlığından Solonasın səsini eşitdi, nəhayət ki. Aparatı qulağının arxasına bərkitdi.
– Nil? Orada ancaq kronların olduğuna əminsən?
– Yox, şef. Bir vampir də var. Qanadlı. Meledadır, yəqin ki, – Nil hələ də yıxıldığı yerdən qalxa bilməmişdi. Qara paltarları və üzünün yarısı sapsarı torpaq olmuşdu.
– Onunla döyüşməyi ağlına da gətirmə.
– Nəhayət ki, onunla qarşılaşdıq. Özü öz ayaqlarıyla ölümünə gəlib, – Nilin özündən əmin danışığı Solonası əsəbləşdirmişdi, deyəsən.
– Onunla döyüşmə deyirəm. Qalib gələ bilməyəcəksən. Onu öldürə biləcək silahın yoxdur üstündə, – Solonasın bayaqkı təmkinli səsindən artıq əsər-əlamət yox idi. – Qanadlı vampirləri öldürmək, demək olar ki, imkansızdır.
– Qisasımı alacam, şef! – Nil son sözlərini deyib qulaqlığa toxundu və əlaqə kəsildi.
Ayağa qalxıb düşmənin hücum həmləsini gözləməyə başladı. Tozların arasından qızılbaş döyüşçüyə tərəf gələn qapqara və damdar dəri paltarlar geyinmiş qızla təkbətək döyüşün asan olmayacağı bəlliydi. Boyu kronlardan belə daha uzun olardı. Qıpqırmızı gözləri ağappaq dərisinin fonunda işıq kimi parıldayırdı. Dodaqlarında ifritə bir gülümsəmə var idi.
– İnsan qanının ətrini kilometrlərlə aralıdan hiss edirəm. Bu dadı heç bir şeylə əvəz etmək olmur, – qara vampir özündən əmin şəkildə asta-asta addımlayaraq Nilə yaxınlaşırdı. – Qızılbaşların qanını içmədiyim bir neçə yüz il olub. Darıxmışdım.
– Gəl, qancıq, gəl. Səni öz qanında boğacam, – Nil qızılbaşlara yaraşmayacaq bir şəkildə ona verilən tapşırığı şəxsi prinsiplərinin arxasına atmışdı. – Mənim qılıncımsa tez-tez vampir bədəni doğrayır. Bu gün qanın ətrini hiss etdiyin son günün olacaq, – deyib əlini qaşının üstündən süzülən qana sürtərək vampirə tərəf uzatdı.
– Çox cəsarətlisən, qızcığaz. Görək, bir azdan bədəninin hər yerindən qan axanda da bu qədər cəsarətli danışa biləcəksən?
Meledanın belindən iki yana doğru qapqara tüksüz qanadlar açıldı və üzünün görünüşü bir anda dəyişildi. Dırnaqları caynaqlara çevrildi və vampir dişləri uzandı. Azacıq havaya qalxıb sürətlə Nilə tərəf uçdu. Hər dəfə qanadları çırpıldıqca bazarın toz-torpağı bir az da havaya sovrulurdu. Yaranan külək ətrafdakı bütün dükanların qapı-pəncərələrini çırpıb bağladı. Küləyin bağlamadıqlarını isə dükan sahiblərinin özləri bağladılar. Hərə öz yuvasında kiçik bir deşik tapıb meydanda nələrin baş verəcəyini səbirsizliklə izləməyə başladı. Aralarında iki metr məsafə qalmış qızılbaş döyüşçü ani hərəkətlə fırlanaraq dabanıyla vampirin çənəsindən qüvvətli bir zərbə endirdi. Vampir bu dəfə ovuna toxuna bilməmişdi. Zərbə sırası rəqibə keçmişdi.
Nil zərbə vurduğu dabanında güclü ağrı hiss etdi. Elə bil, dabanından güllə dəymişdi. Vampirlərin bədənləri sərt olurdu, amma Meledanın bədəni lap mərmər kimiydi. Vampir qız əlini üzünə tutub nə olduğunu anlamağa çalışırdı. Yerindən çıxmış alt çənəsi öz-özünə yenidən geri qayıdıb yuxarı çənəsinə birləşdi. Meleda əliylə alt çənəsini sağa-sola tərpədib yerində bərkidərək Nilə tərəf çevrilərkən qız artıq havada idi və yerə düşməmiş vampirin sifətindən dalbadal dörd-beş təpik də vurdu. Yerə düşən kimi daha bir neçə zərbə endirdi. Sonuncu ayaq zərbəsində isə Meleda Nilin ayağını tutdu və onu fırladaraq yandakı binanın divarına çırpdı. Divar az qala parçalanacaqdı. Ayağı hələ də vampirin əlindəydi. Sol çiynindəki ağrılar getdikcə güclənməyə başlayırdı. Vampir bir dəfə də onu var gücü ilə fırladıb kənara tulladı. Bu dəfə qarşıdakı dükana sanki bomba atdılar. Nil tank gülləsi kimi girmişdi qaranlıq dükana və hər yeri dağıtmışdı. Gözlərini açanda Meledanın sürətlə dükana tərəf uçduğunu gördü və cəld şəkildə sağa tərəf sıçradı. Meledanın sərt dizi Nilin bayaq söykəndiyi qalın dəmir parçasını ortadan iki yerə böldü. Parçalardan biri Nilin qabağına düşdü. O, dəmiri yerdən qaldırıb havaya tullandı və var gücüylə vampirin başına vurdu. Amma vampir olduğu kimi də dayanıb sadəcə başını aşağı əydi. Başında balaca yarıq əmələ gəldi və dərhal da bitişdi. Caynaqlarını yumruq kimi qıza atdı. Bu dəfə də vampirin zərbələrindən qaça bilən qız qılıncını vampirin başının düz ortasına vurmaq istəyərkən vampir hər iki əlindən yaxaladı onu. Nil kəllə vurdu bu dəfə, amma başı divara dəymiş kimi gicəlləndi və o biri qaşından da qan açıldı. Meleda onun əllərini yanlara tərəf dartıb havaya qaldırdı. Nil sanki çarmıxa çəkilmişdi. Vampirin ağzı açıldı, dişləri bir az da itiləşib uzandı. Nil gücünün tükəndiyini hiss edirdi. Amma bu qədər tez təslim ola bilməzdi. O, qızılbaş döyüşçüsü idi. Qızılbaşlar heç vaxt asan rəqib olmamışdılar, olmayacaqdılar da.
Bütün gücünü ayaqlarına toplayaraq ucu sərt çəkmələriylə vampirin qabırğa hissəsindən var gücü ilə zərbə endirən kimi Meleda qızı buraxdı. Bu zərbə vampirin qabırğalarını sındıra bildi, amma bir neçə saniyəyə, onsuz da, birləşəcəkdilər. Bu vaxt ərzində Nil gümüş bıçaqları çıxarıb vampirin bədənini sürətli zərbələrlə deşik-deşik etdi, bıçağı tərs çevirib boğazını kəsdi. Bıçaqları nə vaxt yerinə qoyub tapançaları nə vaxt götürdüyünü vampirin özü belə görmədi. Hər iki silahdan açılan atəşlə qara vampir dükanın o biri başına qədər uçub taxta dirəyi sındırdı. Bu yaralar onu öldürə bilməsə də, Nilə oradan qaçmaq üçün bir dəqiqəyə yaxın vaxt qazandırmış oldu.
Solonas haqlı idi. Onunla təkbətək döyüşmək ağılsızlıq idi. Çox ciddi yaralanmışdı. Qaçış sürəti azalmış, bütün əzələləri boşalmışdı. Gözləri də tez-tez bulanıqlaşırdı. Üstəlik, dostlarının şəhərə çatmağına hələ iki saata yaxın vaxt var idi. Hər küçənin döngəsindən vəhşi kronlar çıxır, dayanmadan atəş açır və onu tutmağa çalışırdılar. Hara qaçdığını özü belə bilmədən dükanların damlarına tərəf baxdı. Gizlənəcək bir yer olmalı idi. Qaçaraq qurtulmaq mümkün deyildi.
Birdən paslı şəhərin tək hündür binası olan sapsarı saat qülləsini gördü. Ağlına bir fikir gəldi. Qolundakı qolçağa bənzər alətə baxdı. Bu qolçağı oğurlamaq üçün gəlmişdi metal xarabalığa. Onu Solonasa çatdırmaq üçün canını belə verə bilərdi. Amma indi yalnız bu qolbaq onun Orianadakı taleyini dəyişmək iqtidarındaydı. Niyə də yox? Niyə də olmasın? Onsuz da, Aksel Zalton bu texnologiyanı hələ test etməmişdi.
Yenidən qulaqlığa iki dəfə toxundu.
– Şef? Burdasız? – Saat qülləsinə çatmağa lap az qalmış yenidən qızılbaş gəmisiylə əlaqə yaratdı.
– Burdayam, axmaq qız. Sən neylədiyini fikirləşirsən? – Solonasın bu qədər əsəbləşdiyini, bəlkə də, heç bir qızılbaş görməmişdi. – O vampiri öldürəcəyini necə düşünə bilərsən? Döyüşməməyi əmr etmişdim sənə.
– Şef… – qız nəsə deməyə çalışdı.
– Nə olursa-olsun, həyatda qalmağı əmr etmişdim.
– SOLONAS! Qulaq as, vaxtımız azdır, – Nilin səsi komandirinin də səsindən yüksək çıxmışdı. O da birinci dəfə idi ki, başçılarına qışqırırdı.
– Eşidirəm.
– Zalton yanındadır?
– Yox, əlbəttə ki. Onu Rufinaya göndərmişik. İlk varp sıçrayışının düşmə lövhəsini hazırlayır, – Solonas qızın beynindən nələr keçdiyini az-çox təxmin edə bilirdi.
– İndiyə kimi bitmiş olar deyə ümid edirəm, – Nil var gücü ilə tullanaraq saat qülləsinin birbaşa ikinci mərtəbəsindən pəncərə şüşələrini sındıraraq içəri daxil oldu. Yol boyu bir neçə kronu da öldürdüyündən gümüş bıçaqlar hələ də əlindəydi. – İlk test üçün əlimdə yaxşı bir təcrübə siçanı var.
– Əminsən? – Solonas da başqa çıxış yolu olmadığını anlamışdı. Nili itirməyi gözə ala bilməzdi.
– Başqa çıxış yolum yoxdur, şef. Ölümün qucağına atılmalıyam, – qızın səsindən az da olsa qorxduğu hiss olunurdu. – Rufinayla əlaqə saxlayın, düşmə lövhəsini aktivləşdirsinlər.
Altıncı mərtəbədə olarkən binanın çölündən vahiməli bir qadın səsi eşidildi. Meledanın səsi idi. Həddindən artıq əsəbləşdiyi hiss olunurdu. İlk dəfə idi ki, kimsə onu bu qədər yaralamağı bacarmışdı. Bu insan onun əllərində ölməliydi. Saat qülləsinin divarlarından biri altıncı mərtəbədə birdən-birə dağıldı və qara vampir Nilin boğazından yapışıb o biri divara çırpdı. Vampir güclü caynaqlarından biriylə onu boğmağa davam edərkən digər əlindəki iti dırnaqlarını Nilin qarnına soxdu. Qızın qarnı beş yerdən eyni vaxtda deşildi. Bu, kronların alov silahından belə daha ağır yara idi.
– “Hər yerindən qan axacaq” demişdim sənə, – Meleda barmaqlarını qızın qarnında bir az da tərpədərək ilan kimi fısıldadı.
Nilin ağzı bir anda qanla doldu və ağrıdan qışqırarkən çənəsinin yanlarından aşağı axdı. Vampirin barmaqlarının qarnının içində necə yumruqlaşdığını hiss edirdi. Düz düşməninin qanla dolmuş vəhşi göz bəbəklərinə baxaraq əllərindəki bıçaqlardan birini boğazından yapışan ələ batırdı. Vampir o dəqiqə əlini çəkdi. Digər bıçağı isə çənəsinin altından soxub burnunun çəpər sümüyündən çıxartdı. Meleda neçə yüz illik ömründə bu qədər ağrı hiss etməmişdi. O da özünü saxlaya bilməyib var gücüylə qışqırmağa başladı. Nil vampirin özünü ora-bura çırpdığını görüb son gücünü toplayaraq onu binanın pəncərəsinə tərəf itələdi. Vampir pəncərəni sındırıb altıncı mərtəbədən yerə yıxıldı. Amma bu da vampiri öldürməyəcəkdi. Ən qısa zamanda binanın damına çıxmalıydı Nil.
Ağrılar içində axsayaraq pilləkənləri qalxmağa başladı. Kron dəstələri artıq dördüncü mərtəbəni keçmişdilər və sürətlə Nilə yaxınlaşırdılar. Nil birtəhər binanın damına çıxdı. Qarnındakı yaraya görə çox qan itirmişdi. Qulaqlığına toxundu son dəfə.
– Solonas! – ağzına dolan qana görə güclə danışan qız komandirini çağırdı.
– Nil… Rufinada hər şey hazırdır. Sənə inanırıq, Nil. Sənə inanırıq, qızım, – Solonas hal-hazırda hər şeydən çox Nilin həyatı üçün narahat olurdu.
– Əgər nanovarp işləməsə, məni bağışla, şef. Bağışla ki, sənə qulaq asmadım. Bağışla ki, bu aləti sənə gətirə bilmədim. Əgər işləməsə… – qız sanki qızılbaşların lideri ilə vidalaşırdı.
– İşləyəcək! İşləməlidir!…
Nil damın ən küncünə çatanda kronlar dama çıxan qapıdan ətrafa səpələnməyə başladılar. Silahlarını qıza tuşlayıb güllələməyə macal tapmamış yaralı döyüşçü özünü onmərtəbəli qüllənin damından aşağı atdı. Yerə yaxınlaşarkən ürəyinin nə qədər döyündüyünü hiss edən qız nanovarpın işləmədiyinə əmin olmuşdu. “Bu da son” deyə düşündü içindən. Tam yerə çırpılacağı anda hər yer ağardı. Eyniylə yuxularda olduğu kimi ölümdən sonrakı həyatı görmədən başqa bir yerdəmi oyanacaqdı, yoxsa ölümün əslində nə olduğunumu anlayacaqdı?! Deyəsən, heç biri.
Rufinanın ən böyük və ən hündür zalında inşa edilmiş ilk nanovarp sıçrayışının düşmə lövhəsində birdən-birə gözqamaşdırıcı bir işıq peyda oldu. Bu parlaqlıq qarşısında gəminin hər yerinə quraşdırılan solğun rəngli balaca göy led işıqların təsiri azaldı. Bir neçə saniyədən sonra parlaqlıq azalmağa başladı. Ətrafdakı bütün qızılbaşlar və Aksel Zalton alətin işlədiyindən çox Nilin onların yanında olduğuna sevindilər. Qız ağ və qırmızı qanlara boyanmış halda yerdə, düşmə lövhəsinin üzərində uzanmışdı. Başını qaldırıb bütün yaradılışın ən böyük kəşfini edən Zaltonun üzünə baxaraq ağrılar içində gülümsədi.
– Əgər işləməsəydi, Zalton, o dünyada səbirsizliklə sənin lal otaqlarını öz qışqırığınla dolduracağım günü gözləyəcəkdim, – sözünü bitirən kimi qeyri-ixtiyari şəkildə öskürərək qan tüpürdü.
Ölümcül yaralanmağına baxmayaraq dostlarının əhatəsində olmaqdan hədisz xoşbəxt görsənirdi. Nanovarp qolbağı artıq qızılbaşlarda idi. Üstəlik Hemera da digər dostlarının yanındaydı. Bu isə o demək idi ki, bir neçə saat da ölməsəydi, yaraları tamamilə sağalacaqdı.
– Kimsə nə olduğunu desin? – Solonasın səsi bu dəfə səsgücləndiricilərdən çıxdı. – İşlədi? Alındı?
– Mənim üçün asan tapşırıq oldu, şef! – Nil yenə zarafatyana dedi. – Seçilmişi tapmaq bundan asan olmayacaq.
– Biz tapmayacayıq, – Solonas əminlikdə cavab verdi. – O, özü bizi tapacaq.
О проекте
О подписке
Другие проекты