Читать книгу «Karvan» онлайн полностью📖 — Вильгельма Гауфа — MyBook.
cover

Vilhelm Hauf
Karvan

SƏHRADA GÖRÜŞ

Səhrada böyük bir karvan gedirdi. Ucsuz-bucaqsız düzəngahda dəvələrin zınqırov səsi və atların gümüşü qumrovlarının1 cingiltisi uzaqlara yayılırdı. Küləyin dalğası qatı toz dumanını qovub uzaqlaşdıran kimi silahların parıltısı və libasların əlvanlığı göz qamaşdırırdı.

Yan tərəfdən yaxınlaşmaqda olan bir atlı karvanı beləcə gördü. Atlının zil qara atının çulu pələng dəri-sindəndi, yəhər-qayışından gümüşü zınqırovlar sallanmışdı, başındakı əmmamənin gözəl cıqqası2 dalğalanırdı. Atlı qədd-qamətliydi, libası da atın bərbəzəyinə uyğun gəlirdi: alnına qızıl tikməli sarğı çəkmiş, qurşağından bəzəkli dəstəyi olan əyri qılınc sallanmışdı, xalatı və gen şalvarı al-qırmızı rəngdəydi. Qalın qaşları altından od saçan qara gözləri, donqar burnu və uzun saqqalı onu qətiyyətli və qəzəbli göstərirdi.

Karvana bir əlli addım qalmış atlı atını mahmızladı və bir göz qırpımında karvanın qabaq sırasına çatdı. Səhrada atlı görmək o qədər heyrətamiz bir hadisə idi ki, karvanın keşikçiləri bunu həmlə sayıb nizələrini ona tərəf çevirdilər.

Atlı düşməncəsinə qarşılandığını görüb ucadan dilləndi:

– Nə olub sizə? Yoxsa elə bilirsiniz ki, bir adam cürət edib karvanınıza hücum edə bilər?


Keşikçilər bu sözdən utanıb nizələrini yana çəkdilər, qarovulbaşı isə naməlum adama yaxınlaşdı. Atlı soruşdu:

– Karvanın sahibi kimdir?

– Sahib bir adam deyil, – qarovulbaşı cavab verdi, – burada bir neçə tacir var. Hamısı Məkkə ziyarətindən qayıdıb vətəninə gedir. Biz də onları bu səhradan keçiririk, çünki bu yerlərdə qaçaq-quldur çoxdur, zəvvarları tez-tez narahat edirlər.

– Elə isə məni tacirlərin yanına aparın, – naməlum adam amiranə şəkildə dedi.

– İndi mümkün deyil, – qarovulbaşı etirazını bildirdi, – biz ləngiyə bilmərik, tacirlər isə azı bir on beş dəqiqə bizdən geri qalıblar. Əgər günorta fasiləsinəcən bizimlə bir yerdə getmək istəyirsinizsə, buyura bilərsiniz.

Naməlum adam dinmədi. Əlini atıb yəhərə bağlanmış uzun qəlyanını çıxartdı, dərindən sümürə-sümürə atını karvanın qarovulbaşısı ilə yanaşı sürməyə başladı. Qarovulbaşı bilmirdi ki, bu naməlum adamla nə danışsın, ağzını açıb adını soruşmağa da cürət etmirdi. Oradan-buradan söhbət salmağa çalışdı: “Çəkdiyiniz tütünün gözəl ətri var”, “Kəhər atınız ceyran kimi səkir”… Amma “Bəli, bəli” cavabından savayı bir şey eşitmədi.



Axır ki, nahar fasiləsi üçün nəzərdə tutulan yerə gəlib çatdılar. Qarovulbaşı öz adamlarından keşikçi qoydu. Onlar tacirləri gözləməyə başladılar. Silahlı çarvadarların müşayiət etdiyi otuz yüklü dəvə onların yanından ötüb-keçdi. Lap sonda isə karvanların sahibləri olan beş tacir gözəl atların belində gəlib çıxdı. Onların çoxu yaşlı idi, zahirən sərt və təmkinli adamlardı, aralarında yalnız bircəsi yoldaşlarına nisbətən çox cavan, həm də qıvraq və şəndi.

Əlüstü çadırlar quruldu, dəvələr və atlar bu çadırların böyrünə çəkildi. Tən ortada mavi ipəkdən böyük bir çadır vardı. Qarovulbaşı naməlum adamı ora gətirdi. İçəri girəndə gördülər ki, tacirlər qızıl tikməli balışların üstündə bardaş qurub oturublar. Qara qullar onlara yemək-içmək verirdilər.

– Qonağımız kimdir? – cavan tacir qarovulbaşıdan soruşdu. Lakin qarovulbaşı dillənməmiş naməlum adam dedi:

– Mənim adım Səlim Bəruxdur. Əslim Bağdaddandır. Məkkə ziyarətinə gedəndə quldurlar məni tutmuşdular, üç gün bundan əvvəl əsirlikdən qaçmışam. Ulu peyğəmbərin kəraməti sayəsində uzaqdan karvanınızın zınqırov səsini eşidib sizə pənah gətirmişəm. Bu himayəniz hədər getməz, Bağdada çatanda sizin bu xeyirxahlığınızı qədərincə qiymətləndirərəm, çünki mən böyük vəzirin qardaşı oğluyam.

Tacirbaşı ona belə cavab verdi:

– Səlim Bərux, biz böyük həvəslə səni öz himayəmizə götürürük, özü də məmnuniyyətlə sənə kömək edərik, ancaq sən əvvəlcə otur, bizimlə çörək kəs.

Səlim Bərux tacirlərin yanında əyləşdi və onlarla yeyib-içməyə başladı. Yeməkdən sonra qullar qab-qacağı yığışdırdılar və qəlyanla türk şərbəti gətirdilər. Tacirlər dinməzcə oturub mavi tüstü dumanı buraxır və bu dumanın necə burulduğuna, yayılmasına və nəhayət, əriyib yox olmasına tamaşa edirdilər. Axır ki, cavan tacir sükutu pozdu.

– Artıq üç gündür ki, beləcə otururuq, – dedi, – həm at belində, həm də süfrə arxasında, heç cür söhbətimizlə yola nərdivan qoya bilmirik. Ona görə də vaxtın keçməsi üçün, bəlkə, bir şey fikirləşək, hə?

Qalan dörd tacir qəlyan çəkməyə davam edirdi. Bu yerdə naməlum adam dilləndi:

– İzin verin, mən öz təklifimi deyim. Yaxşı olar ki, hər dəfə dincimizi alanda birimiz bir hekayət danışsın. Onda biz vaxtın necə keçdiyini hiss etmərik.

– Səlim Bərux, sözünüz haqdır, – tacirbaşı Əhməd onun sözünə qüvvət verdi, – biz bu təklifi qəbul etməliyik.

– Mən çox şadam ki, təklifim xoşunuza gəldi, – dedi Səlim. – Birinci elə özüm başlamaq istəyirəm.

Tacirlərin beşi də həvəslə bir az da yaxına gəldi, naməlum adamı ortaya oturtdular. Qullar yenə də piyalələri doldurdular, qəlyanlarının tənbəkisini təzələdilər və köz gətirdilər ki, alışdırsınlar. Səlim bir qurtum şərbət içib boğazını arıtladı, saqqalını tumarlayıb dedi:

– Hə, qulaq asın, leylək xəlifə əhvalatını sızə danışım.

LEYLƏK XƏLİFƏ

Bağdad xəlifəsi Qasid bir dəfə axşamçağı divanında kefi kök oturmuşdu. Gündüzün bürküsündən sonra çəhrayı rəngli uzun qəlyanını çəkir, arada qulun süzdüyü qəhvədən bir qurtum içir, hər dəfə də ağzını marçıldadaraq özündənrazı halda saqqalını tumarlayırdı. Bir sözlə, açıq-aydın bilinirdi ki, xəlifənin əhvalı yaxşıdır. Məhz belə vaxtlarda o daha üzüyola, ürəyiyumşaq və rəhmdil olurdu. Ona görə də böyük vəzir Mənsur həmişə bu vədəsində onun yanına gələrdi. Bu dəfə də elə oldu, lakin vəzir bu gün çox qəmli idi. Xəlifə bir anlığa qəlyanını ağzından çıxartdı və soruşdu.

– Ya vəzir, niyə belə bikefsən?

Böyük vəzir əllərini döşündə çarpazlayaraq ağasına baş əydi və belə cavab verdi:

– Qibleyi-aləm! Sarayın qabağında bir çərçi3gördüm, elə qəşəng şeylər satırdı ki, öz-özümə acığım tutdu ki, niyə belə şeylər almağa pulum yoxdur.

Öz böyük vəzirini çoxdan sevindirmək istəyən xəlifə qara qulunu çərçinin dalınca aşağı göndərdi. Bir azdan qulla çərçi gəlib çıxdılar. Çərçi qarayanız, tösmərək4 bir adamdı. Əlindəki sandıqda cürbəcür mirvarilər, üzüklər, gözəl sağanaqlı tapançalar, fincanlar, daraqlar vardı. Xəlifə ilə vəzir şeylərin hamısına baxdılar. Axırda xəlifə həm özü, həm də Mənsur üçün gözəl tapança aldı, vəzirin arvadı üçünsə daraq götürdü. Çərçi sandığın ağzını örtmək istəyəndə xəlifənin gözü xırdaca bir qutuya sataşdı və tez soruşdu ki, o qutunun içində nə var. Çərçi balaca qutunu götürdü. Bu, tütün qutusu idi. İçində kül və qəribə yazısı olan bir kağız vardı. Nə xəlifənin, nə də Mənsurun bu yazıdan başı çıxmadı.

Çərçi dedi:

– Şah sağ olsun, mən bu şeyləri bir tacirdən almışam. O tacir dedi ki, bunları Məkkədə bir küçədə tapıb. Heç bilmirəm nə olan şeydir, ona görə də istəsəniz, lap ucuz qiymətə verərəm.

Xəlifə oxuya bilməsə də, öz kitabxanası üçün qədim əlyazmaları həvəslə toplayırdı. Əlyazmanı və balaca qutunu alıb çərçini buraxdı. O gedəndən sonra vəzirindən soruşdu ki, bu əlyazmanı oxuya biləcək bir adam tanıyır, ya yox.



– Mərhəmətli hökmdarım, – vəzir dedi, – böyük məscidimizin hücrəsində Müdrik Səlim adlı bir adam yaşayır, bütün dilləri bilir, əmr elə, gəlsin, bəlkə, o bu yazını oxuya bildi.

O dəqiqə Səlimi saraya gətirdilər. Xəlifə üzünü ona tutdu:

– Səlim, deyirlər, sən müdrik adamsan. Bir bu əlyazmaya bax, gör başın çıxırmı. Oxuya bilsən, sənə bir təzə xalat ənam verəcəm, oxuya bilməsən, deməli, sənə nahaq yerə Müdrik deyirlər, ona görə də üzünə on iki şillə, dabanına isə iyirmi dörd çubuq vurulacaq.

Səlim baş əyib dedi:

– Şahim, ixtiyar sizindir! Səlim kağızı əlinə alıb diqqətlə ona baxdı, sonra dedi:

– Qibleyi-aləm, bu yazı latıncadır.

Xəlifə əmr etdi: –Bir halda ki bunu bildin, onda de görüm, orada nə yazılıb?

Səlim yazını tərcümə etməyə başladı: “Bu kağızı tapan adam Allahın kərəminə şükür etsin! Kim bu qutudakı külü iyləsə və “honestus” (mötəbər) sözünü desə, istənilən heyvan, quş cildinə girə bilər və o, bütün heyvanların, quşların dilini bilər. O adam yenidən insan cildinə girmək üçün üç dəfə qibləyə təzim etməli və yenə də həmin sözü deməlidir. Lakin, ey heyvan və ya quş cildinə girmiş adam, məbada güləsən ha, yoxsa sehrli söz sənin yadından çıxar və həmişəlik qeyri-bəşər cildində qalarsan”.



Müdrik Səlim əlyazmanı oxuyub qurtarandan sonra xəlifənin sevinci yerə-göyə sığmırdı. Müdrik Səlimə and içdirdi ki, bu sirri heç kimə deməsin, ona gözəl bir ənam verib buraxdı.

Sonra xəlifə öz vəzirinə müraciət elədi:

–Ya Mənsur, – dedi, – bax bu oldu əsl bazarlıq! Heyvan cildinə girmək yaman ləzzət verər! Sabah səhər tezdən gəl yanıma, bir yerdə gedərik çölə, mənim bu balaca qutumu bir-iki dəfə iyləyib qulaq asarıq quşların və heyvanların səsinə, görək onlar göydə, meşədə, çöldə nə danışırlar!

II

Ertəsi gün xəlifə Qasid səhər yeməyini yeyib paltarını dəyişməmiş artıq böyük vəzir buyruğa əməl edib gəldi ki, gəzinti zamanı ona yoldaşlıq etsin. Xəlifə içində sehrli kül olan tütün qutusunu qurşağına keçirtdi və əshabələrinə əmr etdi ki, onu bu gün müşayiət etməsinlər. Böyük vəzirini yanına salıb yola çıxdı. Əvvəlcə xəlifənin böyük bağında xeyli gəzdilər, orada bir ins-cins yox idi ki, xəlifə sehrli külü sınaqdan çıxarsın. Onda böyük vəzir gölün kənarına getməyi məsləhət gördü. Vəzir bilirdi ki, orada həmişə quş olur. Xüsusən leyləklərin təşəxxüslü duruşu və dimdiklərinin şaqqıltısı tez-tez onun nəzərini cəlb edərdi.

Xəlifə öz vəzirinin təklifi ilə razılaşdı və hər ikisi gölün qırağına getdi. Çatan kimi gördülər ki, bir leylək qürurla gəzib qurbağa axtarır, burnunun altında da nəsə mızıldayır. Havada da bir leylək vardi, bu həndəvərə uçub qonmaq istəyirdi.

– Mərhəmətli ağam, mərc gəlirəm ki, bu uzunayaqlılar bu dəqiqə bir-biriylə çox maraqlı söhbət edəcəklər, düz demirəmsə, saqqalımı qırxdıraram. Bəlkə, elə leylək cildinə girək, hə?

– Yaxşı təklifdir, – dedi xəlifə. – Ancaq bəri başdan bir də yadımıza salaq ki, təzədən adam cildinə necə qayıdacağıq. Deməli, üç dəfə qibləyə təzim etməli və “honestus” sözünü deməliyik, onda mən dönüb yenidən xəlifə olaram, sən də vəzir. Gülmək olmaz ha, yoxsa məhv olarıq!

Xəlifə vəziri ilə danışanda ikinci leylək onların başı üstündən keçib tələsmədən yerə qondu. Xəlifə tez qurşağından tütün qutusunu çıxartdı, içindəki küldən bir çimdik götürüb böyük vəzirə uzatdı. Hər ikisi iyləyib eyni vaxtda dedi: “honestus!”

Elə o andaca ikisinin də ayaqları nazilib qırmızı rəng aldı, qolları qanada döndü, boyunları uzandı, saqqalları yoxa çıxdı, bədənlərində isə yumşaq tük bitdi.

Heyrətindən yenicə özünə gəlmiş xəlifə dilləndi:

– Cənab vəzir, əcəb dimdiyin var ha! Peyğəmbərin saqqalına and olsun ki, belə şey görməmişdim.

– Acizanə minnətdarlığımı bildirirəm, – böyük vəzir baş əyib cavab verdi, – cürət edib deyim ki, əlahəzrətə leylək olmaq xəlifəlikdən daha çox yaraşır. Bəs indi həmcinslərimizi dinləmək, onların həqiqətən nə danışdığını bilmək ürəyinizdən keçmirmi?

Artıq ikinci leylək yerə qonmuşdu. O, dimdiyi ilə ayaqlarını təmizləyib tüklərini oxşadı və birinci leyləyə tərəf getdi. Hər iki təzə leylək tez yaxınlaşdı, təəccüblü görünsə də, belə bir söhbətin şahidi oldular:

– Sabahın xeyir, xanım Uzunayaq, səhərin gözü açılmamış bu çəmənlikdə neynirsən?

– Çox sağ ol, əzizim Şax-şax! Səhər yeməyimi düzəldirəm. Kərtənkələ, yaxud qurbağa əti istəmirsən?

– Heç iştaham yoxdur. Mən tamam ayrı məqsədlə bu çəmənə uçub gəlmişəm. Atamın bu gün qonaqları var, onların qabağında oynamalıyam, odur ki bir az məşq etmək istəyirəm.

Bunu deyib leylək şahanə duruşla bir ayağı üstə dayandı, qanadlarını cazibədar şəkildə çırpdı. Xəlifə ilə vəzir özlərini saxlaya bilmədilər, qeyri-iradi olaraq dimdiklərindən gülüş qopdu, qəhqəhə çəkib uğundular. İlk əvvəl xəlifə özünü yığışdırdı.

Elə bu vaxt vəzirin yadına düşdü ki, cildini dəyişəndə gülmək olmaz. Tez xəlifəni xəbərdar etdi:

– And olsun Məkkəyə və Mədinəyə, ömürlük leylək qalmağım heç zarafata oxşamır. O zəhrimar sözü bilirsənmi? Nəsə mənim yadıma düşmür.

– Biz üç dəfə qibləyə təzim edib deməliyik: ho-ho…








На этой странице вы можете прочитать онлайн книгу «Karvan», автора Вильгельма Гауфа. Данная книга имеет возрастное ограничение 6+, относится к жанрам: «Зарубежная классика», «Классическая проза». Произведение затрагивает такие темы, как «восток», «немецкая литература». Книга «Karvan» была издана в 2022 году. Приятного чтения!