Читать книгу «Səfillər» онлайн полностью📖 — Виктора Мари Гюго — MyBook.
image
cover

Viktor Hüqo
SƏFİLLƏR

I HİSSƏ
FANTİNA


ŞÜBHƏLİ YOLÇU

1815-ci ilin oktyabrında axşamüstü Din şəhərinin küçələri ilə qərib bir yolçu addımlayırdı. Hamı ona təşvişlə baxırdı. Ortaboylu, enlikürək, qüvvətli bir adam idi. Qırx altı-qırx yeddi yaşı olardı. Üzü günəşdən qaralmışdı. Kətan köynəyinin yaxasından gümüş lövbər nişanı asılmışdı. Şalvarının bir dizi yırtılmışdı. Çiynində əsgər çantası, əlində ağac vardı.

Şəhərdə “Kolbas xaçı” adlı kiçik bir mehmanxana vardı. Yolçu oraya yönəldi. Mehmanxana sahibi:

– Nə istəyirsiniz, cənab? – deyə soruşdu.

– Yemək və yatmaq.

Mehmanxana sahibi:

– Olar – dedi və əlavə etdi: – Əlbəttə, pulla.

Yolçu köynəyinin cibindən dəri pul kisəsini çıxararaq:

– Pulum var, – dedi.

Yolçu əyləşdi. Mehmanxana sahibi altdan-altdan ona baxırdı. Yolçu arxası ona tərəf oturmuşdu. Sahib qulluqçunu çağırıb qulağına nəsə dedi. Uşaq getdi və tezcə qayıtdı. Mehmanxana sahibi onun gətirdiyi kağızı açıb baxdı və yolçuya yaxınlaşaraq:

– Cənab, – dedi, – siz buranı tərk etməlisiniz.

– Nə üçün? Yoxsa qorxursunuz ki, pul vermərəm?

– Artıq söz lazım deyil. İstəyirsiniz, adınızı deyim? Jan Valjan. Gedin buradan.

Yolçu başını aşağı saldı və çantasını götürüb çıxdı. Qəmgin və yorğun bir halda yola düzəldi. Bu zaman o, arxaya baxsaydı, mehmanxana sahibinin yoldan keçənlərə hərarətlə nəsə dediyini, barmağı ilə onu göstərdiyini görərdi.



Gecə yaxınlaşırdı. Yolçu bağlarla əhatə olunmuş dar küçə ilə gedirdi. O, bərk acmışdı. Uzaqda işıq gələn kiçik bir ev gördü. Yaxınlaşıb pəncərədən içəri baxdı. Otağın ortasında süfrə hazırlanmışdı. Masanın yanında qırx yaşlarında, ağbənizli, gülərüz bir kişi oturmuşdu. Bir uşağı atıb-tuturdu. Yanında oturmuş cavan bir qadın o biri uşağa süd verirdi.

Yolçu yavaşca pəncərəni döydü. Kişi ayağa qalxıb lampanı götürdü və pəncərəyə yaxınlaşdı. Yolçu:

– Bağışlayın, cənab, – dedi. – Mənə bir boşqab şorba və yatmaq üçün otağın bir küncünü verərsinizmi? Pulunu ödəyərəm.

Ev sahibi soruşdu:

– Nə üçün mehmanxanaya getmirsiniz?

– Getmişdim, ancaq məni oraya buraxmadılar.

Ev sahibinin üzündə bir şübhə göründü:

– Yoxsa siz həmin adamsınız?

Ev sahibi arxaya çəkildi, lampanı masanın üstünə qoyub otağın küncündəki qoşalüləni götürdü.

– Rədd ol, – dedi.

– Allah xatirinə, heç olmasa, bir stəkan su…

– Rədd ol, yoxsa alnına bir güllə sıxaram!

Yolçu pəncərədən uzaqlaşdı.

Yenə tanımadığı küçələrdən keçib-gedirdi. Gəlib kilsənin qarşısındakı meydana çıxdı. Meydanın tinindəki daş skamyada uzandı. Bu zaman kilsədən qoca bir qadın çıxdı. Qaranlıqda skamyada uzanan adamı görüncə xəbər aldı:

– Sizin yatmağa yeriniz yoxdur?

– Yox. Mən bütün qapıları döymüşəm. Hər yerdən qovdular.

Mərhəmətli qadın meydançanın o biri tərəfindəki alçaq evi göstərərək:

– O qapını da döydünüz?

– Yox.

– Elə isə döyün…

KATORQALI

O axşam Din şəhərinin 75 yaşlı yepiskopu cənab Miriel qonaq otağında oturmuşdu. Qulluqçu qadın axşam yeməyinə hazırlıq görürdü. O, dükana gedəndə qorxulu xəbərlər eşitmişdi. Şübhəli bir sərsəri haqqında danışırdılar. Deyirdilər ki, bu gecə hər kəs ayıq olmalı, qapıları içəridən bağlamalıdır. Qulluqçu şəhərdə eşitdiklərini danışırdı:

– Adamlar onu şər qarışanda şəhərdə görüblər. Zahirən quldura bənzəyir. Bizim evin qapısı isə həmişə açıq olur. Monsenyor, – deyə o, yepiskopa müraciət etdi. – Sizin adətinizdir, gecəyarısı da qapını döyən olsa, “buyurun” deyirsiniz. Bəlkə, qapının cəftəsini, heç olmasa, bu gecəliyə bağlayaq.

Bu zaman kim isə qapını bərk döydü. Yepiskop:

– Buyurun! – dedi.

İçəriyə bir adam girdi. Bu, gecələmək üçün yer axtaran adam idi. Baxışından sərtlik, cəsarət, kin və yorğunluq yağırdı. Bu adamda nəsə qorxunc bir şey vardı.

Qulluqçu qorxusundan titrədi və yerindəcə donub qaldı. Yepiskop içəri girən adama diqqətlə və sakitcə baxırdı. Yolçu qocaya baxıb uca səslə danışmağa başladı:

– Mənim adım Jan Valjandır. Katorqadan gəlirəm. Orada 19 il qalmışam. Dörd gün əvvəl azad ediblər. Bu gün 12 lyö1 yol gəlmişəm. Məni mehmanxanalardan da, evlərdən də qovurlar. Kilsənin qarşısında mərhəmətli bir qadın sizin evinizi göstərib “o qapını döy” dedi. Bura nədir? Karvansaradır? Mənim pulum var.

Yepiskop qulluqçuya dedi:

– Madam Maqluar, süfrəyə bir dəst də qab-qacaq qoyun.

Yolçu qulaqlarına inanmadı:

– Dayanın, deyəsən, məni başa düşmədiniz. Mən katorqadan gəlirəm, mən dustaq idim. Bu da mənim pasportum. Görürsünüz, rəngi sarıdır. Bu onun üçündür ki, məni hər yerdən qovsunlar. Mən sizdən bir parça çörək və gecələmək üçün tövlədə yer istəyirəm. Bunun haqqını artıqlaması ilə ödəyərəm. On doqquz il katorqada 109 frank2 15 su3 qazanmışam.

Yepiskop yenə dilləndi:

– Madam Maqluar, küncdəki çarpayıya təmiz mələfə salın.

Qulluqçu əmri yerinə yetirmək üçün çıxdı. Yepiskop dedi:

– Oturun, cənab, isinin. Bu saat şam edərik, sonra sizə yataq hazırlanar.

Yolçu sərsəm kimi mızıldanmağa başladı:

– Doğrudanmı? Ola bilməz! Siz məni, katorqadan gələn adamı qovmursunuz? “Rədd ol, köpək” demirsiniz? Axı siz kimsiniz?

– Mən keşişəm, cənab. Bura mənim evimdir.

Yepiskop hər dəfə “cənab” deyəndə yolçunun üzü işıqlanırdı. O, yorğun səslə dedi:

– Cənab keşiş, – dedi, – siz yaxşı adamsınız. Mənə nifrət etmədiniz. Yer verdiniz.

Keşiş yavaşca onun əlinə toxundu:

– Bu ev mənim deyil, Həzrət İsanın evidir. Bu qapıdan girən adamdan adı deyil, dərdi soruşulur. Mənə təşəkkür etməyin. Bu ev ehtiyacı olanlar üçündür. Adınızı mənə deməyə də bilərsiniz, çünki mən sizin adınızı bilirəm.

Yolçu ona heyrətlə baxdı:

– Doğrudanmı?

– Bəli, sizin adınız “mənim qardaşım”dır. Mən görürəm ki, qardaşım çox əzab çəkib.

– Elədir. O dustaq paltarı, ayaqlara vurulan kündə, yataq əvəzinə quru taxta, isti, soyuq, xəstəlik, dəyənək zərbələri! 19 il! Mənim isə 46 yaşım var. Əlimdə də sarı pasport.

Onlar söhbət etməkdə ikən madam Maqluar yemək gətirdi. Yepiskop üzündə şən bir ifadə ilə:

– Buyurun süfrəyə! – dedi.

Yepiskop dua oxudu və adəti üzrə, şorbanı özü qablara çəkdi.

«ALVER» BAŞ TUTDU

Fantina yetim bir qızdı. Monreyl şəhərində doğulmuşdu. On beş yaşında səadət axtarmaq ümidi ilə Parisə gəlmişdi. Qəşəng, sarışın qız idi.

Bir parça çörək üçün işləyirdi. Tuluza şəhərindən olan bir tələbəni sevmişdi. Sonra həmin tələbə onu atıb öz şəhərinə qayıtdı. O gedəndən sonra Fantinanın bir qızı oldu. Uşaq doğulandan sonra Fantina işdən çıxmalı oldu. İndi o, ehtiyac içində idi. Əli hər yerdən üzülən qadın vətəni Monreylə qayıtmaq istəyirdi. Bəlkə, doğma şəhərdə ona bir iş verən oldu. Yazıq qız hər şeyini satmış, borclarını verdikdən sonra 80 franka qədər pulu qalmışdı. Bu pulla o, Monreylə yola düşdü.

Yol üstündə Monfermeyl adlı bir kənd vardı. Bu kənddə meyxananın sahibi Tenardye adlı bir şəxs idi. Tenardye özünü “Vaterloo serjantı” adlandırırdı. O iddia edirdi ki, 1815-ci il Vaterloo döyüşündə iştirak edib və qəhrəmanlıq göstərib. Meyxananın adı və qapısındakı hərbi geyimli adam rəsmi buna işarə idi. Bu kobud rəsmi o özü çəkmişdi.

Meyxananın qarşısına iri zəncirləri olan qırıq araba qoyulmuşdu. Bir yaz axşamında zəncirin üstündə iki balaca qızcığaz oturmuşdu. Ana öz qızcığazlarını yellədir və zümzümə edirdi. Madam Tenardye kök, kürən saçlı, kobud bir qadındı.

Yoldan keçən qucağı uşaqlı bir qadın:

– Xanım, nə şirin uşaqlarınız var! – dedi.

Yolçu qadının əlində bir torba da vardı. Bu qadının uşağı mələk kimi gözəl idi. Qızcığaz yatırdı. Anasına gəlincə, yoxsul və məyus görünürdü. Bu qadın Fantina idi.

Qadınlar söhbət edəndə uşaq oyandı. Anası onu yerə qoydu. Uşaqlar oynamağa başladılar.

– Qızınızın adı nədir? – madam Tenardye soruşdu.

– Kozetta…

– Neçə yaşı var?



– Üç yaşına az qalıb.

– Baxın, – deyə madam Tenardye uşaqları göstərdi, – uşaqlar bir-birinə nə tez alışdı.

Bu sözlər gənc ananın qəlbində bir qığılcım kimi parladı:

– Xanım, razı olarsınızmı, uşağım müvəqqəti sizdə qalsın? – dedi. – Bilirsinizmi, mən qızımı özümlə vətənimə apara bilmərəm. Uşaqlı qadın üçün iş tapmaq çətindir. Bir də ki… mən tezliklə qayıdacağam.

– Bu barədə fikirləşmək lazımdır.

– Ayda altı frank verə bilərəm.

Bu zaman meyxanadan Tenardyenin səsi gəldi:

– Yeddi frankdan aşağı olmaz. Həm də altı ay üçün qabaqcadan.

– Verərəm.

– Bundan başqa, ilk xərclər üçün daha on beş frank lazımdır.

– Mənim səksən frankım var.

– Bəs uşağın paltarı varmı?

– Bəli, bəli, balamın paltarı çoxdur.

– Torbadakının hamısını verməlisiniz.

– Əlbəttə.

“Alver” baş tutdu. Qadın qızının üzündən öpüb tək yola düşdü. O, yolboyu hönkür-hönkür ağlayırdı.

TORAĞAY

Meyxananın işi pis gedirdi. Tenardye yolçu qadının verdiyi əlli yeddi frankla borclarını ödədi. Bir ay keçmədi, yenə pula ehtiyac yarandı. Kozettanın paltarlarını Parisə aparıb 60 franka girov qoydu. Bu pul da qurtaranda Kozettaya lazımsız bir əşya kimi baxmağa başladılar. Madam Tenardye özü, onun qızları Eponina və Azelma da Kozetta ilə pis rəftar edirdilər.

Kənddə isə deyirdilər ki, Tenardyegil yaxşı adamlardır. Kimsəsiz bir uşağı saxlayırlar. Hamı Kozettanın anası tərəfindən atıldığını zənn edirdi.

Qızın anası hər ay məktub yazırdı. Hər dəfə də ona cavab yazırdılar ki, qızı yaxşıdır. Altı aydan sonra Tenardye məktub yazıb ayda on frank tələb etdi. Anası razılaşmalı oldu.

Tenardye haradansa öyrənmişdi ki, uşağın atası məlum deyil, anası qorxudan bu işin üstünü aça bilmir. Odur ki məktub yazıb ayda on beş frank tələb etdi. Kozettanın anası ayda on beş frank verməyə başladı. İllər ötür, Kozetta böyüyürdü. Son zamanlar isə anası pulu vaxtlı-vaxtında göndərə bilmirdi.

Balaca Kozetta artıq evin xidmətçisinə çevrilmişdi. Xeyli arıqlamış, yazıq və qorxaq bir görkəm almışdı. Onun iri və qəşəng gözlərindən başqa heç nəyi qalmamışdı. Qızcığaz gün doğmadan göyərmiş kiçik əlləri ilə süpürgəni götürür, cır-cındır paltarda ağlaya-ağlaya küçəni süpürürdi. Bu, çox qəmli bir mənzərə idi.

Məhəllədə hamı ona “Torağay” deyirdi. Kiçik bir quşdan çox yer tutmayan, hamıdan qorxan, küçədə sübh tezdən görünən bu qızcığaza başqa nə ad vermək olardı?

Amma bu zavallı Torağayın heç səsi çıxmazdı.

MADLEN

1815-ci ilin sonlarında Monreyldə bir qərib peyda oldu. Bu şəhərdə onu tanımırdılar. Buraya bir dekabr axşamı, belində torba, əlində əsa gəlmişdi. O gələndə bir evdə yanğın baş vermişdi; şəhər idarəsi yanırdı. Bu adam canına qəsd edərək özünü odun içərisinə atmış, jandarm kapitanının uşaqlarını xilas etmişdi. Bu yanğında onun torbası, içində sənədləri yanmışdı.

Sonradan o, Monreyldə köç saldı. Hamı ona Madlen deyirdi.

На этой странице вы можете прочитать онлайн книгу «Səfillər», автора Виктора Мари Гюго. Данная книга имеет возрастное ограничение 6+, относится к жанру «Документальная литература». Произведение затрагивает такие темы, как «справедливость», «общество». Книга «Səfillər» была издана в 2022 году. Приятного чтения!