Читать книгу «Kventin Dorvard» онлайн полностью📖 — Вальтера Скотта — MyBook.

V fəsil
Döyüşçü

Lüdovik Leslini Fransada “Çapıq Lüdovik” kimi tanıyırdılar. O, boylu-buxunlu, sağlam, sərt simalı bir adamdı. Alnından düz qulağının dibinə qədər uzanan yekə bir çapıq üzünə daha da sərt ifadə verirdi. Bahalı libas geyinib gözəl silahlanmışdı. Başında milli Şotlandiya şapkası vardı. Onun zirehli geyiminin boyunluğu, qolçaqları, döşlüyü əla poladdan idi.

Dorvard uşaqlıqdan müharibələr görmüşdüsə də, bu vaxtacan dayısı kimi mərdanə və belə gözəl silahlanmış döyüşçüyə rast gəlməmişdi. Dayısı onu qucaqlayıb öpdü. Şotlandiyadan yeni nə xəbərlər gətirdiyini sorğu-sual etdi. Kventin anasının öldüyünü deyəndə Çapığın üzünə kədər çökdü. Bir qədər susduqdan sonra soruşdu:

– Onda, yəqin, atan evlənib, hə? – özü də cavab verdi, – əlbəttə, Allan Dorvard evlənməzmi?

– Anam atamdan bir il əvvəl dul qalmışdı axı. İki əmim, iki böyük qardaşım, o biri əqrəbamızdan da yeddi nəfər qəsrimizi Ogilvilərin hücumundan qoruyarkən həlak oldular. İndi orada daş üstdə daş qalmayıb.

– Bədbəxtlik! Nə vaxt olub bu faciə?

– Bir il öncə…

Çapıq Lüdovik qəmli-qəmli başını buladı:

– Bəs bu vuruşmada sənin payına nə düşdü?

– Onlar hamısı qırılana qədər vuruşdum. Aldığım ağır yaradan huşumu itirdim.

– Ay məlunlar!

– Sonra anamın xətrinə monastıra getdim. Bütün qayda-qanunlara əməl etdim. Həm də savad öyrəndim. Səhhətim düzələndən sonra anladım ki, mən heç cür rahib ola bilmərəm. Xoşbəxtliyimi başqa yerdə axtarmalı idim. Monastırı himayədarım Pyotr atanın razılığı ilə tərk etmişdim. Hətta onun imzası və möhürü ilə şəhadətnaməm də var. Amma elə qaçmalıydım ki, Ogilvinlər Pyotr atadan şübhələnməsin və ona qəzəblənməsinlər. Odur ki qaçanda abbatın tərlanını da götürmüşdüm.

– Kralın qaçaq rahiblərdən zəhləsi gedir. Ciblərin nə haldadır?

– Varım-yoxum bircə ovuc gümüş pulum var.

– Mən də pul yığmağı sevmirəm. Ancaq həmişə ehtiyat üçün qızıldan bir şeyim olur. Sonra da xırda-xırda satıb işlədirəm. Sən də bunları mənim kimi mərhəmətli fransız kralının qulluğunda əldə edə bilərsən. Bir şərtlə ki, təhlükədən qorxmayıb həyatını riskə atmağa cəsarətin çatsın.

Dorvard dedi:

– Eşitmişəm, Burqundiya hersoqunun sarayı fransız sarayından xeyli dəbdəbəli və zəngindir. Burqundiyalılar vuruşmaqda da qoçaqdırlar. Ancaq sizin kralınız bütün qələbələri elçilərinin dili ilə qazanır.

– Yelbeyin uşaq kimi danışma. Siyasət lazımdır, siyasət! Bu, başqasının silahını onun özünə qarşı çevirmək sənətidir. Bizim kral bütün hökmdarlardan ağıllıdır.

– Ancaq mən yad bir ölkədə xidmətə girsəm, istərdim ki, yeri gələndə fərqlənim, ad çıxarım.

– Sən elə bilirsən ki, Burqundiya hersoqunun yanında ad çıxara biləcəksən? Uzağı “Bu qoçaq şotlandiyalıya bir florin verin, sağlığımıza vursun!” deyəcək, vəssa- lam. Yadelli oldunsa, heç nə gözləmə. Hər şey ancaq onların öz adamlarına qismət olur. Yaşasın Fransa kralı! Elə bir gün keçmir ki, bizə tapşırıq verilməsin, tapşırığı yerinə yetirəndə isə şöhrət və ya pul qazanmayasan.

– Şərəfli olmayan şücaətlər məhvedici ola bilər.

– Sən məni kim hesab edirsən, bacıoğlu? – Çapıq ciddi əda ilə soruşdu. – Unutma ki, sənin dayın namuslu Leslidir! O heç sənə şərəfsiz iş təklif edərmi?

– Sizə inanıram, dayı. Axı mənim yeganə qohumumsunuz.

– Lap yaxşı! İndi mən qəsrə getməliyəm, xudahafiz! Sabah saat səkkizdə qaldırma körpünün yanında növbətçidən xahiş edərsən məni çağırar. Ancaq gözlə ha, yolun ortası ilə gəl. Yoxsa tələyə düşüb şikəst olarsan.

Çapıq bu sözləri deyib tələsik getdi. Kventin isə Şer çayının sahilində gəzmək üçün yola düşdü. O bu qat-qarışıq fikirlərdən baş çıxarmağa, bir qərara gəlməyə çalışırdı.

VI fəsil
Qaraçılar

Bütün Dorvardlara uşaqlıqdan bu fikri aşılamışdılar ki, nəsillərini qırmış düşmən feodallardan amansızcasına intiqam almalıdırlar. Lakin Dorvardların qəlbindəki bu kin və ədavət hissi cəngavərlik, ədalətli olmaq duyğuları ilə yumşalmışdı. Odur ki onlar hətta intiqam məsələsinə də insanpərvərliklə yanaşırdılar.

Dayısı ilə görüş Kventini çaşbaş salmış və məyus etmişdi. Dəfələrlə dayısının qoçaqlıqları barədə rəvayətlər eşitmişdi. Xəyalında dayısının parlaq surətini yaratmışdı, onu adlı-sanlı cəngavər hesab edirdi. Amma Dorvard başa düşdü ki, Çapığın gəncliyindəki şöhrət və şücaət əməllərindən əsər-əlamət qalmayıb. O, indi adi, kobud bir döyüşçü idi. Qənimət qazanmaq üçün hər yola əl ata bilərdi. Yalnız özünü düşünmək, öz qayğısına qalmaq onu xudbin heyvana döndərmişdi. Dayısının öz bacısı ailəsinin tələf olmasına laqeydliyi, ehtiyac içində olduğu halda ona pul təkif etməməsi Kventini təəccübləndirmişdi. Bu diqqətsizliyin səbəbi nə olur-olsun, Kventin dayısına haqq qazandıra bilmirdi. İndiyədək düşünürdü ki, dar ayaqda ona güvənə bilər, ancaq indi o da yox idi. Yad bir tacir Kventinə dayısından daha çox qayğıkeşlik göstərmişdi.

Çapıq ona o qədər sual vermişdi ki, Dorvard dayısından heç tacir haqqında nəsə soruşmağa da macal tapmamışdı.

Dorvard öz-özünə dedi: “Pyer dayı zahirən sərt görünsə də, alicənab və səxavətlidir. Mən mütləq onu axtarıb tapacağam. Əgər o, həqiqətən tacirdirsə, mən onun xidmətinə girə bilmərəm”.

Dorvard Pyer dayının evini soraqlaşa-soraqlaşa Şer çayının sahilinə gəlib çatdı. Yanaşı bitən şabalıd ağacının altına bir dəstə kəndli yığışıb nəyəsə çox diqqətlə baxırdı. Kventin qaça-qaça təpəyə çıxanda dəhşətli mənzərə gördü. Ağacların birindən asılmış adam yırğalanır, yəqin ki, can verirdi.

– Niyə kəndirini kəsmirsiniz? – deyə o çığırıb dələ çevikliyi ilə ağaca dırmaşdı. Cibindən bıçağını çıxarıb ipi kəsdi, çığırdı ki, cəsədi tutsunlar. Cəsəd tappıltı ilə yerə düşdü. Kventin ağacdan enib gördü ki, adam ölüb, lakin yenə də paltarının düymələrini açdı, üzünə su səpdi.

Birdən çığırtılar eşidib döndü. Qəribə adamlarla əhatə olunduğunu gördü. Hərə bir tərəfdən qışqırırdı ki, öldürdüyün bəs deyil, hələ bir soymaq da istəyirsən. Ancaq Dorvard özünü itirmədi:

– Siz nə danışırsınız? Mən onun asıldığı ilgəyi öz əllərimlə kəsmişəm.

Bu zaman ölən adamı dövrəyə alıb ah-nalə edə-edə saçlarını yolmağa başladılar. Kəsilmiş ip Kventinin günahsız olduğunu sübut etmişdi.

Bu adamlar öz qəribə, əcaib geyimləri və hərəkətləri ilə Dorvardı heyrətləndirmişdilər. Onlar Kventinin bu vaxtadək gördüyü adamlara bənzəmirdilər. Sağ-salamatkən onlardan uzaqlaşmaq istəyirdi ki, adamların üstünə bir dəstə fransız əsgəri basqın etdi. Cəsədi çiyinlərinə almış adamlar meyiti yerə ataraq qaçıb dağılışdılar.

– Tutun, vurun, doğrayın bunları!

Ancaq əsgərlər yalnız iki nəfəri tuta bildilər. Kventini də tutub əl-qolunu bağladılar. Dorvard görəndə ki onu tutan dəstəyə Pyer dayının qaraqabaq dostu rəhbərlik edir, bilmədi ona kömək üçün müraciət etsin, ya yox. Düzü, ona heç bu haqda düşünməyə imkan da vermədilər.

Dəstənin rəisi öz əlaltılarına səsləndi:

– Odur bax, o ağaclar sizin qulluğunuzda hazırdır. Bu mürtədlərə göstərin ki, kral bir adamı cəzalandıranda ona mane olmaq nə deməkdir. Cəld işə başlayın!

Bircə dəqiqənin içində əsgərlərdən ikisi atdan düşdü. Onlar yəhərlərindən asılmış, hər birinin ucunda hazır ilgək olan kəndirləri açdılar. Dorvard anladı ki, ilgəklərdən biri onun üçündür.

Kventin ucadan dəstə rəisini çağırıb səhərki görüşlərini xatırlatdı. Onu inandırmağa çalışdı ki, bu işlərdən xəbəri yoxdur, heç kimi tanımır. Rəis ona ötəri nəzər salıb üzünü adamlarına tutdu:

– O, kralın əmrinə qarşı çıxıb, ölümə məhkum olunmuş xaini xilas etməyə cürət edib, cəld olun, işinizi görün!

– Cənab rəis, bir məni dinləyin! – Kventin bərk qorxdu, – günahsız adamın ölümünə bais olmayın! Həmvətənlərim bunu belə qoymazlar!

Polis rəisi soyuqqanlılıqla əsgərlərinə işarə etdi ki, əmrini yerinə yetirsinlər.

Özündən çıxmış Dorvard çığırdı:

– Alçaq! Sən intiqam alırsan, əclaf!

Amma qaraqabaq adam onun dediklərinə yenə əhəmiyyət vermədi. Cəlladlara kömək üçün daha iki-üç əsgər də qoyub dəstənin başında çaparaq getdi. Dorvard qorxmuş halda ətrafına göz gəzdirdi. O, yoldaşlarının soyuqqanlılığını görüb təəccübləndi. Hətta cəlladlar işə başladıqda da onlar sarsılmadılar. Cəlladların nə görkəmləri, nə də iş qaydaları bir-birinə bənzəmirdi. Lüdovik onların birini Demokrit, digərini Heraklit adlandırırdı.

Demokrit arıq, ucaboylu bir adam idi. Boynuna həmişə iridanəli təsbeh taxan bu adamın üzündə nəsə bir zəhm vardı. Heraklit isə bəstəboy, yupyumru, şən adam idi. Öz qurbanlarına xüsusi şəfqət və mehribanlıqla yanaşardı. Bu iki fərqli adam hamının nifrətini qazanmışdı.

Cəlladlar Dorvardı yavaşca ağaca sarı itələdilər. Sonra dilə tutub dedilər ki, qorxmasın, iş bir anda görülüb bitəcək. Bu an Dorvard ucadan çığırdı:

– Doğrudanmı burada ürəyiyumşaq bir adam da yoxdur? Varsa, gedib Lüdovik Lesliyə xəbər eləsin ki, onun bacısı oğlunu alçaqcasına öldürürlər!

Yaxşı ki, bu vaxt Şotlandiya qvardiyasının nişançılarından biri – Kanningem də burada idi. O dilləndi:

– Bura baxın, hey, cəlladlar! Əgər bu cavan oğlan şotlandiyalıdırsa, mən onu asmağa qoymaram!

– Biz əmri yerinə yetirməliyik, – deyə Demokrit Dorvardın qolundan çəkdi. Kventin nişançının sözlərini eşidib cəlladların əlindən çıxmağa çalışdı.

– Məni xilas elə, yerlim! Şotlandiya naminə! Mənim heç bir günahım yoxdur!

Bu vaxt nişançı qılıncını çəkdi:

– Onlar mənim meyitimin üstündən keçib səni tuta bilərlər!

– Kəndirlərimi kəs, özüm özümü qoruya bilərəm!

Qılıncın bir zərbəsi ilə dustaq azad oldu. Sonra cəld əsgərlərdən birinin üstünə cumub təbərzini onun əlindən qapdı və çığırdı:

– İndi kimin hünəri var gəlsin!

Cəlladlar pıçıldaşdılar. Demokrit digər cəllada dedi:

– Tez get köməyə adam çağır, mən bunları ləngidərəm.

Heraklit atın belinə sıçrayıb getdi.

Əsgərlər isə Demokritə dedilər ki, bu şotlandiyalıları dərhal tərk-silah etmək üçün icazə versin. Ancaq cəllad ehtiyatlı tərpənməyi sevirdi, odur ki Şotlandiya nişançısına müraciətlə dedi:

– Cənab, siz kralın əmrinə qarşı çıxmaqla onu təhqir edirsiniz.

– Axı bu cavanın günahı nədir?

– Cinayətkarın cəsədini ağacdan çıxarmağa cəsarət edib!

– Bu doğrudurmu? – nişançı soruşdu.

– Məni xilas edin, həqiqəti söyləyəcəyəm. Ağacdan asılıb can verən insan gördüm, ipini kəsdim, kimisə təhqir etmək fikrində deyildim.

– Yaxşı, cənab cəllad, o, səhv eləyib. Yəqin, siz də belə bir cavana, özü də ki qərib adama güzəştə gedərsiniz.

Bu vaxt qaraqabaq adam öz dəstəsi ilə bir tərəfdən, Çapıq Lüdovik də bir tərəfdən beş nəfər şotlandiyalı nişançı ilə çaparaq gəldi.

Bu dəfə Lesli bacısı oğluna laqeydlik göstərmədi. Onu görən kimi yanındakılara səsləndi:

– Hey, çəkin qılıncları! Marş irəli!

Aydın idi ki, tərəflər arasında toqquşma başlanacaqdı. Şotlandiyalılar yaxşı silahlanmışdı. Qaraqabaq adam məğlub olacaqlarından şübhələndiyi üçünmü, ya nədənsə əsgərlərinə işarə etdi ki tərpənməsinlər. Leslidən soruşdu ki, o, nə haqla cinayətkarı müdafiə edir.

– Sizin ittihamınız yalandır. Unutmayın ki, Şotlandiya nişançılarına xüsusi imtiyazlar verilmişdir. Yaşasın kral Lüdovik!

Qaraqabaq adam dedi:

– Axı bu oğlan nişançı deyil!

– O mənim bacım oğludur! – Çapıq təntənəli əda ilə deyib səsini ucaltdı və and içdi ki, elə bu gün onu öz məiyyətinə daxil edib.

Qaraqabaq adam inad etdi:

– Amma hər halda, hər şeyi krala ərz edəcəyəm, bu mənim vəzifəmdir.

O bunu deyib atını çapdı, dəstəsi də onun dalınca getdi. Nişançılar bundan sonra nə edəcəkləri barədə müzakirəyə başladılar:

– Öncə gərək bunları rəisimiz Krouforda ərz edib oğlanı siyahımıza salaq.

– Cənablar, bir məni dinləyin, – Kventin dedi, – axı mən hələ bu haqda qərar verməmişəm.

– Onda birdəfəlik qət elə ki, asılmaq istəyirsən. Qabaqcadan deyirəm, səni xilas etməyin başqa yolu yoxdur.

Kəndirdən qurtulan Kventinə bu vəziyyətdə ən acınacaqlı təklif də edilsəydi, razılaşardı.

– Dayıcan, olarmı bu gecə mehmanxanada qalım? – Dorvard dedi.

– Səni sabaha sağ buraxmazlar. Prevo gedəndə boş yerə gülümsəmədi, bu, pis əlamətdir. Onun nəsə fikri var.

– Məsləhət görürəm ki, elə günü bu gün kralın bərbəri Olivye ilə görüşəsən. O, həmişə bizə dost olub. Həm də o, kralla prevodan qabaq görüşəcək, çünki sabah onun üzünü qırxacaq, – Kanningem dedi.

– İndi birbaş qəsrə, uşaqlar!