Читать книгу «Leyli və Məcnun» онлайн полностью📖 — Vahid Məmmədli — MyBook.
image
cover

Sonralar Fəttaha məlum olurdu ki, Müləvvəh və Rüqəyya uşağı görmək üçün hər gün Səidgilə gedirlər. Onlar hər axşam balaca Nofəli öpüb-oxşaya bildikləri halda, onu və Saydanı Səid bir dəfə də olsun, evinə dəvət etmədi. Fəttahın ürəyi parçalansa da, arvadını pərişan etməmək üçün hər dəfə ona deyirdi ki, qoy, Nofəl bir az böyüsün, onu hökmən öz tərəfimə çəkəcəm – ondan sonra görək aramıza kim girəcək.

Aylar, illər keçsə də, bu iki ailənin münasibəti düzəlmədi. Bir-birini görəndə qovğa-dava etməsələr də, əvvəlki isti münasibətləri də yox idi. Digər qəbilə üzvləri də olmaqla yenə birlikdə karvan soymağa getsələr də, Fəttahın eyni açılmırdı. Müləvvəhin isə əhvalı da yaxşı idi, qəbilədə hamı ilə münasibəti də. Yaşı elə çox olmasa da, böyük-kiçik – hər kəs onu qəbilənin atası sayırdı. Özünə Fəttahın kin bəsləməsini də görməzdən gəlir, ona hörmətlə yanaşırdı.

Xəbər gətirdilər ki, Oman tərəfdən böyük bir karvan gəlir, əsas yükü də buxur və qızıldı. Müləvvəh xeyli gözləsə də, həmin karvanın sahibləri, adəti üzrə olduğundan fərqli olaraq, bu dəfə elçilərini göndərmədilər.

Həmişəki kimi iki dəstəyə bölünüb sağdan və soldan hücuma keçəcəkdilər. Karvan böyük olduğundan qəbilənin on iki yaşdan yuxarı bütün gəncləri dəvə belində, at belində idi. Sağ cinahdan Fəttahın, sol cinahdan Müləvvəhin dəstəsi hücuma keçəcəkdi. Nofəlin öz dəstəsinə düşdüyünü görəndə Fəttahın uçmağa qanadı yox idi. On iki ildən bəri əlinə ilk dəfə düşən bu fürsəti dəyərləndirib Nofəli özünə tərəf çəkəcəkdi. Sağlam, ucaboylu, ağıllı və zəkalı yeniyetmə olan Nofəl illərdir övlad sahibi ola bilməyən hər iki ailənin arzusunda olduğu oğul idi. Müləvvəh bu işi zamanın, qismətin axarına nə qədər buraxsa da, Fəttah tələsir, vaxtın onun əleyhinə işlədiyini düşünürdü – bir az da geciksə, gec olacaqdı!

Həmişəki kimi, pusqu qurduqları yerdən Omandan gələn karvanın üzərinə qara yel kimi şığıdılar. İlk həmlədəcə Müləvvəh anladı ki, bu, qurğudur – kimlikləri bəlli olmayan karvanbasanlar onları sıradan çıxarmaq üçün tələ qurmuşdular. Ən dəhşətlisi isə o idi ki, dəvələrin iri xurcunundakılar buxur və qızıl deyil, hazırlıqlı döyüşçülər idi.

Müləvvəh bölgüdə qəbilənin ən qoluqüvvətlilərini Fəttahın dəstəsinə yerləşdirmişdi, öz dəstəsində isə iki nəfərdən başqa qalanı uşaqlar idi. Odur ki, öz iki döyüşçüsünə uşaqları qorumaq üçün kənara çəkilmək əmri verib, meydanda tək qaldı.

Nofəlin yanında olmasından Fəttahın qollarına əlavə güc-qüvvə gəlmişdi. Belə bir ağır döyüşdə imkan tapıb böyüklərdən geri qalmayan Nofələ təriflər yağdırırdı:

– Əla vuruşursan, Nofəl!… Səni Allah qorusun, Nofəl!… Sən hamıdan güclüsən, Nofəl!…

Fəttah on nəfərə qarşı vuruşmağın Müləvvəh üçün çox çətin olduğunun fərqinə varsa da, özünü görməzliyə vurub beyninin bir küncündə onun öləcəyinə, yolundakı səddin aradan qalxacağına ümid edirdi. Özünə rəqib gördüyü biri əbədi olaraq yolundan çəkilsə, bəlkə də, onu qəbilə başçısı seçəcəkdilər. Hər halda, ümidini üzmürdü. Üzünü çevirəndə Nofəli yanında görmədi, sağa-sola boylandı. Birdən qarşı tərəfdə – karvanın o biri üzündə kürəyini Müləvvəhin kürəyinə söykəyib vuruşan Nofəli görəndə qəzəbindən zəncir çeynədi.

Döyüşü udub dörd qulduru əsir götürdülər. Müləvvəh əlini Nofəlin çiyninə qoyub:

– Artıq əsl karvanbasansan. Əhsən sənə! – deyə onu öydü.

Nofəlin igidliyi haqqında söz-söhbətlər sürətlə bütün qəbiləyə yayıldı. Zarafat deyil, o, qəbilənin günəşi Müləvvəhi qorumuş, bəlkə də, ölümdən xilas etmişdi. Bundan sonra qəbilədə Müləvvəh deyəndə Nofəl əl-Amiri, Nofəl deyəndə Müləvvəh yada düşürdü. Müləvvəh Nofələ ən qiymətli parçalardan əlbisələr almışdı, Rüqəyya onun sevdiyi yeməkləri bişirirdi. Şahinlərini qollarına qondurub, kəklik ovlayıb həyatdan ləzzət alırdılar. Müləvvəh övladsızlığı unutmuşdu, Nofəl isə arxasında ata-ana əvəzi onları görürdü. Bu üçlük nə qədər xoşbəxtiydisə, Fəttah və Sayda bir o qədər kin-küdurətliydi.

Ramazan ayının son həftəsi qazanlar asılmış, dəvə əti yağda qıpqırmızı qovrulmuş, sini-sini plovlar ortalığa düzülmüşdü. Bir azdan bütün qəbilə başçı əl-Müləvvəhin qurduğu böyük süfrədə iftarını açacaqdı. Uca Allaha şükranlıq duaları oxunduqdan sonra qəbilənin böyükləri dünyanın gərdişindən, on bir ayın sultanının fəzilətindən söhbətlər edir, gənclər qulaq asırdılar. Əslində, Ramazan ayının ən böyük qazancı da səmaya bülənd olan duaların çoxalması ilə yanaşı, ağsaqqallar və elm adamlarının onlara ünvanlanan sorğulara sual verənlərlə birlikdə cavab arayışına çıxmalarında idi. İl ərzində hansısa səbəbdən övladlarının üzünü görməyən atalar onların çəkinmədən hamının yanında verdiyi sualı dinləyir, həm qürur duyur, həm də mənən ondan uzaq düşmüş övladının nə düşündüyünü bilirdi. Bu minvalla keçən Ramazan təkcə nəfsinə hakim olmağın sınaq ayı deyil, həm də dünyanı, kainatı, doğuluşu, ölümü, həyatın mənasını dərk ayı, elm ayı idi.

Əl-Amiri tayfasının əldə etdiyi qənimətlərin satışı ilə məşğul olan, hər il ən böyük bazarlarda alış-veriş edib dünyanın hər yerindən məlumatlı olan əl-Qasımi adlı qoca vardı. O həm də Fəttahın əmisi, böyüdüb yetişdirən ata əvəzi idi. Tanıyanlar bilirdilər ki, ondakı təkəbbür, dikbaşlılıq əmisindən keçib. Əl-Qasımi özünü ən təcrübəli, ağıllı insan, ən maraqlı həmsöhbət kimi təqdim etməyi, beyinlərə yanlışı da doğru kimi yeritməyi, qarşısındakının gözünü boyayıb özünə sayğı duydurmağı əla bacarırdı.

***

Uzun yay gecələrində hündürdən süzülən bədəvi qəhvələrindən kimsə doymur, söhbət uzandıqca uzanırdı. Bu dəfə Nofəl Fəttahın əmisinə elə bir sual verdi ki, hər kəs susub qəbilənin qəhrəmanının hansı cavabı alacağını maraqla izləməyə başladı:

–Pislikləri kainatda kim yaradıb?

Günahlara yaranışdan Yer kürəsi nədən batıb?

Yaxşılığa yamanlığı, xeyrə şəri, insanlığa iblisləri kim cırnadıb?

İbadətmi yer üzünün çıxış yolu? Yoxsa ölüm?…

Təkəbbüründən yeri-göyü titrədən, özünü hamıdan ağıllı sayan Əl-Qasımi hiss etdirməsə də, ürəyinin dərinliyində “bu yetimçəni belə elmli kim böyüdüb?” deyə narahat halda dərin fikrə getdi. Hər kəs Əl-Qasımidən cavab gözləyirdi. O, Nofəlin şeir kimi səsləndirdiyi sualına dolğun bir cavab verməyə çalışdı:

– Bax, cavan oğlan, dünyanın gərdişinə nüfuz etdikcə cavabsız suallar da artır. Bəşər övladı dünyaya gələndən bu yana bəzi suallara cavab tapmayıb. Çıxış yolu üçün isə Allah insanlara bütün suallara cavab verən bir kitabı – Quranı göndərib. O, dünyanı dərk eləməyin mənasız və həddən artıq sualların cavabsız olduğunu bildiyindən Quranda təkcə suallara cavab vermir, həm də əmr edir. Allahın əmrindən çıxmaq, yeni suallar verərək şəkk gətirmək isə şirkdir…

Müləvvəh iftarın başa çatdığını bildirib, ayağa qalxdı. Səid ona yaxınlaşıb, tərəddüdlə dilləndi:

– Heç bilmirəm, sənə necə deyim, amma deməliyəm. Yenə də şükür məsləhətinə.

– Buyur, səni dinləyirəm, – deyə Müləvvəh onu ürəkləndirdi.

– Ey Müləvvəh, sən bilirsən ki, bizim Şeybani nəslində qürur duyduğumuz bir adam var.

– Bilirəm, Yəzid ibn Məzyəd Şeybanini deyirsən.

– Hə, başımızın tacı ibn Məzyəd, çox şükürlər olsun ki, xəlifəmiz Harun ər-Rəşidin yanında sevimli əshabələrdən biridir. Bizim Nofəlin də dayısıdır. Sağ olsun, həmişə zavallı bacısının tifili ilə maraqlanıb. Sənə hörməti çox böyükdür deyə bu günə kimi uşağı qəbilədən ayırmaq istəməyib. Amma deyir, artıq zamanı gəlib, Nofəli igid bir sərkərdə kimi yetişdirməliyəm. Nofəlin getməyə razı olub-olmayacağını bilmirəm. İndi hər şeyə sən qərar ver. İbn Məzyədə nə cavab verək?

Əl-Müləvvəh fikrə getdi. Oğlu qədər sevdiyi Nofəlin gedəcəyi fikri ürəyini sıxdı. Arvadı Rüqəyyanı düşündü. O bu ayrılığa necə dözəcəkdi?! İçindəki təlatümləri boğub, toxtaq cavab verdi:

– Mən Rüqəyyanı birtəhər yola gətirərəm. Deyərik ki, dayısı ibn Məzyəd Nofəli görmək istəyir. Getsin, görüşsün, tez bir zamanda qayıdacaq. Sonrası Allah kərimdir. Allahın əmrindən kimsə çıxa bilməz. Hansı xeyirlidirsə, onu yalnız uca Yaradan bilir…

III fəsil

Bu dünyada heç kim ömrü boyu olduğu kimi görünmür. “Elin gözü tərəzidir” desələr də, çəki daşları insanların əyarlarına görə şəxsiyyətlərə qiymət verir. Çəki daşları dəyişməyincə əyarlar da dəyişmir. Dünən qorxaq kimi tanınanlar bu gün nadir hallarda qəhrəman kimi görünür. Bəzən çox kasıb biri ağıllarda varlı, ağıllı isə dəli kimi, xəstə və zəif olan güclü və sağlam kimi görünüb elə də qəbul olunur. Buna alın yazısı da, xüsusi bir bacarıq da demək əsassız olmaz.

Tarixin yetirdiyi belə şəxsiyyətlərdən biri də Abbasilər sülaləsinin xəlifəsi Harun ər-Rəşiddir. Lap gəncliyindən haqqında dolaşan əfsanə və rəvayətlərə əsasən, Harun nə qədər yağ-bal içində böyümüş, dünyanın bütün naz nemətlərini dadmış, səxavətli, həm də ən güclü və amansız kimi görünür, amma nədənsə heç kəs onun həyatının keşməkeşlərini, hökmdarlıq elədiyi illərin İslam tarixinin ən çətin dönəmi olduğunu, o illərdə Peyğəmbər nəslindən olan davamçıların bir-biri ilə amansız surətdə çəkişdiyini, saysız-hesabsız təriqətlərin hərəsinin yorğanı öz tərəfinə çəkdiyini heç kəs yada salmır. İnsanları Harunun eyş-işrətdə keçən günləri, dünyadan həzz alması ilə bağlı söz-söhbətlər daha çox maraqlandırır, bu barədə əfsanələrə daha çox inanırlar.

Abbasilər xilafətinin üçüncü xəlifəsi Məhəmməd ibn Abdullah əl-Mehdinin və yəmənli kölə Xeyzuranın oğlu Harun şahzadə olsa da, anasının da çəkdiyi əzab-əziyyətlər bahasına, böyük çətinliklə hakimiyyətə gələ bilmişdi. Xilafətin ən çətin dövründə xəlifə elan olunsa da, Harun müsəlman tarixində, bəlkə də, heç bir hökmdarın etmədiyini etmişdi. Onun üçün ətrafındakıların haralı olması önəmli deyildi, çalışırdı ki, xilafətin əhatə etdiyi hər bölgədə, hətta ucqarlarda belə, dövlətə yararlı biri varsa, saraya gətirib dövlət maraqları naminə orduda, idarəetmə və ticarətdə ondan istifadə etsin.

Şeybani qəbiləsinin başçılarından olan Yəzid ibn Məzyəd karvan yollarını nəzarətdə saxlayan səhra komandiri idi. Əmisi Məyan ibn Zaidə xəlifə əl-Mehdinin yaxın adamlarındandı. Xorasanda üsyan başlayanda əmisi onu xəlifəyə təqdim edib, üsyanı yatıracağına təminat verdi. Yəzid bu vəzifənin öhdəsindən layiqincə gəldiyindən xilafətin ucqarlarında – hələ də ram olmaq istəməyən Azərbaycanda qayda-qanun yaratmaq üçün hakim təyin edildi. Bir il Azərbaycan hökmdarı olduqdan sonra artıq yeni xəlifə təyin olunmuş Harun ər-Rəşid Bizans yürüşü zamanı onu yanına çağırdı, inanılmış sərkərdələrdən biri kimi özü ilə döyüşə apardı.

Valid ibn Tarifinin xəzinəni talan edib aradan çıxması, ibn Məhanın öz vəzirinin toruna düşüb xalqı narazı salması və üsyana sürükləməsi Harun ər-Rəşidi hiddətləndirmişdi. Xəyanət etmiş birinin qaçıb gizlənməsi dövlətin əsaslarına böyük təhlükə olduğundan xəlifənin əsas tapşırığı ibn Tarifinin tezliklə tapılıb edam edilməsi idi. Onun inandığı sərkərdələrindən Yəzid ibn Məzyədi yenidən Azərbaycan hökmdarı təyin etməkdən başqa çarəsi qalmırdı…

Səhrada böyümüş bədəvinin birdən-birə Şərqin böyük şəhərlərindən birinə yerləşməsi Allahın lütfü idi. Nofəl ilk günlər bir az darıxsa da, hər gün aldığı qılıncoynatma, atıcılıq dərsləri, hərb sənətinin incəliklərinə yiyələnmək bütün vaxtını alır, darıxmasına imkan vermirdi. Dayısı bir neçə gün əvvəl ona bir kisə qızıl pul verib, əshabələrindən Musa əl-İbrahimini də ona qoşmuşdu ki, Bağdad bazarında gəzib ürəyi nə istəsə, alsın.

Musa Nofəli bir-birindən gözəl geyimlərin satıldığı sıraya gətirdi. Çoxdan tanış olduğu tacirə yaxınlaşıb, salam-kəlamdan sonra:

– Bizim bu şahzadəyə gərək dünyanın ən gözəl libaslarını verəsən, – dedi.

Nofəl utanıb “Mən axı şahzadə deyiləm”, deyə astaca etiraz etsə də, Musa Yəzidin Azərbaycana hökmdar təyin edildiyini və deməli, Nofəlin də şahzadə olduğunu dedi: “Sən heç ömründə dünyanın müxtəlif ağacları, gülləri, otlarını, quşları, vəhşi heyvanlarını bir arada görmüsən? Səhralıqda ən çox gördüyümüz uzaqbaşı xurma, sərv ağacları idi. Arranın paytaxtı Bərdə isə əsl cənnətdir. Sən də artıq o cənnətin şahzadəsi, Allahın sevimli bəndəsisən”.

Nofəl burda olduğuna sevinsə də, Müləvvəhdən və Rüqəyya anadan uzaq düşəcəyinə görə narahat idi. Onları əmisi Səiddən, dayısı Yəziddən də çox istəyirdi. Bağdad kimi gözəl bir şəhərdə sarayda qul-qaravaşın əhatəsində olsa da, Müləvvəhin çadırı ona ən doğma yuva, Nəjdin qumu ən güvənli torpaq idi. İndi Bərdəyə – dünyanın cənnətinə getməmişdən əvvəl çox istəyirdi ki, Müləvvəh də, Rüqəyya da onu bu şahzadəyə layiq geyimdə görsünlər.

Səhər tezdən çapar Yəzid ibn Məzyəddən əmr gətirmişdi: “Bizimkilərin təcili Arrana köçürülməsi zərurəti yaranıb. Məşhur İpək yolu burdan keçir. Mən öz qəbilələrimin burda olmalarını istəyirəm. Dövlətin rifahı və əmin-amanlıq naminə bizimkilərin burda olması zəruridir. Kimsə gəlmək istəməsə, məcburi deyil. Amma başa salın ki, mənim buna ehtiyacım var. Bir də bu xəbəri hər iki qəbiləyə Nofəl çatdırsın. Sən də onunla get!”

Bağdadın havası qeyri-adidir. Bu şəhərdə gün səni yandırsa da, zərər vermir. Səhər tezdən isti təndir çörəyinin ətri ətrafı bürüyür. Yuxudan oyananda ac olmasan belə, o ətirli çörəyin xətrinə qəhvəaltı edərsən. Musa Nofəli lap erkən oyatmış, o, yuyunub gələnə kimi xidmətçilər yeməyini süfrəyə düzmüşdülər. Musa onun tələsik yediyini görüb qəhqəhə çəkdi:

– Bilirəm, oralar üçün darıxırsan. Amma tələsmə, yaxşı ye ki, yolun uzaqlığı, istisi səni yormasın. Biz qəbilələrimizə müjdəni verib, onları toparlayıb, karvanları yola düşdükdən sonra özümüzü Bərdəyə çatdırmalıyıq. Arranda vəziyyət pisdir. Üsyan hələ də yatırılmayıb, camaat Valid ibn Tarifinin tapılıb edam edilməsini tələb edir. Oranın adamları mərd və qorxmazdır. Xəlifə üsuli-idarəsindən olan birinin xalqı bu qədər qəzəbləndirməsi, əslində, camaatı Əmir əl-Mömininə qarşı qaldırmaqdır… Biz ərəblər Arrana girmək, dinimizi onlara qəbul etdirmək üçün nə qədər qan tökdük, qılınc gücünə dinimizi qəbul etdirdik, amma bu, əbədi davam edə bilməz. İndi biz onlarla qaynayıb-qarışmalı, dinimizin necə mütərəqqi bir din olduğunu sübut etməliyik…

***

Nofəlin şahzadə paltarında gəlişi bütün qəbiləni necə sevindirmişdisə, camaat “Qəhrəman Nofəl… Qəhrəman Nofəl…” deyə onu salamlayırdı. Dünən Nofəlin qəbilə üzvlərinə “biz sizi cənnətə aparacağıq, bundan sonra cənnətdə yaşayacaqsınız!” deməsi hər kəsi çox sevindirmişdi. Bütün qəbilə üzvləri Yəzid ibn Məzyədə, qəhrəmanları Nofələ dualar qılıb, Allaha şükr edirdilər.

Əl-Müləvvəhin isə ürəyində ikili hisslər baş qaldırmışdı. Bir yandan gözünü açandan qoynunda böyüdüyü, ata-anasının qəbirləri olan bu qumlu səhralığı qoyub getmək, digər tərəfdən də atasının ölümqabağı dediyi sözlər: “Çalış bu yerləri tərk elə get. Buralar bizə düşmədi. Bəxtini başqa yerlərdə sına”. Atasının vəsiyyəti onun qərarına təsir etsə də, yenə tərəddüd içində idi. Müqəddəs Kəbədən uzaq düşməkdən qorxurdu…

Həyatın elə dönüş nöqtələri olur ki, köklü qərar qəbul etmək lazım gəlir. Lazımi zamanda lazımi yerdə olmaq, əslində, Allah ilə olmaq deməkdir. O səninlədirsə, heç nədən qorxmaq lazım deyil. Müləvvəh əmindi ki, həqiqi inamla Allaha bağlandığı üçün onu ən doğru qərara yönəltmiş olacaq – bundan sonra hər şeyi zamanın axarına buraxmaq qalırdı. İndi qəlbində çoxdan əlini üzdüyü bir ümid də cücərdi. Bəlkə, Allah ona Nofəlin cənnət dediyi o torpaqlarda bir övlad da verdi. Müləvvəh gecənin qaranlığında şadyanalıqla qılınc rəqsi edən qəbilə igidlərinə baxarkən göy üzündə bir işıq zərrəsi ayrılıb hərəkət etdi. Ulduz düz onun başı üzərində dayanıb, sanki bir az da gücləndi, bir az da irəli gəldi.

Müləvvəh bədəninə dolan qəribə istilikdən əvvəlcə qorxdu, sonra bu istilikdən xoşlandığını, sanki yeni bir adam olduğunu hiss etdi. Aman Allahım, bu həmin o istilik idi! Otuz yaşından bu yana bir gün qəfildən hiss etmişdi ki, belində, qarnında, ayaqlarında, beynində, gözlərində hiss etdiyi o qəribə istilik daha yoxdur. Həmin gün düşünmüşdü ki, həmən istilik insan bədənini tərk etməsə, yəqin o heç zaman ölməz. İndi o istiliyi yenidən hiss etməsi onu həyəcanlandırdı. Bu, dünyanın ən şirin yanğısı, ən müqəddəs susuzluğu idi. Sanki birdən-birə hər şeyi, insanları, bu qumlu səhranı, dəvələri, ayı, ulduzu daha çox sevməyə başladı! Çadıra keçib Rüqəyyanı bağrına basdı, lap gəncliyində olduğu kimi…

IV fəsil

İnsan onu ən böyük arzusuna qovuşduran bir torpağı müqəddəs saymazmı?! Üstəlik, bu torpaqlar cənnəti xatırladırsa… Müləvvəh qəbiləsi ilə Arrana köç etdikdən bir ay sonra arvadının hamilə olduğunu öyrəndi. Onun qəbiləsini Bəndovan yaxınlığında yerləşdirdilər. Dəniz sahili ilə meşəlik, dağlıq ərazilərdən ta Bərdəyə kimi uzanan, tacirlərin Çin yolu adlandırdığı yol boyu bütün ticarət karvanlarını qorumaq, vergi toplamaq, dövlətin qayda-qanunlarına riayət olunmasına nəzarət etmək vəzifəsi ona və Şeybani qəbiləsinə tapşırılmışdı. Hər iki tayfaya ümumi nəzarət isə Nofələ tapşırılmışdı.

Fəttah evini onlardan bir az aralıda tiksə də, Azərbaycana köç edəndən bəri onun da üzü gülür, daha Müləvvəhi görəndə üzünü yana çevirmirdi. Müləvvəh hələ dünyaya gəlməmiş övlad payı üçün Allaha hər gün şükr edib, bu sevinci Fəttaha da bəxş etsin deyə yerin-göyün sahibinə yalvarırdı.

Bir neçə gün sonra Müləvvəh onu rahat buraxmayan fikirlərini arvadı ilə bölüşəndə Rüqəyyanın gözləri doldu:

– Arxayın ol, Sayda da hamilədir. Dünən Səidin arvadı bizi barışdırdı. Dedi ki, ikinizə də Allah lütf edib, övlad verib. Sayda hönkürüb ağladı, sonra da boynumu qucaqladı, barışdıq.

Müləvvəh əllərini açıb: – Sənə şükürlər olsun, Allahım, məni bu töhmətdən qurtardın, – deyə ürəkdən şükür etdi. Fəttahın övladı olmasaydı, ona Nofəli öz tərəfinə çəkdiyi üçün məzəmmət və nifrəti bitib-tükənməzdi.

Müləvvəh Bəndovanın küləyindən qorunmaq üçün evinin ətrafına şam ağacları əkmişdi. Övladı bu ağacların kölgəsində oynayacaqdı.

Yəzid ibn Məzyəd artıq Bəndovanda yeni bir şəhərin əsasını qoymaq üçün göstəriş vermişdi. Paytaxt Bərdədə otursa da, ibn Məzyəd burada bir liman şəhəri yaratmaq istəyirdi. Artıq xilafətin hər yerindən memarlar, xəttatlar, şair və rəssamlar Arran ərazisinə gətirilirdilər. Bu torpaqların bərəkətli, xəyalları gerçəkləşdirən bir yer olmasına hər gün bir işarət vardı. Təxminən eyni vaxtda Səidin də arvadının hamilə olduğu xəbəri yayıldı. Nofəl sevinsə də, əmisinin övladından daha çox Müləvvəh və Rüqəyyanın övladını dünyaya gəlişini gözləyirdi. Özü də istəyirdi ki, məhz oğlan doğulsun, ona qardaş olsun, o da bildiyi hər şeyi qardaşına öyrətsin. O özü kimi at belində, əli qılınclı, qorxmaz bir qardaş arzusunda idi.

Bəndovana köçürüldükdən sonra Fəttahın əmisi əl-Qasımi buralara elə valeh olmuşdu ki, illərlə səfərə çıxdığı ticarətindən əl çəkib oturaq həyata keçmişdi. O, Lökbatanda dəvə karvanlarının yolu üstə kiçik bir karvansara inşa edib, gəlib-gedənlərin qarnını Şamaxının ən dadlı qoyunlarının ətindən hazırladığı şaurmalarla doyururdu.