– Yucin onu başa düşmədi, lakin məmnuniyyətlə razılaşdı. Ona həftədə altı dollar təyin etdilər – bu pulla hər halda yaşamaq olardı. Yucini sobaların yığılması, rənglənməsi və təmiri ustası olan iki yekəpər işçinin ixtiyarındakı çardağa apardılar. Onlar öz yeni köməkçilərinə acıqlı-acıqlı izah etdilər ki, o köhnə sobaların pasını təmizləməli, həmçinin onların yığılmasına, rənglənməsinə və anbara daşınmasına kömək etməlidir – bu dükanın sahibi şəhərin hər tərəfindən köhnə mallar satanlardan sobalar alır və bunlar satış üçün təmir olunurdu. Pəncərənin yanında Yucinə alçaq bir oturacaq ayrılmışdı. O, paslı sobaları təmizləməli idi. O aşağıya, dalana, həyətində yaşıl ot bitmiş evlərə baxaraq çox vaxt işi unudurdu. Şəhər onun üçün möcüzələrlə dolu idi, hər bir xırda şey onu özünə cəlb edirdi. Yaxından keçən cındırçı “Cındır, dəmir-dümür alıram” deyə bağırdığı yaxud tərəvəz satan “Pomidor, kartof, təzə qarğıdalı, göy noxud” deyə səsləndiyi zaman Yucin başını qaldırır və qulaq asırdı. Bu bir növ musiqi kimi onda canlı əks-səda yaradırdı. Aleksandriyada buna oxşayan bir şey eşitməzsən. Bütün bunlar onun üçün necə də yeni idi! Yucin nə kimi eskizlər çəkəcəyini təsəvvürünə gətirirdi. O, həyətdə ipdən asılmış paltarları, səbətli qızları və sairəni xəyalında təsvir edirdi.
Bir dəfə o, səylə işləyirmiş kimi düşündüyü zaman ( o artıq iki həftə idi ki, dükanda işləyirdi) ustalardan biri səsləndi:
– Ey, hərəkətə gəlsənə! Pulu onun üçün vermirlər ki, sən gözünü pəncərəyə dikəsən.
Yucin yerində donub qaldı. O, avaraçılıq etdiyini görmürdü. İncik halda və meydan oxuyarcasına:
– Sizə nə var? – dedi. İndiyə kimi o hesab edirdi ki, bu adamlarla bərabər hüquqda işləyir və heç də onlara tabe deyildir.
– Mən sənə göstərərəm, dikbaşın biri, – deyə yaşlı, çox kobud, “Oliver Tvist”dəki Bill Sayksa oxşayan usta səsləndi. – Sənin ağanın kim olduğunu mən sənə göstərərəm. Cəld ol deyirəm sənə, həyasızlıq etmə!
Bu vəhşi kobudluğun gözlənilməz partlayışı Yucini heyrətə gətirdi. Onun rəssam kimi uzaqdan müşahidə etdiyi və onu bir hadisə kimi maraqlandıran yırtıcı indi özünü göstərirdi.
Yucin özünü nə cür təhlükəyə atdığını yalnız nisbətən anlayaraq çığırdı.
– Cəhənnəm olun!
– Nə dedin? – deyə usta bağırdı və onun üzərinə atıldı.
O ağır, mıxlı başmağının burnu ilə Yucini vurmaq niyyətiylə onu divara doğru itələdi. Yucin döşəmədən sobanın dəmir ayağını qapdı. O, kətan kimi ağarmışdı.
Yucin dəmir qıçı əlində möhkəm sıxaraq hədə ilə:
– Yaxşısı budur ki, mənə toxunmayın, – dedi.
Belə bir qızışmanın yersiz olduğunu anlayan başqa usta:
– Burax Cim, – dedi, – ona toxunma. Əgər o sənə xoş gəlmirsə, qov çıxsın getsin.
Yucinin açıqürəkli ağası:
– Elə isə cəhənnəm ol, get! – dedi.
Yucin hələ də əlində sobanın qıçını tutaraq pencək və şlyapası asılmış asılqana yaxınlaşdı, hücumun təkrar olunmasından qorxaraq ehtiyatla rəqibinin yanından keçdi. O, inadcıllıq göstərdiyi üçün cəza olaraq, Yucinə yenidən yumruq vurmaq fikrində idi, lakin özünü saxladı.
Yucin qapıya yaxınlaşarkən usta:
– Özünü çox ağıllı hesab edirsən, küçük, – dedi. – Ayıl, yuxulu əntər!
Yucin özünü alçaldılmış və rüsvay edilmiş hiss edərək, sakitcə çıxıb getdi. Bir işə bax! Onu, Yucin Vitlanı az qala təpikləmiş, bayıra itələmişdilər, özü də işdə, həftədə altı dollar verdikləri işdə! Bir anlığa kəskin ağrı onun boğazını tutdu, lakin bu, tədricən keçib getdi. Yucin ağlamaq istədi, ancaq bacarmadı, aşağıya düşdü və kontora yaxınlaşdı. Onun üzü və əlləri rəngə bulaşmışdı. Onu işə qəbul edən adama:
– Mən gedirəm, – dedi.
– Yaxşı. Nə baş vermişdir?
– Bu heyvan usta məni təpiklə vurmaq istəyirdi, – deyə Yucin izah etdi.
– Bəli, onlar bir az ədəbsiz uşaqlardır, – deyə sahibkar razılaşdı. – Mən bilirdim ki, siz onlarla yola gedə bilməyəcəksiniz. Burada sizdən möhkəm adam lazımdır. Hesabınızı alın.
O stol üstünə üç yarım dollar qoydu. Yucin bu qəribə cavabı heyrət içərisində dinlədi. O, həmin adamlarla yola getməli imiş. Bəs onlar Yucinlə yola getməyə borclu deyillər? Deməli, böyük şəhər özündə belə sakitlik gizlədir!
Yucin evə qayıtdı, yuyundu və yenidən küçəyə çıxdı, çünki indi işsiz oturmaq vaxtı deyildi. Bir həftə keçdikdən sonra o, daşınmaz əmlak satışı agentliyində kuryerlik yeri tapdı. O, boşalan evləri öyrənməli, nömrələrini xəbər verməli və pəncərəyə “kirayə verilir” sözləri ilə elan yapışdırmalı idi. Bu iş ona həftədə səkkiz dollar gətirir və gələcəkdə bəzi imkanlar açırdı. Bu yer Yucini tamamilə təmin edirdi, lakin üç ay keçməmişdi ki, bu kontor iflasa uğradı. Payız yaxınlaşırdı, qış kostyumu və isti palto haqqında düşünmək lazım idi. Lakin Yucin işinin düz gətirməməsi haqqında valideyninə yazmırdı. Əslində nə olursa olsun, o istəyirdi ki, evdəkilər onun işinin yaxşı olduğunu düşünsünlər.
Onun təəssüratı getdikcə aydınlaşır və kəskinləşirdi – şəhərin bəzi rayonlarının hər addımda gözə çarpan zənginliyi buna səbəb olurdu. Miçiqan, Preri, Eşlend-avenyü kimi küçələr, həmçinin Vaşinqton bulvarı – Yucinin heç bir vaxt görmədiyi ən gözəl evlər tikilmiş rayonlar – onu heyrətləndirirdi. O bu evlərin möhtəşəmliyinə, onları əhatə edən çəmənliklərin gözəlliyinə, aynalı pəncərələrinə, karetalarına və qulluqçularına valeh olmuşdu. O həyatında ilk dəfə idi ki, zəngin geyimli qapıçılar görürdü. O, uzaqdan ona gözəllik möcüzəsi kimi gələn və bəzəkli paltarlarında bu qədəq şıq görünən gənc qız və qadınlar, öz boy-buxunları ilə adamı valeh edən gəncləri görürdü. Ola bilsin ki, daim qəzetlərin yazdığı həmin “cəmiyyətin” nümayəndələri elə bunlar idilər. Yucin hələ bundan baş çıxarmağı bacarmırdı. Gözəl geyim və dəb-dəbə onun üçün yüksək ictimai vəziyyətə dəlalət edirdi. İlk dəfə idi ki, onun gözləri açılmışdı və o, əyalətdən gələn yeniyetmələri gözləyən həyat ilə dünyada olan nemətlər – daha doğrusu, ictimai pillələrin ən yuxarısında duran bir ovuc insanın başına səxavətlə səpilən nemətlər – arasındakı dərin uçurumu görürdü. Bütün bunlar onu bir qədər ayıldır, həm də kədərləndirirdi. Həyat ədalətsizliklə dolu idi.
Bu payız günlərində, ağacların yarpaqları saraldığı və iliklərə işləyən külək, tüstü burumlarını və toz buludlarını qabağına salıb qovduğu zaman o inandı ki, şəhər amansız olmağı bacarır. Onun qarşısına köhnə paltarda, kədərli, taqətsiz, çuxura düşmüş gözləri dərin ümidsizliklə baxan adamlar çıxırdı. Onları bu vəziyyətə, yəqin ki, ağır həyat salmışdı. Əgər onlar sədəqə dilənirdilərsə – doğrudur, onlar Yucinə az müraciət edirdilər, çünki onun görünüşü heç də təmin olunduğunu isbat etmirdi, – deməli, sadəcə həyatın uğursuzluğundan şikayət edirdilər. Axı fəlakətə uğramaq asandır. Əgər diribaş olmasan, asanlıqla acından vərəmləmək olar – şəhər bunu Yucinə tezliklə öyrətdi.
Bu günlər kədər onu gəmirirdi. Yucin o qədər də adamayovuşan və həmçinin özünü mühakimə etməyə meyl göstərən adam deyildi. Onun dostluq qurmaq imkanı yox idi, hər halda o belə düşünürdü, buna görə də o ya böyük şəhərin həyatını müşahidə edə-edə axşamlar təkbaşına küçələri dolaşır, ya da evdə balaca otağında oturudu. Onun ev sahibəsi miss Vudraf xoşrəftar və kifayət qədər qayğıkeş idi, lakin artıq gənc deyildi – Yucinin arzuladığı isə başqa cür cəmiyyət idi. O, qızlar haqqında bir-iki kəlimə danışa biləcəyi bir adamın olmamasının necə kədərli olduğu haqqında düşünürdü. Stella yoxdur – bu xəyala son qoyulmuşdur. Bu zaman o, Stellaya oxşayan başqa bir qıza rast gələr.
Pulunu hissə-hissə verməklə, kostyum almaq üçün anasının göndərdiyi pulun bir hissəsini xərcləməyə məcbur olduğu ayın axırında Yucin, nəhayət, camaşırxanada arabaçılığa düzəldi. Həftədə on dollar maaşı olan bu iş ona çox yaxşı gəlirdi. O özünü o qədər yorulmuş hiss etmədiyi zamanlar karandaşı götürüb eskizlər çəkir, lakin bu eskizlərin hamısı ona fərsiz görünürdü. Buna görə də o, camaşırxanada işləməyə davam edir və paltar daşıyırdı, halbuki hər hansı bir redaksiyada iş axtarmalı, yaxud rəssamlıq sənətini öyrənməli idi.
Bu qış Mirtl ona yazdı ki, Stella Eplton atası ilə Kanzasa köçüb getmişdir, ana özünü pis hiss edir və xahiş edir ki, heç olmasa bir həftəliyə evə gəlsin. Bundan bir az qabaq Yucin həmin camaşırxanada işləyən Marqaret Daff adlı şotlandiyalı bir qızla tanış olmuşdu; o bu qızla tez yaxınlaşmış və bu münasibət onun qadınlara münasibətinin başlanğıcını qoymuşdu. Buna qədər o, qadının nə olduğunu bilmirdi və buna görə indi onun təbiətində, sabit olmasa da, hər halda dağıdıcı və pozucu olan yeni cəhətlər əmələ gətirmişdi. İndi o özünü belə hissiyata daha artıq qızğınlıqla həsr edirdi. O qadınları sevirdi, onların bədənlərinin gözəl cizgilərini, xarici füsunkarlığını sevirdi, sonralar isə mənəvi gözəlliklərini də sevəcəkdi (o indi də onu sevirdi, ancaq dumanlı, şüursuz sevirdi). Lakin onun qadın idealı hələ ona aydın deyildi. Marqaret Daff ürəyiyumşaq, bir qədər zərif və yapışıqlı qadın idi, vəssalam. Lakin özünə əlverişli zəmin tapdığından Yucinin ehtirası sürətlə artmağa başladı. Bir neçə həftə içərisində qız tamamilə ona hakim kəsildi. O, qızı görmədən bir gün belə yaşaya bilmirdi. Qız isə onun tələblərinə məmnuniyyətlə cavab verirdi ki, onların əlaqəsi bir o qədər də gözə çarpmasın. Marqaret bir az ata-anasından qorxurdu, lakin onlar işçi adamlardı, erkən yatağa girir və bərk yatırdılar. Görünür, onlar qızlarının gənclərlə görüşməsi əleyhinə deyildilər və Yucin onun birinci tanışı deyildi.
Üç ay müddətində onların ehtirasının həddi-hüdudu olmadı. Yucin acgözlük, doymazlıq göstərdi, qız isə, ondan soyuq olsa da, öz sevgilisinin xatirinə dəyməmək üçün hər şeyə hazır idi. Onun coşğunluğu, qızın onda alışdırdığı qüvvətli ehtiras ona ləzzət verirdi, lakin qız tezliklə yorğunluq hiss etdi. Sonra təbiətlərin müxtəlifliyi, zövqlərin, görüşlərin, arzuların ziddiyəti özünü göstərməyə başladı. Əslində Yucin üçün Marqaretlə danışmağa bir mövzu yox idi. O bu qızda özünün daha incə olan duyğularına əks-səda tapa bilmirdi. Marqaret özünü məşğul edən şeylər – estradadan eşitdiyi zarafatlara, tanış gənc oğlan və qızların gülməli atmacalarına Yucin bir maraq görmürdü. Marqaret geyinməyi bacarırdı, lakin incəsənətə, ədəbiyyata, ictimai məsələlərə aid olan hər şeydən xəbərsiz idi. Halbuki Yucin, gəncliyinə baxmayaraq, dünyada olub keçən bütün məsələlər haqqında hərarətlə öz rəyini deyirdi. Böyük adamların – Karleylin, Emersonun, Uiltmenin adları və onların böyük şöhrətinin əks-sədası ona yaxın idi. O, qərb dünyasının səmasında ildırım sürətiylə ötüb keçən dahi filosoflar, rəssamlar, bəstəkarlar haqqında oxuyur və düşünürdü. Onu böyük bir iş üçün yaranmış olduğu haqqında qabaqcadan duyulan tutqun bir hiss həyəcanlandırırdı və o öz gənclik entuziazmı ilə inanırdı ki, bu iş tezliklə olacaqdır. O bilirdi ki,onun yaxınlıq etdiyi qız uzun müddət onu bənd edə bilməz. O, Yucini cəzb etmişdi, lakin cəzb olunduğu halda da Yucin ağa, münəqqid və hakim olaraq qalmışdı. Onda dəfələrlə belə bir fikir oyanırdı ki, Marqaret ona lazım deyil, ondan yaxşısını da tapa bilər.
Təbiidir ki, ehtirasdan doymaq belə fikirləri doğurmalı olduğu kimi, belə fikirlər də ehtirası öldürməli idi. Marqaret tədricən Yucindən soyuyurdu. Onun təkəbbürü, bəzən lovğa ahəngi Marqa reti acıqlandırdı. Onlar boş bir şey üstə savaşırdılar. Bir dəfə axşam Yucin adəti lovğalığı ilə dedi ki, Marqaret filan və filan şeyi etməlidir. Marqaret:
– Rica edirəm, əmr verməyi burax, – dedi. – Sən həmişə mənimlə elə danışırsan ki, guya mən sənin xüsusi malınam!
Yucin zarafatyana:
– Elədir ki, var, – dedi.
– Sən elə düşünürsən! – deyə qız alışdı. – Başqa həvəskarlar da tapılar.
– Nə vaxt kefin istəsə, onların yanına gedə bilərsən. Mən razıyam.
Yucin tərəfindən bu, qızı acıqlandırmaq üçün ancaq mənasız bir arzu olsa da, o, qızı incitmək istəmirdi, amma bu sözlər qızın qəlbinə toxundu.
– Elə isə mənim kefim bu saat istəyir! İstəmirsənsə, mənim yanıma gəlməyinin mənası yoxdur. Mən sənsiz də keçinə bilərəm.
O, meydan oxuyurmuş kimi başını dik tutdu.
Yucin onu necə acıqlandırdığını anlayaraq:
– Sakitləş, Marqaret, – dedi. – Sən heç də belə düşünmürsən.
– Düşünürəm! Baxarıq!
Marqaret ondan kənara çəkildi. Yucin onun arxasınca getdi, lakin qızın qəzəbi onda yenidən əsəbilik oyatdı.
O qətiyyətsiz halda duraraq:
– Bir də ki, kefinə bax, – dedi. – Yaxşısı budur, mən gedim.
Marqaret heç bir cavab vermədi, heç bir təmənnada olmadı, heç bir şey təklif etmədi. Yucin palto və şlyapasını götürmək üçün getdi.
O qayıdaraq:
– Vidalaşarkən məni öpmək istəmirsən? – deyə soruşdu.
– Yox, – deyə qız soyuq cavab verdi.
O:
– Gecən xeyrə qalsın, – dedi.
– Xeyrə qarşı, – deyə qız laqeyd cavab verdi.
Onların münasibətləri hələ bir müddət davam etdi, lakin yenə də tamamilə barışmadılar.
О проекте
О подписке
Другие проекты