Vivyen Uordun çarpayının yanına qoyduğu zəngli saatı axşam səkkizin yarısında cingildədi. Dərin yuxudan oyanan qız gərnəşdi, şirin-şirin əsnədi və gözlərini açmadan əlhavasına saatın səsini kəsdi.
Beləcə, gözüyumulu bir-iki dəqiqə uzanandan sonra Vivyen qalxıb yatağında əyləşdi, ayaqlarını döşəməyə salladı və hətta yatanda da çıxarmadığı parikinin kəkilini düzəltdi. O, Kit de Luka adlı rəfiqəsi ilə birgə yaşadığı tör-töküntülü mənzilini süzdü.
Vivyenin paltarlarının bir hissəsi döşəmədə, bir hissəsi üzlüyü sürtülmüş kreslonun üstündə atılıb qalmışdı.
Çarpayının baş tərəfində onun köhnə dostlarının və tanışlarının tələsik çəkilmiş, sonra da sifətləri səliqə ilə kəsilmiş fotoşəkillərinin yapışdırıldığı divar qəzetinə oxşayan bir şey asılmışdı.
Pəncərədən şəhərin hay-küyü eşidilirdi. Maşınların siqnalları ulaşır, hansısa xala cır səslə çığırırdı. Sonra sürətlə uzaqlaşan polis maşınının sirenası eşidildi.
Vivyenlə Kitin otaq kirələdiyi mehmanxana Hollivud bulvarının yan küçələrindən birində idi. Onun iki addımlığında isə məşhur «Uolk of Feym» mehmanxanası yerləşirdi. «Uolk of Feym»in qarşısındakı səkidə dünyaca məşhur adamların ulduzlarla haşiyələnmiş adları yazılmışdı. Bu küçə hər gün Hollivuda turist axını cəlb edən tələlərdən biri idi.
Bulvarın Vivyen yaşayan tərəfində diqqət çəkən başqa heç nə yox idi. Burada ucuz bar və restoranlar, varyete və porno-kinoteatrlar bir-birini əvəzləyirdi. Küçənin asfalt örtüyünə ulduz haşiyədə məşhurların adları döşənmiş hissəsi müştəri ovuna çıxan fahişələrin sevimli yeri idi.
Küçə və restoranlarda narkotik satanlar, qadın alverçiləri və qeyri-leqal mühacirlər, hər növ xırda fırıldaqçılar və avaralar, eləcə də bütün rəngarəngliyi ilə bulvarda təmsil olunmuş əyləncə industriyasının saysız-hesabsız zəhmətkeşləri qaynaşırdılar. Səsgücləndiricilərdən ətrafa rok və blüz sədaları yayılır, yeniyetmələr dəstə ilə səkilərdə gəzişir, yoldan ötənlərin arasından sivişə-sivişə skeytbord1 sürür, küçə gözəlçələri maşınların pəncərələrindən içəri boylanıb kişiləri yoldan çıxardırdılar:
– Ey, dost, bir az əylənmək istəmirsən?
– Bu gün təksən? Gözəl qız səni darıxmağa qoymaz. Bax gör, pis deyiləm, hə?
Vivyen vanna qəbul edib geyinməyə başladı. Əvvəl qara, tor alt tumanını və büstqalterini, kapron corablarını geyindi, sonra çiyinlərini və qarnını açıqda qoyan, öndən və arxadan iki metal halqa ilə birləşdirilmiş iki parça tikəsindən ibarət dar köynəyini, nəhayət, yalnız rəmzi olaraq ətək adlandırıla bilən üçüncü parça tikəsini əyninə keçirdi.
Vivyen boy-buxunlu, gerçəkdən gözəl idi: onun uzun qıçları, iri və ifadəli gözləri, yumşaq cizgili dodaqları vardı. Cazibədar sifətinin və incə qollarının dərisi gündən yüngülcə yanmışdı.
Qız üz-gözünə boya yaxmaq üçün güzgünün qabağına keçdi. Kontur qələminin və mavi kölgənin köməyi ilə gözlərini daha da ifadəli etdi. Dodaqlarını al-qırmızı rəngə boyadı.
Sonra budlarına qədər qalxan hündürdaban uzunboğazlarını geyindi. Çəkmələrin zəncirbəndlərinin dilləri çoxdan qopmuşdu, Vivyen uzunboğazları bağlamaq üçün sancaqdan istifadə edirdi. Onun libasını ucuz bər-bəzək tamamladı: klipslər, hər addımda yüngülcə cingildəyən bilərziklər.
O, dimdikli kepkasını başına basıb qırmızı jaketini çiyninə atdı, çantasını götürdü və qapıya tərəf getdi.
Qız nömrədən çıxarkən aşağıdan səs eşitdi. Vivyen dayandı, pilləkəndə çöməlib nəfəsini qısdı və aşağıda baş verənləri izləməyə başladı.
Miskin mehmanxananın sahibi yamaykalı mühaciri qapının ağzında yaxalamışdı:
– Bir dur, dur! Mən görürəm ki, sənə deyiləni anlamadın. Mən ayın axırında pulu yığıram. Pulunu ver, yoxsa səni burdan rədd elərəm!
Vivyen sakitcə qalxdı və barmaqlarının ucunda nömrəyə qayıtdı. Vanna otağında su çəlləyinin qapağını qaldırdı və pul saxladığı plastik sabunqabını çıxardı. Amma sabunqabıda cəmi bir dollar vardı.
Boşalmış sabunqabıya heyrətlə baxan Vivyen onun qapağını örtüb yerinə qoydu. O, sakinlərdən pul yığan zəhlətökən mehmanxana sahibi ilə qarşılaşmadan otaqdan necə çıxacağını təsəvvür etmirdi. Birdən ağlına fikir gəldi. Vivyen otağının pəncərəsini açdı və yanğın nərdivanının metal məhəccərli dar meydançasına hoppandı. Bu, riskli iş olsa da, başqa çıxış yolu yox idi. Həm də qız öz qüvvəsinə inanırdı. O, ətrafa boylandı və sürətlə aşağı enməyə başladı.
Küçədən keçən cütlük pişik çevikliyi ilə nərdivanla enən Vivyeni görmədi. Üçüncü mərtəbənin pəncərəsindən qaraşın bir qadın boylandı, Vivyeni görəndə gözlərini bərəltsə də, ağzını açmadı.
Nərdivan yerdən kifayət qədər hündürdə qurtarırdı. Vivyen çantasını yerə atıb aşağı tullandı.
– Hər şey qaydasındadır! – deyə o, çantasını yerdən götürüb mehmanxananın həyətini küçədən ayıran məhəccərin altından keçdi.
Vivyen yoldan ötənlərə qarışdı və bulvaradək getdi.
Yolayrıcında ala-bəzək toxunma papaqlı, sürtülmüş qəhvəyi pencəkli gənc bir zənci avtobusdan enən turistləri salamlayırdı. O, sözlərini əl-qol hərəkətləri ilə müşayiət edirdi:
– Hollivuda xoş gəlmisiniz! Xoş gəlmisiniz! – gənc qışqırırdı. – Bura gələn hər kəsin öz arzusu var! Sizin arzunuzu bilmək olarmı? Bəs sizinkini? Ey, mister, sizin hansı arzunuz var?
Vivyen bu zəncini tez-tez görürdü. Düzdür, hər gün bulvarda dolaşan, qarşısına çıxan hər kəsi söhbətə tutmağa çalışan zəncinin adını buralarda bilən yox idi. Bu oğlan dinc və daim şən görünürdü, hamıdan hansı arzunun ardınca Hollivuda gəldiyini soruşurdu.
Vivyen işıqforun yaşıl işığını gözləyib iti addımlarla küçəni keçdi. Bir oğlan artıq nəşədən hallandıqları hiss olunan iki yeniyetmə qızın böyründə skeytbordunu saxladı. Bu səhnə Vivyenin gözündən yayınmadı.
– Qızlar, əntiqə mal var! İstəyirsiniz? – deyə müştərini hiss edən oğlan qızları yanladı.
Balaca zərf və üç-dörd dollarlıq əsginas dəyişdirildi. Oğlan qızlara vaxtlarını xoş keçirməyi arzulayıb yerindən götürüldü.
İbarə ilə danışan zənci turistlərin ardınca düşmüşdü. Ensiz fasadlı evin qarşısında nəsə olmuşdu. Adətən, çəkməsilənin əyləşdiyi tində «təcili yardım» və polis maşınları dayanmışdı, uniformalı bir neçə nəfər cansız bədəni dövrəyə almışdı. Tamaşaya yığışanların sayı artırdı.
Bir qadın soruşdu:
– Nə olub?
– Heç, fahişə gəbərib, – kimsə cavab verdi.
Polislərdən biri zəncinin çiynindən yapışıb onu saxladı:
– Müfəttiş Elbertson, – deyə polis özünü təqdim etdi və saymazyana soruşdu:
– Ölən barədə nə deyə bilərsən?
Vivyen həmin anda tinə yetişdi və cavabı eşitdi:
– Mən heç nə bilmirəm, ser, – zənci şübhəli adam kimi dartınır, əl-qol atırdı. – And içə bilərəm. Düz sözümdür, bu qızı tanımıram.
– Bəsdir nağıl danışdın! Biz onu həyətdə, zibil yeşiyində tapdıq. O nə işin sahibi idi?
– Toz üçün işləyirdi. Halı lap pis idi. Kokain üçün işləyirdi. Gecə-gündüz küçədən yığılmırdı, özünü lap ucuz satırdı.
– Bəs sən neyləyirsən? – müfəttiş soruşdu.
Zənci əllərini qaldırdı:
– Mən təmizəm, ser! And içirəm!
– Sən dedin, mən də inandım! – asayiş keşikçisi burnunu çəkdi. Müfəttiş zənciyə bir-iki sual da verməyə hazırlaşırdı ki, tində toplaşanlardan iki nəfər onun diqqətini çəkdi. Polis qışqırdı:
– Ey, siz! Neyləyirsiniz orda?
O, meyitin üzərinə əyilmiş qadınla kişiyə yaxınlaşdı. Qadın dayanmadan fotoaparatını şaqqıldadırdı. Müfəttiş gözünü onlara dikdi:
– Mətbuatdansınız?
Bir anlığa əl saxlayan qadın geri döndü:
– Mətbuatdan deyilik. Orlandodan gəlmişik.
Müfəttiş hirslə həmkarına – ikinci polisə tərəf döndü:
– Ağlagələn iş deyil! Bu turistləri gördün? Meyitin şəklini çəkirlər, görünməmiş şey tapıblar!
İkinci polis sensasiya həvəskarlarını kənara sıxışdırdı. Vivyen isə bu yerdən uzaqlaşmağa tələsdi. Ölən qızı tanıyırdı. Qarşılaşdığı mənzərədən tükləri biz-biz olmuşdu. Tindən təzəcə aralanmışdı ki, meyitin «təcili yardım» maşınına qoyulub aparıldığını gördü.
Vivyen addımlarını sürətləndirdi, küçənin qarşı tərəfinə keçdi və giriş qapısının üstündə neon hərflərlə «Mavi banan klubu» sözləri yazılmış bara daxil oldu. Qapının yanında mopedlər düzülmüşdü, pəncərələrdən gur musiqi səsi gəlirdi. Hiss olunurdu ki, gecə həyatı başlayır.
Ağzına kimi dolu salonu tüstü bürümüşdü, elə bil tülkü boğurdular. Bar Vivyeni səslərin kakofoniyası, sınan şüşənin cingiltisi, şaqqanaqla qarşıladı. Səsgücləndiricilərdən tanış mahnının sədaları yayılırdı:
Bu sərsəm dünyada
Sənə aşiq olmağım
Heç qəribə deyilmiş…
Bir neçə nəfər ortalıqda rəqs edirdi, qalanlar bütün salonboyu uzanan piştaxtaya yapışmışdılar. Vivyen adamları yara-yara özünü yaşlı barmenə yetirdi.
– Xoş gördük, Pope! Təsadüfən bilmirsən, Kit hardadır?
Qoca başı ilə pilləkənə işarə etdi:
– Yuxarıda, bilyard salonunda. Dostları da yanında.
Vivyenin mənzil yoldaşı Kit de Luka masanın arxasında tək deyildi. Kit düzgün biçimli, balaca uşaq kimi hamar üzlü, miniatür və qəşəng qız idi. Vivyen salona qalxanda o, tünd-şabalıdı rəngli gur saçlarını darayırdı. Rəfiqəsinin yaxınlaşdığını görüncə qız qara eynəyini çıxardı.
– Viv! – Kit sevincək ciyildədi. – Xoş gördük, gözəlçə…
Vivyen birbaşa mətləbə keçdi:
– Pul hanı? – deyə o, mənzil yoldaşının sözünü kəsdi. Kit sanki sualı eşitmədi, əl-qol ata-ata yanında oturmuş kişiyə tərəf döndü:
– Karlos, sən Vivyenlə tanışsan…
Sonra o, yanlarında oturmuş yeniyetməni göstərdi. Vivyen bayaq küçədə skeytbord sürən oğlanı tanıdı. Masa arxasında əyləşmiş dördüncü adam isə onlarla eyni peşənin sahibi başqa bir qız idi. Vivyen bu qızı da tanıyırdı.
– Bu da Enceldi, – deyə Kit həmkarını təqdim etdi və yenə nəsə demək istədi, amma Vivyenə baxan kimi xırp səsini kəsdi.
Vivyen hirsindən özündə deyildi.
– Biz tanışıq! Sən de görüm, pulu neyləmisən?
– Karlos azca toz tapmışdı mənimçün, biz də balaca məclis qurduq, – Kit lağlağıya saldı. – Görürsən də, qonaqlarım var…
– Sən bizim pulumuzu bu nəcisə vermisən? – Vivyen dəhşətlə Kitə baxdı. – Ağlın çaşıb sənin!
O, Kiti qamarlayıb masadan qaldırdı və silkələdi. Əllərini qızın yaxasından çəkəndə isə Kit müvazinətini saxlaya bilməyib döşəməyə sərildi və günahkar nəzərlərlə rəfiqəsinə baxdı:
– Başa düş, Viv, mənə təcili doza lazım idi…
– Sənə doza lazım idi, hə də… – Vivyenin sinəsi enib-qalxırdı. – Bəs mənzilin pulunu kim verəcək?
Karlos ayağa qalxıb qızların arasına keçdi.
– Yaxşı, sakit ol, gözəlçə, – o, yumşaq, riyakar səslə dedi.
Karlos əyninə qara köynək, dar şalvar geymiş, başına şlyapa qoymuşdu. İspanlara oxşayan bu yaraşıqlı gənc titrəyən əli ilə ondan yapışan Kiti itələdi, başını bulayıb əlavə etdi:
– O, hələ iki yüz də verməlidir…
– Eeee… Karlos, – Kitin dili ağzında dolaşdı.
Vivyen qəzəblə ona baxdı:
– Hələ iki yüz də?..
– Aha… mən əvvəllər də ondan toz almışdım… – Kit təsdiqlədi.
– Düz deyir. O mənə iki dənə yüzlük borcludur, – Karlos bunu deyib həyasızcasına Vivyeni süzdü. – Yox, əgər sən onun borcunu qaytarmaq istəyirsənsə, razılaşa bilərik.
Vivyenin dodaqlarının necə əyildiyini görən Kit işə qarışmağa tələsdi:
– Yox, yox, təklifinə görə sağ ol, Karlos, biz hələ o yerə gəlib çatmamışıq.
Kit ayağa qalxdı və rəfiqəsinin əlindən dartdı:
– Getdik, balaca, çıxaq burdan. Aşağı düşək.
Amma Vivyen elə bil yerə mıxlanmışdı:
– Sənin borclarını işləyib vermək?.. Başın xarabdı? Siz özünüzü nə hesab edirsiniz?!
Bayaqdan bəri səsini çıxarmadan olanlara qulaq asan Encel birdən hırıldadı. Nəhayət, Kit rəfiqəsini sürüyüb pilləkənin başına qədər apara bilmişdi.
– Sən onda nə görmüsən, Karlos? – deyə Encel qadın alverçisindən, yeri gəlmişkən, həm də keçmiş oynaşından soruşdu.
Karlos baxışları ilə Vivyeni xeyli ötürəndən sonra cavab vermək əvəzinə fınxırdı.
Vivyen isə heç cür sakitləşmək bilmirdi. O, yenidən Kitin üstünə düşdü:
– Mən yatanda pulu çırpışdırmısan? Elə olub, hə?
Kit çiyinlərini çəkdi:
– Sən yox idin. Səndən soruşa bilmədim.
Birinci mərtəbəyə enən kimi Kit bara tərəf getdi.
– Ey, hara? Bəlkə, bəsindi? Çıxaq burdan, – deyə Vivyen onun arxasınca qışqırdı.
Kit başını buladı:
– Mən nəsə yeməliyəm. Həm də unutma ki, o mənzil mənimkidir.
Kit rəfiqəsindən incimirdi, bununla belə, Vivyenə göstərmək istəyirdi ki, onu idarə etməsinə imkan verməyəcək. Kit barın piştaxtasına qoyulmuş boşqabdan üç-dörd şəkərli meyvə götürüb onları salfet kağızının üstünə qoydu.
– Sənsə yaddan çıxarma ki, mən də orada yaşayıram, – Vivyen əsəbi halda cavab verdi.
– Sən bura qara qəpiksiz gəlmişdin. Mənimsə mənzilim, pulum vardı. Sənə babat iş tapdım. Amma neyləyim ki, bu Karlos məni sıxışdırır. Ağzına nəsə atmalı oldum. Tanrı xatirinə, məndən əl çək. Ədalətsizlikdir bu!
Barmen Pope şəkərli meyvələrin bir-birinin ardınca Kitin ağzında necə yoxa çıxdığını qaşqabaqla seyr edirdi. Nəhayət, barmen dözməyib donquldandı:
– Bizdə özünəxidmət deyil.
– Mən səndən əl çəkim? – Vivyen öcəşdi. – Kit, mən indicə ölmüş bir qızın zibil yeşiyindən necə çıxarıldığını gördüm! – O bunu deyib piştaxtanın qarşısındakı kətilə əyləşdi.
Kit söhbəti bitmiş hesab edib getməyə hazırlaşırdı, amma Vivyenin son sözlərini eşidəndə ayaq saxladı, rəfiqəsinə tərəf döndü:
– Bilirəm. Sısqa Meriydi. Onun axırı gəlmişdi. Yediyi də, içdiyi də kokain idi. Bir vaxtlar Dominik çalışdı ki, ona tərgitdirsin, amma bacarmadı!
Piştaxtanın o biri başında hay-küy qopdu – kimlərsə nəyisə bölə bilmirdilər. Kitlə Vivyen bir qədər mübahisəni izlədilər. Az sonra Vivyen yenidən üzünü rəfiqəsinə tutdu:
– Sən bilirsən ki, mən buradan canımı qurtarmaq istəyirəm? – o, sarsıldığını gizlətmirdi. – Sənin heç belə bir istəyin olur?
– Canını qurtarmaq? – Kitin gözləri bərəldi. – Canımızı qurtaranda hara gedəcəyik? Bəlkə, deyəsən? – O, ümidsizliklə əlini yellədi: – Yox e, mümkün deyil.
Doğrudan da, Hollivud bulvarında bədənini satan qızlar öz həyatlarını necə dəyişə bilərdilər?
Onlar küçəyə çıxdılar və bulvardakı daimi «ov» yerlərinə doğru getdilər.
Bulvarda istənilən qədər fahişə var idi, amma gözəlçələrdən hər biri küçənin yalnız özünə aid hissəsində «işləməli», başqasının «ərazisinə» girməməliydi.
Rəfiqələr hələ uzaqdan görmüşdülər ki, onların yeri tutulub. Yayxanaraq ağaca söykənmiş qızı da tanıyırdılar.
Kit hirsli-hirsli «işğalçı»nın üstünə yüyürdü.
– Ey, Reyçel!
Ağ-qara damalı paltarı əndamına kip oturmuş kürənsaçlı fahişə ağacdan həvəssiz aralandı.
– Nədi? Nədənsə narazısınız?
– Aha, düz bilmisən, narazıyıq! – Kit başını tərpətdi. – Sən səkidəki bu ulduzları görürsən? Yoxsa gözlərində problem var?
Reyçel cavab verdi:
– Hə, görürəm.
– Görürsənsə, lap əla! – Kit barmağı ilə dünya məşhurlarının adları həkk olunmuş ulduzlu haşiyələri göstərdi: – Bob Houpdan Rits qardaşlarına, Fred Asterədək, sonra da Ella Fitsceraldadək Vivyenlə bizim ərazimizdir, biz buranı tutmuşuq. Odur ki itil öz küncünə!
– Ah, bağışlayın, – deyə Reyçel saxta nəzakətlə mızıldandı. – Mən heç də burada qışlamağa hazırlaşmırdım.
O, Vivyenə çəpəki nəzər salıb əlavə etdi:
– Yeri gəlmişkən, bu, hələ təzədir…
– Nə olsun? Mən ki köhnəyəm! – Kit balasından ötrü narahat olan dişi pələng kimi hədə dolu nəzərlərlə Reyçelə baxdı və bununla onun gətirdiyi dəlili puça çıxardı. – Qışlamaq üçünsə Ester Uilsonun ulduzunu seç!
Vivyen onun səhvini düzəltdi:
– Ester Uillyams…
– Ester Uillyams, – Kit təkrarladı. – Sənin yerin oradır!
– Yaxşı, özündən çıxma, – Reyçel əzilib-büzüldü. – Sən elə naqqal, elə çərənçi olmusan ki, adam üzünə baxa bilmir! – Qız bunu deyib arxasını onlara çevirdi, ombalarını yellədə-yellədə hündürdabanlarını taqqıldatdı və məğrur yerişlə uzaqlaşdı.
Kit heyrətlə onun dalınca baxdı, qaşlarını çatdı və Vivyendən soruşdu:
– Yəni mən doğrudan çərənçiyəm?
– Doğrudan, – Vivyen cavab verdi, amma rəfiqəsinin pərt olduğunu görüb gülümsədi: – Hərdən…
Kit köksünü ötürdü:
– Ona görə ki mən həmişə acam. Təcili yemək lazımdır. Deyirlər, çərənçilik aclıqdan olur!
Kit susdu, səkinin qırağı ilə yavaş-yavaş gedən maşından bir kişi ona fit çaldı.
– Ey, bacıcan!
Kit maşına yaxınlaşdı:
– Nədi, əzizim? Nəsə lazımdı? – o, fit çalan kişinin yanında daha iki nəfərin olduğunu gördü: bu adamlardan biri maşın sürürdü, digəri arxa oturacaqda əyləşmişdi.
– Gedək, balaca. Mənim ad günümdür. Bu münasibətlə gecə mənimlə havayı yatacaqsan! – deyə sürücünün yanında oturmuş kişi qışqırdı.
– Başın xarab olub, atacan? – Kit irişdi və geri – Vivyenin yanına qayıtdı.
Vivyen kepkasını çıxarıb parikini qaydaya salmağa çalışır, hamar sarı saçlarını sığallayırdı:
– Bu gün buralar dəlixanadır.
– Məncə də elədir, – Kit başını tərpətdi. – Bura bax, bəlkə, biz qadın alverçiləri ilə iş quraq? Karlosun səndən xoşu gəldi.
– Yox bir! O da dərimizə saman təpsin? Qazancımız daha da azalacaq.
– Yenə də sən haqlısan, – Kit burnunu çəkdi və rəfiqələrin azadlığa münasibətini ifadə edən şüarı xatırladı:
– Kiminlə, nə vaxt, neçəyə getməyə özümüz qərar veririk!
Fənər dirəyinə söykənmiş Kit yoldan ötən maşınları baxışları ilə müşayiət edirdi.
Vivyen bir qədər susduqdan sonra soruşdu:
– Necə bilirsən, kənardan həddən artıq abırlı görünmürəm ki?
– Heç də yox. Əntiqə görkəmin var! – deyə Kit rəfiqəsinin parikini düzəltdi. – Erkəklər sənin kimisindən ötrü sinov gedirlər!
Kit ətrafa boylandı. Yaxınlıqda motorun qulaqbatıran nəriltisi və təkərlərin vıyıltısı eşidildi.
– Axmaq! Bu cür maşını sökür!.. Bu ki…
Kit tullana-tullana Haylənd avenyudan Hollivud bulvarına dönən gümüşü «Lotus-Esprit»i görəndə hətta fit çaldı.
– Tələs! – o, Vivyeni qabağa itələdi. – Bax, beləsini məngirləməlisən!
– Dayan, itələmə, – Vivyen çəkinə-çəkinə idman avtomobilini nəzərdən keçirdi və Kitə dedi. – Bu, deyəsən, «Lotus-Esprit»dir axı…
– Bu bizim kirayə pulumuzdur! – Kit hücuma keçdi.
Maşın yaxınlaşdıqca sürətini azaldırdı, nəhayət, o dayandı. Kit «Lotus-Esprit»i gözləri ilə yeyirdi.
– Get, get! – qız tərəddüd keçirən rəfiqəsini bir də itələdi. – Sən bu gün əntiqəsən. Səndən keçə bilməyəcək, hesab elə ki, yüzlük cibindədir! Qurtaran kimi zəng vur! Viv, özündən muğayat ol!
– Sən də! – Vivyen bunu deyib tələsik Kitin yanağını sığalladı, sonra gözəl qaməti və uzun ayaqları yaxşı görünsün deyə qırmızı jaketini soyundu və barmaqları ilə parikini darayıb «Lotus»a tərəf getdi.
Kit onun arxasınca əlini yellədi, qız coşmuşdu.
– İşlə, çalış, balaca! Onu yaxşıca qızışdır, pulunu qazan! Bacaracaqsan! Bircə oyunu korlama!
О проекте
О подписке
Другие проекты
