Mən Endini otuz il ərzində çox yaxından tanımışam və deyə bilərəm ki, həyatımda onun qədər iradəli adama rast gəlməmişəm. Əgər kefi yerindədirsə, hərdən özü barədə bəzi xırda-para şeylər danışa bilər. Yox, qanı nəyə görəsə qaradırsa, heç nə öyrənə bilməyəcəksiniz. Bəlkə də, Endi nə vaxtsa, bir yazıçının dediyi kimi, “qəlbinin qara gecəsi”ni yaşayıb, amma bu barədə o heç vaxt və heç kimə danışmayacaq. Endi o adamlardandır ki, intihar etmək qərarına gələndə vay-şivən salmırlar, vida mərasimi təşkil etmirlər, heç kimə ürəkdağlayan məktublar yazmırlar. Əvəzində kağız-kuğuzlarını səliqəyə salırlar, bütün borclarını ödəyirlər, sonra isə düşündüklərini sakitcə və qətiyyətlə həyata keçirirlər. Məhkəmədə onun işini dolaşdıran da elə bu soyuqqanlılığı olmuşdu. Kaş ki o, azca da olsa, hislərini büruzə verə biləydi; məsələn, əgər Endi danışanda səsi titrəsəydi, birdən hönkürtüylə ağlasaydı, ya da, heç olmasa, dairə prokurorunun üstünə bağırsaydı, sizi inandırıram, bu onun xeyrinə olardı. Heç şübhə etmirəm ki, onu, məsələn, 1954-cü ildə əfv edərdilər. Ancaq o, bütün əhvalatı maşın kimi, hissiyyatsız avtomat kimi danışıb. Sanki andlı iclasçılara deyib:
– Mənim söyləyəcəyim həqiqət budur. Onu qəbul edib-etməmək isə sizin işinizdir.
Andlılar da qəbul etməyiblər.
Endi həmin gecə sərxoş olduğunu, ümumiyyətlə, avqust ayının 24-dən bəri çox içdiyini, bəzən özü üzərində nəzarəti itirdiyini söyləyib. Andlıları buna da inandırmaq çətin olub. Çünki qarşılarında əynində gözəl yun dəst kostyum, boğazında qalstuk olan, özünü əldə saxlamağı bacaran, soyuq və sakit baxışlı bir adam görüblər. Əlbəttə, arvadının əyalət məşqçisi ilə yaşadığı xırda eşq macərasına görə belə bir adamın içib lülqənbər olmasına inanmaq çətin idi. Mənim buna inanmağıma səbəb Endini yaxından tanımaq imkanımın olmasıdır. O andlıların isə belə imkanı yox idi.
Bizim tanış olduğumuz müddət ərzində Endi Düfresn ildə cəmi dörd dəfə spirtli içki sifariş verirdi. O, ad gününə, sonra isə Milad bayramına bir-iki həftə qalmış gəzinti üçün nəzərdə tutulan həyətdə mənə yaxınlaşırdı. Hər dəfə bir şüşə “Cek Deniels” sifariş verirdi. Məhbusların əksəriyyəti kimi o da ürəyindən keçəni həbsxanada qul təki işləməyinin qarşılığında verilən qəpik-quruşa alırdı. 1965-ci ildən əməyimizin dəyəri iyirmi beş faiz artırılsa da, gülünc dərəcədə az idi. Mənim əməyim sifariş edilən malın dəyərinin on faizi qədər qiymətləndirilirdi. Bunu “Blək Cek” kimi yüksəkkeyfiyyətli viskinin qiymətinə əlavə etsəniz, həmin içkidən ildə dörd şüşə almaq üçün həbsxana camaşırxanasında neçə saat qul kimi işləmək lazım olduğunu təsəvvürünüzə gətirə bilərsiniz.
Sentyabrın 20-də, öz ad günündə səhər Endi bir az viski içdi, axşam “yatmaq” siqnalından sonra isə içməyinə davam etdi. Səhərisi şüşəni içində qalanla birlikdə mənə verib dedi ki, öz uşaqlarımız arasında bölüm. Milad bayramında içdiyini də, Yeni il üçün sifariş etdiyini də, o biri – dördüncü şüşəni də yarıdolu mənə qaytarıb eyni təlimatı verdi. İldə dörd dəfə. Bu, əvvəllər dayanmadan vuran və içkili vəziyyətdə çox pis bir işə düşən həmin adam idi! Endinin başına gələn isə, həqiqətən, olduqca pis iş idi.
Endi andlılara bildirib ki, sentyabrın 10-dan 11-nə keçən gecə çox sərxoş olub və baş verənləri qırıq-qırıq xatırlayır. O, hələ səhərdən, Linda ilə dalaşmamışdan qabaq içməyə başlayıb. Arvadı Kventinlə görüşə yollananda ona mane olmaq qərarına gəlib. Yolüstü bir-iki qədəh gillətmək üçün kluba girib. Barın sahibinə səhər qəzetləri barədə nəsə dediyini, ümumiyyətlə, onunla söhbət edib-etmədiyini xatırlamır. Mağazada isə salfet yox, pivə aldığını xatırlayır.
– Axı salfet mənim nəyimə lazım idi? ‒ Endi sual verib.
Qəzetlərdən birində bu vaxt andlılardan üç xanımın diksindiyi yazılmışdı.
Sonralar, çox-çox sonralar Endi bu lənətə gəlmiş salfet kağızları barədə danışan satıcı haqda öz mülahizələrini mənimlə bölüşdü. Mənə də elə gəlir ki, hər şey məhz belə olmuşdu.
– İttihamçının konsepsiyasına əsaslanaraq fərz edək ki, ‒ Endi həbsxana həyətində gəzişəndə deyirdi, ‒ onlar gecə mənə pivə satan oğlanı öz sualları ilə bezdiriblər. Onun məni gördüyü vaxtdan üç gün keçib. Bütün qəzetlərin birinci səhifələri mənim işimə həsr olunub, hamı ancaq bu barədə danışır. Beş-altı polis isə, üstəgəl müstəntiq, üstəgəl prokuror yazığın üstünə düşüblər. Red, yaddaş çox namərd bir şeydir. Onlar belə bir sualdan başlaya bilərdilər: “Bəlkə, müttəhim sizdən salfet alıb?” Sonra isə eyni sualı dönə-dönə təkrar edə bilərdilər. Əgər bir xeyli adam sənin nəyisə yadına salmağını istəyirsə, çox güman ki, əvvəl-axır “yadına” salacaqsan.
Mən Endi ilə razılaşıb dedim ki, belə hal tamamilə mümkündür. Endi davam etdi:
– Şüura güclü təsir edən bir şey də var. Məhz buna görə mən belə düşünürəm ki, satıcı dediklərinin həqiqət olduğuna özünü inandırıb. Söhbət şöhrətdən gedir, Red. Təsəvvürünə gətir ki, müxbirlər bu cavan oğlana suallar verirlər, bütün qəzetlərdə onun şəkilləri çıxır… və nəhayət, o, məhkəmədə çıxış edir. Düşünürəm ki, o, “yalan detektoru”ndan keçirilsəydi, əgər keçirilməyibsə, yaxud anasının canına and içməli olsaydı, əgər içməyibsə, yenə belə deyərdi. Təsdiq edərdi ki, mən həmin salfet kağızlarını almışam. Həqiqətən də… yaddaş yaman namərd şeydir. Bircə şeyi bilirəm: mənim vəkilim söylədiklərimin yarısını uydurduğumu düşünsə də, salfet məsələsini fikirləşmədən inkar edirdi. Həqiqətən də, bu məsələdə bir uyğunsuzluq yaratmışdılar. Mən lülqənbər kefli idim. O dərəcə sərxoş idim ki, atəş səsini boğmaq barədə düşünə bilməzdim. Əgər mən atəş açmışdımsa, artıq heç nə barədə düşünməzdim, – Endi belə deyirdi.
O, maşını döngədə saxlayıb pivə içir, siqaret çəkir və gözləyirmiş. Kventinin mənzilinin pəncərələrindən süzülən işığa baxırmış. Pillələrlə bir qaraltının yuxarı qalxdığını, sonra aşağı düşdüyünü görüb. Və qaranlıq çöküb. Endi deyirdi ki, sonra baş verənləri yalnız təxmin edə bilər.
‒ Mister Düfresn, sonra siz mister Kventinin evinin pilləkəni ilə onu və arvadınızı öldürmək üçün qalxmadınızmı? ‒ müdafiəçi soruşub.
‒ Yox, belə şey olmayıb, ‒ Endi cavab verib. O haradasa gecəyarısına yaxın ayılmağa başladığını söyləyib. Dəhşətli başağrısı və bərk sərxoşluqdan sonra yaranan bütün əlamətləri hiss etməyə başlayıb. Evə gedib yatmağı və bütün işləri barədə səhər, ayıqbaşına fikirləşməyi qərara alıb.
‒ Evə gedən zaman yolda ağlıma gəldi ki, yaxşısı budur, özümə əzab verməyim və arvadımla boşanmağa razılaşım, ‒ Endi sözünü yekunlaşdırıb.
Prokuror yerindən hoppandı:
‒ Deməli, belə. Arvadınızla boşanmaq üçün yaxşı yol seçmisiniz, elə deyilmi? Siz onunla lüləsinə salfet doladığınız otuz səkkiz çaplı tapançanın köməyi ilə ayrılmısınız, düzdür?
‒ Xeyr, ser, belə şey olmayıb, ‒ Endi sakitcə cavab verib.
‒ Sonra da onun sevgilisini güllələmisiniz.
‒ Xeyr, ser.
‒ Demək istəyirsiniz ki, birinci Kventin payını alıb?
‒ Mən demək istəyirəm ki, onlardan heç birinə əsla güllə atmamışam. Mən iki şüşə pivə içmişəm və polisin kötüklərini tapdığı bütün o siqaretləri çəkmişəm. Sonra evə gedib yıxılıb yatmışam.
‒ Siz andlı iclasçılara dediniz ki, avqustun 24-dən sentyabrın 10-a kimi özünüzü öldürmək istəmisiniz?
‒ Bəli, ser.
‒ Hətta bunun üçün tapança da almısınız.
‒ Bəli.
‒ Mister Düfresn, cizə desəm ki, məndə heç də özünü öldürmək istəyən adam təəssüratı yaratmırsınız, buna necə baxarsınız?
‒ Nə olar ki, ‒ Endi cavab verib. ‒ Sizsə məndə kifayət qədər ağıllı və uzaqgörən adam təəssüratı yaratmırsınız. Mən, həqiqətən, özümü öldürmək həddinə çatmışdım, sizin bu barədə nə düşündüyünüz isə öz işinizdir.
Zalda yüngülcə səs-küy qalxıb. Andlı iclasçılar öz aralarında pıçıldaşıblar.
‒ Həmin o sentyabr axşamı tapançanızı özünüzlə götürmüşdünüz?
‒ Xeyr, axı mən demişdim…
‒ Hə, doğrudan da! ‒ prokuror kinayə ilə güldü. ‒ Siz onu çaya atmışdınız, elə deyilmi? Royal Riverə. Sentyabrın 9-da, səhər.
‒ Bəli, ser.
‒ Qətldən bir gün əvvəl.
‒ Bəli, ser.
‒ İnandırıcıdır, elə deyil?
‒ İnandırıcı olub-olmadığını bilmirəm, ser. Bu, həqiqətdir, vəssalam.
‒ Deyəsən, siz leytenant Minçerin ifadəsini eşitmisiniz?
Minçer çayın Pond Roud körpüsünə yaxın ətraf ərazisini yoxlamış qrupun rəhbəri idi. Endi tapançanı çaya həmin körpüdən atmışdı. Suyun dibində aparılan axtarışlar nəticə verməmişdi.
‒ Bəli, ser. Eşitmişəm.
‒ Onların üç gün apardıqları axtarışlar nəticəsində heç nə tapmadıqlarını eşitmisiniz? Axı, deyəsən, bu da inandırıcı səslənir.
‒ Ola bilər. Onların heç nə tapmadıqları faktdır, ‒ Endi sakit tərzdə cavab verib. ‒ Ancaq mən nəzərinizə çatdırmaq istərdim ki, Pond Roud körpüsü çayın Yarmut körfəzinə töküldüyü yerə çox yaxın yerləşir. Orada axın olduqca güclüdür və tapançanı körfəzə apara bilərdi.
‒ Və əlbəttə ki, arvadınızla mister Kventinin qanlı bədənlərindən çıxarılan güllələrlə sizin tapançanızın heç bir əlaqəsi yoxdur. Bu belədir, mister Düfresn?
‒ Bəli, ser.
‒ Bu, inandırıcı görünməlidir?
Qəzetlərin yazdığı kimi, bu vaxt Endinin bütün məhkəmə prosesi boyu yol verdiyi nadir emosional reaksiyalardan birini izləmək olardı. Onun dodaqlarından güclə sezilə biləcək istehzalı gülüş keçib.
‒ Ser, mən bu cinayətdə təqsirli olmadığım və tapançanı qətldən bir gün əvvəl çaya atdığım haqda dediklərim həqiqət olduğu üçün onun indiyə qədər tapılmamağında təəccüblü heç nə yoxdur.
Prokuror iki gün ərzində Endini sıxma-boğmaya salmışdı. O elə hey satıcının salfet barədə verdiyi ifadələri oxuyub dururdu. Endi bu salfetləri aldığını xatırlamadığını, eyni zamanda onları almadığına and da içə bilməyəcəyini söyləyirdi.
1947-ci ilin əvvəllərində Endi və Linda Düfresnlərin həyatlarını iri məbləğə sığortaladıqları düzdürmü? Bəli, elədir. Elə isə arvadının qətlindən sonra Endinin əlli min dollar almalı olduğu doğrudurmu? Doğrudur. Belə olan halda onun sevgililəri öldürmək məqsədilə Kventinin evinə gedib, həqiqətən də, hər ikisini öldürməsi doğrudurmu? Xeyr, bu, doğru deyil. Onda Endi baş vermiş hadisə barədə, polisin heç bir qarət izi aşkar etməməsini nəzərə alsaq, nə düşünür?
‒ Mən bunu deyə bilmərəm, ser, ‒ Endi cavab verib.
Məhkəmə gündüz saat birdə məşvərət üçün zalı tərk edib. Andlı iclasçılar dördün yarısı qayıdıblar. Pristav onların tez qayıdacaqlarını desə də, andlılar dövlət hesabına “Bentli” restoranında açılan gözəl nahar süfrəsinə qatıldıqlarından gecikiblər. Onlar mister Düfresni günahkar elan ediblər və əgər Meyndə ölüm hökmü olsaydı, Endi bu ecazkar dünyanı hələ ilk novruzgülləri açmamış tərk edərdi.
О проекте
О подписке
Другие проекты
