Polad dilləndi:
− Daha planını gizlədə bilməzsən. Özüm anladım. Deməli, şaftalımızın çərdəyini əkəcəyik.
− Elədir ki var. Çərdəyi yumşaq bir yerdə əkərik. Bir neçə ildən sonra bizim də şaftalı ağacımız olar. Özün yaxşı bilirsən ki, nə üçün başqa yerdə əkirik.
− Əlbəttə, bilirəm; təpənin başında, damların arasında şaftalı ağacı bitməz. Hər şeydən əvvəl yumşaq torpaq, çoxlu su lazımdır ki, ağac əmələ gəlsin.
Sahibəli zarafatla:
− Daha çərənləmə, tez elə, mən gedim bağın o başına, görüm bağban qayıtmayıb ki? − dedi.
Bağban şəhərdən hələ qayıtmamışdı. Poladla Sahibəli bağın xəlvət bir bucağında torpağı qazıb məni basdırdılar. Sonra əllərini üstümdəki torpağa çəkib getdilər.
Qaranlıq və rütubətli torpaq məni ağuşuna alıb sıxdı. Əlbəttə, mən hələ cücərə bilməzdim. Cücərmək üçün hər şeydən əvvəl müəyyən qədər vaxt gərək idi. Bir neçə vaxtdan sonra torpağın altına keçməkdə olan soyuqdan artıq qışın gəldiyini və yerin üstünü qar örtdüyünü anladım. Torpaq mənim yaxınlığıma qədər donmuşdu. Ancaq torpağın altında donmamaq, üşüməmək üçün kifayət qədər istilik var idi.
Beləliklə, mən hərəkətdən və qaynardan düşdüm, torpağın altında xoş və şirin yuxuya getdim ki, yazda daha hazırlıqlı və daha qüvvətli ayılım, cücərim, torpaqdan çıxıb Polad və Sahibəli üçün çoxmeyvəli ağac olum. Elə ağac ki, onun şaftalıları mənə baxanda öz gözəlliyindən utanan qızların qızarmış yanağına oxşasın, sulu və iri olsun. Qışda gördüyüm yuxulardan yadımda bir şey qalmayıb. Ancaq o yadımdadır ki, bir dəfə yuxuda gördüm, yekə ağac olmuşam. Polad və Sahibəli mənə dırmaşıb budaqlarımı silkələyirlər. Ağacın ətrafına toplaşan çılpaq kəndli uşaqları yerə tökülən şaftalıları götürüb ləzzətlə yeyirlər. Ağızlarının suyu sinələrinə tökülür, çılpaq qarınlarını və hətta göbəklərini də isladır. Bir keçəlbaş uşaq Poladı səsləyib soruşdu:
− Polad, heç demədin yediyimizin adı nədir? Axı mən istəyirəm evə dönəndə nə yediyimi anama söyləyim. Özü də çox yeməyimə baxmayaraq, doymamışam.
Dövrəmdə lap balaca iki uşaq da vardı. Onların əynində heç nə yox idi. Ətraflarında uçan milçəklər üz-gözlərinə, ağız-burunlarına qonurdu. Uşaqlar əllərinə hərəsi yekə bir şaftalı götürüb ləzzətlə dişdəm vurur, bəh-bəhlə yeyirdilər.
Bax bu, gördüyüm yuxulardan biri idi. Lap son dəfə badamgülünü yuxuda gördüm. Bihuş halda uzanmışdım. Bu an xəfif bir səs ucaldı. Səslə birlikdə mənə çox tanış olan ətrin torpağın altına daxil olduğunu hiss etdim. Səs dedi:
− Badamgülü, ətrini göyçək şaftalının üzünə sürt. Əgər yenə də ayılmasa, əllərini üzündə, bədənində gəzdir ki, gülün qoxusunu yaxşı duysun. Bacardıqca tez ayılt. Çünki cücərmək, böyümək vaxtıdır. Axı bütün çərdəklər cücərməyə başlayıb.
Badamgülünün üzümə və canıma toxunan ətri o qədər xoş idi ki, həmişə bihuş qalmaq istəyirdim. Amma olmadı. Ayıldım. Özümü yenə də bihuşluğa vurmaq istəyirdim ki, badamgülü dedi:
− Daha naz eləmə. Sən öz bətnində diri toxum saxlamısan və belə qərara gəlmisən ki, cücərəsən, böyük ağac olasan, meyvə gətirəsən. Elə deyilmi?
Badamgülü gözəl gəlinlərə bənzəyirdi. Elə bil təmiz və ağappaq qardan paltar geymişdi, dodaqlarına da gül ətri sürtmüşdü. Əlbəttə, mən hələ qar görməmişdim. Onun haqqında şaftalı olanda anamdan eşitmişdim. Badamgülünün məndən qabaq kiminlə həmsöhbət olduğunu, yanıma kim tərəfindən göndərildiyini öyrənmək istəyirdim ki, qollarını boynuma doladı, üzümdən öpüb gülə-gülə dedi:
− Nə iri vücudun var! Qollarımın arasına da sığışmırsan. − Sonra əlavə etdi: − Bahar da burada idi. Dedi ki, cücərmək, böyümək vaxtıdır.
Baharın adını eşidən kimi elə bil yuxuda idim, ayıldım. Fikirləşdim ki, bahar gəlib-gedib, mən isə hələ də qabığımı partlatmamışam.
Pərişan halda yuxudan ayılıb dik atıldım.
İki gündən sonra Günəşin çıxmasına tamaşa etməyi qərara almışdım. Canımdan yeni bir rişə çıxıb irəliyə sürünərək uzanırdı.
Çoxlu su içmişdim. Ona görə də şişdim. Qabığım partladı. Bu zaman milə oxşayan rişəmi partlamış qabığımdan kənara uzatdım və torpağa daxil etdim ki, böyük köküm olsun, üzərində dayanıb böyüyə bilim. Sonra cücərtimi özümdən kənara göndərib dedim ki, başını əysin, üzüyuxarı qalxıb torpağı yarsın və gedib Günəşi tapsın.
Boğulmamaq üçün hava da yığmışdım. Bayırın istisi də torpağın altına süzülürdü. Bu zaman artıq öz içərimdə inkişaf edib varlığımı dəyişərək başqa bir şeyə çevrilmişdim. Ağac olmaq üçün böyüməli, çox iş görməli idim…
Qoz boyda bir daş qarşımı kəsərək yuxarı qalxmağa imkan vermirdi. Onu deşib keçə bilməyəcəkdim. Bunu yəqin etdikdən sonra dövrə vurub yanından ötdüm və yuxarı qalxdım. Yuxarı qalxdıqca Günəşin hərarətini daha çox hiss edir və ona doğru can atırdım. Yer üzərinə çıxmış otların kökləri arasında hərəkət edirdim.
Nəhayət, başımın üzərindəki nazik torpaq qatını partlatdım. Məni qarşılamağa çıxan hərarəti, işığı gördüm. Artıq mən torpağın üzərinə çıxmışdım. Elə bir torpağın ki, anamın və həyatda olan bütün canlıların anasıdır.
Başdan-ayağa ağ çiçəyə bürünmüş badam ağacı Günəşin işıqları altında parıldayırdı. Onun görkəmi məni valeh etdi, sevindirdi. Salam verdim. Badam ağacı dərhal dilləndi:
− Salam, mənim ayüzlüm! Bu dünyaya xoş gəlmisən!
Polad ilə Sahibəli sorağıma gələndə yaşıl yarpağım vardı… Onlar məni görcək sevindilər. Hər ikisi birlikdə: "Bu ağac bizim öz ağacımızdır", − dedi. Arxdan ovuc-ovuc su gətirib mənim dibimə tökdülər. Sonra çıxıb getdilər…
Yay girəndə boyum bir xeyli uzanmışdı. Budaqlarım isə hələ yox idi. Polad ilə Sahibəli tez-tez yanıma gəlirdilər. Yanımda xeyli oturub mənim gələcəyimdən, özlərinin planlarından danışırdılar. Bir gün başını çomaqla əzib öldürdükləri qırmızımtıl, parıldayan bir ilanı mənim yarım metrliyimdə qazdıqları torpağa basdırdılar.
Polad əllərini ovuşdura-ovuşdura dedi:
− Əcəb kefi kök olacaq!
Sahibəli isə:
− Bilirsən, − dedi, − bu ilan ölüsü çoxlu gübrəyə, peyinə bərabərdir.
Polad dedi:
− Belə güman edirəm ki, gələn il bunun nübarını yeyə bilərik.
− Nə bilim… Bizim ki bu vaxta qədər ağacımız olmayıb.
− Mən eşitmişəm ki, şaftalı ağacları, adətən, tez bar verir.
Polad düz deyirdi. Mən özüm də bunu bilirdim. Anam iki illiyində iki şaftalı yetirmişdi. Fikirləşirdim, görəsən, şaftalılarım böyüyəndən sonra nə şəklə düşəcəyəm. Tezliklə bar gətirmək, şaftalılarımın canımdakı şirəni sormalarını görmək istəyirdim. İstəyirdim ki, şaftalılarım ağırlıq salıb budaqlarımı əysin; o qədər əysinlər ki, başları yerə dəysin.
Payız gəldi. Hava soyuduqca yuxulamaq istəyirdim. Nəhayət, qar yağdı, yer buz bağladı. Mən tamam yuxuya getdim. Poladla Sahibəli gövdəmi küləş və cır-cındırla sarımışdılar. Axı qabığım hələ lətif və zərif idi, şaxtalı qış günlərində dovşanların ləzzətli yemi ola bilərdim.
Yaz gələn kimi əvvəlcə rişələrim özlərinə gəldi. Budaqlarım da aldığı şirədən ayılıb canlanmağa başladı. Kiçik budaqlarımın arasında xırda yarpaqlar düzəldirdim. Cəmi üç qönçəm qalmışdı. Üç gül açdım. Lakin arada hiss etdim ki, bunların üçünü də şaftalı edə bilməyəcəyəm. Güllərimdən biri lap ilk çağlarımda solub düşdü. İkincisini çağala eləmişdim. Amma ona qida çatdıra bilmədiyim üçün soluxdu və külək vurub yerə saldı. Bu zaman bütün qüvvəmi toplayıb misli-bərabəri olmayan elə bir şaftalı yetirmək fikrinə düşdüm ki, görənin gözləri kəlləsinə çıxsın, hər kəs yesə, ömründə dilinə başqa meyvə vurmasın!
Gül açandan xeyli sonra onların yarpaqlarını tökdüm və başladım gül kasacığımın içərisindəki yeganə meyvəmə yem verib yetişdirməyə. O vaxta qədər ki, gül kasacığım pardaqlandı. O, budağımın lap ucunda yerləşmişdi. Elə buna görə də badam çağalası boyda olanda məni əyməyə başladı. Narahatlığım artdı, düşündüm ki, ürəyimdən olan şaftalı yetişdirəsi olsam, belim ya əyilər, ya sınar. Lakin bütün çətinliklərə baxmayaraq, şaftalımı yetişdirməkdən əl çəkmirdim. Hətta düzünü bilmək istəsəniz, gələcəkdə onların sayını minə çatdırmaq qərarına gəlmişdim. Elə buna görə də ilk cəhddən və ilk şaftalıdan başlayaraq özümü bərkə-boşa salıb sınamaq istəyirdim. Uşaqların yaxınlığımda basdırdıqları ilan ölüsü çürüyüb ətrafımdakı torpağı qüvvətləndirmişdi.
Bu qüvvənin nəticəsi idi ki, budaqlarım və çoxlu yarpaqlarım olmuşdu.
Son günlər Sahibəli ilə Polad yanıma çox az-az gəlirdilər. Yəqin ki, ataları ilə biçinə və yaxud da xırmana gedirdilər. Nəhayət, bir gün mənə baş çəkməyə gəldilər. Ağaclarını dibimə basdırıb məni ona sarıdılar. Deyəsən, elə həmin gün də Poladla Sahibəli bir-biri ilə pıçıldaşdılar:
− Sahibəli!
− Hə, de!
− Deyirəm, birdən bu bağban basdırdığımız ağacı tapar, ha?
− Tapsa nə olar ki? − deyə Sahibəli cavab verdi.
Polad heç nə demədi. Sahibəli yenə sözünə davam etdi:
− Tapsa da, bir qələt eləyə bilməz. Ağacı özümüz əkib-becərmişik, meyvəsi də özümüzünküdür.
Fikrə getmiş Polad dilləndi:
− Torpaq ki bizim deyil?!
− Yenə də heç bir qələt edə bilməz. Torpaq onu əkənindir. Ağac əkdiyimiz bu bir tikə yer bizimkidir.
Polad cürətləndi:
− Əlbəttə, öz malımızdır. Əgər bir qələt eləyərsə, bütün bağa od vurarıq!
Sahibəli yumruğunu Günəşdən yanmış açıq sinəsinə vurdu:
− Özüm ölüm, − dedi − qoymaram heç canına isti keçsin… Od vurub qaçarıq.
İnanın ki, əgər həmin gün Polad və Sahibəli dibimə paya basdırmasaydılar, gecə qırılacaqdım. Bərk külək qalxdı. Ağacların budaqlarını və yarpaqlarını bir-birinə qatdı. Sübh tezdən gördüm ki, badam ağacının bir neçə budağı qırılıb.
Günlər bir-birinin ardınca ötürdü. Mən bütün qüvvəmlə şaftalı böyüdür, Günəşə sarı tuturdum ki, yanaqlarını qızartsın. İsti ətinə-qanına işləsin. Qızım canımı möhkəm sorurdu. Bundan bəzən ağrısam da, incimirdim. Axı artıq mən özüm də ana idim, göyçək qızım vardı…
Sahibəli ilə Poladın başı mənə qarışdığından başqa ağacları unutmuşdular. Mən özümü onların malı hesab edirdim. Yetişdikdən sonra şaftalımı ancaq onlar dərib yeməliydilər. Necə ki bir zaman onlar mənim özümü yemişdilər.
Payızın əvvəllərində bir gün Polad təkcə və qəmgin halda yanıma gəldi. İlk dəfə idi ki, onu yalqız görürdüm. Polad mənə su verdi, sonra üzünü mənə və şaftalıma tutub ahəstə-ahəstə dedi:
− Şaftalı ağacım! Mənim qəşəng şaftalım! Bilirsiniz nə olub? Heç bilirsiniz bu gün niyə təkəm? Görürəm ki, bilmirsiniz. Sahibəlini ilan çaldı, öldü!.. Muncuq nənə bütün gecəni onun başının üstünü kəsdirib oturdu. Onun da əlindən bir iş gəlmədi. Dediyi bütün dərmanları Sahibəlinin atası ilə birlikdə gedib çöldən, dağdan, dərədən yığıb gətirdik. Sağalmadı ki, sağalmadı. Eh, yazıq Sahibəli!.. Axı niyə məni tək qoyub getdin?!
Polad xeyli ağladı. Nəhayət, yenə dilləndi:
− Bir neçə gün əvvəl nahar çağı çöldən qayıdanda təpənin başında rastlaşdıq. Keçənilki kimi sənin dibində basdırmaq üçün yenə də ilan tutmaq istədik. Fikirləşdik ki, bu sənə yeni qüvvə verər. İlanlar dərəsinə düşdük. Elə bil onlar yoxa çıxmışdılar. Dərənin yaxınlığındakı qayalıqlarda, daşlıqlarda dolaşdıq. Onların daşlar arasında yuvaları var. Canlarına isti təsir edən kimi yuvadan çıxırlar. Bizim qonşuların, elə Sahibəlinin xalası oğlunun da torpaqları ilanlar dərəsindədir. Burada həmişə ilanların fışqırıq səsi eşidilir. Sahibəli ilə mən dağın ətəyində daşların arasına nəzər salır, çubuqlarımızı deşiklərə uzadırdıq ki, sənə kök ilan tapaq. Şalvardan başqa əynimizdə heç nə yox idi. Günəşin hərarəti kürəklərimizi elə qızdırmışdı ki, yumurta qoysaydın, bişərdi. Bu daşın üstündən o biri daşın üstünə hoppanırdıq. Birdən Sahibəlinin ayağı sürüşdü, arxası üstə yıxıldı. Elə bu an onun tükürpədici çığırtısı bütün dərəyə yayıldı. Sahibəli ilanın çənbər qurub dayandığı daşın üstünə yıxılmışdı. Sahibəli bir də çığırıb dərəyə yuvarlandı. Mən ilana fürsət verməyib başına bir zərbə endirdim. Sonra qarnını, başını ağaca doladım.
Sahibəli huşsuz halda uzanıb qalmışdı, səs-səmiri çıxmırdı. Əlindəki ağac harasa düşmüşdü. İlanın çaldığı yer qızarmışdı. İlan onun ayağını və ya qolunu sancmış olsaydı, nə edəcəyimi bilərdim. Amma elə yerindən çalmışdı ki, çarə etməkdə aciz idim. Naçar qalıb Sahibəlini dalıma aldım və kəndə gətirdim. Muncuq nənə qəbiristanlıqda anama demişdi ki, Sahibəlini onun yanına tez çatdırsaydılar, ölməzdi. Axı mən onu necə çatdıra bilərdim? Şaftalı ağacı, sən də hamıdan yaxşı bilirsən ki, Sahibəli məndən nə qədər canlı idi…
Polad yenə də ağlamağa başladı. Sahibəli ilə Poladı necə çox istədiyimi indi hiss etdim. Sahibəlini bir daha görə bilməyəcəyimi yəqin edəndə az qaldım sarsılam, yarpaqlarımı töküb həmişəlik quruyam.
Polad bir xeyli ağladı, sonra:
− Mən daha kənddə qala bilmərəm, − dedi, − hara gedirəmsə, Sahibəli gəlib gözlərimin önündə durur, qüssələnəcəyəm. Dağa gedəndə də, keçimi otaranda da, itlərin başını sığallayanda da, çöldə uşaqlarla çəyirtkə tutanda da, ot biçəndə də, damların üstünə çıxanda da Sahibəli gözlərim önündə canlanır. Elə bil həmişə "Polad!" − deyə məni səsləyir. Şaftalı ağacı, mən bu səslərə dözə bilmirəm. İstəyirəm şəhərə − dayımın yanına gedim. Daha kənddə qala bilmirəm. Şaftalı ağacı, mən getdim… Qoy şaftalın da özünə qalsın!
Elə ki gördüm Polad durub getməyə hazırlaşır, şaftalımı onun qarşısına saldım. O, şaftalımı götürüb qoxuladı; toz-torpağını sildi, başdan-ayağa süzüb ovuclarında əzizlədikdən sonra yerə qoyub getdi…
Bildim ki, dostu Sahibəlidən ayrı yeməyə ürəyi gəlmir.
O biri il yaxşı boy atmışdım. Gövdəmin hər tərəfində çoxlu budaq və yarpaqlar bitmişdi. İyirmi-otuzacan gül açmışdım. Artıq bağın hər tərəfini görə bilirdim. Bir gün bağban mənim baş qaldırdığımı gördü. Sevincindən bilmirdi nə etsin. Rəngimdən, yarpaqlarımdan və güllərimdən hansı toxumdan olduğumu bildi; heç bir zəhmət çəkmədən bağında yaxşı bir şaftalı ağacı bitmişdi.
Belə nanəcib bir bağbanın əlinə düşdüyüm üçün çox narahat idim; çünki o, pulgir, nankor bir zalıma nökərçilik edirdi, pul xatirinə kəndin camaatını özünə düşmən etmişdi.
Şaftalılarımın kimə qismət olacağını bildikdə özümdən acığım gəldi. Məni Polad ilə Sahibəli əkib böyütmüşdü, şaftalını da onlar yeməli idilər. Ağlıma, ürəyimə, bütün varlığıma hakim olan bu fikirlərdən sonra başladım meyvələrimi tökməyə. Bağban o zaman xəbər tutdu ki, artıq bir dənə də şaftalım qalmamışdı. O elə bildi ki, yerim pisdir. Buna görə də bu sözləri mənə eşitdirdi:
− Gələn il yerini dəyişəcəyəm. Yaxşı su içərsən, iri və gözəl şaftalılar gətirərsən.
Üzümüzə gələn ilin yazında rişələrimi ayıltdıqda gördüm ki, onlardan bəziləri tamam quruyub, bəziləri isə kəsilib. Əlbəttə, sağlam rişələrim də çox idi, onları rütubətli torpağın köksünə uzatmağa başladım. Sonra yeni rişələr əmələ gətirib ətrafa yaydım. Bu zaman ayılmaq, yarpaq və gül açmaq fikrinə düşdüm və ana oldum.
O vaxtdan indiyəcən ömrümdən neçə il keçdiyini bilmirəm. Ancaq bağban mənim şaftalılarımdan bircə dənə də olsun nübar edə bilməyib, bundan sonra da eləyə bilməyəcək. İstəyir qorxutsun, ya da doğrayıb yandırsın. Ona boyun əyməyəcəyəm.
Yay, 1968-ci il.
О проекте
О подписке
Другие проекты
