Karfagenin nizami ordusu yox idi. Zərurət olanda karfagenlilər külli miqdarda pul xərcləyərək çağırışçı və muzdlulardan ibarət ordu yaradırdılar. Karfagenin təxminən 2500 silahlı vətəndaşdan ibarət Müqəddəs dəstəsi vardı. Bu silahlı dəstə daimi olsa da, böyük ehtimalla dövrümüzdəki polis rolunu oynayırdı. Müharibələr zamanı isə Müqəddəs dəstə ordu ilə birgə hərəkətə keçirdi. Məsələn, M.ö. 341–311-ci illərdə Siciliya döyüşündə olduğu kimi…
Ehtimal edilir ki, zərurət yarandıqda çağırışçı və muzdlulardan ibarət ordu elə Müqəddəs dəstənin əsasında yaradılırdı. Məsələn, Appian xəbər verir ki, Karfagendə 24 min piyada əsgər üçün kazarmalar və 4 min atla 300 fil üçün tövlələr tikilmişdi.
Karfagenlilər muzdlulardan istifadəyə xüsusi önəm verirdilər. Belə ki, Yunanıstanla Romadan fərqli olaraq Karfagendə kiçik fermerlər az idi və onlar ordunu lazımi sayda döyüşçülərlə təmin edə bilməzdilər. Torpaqların böyük hissəsi zadəganların əlində idi ki, onlar da ordunun cins atlarla təminatını üzərlərinə götürürdülər. Karfagenin sərəncamında xeyli afrikalı təbəə vardı. Sonralar ispan təbəəsi və müttəfiqləri, digər Karfagen şəhər və kəndlərinin sakinləri də ordu sıralarına cəlb edilməyə başlandı.
Bəs ayrı-ayrı zamanlarda Karfagen ordusunun nə qədər döyüşçüsü olub? Məsələn, M.ö. 255-ci ildə Baqradas çayının vadisində baş verən döyüşdə Karfagenin tərəfində 12 min piyada döyüşçü vuruşub. Sonralar Haminkar İspaniyaya gedəndə onun 17 minlik piyada əsgəri vardı. Həmin əsgərlərin əksəriyyəti muzdlular idi. Yaxud, Hannibal özü İtaliyaya yürüş etməzdən öncə 11 min karfagenli piyada əsgəri Hasdrubala kömək məqsədi ilə qoyub və 20 min piyada ilə Alp dağlarından keçib.
Karfagen ordusunun tərkibində liviyalı ağır silahlı və yüngül silahlı piyadalar vardı. Ağır piyada döyüşçü nizə və qalxanla silahlanmışdı, bundan başqa, zirehli libas geyinirdi. Yüngül piyadanın da nizəsi və balaca yumru qalxanı vardı, lakin yaraq-əsləhəsi yox idi.
Karfagenin mavrlardan ibarət yüngül silahlı piyadalarının olduğu məlumdur.
Bundan başqa, karfagenlilər oxatan dəstələri də yaratmışdılar. Əlimizdə Hannibalın İtaliya yürüşləri zamanı həmin dəstələrdən faydalandığı barədə heç bir məlumat yoxdur. Yəqin ki, onun ordusunda uzaq məsafəyə silah atan yeganə döyüşçülər sapandatanlar idi. Bu döyüşçülərin hər birinin iki sapandı vardı. Biri uzaq, digəri yaxın məsafəyə atmaq üçün nəzərdə tutulmuşdu.
Karfagen ordusunda həmçinin atıcı maşınlar da vardı. Publi Ssipion (oğul) Yeni Karfageni işğal edərkən 120 böyük katapult6, 281 kiçik katapult, eləcə də digər hərbi qurğular ələ keçirmişdi. İkinci Pun müharibəsinin sonunda isə romalılar karfagenlilərdən 2 min atıcı maşını hərbi qənimət kimi götürmüşdülər.
Karfagen süvari dəstəsi isə zadəganlardan təşkil edilirdi. Onlar bahalı atlara və güclü silahlara malik idilər. Karfagendə süvari dəstələr daha erkən yaradılıb. Yəqin ki, bu, tarlaları numidiyalılardan qorumaq zərurətindən irəli gəlib. Numidiyanın Liviya ilə sərhəddi vardı. Odur ki Karfagen Liviyanı və onun qiymətli taxıl sahələrini numidiyalı atlıların hücumundan qorumalı idi.
Karfagenli süvarinin əynində yaraq-əsləhə, başında dəbilqə, əlində qalxan və qısa nizə vardı.
Qeyd etmək lazımdır ki, Hannibalın ordusunda müxtəlif xalqların nümayəndələrinə rast gəlmək olardı. Zaman keçdikcə bu müxtəliflik də artırdı. Onun qoşunlarında numidiyalılar, ispanlar və romalıların qallar adlandırdığı keltlər döyüşürdü. Sonralar ordunun tərkibinə, deyəsən, yunanlar da daxil olublar. Belə ki, Livinin yazdığına inansaq, Zamadakı döyüş zamanı Hannibalın ordusunda 4 min makedoniyalı vuruşurdu.
Hannibal müxtəlif ölkələrdən, tayfalardan və mədəniyyətlərdən olan döyüşçüləri vahid orduda birləşdirməyə heç vaxt cəhd etməyib. Onların hər biri ayrıca dəstəni təşkil edirdi. Hər dəstənin də özünəməxsus silahları və döyüş taktikası vardı. Bu fərqli dəstələrdən bacarıqla istifadə etmək Hannibalın hərbi zəkasını təsdiqləyən önəmli faktlardan biridir.
Karfagenli sərkərdə İtaliya torpaqlarındakı müharibələr zamanı qall və italik7 tayfalarına arxalanıb. Onlar əsasən muzdlu kimi döyüşürdülər. Onlar romalı döyüşçülərdən heç də az təcrübəli deyildilər.
Karfagen ordusunun ən böyük gücü ispan ağır süvari dəstəsi idi. İspaniyada atçılıq inkişaf etmişdi və dözümlü ispan atları dağlıq yerlərdən keçməyə alışdırılmışdı. Bu isə ispan süvari dəstəsini döyüşlərdə olduqca çevik edirdi. Yəhərdən istifadə etməyən ispanlar balaca xalçalarla keçinirdilər. Onlar atları yüyən və cilovla sürürdülər.
Hannibalın ispan ağır süvari dəstəsi Makedoniya çarı II Filipin süvari qoşununun, belə demək mümkünsə, Karfagen variantı idi. II Filipə qədər yunan süvari qoşunu qısa nizələrlə silahlanmışdı. Ondan piyada qoşunun cinahdan və arxadan mühafizəsi üçün istifadə olunurdu. İlk olaraq məhz II Filip süvari qoşunlardan düşmən piyadasını yarmaq üçün faydalanıb. O bu süvari dəstələrin sayəsində Yunanıstanı, oğlu Böyük İsgəndər isə Asiyanı fəth edib.
Haminkar İspaniyada ikən buradakı süvari dəstələri və onun güclü atları ilə tanış oldu. İspan atlılarının qorxunc qılıncları ölüm saçırdı. Bu cür silahlar və düşmənlə mümkün olduğu qədər yaxın döyüşmək təcrübəsi Haminkarın xoşuna gəldi. Bundan faydalanmaq fikrinə düşdü. Nəticədə romalılara qarşı ciddi üstünlük əldə edildi.
Ardı-arası kəsilməyən döyüşlərdə zəngin təcrübə toplamış Haminkar, şübhəsiz ki, tarixdən də xəbərdar idi: o, ispan süvari dəstələrinin II Filipin süvari qoşunları kimi döyüşdüyünü bilirdi. İstənilən halda Haminkarla Gözəl Hasdrubalın Hannibala miras qoyduğu süvari dəstələri əsərimizin qəhrəmanı üçün böyük əhəmiyyətə malik idi.
Hannibalın ordusundan danışarkən qall piyada qoşunu ilə bağlı da ayrıca bəhs etmək lazımdır. Bu qoşunun böyük hissəsi İtaliyada Po çayının vadisində yaşayan tayfalardan toplanmışdı. M.ö. 390-cı ildə qallar Romaya hücum çəkib qarət etdilər. Onlar növbəti yüz il ərzində də dəfələrlə Mərkəzi İtaliyaya soxulmuşdular. Hannibal İtaliyaya gəlməzdən yeddi il əvvəl qalların 70 minlik ordusu Apennini keçərək, romalıların Po çayı vadisinə soxulmasına mane olmağa çalışdı. Romalılarla uzun müddət münaqişədə olan qalların Hannibalın müttəfiqinə çevrilməsi və onun İtaliyadakı ordusunun 40 faizini təşkil etməsi təəccüb doğurmur. Bu tayfanın döyüşçüləri müharibə, şan-şöhrət və qarət naminə yaşayırdılar.
Dəbilqə, böyük qalxan və uzun qılıncla silahlanmış qallar ağır piyada döyüşçülər idi. O dövrdə ən yaxşı zirehləri qallar hazırlasalar da, maraqlıdır ki, bəziləri qurşağadək çılpaq döyüşürdülər. Onlar Aralıq dənizi xalqlarından qat-qat hündür və güclü idilər. Romalıları öz boy-buxunları, açıq rəngli dəriləri, uzun saçları, hərbi rəqsləri və vahiməli döyüş çağırışları ilə qorxudurdular. Qalların hücumları qarşısıalınmaz idi, baş kəsmək adətləri isə dəhşət doğururdu. Romalı tarixçilər bu tayfanın zəif nöqtələri arasında səbirsizliklərini, təlaşa meylli olmalarını və döyüş yerlərini tez tərk etmələrini göstərirlər.
Ağır piyada qoşunu təşkil edən qalların əsas silahı uzunluğu bir yard (təxminən bir metr) olan ikiağızlı qılınc idi. Qılıncını başının üzərində bir neçə dəfə hərlədən qall onu düşməninin üzərinə balta kimi endirirdi.
Qallar fərdi döyüşə üstünlük verirdilər.
Onların süvari dəstələrində isə əsasən əyanlar, tayfa başçıları xidmət edirdilər. Dəmir zirehli döyüşçülərin başında dəbilqə, əllərində yumru qalxan olurdu. Əsas silahları nizə və qılınc idi. Qall süvari dəstələri, adətən, qəfil hücuma keçir yaxud kəşfiyyata gedir, aparıcı mövqeləri ələ keçirərək düşmənə ağır zərbə vururdular.
Döyüş zaman qallı əsgərləri idarə etmək çətin başa gəlirdi. Odur ki karfagenli sərkərdələr çox zaman onlardan düşmənin mərkəzi sıralarını yarmaq üçün istifadə edirdi. Bu cür taktika ağır itkilərə gətirib çıxarırdı və qallar bəzən Hannibalın onları qurban verməsindən şikayətlənirdilər.
Numidiya yüngül süvari dəstələri isə Hannibalın ən yaxşı və ən etibarlı döyüşçüləri idi. Onlar bəzən Karfagenin düşməninə, bəzən də müttəfiqinə çevrilsələr də, əsas etibarı ilə muzdlu kimi döyüşürdülər. Bu dəstələr müasir Əlcəzair ərazisinin bir hissəsini tutan Numidiyadan gəlmişdi. Livi numidiyalı «atlar və atlıların arıq, lakin qıvraq olduğunu» yazırdı: «Onlar zirehsiz idilər, silahları isə təkcə nizədən ibarət idi».
Numidiyalı atlıların, həqiqətən də, qılıncları yox idi. Erkən yaşdan at minib-çapmağı öyrənən numidiyalıların başqa bir qəribə cəhətləri vardı: onlar atlarını yəhərsiz çapır, təhlükəsizlik üçün heyvanın boynuna kəndir atmaqla kifayətlənirdilər. Yüyən və cilovdan istifadə etməyən numidiyalılar atları ayaqlarının və çubuğun, eləcə də çıxardıqları səslərin köməyi ilə idarə edirdilər. Müdafiə məqsədi ilə balaca yumru qalxanlardan yararlanırdılar. Bəzən isə hətta bundan da imtina edir, sadəcə, qollarına dəri geyməklə kifayətlənirdilər.
Hannibalın ordusunda fillərdən də geniş istifadə olunurdu.
Xatırlatmaq yerinə düşər ki, bu nəhəng heyvanlardan hərbi vasitə kimi istifadə edilməsi faktı ilə ilk dəfə Makedoniyalı İsgəndər qarşılaşıb. Həmin hadisə farslarla müharibə zamanı baş verib. Onlar isə bu fəndi, yəqin ki, hindlilərdən öyrənmişdilər. Hind çarı Porun filləri Gidasp döyüşündə İsgəndərin ordusuna əməllicə başağrısı yaşadıb. Həmin döyüş M.ö. 326-cı ildə baş vermişdi.
Karfagenlilər isə ilk dəfə fillərlə M.ö. 310-cu ildə qarşı-qarşıya gəliblər. Həmin vaxt Sirakuzlu Aqafokl Afrikaya soxularaq Karfageni ələ keçirmək istəmişdi. Bundan başqa, M.ö. 278–276-cı illərdə Siciliyada baş verən müharibə zamanı da fillər silah aləti kimi istifadə olunub. Karfagenlilər məhz həmin müharibədən sonra öz ordularına filləri də daxil etmişdilər. Belə ki, fillər döyüş arabalarını əvəzləyirdilər.
Karfagenlilər ilk dəfə fillərdən Akraqas (M.ö 262-ci ildə), sonra isə Panorma döyüşündə (M.ö. 250-ci ildə) yararlanıblar. Yunanlar və karfagenlilər nəhəng hind fillərini əldə edə bilmədiklərindən Afrikanın meşə fillərinə təlim keçmək məcburiyyətində qalırdılar. Bu zaman daha çox yaşı 5-i keçməyən gənc filləri tutmağa çalışırdılar, hərçənd onları 10 yaşından başlayaraq əhliləşdirirdilər. Meşə filləri 20 yaşında tam hazır olur və 40 yaşınadək xidmət edə bilirdi. Bu heyvanlar vəhşi təbiətdə 60 il yaşadığı halda insanların yanında yaşları 40-ı ötmürdü. Saatda 3 mil8 qət edə bilən həmin fillər gün ərzində ağır yüklə 15 hətta 20 mil getməyi bacarırdılar.
Birinci Pun müharibəsi zamanı Karfagen ordusunda 300 fildən ibarət dəstə vardı.
Daha bir maraqlı fakt: Hannibalın otuz yeddi filinin hamısı Alp dağlarından sağ-salamat keçə bilmişdi. Sərkərdə Trebbi çayı (İtaliya) yaxınlığında baş verən döyüş zamanı bu heyvanlardan piyada qoşununu mühafizə etmək üçün istifadə etmişdi. Belə ki, fillər romalıların cinahlardan hücumunun qarşısını almışdı. Hannibal bataqlıqdan keçəndə göz infeksiyasına mübtəla olarkən isə ətrafındakılar ona yolun qalan hissəsini filin üstündə getməyi məsləhət görmüşdülər. Çünki bu halda yerdən xeyli yuxarı ilə gedəcək və yeni infeksiyaya tutulmayacaqdı.
Fillər İspaniyadakı döyüşlər zamanı da böyük rol oynayıb. Publi Ssipion (oğul) bütün həlledici döyüşlərdə karfagenlilərin filləri ilə qarşılaşmalı olurdu. Oğul Ssipion fillərdən o qədər çəkinirdi ki, dəstələrinin nizamını belə dəyişmişdi. İndi onların arasında bəlli məsafədə keçid qoyulurdu. Həmin keçidlər fillərin hücumundan yayınmağa imkan verirdi.
Fillərin Karfagen ordusunda daha bir mühüm rolu vardı. Bu heyvanlar ömürlərində fil görməyən düşmən döyüşçülərini dəhşətə gətirirdi. Üstəlik, fillərin hücumunu dəf edə bilmək üçün rəqiblər atlara ayrıca təlim keçməli olurdular. Yalnız xüsusi təlim görmüş belə atlara malik süvari döyüşçülər bu nəhəng heyvanlarla mübarizədən salamat çıxa bilirdilər.
Lakin bütün döyüş vasitələri kimi fillərin də öz qüsurları vardı. Məsələn, ox və nizə yağışına tutulan nəticədə yaralanan fillər azğınlaşır, bu zaman onları idarə etmək çətinləşir, bəzən mümkünsüzə çevrilirdi. Belə vaxtlarda onlar adətən arxaya doğru qaçır və karfagenli əsgərləri tapdalayıb keçirdilər. Üstəlik, döyüş planı da alt-üst olurdu. Bəzi tarixçilərin yazdığına görə, karfagenli çarvadarlar9 özləri ilə uzun mıx və çəkic daşıyırdılar. Fil sahibinə tabe olmadığı təqdirdə çarvadar onun kəlləsinə mıx çalır və zavallı heyvan anındaca ölürdü. Buna baxmayaraq, fillər bir çox tarixi qələbənin qazanılmasında mühüm rol oynayıblar.
Görəsən Hannibal çətin yürüşlərə niyə özü ilə filləri də aparırdı? Axı romalılar bu heyvanları yaxşı tanıyır və onlarla necə mübarizə aparacaqlarını bilirdilər. Məsələn, məşhur yunan sərkərdəsi Pirr M.ö. 280-ci ildə romalıları məhz fillərin sayəsində məğlub etmişdi. Bundan nəticə çıxaran romalılar beş il sonra baş verən Benevent döyüşündə iki fili öldürmüş, səkkizini də ələ keçirmişdilər.
İstisna edilmir ki, Hannibal bu heyvanlardan daha çox düşmən üzərində psixoloji üstünlük qazanmaq üçün yararlanırdı. Yuxarıda vurğuladığımız kimi bu nəhəng heyvanların döyüş meydanındakı varlığı istər-istəməz qarşı tərəfdə narahatlıq və təşviş yaradır, onu əlavə güc sərf etməyə məcbur edirdi.
О проекте
О подписке
Другие проекты