İndi Kənan dayısının təkidi ilə iki-üç aylığa İzmirə gəlmişdir. Bu müddət ərzində yeni bir əsərini tamamlamaq istəyir. Dünən səhər yanıma gəlmişdi. Həmin əsəri haqqında soruşdum. Parisdə tanış olduğu suriyalı bir şairin opera librettosuna musiqi bəstələyir. Mövzusu Harun ər-Rəşid zamanına aid gözəl bir hekayədir. Kənan hadisəni yaxşı başa düşmüş və duymuşdur. Bu işi müvəffəqiyyətlə başa vura bilsə, zəmanəmizin ən məşhur sənətkarı olacaq.
Vəfiq paşa və Cavidan Münir bəyin söhbətinə dərin bir maraqla qulaq asırdılar. Vəfiq paşa tükləri sayıla biləcək qədər seyrək saqqalını didişdirərək:
– Əziz dostum, – dedi, – bizə etdiyin hörmətləri unuda bilməyəcəyik. Ancaq bizi daha çox məmnun etmək üçün bilirsənmi nə etməlisən? Bu gecə həmin diqqətəşayan gənci də gərək bura dəvət edəsən.
Cavidan hərarətlə atasının sözünə qüvvət verdi:
– Onu tanımağımız çox yaxşı olardı
Ev sahibi gülümsədi:
– Gözüm üstə. Bu çətin şey deyil. Sabah axşam onu da dəvət edərəm. Hətta istəsəniz, bu elə indi də mümkündür. Uzaqda olmur, Zeynalı göndərim, xahiş eləyim, gəlsin..
Bu gözəl fikirdi. Ata və qız razılıqla bir-birilərinə baxdılar.
Vəfiq paşa gözlərini süzdü, baş barmağını qaşları arasına qoydu (ağlına yaxşı fikir gələndə o, həmişə belə edərdi):
– Hamısından yaxşısı bilirsiniz nədir, gəlin özümüz onun yanına gedək. Gəlişimiz, heç bilirsən, Cavidan, o gənc sənətkara necə təsir edəcək!.
Başqasında görmək istədiyi bir həyəcan Vəfiq paşanın özünü titrətdi. O, türkcəni buraxıb sözlərinə fransızca davam etdi:
– Gecə vaxtı bu pəri aləmi içində tanımadığı iki şəxs zühur edir. Bunların biri şahzadə bəy, biri də şahzadə xanım. Bir çoxunun əsəblərini sarsıdacaq bir təsadüf. Bu həyəcanın bəlkə operasına belə təsiri oldu.
Keşikçi Zeynal əlində yekə bir dəyənək onların qabağına düşdü. Bağın içi ilə ağır-ağır irəliləməyə başladılar. Meynələr bir-birinin ardınca qaranlıq dalğaları tək ta uzaqlara qədər yayılıb dağılır, ay işığı çılpaq torpağın üstündə su gölməçələrinə bənzər parıltılarla yanıb-sönürdü.
Bağın axırındakı taxta qapıdan ensiz, tikanlı bir cığıra çıxdılar. Kərtənkələlər qurumuş tikanları xışıldadırdılar. Cırcıramalar səsləri ilə aləmi başlarına götürmüşdülər.
Bağların yorğun, bürkülü havası ağır bir bulud kimi nəfəslərini tıxayır, tünd şərab kimi beyinlərini dumanlandırırdı. Cığır aşağıdakı geniş araba yoluna çıxırdı, burada onlar ayaq saxladılar. Cavidan atasına yolun uzaq bir nöqtəsini göstərib:
– Ata, – dedi, – bir ora bax. O qaraltılar adam deyilmi?
Hamı qızın göstərdiyi səmtə baxdı. Yolun o başında bir dəstə irili-xırdalı qəribə qaraltı görünürdü, lap qabaqda bir eşşək də vardı. Münir bəy qonaqlarına izahat verdi:
– Bu vaxt, buralarda adətdir, gecələri bağdan-bağa belə dəstə-dəstə qonaq gedərlər. Ancaq görəsən, niyə belə səssiz-səmirsiz gedirlər? Onlar çox vaxt nəğmə oxuyar, səs-küy salarlar.
Dəstə bir az da irəlilədikdən sonra bir bağın kənarında, kiçik daş evin qabağında durdu. Birdən hay-küy, gurultu qopdu. Büllur kimi saf uşaq qəhqəhələri qarşıdakı təpələrə əks edir, qarma-qarışıq səslər, ağır-ağır çalınan bir kamanın müşayiəti ilə mahnı oxuyurdu.
Vəfiq paşa ilə Cavidan çaşıb qalmışdılar. Münir bəy gülə-gülə izahat verdi:
– Bu ev Şəmi dədə4 adında qoca bir dərvişindir. Cəzbə getmiş, lakın çox şən, əhli-dil bir adamdır. Bozyaxada hamı onu tanıyır, sevir. İndiyə qədər tək yaşayırdı. İki ay bundan əvvəl gənc bir qadınla evlənmişdir. O vaxtdan hamı Şəmi dədəyə sataşır. Görünür, bu gecə Kənan çolma-çocuğu yığıb dədə ilə əylənməyə gəlib.
Getdikcə artan qəhqəhələr, uşaqların hay-küyü mahnının eşidilməsinə mane olurdu. Yaxındakı evlərin işıqları bir-bir yanır, köpəklər ulaşırdı.
Nəhayət, kiçik evin pəncərə qapaqlarından biri açıldı, oradan əlində şam, xəyala bənzər bır insan göründü. Şəmi dədənin əl-qolunu oynada-oynada bağırdığı hiss edilirdi. Ancaq səs-küydə nə dediyi eşidilmirdi.
Münir bəy qonaqları ilə bərabər cığırdan yola enəndə şənlik, səs-küy həddini aşmışdı. Əynində ağ uzun köynək, ayaqlarında təzə bəylərə məxsus mərcan tək qırmızı çust olan Şəmi dədəni eşşəyə mindirmişdilər. Dəstə yenidən yola düzəlmişdi. Təzə bəyi bağırda-bağırda, kim bilir, haralara aparacaq, nə qədər gəzdirəcəkdilər
Münir bəylə qonaqları yolda görünəndə qəhqəhələr yavaşıdı, mahnı səsləri kəsildi. Dəstə uzaqdan zənn edildiyi kimi, təkcə uşaqlardan ibarət deyildi, onların arasında cavan oğlanlar və qızlar da vardı. Münir bəy uzaqdan səsləndi:
– Dədə, bu nə işdir, başına gəlib?
Qoca dərviş cavab verdi:
– Daha nə olacaq, bəy! Qurd qocalanda köpəyə gülünc olar.
Dəstə durmuş, uşaqlarla böyüklər Münir bəylə qonaqları araya almışdılar. Kənanla qısa ağ paltar geymiş gözəl bir qız eşşəyin noxtasını tutmuşdular. Kənan pencəksiz və başı açıq idi. Ağ ipək köynəyinin yaxası açıq, qolları dirsəklərinə qədər çırmanmışdı.
Münir bəy onu qonaqlarına təqdim edəndə özünü itirən kimi oldu, yarıçılpaq vücudundan utanırmış kimi gülümsəyərək əllərini köksü üzərində qovuşdurdu. Qarayanız üzü qaranlıqda nəzərə çarpacaq qədər qızarmışdı.. Vəfiq paşa balaca, arıq vücuduna uyğun gəlməyən qalın, qırıq bir səslə:
– Sənətkarla bu cür səciyyəvi artistvari vəziyyətdə tanış olmağıma çox şadam, – dedi. Sonra üzünü ətrafına toplanmış gənclərə, uşaqlara, uzunsaqqallı, dazbaş Şəmi dədəyə, qəşəng qıza tutub qısa bir nitq irad etdi.
Kənan onun nitqinə yüngülcə gülümsünə-gülümsünə qulaq asırdı. Cavabı, çılpaq qılçalarını diz qapaqlarına qədər güclə örtən qısa ağ libasını Roma imperatoruna məxsus bir şəstlə geyinmiş Şəmi dədə verdi:
– Paşa həzrətləri, Kənan oğlumuz ilk ilhamını bu yerlərdən daha çox, fəqir və aciz Şəmi dədədən almışdır. Kənana ilk musiqi nəfəsini mən vermişəm.
Şəmi dədənin daz başı ay işığında parıl-parıl işıldayır, xırda mavi gözləri qalın qaşları ilə uzun saqqalı arasından köz kimi parıldayırdı. Yad adam yanında təkəbbürlü, sakit və ciddi davranan Cavidan özünü saxlaya bilmir, güldüyünü görməsinlər deyə, başını Münir bəyin arxasında gizlətməyə çalışırdı. Dədə sözünə davam etdi:
– “Bağa qınından çıxar, qınını bəyənməz”, – deyiblər, Kənan bəy oğlumuz da şöhrət qazanandan sonra dədəni yadından çıxardıb. “Dədəni yaddan çıxardıb” deməyimin mənası var, yəni türk musiqisini buraxıb, Avropa musiqisindən yapışıb. Qənaəti-fəqiranəmizə görə, toxum yetişdiyi torpaqdan ayrı yerdə əməlli-başlı nəşvü-nüma tapa bilməz. İndi deyəcəksiniz ki, Kənan sənin məsləkinə qulluq eləsəydi… sənin tək… üzdəniraq, lüt bir dərviş olub qalmışdı. Bu da başqa bir məsələdir…
Vəfiq paşa üzünü qızına tutdu:
– Görürsənmi, Cavidan, bu Şərqdə nə gözəl insanlar var.
Bu təsadüf sayəsində yaxasını uşaqların əlindən qurtarmış Şəmi dədə qonaqlara bilmirdi necə hörmət eləsin.
Bağçasının bir guşəsinə təzə həsirlər salınmışdı, ömründə ilk dəfə həsir üstündə oturan Cavidan atasının dizlərinə söykənib:
– Nə yaxşıdır, ata. Bu gecə tam bir Şərq həyatı yaşadıq, – dedi.
Şəmi dədənin üzümlərindən yeməyə kimsədə taqət yox idi. Ancaq içəridən onun neyini gətirdilər, ona bir neçə qədim hava çaldırdılar.
Kənan bir az sonra dəstədən ayrıldı, Münir bəyin qonaqlarına qoşuldu. O, öz bağlarına çatanda ay İlıca təpələrinin dalına çəkilirdi. Sübh, budaqlarını sallamış ağacların başında xəfif buxar kimi ağarır, quşlar yarpaqların və kolların arasında cəh-cəh vururdu.
Anası Mələk xanım hələ yatmamışdı. Oğlunun yubanmasından nigaran idi, arıq çiyinlərinə yun şal atıb, alt otağın açıq pəncərəsi qabağında onu gözləyirdi. Uzaqda bir köpək hürdü, bayır qapıya gedən dar yolda bir kölgə göründü. Mələk xanım yolu yaxşı görə bilmək üçün pəncərədən boylandı.
– Kənan… Kənan, sənsən? – deyə səsləndi.
Kənan cavab vermədi, addımlarını yavaşıtdı, öz mahnılarından birini fitlə çalmağa başladı.
Xeyli vaxtdan bəri Kənanın əsəbləri tarım kaman telləri kimi idi. Ən kiçik təsirə qarşı belə həssas, əsəbi bır halda daima bir ehtizaz içində yaşayırdı. Bu hal özünü sübh çağlarında daha çox göstərirdi. O, fit çala-çala çardağın altından keçib anasının durduğu pəncərənin qabağına gəldi.
– Niyə bu qədər yubandın, Kənan?
– Mən oradan çoxdan çıxmışam, ana. Gəzə-gəzə gəlirdim. Ta Qırxçamlara5 qədər getmişəm.
– Qorxmursan, oralara tək gedirsən? Bir daha belə etmə, Kənan.
Kənan əllərini açıq pəncərəyə tərəf uzadaraq, anasının arıq biləklərindən tutdu. Mavi gözlərində süzgün bir heyrətlə gülümsədi:
– Mən nədən qorxacağam? Sənin oğluna kim toxuna bilər? Dövran mənimdir, ana. Mən artıq talesizliyin daşını atmışam.
Dərin bir yaşamaq zövqü ilə titrəyən Kənan çəlimsiz, zəif anasını qucağına alıb pəncərədən çölə çıxartdı. Uzun illər ayrılıqdan sonra onu ilk dəfə qucaqlayırmış kimi bərk-bərk bağrına basdı. Qadının gənclik təravətini hələ də saxlamış gözəl üzündən dönə-dönə öpdü.
Mələk xanıma elə gəlirdi ki, Kənanın yenə yeddi-səkkiz yaşı var. O vaxt da Kənan hərdənbir belə anlaşılmaz riqqətlə titrəyər, mavi gözləri elə bu cür yaşla dolar, sevmək, sevilmək arzusu ilə anasının boynuna sarılardı. Böyüyəndən sonra daha bu xasiyyətindən əl çəkmiş, sakit, utancaq və kədərli bir gənc olmuşdu. Mələk xanım oğlunun uzun saçlarını sığalladı:
– Yatmayacaqsanmı, Kənan? Yorulmamısan? Xəstələnəcəksən.
Kənan daş pilləkəndə əyləşib, anasını zorla dizləri üstünə oturtdu.
O, uşaq kimi gülürdü.
– Yatmaqmı? Yatmaq bədbəxtlərin, xəstələrin nəsibidir, ana. Bütün ruhu ilə yaşayan xoşbəxt insanlar neçin yatsın? Bilmirsənmi, bu saat dünyada hələ günəşləri batmamış, yaxud ay işığında qərq olmuş ölkələr var. Orada sənin Kənanının əsərlərini çalırlar, orada insanlar öz dərdlərini sənin oğlunun dili və qəlbi ilə söyləyir, ağlayırlar, gülürlər. Sabah mən daha böyük bir əsər yazacağam. Ondan sonra heç ölümü də vecimə almayacağam, ana. Kənan ölmüş, dodaqları əbədi olaraq susmuş olsa da, nə qəm? Kənanın susmuş dodaqlarını musiqisi əvəz edəcək, ölmüş Kənan sözə başlayanda dirilər, əksinə susacaq, saralacaq, ağlayacaqlar, özün görəcəksən, biz nə qədər xoşbəxt olacağıq. Mən talesizliyi məhz öz gücümün sayəsində məğlub etdim, ana. O qədər əziyyət çəkmişəm ki… Nəhayət, tale mənim də üzümə güldü. İndi sevincim yerə-göyə sığmır.
О проекте
О подписке
Другие проекты
