Gərək ki, müəllim əfəndi Bolqarıstan mühacirlərindən xoşəhval bir adam idi. Uşaqların hərəsinə bir ad vermişdi. Mənə «Bacıoğlu» deyərdi.
Mülayim əfəndi bəzən uşaqları ucdantutma çubuqlayırdı. Məsələn, günlərin birində məktəb uşaqlarından beş-on nəfərinin ərik oğurlamaq üçün bir bağa girdiyini xəbər verərdilər, yaxud günorta azanında bütün uşaqlar sapandla daş atarkən məhəllədə kiminsə şüşəsi sınardı. Təbiidir ki, uşaqlara tərbiyə vermək müəllimin işi idi. Yazıq müəllim müqəssiri tapa bilməyəndə şagirdlərin hamısını sıra ilə çubuqlayardı. Beləliklə, təqsirkar cəzadan yaxasını qurtara bilməzdi. Biz o vaxt belə ədalətli mühakiməni çox təbii sayırdıq.
Bir gün, müəllim əfəndi namazda olduğu vaxt necə olmuşdusa bir neçə uşaq məktəbə girib bir pişiyi qabaqlarına qataraq rəhlələri, mürəkkəb qablarını aşırmışdı.
Namazdan qayıtdığı vaxt məktəbdə hər şeyin alt-üst olduğunu görən müəllim əfəndi bərk hirsləndi, dərhal qapını bağladı (ucdantutma çubuqlamanın bir adı da qapı bağlamaq idi, çünki qapı açıq qalarsa, uşaqlar qaça bilərdilər).
Mən o gün ucdantutma çubuqlamanı ilk dəfə görürdüm. Sinifdə bir vaveyla qopdu. Kimi «vallah mənim təqsirim yoxdur» – deyə bağırır, kimi də «ay ana», «ay allah», – deyə çağırırdı.
Müəllim əfəndi uşaqları bir-bir falaqqaya salıb hərəsinin yalın ayaqlarına dörd-beş çubuq çəkməyə başlamışdı (bu məktəbdə daha bir ənənə var idi: falaqqadan sonra çığırıb ağlayaraq ayağa qalxan uşaq özündən sonrakı uşağın ayaqlarını tutardı. Bu, vəzifədən artıq, bir haqq, bir imtiyaz idi. Uşaq, bir başqasının çubuqlanmasına kömək etməklə, yediyi çubuğun ağrısını müəyyən qədər unutmuş olurdu).
Sinifdə Tahir adında bir uşaq var idi ki, çubuqlanmaqdan təkcə o, azad edilmişdi. Tahir arıq, əyriqıç, xəstə bir uşaq idi. Çubuqlanarkən özünü saxlaya bilməz, qorxudan üst-başını bulayardı.
Heç yadımdan çıxmaz: o gün qara zolaqlı qırmızı məxmərdən təzə paltar geymişdim. Yoldaşlarım çığırıb ağlayaraq növbələrini keçirdikləri halda, mən bir küncdə tez-tez ayaqqabımın bağını açırdım. Növbəm gəlib çatan kimi durub müəllimin yanına getdim: «Corablarımı da çıxarımmı, müəllim əfəndi?» – deyə soruşdum.
Ağlayıb-sızlamadan, gülərüzlə çubuq yeməyə hazır olmam müəllimi təəccübləndirdi. Yazıq bir az dayandı, məni döyməmək üçün bir bəhanə axtardı, sonra udqunaraq:
– Sən bu tərəfə keç, qonaqsan, – dedi.
Onun göstərdiyi tərəfdə Tahir durmuşdu, cürük dişli ağzını açaraq gülərək işarə ilə məni yanına çağırırdı.
Yoldaşlarımdan ayrılıb onun yanına keçmək şəstimə toxundu.
– Mən qonaq deyiləm, müəllim əfəndi, mən də döyülməliyəm, – deyə təkid etdim.
Ərköyün böyüdülən, hər dediyinin yerinə yetirilməsinə alışmış bütün kübar uşaqlar kimi, elə bil əmr eləyirdim. Müəllim bir az tərəddüddən sonra: «Yaxşı, elə isə gəl görək, – dedi, balaca ayaqlarımı ehtiramla tutdu, çubuğun ucuyla oxşayırmış kimi, ahəstəcə bir-iki dəfə toxundu
O gün, axşam dərsdən evə getdikdə müəllim əfəndi məni yanına çağırdı. Acıqlı gözlərində indiyədək heç görmədiyim bir məhəbbət və şəfqətlə üzümə baxdı, sonra qulağımı tutaraq: «Bacıoğlu! Sən pis adam olmayacaqsan!» – dedi.
Məktəbimizdə kiçik Ömər adlı bir uşaq vardı. Soyuq havada, anasının yaxası çəkili köhnə sırıqlısını geyib məktəbə gəldiyi üçün mən ona Qız Ömər deyib sataşardım. Saçlarım sarı olduğuna, anadangəlmə zəif olan gözlərimə eynək taxdığıma görə o da mənə Sarı yəhudi deyərdi.
Bir gün məktəbin bağçasında nahar edirdik. Gərək ki, payız mövsümü idi, çünki quru çinar yarpaqları yeri başdan-başa örtmüşdü. Ömər qabağımda oturub zeytun-çörək yeyirdi. Evdən küftə gətirmişdim, nədənsə ürəyim istəmirdi. Odur ki, yeməyimizi dəyişdirməyi Ömərə təklif etdim. O sevinərək razı oldu. Mən zeytunu, o isə küftələri iştahla yeməyə başladıq.
Bunu görən uşaqlar dərhal Öməri müəllim əfəndiyə şeytanlayıb yalandan demişdilər ki, «İffəti dilə tutub küftələri alır».
Müəllim qəzəbli halda yanımıza gəldi. Öməri, arıq çiyinlərindən tutaraq ayağa qaldırdı, yanağına iki bərk şillə vurdu. Sonra küftələri alıb mənə verdi. Mən də çox qorxmuşdum. Bir şey deməyə cəsarətim çatmadı. Lakin, bu əhvalat getdikcə mənə daha çox təsir edirdi. Ömərin mənim üstümdə haqsız yerə döyülməsi ürəyimi sıxırdı.
O gündən sonra Kiçik Öməri bütün yoldaşlarımdan daha çox sevməyə başladım. Məktəbdə yanında oturardım, bağçada birlikdə oynayırdıq, Mən həyatı ilk dəfə Kiçik Ömərdən öyrəndim. Yoxsulluq içində böyüyən uşaqların əksəriyyəti kimi, Ömər də hər şeyi bilirdi. O deyirdi ki, «Nənəm iflicdir. Anam evlərdə paltar yumağa gedir… Bəzən gecələr qaranlıqda qalırıq, bəzən yeməyə çörək tapmırıq». Vaxtı ilə anasının sırıqlısını geydiyi üçün Ömərə sataşmağım yadıma düşəndə öz-özümdən utanırdım.
Ömərin bir böyük qardaşı var imiş. Hərbi məktəbi bitirib zabit olacaq, onların əlindən tutacaqmış. Məktəbi bitirməyinə üç ay qalmış iftira qurbanı olaraq Fizana sürgün edilibmiş.
Ömər bunu danışarkən boynunu büzərək: «O, indi başımızın üstündə olsaydı, bu günə düşməzdik», – deyirdi.
Bir gün ona:
– Ömər, mənim ağlıma bir şey gəlir… İstəyirəm ki, paşa atama yalvarım, qoy padşahdan xahiş eləsin, qardaşını bağışlatdırsın», – dedim.
Elə bilirdim ki, Ömər bunu eşidən kimi sevinəcək, atılıb boynuma sarılacaqdır. O, qoca kişi kimi bədbin idi; şübhə ilə dodaqlarını büzüb dedi ki, «mümkün olan şey deyil».
Lakin mən Ömərin qardaşını xilas etməyi möhkəm qərara almışdım. O yaşda hər şey mənə asan və sadə görünürdü.
Bir neçə dəfə paşa atamın ayaqlarına düşüb yalvarmaq məqsədilə onun otağının qapısına qədər getdim, hətta bir dəfə içəriyə belə girdim. Amma onu görən kimi, ürəyimi qorxu hissi bürüyür, cəsarətim qırılırdı.
Bir dəfə ağır qrip xəstəliyinə tutulub yatağa düşmüşdüm. Xəstəlik günlərində huşsuzluq keçirdiyim, qarışıq yuxular gördüyüm zaman tez-tez Ömərin qardaşı ilə danışır, onun barəsində sayıqlayırdım. Bir gecə bihuş yuxudan oyandığım zaman yatağımın yanında atamı gördüm. Saçlarımı əli ilə oxşayır, əlindən düşməyən ənbər təsbehi üzümə sürtünürdü.
– Necəsən, İffət?.. Bir yerin ağrıyırmı? – deyə soruşdu.
Fikirli-fikirli üzünə baxdım, cavab vermədim.
– Nə istəyirsən alım sənin üçün, oğlum?
Atam mənə ilk dəfə idi ki, belə şirin, yumşaq bir dillə söz deyirdi. Uşaqlara məxsus yanılmayan bir sövq-təbii ilə başa düşdüm ki, bu dəqiqələrdə atamın mənə yazığı gəlir, o məni sevir.
Onun saçlarımı tumarlayan əlini iki əlimlə tutaraq dodaqlarıma apardım, ağlaya-ağlaya öpərək dedim:
– Mən heç bir şey istəmirəm, ata… Elə et ki, Ömərin qardaşı sürgündən gəlsin… Onlar yazıqdırlar.
– Ömər kimdir, hansı Ömər?
– Məktəbimizdəki Kiçik Ömər… Qardaşına iftira ediblər, onu sürgünə göndəriblər… Paşa atam, rica edirəm, padşahımıza yalvar.
– Sənə bunları kim öyrədib?
Atamın qalın qaşları çatılır, üzü həmişəki vahiməli halını alırdı. Səhv bir iş gördüyümü anlayaraq qorxudan titrəməyə başlamışdım, Cavab vermədim, gözlərimi yumdum, elə bil daha nə bir şey görür, nə də bir şey eşidirdim.
Əslində o cavab gözləmirdi. Ciddi, sərt bir səslə dayəmə nə isə deyirdi.
Onlar bir-biri ilə danışarkən mən yenə də huşumu itirdim.
Bir neçə gündən sonra sağaldığım vaxt dayəmdən Mahpeykər xəlfəgilə nə vaxt gedəcəyimizi soruşdum. Məktəb deməyə cəsarət eləmirdim.
O məqsədimi başa düşdü, üz-gözünü turşudub dedi:
– Bundan sonra bir də məktəb adını ağzına almayacaqsan. Məni bu yaşımda məzəmmət elətdirdin!
Kiçik Ömərlə yoldaşlığımız beləcə qurtardı. Mən neçə dəfə onun ayağında anasının köhnə şap-şapları, əynində anasının sırıqlısı evimizin ətrafında dolandığını, pəncərələrə baxdığını gördüm. Sonra bilmirəm, ona nə oldu, daha heç görünmədi.
Paşa atam nədənsə bizi məktəbə qoymaq istəmirdi. Böyük qardaşım Müzəffərə on yeddi, mənə isə on dörd yaşınadək Mahmud əfəndi dərs dedi. Evimizin İsrail Bəy adlı xüsusi həkimindən də həftədə iki gün ayrıca fransız dərsi alırdıq.
İllər keçdikcə xəlfə Kamiyabın həyat və qəlbimdəki yerini Mahmud əfəndi tutmağa başlamışdı. Həlim, şirindil, fəqir bir adam idi. Hər bir insan üçün ən gözəl sifətlərin, yumşaqlıq və təvazökarlıq olduğu qənaətində idi. Bu sözləri tez-tez təkrar etməyi sevərdi: «Övladlarımın qətl edilmələrini qatil olmalarından üstün tutardım». Mahmud əfəndinin məni Müzəffərdən çox sevdiyini hiss edirdim. Qardaşım key, tənbəl, aciz bir uşaq idi. Bundan başqa lovğalığı, iddialılığı da var idi, yazıq Mahmud əfəndi ilə adətən lələ kimi rəftar edərdi.
Yanğından əvvəl Ağsarayda, sonra Fındıqlıqdakı evimizdə on dörd yaşınadək sevincsiz ömür sürdüm.
Atamın özündən bir-iki yaş kiçik bacısı vardı, Qaramürsəldə, ərindən qalma «Damlacıq» deyilən malikanəsində yaşayırdı. Xədicə bibim yaxında iki uşağı ilə dul qaldığı zaman atam gəlib İstanbulda yaşamağı ona təklif etmiş, lakin o, evini dağıtmağa razı olmamışdı.
Atam hər yay Müzəffərlə məni Damlacıq malikanəsində havamızı dəyişməyə göndərər, iki ay orada qalmağımıza icazə verərdi.
Mən Mahmud əfəndinin verdiyi hesab dərslərini Qaramürsələ getməyimizə neçə gün qaldığını hesablamaq üçün öyrənərdim, Müəllimimin özü də bunu hiss etmişdi. Dərs zamanı darıxdığımı, dəftərimi ağzıma tutaraq əsnədiyimi gördüyü zaman, məsələn, deyərdi: «Gəlin sizdən bir şey soruşum, İffət bəy, bu gün fevralın on ikisidir… İyunun əvvəlində Qaramürsələ gedəcəksiniz. Tapın görüm, gözləməli neçə gününüz qalıbdır?» Yaxud, «Baxaq, görək, ada nədir? Damlacığa gedən yoldakı dəyirmanın qarşısında suyun içindən çıxmış torpaqlar var a… yadınızdadırmı? Bax, onlara ada deyərlər. Bunların bir neçəsinə birlikdə isə…»
Qaramürsəl kəlməsi mənə sehrli bir söz kimi təsir edərdi. Bu adı eşidən kimi, elə bil, üzümə qurumuş zəmilərin ətri ilə dolu yay nəsimi toxunurdu.
Şəhərdəki mülkümüzdə çəkdiyim bir ilin əziyyətinin əvəzini kənd yerində bir ayda çıxardırdım. Xədicə bibim məni çox sevir, bütün dəcəlliklərimə göz yumurdu.
Xəlfə Kamiyab bir neçə gün məni hədər yerə özünə tabe etməyə çalışar, sonra bacarmayacağını başa düşüb əl çəkərdi.
Malikanədə mənimlə yaşıd olan dörd-beş kəndli uşağı var idi. Ətrafdakı bağlardan da bizə bir neçə uşaq qoşulardı. Onlardan adətən kiçik bir dəstə təşkil edərək, quş ovlamağa, malikanənin yanından axan çaydan balıq tutmağa gedərdim.
Qardaşım Müzəffər mənim ayaqyalın, başıaçıq əkinlərin içində əlləşdiyimi, xırmanda vələ mindiyimi, ağaclara dırmaşdığımı, kəndli uşaqları ilə savaşdığımı görüb hirslənər və məni qorxutmaq üçün deyərdi:
– Heç sənə yaraşar, belə uşaqlarla oynayasan? Sənin əvəzinə mən utanıram… Atama yazacağam.
Yazıq xəlfə Kamiyab Damlacıqda məndən nələr çəkdiyini danışmaqla qurtara bilməzdi. Başıma bir qəza gələ biləcəyindən qorxduğu üçün uzaqdan bizi güdər, dalımıza düşüb təngnəfəs halda təpələrə dırmaşar, yol kənarındakı kollarda əllərini cırmaq-cırmaq edər, üst-başı cırılardı. Bununla belə yəqin ki, dayəmin mənə dediyi qədər acığı tutmazdı, çünki şəhərdəki evimizdə tam bir il qalmağıma ən çox yanan o idi.
Havamı dəyişdikdən sonra İstanbula adətən tanınmaz halda qayıdardım. Sarışın adamların əksəriyyətinin dərisi kimi, mənim də zərif dərim günəşdən yanıb qaralar, qabıq verərdi.
Barmaqlarım qoz ləkəsindən qapqara, üzüm, əllərim, ayaqlarım qanqurla, yara ilə dolu olardı.
Malikanədən beş-on dəqiqəlik məsafədə, dərə kənarında, ətrafında qoz ağaclarının bürüdüyü bir xaraba dəyirman var idi. Bir rəvayət qoz ağaclarını uşaqların əlindən xilas edirdi. Deyirdilər guya dəyirmanın qarşısındakı qamışlıqda bir xəyal dolaşır. Axşam çağlarında oradan keçən yolçuları bataqlığa çəkir.
Mən yoldaşlarımla birlikdə həmişə o tərəflərdə gəzər, lakin dəyirmanın açıq bağçasından girməyə cəsarət eləməzdim.
Çox sevdiyim bu rəvayəti bibim mənə bir neçə dəfə danışmışdı.
…Vaxtilə qarşıdakı bu təpədə yerləşən Kəmərli kəndində hörükləri topuqlarına qədər uzanan bir gözəl qız varmış. Adaxlısı İsmayılı əsgərliyə aparıb Yəmənə göndəriblərmiş. Qız yetim imiş… yeməyə çörək belə tapmazmış… Çox gözəl olduğu üçün cavanlar onu dağlara qaçırtmaq istəyirmişlər… Kəndin ağsaqqalları yığışıb fikirləşmiş və qızı bu dəyirmanın sahibi olan Qafar ağaya verməyi münasib görmüşlər. Qız: «Mənim adaxlım var, bu qocaya ərə getmərəm», – deyə ağlamış… «Yəmənə gedənin geri qayıtdığını heç eşitmisənmi, qızım… o, çoxdan ölmüşdür», – demişlər, qızı ağlaya-ağlaya Qafar ağaya vermişlər.
О проекте
О подписке
Другие проекты