Uşaq girdə gözləri ilə səmanın zülmətinə diqqət kəsilmişdi. Əmirə onu Holdenin qucağına verdi; körpə lap sakit, səssiz uzanmışdı, ağlayıb-eləmirdi.
– Öz aramızda onu necə çağıracağıq? – qadın soruşdu. – Ona bax! Adam da bu gözəlliyə baxmaqdan usanar yəni? Gözləri lap səninkidir. Amma ağzı…
– Səninkidir, mənim əzizim. Bunu məndən yaxşı kim bilər ki…
– Necə zərif, incə ağzı var. Özü də lap bir tikədir. Amma buna baxmayaraq ürəyimi bərk tutub saxlayır. Onu mənə ver. Gör nə vaxtdan sənin qucağındadır.
– Yox, qoy bir az da uzansın, hələ ağlamayıb.
– Ağlayanda verəcəksən, hə? Əsl kişisən! Əgər ağlasa, mənim üçün daha qiymətli olardı. Yaxşı, bəs onun adını nə qoyacağıq, həyatım?
Zərif vücud indi Holdenin ürəyinin başında uzanmışdı. Lap köməksiz, yumşaq idi. Körpəni əzəcəyindən qorxub sinədolusu nəfəs almırdı. Yerli xalqın əksəriyyəti tərəfindən qoruyucu ruhun daşıyıcısı kimi qəbul edilən qəfəsdəki yaşıl tutuquşu qımıldandı və yuxulu-yuxulu qanadlarını tərpətdi.
– Bu da cavab, – Holden dedi. – Mian Mittu onun adını dedi. O, tutuquşu olacaq. Böyüyəndə çox danışacaq, oyan-buyana çox yüyürəcək. Mian Mittu sizin müsəlman dilində tutuquşu deməkdir, elə deyil?
– Məni niyə belə özündən uzaqlaşdırırsan? – Əmirə bir qədər əsəbi tərzdə dilləndi. – Qoy ingilis adına bənzəyən bir ad olsun, amma tamam ingilis adı yox. Çünki o həm də mənimdir axı.
– Yaxşı, onda adını Tota çağır, ingilis adına hamısından çox oxşayır.
– Hə, Tota olar, amma yenə də tutuquşu adıdır. Məni bağışla, ağam – bir dəqiqə qabaq olanlara görə bağışla, amma o, Mian Mittu adının bütün ağırlığını daşımaq üçün hələ çox balacadır. O, Tota olacaq – bizim Tota. – Qadın körpənin yanağına toxundu; o oyanıb nıqqıldadi; Holden məcbur oldu uşağı anasına verə. Ana isə körpəsini qəribə bir mahnıyla sakitləşdirdi:
Are koko! Care koko!
Balamız möhkəm yatıb,
Şirələnir gavalı
Bağçadakı ağacda.
– Baba, gavalın neçə?
– Girvənkəsi bir penni!
Amma qoymayın seçə!..
Gavalının qiymətini təkrar-təkrar xatırladan mahnı, deyəsən, körpəni sakitləşdirdi. Tota anasına sığınıb yuxuya getdi. Həyətdə ağ rəngli iki dana axşam yeməklərini səylə gövşəyirdi. Pirxan polis qılıncını dizinin üstünə qoyub Holdenin atının qabağında çöməlmişdi, yuxulu görkəmlə su nasosunun dəstəyini basırdı. Əmirənin anası aşağı eyvanda cəhrə arxasında oturmuşdu; taxta darvazanın cəftələri çəkilmişdi. Yaxınlıqdan ötən toy dəstəsinin çaldığı musiqi şəhərin zəif uğultusunu üstələyərək damda da eşidilirdi; göy üzündəki buludlar ayın üzünü örtürdü.
– Dua edirdim, – uzunsürən sükutdan sonra Əmirə dilləndi, – əvvəla, ona görə ki, öləsi olsan, sənin yerinə ölə bilim; ikincisi də ona görə ki, balamızın yerinə ölə bilim. Peyğəmbərə və Bibi Məryəmə dua edirdim. Necə bilirsən, onlardan hansısa duamı eşidəcək?
– Sənin ağzından, heç olmasa, bir söz eşitməyi kim istəməz ki?..
– Mən səndən açıq cavab istədim, sən isə şirin-şirin sözlər deyirsən. Mənim dualarımı eşidəcəklər?
– Buna mən nə cavab verə bilərəm ki? Tanrı çox mərhəmətlidir.
– Mən buna əmin deyiləm. Eşit: ya mən, ya da uşağımız ölsə, sənin taleyin necə olacaq? Yenə də ağ əndamlı mem-loqların yanına dönəcəksən, çünki qan öz sözünü ucadan deyir.
– Həmişə yox.
– Qadınlarda həmişə elədir; kişilər fərqli olur. Gələcəkdə, amma elə bu həyatında sən öz xalqının içinə qayıdacaqsan. Amma buna dözə biləcəyəm, çünki artıq ölmüş olacağam, öləndən sonra da səni bizim üçün yad olan, tanımadığım cənnətə aparacaqlar.
– Yəni cənnət olacağına əminsən?
– Yəqin ki! Sənin xətrinə kim dəyər ki? Amma biz – uşağımla mən – başqa yerdə olacağıq. Heç sənin yanına da gələ bilməyəcəyik, heç sən də gələ bilməyəcəksən… Qabaqlar, hələ uşağımız olmamışdan, mən heç bu barədə fikirləşmirdim, amma indi beynimdən çıxara bilmirəm. Bunu etiraf etmək çox çətindir.
– Nə olacaqsa, qoy olsun. Sabahkı günümüzdən xəbərimiz yoxdur; amma bu günümüzdən və sevgimizdən xəbərdarıq! Biz indi birlikdə xoşbəxtik.
– O qədər xoşbəxtik ki, bu xoşbəxtliyi qorumaq yaxşı olardı. Sənin Bibi Məryəmin gərək məni eşitsin; axı o da qadındır. Amma yox, bəlkə də, paxıllığımı çəkər! Kişinin qadın qarşısında əyilməsi ayıbdır.
Holden Əmirənin bu qısqanclıq tutmasına ucadan güldü.
– Ayıbdır? Yaxşı, onda bəs niyə məni qarşında əyilməyə qoyursan?
– Sən əyilirsən?! Özü də mənim qarşımda? Ey mənim şahım, bütün şirin sözlərinə baxmayaraq, mən bilirəm ki, sənin qulluqçun və qulunam, ayaqlarının tozuyam. Amma mən heç özüm də istəməzdim ki, başqa cür olsun. Bax. – Holden onu dayandırmağa macal tapmamış əyildi və kişinin ayaqlarına toxundu; sonra yüngül gülüşlə qalxıb Totanı sinəsinə daha bərk sıxdı və az qala qəzəblə dedi: – Düz deyirlər ki, cəsur mem-loqlar bizdən üç dəfə uzun ömür sürürlər? Düz deyirlər ki, onlar ancaq qocalanda ərə gedirlər?
– Onlar da digər qadınlar kimi vaxtı çatanda gedirlər ərə.
– Mən bunu bilirəm, lakin deyirlər ki, onlar iyirmi beş yaşları olanda ərə gedirlər. Bu həqiqətdir?
– Hə.
– Ya Allah! İyirmi beş yaşında! İyirmi beş demirəm, on səkkiz yaşlı qadınla özxoşuna evlənən kimdir, görəsən? Axı bu yaşda qadın saatbasaat qocalır. İyirmi beş! Mən o yaşda artıq qoca qarı olacağam və… Bu mem-loqlar həmişə cavan olurlar! Elə nifrət edirəm onlara!
– Onların bizə nə aidiyyəti var axı?
– Bilmirəm. Bircə onu bilirəm ki, indi yer üzündə məndən on yaş böyük bir qadın yaşayır və həmin qadın on ildən sonra, artıq mən qocalanda, saçlarım ağaranda, Totanın dayəsinə çevriləndə gəlib sənin məhəbbətini aparacaq… Bu ədalətsizlikdir, yaxşı iş deyil. Onlar da bizim kimi ölməlidirlər.
– Amma sənin qocalığına baxmayaraq, hələ də uşaqsan. Buna görə də səni indi qucağıma alıb pilləkənlə aşağı düşürməliyəm.
– Tota! Tota barədə düşün, mənim ağam! Sən istənilən uşaqdan heç də ağıllı deyilsən!
Holden Əmirəni qollarına alıb gülən qadını aşağı düşürdü; anasının ehtiyat üçün başının üstünə qaldırdığı Tota isə gözlərini açıb gülümsündü – lap mələk kimi.
O, sakit uşaq idi. Holden onun varlığından duyuq düşənə kimi oğlan qızılı rəngli, kiçik ilahiyə çevrildi və evlərinin yeganə despotu oldu. Həmin zamanlar Holden və Əmirənin mütləq bəxtiyarlıq ayları idi – yad gözlərdən iraq, Pirxanın qoruduğu taxta darvazalar arxasında gizlənmiş bəxtiyarlıq. Səhərlər Holden öz işini onun kimi xoşbəxt ola bilməyənlərin əvəzinə acı təəssüf hissi keçirməklə yerinə yetirirdi: onun balaca uşaqlara sevgisi yerli yığıncaqlarda iştirak edən anaları da heyran qoyur, əyləndirirdi. Axşam düşəndə o, Əmirənin yanına dönürdü – Totanın gün ərzində elədikləri barədə maraqlı söhbətləri olan Əmirənin; Tota qollarını necə bükür, barmaqlarını necə tərpədir, alçaq çarpayısından özbaşına yerə necə enir və ləngər vuraraq iki ayağı üstə ilk üç addımını necə atır:
– Mənim ürəyim heyranlıqdan düz bir dəqiqə döyünmədi.
Sonra Tota öz oyunlarına heyvanları da cəlb elədi – danaları, balaca boz dələni və xüsusilə də Mian Mittunu – quyruğundan bərk dartdığı tutuquşunu. Mian Mittu düz Əmirə ilə Holden ona yaxınlaşana kimi səsini başına atıb çığırırdı.
– Ay yaramaz! Qaniçən! Damdakı qardaşınla belə davranırsan! Tobah, tobah! Fuy, fuy. Amma mən elə tilsimlər bilirəm ki, sən Süleyman və Əflatun kimi müdrik olacaqsan. Bax, – Əmirə dedi. O, üstü tikməli kisədən bir ovuc badam çıxardı. – Bax! Yeddiyədək sayırıq! Allahın adıyla!..
Qadın qəzəblənmiş, kəkilini qabartmış Mian Mittunu qəfəsinin üstünə oturtdu və uşaqla quşun arasında əyləşib badam dənəsini qabıqdan təmizlədi – içi heç də onun öz dişlərindən ağ deyildi.
– Həyatım mənim, gülmə, bu, əsl tilsimdir. Bax: ləpənin yarısını tutuquşuna, yarısını Totaya verirəm. – Mian Mittu dimdiyi ilə Əmirənin dodaqlarından öz payını ehtiyatla aldi; digər yarısını isə qadın körpənin dodaqlarından öpərkən onun ağzına qoydu, uşaq da anasına heyran gözləriylə baxaraq badam dənəsini tələsmədən yedi. – Mən bunu düz yeddi gün edəcəyəm və heç şübhə yoxdur ki, oğlumuz cəsur, bəlağətli və müdrik olacaq. Ey, Tota, mənim saçlarım ağaranda, sən isə kişiləşəndə kim olacaqsan?
Tota qəşəng ayaqlarını altına yığıb iməkləməyə başladı. İməkləyə bilirdi, amma həyatının ən gözəl çağlarını faydasız söhbətlərə sərf etmək ürəyindən deyildi. İndi istəyirdi ki, Mian Mittunun quyruğunu yenə dartsın.
Bir az böyüyəndə gümüş kəmər taxmaq şərəfinə nail oldu, – boynundan asılan üstü dualı gümüş lövhə və elə həmin kəmər Totanın geyiminin əsas qismi idi, – ayağı büdrəyə-büdrəyə bağçaya təhlükəli səyahətə çıxdı və Pirxanın yanına gəldi, nənəsi arşınmalçılarla söhbət edənə kimi Holdenin atına minməsi müqabilində üst-başındakı bütün qiymətli əşyaları qocaya təklif elədi. Pirxan ağladı və bu cəsur macəra həvəskarının təcrübəsiz ayaqlarını başına qoydu – sədaqət əlaməti olaraq. Sonra da oğlanı anasının yanına apardı. Pirxan and-aman eləyirdi ki, bu uşaq hələ üzünə tük çıxanadək insanlara başçılıq edəcək.
İsti axşamların birində o, damda atasıyla anasının arasında oturmuşdu və şəhər uşaqlarının uçurduğu çərpələnglərin bitib-tükənməz davasına tamaşa edirdi. Xahiş etdi ki, ona da çərpələng düzəltsinlər, Pirxan da onu havaya buraxsın, çünki özündən böyük əşyalarla oynamaqdan qorxurdu. Holden ona frant deyəndə isə uşaq ayağa qalxıb yenicə dərk etdiyi fərdiyyətini müdafiə etmək üçün belə dedi:
– Mən frant deyiləm, kişiyəm.
Bu etiraz az qalmışdı Holdeni gülməkdən boğa və o belə qərara gəldi ki, Totanın gələcəyi barədə ciddi düşünsün. Lakin bu barədə nigarançılıq keçirəsi olmadı. Bu şirin həyat o qədər gözəl idi ki, uzun sürə bilməzdi. Elə buna görə də əllərindən alındı bu həyat – Hindistanda çox şeyi beləcə qəfil, xəbərdarlıqsız alırlar. Pirxanın diliylə desək, kiçik ağa getdikcə daha qüssəli görünməyə, qabaqlar ağrı haqda heç bir təsəvvürü olmasa da, ağrılarından şikayətlənməyə başladı. Qorxudan ağlını itirmiş Əmirə onun yatağı yanında səhərədək gözlərini yummadı, xəstəliyinin ikinci gününün səhəri açılanda isə oğlanlarının həyatına adi payız qızdırması son qoydu. Adama elə gəlirdi ki, onun ölməsi qeyri-mümkün bir şeydir və əvvəlcə nə Əmirə, nə də Holden çarpayıda uzananın yalnız cəsəd olduğuna inana bilmirdilər. Sonra Əmirə başını divara çırpmağa başladı və əgər Holden onun qarşısını zorla kəsməsəydi, bəlkə də, özünü bağdakı quyuya atacaqdı.
Mərhəmət Holdenə nazil oldu. Günorta öz dəftərxanasına gələndə hədsiz dərəcədə çox təzə məktub gəldiyini gördü – onların üzərində işləmək üçün böyük diqqət və xeyli vaxt gərək idi. Lakin o vaxt Holden bunun Tanrı mərhəməti olduğunu sonadək dərk etmirdi.
Güllə yarası adama ilk əvvəl möhkəm çimdik kimi gəlir. Xəsarət almış bədən özünün etirazını ruha on-on beş saniyədən sonra göndərir. Holden də öz dərdini yavaş-yavaş dərk etdi – necə ki qabaqlar xoşbəxtliyini dərk etmişdi və yenə də onun hər bir təzahürünü gizlətməyə möhkəm ehtiyac duyurdu. Əvvəlcə o yalnız bunu hiss edirdi ki, nəsə bir itki üz verib və Əmirə ikiqat olub başını dizlərinə söykəyib oturarkən Mian Mittu damdan “Tota! Tota! Tota!” – deyə çığırıb onu diksindirəndə təskinliyə möhtacdır. Sonralar onu əhatə edən aləmdə, gündəlik həyatında olan nə varsa, sanki üzərinə yeriyirdi ki, ruhunu incitsin. Axşamlar orkestrin ətrafına toplaşan uşaqların hamısının sağ-salamat olması, onun balasınınsa ölməsi ona az qala təhqir kimi gəlirdi. Bu uşaqlardan hansısa təsadüfən ona toxunanda qəlbi daha çox ağrıyır, mehriban atalar öz balalarının sonuncu igidliklərindən onun yanında söz açanda qəlbinin dərinliklərinə qədər sarsılırdı. O öz dərdindən danışa bilmirdi. O, köməkdən, təsəllidən məhrum idi; hər ağır günün sonunda Əmirə onu övladını itirən və bir az artıq qayğı göstərilsə, onu xilas etməyin mümkünlüyünə inanan bütün insanların məhkum olduğu cəhənnəmdən keçməyə məcbur edirdi.
– Bəlkə də, – Əmirə deyirdi, – ona kifayət qədər diqqət yetirmirdim. Görəsən, elədir? Günəş şaxıyarkən o, damda oynayırdı – tək-tənha. Mən isə saçlarımı hörürdüm; bəlkə, elə balamın qızdırmaya tutulmasına günəş səbəb olmuşdu. Onu günəşdən qorusaydım, yaşaya bilərdi. Həyatım, de də. De ki, günahım yoxdur! Axı bilirsən ki, onu həyatımdan çox istəyirdim. De ki, günahım yoxdur, yoxsa ölərəm… mən də ölərəm.
– Günahın yoxdur, – Tanrı dərgahında durubmuşam kimi deyirəm, – heç bir günah etməmisən. Bu, alın yazısı, qismətdirsə, onu xilas etmək üçün nə yolumuz vardı? Olan oldu! Sevgilim, bəsdir daha.
– Əzizim, o mənim üçün hər şey idi. Əgər gecələr əllərim mənə onun yoxluğunu deyirsə, bu fikirləri beynimdən necə çıxara bilərəm? Vay-vay! Tota, qayıt yanıma, qayıt – yenə əvvəlki kimi birlikdə yaşayaq!
– Sakit, sakit! Özünə yazığın gəlsin; sevirsənsə, mənə yazığın gəlsin, sakitləş!
– Görürəm ki, sənin üçün fərqi yoxdur; bəs necə olmalıydı ki? Ağ adamların ürəkləri daş, ruhları dəmir olur. Kaş mən öz xalqımdan olan birisinə ərə gedəydim – lap qoy döyəydi məni – və heç vaxt yad çörəyi yeməyəydim!
– Məgər mən sənə – oğlumun anasına yadam?
– Bəs necə, sahib?.. Uf, bağışla məni, bağışla! Ağlım başımdan çıxıb. Sən qəlbimin həyatı, gözlərimin işığı, gedib-gələn nəfəsimsən, mənsə səni, bir anlıq da olsa, özümdən ayırdım. Əgər sən getsən, kimdən kömək istəyəcəyəm? Acıqlanma! Vallah, danışan mən – sənin sadiq qulun deyildi, dərdim idi məni danışdıran.
– Bilirəm, mən bilirəm. İndi üç nəfər deyilik – ikimiz qalmışıq. Ona görə daha sıx birləşməliyik.
Adətləri üzrə, yenə damda oturmuşdular. Erkən baharın isti gecəsi idi; üfüqdəki şimşək uzaqdan gələn göy gurultusunun sədaları altında çılğın rəqsini edirdi. Əmirə Holdenin qoynunda yuva qurmuşdu.
– Cadar-cadar olmuş torpaq yağış üçün inək kimi böyürür, mən isə qorxuram. Ulduzları birlikdə sayanda mən belə deyildim. Amma məni elə əvvəlki kimi sevirsən, elədir? Baxmayaraq ki bizi birləşdirən məxluq artıq əlimizdən alınıb? Cavab ver.
– Mən səni əvvəlkindən də çox sevirəm, çünki aramızda yeni rabitə yaranıb – bir yerdə yaşadığımız kədərin telləri. Sən də bunu bilirsən.
– Hə, mən bilirdim bunu, – Əmirə astaca pıçıldadı. – Amma sənin öz dilindən eşitmək ikiqat xoşdur, həyatım. Sən kişilik timsalısan. Mən daha uşaq olmayacağam, qadının olacağam sənin. Qulaq as. Sitarımı mənə ver, mahnı oxuyum.
Qadın yüngül, gümüşlə süslənmiş sitarı aldı və igid qəhrəman raca Rasalu haqda balladanı oxumağa başladı. Barmaqlar simlərdə dondu, mahnı kəsildi və bəm səsdən bəsit uşaq nəğməsinə keçdi:
“Balamız möhkəm yatıb,
Şirələnir gavalı
Bağçadakı ağacda.
– Baba, gavalın neçə?
– Girvənkəsi bir penni!
Amma qoymayın seçə!..”
Dalınca göz yaşları, alın yazısına, qismətə etiraz, şikayət gəldi və Əmirəni bu minvalla yuxu apardı. Yuxuda o, yüngülcə inildəyir, böyründəki kimisə qoruyurmuş kimi sağ əlini uzadırdı. O gecədən sonra həyat Holden üçün bir qədər yüngülləşdi. Yaşadığı itkinin daimi ağrısı onu məcbur edirdi ki, işə can atsın – yalnız işdə günün doqquz-on saatını beyni tam işğal olunurdu. Əmirə evdə tək oturub qüssə yeyirdi, amma Holdenin bir qədər sakitləşdiyini görəndə bütün qadınlar kimi özünü azacıq xoşbəxt hiss etdi! Onlar bəxtiyarlıq adlanan nemətdən bir də daddılar, amma bu dəfə son dərəcə ehtiyatla.
– Tota ona görə öldü ki, həddindən çox sevirdik onu. Tanrının bizə paxıllığı tuturdu, – Əmirə belə deyirdi. – Mən pəncərəmizin qabağından yekə qara kuzə asmışam ki, bədnəzərə gəlməyək. İndi biz məmnunluğumuzu göstərməməliyik, ulduzların altında sakit, səssiz dolanmalıyıq ki, Allah bizi tapa bilməsin.
O gündən bəri onlar sevinclərini göstərmir, xoşlarına gələn, məmnun qaldıqlan bir şey olanda “babatdır” deyir və ümid edirdilər ki, göylər onları eşidir.
О проекте
О подписке
Другие проекты