Çəltik deyir:
– Taxılların başıyam,
Döyülməmiş naşıyam.
Pullunun plovuyam,
Kasıbların aşıyam.
Buğda deyir:
– Mənə “buğda” deyirlər,
Çörək yapıb yeyirlər.
Hər gün məni yeməyi
Halvatək istəyirlər.
Darı deyir:
– Darıyam xaşxaş kimi,
Buğdaya qardaş kimi.
Buğdasız təkcə məndən
Çörək bişər daş kimi.
Uçma, uçma, dayan, ey quş!
Gəl ol mənə həyan, ey quş!
Səni mən bağrıma basım
Səhər ertə, axşamçağı.
Sən gəl mənə inan, ey quş!
Başla, oxu, aman, ey quş!
Sevdiyin yerdə sal məskən,
Arabir uç gəl yanıma,
Mülküm sənə olsun vətən.
Qalx, qon tağ və eyvanıma,
Qorxma məndən, ürkmə məndən,
Fərəh ver qəmli canıma.
Tik özünə yuva, ey quş!
Ey bizlərə mehman olmuş!
Qış çıxar, açar yazı bənövşəm,
Eylər bizə nazı bənövşəm,
Hər gülün sərəfrazı97, bənövşəm.
Aman, ay bənövşəm, dərim səni,
Stol üstünə qoy sərim səni.
Yer ilə yeksan eyləyir özünü,
Göstərir bizə göy, ala gözünü,
Anlayan olmaz söhbətin, sözünü.
Aman, ay bənövşəm, dərim səni,
Stol üstünə qoy sərim səni.
Ətri var gözəl, sadədir özü,
Ətrinə valeh eyləyir bizi,
Üzsələr də, heç yoxdur bir sözü.
Aman, ay bənövşəm, dərim səni,
Stol üstünə qoy sərim səni.
Ey səhralarda bitən bənövşə,
Fürsətin əgər bir əlinə düşə,
Qoymaram ola məskənin meşə.
Aman, ay bənövşəm, dərim səni,
Stol üstünə qoy sərim səni.
Dəstələr bağlaram, iylərəm səni,
Aman, ay gülüm, bəslərəm səni.
Dünyaya gəl eylə yaxşı diqqət,
Seyr eylə nizamına həqiqət.
Bir başqa büsat, başqa hikmət,
Bunlar hamısı anam təbiət!
Torpaq özü nemət yaradandır,
İnsan da ondan yaranandır.
Heç vaxt demə, xak zir-zibildir,
Hər bir ovucu onun qızıldır.
Axtarma sən özgə mədəniyyət.
Bir cüt öküz ilə bir xış et saz,
Ya fəsli-payız gələndə, ya yaz,
Bir parça yeri əməlli sən qaz,
Səp hər cürə toxumu yerə bir az.
Şəksiz, verəcək bizə otuz qat.
Ya bir yerə meyvədar98 ağac ək,
Qurd və quşunu təmizlə tək-tək.
Yay fəsli sula, nə qəhri var, çək,
Məhsul olacaqdır onda, bişəkk99,
Yığ onu, apar bazarda qoy sat.
Ya bir yerə bostan ək baharda,
Ətrafını saxla bərk hasarda,
Qarpız da, yemiş də ək, xiyar da,
Məhsulu sat, apar bazarda.
Hər işinə-gücünə özün çat.
Yaz uzunu canım bişdi,
Payız girdi, qabaq qışdı,
Külək əsdi, soyuq düşdü.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
Külək əsir gün batandan,
Bulud gəlir dörd bir yandan,
Yağış verməz zərər hər an.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
Canım külək, gözüm külək,
Başımıza açma kələk,
Qoy barı-meyvəni dərək.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
Külək əsir bağa sarı,
Tökəcək heyvanı, narı,
Qalacaq yarıbayarı.
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
Alma, armud, heyva, üzüm,
Ağaclarda düzüm-düzüm,
Aman, külək, eşit sözüm:
Əsmə, külək, əsmə, külək,
Ümidimi kəsmə, külək!
Dağa-daşa duman çökür,
Yarpaqları külək tökür,
Ağacları burub bükür.
Əsmə külək, əsmə külək,
Ümidimi kəsmə, külək!
Bahar fəsli cavan bülbül,
Açıldı gülüstan, bülbül,
Gülü yada salan bülbül,
Oxu bir qədər, can bülbül!
Yazın hüsnü çəmən-güldür,
Bənövşə, lalə, sünbüldür,
Onun da hüsnü bülbüldür,
Oxu, oxu, hər an, bülbül!
Yazın divanəsi sənsən,
Gülün pərvanəsi sənsən,
Oduna onun yanan sənsən,
Gül başına dolan, bülbül!
Yaza yaşıl çəmən azdır,
Bənövşə, yasəmən azdır,
Gülün qədrin bilən azdır,
Gül qədrini bilən bülbül!
Yaz açılmaz, gül olmasa,
Gül olmaz, bülbül olmasa,
Bunlar bir, yekdil olmasa,
Çəkər ah-fəğan bülbül!
Yazın həsrətkeşi çoxdur,
Yazı yad etməyən yoxdur,
Həvəs bülbüldə nə çoxdur,
Həmən yazdır, həmən bülbül.
Bahar əyyamı hər ildə,
Çox halət var qızılgüldə,
Qanıb bu əhvalı bülbül də,
Açır dil lal olan bülbül.
Qar gedər, yer açılar,
Göydən rəhmət saçılar,
Çəmən, çiçək açılar,
Bil, bu, hansı fəsildir.
Quşlar bala balalar,
Maldar ot-ələf çalar,
Sünbül çıxar, dən olar,
Bil, bu, hansı fəsildir.
Meyvə dəyib dərilər,
Xırman-taxıl döyülər,
Aləm behiştə dönər,
Bil, bu, hansı fəsildir.
Qar aləmi ağardar,
Xalq malı dama salar,
Hər evdə ocaq yanar,
Bil, bu, hansı fəsildir.
Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.
Yağış gəlir yağa-yağa,
Yarəb, yağa bizim bağa,
Çəmən, gülə, dağa, düzə,
Yeri doyunca içirə.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
Hava hərdəm gözəlləşə,
Aça çiçək çəmən, meşə.
Yağmur yağıb, günəş doğa,
Çıxa əkinçilər işə.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
Bostançılar, əkinçilər
Yaz olanda yağış dilər.
Yerə, yurda toxum əkər,
Ağacların dibin qazar.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
Əkin elin süfrəsidir,
Taxıl qeybi100 xəznəsidir.
Öküz, kotan, mala, toxum.
Xalqa ruzi təknəsidir.
Ey aləmin canı yağış!
Yağ, islat dünyanı, yağış!
Yaz olanda yağar yağış,
Otlar uzanar bir qarış,
Qaranquş eylər sifariş:
– Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
Yaz olanda açar güllər,
Baş çıxardar qərənfillər,
Xəbər göndərər bülbüllər:
– Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
Yaz olanda çölün düzü,
Heyvanlara verər ruzu,
Bunu qanıb deyər quzu:
– Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
Yaz olanda çəmən, çiçək
Çox gözəl olur, çox göyçək,
Sabah açılsın bir görək.
Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
Meylin var isə ədəbə,
Yaşayacaqsan şərəflə,
Dur get hər gündə məktəbə.
Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
Başda uzun buynuzları,
Yekəsaqqal, tükü sarı
Keçim gedir dağ yuxarı.
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
Keçim, qurda rast olmayasan,
Qabağında müc101 qalmayasan,
Bizi əngələ salmayasan.
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
Sənsən sürünün seyizi102,
Gəzir sürü sənsiz düzü,
Cana gətirdin sən bizi,
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
Keçim gedir nə hal ilən,
Zorba, şələ saqqal ilən,
Dalda bir sürü mal ilən.
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
Keçim dırmaşar qayayə,
Gəzər otun yeyə-yeyə,
Bir kəs yoxdur ona deyə:
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
Keçim, adın Qurban ağa,
Yavaş-yavaş en aşağa,
Gözəl xanım səni sağa.
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim!
Ey havada uçan durna,
Bizi qoyub qaçan durna.
Get, xoş gəldin, səfa gəldin,
Gələcəksən haçan, durna?
Göy çəməndə gəzən durna,
Su üstündə süzən durna.
Gəl bir, gözüm görsün səni,
Al-yaşıla bəzən, durna!
Getmə, getmə, gözüm durna,
Sənə var bir sözüm, durna.
Sən gedəndə necə sənin
Həsrətinə dözüm, durna!
Yaşılbaşlı durna quşum,
Sənsən dərdimin çarəsi.
Götür məni, ərşə uçum,
Təbiətin mahparəsi103!
Dağı-daşı aşıb keçək,
Yetir məni muradıma.
Yaylaların suyun içək,
Durnam, gəl çat imdadıma.
Səhralarda gəzəcəksən,
Mən yazığam, aman durna.
Dəryalarda üzəcəksən,
Sən gəl mənə inan, durna.
Aman, durna, canım-gözüm,
canım-gözüm,
Sənə budur axır sözüm, axır sözüm.
Uçur məni, uçur məni, uçur məni,
Dəryalardan keçir məni, keçir məni.
Bir tazə cavan seyrə çıxıb, gəzdiyi bağda
Gördü açılıb gülləri hər yanda, baharda.
Reyhan, qərənfil gülü, əlvan çiçəklər
Yaşıl çəmənə ətir saçıb, cənnətə bənzər.
Gül şaxına qonmuş, oxuyur bülbüli-nalan,
O bağa saçır atəşi-eşqin dili-suzan.
Bu hüsni-behişti bu təbiətdə görüb o
Əl atdı gülün bir xəzəlinə yahu.
Batdı əlinə şax gülün xar104 tikanı,
Səthi-çəmənə axdı onun qırmızı qanı.
– Qan tökmə, – dedi, – mərhəmət et,
qaçma, üzül gəl,
Ünsiyyətin olsun, burax o xarı, qızılgül!
Gedirdi bir kişi çiynində bir tüfəng yolda,
Bir az kənarda yatmışdı tülkü bir kolda.
Tüfəngi çəkdi görən tək kişi, təsəvvür edib
Dedi öz-özünə, bir qədər təkfir105 edib:
– Bunu atıb sataram, xeyli pul olar ondan,
Qoyun alıb o pula, bəslərəm bəqədrimkan106.
O da hər il doğub artar, yataq olar, şəksiz,
Yeyib göy otlağı yaylaqda, çağ olar, şəksiz.
Onun mədaxilinə ev tikib, həm evlənərəm,
Neçə uşağım olar: Əhməd, Qədir və Kərəm.
Cavanlaşar yetişən hər biri uşaqların,
Mənim kimi kişinin axırı görər karın.
Biri gedər əkinə, o biri gedər qoyuna,
Belə kamallı uşaqlarımın dönüm boyuna.
Bu tövr nərə vurub tülkünü qaçırdı kişi,
Xəyala tövr verib, qışqırıb bitirdi işi.
Bir çəməngah içində hər yan gül,
Aşiyan108 eyləmişdi bir Bülbül.
Hər zaman yaz günü sabah-axşam
Peşəsi biqərar, biaram
Oxumaq idi fəxr edib səsinə,
Cəh-cəhin dalbadal gəlməsinə.
O çəməngahda torpağa bataraq
Gəzir idi qarışqalar çaparaq.
Hər biri min əzabü zəhmətlə,
Min əziyyətlə, min üqubətlə109
Sürüdürdü yer üzrə öz yükünü,
Görür idi qışın tədarükünü.
Danə həm toxm110 cəm edirdi bütün,
Yer üzünə xüruc111 edib hər gün.
Bülbül ancaq uyub hava-həvəsə
Vermiş idi gücün sədavü səsə.
Eylə ki, yay gəlib mürur112 etdi,
Payızın sırsırı zühur etdi.
Qaldı Bülbül həm ac, həm çılpaq,
Dedi dərdin Qarışqaya axmaq:
– Bir neçə danəyə olub möhtac,
Altı ay qış qabaqda var, mən ac.
Azacıq öz tədarükündən sən
Ver, məni saxla barı ölməkdən.
Söylədi Bülbülə Qarışqa: – Gözüm,
Bilirəm hər işin sənin mən özüm.
Mən ki, yüz rənc, yüz məşəqqət ilə
Çalışırdım çəməndə zəhmət ilə.
Baxır idim sənin kamalına mən,
Yazığım çox gəlib bu halına mən.
Sən gülün şaxına qonub hər vəqt
Eyləyirdin təranə, ey bədbəxt.
Verməzəm heç mən sənə danə,
Deyirəm doğru, mərd-mərdanə.
Fikr elə, mən neçin toxam, sən ac,
Bax bəsirət gözü ilə, ey möhtac!
Naxanın düşdü fikrinə getsin,
Pişiyin sənətini işlətsin.
Pişiyə söylədi: – Bir fikrim var,
Kəsəyən114 tutmağa məni də apar.
Zirzəmi içrə ovlayaq siçanı,
Nə hesabı bilinsin, həm nə sanı.
Dedi Məstan: – Aman! Aman!
A Naxa, çox çətin peşədir şikar sana.
Naxa başladı: – Doğrusun deyirəm,
Mən həmişə şəma115 tutub yeyirəm.
Mahirəm, ov işində ustadam,
Gecə-gündüz şikara mötadam116.
– Eybi yox, gəl gedək, – dedi Məstan,
– Hazıram mən, bu sən, bu da meydan.
Getdilər, hər yeri pişik gəzdi,
Harda gördüsə ov, başın əzdi.
Sonra gəldi yoluxmağa Naxanı,
Gördü çıxmağa az qalıbdı canı.
Ağzı açıq yatır Naxa bitab,
Mışovul quyruğun yeyibdir lap.
Su tərəf gəlməyə aman yoxdur,
Canı çıxmayıbsa da, hal yoxdur.
Çox güc ilə pişik sürütdü onu,
Suya saldı əqilsiz heyvanı.
Dedi: – Get, qismətin nə isə elə,
Özgə kəsbin gətirmə heç dilə.
Getmə sən görmədiyin özgə işə,
Kəsəyən tutmağı heç etmə peşə.
İt ilə Tülkü, Qurd ilə Aslan
Oldular dost, dörd heyvan.
Şərt edib verdi əhd bir-birinə,
Düşə ov hər kəsin əgər girinə118,
Gətirib meydana onu qoysun,
Dörd yana o ovu gərək bölsün.
İttifaqən bu hiyləbaz Tülkü
Bir maral tutdu xeyli saz Tülkü.
Dostların yığdı o ovun başına
Ki, verə hissə cümlə yoldaşına.
Tülkünün bu ovu gözəl şey idi,
Kimsə verməz, əlinə düşsə idi.
Gəldi məcmui, gəldi Aslan da,
Çəkilib həm oturdu bir yanda.
Çəngəlü cırmağın yumub-açaraq,
Yoldaşı təftiş119 eyləyib baxaraq,
Başladı ovu etməyə təslim.
Dedi: – Ey dost, aşinayi-əzizim,
Dörd nəfər yoldaşıq, onunçün mən
Bölmüşəm ovu dörd yana qəsdən.
Rəsədimlə120 bu bir pay manadır,
O biri pay da mən aslanadır.
Sahibəm bu üçüncü paya, yəqin,
Zorluyam sizdən, onu siz də bilin.
Dördüncü paya əgər bir kəs,
Nəfsini güdməyib edərsə həvəs,
Bir qapaz başına salıb onun,
O saətdə çıxardaram canın.
Naxoş olmuşdu bir günü Aslan,
Elan etmişdi böylə bir fərman:
“Cümlə heyvan gəlib məni görsün,
Halını padşahının sorsun.
Kəsb qılsın rizasın Aslanın,
Çəkməsin heç bəlasın Aslanın”.
Axışırdı, gəlirdi heyvanlar,
Şaha qurban olurdu canlar.
Tülkü ancaq gözə görükməz idi,
Səmti-Aslana heç getməz idi.
Tülküdən sordular bunun sirrin:
“Niyə gizlənmisən, nədir fikrin?!
Dedi Tülkü: “Mənə bu əl verməz,
Aslanın yanına gedən gəlməz.
Yuvası aslanın cəhənnəmdir,
Nandan121 ehtiyat əlzəmdir122.
Ehtiyat üzrə olmayan şaki,
Heç bir işdə olmaz idraki”.
Bir günü Kirpiyə dedi Dovşan:
– Bədənin hər yerin basıbdı tikan.
Sən məgər üstə-başa baxmırsan,
Tikan içrə məyər darıxmırsan?
Gey mənim eşməyim123 kimi kürkü,
Yumuşaq, yaxşı, yox pası-çirki.
Verdi Kirpi cavab Dovşana,
Dedi eybini qanmaz heyvana:
– Yaxşı eşmək mənim nə hacətimə,
Batmasın canavar dişi ətimə.
Bir uşaq yazda istədi, getsin,
Bağı başdan-ayağa seyr etsin.
Bağa girmişdi, gördü gül açılıb,
Hər tərəfə güldən ətir saçılıb.
İstədi gül budağını əysin,
İyləsin, bir neçə gülün dərsin.
Əlinə batdı yerbəyer tikanı,
Uşağın bir qədər sıxıldı canı.
– Nə tikandır, – dedi, – basıb səni, gül,
Qonmasın üstünə yazıq bülbül?
At yerə hər nə var tikan səndə,
Qan tökən olma, bir usan sən də!
О проекте
О подписке
Другие проекты
