Читать книгу «Spartak» онлайн полностью📖 — Рафаэлло Джованьоли — MyBook.

Beşinci fəsil
Katilinanın yemək otağı və Valeriya ilə görüş

Katilinanın evi təpənin döşündə idi. Yemək otağının dəbdəbəsi bütün Romada məşhur idi. Axşam idi, Lutsi Sergi Katilina qonaqlıq düzəltmişdi, öz dostları ilə yeyib- içirdi.

Katilina və qonaqları taxtlarda balışlara dirsəklənib uzanmışdılar. Yemək otağı adamlarla dolu idi. Onlar Romanın çox da xeyirxah vətəndaşları deyildi, heç də münasib işlər və hərəkətlər üçün bura yığışmamışdılar.

Mavi geyimli qullar qonaqlara quluq edirdilər. Onlar şərəfli taxtın qarşısında durmuşdular və ilk işarə ilə qonaqların hər arzusunu dərhal yerinə yetirməyə hazır idilər.

İçməkdən sərxoş olmuş qonaqlarsa yoxsulluqdan və hakimiyyətdən şikayətlənirdilər.

Bir azdan zala bir qul girib ev sahibinə yaxınlaşdı və onun qulağına astadan bir neçə söz söylədi.

Katilina sevincək dilləndi:

– Axır ki, gəlib çıxdı. Gətir onu bura, qoy yoldaşı da onunla gəlsin.

Sonra əlavə elədi:

– Onlara lazımınca qulluq edin. Ayaqlarını yuyun, bədənlərinə ətir sürtün, əyinlərinə qonaqlıq paltarı geyindirin, başlarına çələng qoyun.

Çox keçmədi ki, xidmətçilər onları gətirdilər. Təzə qonaqların əynində ağ qonaqlıq paltarları, başlarında da qızılgül çələngi vardı.

Onlar Spartakla Kriks idi. Katilina yerindən qalxıb qonaqları qarşıladı. Spartakın əlindən tutub uzandığı taxta tərəf gətirdi, Kriksi şərəfli taxtın qabağında qoyulan skamyada oturtdu, özü də onun yanında əyləşdi.

Katilina təzə gələn qonaqları da şəraba qonaq edib sözünə başladı:

– Bəli, şanlı cavanlar, mən sizi bura bir məsələni müzakirə etmək üçün çağırmışam. İşimizin xeyri üçün Spartakla, onun qladiatorları ilə birləşməyimiz necə olardı? Ali hakimiyyət qorxunc zadəganların əlindədir. Onlara qarşı çıxmaq istəsək, gərək haqqını qorumağı bacaran adamlarla birləşək. Qulların ağalara qarşı müharibəsi bizim də müharibəmiz olmalıdır.

Qonaqlar narazı halda deyindilər. Katilinanın nitqi çoxunun xoşuna gəlməmişdi. Spartak həyəcan içində Katilinaya qulaq asırdı, həm də cavan patrisiləri diqqətlə müşahidə edirdi. Onun rəngi qaçsa da, sakit ifadə ilə dedi:

– Siz azad adamlarsız, amma bununla belə, sizi dövlət işlərini idarə etməkdən kənarda saxlayırlar. Buna görə də sizin üçün bircə şey mühümdür: indiki hökmdarların yerini tutmaq! Amma biz bədbəxt qladiatorları tamamilə başqa şeylər narahat edir. Hamı bizə “rəzil adam” deyə həqarətlə baxır. Məğrur romalıları əyləndirmək üçün bizi bir-birimizlə vuruşmağa, bir-birimizi öldürməyə məcbur edirlər! Buna görə də üsyan etməkdə məqsədimiz ancaq indiki hökmdarların əleyhinə deyil, onların yerinə gələn hökmdarların da əleyhinə mübarizə aparmaqdır.

Qaldırılan məsələnin müzakirəsi çox çəkdi, axırda belə qərara gəldilər ki, qiyamı əlverişli bir vaxta saxlasınlar. Spartak Katilinaya və onun dostlarına kömək etməyə hazır olduğunu bildirdi. Sonra ev sahibi və qonaq- larla sağollaşdılar. Patrisilər onları saxlamağa çalışsalar da, Spartak da, Kriks də imtina edib Katilinanın evindən çıxdılar.

Təxminən üç yüz addım yol getdikdən sonra Spartak sözə başladı:

– Orda çox adam vardı, bir də onların hamısı bizim tərəfimizdə deyildi. Eşitdin də, qaldıracağımız qiyam onların nəzərində dəli adamın xəyalı kimi dağılıb getdi. Bu saat Aksianın qladiatorlar məktəbinə get, bizim təbrik parolumuzu, əl-ələ görüşərkən etdiyimiz gizli işarəni dəyiş. İndi bizim parolumuz “İşıq və azadlıq” deyil, “Səbat və qalibiyyət” olacaq. Daha üç dəfə dostcasına əl sıxılmayacaq, sağ əlin şəhadət barmağı yavaşca o biri adamın sağ əlinin ovcuna vurulacaq. Daha get. Vaxt itirmə. Sabah səhər tezdən Yuli Rabetsinin məktəbində görüşərik.

Spartak Kriksin əlini sıxıb Sullanın evinə sarı getdi. Çox keçmədi ki, ora çatdı. Qapını döydü. Qapıçı qapını açıb onu Valeriyanın Mirtsa üçün ayrılmış kiçik otağına apardı.

Spartak otağa girən kimi Mirtsa onun boynuna sarılıb üz-gözündən dəfələrlə öpdü. Sonra fərəhlə onu xanımının çağırdığını söylədi. Sən demə, Valeriya Spartakı əri Sullanın qladiatorlar məktəbinə rəhbər təyin etmək istəyirmiş. Sonra əlavə elədi:

– Sənə bir sirr də açım. Amma yalvarıram, qoy öz aramızda qalsın. Sirkdə sənə azadlıq verilməsini Sulladan Valeriya xahiş edibmiş!

Spartakın həyəcandan bədəni sarsıldı, rəngi ağardı. O, fikrə getdi.

Bir azdan Mirtsa qardaşına dedi:

– İndi gedib sənin gəldiyini Valeriyaya söyləyəcəm. Səni onun yanına aparmaq üçün özündən icazə almalıyam.

Mirtsa bir anda gözdən itdi. Spartak dalğın olduğundan onun getdiyini duymadı. O, Valeriya ilə ilk dəfə ay yarım bundan əvvəl rastlaşmışdı. Elə o zamandan onda bu gözəl qadına qarşı odlu arzu, böyük həsrət hissi oyanmışdı. Zavallı frakiyalı ilk vaxtlar bu yeni hissi qəlbindən çıxarmağa çalışmışdı. Amma ayaqları onu dəfələrlə Sullanın evinin qarşısına aparmışdı. Bu gedişlərin birində Valeriya Spartakı sezmişdi. Zavallı rudiari18 Valeriyanın bir anlığa ona şəfqətlə baxdığını hiss etmişdi. Spartak hələ də şaşqın-şaşqın, sanki sərsəm halda düşünürdü.

Mirtsa gəlib Spartakı Valeriyanın otağına aparanda, o, üzdən çox sakit görünürdü, lakin qəlbinin bərk-bərk döyündüyünü hiss edirdi. Onlar kiçik bir pilləkənlə aşağı enib konklava19 sarı getdilər.

Çox zərif yundan tikilmiş mavi haşiyəli, ağ tunikaya bürünən gözəl Valeriya bu sakit otaqda təkbaşına taxtda dirsəklənib uzanmışdı. Spartakın üzü Paros mərmərindən də ağ idi. O, alışıb-yanan gözlərini gözələ dik- mişdi.

Valeriya qalxıb oturdu, dərhal qızaran gözəl üzünü Spartaka sarı çevirdi, dərindən nəfəs alıb mehriban bir səslə dedi:

– Allahlar səni öz himayəsində saxlasın, şanlı Spartak!

Spartak özünə gəlmişdi. O, zərif, titrək səslə dedi:

– İlahi Valeriya, allahlar layiq olduğumdan artıq məni himayə edirlər. Onlar sənin himayəni mənə bəxş edirlər.

Valeriyanın qəlbində gözəl bir hiss doğdu, mehriban səslə dedi:

– Əziz Mirtsa səndən mənə çox şey danışıb. İgidliyin də mənə məlumdur.

Mehriban səslə söylənilən bu söz Spartakın qəlbinə məlhəm kimi yayıldı. Onun gözləri yaşardı, sakit səslə söylədi:

– Ah, dünyanın ən mərhəmətli qadını, bu xoş sözlərin üçün həmişə allahların inayətində olasan… Qoy böyük allahlar səni bütün insanlardan yüksəkdə tutsun… Sən buna layiqsən. Qoy onlar səni dünyanın ən xoşbəxt qadını eləsinlər.

Spartakın son sözündən sonra susdular. Sükutu Valeriya pozdu:

– İndi sən tamamilə azadsan. Sulla Kumadakı villasında altmış quldan ibarət məktəb açıb. Sən bu məktəbi idarə etməyi boynuna götürərsənmi?

Spartak böyük nəzakətlə Valeriyaya baxaraq yavaşca dedi:

– Sən nə istəsən, mən onu yerinə yetirməyə hazıram. Axı mən sənin qulunam, sənin ixtiyarındayam.

Altıncı fəsil
Təhdidlər, qiyamlar, təhlükələr

Gözəl kurtizan qadın Evtibida evində, söhbət zalında qırmızı balışlar üzərində uzanmışdı. O, yanındakı adamdan soruşdu:

– Məsələnin nə yerdə olduğunu başa düşdünmü?

Evtibida verdiyi sualın cavabını gözləmədən əlavə etdi:

– Yaxşı, bu vaxtadək nə öyrənə bilmisən?

– Bu saat deyim… həm çox şey öyrənmişəm, həm də heç nə…

– İndi bunu necə anlayaq?

– Füsunkar Evtibida, əgər mənim bacarığım qladiatorların hazırladığı qiyamın üstünü açmaqla ölçülürsə, onda qabiliyyətimi başqa şeylə sınağa çək. Çünki bu qiyamın üstünü açmaq mümkün deyil, ona görə ki belə bir qiyam yoxdur. Axı sən bu üsyan məsələsini kimdən eşitmisən?

– Bir qladiatordan… Sən yenə də qladiatorları gözdən qoyma.

– Kumada onları izləyəcəm, Kapuyaya da gedəcəm.

– Bir şey bilmək istəyirsənsə, onda hamıdan çox Spartaka göz qoy!

– O ki qaldı Spartaka, onu addım-addım izləyirəm: özü də ancaq səndən ötrü yox, həm də Sulladan ötrü…

– Spartak Sullanı öldürmək istəyir?

– Sən nə danışırsan, gör ağlına nə gəlir?!

– Bəs onda nə olub?

– Deyəsən, Spartak Valeriyaya vurulub, qadın da ona.

Cavan qadının rəngi ağardı, yumruqlarını qəzəblə sıxıb qışqırdı:

– Ola bilməz!

– Bunu hamı deyir. Amma əlimdə dəlil yoxdur…

– Deməli, bir başqası var… o mənə qalib gəldi!

Qadın əlləri ilə üzünü örtüb hönkür-hönkür ağladı.

Metrobi bu sirri bölüşdüyünə çox peşman oldu. O, yavaş səslə dilləndi:

– Ancaq yalvarıram sənə… Məni ələ vermə…

– Qorxma, Metrobi, qorxma! Qulaq as, gör sənə nə deyirəm… Kumaya get… Onların hər addımını izlə… bir dəlil tap… biz onda Sullanın şərəfinin də, mənim qürurumun da qisasını alarıq!

O, zavallını itələyə-itələyə otaqdan çıxardı. Evtibida Metrobi ilə vidalaşıb öz otağına qayıtdı, qapını bağlayıb xeyli var-gəl elədi. Gözəl Evtibidanın qəzəbinin səbəbini anlamaq üçün bir az geri qayıtmalı olacağıq. Spartak Valeriyanın eşqi ilə yandığı bir vaxtda Evtibida bir neçə dəfə onu öz yanına çağırmışdı. Axırda Spartak onun evinə gedəsi oldu. Qadın ona ürəyini açıb tökdü, onu sevdiyini dedi, lakin heç gözləmədiyi halda qladiatordan rədd cavabı aldı. Spartakın hərəkəti Evtibidanın heysiyyətinə toxundu.

Cavan qadın qapını bağlayıb otağında gəzişirdi, qəlbindən qara qanlar axırdı. Metrobisə həmin vaxt atını dördnala Kuma istiqamətində çapırdı. Libitina Venerasında isə bundan heç də az mühüm olmayan bir hadisə baş verirdi. Həm Spartak, həm də qulların azadlığı üçün təhlükə əmələ gəlmişdi…

Axşamçağı Taygöz Lutasiyanın yeməkxanasına yeyib-içmək üçün çoxlu qladiator gəlmişdi. Süfrə başında qladiator Kriks oturub qonaqlığa başçılıq edirdi. O öz yoldaşları ilə süfrənin ətrafında oturanda gördü ki, otağın bir küncündə qoyulmuş masada yemək artığı qalıb. Kriks Lutasiyaya sarı çevrilib soruşdu:

– Bu balaca masanın arxasında kim xörək yeyib?

Lutasiya dönüb baxdı və təəccüblə dedi:

– O hara getdi? Masanın da üstünə səkkiz sestertsi pul qoyub… Yediyi xörəyin pulundan da çoxdur.

Lutasiyanın çərənləməsi Kriksi özündən çıxartdı. O çığıraraq dedi:

– Qoca kaftar, bu adamın adını deyəcəksən, ya yox?

– Axmaqlar, deyim də! O masanın arxasında Sabina elindən gəlmiş bir taxıl alverçisi yemək yeyib. Hər gün həmişə eyni vaxtda burda olur.

Qladiatorlar bərk acmışdılar, dinməz-söyləməz yeyirdilər. Bir azdan otaqda tək qalmalarından istifadə edib astadan danışmağa başladılar:

Конец ознакомительного фрагмента.