Читать книгу «Həbsxana» онлайн полностью📖 — Qənimət Əlisaoğlu — MyBook.

«ÇEFİRŞİK»

Eyni çəmənlikdə öküz – ot, it – dovşan, durna – kərtənkələ axtarır…

L. Seneka

21 yanvara «avşaq» seçkisi təyin olundu. «Avşaq» «obşak» sözünün təhrif olunmuş formasıdır və yalnız Bayıl türməsində «avşaq» kimi tələffüz olunur. «Obşak» həbsxanada ümumi kassaya deyilir. Bu kassa bir nəfərə həvalə olunur ki, həmin şəxs də müəyyən imtiyazlara malikdir.

İndi bütün İttifaqda56 səs-küyə səbəb olan aşkarlıq və demokratiya türmədə yüz illərdir ki, hökm sürür, məxsusən «avşaq» seçkisində.

Məhbus saxlaya bildiyi bircə gilə sərbəstliyi də «avşaq»a həvalə edərək özünü müəyyən mənada yüngülləşdirir. «Avşaq» qanunun keşiyini çəkməli, kameradakıların sözünü, tələb və xahişini yuxarılara çatdırmalı, ədalətli pay bölgüsünə rəhbərlik etməlidir.

Çox vaxt isə… «avşaq» ədalətsiz pay bölgüsü yaradır, özü müftəxor parazitə çevrilir, yuxarıda oturub öz «dolya»sını alır, iş görmür, əmrlər verir, «razborka» aparır.

«Razborka», yəni, hər hansı bir mübahisənin çözülməsı əksər hallarda güclünün, imkanlının, sözükeçənin xeyrinə həll olunur. Bir sözlə, ədalətsizliklə dörd divar arasına düşmüş gücsüz, pulsuz və kimsəsiz məhbus daha acınacaqlı halla rastlaşır, ədalətsizliyin astarını da görür, üzünü də.

«Avşaq» toxunulmazlıq statusuna malikdir. Onun sözünün qabağına söz deyilə bilməz. Əks təqdirdə söz deyənə «maya» qoyulur. «Oper»lərin birinə 200 re rüşvət verib adamı başqa kameraya göndərirlər. Kameranın ümumi kassası, yəni «obşak» pulları da «avşağın» sərəncamında olur.

38-ci kamerada bu pullar qeyri-qanuni xərcləndiyi, yəni aidiyyəti üzrə xərclənmədiyi üçün tez-tez mübahisə yaranırdı. Nəhayətdə ikitirəlik alındı və türmə praktikasında, bəlkə də, ilk dəfə bir kamerada iki «avşaq» fəaliyyət göstərəsi oldu.

Axşam, Baloğlan «srok»un alandan sonra «kormuşka»dan bizimlə əhvallaşıb ayrıldı (məhkəmədən sonra imkansız «zek» kameraya girə bilmir, çünki girib yoldaşlarla görüşmək üçün «nazor»a ən azı 50 re pul verməlidir). Ayrılanda da öz təqdimatını verib:

– Müəllimə mən də səs verirəm, – dedi.

Sən demə, «avşaq» seçkisində mənim namizədliyim nəzərə alınıbmış.

Hər gün, təqribən saat 10 radələrində «zek»i proqulkaya57 çıxardırlar. Heyvan saxlayanlar bu işin nədən ibarət olduğunu yaxşı bilirlər. Eyni ilə qoyunları otlamağa aparan kimi «nazor» «zek»ləri qabağına qatıb «proquloçnıy» həyətə aparır. Bu həyət Bayıl türməsinin I korpusunun kəllə tərəfində, üstü üç sıra qalın armatur çərçivə ilə qaynaqlanıb örtülmüş dəmir qapılı balaca bir sahədir. «Zek»in ayaqları tutulmasın və üzünə hava dəysin deyə, gün ərzində bir dəfə onu bu tövləyə çıxarır və 15-20 dəqiqə burda saxlayırlar. Tövlələrdən bircəsi 40 kv. metrdir. Digərlərində heç gəzmək, daha doğrusu «tasovka»58 üçün yer də çatışmır. Məhz, həmin tövlədə «tasovka» etmək üçün «burjuylar» arasında rəqabət aparılır. Hansı kamera 5 re versə, həmin gün böyük tövlədə «tasovka» edir, həm də düz bir saat. Yalnız bu gəzinti «zek»i hələ də həyatın mövcudluğuna inandırır. Tavan yerindəki dəmir barmaqlığın arasından görünən mavi səma, qara bulud bir də Bayıl türməsinin həyətindəki böyük tut ağacı ona həyatın varlığını andırır.

İybilmə qabiliyyətini, qismən də olsa, saxlamış burnumuz çöldən kameraya qayıdarkən bizə it damına girdiyimizi xatırladırdı. İnsanın iyi itin iyindən də pis olarmış, İlahi! Bu iyin heç olmasa azalması xatirinə hər həftə hamamçıya 10 re pul verməlisən ki, kameraya hamam günü təyin etsin.

Bütün bu təşkilatçılıq işi, ərzaq məhsullarının alınması və səmərəli bölüşdürülməsi, kamera haqlarının vaxtında verilməsi «avşaq»m vəzifə borcudur…

… İclası Yaşa açdı. Giriş sözü qısa və aydın söylənildi. Köhnə «avşaq»ın təcrübəsizliyi, cavanlığı, buraxdığı xırda səhvlər qeyd edildi. Üzlərdə şən təbəssüm də hiss olunurdu, istehza da. Çıxışlar başlandı.

Həmdəmov Əzizalı söz alıb əvvəlcə sakit, sonra tələsə-tələsə qısa çıxış etdi:

– Bizə qoç lazım deyil, ağıllı yoldaş lazımdır. Elə öz adamımızı Allah özümüzə yetirib. Müəllim olsun «avşaq».

Cəfər onun sözünü ağzından aldı:

– Şərikəm. Dünyagörmüş adamdır. Xosrov kişidən də yaxşı «avşaq» olardı, ancaq onun məhkəməsi başlayır, bu günlərdə gedəcək. Müəllim təzə gəlib, hələ azından altı ay buradadır. Onu seçsək, uzun müddət işləyə bilər.

Bir qımıldandım ki, deyəm, «Özünə qismət olsun altı ay», ancaq səbrimi basdım, çaşdığını fikirləşdim. Hardan biləydim ki, Cəfər hələ mənə hörmət eləyib, müddəti yanbayan azaldıb?!

Səsverməyə ehtiyac qalmadı. Çıxışçıların hamısı bir rəy verdi, yekdilliklə seçildim. Sevindirici idi, acınacaqlı idi, deyə bilmərəm, ancaq bir hiss çökmüşdü ürəyimə: bu yol uzaq yol olacaq! Sonu məchul, qaranlıq bir dəhliz boyunca addımlayırdım. Bu qəribə estafet heç də təsadüfən verilmirdi mənə. Tale acı oyuna başlamışdı mənimlə – bu hələ acı oyunun tumurcuqları idi.

Ömür yolumuza diqqət kəsilsək, hər günümüz, həyatımızdakı hər əlamətdar və yaddaqalan günümüz ağıllı rejissorun səhnə dəyişikliyi kimi qanunauyğun şəkildə qabaqcadan ölçülüb-biçilib. Bir yer boşalmamışdan əvvəl həmin rolun ifaçısı seçilir, bəlkə, bir gün qabaq, bəlkə, bir gün sonra öz yerinə oturdulur. Qismət deyirlər buna.

Qismətimə «avşaq» olmaq düşmüşdü…

Seçildiyim gün, daha doğrusu, gecə ədalətli olacağıma söz verdim. Kimə? Özümə! Daha bu dünyada əlim yetən heç kəsim yox idi. Elə həmin gecə də yadıma düşdü ki, əlamətə inanan olmasam da, 1984-cü ildə bir qaraçı əlimdən tutub yarıxoş-yarızor «falıma» baxmışdı.

– Səni uzun yol gözləyir, dostlarından qoru özünü, – demişdi. Qoruya bilmədim. Dodaq-dodağa öpüşdüyüm, hər axşam sağlığıma badə qaldıran, mənim hesabıma yeyib, mənim hesabıma şellənən «ürək» dostlarımdan, «kürək» dostlarımdan, «gərək» və «çörək» yoldaşlarımdan qoruya bilmədim özümü. Bədbəxt qaraçının sözünü qəribliyə salıb, bədbəxt günə qaldım. İndi bu uzun yolun başlanğıcında özümü toplayıb hər şeyə hazır olmalı, çətin də olsa, yaşamalıydım. Əgər buna yaşamaq demək olardısa…

Səhəri gün kamerada hər şey dəyişdi. Bayıl türməsində yüz ildən bəri ilk dəfə 39-cu kamerada iməcilik tətbiq olundu. Təmizlik işi dərdlilərin dərdini, azacıq da olsa, yüngülləşdirirdi.

«Obşak» pulları toplandı – cəmi 800 manat alındı. Ayın birinə kimi hələ bir həftə vardı. Buna baxmayaraq, «oper» Xasaya 200 re verib, «petux»u kameradan uzaqlaşdırdım. Atdığım bu addım hamıya, xüsusən Əzizalıya yaxşı təsir bağışladı. Allahı sevən və ona itaət edən Həmdəmov, ümumiyyətlə, çox şeydən iyrənir, kamera həyatına, «petux»un varlığına dözə bilmirdi. Nisbətən az danışan, qaraqabaq Adil də bu addımı alqışladı.

(Sonralar Əzizalı işləri dolaşdıqca, həbsdən yaxa qurtara bilməyəcəyini başa düşdükcə, Allahdan üz çevirməyə başladı).

Növbətçilik cədvəli tutdum. Vəzifə bölgüsü aparıb hamını işlə təmin etdim. Başqa «avşaq»lardan fərqli olaraq, çörəyin və ərzağın ata malı kimi düzgün bölünməsinə şəxsi nəzarət etdim. Güman etdim ki, hər şey qaydasındadır və narazı qalan yoxdur.

Günlər beləcə ötürdü. Dəmir qapıdan, dəmir barmaqlıqlı pəncərədən çöldəkilər barədə məlumat ala-ala ömrü boşa verirdik. Nə müstəntiqdən xəbər vardı, nə məhkəmədən; başqaları kimi mən də yaddan çıxmışdım. Özüm öz taleyimlə barışaraq gözləyirdim.

Kamerada mehribançılıq hökm sürürdü. «Proqulka»dan sonra domino oyunu başlayır, düz nahara kimi davam edir, nahardan sonra yenidən qızışırdı. Başqa heç bir məşğuliyyət yox idi. Bir bədii əsəri neçə dəfə oxumaq, vərəqləmək, müzakirə etmək olar! Qəzet yox, jurnal yox, radio-televizor haqda düşünmək belə olmaz. Nə qədər uzanmaq, nə qədər yatmaq olar?!

Bu sabitliyin, bu əmin-amanlığın içərisində qəribəliklər də var idi. Kameraya bir cavan oğlan göndərdilər – 226 ilə. Geniş yayılmış maddədir – narkotik maddələr qəbul edənlərə verilir. Özünə iynə vuran, yəni «şəbitləyən» yoldaşın «burjuy» kamerasına salınması sensasiya idi. «Oper»lərdən öyrəndik ki, bunlar bir neçə qardaşdırlar. Ataları, özləri və bunun həyat yoldaşı həm «çəkən», həm də «vuran»dırlar.

Çöldə «vuran» kəlməsi, adətən, araq içənlərə yapışdırılır. «Filankəs bərk vurandır», «filankəs möhkəm vurandır», «gedək vurmağa» və s.

«Zon»da (kolona59 belə ad qoyublar) və türmədə «vuran» iynə vuran, narkotik maddəni daxili inyeksiya yolu ilə qəbul edənə deyirlər.

«Filankəs iynəyə oturub» – yəni daha çıxılmaz vəziyyətdədir, müalicəedilməzdir, iynələnməkdən arıqlayıb çöpə dönüb.

«Filankəs çəkəndir» – deməli, nəşə, konoplya60, tiryək və bu kimi narkotik maddə çəkir.

«Filankəs satandır» – özü çəkməsə də, narkotik alveri ilə məşğul olur.

Bu zəhrimarlar da müxtəlif kateqoriyalara bölünür. Ümumi ad kimi hamısına «şey» deyilir. Özü də «şey» sözü bütün ittifaqda oğru jarqonu kimi qəbul edilib.

«Bərk»dir – yəni, tez təsir edəndir, güclüdür.

«Boşdur» – yəni, zəifdir.

«Tufta»dır – deməli, başqa aşqarla qarışdırılmış vecsiz maldır…

«Şey»i kameraya müxtəlif üsullarla göndərirlər.

Qanuni yolla, yəni, «nazor» həzrətlərinin vasitəsilə.

«Daçka» ilə, yəni, evdən, yaxud dost-tanış göndərdiyi ərzaq məhsullarının birinin içində; amma çörəklə sərfəli deyil, çünki «nazor» çörəyi oğurlayıb kameralara satır. Həm də «şmon»şik çörəyə diqqətlə baxıb ondakı deşik yerini görə bilər. Xörəklə olmaz – sellofan qab deşilər, xörək cəhənnəm, «şey» xarab olar. Şəkərbura yaxşıdır; onu da ancaq bayram vaxtı göndərmək olar.

Çarə qalır qoz və fındığa. «Çəkən» «daçka» alandan sonra «telefon»la bildirirlər ki, yaxşı qoz, yaxud, yaxşı fındıq göndərmişik. İçəridə qozları bıçaqla səliqə ilə iki yerə ayırıb yoxlayırlar. «Burjuy» kameralarında bıçaq, qayçı, lezva, elektrik spiralı, saxsı və şüşə qab saxlanılır. Kameralarda ayda iki dəfə «şmon» aparılsa da «şmonşiklər» bu qabları və alətləri «görmürlər», çünki görməmək üçün ayda 30 re alırlar. Qozların birindən, nəhayət ki, «şey» tapılır, «çəkənlər» üçün əsil bayram da onda başlayır.

Çöldəkilər içəridəkiləri həmişə aldada bilir və özləri «yaxşı oğlan» kimi qalırlar; «telefon»la bildirirlər ki, sənə üç və ya beş «baş», yəni üç çəkimlik, yaxud beş çəkimlik «şey» göndərdim. Axtarış nəticə verməyəndə «zek» günahı çöldəkində yox, «nazor»da görür, guya «nazor» hansı qozun, hansı fındığın içində «şey» olduğunu başa düşüb, çırpışdırıb. Doğrudur, belə hallar da olur. Ancaq çox vaxt birinci hala təsadüf olunur.

İçəridə də «şey» müxtəlif yollarla kameradan kameraya ötürülür. Təcridxana nə qədər sərt qanunlarla yaşayırsa yaşasın – yeddi yox, lap yetmiş yeddi dəmir qapı vasitəsi ilə «zek» xarici aləmdən təcrid olunsun – xeyri yoxdur. Bütün istintaq izolyatorlarına min bir yolla «şey» gətirilir, çəkilir.

Məharətə bax, əgər «nazor» əzazil deyilsə, (hanı eləsi?) yenə iki yanaşı kamera bu balaca, bir adamın başı zorla keçən «kormuşka»dan bir-birinə «şey» ötürə bilir.

Hansı yolla? «Kon», yəni «at» deyilən çox sadə üsulla. «Nazor» yatandan sonra hər «kormuşka»dan bir ucu «Г» hərfi şəklində qatlanmış məftil üfüqi istiqamətdə çıxarılır. Göndəriləcək «şey» sapın ucuna bağlanır və bu sapın bir ucu ikinci «kormuşka»ya tərəf atılır. Ola bilər ki, sap ikinci məftilin üstünə düşməsin. Onda əməliyyat məftilin üstünə düşüncəyədək təkrar edilir, düşəndən sonra məftil içəri çəkilir, sap tutulur, astaca dartmaqla qonşuya xəbər verilir.

Yaxud üst kameradan, yuxarı mərtəbədən aşağı mərtəbəyə pəncərə qarşısındakı jalüzün (qabırğanın) arasından «kon» buraxırlar. Aşağı mərtəbədə də məftillə həmin iş təkrar edilir və «şey»in qəbul edildiyi yenə ipi astaca dartmaqla bildirilir.

Bu yolların hər ikisi bağlanmış olsa, yəni nə «nazor» yatmasa, nə də pəncərə qabağındakı qabırğadan «kon» keçməsə, onda daha çətin və çox güman ki, adi insanın ağlına gələ bilməyəcək bir yol, kanalizasiya yolu seçiləcək. Üst-üstə kameraların kanalizasiya boruları adətən içəridən keçir və ayaqyolun çaşası ona birləşdirilir. Şübhəsiz ki, sifonla. «Zek» yuxarı mərtəbədə sellofan torbacığa «şey» bağlayıb yenə «kon» vasitəsi ilə ümumi sifona atır, ipin bir ucunu isə özündə saxlayır. Sifona bir qab su tökməklə həmin «şeyi ümumi kanalizasiya borusuna ötürür. Sonra öz ağzını sifona yaxınlaşdırıb «getdi» deyə xəbər verir. Aşağı mərtəbədəki «zek» bu vaxt qulağını sifona söykədiyindən xəbəri eşidir, sifonun içərisindən ucu qıra kimi əyilmiş məftil salıb həmin ipi, çətinliklə də olsa, tutub içəriyə çəkir. «Şey»i götürəndən sonra ağzını sifona tutub «Çatdı!», – deyə xəbər verir. Qulağını sifona tutmaq növbəsi bu dəfə yuxarıdakının payına düşür…

39-a göndərilən «çəkən»in çöldə bircə qoca, bədbəxt anası qalmışdı. Ona görə də «şey» alacağına heç bir ümidi yox idi. Ancaq bir xeyli gopa basıb pul və mal, yemək və «şey» alacağını bildirdi. Bizi «şey» maraqlandırmasa da, qaydalara əsasən onu «obşaq»a yəni «kotyol»61a yazdıq, avans «telefon» danışıqlarını öz hesabımızdan ödədik.

Günlər keçdikcə təzə yoldaşımızın iç üzü açılır, qaşqabağı tutulurdu. Günlərin bir günü xahiş etdi ki, ona «obşak»dan bircə qutu çay verək.

Bununla da hər şey bizə aydın oldu.

Əli hər yerdən üzülən, bütün imkanlardan məhrum olan bu cavan son ucuz yola qədəm qoymuşdu.

Başlanğıcı güzgü kinli hamar, sonrası kələ-kötür və daş-kəsək, nəhayət, uçurum olan bir yoldur bu yol.

«Vuran»ların imkanlıları qramı 200-300 manat olan «ağ»dan, yəni kokaindən başlayırlar. Bunu dodaq-burun gedirlər – «Kazbek» və ya «Belomorkanal» papirosunun müştük hissəsi ilə xırda porsiyaları burunlarına sorur, dodaqlarına yaxır və nəşələnirlər. Sonra tədricən «iynə»yə otururlar. Kokain vuranlara «aristokratlar» deyilir. «Şirva», yəni, morfi, promidol daha zəif və ucuz variantdır. İmkansızlar bu isə «tufta» nəşədən, konoplyadan başlayırlar.

Başlanğıc nə qədər müxtəlif və rəngarəng olsa da, sonu eynidir – insanın mənəvi və cismani məhvi!

Son həmişə acınacaqlıdır. Narkomanın dəmi gələndə, yəni, «lomka» tutanda hansı üsulla olursa-olsun, özünü sabitləşdirməlidir, lap qan içmək bahasına da olsa.

Çoxsaylı nəşələnmə vasitələrindən ən ucuzu və qəribəsi «çefir»dir. Onu hazırlamaq üçün bir qutu Azərbaycan çayı (Hind çayından yaxşı effekt alınmır) götürüb alümin parça boşaldırlar. Parçı yarıya qədər su ilə doldurub, kameradakı plitənin üstünə qoyurlar. Qaynama həddinə çatmamış parçı kənara çəkir, azacıq sonra həmin prosesi yenidən təkrar edirlər. Sonra bir az ara verilir və parç «kruqa buraxılır», yəni «zek»lər dövrəyə düzülüb parçı bir-bir alır, bir neçə qurtum içib, yanındakına ötürür.

«Çefir» içənlərin xüsusi adları da var: «çefirşik». Heç kəs «Çefir içdim» demir, «Çefimul» deyir. Proses özü isə «çefirləmə» adlanır. «Çefir» – zəhər kimi acı, qapqara rəngli mayedir. «Çefirşik» onu içəndə sürətli ürək döyünməsi başlayır, o da bu müddət ərzində nəşələnir: başı qismən dumanlanır, qısa müddətə də olsa, «ləzzət» alır.

«Çefir» içmək qanunla izlənilmir, «nazor» tərəfindən cəzalandırılmır. Amma «burjuy» kameralarında «çefir» içmək qəbahət sayılır.

Digər kameralarda elektrik plitəsi olmadığından parçdakı suyu qaynatmaq üçün kağız, əski, yaxud sellofan torbadan istifadə olunur. Bir anlıq nəşələnməyin hesabına onsuz da nəfəs almaq mümkün olmayan kameranı tüstü, əski yanığı iyi basır. «Zek»in canı bərkdir, dözür ki, dözür! O ki, qaldı elektrik plitəsinə, bu da şərti addır. Əslində biri 25 re-yə elektrik spiralını «nazor»dan alıb beton döşəmədə ziqzaq formalı yuva kəsir və spiralı ora yerləşdirirsən. Onun bir ucunu məftillə dəmir «nara»ya, digər ucunu 40 vatlıq elektrik lampasının «nazor», starşina və elektrik montyorunun razılığı ilə bir tərəfi qoparılmış patronundakı dəmir yivə keçirirsən. Bütün kameralarda «nara», stol, pəncərə barmaqlığı bir-birinə qaynaqlanıb torpağa qoşulduğundan «massa»62 rolunu oynayır. «Zek» qardaş qabiliyyət sahibidir: spiral tapılmadıqda iki ədəd lezvadan «kipitilnik»63 düzəldir. Lezvalar arasına rezin, yaxud karton izolyator qoyulur, ayrılıqda hər biri bir məftilə bağlanır, məftil də öz növbəsində dediyim elektrik mənbəyinə. Lezva «kipitilnik» çaydanın içərisinə salınmaqla qaynanmış suyun hazır olması heç üç dəqiqə də çəkmir. Ancaq bu zaman əslində qaynanmış su yox, xüsusi tamı olan «yandırılmış» su alınır. Yoxa lənət.

«Çefirşik»dən indiyə kimi xərclədiyimiz avans pulları ala bilməyəcəyimizi başa düşdük.

Söz verib yerinə yetirməyən «zek» hökmən cəzalandırılır. Bu cəza kamerada bir, «zon»da digər üsulla verilir. Həm də buna söz vermə yox, «dil oxuma» deyirlər. Pulun qaytarılma vaxtı təyin olunubsa, yəni, «tavan» qoyulubsa, bu daha pis. Əgər, «zek» «dil oxuyub» və «tavan» vaxtı ötürsə, o, «zek» kimi «şərəfli» bir adı daşımaq hüququndan məhrum olur. Bu gündən etibarən adına «fuflo»64, yaxud «fufloşnik» deyilir.

Kameramızda belə bir gərginlik yaranmışdı. «Çefirşik» özü də vəziyyətin gərginliyini başa düşürdü; çölə göndərdiyi, «qonets»lər hamısı boş qayıdır, nəticə əldə edilmirdi. Axşama məhkəmə prosesi planlaşdırıldı. «Mitropolit»65 mən, iclasçılar Adil və Bəxtiyar, prokuror Cəfər, vəkil Əzizalı təyin olundu.

Axşama kimi nə domino oynanıldı, nə söhbət aparıldı. Üzlərdəki cüzi təbəssüm də yoxa çıxdı. Daxilən hamı döyüşə hazırlaşan əsgər hissi keçirirdi. Nəticə acınacaqlı da ola bilərdi: hakim mən olsam da, müşahidəçilər, əsasən də tələbkarlar çox pis mövqe, daha doğrusu, türmə qaydası üzrə ədalət mövqeyi tutmuşdular. İmkanlı yoldaşlardan hər hansı biri onun borclarını ödəməyi üstünə götürsə, Rauf «fuflo» ləqəbi ilə «zona» gedəcək, yox əgər bu borc pul şəkilində də ödənilməsə, digər, yəni natura ilə ödəniş forması seçiləcəkdi.

Ağır və üzücü məhkəmə prosesi «yazı» ilə yekunlaşmalı oldu. Rauf buna da şükür etməli idi.

Yüz il bir damın altında bir kəslə yaşasan da onu tanıya bilməzsən. İnsan özü böyüklükdə, özü ağırlıqda bir sirr bağçasıdır. İkicə saat əvvəl qabaq-qabağa oturub çörək yediyi yoldaşı indi öz əli ilə parçalamağa hazır olan insan övladları verdikləri hökmün icrasını tələb edirdilər. Qana susamış məhbuslar üçün, bəlkə də, bu bir əyləncədən çox özünüdərk və ya özünütərk idi. Yazılmayan qanunların hər bəndinə dəqiqliklə əməl edən «zek» bu prosesi xüsusi səliqə, xüsusi maraqla aparır.

Bığın kişilik nişanəsi olduğunu israr edənlərdən türmədə bığını uduzanlar da olur. Sizcə bığı elə sadəcə olaraq qırxırlar, yaxud onu öz sahibinə qırxmağı məcbur edirlər?

Yox! Təntənəli surətdə hamam günü təyin olunur, təzə mələfə, təzə dəsmal, təzə lezva, təzə sabun… Hər şey yalnız təzə olmalıdır, hamı bu səhnəni müşahidə edir – istəyən də, istəməyən də. Bığı qırxılan sakitcə dayanmalı, dəllək rolunun ifaçısı tələsmədən, hətta, vaxtı uzada-uzada işləməlidir. Gülməyə, hətta, zarafat etməyə də icazə verilir.

Hökmə görə Raufun qulağının tanası iki yerdən çərtilməli idi. Şamil boğçasından təzə məhrəba çıxardı. Yod da tapıldı, pambıq da. Hamı «nara»nın ikinci mərtəbəsinə çıxıb dövrələmə oturdu. Ətə işləyən lezvanın xırçıltısı eşidildi, qan nazik xətt üzrə axıb ağ məhrəbanın üstünə töküldü. Əzazilliyı ilə seçilən Şamil beşinci damlaya kimi səbirlə gözlədi (şərtə görə üç damla da kifayət idi), sonra yodlanmış pambığı Raufun qulaq tanasına yapışdırdı.

1
...