Ağıl Yer kürəsini qaldıra biləcək ling, onun dayaq nöqtəsi isə puldur.
Balzak
Boksun dəmir qapılarmı açdılar. Daha bir dəmir qapıdan keçib, birinci korpusun dəmir pilləkənləri ilə ikinci mərtəbəyə qalxdıq. Sayca altıncı dəmir qapı da bağlı idi. Nəzarətçi qapı zənginin düyməsini basdı.
Yanvar ayı olsa da, havalar xoş keçirdi. Pilləkənin başından gözümə gün düşdü. Sən demə, Günəşlə bu balaca meydançada uzun müddətə ayrılırammış. Düz on bir ay Günəş üzünə həsrət qalacaq, dörd divar arasında tarakan həyatı keçirəcək, Günəşi görmədiyimdən rəngim də dəyişib meyit rənginə dönəcəkmişəm.
Bilsəydim, təəccübdən buza dönmüş dodaqlarımla od üzündən öpərdim, Günəş! Bilsəydim, bu məhrumiyyətlərə dözməmək üçün, aclıq körpüsündən keçməmək üçün, alnıma ömürlük «rane sudimıy»28 damğası vurulmamış qucaqlayardım səni, Günəş!
Qucaqlayardım ki, yandırasan məni, külümü küllərə qarışdırasan, Günəş!
Haradan biləydim ki, dəmir qapılarla ədalət və ədalətsizliyi, qanun və qanunsuzluğu, insaf və insafsızlığı bir-birindən ayırmaq olarmış?
Haradan biləydim ki, yüksək tribunadan «xalq, xalq!» deyən «ideallar» lənət qapısı arxasında «pul», «pul» deyən qəssablara dönəcəklər…
Qapını içəridən açdılar. Nəzarətçi bizi növbətçi «nazor»a təhvil verib tapşırdı:
– Bu biriləri 37-yə, bu, bizim adamdır – 39-a!
Burada da «bratan»ların29, yəni məhbus qardaşların arasında kasıblar və pullular təbəqələrə ayrılır. Özü də elə ilk addımdan. Bu bölgü hələ «nazor» bölgüsüdür, sonra «zek» bölgüsü, «zon» bölgüsü olacaq. Burada da, çöldə də, hətta, qəbirstanda da bölgü…
Uzun, hündür dəhlizin sağ və sol tərəfində şahmat damaları kimi çəp sıralı qara rəngli kamera qapıları düzülmüşdü: 35, 36, 37, 38, 39… Sayı yox. «Nazor» təqribən 20 sm uzunluğunda bir açarla qıfılı şaqqıldatdı, qapını azacıq aralayıb «keç», – dedi.
Kamera. Bu adı kim, nə vaxt fikirləşib, görəsən? 4 metr uzunluğu, üç metr eni olan bir hücrədir kamera. Döşəməsi, tavanı beton, divarları daş bir hücrə; bir tərəfdə «yurs»30, yəni «nara» – dəmir borulardan bir-birinə qaynaq edilmiş iki mərtəbəli yataq yerləri, digər tərəfdə döşəməyə və «nara»lara qaynaq edilmiş dəmir stol var. Stolun hər iki tərəfində oturmaq üçün taxt [skamya] da qaynaq edilmişdi. Bir sözlə burda inventarların sayı və nömrəsi yoxdur, hamısı bir tam şəklindədir.
Deyilənlərə görə, vaxtilə burada, 39-cu kamerada Stalin yatıb. Mənim bura düşdüyüm tarixdə, yəni 21 yanvar 1985-ci ildə kamerada ümumi sayımız on iki idi, yataq yerinin sayı isə on.
Qapının üstündə, tavana yaxın yerdə balaca bir deşik qoyulub. Deşiyin kameraya açılan üzündəki dəmir çərçivə də «nara»lara qaynaqlanıb. Çərçivənin arxasında yalnız dəhlizdən dəyişdirilə bilən 40 vatlıq elektrik lampası bağlanıb. Məhbusun günəşi, işıqlı dünyası, bir də elektrik enerjisi mənbəyidir bu lampa. İnsan hər əzaba qatlaşıb, ən çətin vəziyyətdən belə çox vaxt çıxış yolu tapa bilir. «Burjuy» kameralara ödənilən aylıq qeyri-rəsmi vergi fonduna bu enerji mənbəyindən istifadə edərək elektrik qızdırıcısının, əldədüzəltmə plitənin işlədilməsi və bunu korpus starşinasının «görməməsi» üçün 30 manat pul əlavə olunur.
Yağlı dilə aldanaraq, 500 vəd edib, ora düşəndən sonra gördüm ki, «telefon» Bayıl türməsinin birinci korpusunun və sanitar hissəsinin ikinci mərtəbələrindəki yola baxan pəncərələrə deyirlər. Əslində buna pəncərə demək özü də cinayətdir. Təqribən 70/100 santimetr ölçüdə, döşəmədən iki metr hündürlükdə qalın dəmir barmaqlıq taxılmış boş pəncərə yeri, çöl tərəf görünməsin deyə hələ bir qabırğa ilə də örtülür.
Çox maraqlı və gəlirli sahə olan «telefon»la danışmaq üsulu haqda sonra…
İndi isə… Öyrəndim ki, «setka» heç də tor deyil, bu, adicə dustaq yoldaşlardan biridir. Poqonlulara kameradakılar haqda səhih məlumat vermək üçün öyrədilən insan övladıdır. Ona «işverən» də deyirlər, kamerada «setka», koloniyada «suka» adlandırırlar.
«Burjuy» kamerası da elə adi kameradır; ayaqyolusu da içində. Fərq bundadır ki, içəridəkilər imkanlı yoldaşlardır, süni seçmə metodu ilə «500-lük xəlbir» dən keçiblər.
Burda həmişə yemək-içmək var. İstəsən, 30 manata araq da gətirirlər, ancaq gərək içəndən sonra butulkanı sındırıb əzəsən ki, bilən olmasın. Arağı və spirti hərdən «qrelka»da31 gətirirlər, ancaq onda zəhrimarın dadı dəyişir və rezin iyi verir. «Ksiva» – eləcə dustaq məktubudur. «Qonets» də həmin məktubla həmin ünvana qaçan «nazor». «Burjuy» kamerasına düşmək üçün «taksa» «şmon» otağında 500, 1-ci korpusun 2-ci mərtəbəsində – müvəqqəti saxlama kamerasında 300-dür.
Ev bizim, sirr bizim. Buranı heç kəs qəflətən gəlib yoxlaya bilməz. Bura yalnız prokuror həzrətləri girə bilər. o da öz kabinetindən çıxmamış xəbər eləyir ki, bəs gəlirəm, hazır olun. Rəis də çağırıb öz göstərişlərini verir. Onca dəqiqəyə bütün kameralara xəbərdarlıq edilir, yorğan-döşək qaydaya salınır, «sever»in32 pərdələri açılır, artıq şeylər yığışdırılır, prokuror həzrətləri gəlib, işdir-şayəd kameraya girsə, görsün ki, hər şey qaydasındadır [hərçənd 11 ay ərzində prokurorun bircə dəfə də olsun kameraları gəzdiyini görmədim].
«Sever» sözü təkcə Bayıl türməsində qəbul olunub və kameranın içərisindəki ayaqyolunun şərti adıdır. Qapısı olmadığından, içəridə oturan utanmasın deyə, məhbuslar mələfədən qapı düzəldir, həm də hündürlüyünü adam boyda qaldırırlar.
Ara xəlvət, tülkü bəy! Soy, kəs, çap özünçün. «Şmonşik» dustağın üstündən nə tapsa, müsadirə edir. Əgər, dustaq özü könüllü vermiş olsa,.. pul üç yerə bölünür – bir payı, dustağa qaytarılır, iki payı qalır «nazor»un ixtiyarında.
Səriştəsi olanlar «şmonşik»ləri aldatmaq [buna «atmaq» deyirlər] yolu ilə içəri çox şey gətirirlər. Bunun üçün müxtəlif üsullar fikirləşilib: məsələn, məhbus nəşə, tiryək və digər müxtəlif narkotik maddələri sellofan torbacığa doldurub, arxa keçiddən özünə yerləşdirir. «Nazor» anası ölmüş də bunu bildiyi üçün gözü su içməyən dustağa «dombal» komandası verir. Və əgər arxa keçiddə sellofan torbacığın ucuna bağlanmış sap görsənsə, vay o «zek»in halına. Qapaz, yumruq, söyüş:
– «Qad»33, «qnida»34, bizə nömrə gəlirsən?
Eyni sözü də «zek» «ment»in haqqında deyir – ya üzünə, ya arxasıycan.
Bu da bir cür mübarizədir – «qadların», «qnidaların» mübarizəsi.
Usta «zek» pulu [adətən 50 və 100 manatlıqları] udub, bir neçə gün sonra öz ifrazatının içərisindən eşib çıxarır, yuyub qurudur və yenə, məhz, narkotik maddə almaq üçün «nazor»a verir. Bir sözlə, bilən üçün bu əziyyəti çəkməyə heç lüzum yoxdur – «nazor»un canı, sağ olsun. «Nazor»dan əlavə 1-ci korpusun 2-ci mərtəbəsində fotoqraf Vahid və əl izi götürən Rahib də bu məqsədə qulluq edirlər. Üzdə bir-birinə dost deyən bu iki «qardaş» əslində rəqibdirlər, axı, «iki qoçun başı bir qazanda qaynamaz». Mənən qoçdan çox qoyuna oxşayan bu iki yoldaş tez-tez kəllələşməli olurlar.
Onların qətlinə çoxları fərman verib. Bura düşən günahsız, yaxud günahkar qadınları onlar qadın korpusundan əl izi götürmək və şəkillərini çəkmək üçün 1-ci korpusa, öz otaqlarına gətirirlər. Bütün kameraların gözlük və nəfəsliklərində neçə dustaq kişi göz yaşları yanağından tökülən bu qadınları seyr edir. Vahid onların başlarından, boyunlarından tutub poza üçün saxlayır. Rahib qol və biləklərindən tutub barmaq izlərini götürür.
Dostlar bu prosesi bır az da iyrəncləşdirir, müxtəlif alçaqlıqlardan çıxırlar. Bunu görən məhbus dəmir qapı arxasında heç nə bacarmasa da, çıxandan sonra bu qardaşlarla hesab çəkəcəyinə söz verir. Di gəl ki, dustağın yolu uzun, sabahı bu gündən daha acı, daha ağır. Sabah görəcəyi vahidlər və rahiblər bugünkündən daha alçaq…
Və beləcə yaşayır, Vahid də, Rahib də.
Həm də digərləri kimi Bakı şəhərinin istənilən guşəsinə istənilən ünvana söz və «ksiva» aparır, cavab və pul gətirirlər.
O ki qaldı rayonlara getməyə, bunun da öz müştərisi, öz «taqsa»sı35 var; Şamaxı – 100 manat, Gəncə – 150 manat, Qazax – 300 manat…
Kameranın qapısında adam boyu hündürlüyündə çöldən kameradakıları müşahidə etmək üçün bir gözlük qoyublar – adına «volçok»36 deyilir. Onun aşağısında balaca bir nəfəslik düzəldilib – «kormuşka»37. «Kormuşka» dəhliz tərəfə açılır, qıfılın açarı da «nazor» bəyin cibində olur.
«Kormuşka»nın çox qəribə və təzadlı «vəzifələri» var. Əvvəla o, eynən zooparkdakı kimi yemləmə yeridir. Elə ki, «nazor» açarla «kormuşka»nı açır, o üfüqi vəziyyət alır. «Balandyor» «balanda» qazanını «taçka»dan38 «kormuşka»nın yanına gətirir. «Balanda» – türmədə verilən yeməyə deyirlər. Ağıllı və qədirbilən sahibkar heç öz itinə də bu «balanda»nı yedirməz. Necə hazırlanması cəhənnəm, anbardan «kormuşka»ya gələnə kimi hər mərtəbədə bu xörəyin komponentlərinə əl gəzdirilir – yağı, əti, düyüsü, kartofu ixtisara düşür. «Nazor»ların evinə daşınır. Yaxud «burjuy» kamerasına satılır və nəhayət, yeməkxanada komponentlərdən məhrum olmuş «xörək» hazırlanır. «Balandyor», yəni bu yeməyi məhbuslara paylayan digər dustaq yoldaş özü [1985-ci ilin yay aylarında Mürşüd kişi] qazanı dəhlizdəki «sever»in yanına çəkib saf-çürük edir, özünə və yoldaşlarına seçib ət payı götürür və bu sonuncu əməliyyatdan sonra qalan qəribə kütlə «perlovıy»39, yaxud «pşeniçnıy»40 adı ilə dustağın alümin miskinə41 boşaldılıb, qoyulur həmin «kormuşka»nın üstünə. Kameradakı növbətçi də bu qabları bir-bir sayıb qəbul edir. Ye, «zek», yeyə bilsən.
«Burjuy» kameralarında yaxşı yemək olmadıqda belə, adlarına ləkə gəlməsin deyə (ada bax ha) «balanda» götürülmür. Digər kameraların «kormuşka»sından, yaxud gözlüyündən «balanda»nın, məhz, hansı kameraya verildiyinə ciddi nəzarət edilir.
İkincisi, «kormuşka» qonşu kameralarla, yaxud qarşı kameralarla üz-üzə, göz-gözə sərbəst söhbət etmək üçün yeganə yerdir.
Normal ölçülü baş «kormuşka»dan çölə çıxmır. Ancaq yəqin ki, Allah insanı xəlq edəndə onun «kormuşka»dan istifadə etməli olacağını da düşünüb və baş hissəsini yumru deyil, nisbətən yastı və uzunsov yaradıb. Əgər, məhbus başını «kormuşka»ya diaqonal istiqamətində çevirsə, çənə bu dördbucaqlının tininə düşər və bəlalı baş «kormuşka»dan çölə çıxar. Ondan sonra isə istəsən «nazor»la, istəsən «bratan»la doyunca danış.
«Kormuşka»nın üçüncü vəzifəsi ondan ibarətdir ki, «bratan»lardan biri dəhliz boyu nəzarət altında gedərsə, qabaqcadan hazırlanmış «ksiva»nı oradan kameraya gizlincə tullaya bilsin, yaxud «ksiva» daşımağı özünə sığışdırmayan «nazor» (belələri də var idi) qəflətən «ksiva»nı «kormuşka»dan atıb tez çəkilsin, sən başını əyib deşikdən çölə çıxarana kimi o, gözdən itsin.
Və nəhayət, «kormuşka» «nazor»lar üçün gəlir mənbəyi rolunu oynayır. Yay aylarında 12 kvadratmetrlik kamerada hərarət 50 dərəcəyə qalxır («inanmayanın başına gəlsin» deyərdim, ancaq yazığım gəlir) üstəlik içəridəki 12-13 nəfər məhbusun nəfəsi, hərarəti bura əlavə olunur. «Sever»in «ətri» də bir yandan. Əsl cəhənnəm, həm də kitablarda yazılan kimi xəyali yox, məhz həyat həqiqəti olan bir cəhənnəm yaranır.
Qocalı-cavanlı hamı soyunub bircə alt paltarında oturası olur. «Nazor»un qazanclı günləri də onda başlayır; «kormuşka» bağlanır, bir neçə dəqiqədən sonra nəfəs almaq mümkün olmur.
Belə vaxtlarda sifətlərinə meyit rəngi çökmüş həmdərdlərimin üzünə baxıb, qeyri-ixtiyari öz körpəliyimi xatırlayırdım. Anamız Kür sahilində yaşayanlara bir çox xoşbəxtliklə yanaşı balıqçı sənətini də bəxş edib. Uşaqdan tutmuş 90 yaşlı qocaya kimi hər kəs qarmaq, tor və digər vasitələrlə balıq tutur. Tutulmuş balıq əvvəlcə çapalayıb çırpınır, tədricən taqətdən düşür və ölümü yaxınlaşdıqca hərəkətləri süstləşir, yalnız qəlsəmələri, bir də dodaqları tərpənir. Dodaqlar irəli uzanıb bir udum hava, bir anlıq həyat istəyir. Və beləcə həyat həsrətilə ölür.
İnsan isə öldürməkdən ləzzət alır.
Həm də maraqlıdır ki, bütün canlılar üçün tədrici ölümü qəbul edən insan özü üçün yalnız qəfil ölüm arzulayır. İslam qəflətən öldürülən heyvanın ətini bizə haram buyurur. Gərək onu kəsəsən, qanı axanacan gözləyəsən, iliyini vurasan, bir sözlə, tədricən öldürəsən və bu ölüm səhnəsini müşahidə edəsən.
Bəlkə də tutduğum balıqların qarğışına düşmüşdüm – bir udum hava, bir anlıq həyat həsrətilə çırpınan balıq kimi buradakı balıqçının – «nazor»un gözü qarşısında ölürdüm.
Balıq ölümlə olum arasında can çəkişdirdiyi dəmdə balıqçı onun neçə kilo gələcəyini, neçə «re»yə42 satılacağını düşündüyü kimi, «nazor» da bircə udum hava axtaran məhbusun yalvaracağı anı gözləyir.
Bu vaxt onun qulaqları kar, gözləri kor olur, ürəyi daş parçasına dönür. Sanki onu qadın doğmayıb, kişi əkməyib. İnsan mərhəməti görməyib, körpə həsrəti çəkməyib, yoldaş, dost qayğısından uzaq olub bu «nazor». Çiyninə poqon yapışdırmış hissiz-duyğusuz bir heykəldir o.
Yumruğunu var gücünlə dəmir qapıya döy, qışqır, bağır, nə qədər yalvarırsan yalvar, üzünü, arvad-uşağını söy – vecinə də deyil. «İçəridə ürəyi xəstə olan» var desən qulağına girməyəcək, istidən, havasızlıqdan ürəyin getsə, «görməyəcək».
Amma… «Kormuşka»nı yavaşca döy və mülayimcə çağır:
– Şahin…
– Nədi, qağa? – deyib tezcə yüyürəcək «kormuşka»ya.
– Boğulduq, axı!
– Rəis «obxoda»43 gələcək, qorxuram.
– Al bunu.., – deyib, göy beşliyi uzatdı ona; rəis də, «obxod» da, hələ çiynindəki poqon da yadından çıxacaq o saat. Və… «kormuşka» açılacaq.
Lənət qapısı arxasında mürəkkəb dilli açarların qiyməti beş manat.
Daş ürəkli rəislərin, Allahın havasını belə pulla satan «nazor»ların gözlərinə pərdə, qulaqlarına tıxac, vicdanlarına örtük beş manat. 12 insanın həyatı bircə sən qədər də deyilmiş bu «nazor»un gözündə.
Əslində də elədir; Bayılda yatanların hamısı bilir ki, burada ölən, yaxud öldürülən məhbus üçün cəmi 72 qəpik xərc çəkilir. Burada insanı insan saymırlar, hər kamerada neçə baş məhbusun yatdığını sayırlar. Növbə dəyişəndə də «nazor» içəri girib baş hesabı sayır, baş hesabı da təhvil verir.
О проекте
О подписке
Другие проекты