Читать книгу «Şəhid Ənvər Paşa» онлайн полностью📖 — Nevzat Kösoğlu — MyBook.
image
cover





"Fikirlərimi ümid etdiyim kimi reallaşdıra bilməyəcəyimi görmüşdüm. Alayın içində islahatlar aparmaq çətin idi; kimsə böyük bir işə girmək istəmirdi. Beləcə hər kəsin könüllü olaraq, əlindən gələnin ən yaxşısını etməsi halında hər şeyin düzələcəyinə inanırdım. Öz vəzifəsini tam icra etməyən bir ordu nəfərinin ən üst ordu idarəsini, paşaları və s. tənqidə haqqı olmadığını görmüşdüm. Buna görə bu tip tənqidçiləri izləyib cəzalandırırdım." (Hanioğlu, h.d.ə., s. 260)

Ancaq ətrafı ondan məmnundur. Balkan dəstələrinə qarşı qarşıdurmalara müəyyən vaxtlarda batareyasıyla qatılır:

"May ayında Mogilada on səkkiz nəfərlik Bolqar dəstəsiylə olan qarşıdurmaya iki topla qatıldım. İlk gerçək top və tüfəng atışını orada gördüm. Bu qarşıdurmada quldurlar tamamilə yox edilmişdi. Buna baxmayaraq topçu zabiti kimi qarşıdurmaya ciddi şəkildə qatıla bilməmişdim. Tək iş top atmaqdan ibarət idi." (Çingiz, h.d.ə., s. 46)

1903-cü ilin sentyabrında öz istəyi ilə piyada stajı üçünə 20-ci Piyada Alayının 1-ci Batalyonuna təyin edilir. "Mənim niyyətim Bolqar sərhədlərindəki bölgəni öyrənmək idi və bu sırada kəşfiyyat əsgərləri də silahlandırıldığından, döyüş anında geri qalmaq istəmirdim." (Ş. Hanioğlu, h.d.ə., s. 262) Bir ay sonra bu batalyon polis bölmələrinə paylandığından, Koçanadakı 19-cu Piyada Alayının 1-ci Batalyon, 1-ci Bölük komandirliyinə təyin edilir. Burada ikən Sultan Təpə ətrafında iki yüz nəfərlik bir Bolqar dəstəsi ilə qarşıdurmaya qatılır. Bölgəni yaxşı tanımadığından və birliklərə əmr verən Miralay, birgə hərəkət planı təmin edə bilmədiyindən qarşıdurma axşama qədər çəkir və axşam dəstələr qaçırlar. Ənvər bəy izləmək istəyir; batalyon komandiri icazə vermir; onun gəncliyinə qıymadığı üçün icazə vermədiyini söyləyir. Halbuki belə bir dəstənin onların sayca üstün birliklərinin əlindən qaça bilməsi Ənvər Bəyi dərindən sarsıdır. Bundan sonrakı qarşıdurmalarda mümkün olduğu qədər işi gündüz bitirməyə qərar verir. Əsgərlər onu sevir; ancaq zabitlər, qaydaları çox möhkəm tətbiq etdiyi üçün çox məmnun deyildirlər.

1904-cü ilin aprelində süvari stajı üçün Üsküpdəki 16-cı Süvari Alayının bir bölüyünə göndərilir. "Çox məmnun idim. Burada tək olacaqdım. Burada zabitlərdən hər cür vəzifənin tam tətbiq olunmasını istədiyimdən, əvvəlcə öz kefinə hərəkət etməyə alışmış olan bu əfəndilər heç məmnun olmadılar".

Vəzifəsinə laqeyid yanaşan bir zabitə həbs cəzası vermək məcburiyyətində qaldığını bildirir.

"Burada əvvəlki fikirlərimi dəyişdirmək məcburiyyətində qaldım. Çünki, məmurlardan yalnız könüllü iş istəmək demək ki, doğru deyilmiş. Bu belə olsaydı, qanunlara və içində var olan cəzalara gərək olmazdı. Demək ki, hər şeydən əvvəl dövlət işlərinin yaxşı nəticələnə bilməsi üçün qanunun nöqtəsinə-cən tətbiq olunması şərtdir.... Zabitlər komandirlərinə itaətsizliyə başlasalar, orada ediləcək heç bir şey qalmamışdır. O zaman komandir bacarıqsızdır, yəni əmrini həyata keçirmək gücü yoxdur. Belə bir vəziyyətin davam etməsi vətənin iflası mənasını verir." (Hanioğlu, h.d.ə., s. 263)

Ənvər bəy bacarıqsızlığına görə təqaüdə göndərilməli olan bir Miralayın, İstanbula bir neçə min lirə göndərib diviziya komandiri olduğundan bəhs edir. Bu cür hadisələrin zabitlər arasında mənəvi təsirləri olur.

Gənc zabitlər, bütün bu və bənzəri problemləri Əbdulhəmid zülmünə bağlamaq asançılığına özlərini qapdırmışdılar. O da "Və beləcə get-gedə bu pis hadisələrə bir son verib Əbdulhəmidin istibdadı yerinə Qanuni-əsasiyə söykənən bir dövlət təsisi lazım olduğu fikri içimdə böyüyürdü. Yoxsa hər cəhd sonda nəticəsiz qalacaqdı.” deyə düşünür. Avropanın təsir gücü ilə baş tutan islahatların ölkəni parçaladığını görür, ancaq bunu, məmləkətin zəif idarəsinə, pozulmağı da Əbdulhəmid istibdadına bağlayırdılar. Onlar pozulan rəhbərliyi düzəldəcəkdilər.

"Xristiyanların Avropa tərəfindən dəstəklənilməsi məmləkətdə əvvəlki ilə müqayisədə tam tərsinə bir bərabərsizlik yaratmışdı. Məmurlar artıq yalnız xristianlarınn işləri ilə məşğul olduğundan, kimsə müsəlmanların haqlarıyla məşğul olmurdu. Bir xristiyana edilmiş haqsızlıq dərhal cəzalandırıldığı halda, kimsə müsəlmanların haqqlarını nəzərə almırdı." (Hanioğlu, h.d.ə., s. 264)

İki ay da İştipdə qaldıqdan sonra stajı bitən Ənvər bəy Monastırdakı qərargaha dönür. Burada 1-ci və 2-ci şöbələrdə on beş gün işlədikdən sonra yeni qurulmuş olan Ohri və Kotsavo hərbi bölgələrinə müfəttiş təyin edilir. 7 Mart 1906-cı ildə kolağası (önyüzbaşı) olan Ənvər bəyin sıx və bezdirici quldur şəbəkələri ilə döyüşləri başlayır. "Bəzən bir ay sonra bir dəstənin təqibindən qayıdanda dərhal yeni vəzifələrə göndərilərdim. Və heç bir zaman yorğunluq, yaxud narazılıq hissimi göstərmədim".

Ferik Hadi Paşa və qərargah başçısı Həsən bəyin məsuliyyət şüuru içindəki səyləriylə Monastır və ətrafındakı dəstələr təmizlənər.

"Bu şəkildə iki il içində yalnız mənim əmrimdəki qeydlərə görə əlli dörd qarşıdurmada oldum. Ketihada apardığım döyüş mənim üçün nümunə oldu. Ondan sonra mübarizə apardığım dəstələri qaça bilməmələri üçün mühasirəyə aldım. Ondan sonra şəxsən yaxın döyüş üçün uyğun nöqtəni təsbit edib ən qısa zamanda hücum edirdim. Beləcə tez və çox vaxt əhəmiyyətsiz itkinlərlə məqsədimə çatırdım." (Hanioğlu, h.d.ə., s. 265)

Aprel ayındakı bir qarşıdurmada qıçından vurulur; bir ay qarşıdurmalardan uzaq qalır. Sonra yenə sıx və müvəffəqiyyətli döyüşlərə girir. Müvəffəqiyyətlərinə görə ona 4-cü və 3-cü Məcidiyə, 4-cü Osmaniye və qızıl ləyaqət medalları verilir.

Bir nəslin xəyalları

Bu bezdirici mübarizələr içində Ənvərin ulduzu parlamağa başlayır; sürətlə yüksəlir. 30 avqust 1906-cı ildə mayorluğa yüksələn Ənvər bəy iyirmi beş yaşındadır. 1907-ci ildə maaşı artırılaraq yenə Rum, Bolqar və Serb dəstələrindən ibarət olan qaçaqlara qarşı mübarizəyə göndərilir. Ənvər bəy bir tərəfdən dəstələrlə vuruşarkən bir tərəfdən də imparatorluğun xilası üçün düşünməkdədir:

"Bütün bu mübarizələr özünü bilənləri düşündürürdü. Hər gün məhv edilən dəstələrin yerinə yenisi ortaya çıxırdı. Hökumət bunların qarşısını almaq üçün təsirli gücü göstərə bilmirdi. Avropa hökumətlərinin etibarını itirmiş olması, artıq Osmanlı hökumətinin Rumeli hissəsini əldən çıxacağı hissini verməyə başlamışdı. Alban vətəndaşlarımız bunu anlayıb öz başları-nın çarəsinə qalmaq üçün döyüşürdülər. Onlar da məmləkətlərini zəbt edəcək yunançılıq fikrinə qarşı silahlanmışdılar. Bu qarışıqlıq içində hər kəsdə, elə hər gün ölməkdən və ya alçaldılma içində yaşamaqdansa, İstanbul idarəsini düzəltmək üçün döyüşmək, beləcə ya vətəni tamamilə qurtarmağa və yaxud bu yolda qürurlu şəkildə ölmək üçün döyüşmək həyəcanı oyanmışdı. Lakin hələ bunu hərəkətə çıxarmaq üçün bir təşəbbüs yox idi." (Çingiz, h.d.ə., s. 57)

Belə başa düşmək olur ki, gənc Ənvər də asan yolu seçmiş, zamanın digər ziyalıları kimi həlli Hökumətin dəyişdirilməsində axtarmışdır. Avropa hökumətlərinin güvəninin Kazanılmasını bir təminat kimi düşünməkdədir. Bu gün bizə çox avamca görünən bu baxış tərzi o günün ziyalılarının çoxunda olub. Halbuki eyni Ənvər xatirəsinin başqa yerlərində Avropalı dövlətlərin təklif etdiyi islahatların məmləkəti parçalamaqdan başqa bir şeyə yaramadığını da yazmaqdadır. Elə görünür ki, gerçəyi yaxından anlaya bilmələri üçün dövlət məsuliyyətini yüklənmələri lazım gələcəkdi.

Tənzimat və arxasınca İslahat Fərmanlarıyla, Müsəlman təbəə ilə eyni siyasi haqlara qovuşan qeyri-müsəlmanlar milliçiliyin gətirdiyi həyəcanlar içində irəli addımlarını atmağa davam etməkdədirlər. Rusiya və Avropalı dövlətlərin barmağı davamlı Balkanlardadır. Şərq Məsələsi olaraq xarakterizə edilən problemlər, artıq Osmanlı İmperatorluğunun bölüşdürülməsi hesab edilməkdədir. Rum, Bolqar, Xorvat və Serb kimi Balkanlı qeyri-müsəlmanların İmperiyadan qoparaq müstəqilləşməsi üçün, Avropa dövlətləri və Rusiya tərəfindən açıq dəstək verilməkdədir.

Şərqdə Erməni məsələsi olaraq gündəmə gələn hadisələr də, eyni dəstəklərlə eyni hədəfə yönəlmişdir. Bütün bu proseslər islahat adı altında addım-addım irəlilədikdən sonra, sonunda üsyanlara çevrilmişdir. Balkanların hər yanında Rum, Bolqar, Serb və Makedon dəstələri ilə qanlı mübarizələr davam etməkdə və Osmanlı Türk xalqı əriməkdədir.

Sultan II Əbdülhəmid Xan, dövləti ayaqda tuta bilmək üçün əlindən gələni etməkdədir. Ancaq, onun açdığı məktəblərdə yetişən gənc zabitlər heç də onun kimi düşünmürlər. Bu nəsil, Namiq Kamal və bənzəri Yeni Osmanlıların həyəcan xəttində, Hökumət idarəsinin qurulmasını istəməkdə və bunu, eyni zamanda Balkanlardakı qiyamlara bir həll kimi düşünməkdədirlər. Tənzimatla birlikdə başlayan və Osmanlı İmperatorluğunu bərabər vətəndaşlar statusuna söykənən yeni bir anlayış üzərinə qurmağı hədəfləyən Osmanlıçılığa, Türklərdən başqa inanan və sarılan olmamışdı. Bəlkə bir az da çarəsizliyin verdiyi bir psixologiya ilə və Avropadan gələn sıx təlqinlər altında bu gənc insanlar, müsəlman-qeyri-müsəlman ayrımı etməyən bir qardaşlıq havası içində Hökuməti qurub, bu insanları da rəhbərliyə ortaq etməklə qurtuluşa çata biləcəklərini düşünürdülər. Bu gün, yəni tarixi inkişafları bilən insanlar üçün çox avamca görünən bu ideologiya Osmanlı cəmiyyətinin o günə qədər tanımadığı şiddətli bir təbliğat mühitində anlamaq mümkündür. Əsasən cəmiyyət yorğundur, cəmiyyətin ziyalıları həll yolu tapa bilmir və buna görə həqiqi olmasa da, asan həllər onlara cazibədar görünməkdədir. Cövdət Paşa, bütün bu proseslər içində, dövlətin əsasının zədələndiyini, quruluş qanununun tapdalandığını görmüş və söyləmişdi; amma bu gün belə kifayət qədər anlayanları olmayan bu idrakın bu gənclərə məxsus olmasını gözləmək mümkün deyildi.

Müsəlman olmayan ünsürlər, əsasən millətçilik axınlarıyla qiyam qaldırmış, milli mədəniyyətlərinə dönüş prosesinə çoxdan başlamışdılar. Onlar, İbni Haldunun "Asabiyetin13 son hədəfi dövlət olmaqdır." qanununa uyğun olaraq hədəflərinin fərqində idilər və addım-addım irəliləyirdilər. Hökumətin elanı da bu addımlardan ən böyüyü olacaqdı. Balkanlardakı müsəlman olmayan ünsürlər, silaha sarılıb şəbəkələr quraraq quldurluğa və müsəlmanlara zülm etməyə başladıqları zaman bunu həm bir milli qurtuluş hərəkəti, həm də hökuməti elan etməsi üçün Sultan Həmidi məcbur etmək prosesi olaraq göstərirdilər. Avropa ölkələri də Hökumətin elan edilməsini istəyirdilər. Çünki, bərabərlik statusu Kazanılmasıyla çox əhəmiyyətli bir addım atılmışdı; indi, qeyri-müsəlmanaların Osmanlı Məclisinə girərək hakimiyyətə ortaq olmaları, milli iradəyə təsir etməkəri ikinci böyük addım olacaqdı və “Şərq məsələsi”ndə, yəni imperatorluğun parçalanmasında istifadə edilə biləcəkdi. Necə ki elə oldu və istifadə etdilər də.

"Üç Vilayət" (Vilayat-i Seləse) olaraq xatırlanan və əhalisinin yarısından çoxu müsəlman olan Selanik, Kosova və Monastır vilayətlərində, ikinci böyük xalq olan Bolqarlar "Makedoniya makedoniyalılarındır" şüarı ilə 1902-ci ildə qiyam qaldırarlar. Daha əvvəl 1877-ci ildə Rus müharibəsi sonrasında “Ayaste-fenos razılaşması” ilə Makedoniya Bolqarlara verilsə də, daha sonrakı “Berlin razılaşması”nda geri alınmışdı. Amma əsl böyük qiyam illərcə sürən silahlanma və təşkilatlanmadan sonra 1903-cü ilin avqustunda başladı. Çox qanlı prosesə çevrilən və on beş-iyirmi min qiyamçının qatıldığı deyilən qiyamı Osmanlı ordusu ancaq üç ay içində yatıra bildi. Amma onların əsl məqsədi Av-ropa və Rus müdaxiləsini təmin etmək idi.

21 iyul 1905-ci ildə “Cümə görüşündə” Sultan Həmidə bomba atılsa da, nəticəsi olmur. Xarici dövlətlərin müdaxilələri gün keçdikcə artmaqdadır. 1906-cı ildə Makedoniyadakı maliyyə islahatı bəhanə edilərək Midilli və Limni gömrük və poçt-teleqraf binaları xaricilər tərəfindən işğal edilmişdi.

Balkanlarda Osmanlı zabitləri bu qeyri-müsəlman üsyançılara qarşı bezdirici mübarizələrində qəhrəmancasına vuruşurdular. Xüsusilə 1903-cü il qiyamından sonra Osmanlı zabitləri də daha hazırlıqlı olmuşdular; üsyançı dəstələrə qarşı, sadəcə vəzifə olduğu üçün deyil, ehtirasla döyüşürdülər. Bəli, mayor Ənvər onların arasında idi. Bismillahsız addım atmayan bu gənc zabit "Ya Rəbbi! Mənə, vətənimə, millətimə və dinimə yaxşı xidmətlər etməyi nəsib et", – deyə davamlı dua edir, qorxu tanımırdı. Və ulduzu parlayırdı. Şövkət Süreyya bəy deyir ki: "Bu həmin Ənvər Bəydir ki on il sonra ordudakı komanda heyətinin hamısını təmizləyəcək. Balkan müharibəsində az qala güllə atmadan dağılan bir ordudan yalnız bir il yarım sonra idarəçilik işlərində dünyanın, bəlkə də, ən intizamlı ordusunu quracaq." (Ş. Süreyya Aydəmir, Makedoniyadan Orta Asiyaya Ənvər Paşa, İstanbul 1970, c. I, s. 483)

Makedoniyada döyüşən zabitlər, eyni zamanda Hökumət üçün Sultan Həmidə qarşı təşkilatlanırdılar. Onları özlərindən çıxaran əsas faktor üsyançılar deyil, xarici dövlətlərin müdaxilələri qarşısında Osmanlı Hökumətinin çarəsizliyi idi. Belə bir hadisə yaşanır: Monastırdakı Rus konsulu küçələrdə gəzir və rast gəldiyi Osmanlı əsgərlərini təhqir edir, hətta qamçısı ilə vururmuş. Bir gün yenə eyni tərbiyəsizliyi edib polis bölməsinin növbətçisi Halimi vuranda əsgər tüfəngini qaldırır və konsulu küçəyə sərir. Dünya ayağa qalxır və qürurunu qoruyan Osmanlı əsgəri Halim “Divan-i Harb” qərarıyla edam edilir. Gənc zabitlər bu cür alçaldılmaları qürurlarına sığışdıra bilmirdilər; üsyançılara istənilən şəraitdə vuruşub ölürdülər, amma bunu həzm edə bilmirdilər. Ənvər bəy də bütün digər gənc Osmanlı zabitləri kimi "Nə vaxt bizdə məntiqli bir idarə qurulacaq, nə vaxt özünü belə təhqirlərdən təmizləyə biləcək və qoruya biləcək bir dövlət olacağıq!" deyə hirslə düşünürdü. Ənvər bəyin idarə etdiyi batareya Rus konsulunun ölümünə görə beş yaylım atəşi açmaq məcburiyyətində qalmışdı və Ənvər Paşa Osmanlının çarəsizlik içindəki bu zülmünü ölənə qədər unutmayacaqdı. Çox sonrakı qeydlərində, Avropanın Osmanlılar üzərindəki çevrəsini daralda-daralda Türkləri əzməkdə davam etdiyini, Rus hökumətinin bu əsgəri asdırmaqla "Osmanlıların izzəti-nəfsini daha da alçaldaraq onları əsiri olmağa alışdıracağını zənn edirdi." (Masayuki Yamauchi, Məmnun olmamış adam – Ənvər Paşa, İstanbul 1995, s. 288) deyə yazacaq.

Çox təəssüf ki, bu gənc zabitlər dövlətin zəifliyini başda padşah Əbdülhəmid Xan olmaqla Saray ətrafındakı şəxslərə bağlayır və bu çərçivədə aparılacaq dəyişikliklərlə xilas ola biləcəklərini düşünürdülər

“Cemiyet-i Mukaddese” və vətəni xilas etmək

Osmanlının son dövrünün proseslərini şərh edəcək və cəmiyyəti bütövlükdə qucaqlayacaq tək və təsirli bir siyasi təşkilatlanma olaraq İttihad və Tərəqqi Partiyası, Hərbi Tibb məktəbinin beş tələbəsi tərəfindən qurulan gizli birlikdir. 3 iyun 1889-cu ildə Hərbi Tibb məktəbində qurulan birliyin adı İttihadi Osmani Cəmiyyətidir. İshak Sükutu, İbrahim Temo, Abdullah Cövdət, Məmməd Rəşid və Konyalı Hikmət Emin adlı beş tələbə tərəfindən qurulan gizli Təşkilatin məqsədi vətəni xilas etməkdir. Vətəni qurtarmaq dedikdə isə Sultan II Əbdülhəmid hakimiyyətini devirməyi nəzərdə tuturlar. Bəzən Sultan Həmidə qədər uzanan, ümumiyyətlə, onun ətrafı haqqında təbliğatlar edərək ətraflarını genişlədər, bir müxalifət mərkəzi halına gəlməyə çalışarlar.

Bu müxalifət, xarici dövlətlərin Osmanlının daxili problemlərinə müdaxilələrini qəbul edə bilməyən və qürurları qırılan gənc zabitlərin diqqətini çəkir; Osmanlı rəhbərliyinin bacarıqsızlığı və cəhalətini səbəb olaraq görən bu təbəqə, rəhbərliyin devrilməsi və güclü bir idarəçiliyin qurulmasıyla hər şeyin düzələcəyini zənn edirdilər. “Qanuni Əsasi” bu xəyalın simvolu halına gətirilmişdir, elan edilməsiylə Tənzimatın bacara bilmədiyi Osmanlı qardaşlığı reallaşacaq. Bu gün bizə çox yüngül görünən bu düşüncələr, asan yoldan məmləkəti qurtarmaq həvəsində olan o günün bəzi əsgər və ziyalıları üçün təsiredici bir inanc halına gəlmişdir.14 Bir çox ziddiyyət bir yerdə yaşanır; amma, fərq edilə bilmir. 1856-ci il İslahat Fərmanının müsəlman-qeyri-müsəlman siyasi bərabərliyini elan etməsinin Osmanlı xalqını bir millət halına gətirmədiyini, bütünlüyünü təmin etmədiyini, tam tərsinə ayrılıq və bölünmələrin önünü açıb dərinləşdirdiyini bu vətənpərvərlər görə bilməmişdilər. Bunu görə bilməyənlər, əlbəttə ki, bütün bu "anâsır-ı muhtelife"15nin meydana gətirəcəyi bir “Meclis-i Mebusan”ın16 birlik deyil, nifaq mərkəzi olaraq çalışacağını, bölünməyi gücləndirəcəyini, formalaşdıracağını düşünə bilməmişdilər. Çünki bunları düşünərək Osmanlının problemlərinə həllər axtarmaq çətin işdir və Sultan II Əbdül-həmidin etməyə çalışdığı budur. Amma, gənc zabitlərimiz, işin asan yoldan şərhi varkən, elə çətin suallarla məşğul olacaq səviyyədə deyildilər. O qədər ki, milli qüruru zədələndiyi üçün ayağa qalxan insanlar rum, erməni, yaxud bolqar milliyyətçiləri ilə eyni cərgədə Osmanlı sultanına qarşı döyüşə girirdilər. İşin qəribə tərəfi bu zabitlərin Ənvər bəy daxil çoxu bir tərəfdən də dağlarda bu üsyançılarla döyüş halındadırlar. Böyük dövlətlərin müdaxilələrini qürurlarına sığışdıra bilməyib üsyan edənlər Osmanlını yenidən qurmağa çalışan padşaha qarşı bu dövlətlərin dəstəyini tələb edir, yaxud səs çıxarmazdılar. Ən qısa və köhnə şəkildə ifadə etsək, əsgər-vətəndaş ziyalılarımız, tam bir "ruhi və fikri teşevvüş" (qarışıqlıq) halındadılar.

Dövrün təhsil almışlarının hamısı Avropa təsiri altındadır və Qərbi nümunə götürməkdədirlər. Tripolidə İtalyanlarla vuruşarkən gənc Osmanlı zabiti və bir İttihadçı olan Ənvər bəy, xarici dostuna, qadın hüquqları mövzusunda bunları yazır:

"Amma, madam ki Avropanın mədəniyyətiylə bizdən daha üstün olduğunu və mövcudiyyətimizi davam etdirmək üçün bu mədəniyyəti təqlid etmək məcburiyyətində olduğumuzu söyləyirəm, o zaman bu mədəniyyətin pislikləri də istər-istəməz bizə gələcəkdir. Amma inşallah qadınlarımızın köhnə həyatından bir az da olsa nələrinsə qalması üçün daha diqqətli olarıq." (Hanioğlu, h.d.ə., 28 sentyabr 1912, mek.124)

Bu sətirlərdə Avropanın mədəniyyət üstünlüyünü qəbul etmiş olan insan yalnız sözləriylə deyil bütün həyatıyla tam inanmış bir Osmanlı və İslam qəhrəmanıdır, amma məmləkəti xilas etmək məsələsində beyni çox qarışdırılıb. Eynilə digərləri kimi Qərbi bütün təşkilatlarıyla qavrayıb şərh edə biləcək, iki cəmiyyət və mədəniyyət arasındakı fərqləri dəyərləndirəcək gücdə deyil. Bu baxımdan yuxarıdakı sözlər tək-tək ifadə edilmiş olsun, ya da olmasın, bütün bir dövrün oxumuşlarının ortaq qənaətidir.

Özünə, yəni öz mədəniyyətinə olan etibarı sarsılıb, həlli xarici mədəniyyətlərdə axtaran və xarici heyranlığına düşən oxumuşlar üçün zehni qarışıqlıq və qiymətləndirmə zəifliyi qaçınılmazdır. Osmanlı üçün çıxış çətinliyi bundadır ki, ənənəvi mədəniyyətimizə bağlı olanların, mədrəsədən yetişənlərin gərginlikləri, yaradıcı gücləri itmişdir. Bunlar Osmanlının problemləri barədə Katib Çələbidən, Koçi bəydən bəri görüşlər irəli sürsələr də, hərəkət gücünü itirmişdilər. Hücumçu olan, diri olan, gərginliyi yüksək olanlar yeni məktəblərdə yetişənlərdir; onlar da milli mədəniyyətlərinə etibarı sarsılmış, istiqaməti oxu-muşlardır. Sultan Həmid öz qurduğu məktəblərə istiqamət verə bilsəydi, canlandırmağa çalışdığı zehniyyəti buralarda hakim edə bilsəydi, bəlkə də, milli müqəddəslərimiz barədə bir dirçəliş hərəkatını başlada bilərdi. Çünki simvolu Ənvər Paşadır dediyimiz bu son dövr Osmanlı nəsilləri fövqəladə yaradılış imkanlarına sahib insanlar idi.

* * *