Читать книгу «Saz» онлайн полностью📖 — İsa Muğanna — MyBook.
image
cover

İsa Muğanna
Saz

Saz

Sevincimin anası, cəfalı Firuzəm, bu yanıqlı əsər hər ikimizin ürəyimizin simləri üstə köklənib.


“Fərhad ölüb, külüngünün səsi gəlir”. Bu qədimdən qədim sözlərin gizlin mənası nədirsə, dəmirçi İsfəndiyarın zindan üstündə dəmiri döyəcləyən çəkicinin səsindəki məna da eləcədir. İndi iyirmi birinci yüzilliyin insanına “külüng” kəlməsi bəlkə heç tanış olmadığı kimi, “dəmirçi” kəlməsi də ya bir şey demir, ya da arxaik – vaxtı keçmiş bir zəmanədən xəbər verir. “Qılınc”, “qalxan”, “dəmirdən çarıq” və sair, və sair, bu qəbildən hər şey “əyyami qədim”dən xəbər verə-verə üzünü gələcəyə tutmuş insandan uzaqlaşdıqca uzaqlaşır və unudulur. Əmma… Qəribə bir həqiqət var: o həqiqəti öz etiqadı qədər uca tutanlar zaman-zaman təkrar edirlər ki, “geri baxmasan, irəli gedəmməzsən!” Külüngün səsi gəlirsə, Fərhad ölübmü?! Geri baxın, ey əzizlərim və əmin olun ki, Fərhadı görəcəksiniz. Mənim keçən yüzillikdən tanıdığım dəmirçi İsfəndiyarın Fərhadla qohumluğu var, bu əsərin ilk səhifələrindəki dəmirçixana mühiti sizi məndən ayırmasın, geri dönün, baxın, görün bu qohumluq necə qohumluqdur və belə qəribə mülahizəsi olan müəllif sizə nə demək istəyir.

1

Ötən əsrin 41-ci ilindən, yəni SSRİ ilə Almaniya arasında o dəhşətli müharibə başlanandan sonra dünyamızın hər yerində olduğu kimi, İsfəndiyar kişinin evində, dəmirçixanasında və həyatında da hər şey dəyişmişdi.

Müharibədən əvvəl o evdə təkcə kiçik gəlin səhərlər lap tezdən oyanardı; inəyi sağar, qapı-bacanı çalğılayar, ocaq qalayıb çay-çörək hazırlardı.

İndi isə hələ hava qaranlıqlı ikən İsfəndiyar kişi başını yastıqdan qaldırıb bir-iki kərə “öhö, öhö” eləyir və bununla gəlinləri də, körpə nəvələri də dərhal yorğanların altında tərpənişməyə başlayırdılar. Çöllərdən şeh çəkilməmiş gəlinlərin ikisi də manqa başçıları komsomol Bənövşənin kənddən çıxıb cırıldaya-cırıldaya uzaqlaşan arabasının dalınca sahəyə tələsirdilər. İsfəndiyar kişi isə nəvələrini yanına alıb, “köhnə dudman” adlandırdığı dəmirçixananın qapısını açmağa gedirdi.

Qoca vaxtilə oğlanları Rəhmanla Bəhmənə təhvil verdiyi, oğlanları əsgərliyə gedəndən sonra yetmiş yaşında yenə özünün sahib durmağa məcbur olduğu dəmirçixananın bir küncünü dəmir-dümürdən təmizləmişdi, palaz salıb, hətta mütəkkə qoyub əməlli-başlı mənzilə çevirmişdi. Uşaqlar bütün günü bu küncdə taxta qılınc, qalxanlarını taqqıldadır, qırmızı kərpic evlərini dağıdıb yenidən qururdular, süd, qatıq doğramalarını, pendir-çörəklərini isə birgə yeyirdilər. İsfəndiyar kişi isə, beş dəqiqədənbir nəfəsini dərə-dərə körük basır, dəstəyində oğlanlarının barmaqlarının izi qalan çəkici götürüb, uzun illər ərzində döyülməkdən ortası yəhər tək çökəlmiş qədim zindanın üstündə bel, kətmən düzəldir, gavahın[1] yamayır, balta ovxarlayırdı…

Axşamlar gəlinlər manqanın arabasından düşəndə heç yerdə ləngimədən birbaş dəmirçixanaya gəlib uşaqları aparırdılar, qayınata evə qayıdana qədər vurnuxub həyəti çalğılayır, inəyi sağır, samovar qaynadır, süfrə hazırlayırdılar.

Əmma İsfəndiyar kişi evə tələsmirdi. Dəmirçixananın böyründən axan arxın üstünə ayaq körpüsü əvəzinə qoyulmuş dəmir borunun ovuğundan konserv qutusunda araba yağı ilə əsgi parçasını çıxarıb, qara xrom çəkmələrini yaxşı-yaxşı silib parıldadır, torpaqla və otla sürtə-sürtə əllərinin his-pasını yuyur, həmişə köynəyinin döş cibində gəzdirdiyi seyrəkdişli, iri, sümük daraqla saqqalının altını-üstünü darayıb sığallayır, qurum və kömür qoxuyan papağını çırpıb başına qoyur, gödəkcəsi çiynində, təsbehi əlində, zərif, nurani sifətinə nisbətən bir az kobutaraq, tökmərək bədənini şax tutub, ağır, yorğun addımlarla kəndin ortasına, kolxoz idarəsinin qabağına yollanırdı. Burda, divar dibində cərgə ilə sallağı oturub papiros, çubuq çəkən tay-tuşları ilə salamlaşıb, haləhval tuturdu, idarəyə girib, uzun, geniş dəhlizdə “yel fənəri”nin dövrəsinə toplaşmış camaatın arasında Komsomol Bənövşənin qəzetdən qiraətlə oxuduğu “vayenni svodka”ya qulaq asırdı. sovet sədri Qurban kişi – Qılınc Qurbanla görüşüb, onun “voyenkomat”dan, yəni hərbi komissarlıqdan gətirdiyi növbəti çağırış vərəqələrində əsgərliyə çağırılanlardan kimlərin adları olduğunu öyrənirdi, kolxoz sədrinin kabinetinə girib sabahkı “naryad”ın – iş tapşırığının verilməsində iştirak edirdi, yalnız bundan sonra, yenə pencəyi çiynində, təsbehi əlində, ağır, yorğun addımlarla evə dönürdü.

Əvvəllər, nə qədər ki, oğlanları getməmişdi, İsfəndiyar kişi kənd arasında, idarədə vaxt keçirməyi xoşlamazdı. Oğlanlarını və gəlinlərini işə yola salandan sonra həyətdə oturub, babanın əl-qoluna sürtünən qılıqlı pişik nəvələri ilə məşğul olardı. Böyük oğlu Rəhmanın bir-birindən seçilməyən, ailədə “qara pıspısalar” adlanan, ikisinin də elə bil üzlərinə kömür qarası çəkilmiş qızları əsgi-üsgüdən düzəltdikləri “bəbələr”ini babanın dizlərinin üstünə düzüb layla çalmağı tələb edərdilər. İsfəndiyar kişi usanmadan, birdən yarım saat layla deyərdi. Kiçk oğlu Bəhmənin topasaçlı, qarnıaçıq əkiz oğlanları babanın dizinin üstündə oturub “Məlik Məmməd”, ya da “Padşahın taral[2] qızı” nağılını danışmağı tələb edərdilər. İsfəndiyar kişi usanmadan, bəzən hətta gündə bir neçə dəfə “Məlik Məmməd” və ya “Padşahın taral qızı” nağılını danışardı. Bir saat, para saat bağçada, ağacların arasında qurdalanması və hərdən yoldan keçən tay-tuşu ilə söhbət eləməsi hesaba alınmasa, qoca, demək olar ki, bütün günü həyətdə, nəvələrinin yanında oturardı… İndi isə elə bil evdən, ailədən aralı olmağa bəhanə axtarır, bəzən hətta idarədən qayıdanda dəmirçixanaya burulub, gəlinlərindən biri dalınca gəlməyincə çəkici əlindən qoymurdu…

Sakit, bürkülü bir yaz axşamı yenə dəmirçixanaya buruldu. Qapının dalına söykədiyi ağır dəmir lomu götürüb içəri keçdi, zil qaranlıqda heç nə görünməsə də, xırdaca mıxlardan başlamış səpici maşın və kotan ələngələrinə qədər, nəyin harada olduğunu əzbər bildiyinə görə, heç bir şeyə ilişmədən, asanca yeriyib yuxarı başda, kürənin yanında gödəkcəsini dirəkdən asdı.

Sinəsində küt ağrı hiss edirdi. Bədəni ağırlaşmışdı. Həmişəkindən fərqli olaraq, işləməyə o qədər də həvəsi yoxdu.

Əmma gedib həyətdə və ya evin küncündə oturub, bütün günü kətmən vuran dan sonra indi də qapı-bacada çalışan gəlinlərinin üzgün, qəmgin üzlərinə, kimisi oturduğu yerdəcə mürgüləyən, kimisi də hərdən zıqqıldaya-zıqqıldaya yemək gözləyən nəvələrinə tamaşa etməyi, öldüsü-qaldısı bəlli olmayan oğlanlarını xatırlayıb, necə deyərlər, qəm dəryasına qərq olmağı da istəmirdi.

Yavaş-yavaş əlini qaldırdı, kəndirdən tutub çəkdi. Körük xoruldadı, fısıldadı, sonra aramla uğuldamağa başladı. Kürədə üzərini qalın kül layı basmış od parçası bir ucdan işıldayıb qızardı. Qoca dirəyin haçasından qara çırağı götürüb, silkələyib nefti yoxladı, piltəni bir az yuxarı çəkdi, kürədə, odun üzərində oynaşan xırdaca alov dillərindən yandırıb çırağı yerinə qoydu. Tünd qara hisli, qırmızımtıl alovun hənirindən lap alçacıq tavandan sallanmış qurumlar titrəşdi, söyüd şivindən hörülüb axırıncı dəfə, kim bilir, nə vaxt suvanmış divarların dəlmə-deşiklərində sərçələr cükküldəşib dərhal da səslərini kəsdilər.

İsfəndiyar kişi kürənin ətrafındakı boş dairədə fırlanıb dəmir qalaqlarına göz gəzdirdi. Neçə gündən bəri yerə atılıb qalmış paslı dəhrəni götürüb ora-burasına baxdı. Bu dəhrəni o taylı[3] Tat Seyidin istəklisi, alverçi Xeyrə deyilən çaxır satan arvad gətirmişdi. İsfəndiyar kişinin o arvaddan xoşu gəlmirdi. Dəhrəni atıb bir daha ətrafına göz gəzdirdi. Dibinə qırmızı kərpic tozu kimi qalın pas və dəmir qarası çökmüş ləyəndə su azalmışdı. Qoca vedrəni götürüb eşiyə çıxdı. Arxın nisbətən enli bir yerinə taxta çəllək və köhnə təkər topları atıldığına görə su boğulub göllənmişdi. Qoca vedrəni oraya basıb doldurdu. Dikələndə sinəsindəki küt ağrı xeyli artdı. Ömründə heç adi başağrısı da görmədiyindən, ağır yük qaldırmaqda, yeri düşsə, döşünə döyən hər hansı bir gənclə qurşaq tutmaqda və sair bu kimi şeylərdə heç kəsdən geri qalmayan bədəninin sağlamlığına möhkəm etiqadı olduğuna görə, sinəsindəki ağrıya qətiyyən əhəmiyyət vermədi, qayıdıb ləyəni su ilə doldurdu. Alverçi Xeyrənin paslı dəhrəsinə ötəri baxıb, gündüzlər nəvələrinin oynadıqları küncə fırlandı, orda divardan asılı qoltuq ağacını götürüb qayıtdı. Kürəyə – ocağa əl boyda bir dəmir parçası atıb, körüyü basmağa başladı.

Ocaqda çatıltı-patıltı qopdu, qoltuqağacının, zindanın, məngənənin, su ləyəninin üzərinə saysız-hesabsız qığılcımlar səpələndi. Dəmir parçası əvvəlcə qızardı, sonra tədricən ağardı, üstünün alovu da ağımtıl rəngə çalanda qoca körüyün ipini buraxıb necə tərpəndisə, çəkiclə kəlbətin elə bil özləri atılıb dəmirçinin əllərində hazır oldu. Qızmar dəmir parçası da elə bil öz-özünə kürədən uçub dəmirçixananın yarımqaranlığında qövs cızıb zindanın üstündə qığılcımlandı, tez-tez o yan-bu yana fırlanan kəlbətinin ucunda, fasiləsiz çəkic zərbələri altında görkəmini dəyişib uzandı, yastılandı, bir ucdan qıvrılıb tünd qırmızı bilərzik şəklinə düşdü.

Qoca dəmir parçasını ləyənin içinə atdı. Poqquldayıb buğlanan suya baxa-baxa köynəyinin qolu ilə alnının tərini sildi.

Bədəni nəmçiyib yumşalmışdı. Bayaqkı ağırlıqdan, həvəssizlikdən əsər-əlamət qalmamışdı. Cavanlıqda olduğu kimi, işləyəndən sonra qollarında, sinəsində əzələlərinin tərpənib oynaşdığını duyurdu.

Bir az da gözləyib kəlbətini götürdü, dəmir halqanı sudan çıxarıb əlinə aldı. Dəmir hələ isti idi. Başqa birisi bunu bəlkə də əlinə götürə bilməzdi. İsfəndiyar kişinin ovucları isə oddan da yanmırdı. Dəmir həlqəni çırağın işığına tutub oraburasına baxdı, kürənin ətrafındakı müxtəlif biçimli yiyələrdən ən balacasını götürüb halqanın üstünü qaşıdı, içərisini yiyələdi, indi gümüşü rəngli bilərziyə oxşayan halqanı qoltuqağacının ucuna keçirdi, xırdaca çəkiclə çıq-çıq vurub oturtdu.

Bu qoltuqağacını İsfəndiyar kişi kəndin feldşerinin xahişi ilə Komsomol Bənövşənin qardaşı çoban Abdullanın oğlu Mağar üçün düzəltmişdi. Oğlunun Rusiyanın harasında isə hərbi xəstəxanada yatdığını biləndən sonra çoban Abdulla birdən on beş qoyununu bazara sürüb satıb, “voyenkom” – hərbi komissar Talıbovun köməyi ilə oğlunu hərbi xəstəxanadan çıxarıb gətirmişdi. Atasının dediyi kimi, lap uşaqlıqdan əmlik əti, qaymaq, dələmə ilə bəslənməsinə baxmayaraq, Mağar cılız oğlandı; “qranat” – qumbara partlayışından sümükləri zədələnmiş, qıçları çoxdan sağalsa da, feldşerin dediyinə görə, keçmiş ağrıların şiddətindən gözü qorxduğundan qalxıb ayağını yerə basmağa cəsarət eləmirdi.

İsfəndiyar kişi qəmli-qəmli gülümsündü; feldşeri çağırıb, bir yerdə gedib, dağ ətəyində kolxozun erkək sürüsünü otaran çoban Abdullanın “sırxana”sında – qazma damında orta ocağın qırağında can ağrılarından ufacıq olmuş əsgəri, nəhayət, ayağa qaldırıb Abdullanı, Bənövşəni sevindirəcəyini fikirləşəndə özü də sevindi.

Əmma bu axşam qoltuqağacını aparası olmadı; gödəkcəsini çiyninə salıb, kürədə odun üstünü küllə örtüb divara söykəndi, qoltuqağacı əlindən düşdü. Bircə dəqiqə bundan əvvəl sinəsində oynayan əzələləri indi ağrıdan dartılıb qəfildən qurumuşdu. Bədəni soyumuşdu. İsfəndiyar kişi beləcə nə qədər dayandığını bilmədi. Ağrı azalanda gəlinlərinin gəlib onu belə büzüşük görəcəyindən ehtiyatlanıb qamətini düzəltdi. Lomu qapının dalına söykədi, arxın üstünə ayaq körpüsü əvəzinə qoyulmuş dəmir borunu adlayıb, “infarkt” sözünü eşidib mənasını yaxşı bilsə də, halının xarablığına o qədər də əhəmiyyət vermədən yavaş-yavaş evə doğru addımladı.

Demək, yenə evə gedirdi. Rəhmansız, Bəhmənsiz evə. Gəlinlərinin, nəvələrinin üzünə baxa-baxa qəm dəryasına qərq olmağa gedirdi… Burda qocanın fikri ilə birlikdə bir qədər keçmişə qayıtmaq lazımdır.

2

Qırx birinci ilin yazında, “Beynəlxalq həmrəylik günü” adlanan məşhur 1 May bayramı münasibətilə pəhləvan gəlmişdi. İdarənin qabağındakı meydançaya çoxlu xalı-xalça döşənmişdi. Pəhləvan qurşaqdan yuxarı soyunub burda daş qaldırırdı, əzələlərini oynadırdı, arxasıüstə uzanıb qarnının üstündə pianino çaldırırdı.

Meydançanın bir küncündə bilək yoğunluğunda uzun bir dəmir qoyulmuşdu. Camaat pıçıldaşırdı ki, pəhləvan bu dəmiri əyib, kəmər eləyib belinə dolayacaq. Daş qaldırması, əzələlərini oynatması, yıxılıb qarnının üstündə pianino çaldırması nə qədər maraqlı olsa da, pəhləvanın həmin yoğun dəmiri kəmər kimi belinə dolayacağını hamı xüsusi maraqla gözləyirdi. “Əşi, baş tutan iş deyil!”, “O yoğunluqda dəmiri də əymək olar?” – deyib şübhə edənlər də vardı.

Birdən camaatın arasından meydançaya bir cüt oğlan çıxdı. İkisi də bəstəboy. İkisi də enlikürək. Belləri, necə deyərlər, üzükdən keçərdi. Meydançanın dövrəsində xısın-xısın pıçıltı gəzdi ki, İsfəndiyar kişinin oğlanları pəhləvanla güləşmək istəyirlər. Pıçıltı sürətlə gəzib birdən də xırp kəsildi. Yeriyəndə ayı kimi yanını basan, yekəqarın, nataraz pəhləvanın yanında bu cavanlar çox zərif və yüngül görünürdülər. Tamamilə aydındı ki, dəmirçi qardaşlar, ikisi də birdən həmlə gəlsə belə, qara dağtək dayanmış pəhləvanı bəlkə heç yerindən tərpətmək də mümkün olmaz.

Baxışlarda narahatlıq, intizar oxundu. İsfəndiyar kişinin barmaqlarının arasında təsbehin çıqqıltısı kəsildi. Qoca irəli durub oğlanlarına təpinmək istədi. Əmma demə, dəmirçi qardaşların niyyəti ayrı imiş. Pəhləvana güləş təklif etmək əvəzinə, meydançanın küncündəki həmin yoğun dəmirə yaxınlaşdılar. Hərəsi dəmirin bir ucundan qaldırıb belinə dayadı və… dəmir elə bil muma çevrildi.

Camaat sevinclə, fəxrlə qışqırışdı. Təkcə İsfəndiyar kişidən səs çıxmadı. Qocanın dodaqları və saqqalının ucu titrəyirdi.

– Ayıb olsun! Ayıb olsun mənim oğullarıma da, sizə də, ay camaat!

Yenə hamı susdu. Qoca dəmirçinin belə danışması əvvəlcə təəccüb doğursa da, sonra məlum oldu: pəhləvan basılmışdı. Özü də necə pəhləvan?! Bütün ölkədə ad-san qazanmış, bütün xalqın hörmət etdiyi, sevdiyi Rəşid pəhləvan!

Sifətlərdə, baxışlarda peşmançılıq göründü. Əkiztayı kimi bir-birinin eyni olan topasaçlı qardaşların ikisi də başını aşağı saldı.

İsfəndiyar kişi təsbehini cibinə qoyub, əlini saqqalına çəkdi, “beyni qan cavanların” el-gün adətindən kənar iş tutduqlarına görə üzrxahlıq eləmək üçün münasib sözlər axtardı. Amma heç nə deyəsi olmadı. Çünki bu vaxt pəhləvan, dəmirçi qardaşların ikisini də qucaqlayıb alınlarından öpürdü, nəriltili səslə, fəxrlə: “İkinizi də Bakıya aparacam, pəhlivan eliyəcəm” – deyirdi. Bu sözlərə qardaşların münasibəti necə idi? Məlum olmadı. Çünki pəhləvanın nəriltili səsi ilə eyni vaxtda camaatın arasında başqa səslər də eşidilirdi: Rəhmanın baldırı sınacaq! Görücü Abı deyib, o əydikləri dəmir Rəhmanın baldırını sındıracaq!”, “Dəmiri götürün ordan, verməyin daha!”, “Aşağı kəndin görücüsünün sözü yerdə qalmır, nə deyir, o da olur!”

Aşağı kənddə, yəni bir-birindən böyük arxla – kanalla ayrılan Qurbanlı, Taharlı kəndlərindən xeyli aralı meşə ətəyində, bağ-bağçalar içində, evlərinin çiy kərpic divarları bozaran Qonaqlıda “görücü” kimi tanınan, yaşı keçmiş aşıq Abı kiminsə haqqında nə isə deyirdisə, doğrudan da, sözü yerdə qalmırdı. Buna görə Abıya Xızr Abı da deyirdilər.

İsfəndiyar kişi bəd xəbər danışan adamlara sarı dönməyə də macal tapmadı. Pəhləvandan aralanıb camaata doğru yeriyndə Rəhmanın sol qıçı dəmirin həlqəsinin arasına düşüb, dizindən bir az aşağıdan necə sındısa, sümüyün şaqqıltısını eşitməyən adam qalmadı. Hay-küy içində, nədənsə təqsirkar saydıqları “kaftar falçı”ya – Xızr Abıya qarğayan qız-gəlinlərin arasından bir-birinin eyni olan iki zərif, sarışın, alagöz gəlin çıxıb, əllərini başlarına döyə-döyə, yerdə döşəli Rəhmanın üstünə yüyürdülər. Əmma meydançanın kənarından, yastı, uzun anbar binasının “ambulatoriya qapısı” deyilən yerindən, kandardan atılıb yüyürən arıq, gödəcik oğlanı görər-görməz, gəlinlər xırp dayanıb, hətta geri çəkildilər.

İsfəndiyar kişinin gəlinlərinin belə qeyri-adi hərəkətinə səbəb olan o arıq, gödəcik oğlan – feldşer Axsaq Hacı sol ayağının üstə çökə-çökə yönəlib, cibindən ağdəstək, iri bıçaq çıxarıb, Rəhmanın təptəzə, bahalı xrom çəkməsinin boğazını, sonra buğlanan qan içində şalvarın balağını kəsdi, dərinin altından qabarmış sümüyə baxıb: “Qaldırın! Ambulatoriyaya gətirin!” – deyib geri yüyürdü.

 





На этой странице вы можете прочитать онлайн книгу «Saz», автора İsa Muğanna. Данная книга имеет возрастное ограничение 16+, относится к жанру «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «реализм», «повести». Книга «Saz» была издана в 2022 году. Приятного чтения!