Читать книгу «Çingiz xan» онлайн полностью📖 — Mişel Yoanq — MyBook.
image

III FƏSİL

Onlar inəkləri sağmalı, sürüləri otarmalı, ən əsası isə bir yerdən başqa yerə sürməli idilər. Bir neçə həftə, bəzən də bir neçə gün ərzində obanın dörd bir tərəfində otlar quruyur, bu zaman başqa bir yerə köçmək lazım gəlirdi. Çadırları sökmək, yağ, qatıq və qımız düzəltmək, atlara, dəvələrə qulluq eləmək – bunlar bütün tayfalar üçün köçdən əvvəl xüsusi hazırlıq tələb edən adi məşğuliyyət idi.

Kapitan Mayn Rid «Yad xalqlar»

Yetim Temuçin

Yesugey doğma yurduna qayıdarkən Xirake’er (Sarı düz) deyilən yerin yanından keçməli idi. Burada, adətən, monqol və onqxır tayfalarının köçü düşürdü. Amma bu dəfə o, bir tatar obasına rast gəlir.

Yesugey sıçrayıb atdan düşdü. Tatarlar qonağı mehriban qarşıladılar, ona şərbət ikram etdilər. Lakin sonra məlum olacaqdı ki, onlar şərbətin içinə təsir müddəti uzun sürən ağu qatıblarmış. Bunun səbəbi nə idi: şəxsi qisas, yoxsa tayfalararası düşmənçilik? Məlum deyil. Bütün hallarda bircə o bəllidir ki, tatarların Yesugeylə hansısa haqq-hesabı olub və onu tanıdıqdan sonra belə bir sui-qəsdə qərar veriblər. Yesugey isə, görünür, köhnə düşmənlərini tanımayıbmış…

Tatarlardan ayrıldıqdan bir müddət sonra onun halı pisləşir. Onqxırların obasına çatanadək Yesugey yəhərin üstündə özünü güclə saxlayaraq düz üç gün yol gəlir. Onu atdan düşürüb ən yaxındakı çadırların birinə aparır, yatağa uzadırlar. Yesugey artıq ölümün yaxınlaşdığını hiss edir. Munlik adlı gənc bir oğlan can üstə olan bahadıra tərəf əyilir. Yesugey oğlanın qulağına bunları deməyə macal tapır: «İçim yanır… Gözün körpələrimin üstündə olsun. Bir də, dul qalacaq xanımımdan muğayat ol. Oğlum Temuçini də gətirərsən…» Belə deyib canını tapşırır. Belə çıxır ki, Munlik Temuçindən bir az böyük olduğuna görə oğlunu evə gətirməyi ona vəsiyyət edir. O da dərhal Yesugeyin son vəsiyyətini yerinə yetirib balaca Temuçini götürmək üçün Müdrik Deyin obasına yollanır.

Munlik Yesugeyin ölümünü gizlədir. Dey Setçenə uşağın öz atası üçün çox darıxdığı barədə xəbər aldıqlarını, odur ki onu aparmağa gəldiyini söyləyir. Bu, ağıllı fikir idi, əks halda Temuçin yetim qaldığı üçün Dey Setçenin yanında yarınökər vəziyyətinə düşəcəkdi. Müdrik Dey gələcək kürəkənini aparması üçün Munlikə icazə verir.

Ağır günlər

On yaşında yetim qalan Temuçin çoxuşaqlı ailənin böyük oğlu kimi çətin, məhrumiyyətlərlə dolu günlər yaşamalı oldu. «Ailə başçısı» vəzifəsi onun yeganə dayağı olan anası Oelunun boynuna düşdü. Ərinin ölümündən sonra tayfadaxili ixtilafların güclənməsi Oelunun təklənməsinə gətirib çıxardı. Sonda isə Yesugeyin ailəsini sürgün etmək qərarı verildi.

Oelun tayfa daxilindəki düşmənlərinə qarşı mərdliklə müqavimət göstərirdi. Ancaq qohumlarının hamısı ondan üz çevirdiyindən o, çətin vəziyyətdə qalmışdı. Qısa bir zamanda Yesugey ailəsini saya salmaq istəməyən tayciut xanı Ambakayın iki dul arvadı ilə gənc xanım arasında qalmaqal çıxdı. Dul qadınlar Yesugeyin xanımını ölülərin ruhuna yemək-içmək ikram edildiyi dini mərasimə dəvət etmədilər. Bu həmin vaxt həqarət sayılırdı, üstəlik, gənc qadını tayfanın dini mərasimlərindən tamamilə uzaqlaşdırmaq və düşmən hesab etmək anlamına gəlirdi. Belə olan halda Oelunun özü mərasimə qatıldı və ona qarşı təhqiramiz münasibəti açıq-aşkar qınadı. Qalmaqal böyüdü. Qarşılıqlı təhqirlərə keçdilər. Bütün tayciut tirəsi Oeluna qarşı çıxdı. Axırda Oelun və onun ailəsinə bəyan elədilər ki: «İstəsək, analı-oğullu hamınızı quru yurdda qoyub sürülərimizi yaylaqlara sürər, heç birinizi özümüzlə götürmərik!»

Elə bununla da biryolluq araları dəydi: tayciut tirəsindən olanlar başladılar alaçıqlardan əşyalarını yığışdırmağa. Barxanalarını bağlayıb ata-ulağa yüklədilər. Qadın və uşaqları arabalara mindirib ata süvar olan kişilər keçmiş başçılarının ailəsini təkbaşına qoyaraq sürüləri qabaqlarına qatıb binələrindən çıxdılar. Təkcə gənc Munlikin atası olan qoca Çaraka buna qarşı çıxıb hay-küy saldı. Atlıların dalınca qaçaraq onları yoldan saxlamaq istədi. Ancaq heç kimin onu saya salmadığını görüncə dərdini bu sözlərlə dilə gətirdi: «Dərin quyu qurudu, parlaq daş-qaş heç oldu». Bu vaxt qocanın kürəyinə namərdcəsinə kiminsə süngüsü saplandı. Çaraka Oelunun çadırına qədər birtəhər süründü, son kərə dilindən Yesugey bahadırın adı çıxdı. Sanki bununla o, Yesugeyin ölümündən sonra tayfaya düşən ixtilafa üsyan edirdi.

Temuçin bütün bu baş verənlərdən keçirdiyi dərin sarsıntı içində alaçıqdan çıxıb çöllüyə qaçdı. O, tək qalmaq istəyirdi, bu istəyi isə gələcək çətinliklərlə necə mübarizə aparacağını düşünmək ehtiyacından doğurdu. «Gizli tarix»də bu, Çingiz xanın birinci əsas xarakterik xüsusiyyəti kimi qeyd olunur.

Yaxınları tərəfindən tərk edilən və bir çətən külfətlə quru yurdda qalan Oelunun həmin ağır günlərdə nələr çəkdiyini təsəvvür etmək çox da çətin deyil. Bununla belə, Oelun üzləşdiyi məhrumiyyətlər qarşısında sınmadı: o özünə sadiq olan təbəələri bir yerə yığaraq düşmənlərinə qarşı savaş bayrağı qaldıra biləcək qədər cəsarətli qadın idi!

Sərgərdanlıq illəri

Boqtağını (qadın fəsi) gözünün üstünə basıb Onon çayının axarı boyu aşağı-yuxarı gəzə-gəzə giləmeyvə toplayan Oelun, beləcə, uşaqlarının qarnını az da olsa, doyura biləcəyinə ümid edirdi…

Çingiz xanın dövründə türk-monqol tayfaları iki əsas tirədən ibarət idi. Bunlardan biri ovçular və meyvəyığanlar tirəsi idi. Onlar Baykal gölünün meşəlik ərazilərindən böyük Balxaş gölünə qədər olan geniş sahəyə yayılmışdılar. Digəri isə köçəri çobanlar tirəsi idi ki, onlar da dağlıq Altaya doğru 1500 km məsafədə uzanan ucsuz-bucaqsız çöllərdə sürülərini otarmaqla məşğul idilər.

Ovçular öz ərazilərini nadir hallarda tərk edirdilər. Çünki həmin ərazilər onlar üçün əsas qida mənbəyi idi. Onlar dolanışıqlarını ovçuluqla təmin edir, eyni zamanda ovladıqları heyvanların dərisindən paltar tikir, sümüklərindən, buynuzlarından müxtəlif məişət əşyaları hazırlayırdılar. Ovçular kiçik qruplar şəklində ağac daxmalarda, ya da yer damlarında yaşayırdılar. Qışda hərəkət edə bilmək üçün sürçəklərdən (ayaq xizəyi) yararlanan bu tirənin mənsubları iribuynuzlu heyvanların müxtəlif növlərini (yak6, inək, maral) əhliləşdirə bilmişdilər. Həmin heyvanların ətindən və südündən geniş istifadə olunurdu. Yaxınlıqda axar çay vardısa, tor və ya harpunla balıq tuturdular.

Yeri gəlmişkən, monqolların həyat tərzi bizə «nomad» sözünün ilkin mənasını xatırladır. «Nomad» – yunanca «nomas» sözündən törəyib «köçəri», «çoban» deməkdir.

…Temuçin və qardaşları, əsasən, güc, qüvvə yox, zirəklik, diribaşlıq tələb edən işlərlə məşğul idilər: onlar bütün günü giləmeyvə toplayır, qarmaq və ya tor vasitəsilə balıq tuturdular. Onların qarınlarını doyuracaq qədər qida toplaya bilməsi özlərinin məharətindən asılı idi. Bundan başqa, Yesugeyin dul qalmış cavan arvadının balaca bir mal-davar sürüsü vardı: yüz başa yaxın qoyun-keçi, at ilxısı və arabaya qoşmaq üçün öküzləri… Oelunun ətrafı isə hələ də böyük deyildi: bura yaxın qohumlarının az bir hissəsi, hələ də Yesugeyin ruhuna sədaqət nümayiş etdirən dostları, bir də, xidmətçilər daxil idi. Onlar əl-ələ verib sağ qalmaq uğrunda amansız mübarizə aparırdılar. Aralarında aydın iş bölgüsü vardı: arabaları, bir qayda olaraq, qadınlar idarə eləyirdilər, bir yerdən başqa bir yerə köçərkən çadırların dirəklərini, keçə örtüklərini də qadınlar sökür, onları arabalara da qadınlar yükləyir və ya boşaldırdılar. İnəkləri sağmaq, yağ tutmaq, qurut (qurudulmuş süzmə) hazırlamaq, gön-dəri aşılamaq və onlardan pal-paltar tikmək – bunlar da ev xanımlarının işləri sayılırdı. Kişilər isə ox-yay, yəhər-yüyən, araba hazırlayır, atları, dəvələri otarır, madyanları sağıb südündən qımız, eləcə də qımızı saxlamaq üçün tuluq düzəldirdilər.

Temuçin isə öz qardaşları ilə (eləcə də nökər-naibləriylə!) yuxarıda da dediyimiz kimi, gündəlik işlərlə məşğul olurdu. O, boş vaxt tapan kimi ulu əcdadlarının hələ üç min il öncə əhliləşdirdiyi atları minib çapmağı öyrənir, mahir miniciliyinə görə həmişə yaşıdlarından fərqlənirdi.

Yeri gəlmişkən, köçərini öz atından ayrı təsəvvür etmək mümkün deyil; ondan ötrü at – hərəkətin, yeyinliyin və azadlığın rəmzi, simvoludur…

Mərkəzi Asiya bozqırlarında

Temuçinin günləri giləmeyvə toplamaq və ya tayqanın cəngəlliklərində ov ovlamaqla bərabər, mal-qara otarmaq və heyvanları enəməklə7 keçirdi.

Oelunun keçə örtülü bir neçə alaçıqda yaşayan ailəsi bəzən azuqə tapmaqda çətinlik çəkir, həftələrlə sincab və ya balıqla qarnını doyurmalı olurdu. Belə zamanlarda uşaqlar arasında çəkişmə düşürdü. Salnaməçilərin verdiyi məlumata görə, Temuçinin on iki–on üç yaşı olanda çaydan tutduqları balıq üstündə qardaşları ilə sözü çəp gəlibmiş. Belə ki, o, qardaşı Cuçi-Kazarla birləşib digər qardaşları Bekter və Belguteyin üstünə düşmüşdülər ki, tutduqları balığı onlar oğurlayıb. Axırda məsələni aydınlaşdırmaq üçün analarına müraciət edirlər. Lakin anaları tədbirli qadın olduğundan oğullarından heç birinin tərəfini saxlamır. Onlara izah eləyir ki, güc birlikdədir, illah da ki bir bədbəxtçilik baş verəndə: «Böyük, ya da kiçik, nə fərqi var? Siz qardaşsınız. Bir-birinizə qarşı belə davranmaq sizə yaraşarmı? Öz kölgəmizdən başqa, bilin ki, dostumuz yoxdur».

Ancaq Temuçin və qardaşı Cuçi-Kazar bu öyüdü qulaqardına vururlar. Onların çılğın və kinli xarakteri tezliklə faciəyə səbəb olur. Bir dəfə uşaqlar təzəcə vurduqları torağay üstündə yenidən mübahisə edirlər. Temuçin ilə Cuçi-Kazar Bekteri oxlayır. «Gizli tarix» təsdiqləyir ki, bu, düşünülmüş qətl olub: Temuçin kürəyində gizlətdiyi oxla arxadan ögey qardaşına yaxınlaşır. Eyni vaxtda Cuçi-Kazar da qarşıdan ona sarı gəlir. Bekter qardaşlarına analarının öyüdünü xatırladıb aman diləyir. Ancaq hədər yerə… İki qardaş bir yerdə onu oxun hədəfinə çevirirlər. Temuçin və qardaşının başlarını aşağı salaraq gəldiyini görəndə Oelun məsələnin nə yerdə olduğunu anlayır. Öz doğma oğullarını ögey qardaşlarını qətlə yetirdiklərinə görə o ki var söyür, danlayır. Onlara qarğışlar yağdıraraq hay-həşir salır, böyük oğlunu «yenicə doğduğu küçükləri dişləyən it», «öz balalarını yeyən vəhşi ördək» adlandırır.

Bu cür soyuqqanlılıq, qisasçılıq və başqasının həyatını yox saymaq, yəqin ki, yeniyetməlik illərindən Temuçinin xarakterinin əsas cəhətlərindən idi. Bekterin qətli gələcəklə bağlı bir həqiqətdən xəbər verirdi: Temuçin iradəsinə qarşı çıxanı, hətta qardaşı belə olsa, tərəddüd etmədən öldürməyə qadirdir!

...
5