Читать книгу «Kreyser Sonatası» онлайн полностью📖 — Льва Толстого — MyBook.

II

Təyin olunmuş toy gününə iki həftə qalmış Kasatski adaxlısıgilin Tsarskoye Selodakı bağlarındaydı. İsti may günləriydi. Adaxlılar bir qədər bağda gəzib, cökə xiyabanının kölgəli yerində qoyulmuş köşkdə oturdular. Ağ liseyi paltar Meriyə çox yaraşırdı. O, sanki bakirəlik və məhəbbət mücəssəməsi idi. Meri gah başını aşağı dikir, gah qaldırıb, onunla belə nəzakət və ehtiyatla danışan, hər hansı bir sözü, hərəkəti ilə onun ilahi gözəlliyinə xələl gətirməkdən qorxan bu nəhəng və yaraşıqlı oğlana baxırdı. Kasatski qırxıncı illərin o kişilərindən idi ki, indi artıq elələri yoxdur; belələri cinsi əlaqə məsələsində sərbəstliyi özləri üçün mümkün sayır, yəni cinsi əlaqədə olmağı özü üçün günah hesab eləmir, arvadından isə ideal, ilahi bir təmizlik tələb edir və öz mühitlərindən olan qızların hamısında elə ilahi təmizliyi olduğuna inanır və o cür yanaşırdılar onlara. Pozğun həyat sürə-sürə cinsi əlaqə məsələsinə kişilərin o cür münasibətində səhvlər çox idi, onların həmin məsələdə qadınlardan tələb etdikləri isə, hər bir qıza özü üçün erkək axtaran qancıq kimi baxan indiki cavanların görüşlərindən kəskin surətdə fərqlənsə də, məncə faydalıdır. Belə ilahiləşdirildiklərini görən qızlar çalışırdılar ki, azdan-çoxdan elə ilahə də olsunlar. Kasatski də qadınlara belə münasibət bəsləyir, öz adaxlısına da bu cür baxırdı. Bu gün o, xüsusilə məftun olmuşdu, adaxlısına qarşı heç bir şəhvət doğmurdu ürəyində, əksinə, nə isə əlçatmaz bir şey kimi riqqətlə, təəssüflə baxırdı ona.

O, ayağa qalxıb, ikiəlli qılıncına söykənmiş halda adaxlısının qabağında dayandı:

– İnsanın qovuşa biləcəyi səadətin nə olduğunu mən yalnız indi anladım. Və bu səadəti mənə siz verdiniz, sən verdin! – Sıxıla-sıxıla gülümsəyərək dedi.

Adaxlısı ilə münasibətləri elə bir mərhələdə idi ki, hələ «sən» deyə müraciət eləməyə alışmamışdı və mənən ona aşağıdan yuxarı baxdığı üçün bu məlakəyə «sən» deməyə qorxurdu.

– Mən özümü… sənin sayəndə tanıdım, tanıyıb gördüm ki, düşündüyümdən yaxşıyam.

– Mən bunu çoxdan bilirəm. Elə buna görə də sevdim sizi.

Yaxınlıqda bülbül cəh-cəh vurdu, cavan yarpaqlar qəfil mehdən titrəşdilər.

O, qızın əlini əlinə alıb öpdü və gözləri yaşardı. Qız başa düşdü ki, bununla onu sevdiyini etiraf elədiyi üçün minnətdarlığını bildirir. Kasatski bir qədər gəzişdi, sonra yenə qıza yaxınlaşıb, yanında oturdu.

– Siz bilirsiniz, sən bilirsən, eh, dəxli yoxdur. Sənə yaxınlaşmağım heç də təmənnasız olmayıb, mən kübar cəmiyyətilə əlaqə yaratmaq istəyirdim, amma sonra… Səni tanıyandan sonra bu məqsədim necə də cılızlaşdı. Buna görə acığın tutmur ki mənə?

Qız cavab vermədi, ancaq onun əlinə toxundu.

Kasatski başa düşdü ki, bu, «yox, acığım tutmur» deməkdir.

– İndicə dedin ki… – ədəbsizlik elədiyini düşünüb, tutuldu, – sən dedin ki, sevmisən məni, üzr istəyirəm, inanıram buna, amma bundan başqa nə isə mane olur, həyəcanlandırır səni. Bax, o nədir?

«Bəli, ya indi deməliyəm, ya da heç vaxt, – qız fikirləşdi. – Onsuz da biləcək. Amma indi eşitsə, getməyəcək. Ah, çıxıb getsə, çox pis olacaq!»

Və Meri onun əzəmətli boy-buxununu məftunluqla gözdən keçirdi. İndi bunu Nikolaydan çox sevirdi və əgər imperatorluq məsələsi olmasaydı, bunu dəyişməzdi onunla.

– Qulaq asın. Mən sizinlə açıq danışmaya bilmərəm. Hər şeyi deməliyəm. Soruşursunuz ki, nədir məni həyəcanlandıran? Məni həyəcanlandıran budur ki. sizdən qabaq da sevmişəm. Qız yalvarıcı baxışlarla əlini onun əlinin üstünə qoydu.

O danışmırdı.

– Bilmək istəyirsiz ki, kimi sevmişəm? Bəli, onu, hökmdarı.

– Onu hamımız sevirik, təsəvvür eləyirəm, yəqin institutda....

– Yox, institutdan sonra. Aludəçilik idi bu, sonra keçib getdi. Amma deməliyəm ki…

– Hə, nə deməlisən?

– Yox, mən elə-belə vurulmamışdım.

– Necə? Siz onunku olmusuz?

Qız susurdu.

– Məşuqəsi olmusuz?

Qız yenə susurdu.

Kasatski sıçrayıb ayağa qalxdı, onun qabağında dayandı, sifəti meyit rəngi almışdı. Nevskidə Nikolay Pavloviçlə rastlaşanda hökmdarın onu necə mehribanlıqla təbrik elədiyi indi yadına düşdü.

– İlahi, neylədim mən, Stiva!

– Əl vurmayın, toxunmayın mənə. Oh, necə də ağırdır!

O dönüb evə sarı getdi. Orada qızın anasıyla rastlaşdı.

– Knyaz, nə olub sizə? Mən… – Xanım onun sifətinin rəngini görüb susdu. Birdən Kasatskinin üzü qıpqırmızı qızardı.

– Siz hər şeyi bilirdiz və istəyirdiz mənim adımla örtəsiz biabırçılığın üstünü. Əgər qadın olmasaydınız, – o, nəhəng yumruğunu arvadın başı üzərinə qaldırıb çığırdı və dönüb qaçdı.

Əgər adaxlısının məşuqu adi adam olsaydı, Kasatski öldürərdi onu, di gəl, pərəstiş elədiyi çar idi bu.

Elə ertəsi gün məzuniyyətə çıxdı və istefa verdi, heç kimlə görüşməmək üçün xəbər yaydı ki, xəstədir və kəndə yola düşdü.

Yayı öz kəndində keçirdi, işlərini sahmana saldı. Yay başa çatanda isə Peterburqa qayıtmadı, monastıra getdi və rahib oldu.

Anası məktub göndərib onu belə bir qəti addım atmaqdan çəkindirmək istədi. Cavab göndərdi ki, allahın çağırışı hər şeydən yüksəkdir və o, eşidir allahın səsini. Onu təkcə özü kimi məğrur və şöhrətpərəst olan bacısı başa düşürdü.

Bacısı başa düşürdü ki, qardaşı ondan yüksəkdə durduqlarını göstərmək istəyənlərin fövqünə qalxmaq üçün rahib olub. Və düzgün başa düşürdü qardaşını. Rahibliyə getməklə o, göstərmək istəyirdi ki, bir vaxtlar xidmətdə olduğu illərdə başqaları kimi, onun özünə də çox möhtərəm təşəxxüslü görünənlərə nifrət eləyir və elə bir yüksəkliyə qalxır ki, vaxtilə qibtə elədiyi adamlara oradan üstdən-aşağı baxa bilsin. Lakin, bacısı Varenkanın düşündüyü kimi, monastıra getməyə onu təkcə bu niyyəti məcbur eləməmişdi. Başqa, əsl dini hissləri də vardı ki, Varenkanın xəbəri yox idi bundan və həmin hisslər məğrurluğu və həmişə birinci olmaq arzusu ilə birləşmişdi. Mələk kimi təsəvvür elədiyi Meri ilə bağlı məyusluq və bundan doğan biabırçılıq o qədər güclü idi ki, onu gətirib ümidsizliyə çıxardı, ümidsizliyə qapılanda isə adam üzünü kimə tutmalıdır? – Allaha, hələ uşaqlıqdan ürəyində kök salmış və heç vaxt şəkk eləmədiyi dini etiqada.

III

Pokrov günü Kasatski monastıra daxil oldu.

Monastırın iqumeni zadəgan, yazıçı, alim və abid idi, yəni əsasını Valaxiyadan götürən və seçki yolu ilə seçilən rəhbərə və müəllimə sözsüz tabe olan rahiblər nəslinə mənsub idi. İqumen məşhur rahib Amvrosinin şagirdi olmuşdu; Amvrosi də Makarinin, Makari də Leonidin, Leonid isə Pansi Veliçkovskinin şagirdi olmuşdu.

Kasatski monastırda başqalarından yüksəkdə durduğunu dərk etməklə yanaşı, digər işlərdə də özünə sevinc tapmış, həm zahiri, həm də daxili kamillik yolunda böyük müvəffəqiyyətlər qazanmışdı. Necə ki, qüsursuz zabit sayılmasa da, alayda tələb olunandan çox iş görür, kamilliyini artırırdı, burda, monastırda da kamilliyə can atırdı: zəhmətdən qorxmur, nəfsini saxlayır, təmkinini pozmur, həmişə itaətdə dururdu. Nəinki əməlində, fikrində, qəlbində də təmiz idi. İtaətkarlığı və kamilliyi həyatını yüngülləşdirirdi. Gəl-gedi çox olan monastırda rahib həyatının bir çox tələbləri xoşuna gəlməsə də, yoldan azmağa şirnikləndirsə də, bütün bu hissləri özünün itaətkarlığı ilə məhv edirdi: mən kiməm ki, müzakirə eləyəm bunları, mənim borcum itaətkarlıqdır – istəyir təbərrüklərin yanında durmaq, klirosda oxumaq olsun, istərsə də mehmanxanada haqq-hesab aparmaq. Hər hansı bir məsələdə yaranan şübhə toxumları hələ rüşeym halında ikən abidə itaət göstərməklə məhv edilirdi. İtaətkarlığı olmasaydı, uzun-uzadı kilsə ibadətlərinin yeknəsəqliyi də, ibadətə gələnlərin boş-boşuna vurnuxmaları da, rahiblərin pis vərdişləri də təngə gətirər, bezdirərdi onu, amma indi bütün bunlara nəinki sevinclə dözür, bunlar həm də onun üçün təsəlliyə və dayağa çevrilirdi. «Eyni dualara gündə bir neçə dəfə qulaq asmağın nəyə lazım olduğunu deyə bilmərəm, amma bilirəm lazımdır. Lazım olduğunu başa düşdüyümə görə də sevinc tapıram onlarda». Abid ona demişdi ki, yaşamaq üçün yemək, qida nə qədər lazımdırsa, mənəvi həyat üçün də mənəvi qida – dua bir ö qədər vacibdir. O, inanırdı buna və doğrudan da, bəzən səhər ibadətinə gedəndə yuxudan çətinliklə dursa da, ibadət ona sakitlik və sevinc gətirirdi. Ona sevinc gətirən – abidin müəyyən elədiyi əməllərin hər cür şübhədən uzaqlığını və bu əməllərə itaət etməyin vacibliyini dərk etməsiydi. Həyatını maraqlı edən, onu mənalandıransa təkcə, getdikcə daha çox itaətkar olması, öz iradəsini getdikcə daha möhkəm şəkildə ələ alması deyil, həm də əvvəlcə ona çox asan görünən xristianlıq məziyyətlərini dərk eləməsi idi. O, öz mülkünü bütünlüklə bacısına bağışlamışdı və bundan peşman deyildi, çünki onda sahibkarlıq meyli, həvəsi yox idi. Özündən aşağıda duranlar qarşısında itaət etmək ona nəinki ağır gəlmir, əksinə, sevinc, fərəh gətirirdi. Dünya malına hərisliyi və pozğun həyat vərdişlərini əziyyətsiz-filansız tərgitdiyi kimi, şəhvətdən doğan günahlara da rahat qalib gəldi. Abid onu xüsusilə bu günahdan çəkindirirdi, lakin Kasatski sevinirdi ki, artıq həmin hissdən azaddır.

Ancaq adaxlısı barədə xatirələr əzab verirdi ona. Özü də təkcə xatirələr yox, onunla evlənəcəyi təqdirdə baş verə biləcək hadisələr gözünün qabağına gəlib, incidirdi onu. Bir də görürdün, heç özü də istəmədən, hökmdarın sevimlisi, sonra isə ərə gedib, gözəl həyat yoldaşı, ana olmuş həmin tanış sima təsəvvüründə canlandı. Əri isə onun hesabına yaxşı vəzifə qazanıb, həm hökmü, həm hörməti, həm də heç bir sözündən çıxmayan gözəl arvadı var.

Kefinin duru vaxtlarında bu fikirlər həyəcanlandırmırdı onu. Kefi kök olanda bu. Haqda fikirləşdikcə sevinirdi ki, bu şirnikləşdirici şeylərdən canı nə yaxşı qurtarıb. Lakin elə dəqiqələri də olurdu ki, indiki həyatı gözündən düşür, mənasını itirir və inamı nəinki zəifləyir, nəinki onun yerini şübhələr alırdı, heç qəlbindəki inamı dəbərdib oyada da bilmirdi, xatirələr hücum çəkirdi üstünə, ən dəhşətlisi isə – peşmançılıq çəkməyə başlayırdı.

Belə hallarında qurtuluşu ancaq ibadətdə və işdə tapırdı. 0, həmişəki təki ibadət eləyir, səcdəyə gedir, lap lazım olduğundan çox ibadət eləyirdi, di gəl, bu ibadət qəlbən deyildi, cismən idi. Və belə ovqat bir gün, bəzən iki gün davam edir, sonra öz-özünə keçib gedirdi. Amma bu bir-iki gün çox dəhşətli olurdu. Kasatskiyə elə gəlirdi ki, cilovunu itirib, heç allahın da iradəsində deyil, kiminsə, başqa bir adamın iradəsiylə oturub-durur. Belə vaxtlarda yalnız bunu bilirdi ki, abidin məsləhətlərinə əməl eləyirdi, qocanın dediyi kimi, heç bir tədbir görmür, dözür, gözləyirdi. Ümumiyyətlə, bütün bu müddətdə Kasatski özü istədiyi kimi yox, abidin dediyi kimi, onun iradəsiylə yaşamışdı və bu itaətdən xüsusi bir rahatlıq tapmışdı.

Kasatski daxil olduğu birinci monastırda yeddi il beləcə yaşadı. Üçüncü ilin sonunda başını qırxıb Sergi adı ilə iyerey rahibi rütbəsi verdilər ona. Bu mərasim Sergi üçün çox mühüm mənəvi hadisə idi. O, əvvəllərdə dini ayinləri yerinə yetirəndə, ibadət eləyəndə böyük təsəlli tapdığını hiss edir, ruhu coşurdu; indi, keşiş kimi ibadət eləyəndə isə vəcdə, riqqətə gəlirdi. Sonralar bu hiss get-gedə kütləşdi və bir dəfə, həmin o arabir keçirdiyi ruh düşkünlüyü vəziyyətində ibadət eləyəndə duydu ki, bu da keçib gedəcək. Və doğrudan da, bu hiss zəiflədi, ondan yalnız balaca bir adətkərdəlik qaldı.

Ümumiyyətlə, monastır həyatının yeddinci ilində Sergi darıxmağa başladı. Öyrənməli nə vardısa – öyrənmişdi, nəyə can atırdısa – hamısına nail olmuşdu, daha heç bir iş qalmamışdı burda.

Bunun əvəzində isə bihuşluq halı, hisslərinin korlaşması getdikcə güclənirdi. Bu müddət ərzində anasının ölüm xəbərini, Merinin ərə getdiyini eşitmişdi. Hər iki xəbəri laqeydliklə qarşılamışdı. Bütün diqqəti, bütün səyləri daxili mənəvi aləmi üzərində cəmlənmişdi.

Rahibliyinin dördüncü ilində arxiyerey, Sergini xüsusilə əzizlədi və dedi ki, işdir, onu yüksək vəzifəyə təyin eləsələr, boyun qaçırmasın. Və bu vaxt rahib şöhrətpərəstliyi, rahiblərin bu ən murdar hissi onun da qəlbində baş qaldırdı. Onu paytaxta yaxın monastırlardan birinə təyin elədilər. Bundan imtina eləmək istədi, lakin abidin sözünə baxıb razılaşdı. Sergi abidlə vidalaşıb, həmin monastıra yola düşdü.

Paytaxt monastırına keçməsi Serginin həyatında mühüm hadisə idi. Cürbəcür şirnikləndirici şey çox idi və onun səyləri özünü bu hisslərdən qorumağa yönəldilmişdi.

Əvvəlki monastırda qadın haqda fikirlər az əzab verirdi ona, burada isə həmin hisslər elə gücləndi və elə bir səviyyəyə qalxdı ki, axırda hətta müəyyən forma şəklini aldı. Pozğun hərəkətləri ilə tanınan bir xanım Serginin həndəvərində sülənməyə, onun qılığına girib, yoldan çıxarmağa çalışırdı. Xanım dilə gəlib, onu evinə dəvət elədi. Sergi bu dəvəti kəskin şəkildə rədd etsə də, ürəyindən keçəni hiss eləyib dəhşətə gəldi. O elə qorxdu ki, bu barədə müəllimi olan abidə məktub da yazdı və bu kifayət deyilmiş kimi, özünün əl-ayağını yığışdırmaq üçün cavan şagirdini yanına çağırdı və həya hissinə üstün gəlib zəifliyini etiraf elədi, xahiş etdi ki, gözdən qoymasın onu, ibadətdən və ayinlərdən savayı heç yerə getməyə imkan verməsin.