Həmin illərdə yəhudi müəlliflər öz keçmişlərini gizlətmək məcburiyyətində qalmışdılar; əksəriyyəti yəhudilərdən ibarət Avstriya naşirləri Hitlerin 1933-cü ildə hakimiyyətə gəlişi ilə çətin vəziyyətə düşmüşdülər. Alman dilində çap edən üç kitab bazarı vardı: Almaniya, Avstriya, İsveçrə. Alman bazarı bunların ən irisi idi. Ona görə də Almaniyada satıla bilməyən kitabı buraxmaq sərfəli deyildi. Hətta Avstriya müstəqil olanda da nəşriyyatlar öz kitablarını nasist senzurasına təqdim etməliydilər ki, alman oxucusunun əksəriyyətinə çıxış tapsınlar.
Belə bir şəraitdə, dəqiq deyilsə, Avstriyanın ilhaqından bir il öncə, yəni 1937-ci ilin aprelində «Əli və Nino» romanının Qurban Səid təxəllüsü ilə nəşri üçün müqavilə imzalanmışdır və bununla alman bazarına yol açılmışdır.
Senzuranı azdırmaq məqsədilə Hollandiya və İsveç kimi üçüncü ölkələrdə qondarma nəşriyyatlar, baş nəşriyyatların yamsılayıcıları açılmışdı və kitablar indi bir ölkədə çap edilir, digərində cildlənir, sonra da Reyxə çatana qədər sərhədlər aşmalı olurdu. Məsələn, «Əli və Nino»nu çap edən «Tal» nəşriyyatı belə bir hiyləyə əl atmışdı. Problemin həlli üçün digər yol müəlliflərin öz adlarını, daha doğrusu, təxəllüslərini gizlətməsi idi. «Sonralar Romada italyan faşist siyasi polisinin fayllarında– Tom Rays yazır– mən belə bir məktuba rast gəldim ki, 1937-ci ildə Əsədin gizli addan istifadə etməyə xüsusi səbəbi olub. Vyanadakı italyan çuğulunun öz romalı rəisinə göndərdiyi məktub Əsəd Bəyin həmin yay məruz qaldığı gizli güdmənin tipik nümunəsidir. Məktuba imza 8 iyulda atılıb: ‘Əlahəzrət, məlumat verməyi özümə şərəf sayıram ki, Əsəd Bəyin Leo Noissumbaum təxəllüsü ilə nəşr olunması (seçmə bizimkidir–müəlliflər) Almaniyada yasaqlanıb. Bu səbəbdən də o, əsərlərini yeni ad altında ölkəyə keçirməyə cəhd göstərmişdir. Lakin kələyinin üstü açılmış və Əsəd Bəy öz məqsədinə çatmamışdır.’
Bu, Əsədin Qurban Səid adı altında həqiqi adını gizlətməsini sübut etməsə də, səbəbin nə olduğunu açıq göstərir.
Bir şey aydındır: «Əli və Nino»nun müəllifi dəyişkən zamanla birgə dəyişirdi. O, dünyanın çeşidli mərhələlərini və durumunu yaşamışdır: feodal-mülkədarlıqdan (Qafqazda, Azərbaycanda) kommunist-proletar, oradan da Avropa burjua demokratiyasına qədər. Sonradan isə Almaniyada faşist rejimi, o rejim ki, onu Avstriya və İtaliyada da dinc qoymadı. Özünün çətinliklərinə və spesifikasına malik yarımfeodal Rusiya gerçəkliyindən o, üstünə yeni sınaqlar ələmiş Avropa gerçəkliyinə düşmüşdü. Onu adını, imicini, bəzən də vətəndaşlığını dəyişməyə vadar edən səbəb də elə budur.
Əsəd Bəyin (Qurban Səidin) həyat və yaradıcılıq yolunun işıqlandırılmasına yazıçının «çoxüzlülüyünü», onun Avropa ölkələrində yeni həyat şərtlərinə uyğunlaşma cəhdini yaradan bu atmosferin ortaya qoyulması yardımçı ola bilər. Aşkar görünür ki, o öz adı və imici ilə necə oynayır, dünyada baş qaldıran ideya və siyasi sistemlərə necə həssaslıq göstərir, özünün işıq üzü görən kimi populyarlaşmış tarixi-publisistik əsərlərində, elə 1929-cu ildə çap olunmuş ilk romanı «Şərqdə neft və qan»dan başlayaraq, dünyanın taleyi üçün vacib olan hadisə və proseslərə necə reaksiya verir.
Növbəti 12 ildə o, 14 tarixi və 2 bədii roman buraxdırmışdır ki, onlar da 70 il sonra yenə diqqət mərkəzində dururlar, çünki, Tom Raysin yazdığı kimi, Əsəd Bəy «hətta neftin bazarlaşmasının quru mexanizmindən elə söhbət açır ki, elə bil bu, «Minbir Gecə» nağılıdır».
Təsəvvürümüzdə insan, yazıçı mühacir və Azərbaycanda, Almaniyada, İtaliyada … mövcud siyasi rejimlərin qurbanı Əsəd Bəyin portreti canlanır. O, 20-ci illərin əvvəllərində publikanı özünün «ekzotik» qafqazlı libası ilə (papaqda, yaxud qiymətli daş-qaşla bəzədilmiş çalmada) heyrətə salaraq hamının diqqətini özünə çəkirdi.
Kitablarının Almaniya və ABŞ-da sarsıdıcı uğuru şovinist və nasist biçimli alman şərhçilərinin ona olan münasibətinə təsir etməyə bilməzdi. Almaniyada hələ atası ilə Berlində yaşayarkən yazıçı qınamalara məruz qalırdı və, təəssüf ki, bu qınamalarda onun azərbaycanlı həmvətənləri də az rol oynamırdı.
1935-ci ildə gəmi ilə ABŞ-a gələndə artıq o, çar «İkinci Nikolay» kitabının müəllifi kimi məşhurlaşmışdı. «Tayms» qəzeti bu münasibətlə yazırdı: «Çarın bioqrafı burdadır: Əsəd Bəy bəyan edir ki, hökmdar başa düşülmədi». Onun «Stalin» romanı haqqında Amerikanın aylıq jurnalı «Autluk» yazırdı: «Onun, ‘Stalin'ini tapmaq olmur. Stalinin həyatını oxumaq Çikaqo qanqsterinin həyatından olan hadisələr barədə oxumağa bənzəyir və ruhuna görə ondan bir o qədər də seçilmir».
1933-cü ildə Əsəd Bəyin növbəti romanı «Rusiya yol ayrıcında» işıq üzü görəndə «Tayms» yeni bir məqalə ilə çıxış etdi: «Kitab Rusiyanı bizə qəddarlığın hökmranlığında göstərir. Əsəd Bəy icbari cənnətdən söz açır … Bolşeviklər yeni din tapmaq təşnəsidirlər və qaçınmaz ölümə gedən qullara çevrilirlər, Əsəd Bəy belə deyir».
Həmin illərdə alman jurnal və qəzetlərində tam əks səciyyəli yazılara rast gəlinir. Həmin yazıların faşist və antisemit təmayüllü müəllifləri yazıçını hakimiyyət dairələrinin gözündən salmağa çalışırdılar…
Əsəd Bəyin ömür yolunun səhifələri saysız maraqlı faktlarla zəngindir, bunlar onun həyatının, yaradıcılıq axtarışlarının və problemlərinin gözlənilməz anlarından xəbər verir. Onlardan bir neçəsini göstərmək yerinə düşərdi:
1933-cü il. Əsəd Bəy Alman Yazıçılarının İmperiya İttifaqının və İmperiya Ədəbi Palatasının üzvü olur. Bu, Üçün-cü Reyxdə əsərlərini çap etdirmək üçün ona çox vacib idi. Ancaq «yəhudi» soyadına görə qınamalar başlayanda o həmin təşkilatlarda üzvlüyünü dayandırıb Vyanaya köçmək məcburiyyətində qalır…
1936-cı ildən başlayaraq Əsəd Bəy İtaliyaya gedir, çünki Mussolininin şəxsi bioqrafı olmaq istəyir. İtalyanlarla əlaqəsini möhkəmlədir, Mussolinin ətrafında özünə nüfuzlu və imkanlı arxa tapır Covanni Centalonu.
Neapol diyarşünası Karl Nayt Fransada çıxan «Pyccкая мысль» qəzetinin müxbiri ilə söhbətində xatırlayır ki, İtaliyadakı, eləcə də Almaniyadakı faşist diktaturası rejimində yazıçının «yəhudi keçmişi» onun həyatını təhlükə qarşısında qoyurdu.
«Bir dəfə yerli prefekturaya Amerikadan bir məktub daxil oldu (məktubu və digər sənədləri Əsəd Bəy barədə yazılmış bələdiyyə dosyesində özüm görmüşəm). Onun keçmiş qisasçı amerikan arvadı bildirirdi ki, Əsəd Bəy heç də, özünü qələmə verdiyi kimi, azərbaycanlı deyil, yəhudidir. Burda, təbii ki, əl-ayağa düşdülər, istintaqa başladılar. Amma keçmişini gizlətmək Noissimbauma müyəssər oldu. Üstəlik polisə Mussolinini dəstəklədiyi məqaləsini göstərdi, burada o yazırdı ki, siyasətdə faşizm dində islama bənzəyir. İndi onu qınamaq asandır, amma həmin illər söhbət ölüm-qalımdan gedirdi … Məsələn, alman yəhudisi Martin Vulfu Pozitanodan konslagerə göndərdilər. 1942-ci ildə dünyasını dəyişən Noissimbaumu müsəlman adətincə dəfn etdilər. Pozitano qəbiristanlığına gələnləri onun ərəb yazılı və islamda kişi qəbri üçün səciyyəvi olan çalmalı qəbri həmişə heyrətə gətirir» («Pyccкая мысль», 10-16 fevral, 2000-ci il).
Belə ağır, dəyişkən siyasi mühitdə Əsəd Bəy «manevr etmək», təhlükədən qaçmaq məcburiyyətindəydi, bu da onun həyatına çoxlu ziddiyyətlər və müəmmalar qatmışdır ki, onlar da mamır kimi yazıçının tərcümeyi-halına ilişib günümüzə qədər gəlmişdir.
Əsəd Bəy viza almağa nail olub İtaliyanın koloniyası Liviyaya yola düşür və burda faşist-müstəmləkəçi İtalo Valbonun ərəbcə-italyanca tərcüməçisi işləyir. Ordan onu kontinentə göndərirlər və artıq 1938-ci ildə İtaliyanın gizli xidmət orqanları yazıçının irqi mənsubiyyətini araşdırmağa çalışır…
30-cu illərin ortalarında Əsəd Bəy tez-tez səyahət edir: Şimali Afrikaya, bütün Avropada mühazirələr oxumağa, üç dəfə ABŞ-a. Onun himayədarı jurnalist-yazıçı Corc Silvester Vyerek ABŞ-da işləyən nasist agenti idi. Üçüncü Reyxin təbliği məqsədilə Əsəd Bəyin mühazirə səfərlərini də o təşkil edirdi. Məhz həmin illərdə Əsəd Bəy özünü ABŞ vətəndaşı kimi qələmə verərək amerikalı olmağa çalışır.
… Gəmiyə pul toplayana qədər onun ABŞ-a getmək icazəsinin vaxtı bitir və Əsəd Bəy italyan himayədarı Covani Centaloya özünün irqi mənsubiyyətini yoxlatdırmaqda yardımçı olmağı xahiş edir. «Sizdən pul alan kimi Florensiyaya gedəcəm, qoy antropoloq orda elmi cəhətdən təsdiqləsin ki, mən əslində hansı irqə mənsubam», deyə məktubunda yazır. Maraqlıdır, yəhudi kökənli olmadığına əmin olmayan bir şəxs belə riskli addım atardımı?!
Ömrünün sonlarına yaxın yazıçı ağır xəstəliyə tutulur. Doktor Vito Fiorentinonun Covano Centaloya yazdığı məktubdakı diaqnozu belədir: «Əsəd Bəy bərk naxoşdur və Raynoud xəstəliyinə tutulub. Buna qarşı hazırda elmə heç bir ilac məlum deyil. Bu xəstəlik ağır formalarında qanqrenaya çevrilir və 1939-cu ilin əvvəlində Neapol hospitalında Əsədin sol ayağının bir neçə barmağını kəsmişlər»…
Maddi üzüntülər keçirən ABŞ vətəndaşı Əsəd Bəyə yardım xahişi ilə İtaliya Xarici İşlər Nazirliyinin Romadakı amerikan səfirliyinə müraciətinə Əsəd Bəyin ABŞ vətəndaşı olmaması ilə əsaslandırılmış imtina cavabı gəlir.
Bütün bu keşməkeşli yolda Əsəd Bəyin bir qayğısı da atası olur. Vaxtilə götürülmüş Leo Noissimbaum təxəllüsü onu bir kabus kimi izləyir və atasını da məşəqqətlərə düçar edir. O, İtaliyadan Elfrideyə «Xanım Qurban Səidə» yalvarır ki, Vyanaya gedib qoca, tənha atasını gestapodan qorumağa cəhd göstərsin…
Əsəd Bəyin yenə Qurban Səid təxəllüsü ilə çıxmalı olan üçüncü romanı tamamlanmamış qaldı. Romanın adı «Sevgidən baş tapmayan kişi»dir. Altı qeyd dəftərindən ibarət əlyazmanı Əsəd Bəy frau Moqle ona Pozitanoda baş çəkərkən həmin qadına verib.
Əsəd Bəyin Qurban Səidin həyat epizodlarını və faktlarını əks etdirən həmin səhifələr maraqlı bir filmin əsasını təşkil edə bilərdi, zira burda hər şey vardır: qəhrəman şəxsiyyəti, epoxal olaylar, tarix, onun görkəmli nümayəndələri və yaradıcıları, böyük yazıçı və publisistin acınacaqlı taleyi…
70-ci illərin əvvəllərində «Əli və Nino» romanı ilk dəfə Məcid Musazadə tərəfindən alman dilindən Azərbaycan dilinə tərcümə edilib tam şəkildə «Azadlıq» radiostansiyasında oxunanda əsərin müəllifi Qurban Səid haqqında rus dilində veriliş təşkil edildi və verilişin müəllifi və aparıcısı Mark Slonim söhbətinə belə başladı:
«Son aylarda Amerika Birləşmiş Ştatlarında ‘Əli və Nino’ böyük uğur qazandı. Bunu təkcə milyonlarla üzvü olan və hər ay ən yaxşı kitabı seçən klub müəyyənləşdirmədi, kitabı ucuz qiymətlə yüz minlərlə nüsxədə buraxdılar və onun Hollivudda ekranlaşdırılması qərara alındı. ‘Əli və Nino’nun tarixi və onun müəllifi ingilis-amerikan mətbuatında müəmmalar obyektinə çevrildi. ‘Əli və Nino’ ilk dəfə 1937-ci ildə Vyanada almanca Qurban Səid müəllifliyi ilə çap olunmuşdu, lakin hitlerizm və müharibənin cövlan etdiyi illərdə ondan sükutla yan ötüb əsəri tezliklə unutdular» (“Azadlıq” radiostansiyasının 19-22. 06. 1972-ci il tarixli verilişinin 525 saylı stenoqramı).
1970-1995-ci illərdə «Əli və Nino» romanı Nyu-Yorkun və Londonun müxtəlif ingilis dilli nəşriyyatlarında beş dəfə çap olunmuşdur. Romanın populyarlaşması məhz ingilis dilindəki birinci nəşrindən sonra başlayır (Nyu-York, Rendem Haus nəşriyyatı, 1971) və onun Qafqazda, Qafqazın «şərq» regionlarından biri olan Azərbaycanda baş verən önəmli tarixi, siyasi və sosial prosesləri obyektiv və realist əks etdirən müəllifinə maraq artır.
Bir məsələni də nəzərə almaq lazımdır ki, fədalıq anlamını ehtiva edən Qurban Səid təxəllüsü zəmanənin siyasi və sosial kataklizmalarının qurbanı olan insanın həyat və taleyinə işarədir. Və bu adın seçilməsi heç də təsadüfi deyil, ən azı ona görə ki, bu, müəllifin Avropadakı, Almaniyadakı həyat şəraitində seçə biləcəyi «şərqli» adıdır, «qərbli» adı yox. O, «qərbli» adı da seçə bilərdi, amma seçmədi. Seçmədi ona görə ki, bu təxəllüslə yazılmış romanlar Şərq gerçəkliyini, şərq mentalitetini, şərqli insanın dünyabaxışını əks etdirirlər. Seçmədi ona görə ki, Əsəd Bəy azərbaycanlı olduğunu, ruhunun Azərbaycanla bağlılığını gizlətmək istəmədi.
О проекте
О подписке
Другие проекты
