Yazın ilıq nəfəsi həyəti yamyaşıl etmişdi. Arxın üstündəki salxım söyüd saçaq-saçaq yarpaqlamışdı. Otlar püskürüb qalxmış, çiçəklər cücərmişdi. Böcəklər cana gəlmişdi. Onlar çəpərin dibində gəzişir, özlərini günə verib qoşalaşırdılar. Hər yerdə cücərmə, canlanma və sevinc hiss edilirdi. Toyuqlar həyətə səpələnmişdilər. Onlar dimdikləri ilə yeri eşir, nəsə yeməli bir şey tapır, qırtıldayıb bir-birini çağırır, öz aralarında özlərinin başa düşəcəkləri dildə danışırdılar. Qız kimi sığallı fərələr isə qoşa-qoşa gəzib nazlanır, ətraflarında fırlanan beçələri gözaltı süzüb ürəklərində onlara gülürdülər. Gülürdülər ki, hələ onlar fərələrə yaxınlaşıb söz deməyə cəsarət eləmirdilər. Elə uzaqdan-uzağa dolaşır, gözləri fərələrin gözlərinə dəyəndə pipikləri həyadan qıpqırmızı olurdu. Onlar hələ başa düşmürdülər ki, dişi cinsi cəsarəti, gücü, bir az da kobudluğu çox sevir. Onların xoşu gəlir ki, erkək zəhmli, qüdrətli olsun, öz inadı və geriçəkilməzliyi ilə qarşısındakını sındırsın, özünə ram eləyib quzuya döndərsin.
Toyuqlar içində bir xoruz da vardı. Ucaboylu, qədd-qamətli. Onun saqqalı, pipiyi qıpqırmızı qan rəngində idi. Boynuna elə bil göy qurşağının rəngi çökmüşdü. Quyruğunun lələkləri də, boynunun tükləri də par-par parıldayırdı. Elə qəşəng, elə yaraşıqlı idi ki, iki göz istəyirdi ki, tamaşasına dursun.
Toyuqlar elə bil özlərini ona göstərmək istəyirdilər. Qoşa-qoşa yanından keçib baş əyir, azacıq uzaqlaşan kimi öz aralarında pıçıldaşırdılar. Fərələr, beçələr də onun yanından hörmətlə adlayır, həyətin təmkinli, ağır taxtalı bu ağsaqqal başçısına ehtiram göstərirdilər.
Xoruz bunların hamısını görürdü. Onun nəzərindən heç nə yayınmırdı. O çalışırdı ki, hər şey yerində olsun, heç kəs heç kəsin payını əlindən almasın, heç kəs cızığından çıxıb yolunu azmasın, hamı əmin-amanlıqla dolansın. Özünü pis aparanları dərhal dimdiyi ilə vurub cəzalandırırdı. Çox həssas idi, heç nə gözündən qaçmırdı. Bəzən dimdiyi ilə yeri eşib tapdığı yemi cücəli toyuqlara verirdi. Göyün üzündə bir çalağan uçanda təhlükə yaxınlaşdığını xəbər verir və çalışırdı ki, həyətdəkilər vaxtında qaçıb gizlənsinlər. Özü isə meydandan çəkilmirdi, əgər çalağan üstlərinə şığısa, döyüşə hazır vəziyyətdə dayanırdı. Bilirdi ki, meydandan qaçmaq olmaz və dəfələrlə qaçmayıb döyüşmüşdü də. İndi ilıq yaz havası ona da təsir edirdi. Hərdənbir qanadını gərib yerlə sürüyür və xoşu gəldiyi toyuğun ətrafında fırlanırdı.
Gün günortadan əyilincə beləcə gəzib dolandılar. Gün şaxıyanda isə xoruz həyətdəkiləri dincəlmək üçün çardağın altına topladı və gördü ki, xoruzbeçələrdən biri yoxdur. Gözü ilə hər yeri axtardı və birdən əli üzündəcə dayandı. Gördü ki, axtardığı xoruzbeçə qara damın üstündə gəzir, özü də çox qəribə tərzdə. Addımlarını ehtiyatla atır, ayağının birini qaldırır, xeyli eləcə dayanıb gözü ilə ayağının altını yoxlayır, ondan sonra addımını atır, nəfəsini dərir və ehmalca o biri ayağını yerə basır. Elə bil nədənsə ehtiyatlanır, nəyi isə sınaqdan keçirirdi. Xoruz bu arıq, cələfsiz, qılçaları iynə kimi olan xoruzbeçənin niyə belə yeridiyini anlamadı.
Maraqlandı.
– A bala, niyə elə yeriyirsən?
– Qorxuram, xoruz baba.
– Nədən qorxursan, oğul?
– Qorxuram, damın kərənləri ayağımın altına tab gətirməyib qırıla və ağırlığımdan dam uça.
Xoruz nə qədər çalışdısa da, gülməyini saxlaya bilmədi və birdən qanadlarını çırpıb elə qəhqəhə çəkdi ki, həyət-baca şaqqıldadı. Hamı dayanıb təəccüblə xoruza və damın üstündə şəstlə durub özünü çəkən xoruzbeçəyə baxdı.
– Qorxma, bala, – deyib xoruz gülməyinə ara verdi. – Mən o damın üstündə çox gəzmişəm. Amma nə kərən qırılıb, nə də dam uçub. Özündən bədgüman olma, bala, ayağını yerə bərk bas, belə tez havalanıb yerişini itirmə.
Həyəti qaqqıltı başına götürdü və uzun zaman ara vermədi.
Birdən-birə göy şaqqıldadı, səhranı amiranə bir səs bürüdü:
– Ey bəni-insan, ayaq saxla!
Əlində əsa, başında çalma, çiynində xurcun, uzun əbasının ətəkləri yellənə-yellənə yol gedən insan övladı səhranı başına götürən bu zəhmli səsdən diksindi. Vahimə içində ətrafa boylandı və qumlu təpələrdən, haradasa xışıldayan sirkan kollarından başqa, heç nə görməyəndə dilinə kəlmeyi-şəhadət gətirib yoluna davam etmək istədi. Amma ikicə addım atmamış zəhmli səs yenidən səhranı başına götürdü.
– Sənə dedim, ayaq saxla!
O, bu dəfə əsasını, çiynindəki xurcunu kənara atıb dizi üstə yerə döşəndi. Alnını quma sürtdü, sonra diz çöküb əllərini göyə qaldırdı.
– Ey yeri-göyü yaradan, mən nə günah işləmişəm?
– Kişi, ayağa dur.
İnsan övladı bir az sakitləşdi, ayağa qalxdı, əlini sinəsində çarpazlayıb qul kimi dayandı.
– Ey bəni-adəm, bu yol ilə düz gedərsən, yeddi səhra, yeddi bələn, yeddi çay keçərsən. Qabağına güllü-çiçəkli, bağ-bağatlı, axar-baxarlı bir diyar çıxacaq, orada dayanarsan. Səni həmin məmləkətə peyğəmbər təyin edirəm.
İnsan oğlu tir-tir əsdi, eşitdiklərinə inana bilmədi. Ona elə gəldi ki, axşamüstüdür, bu kimsəsiz səhrada onu qara basır. Dodaqlarını tərpədib dilinə kəlmeyi-şəhadət gətirmək istədi ki, şər qüvvələr başından dağılsın. Elə bu vaxt yenə həmin zəhmli səsi eşitdi:
– Niyə durmusan, yola düş, uğurun xeyirli olsun…
Kişi tələsik əsasını götürdü, xurcununu çiyninə aldı, vahimə içində, tez-tez dönüb geri baxa-baxa, ətəyi yellənə-yellənə yola düşdü. Yeddi bələn aşdı, yeddi çay adladı, yeddi səhradan keçdi, qırx gün-qırx gecə ayaq döyəndən sonra deyilən yerə gəlib çatdı. Nəfəsini dərib boylandı. Uzaqda solğun işıq gördü. İşığa üz tutdu. Gəlib bir dəyirmana çıxdı.
Dəyirmançı bayırda insan hənirtisi duyub qapını açdı. Başında çalma, əlində əsa, çiynində xurcun, uzun əbasının ətəyi yellənən saç-saqqal basmış, dərvişanə kişini görəndə başa düşdü ki, qarşısında dayanan insan uzun yol yorğunudur, ayaq üstə güclə dayanır.
– Yolun hayanadır, qərib qardaş?
– Elə sizin diyara gəlmişəm. Gecələməyə yer verərsənmi?
– Buyur, buyur, qərib qardaş, bu nə sözdür, qonaq Allah qonağıdır.
Qərib ikiqat əyilib qapıdan içəri keçdi. Alaqaranlıqda, evin ortasında xeyli dayandı. Gözü qaranlığa alışandan sonra gördü ki, evin kərənləri, pərdiləri ocaq hisindən qapqara qaralmışdır. Küncdə balaca bir taxt var, üstünə nimdaş kilim, yamaqlı mütəkkə, mitil yorğan-döşək atılmışdır. Qara aftafa hisli buxarıda qaynayır. Dəyirmançı onun altına döşəkcə atdı, mütəkkə gətirdi. Qərib əbasını çıxardıb ayağını soyundu. Mütəkkəyə dirsəklənib gərnəşdi, sümükləri şaqqıldadı. İndi başa düşdü ki, yaman yorulmuşdur. Ayaqları şişib və bütün bədəni gizildəyir.
Dəyirmançı qonaqdan heç nə soruşmadı. Çay gətirdi, su gətirdi. Ortaya yamaqlı süfrə saldı. Üstünə pendir-çörək, süzmə-qatıq qoydu.
Qonaq duzsuz dəyirman kömbəsindən, pendir-süzmədən iştahla yedi. Üstündən bir-iki cam çay içdi, özünə gəldi. Elə bu vaxt qapı cırıldadı. Qıllı boz bir it qabaq ayaqlarının üstündə sürünə-sürünə içəri keçdi. Dəyirmançı dönüb ona tərs-tərs baxanda it zingildədi və qapının dalında büzüşüb yerini rahatladı.
Yatmazdan əvvəl qonaq bayıra çıxdı. Göyün üzü tərtəmiz idi. Ulduz ulduzu çağırırdı. Hava elə xoş, elə aydın idi ki, adam nəfəs almaqdan doymurdu. Dəyirmanın yeknəsəq taqqıltısı, suların şırıltısı, qamışların xışıltısı, gecə böcəklərinin cırıltısı bir-birinə qarışmışdı. Haradansa anadillər səsləşirdi. Qonaq sinədolusu nəfəs aldı. Gərnəşdi. İçəri, dəyirmanın tozlu-unlu havasına qayıtmaq istəmədi. Qərara aldı ki, içəridən palaz, yorğan-döşək gətirsin, elə damın üstündə, açıq havada yatsın. Fikrini dəyirmançıya söylədi, kişi razı olmadı. “Bu gecə qar yağacaq, – dedi, – içəridə yat”. Qonaq göydə sayrışan ulduzları, ilıq havanı yada saldı, “belə havada qar yağmaz”, – deyə etiraz etmək istədi, ancaq dinmədi. Sakitcə taxta yaxınlaşıb paltarını soyundu, dəyirmançının mitil yorğan-döşəyinin arasına girdi. Yatmazdan əvvəl dedi: “Mən yorğunam, yatıb yuxuya qalaram, ilkindi çağı məni oyat ki, səhər namazını vaxtında qıla bilim”. Dəyirmançı başını tərpətdi. Qonaq yerin içində dirsəkləndi.
– Niyə soruşmursan, kiməm, hara gedirəm?
– Qonaqdan söz soruşmazlar. Lazım olsa, özü deyər.
– Elə isə qoy deyim: Xudavəndi-aləm məni sizin məmləkətə peyğəmbər göndərib.
Dəyirmançı gülümsəmək, bu qəribə qonağın sözlərinə inanmamaq istədi. Amma birdən “ey dili-qafil, özünü saxla” deyib susdu.
Qonaq dərhal yuxuya getdi. Dəyirmançı isə yerinin içində xeyli eşələndi. Ev sahibi səhər tezdən qonağı qaldırdı. Qonaq dəstəmaz aldı, namazını qıldı və əbasını çiyninə salıb bayıra çıxdı. Gözlərinə inanmadı. Hər yeri qar basmışdı. Yollar, cığırlar itmiş, sular sırsıra buz bağlamışdı. Qar adamın dizinə çıxırdı. Dinməz-söyləməz geri qayıtdı. Gözlərini dəyirmançının üzünə zillədi:
– Bu sirdən məni agah elə, ey Allahın bəndəsi. Burada məscid, münəzzim yoxdur, amma məni düz vaxtında qaldırdın, namazımı qıldım. Gecə göyün üzündə ulduz ulduzu çağırırdı. Sən dedin, qar yağacaq. Sözün düz çıxdı. Sən bunları haradan bilirsən?
Dəyirmançı gülümsündü:
– Burada elə bir sirr yoxdur. Axşam fikir verdinmi, it sürünə-sürünə içəri girdi. Onda bildim ki, gecə qar yağacaq. Səhər damın üstündə ulaşan çaqqalların səsini eşitdinmi?
– Eşitdim.
– Bax səhər-səhər çaqqallar damın üstündə ulaşanda bilirəm ki, namazın vaxtıdır.
Qonaq başını aşağı salıb xeyli fikrə getdi. Sonra sakitcə paltarını geyindi, xurcunu çiyninə, əsasını əlinə aldı. Dəyirmandan çıxıb gəldiyi yolla geri qayıtmağa başladı. Dəyirmançı yüyürüb onun yolunu kəsdi:
– Ay peyğəmbər, cəddinə qurban olum, hara gedirsən?
Qonaq köksünü ötürdü:
– Bir ölkədə ki, müəzzin çaqqal ola, münəccim də boz köpək, mən belə məmləkətdə peyğəmbərlik eləyə bilmərəm.
Arabanın arxa tərəfində cağdan yapışaraq oturmuşdum. Gözümü təkərlərin əyri-üyrü izlərindən çəkmirdim. Neçə gün idi ki, çiskinli payız havası başlanmışdı. Kövşənliklər, otu çalınmış biçənəklər, saralmış yamaclar, torpaq yol islanmışdı. Adamın burnuna nəm çöllərin yovşan qoxulu, rütubətli havası dolurdu. Ayaqlarımı sallamışdım. Təkərlərin izi getdikcə enlənir və dərinləşirdi. Yolun kənarındakı kövşənliklər xışıldayırdı. Dərz tayalarının yeri cücərmişdi. Qalın sirkanların içində, orağın ağzından salamat qalmış sünbüllər nəmlənib əyilmişdi. Onların üstü ilə qıvrım qabığından yarıya qədər çıxan qara, qoşabuynuzlu ilbizlər sürünürdü.
Arabanın içinə tara qədər ot döşəmişdilər. Kəndimizin ağsaqqalları oturub, ayaqlarını uzatmışdılar. Şəhərə gedirdilər. Hərənin bir işi, özünə görə dərdi-azarı vardı. Mən də dərsə tələsirdim. Texnikumda oxuyurdum.
Söhbət dünənki seçkidən gedirdi. Keçən axşam kəndimizdə böyük iclas olmuşdu. Rayondan da adamlar gəlmişdilər. Onların fikri köhnə sədri saxlamaq idi. İclasdan əvvəl ağsaqqalları dilə tutub deyirdilər ki: “Katib özü də dəyişikliyin tərəfində deyil. Təzə adam seçib nə qazanacaqsınız?”
İclas gecəyarıyacan davam etdi. Çox danışdılar. Ancaq camaat sözündən dönmədi. İşgüzar briqadirlərdən birini, Aydınoğlunu sədr seçdilər.
Arabadakıların içində Mədəd kişi də vardı. O, ayaqlarını rahatca uzadıb qəlyanını tüstülədirdi. Danışılanlara qulaq asdıqdan sonra yeni sədri tərifləməyə başladı:
– Adam gərək özününkünün qədrini bilsin. Elindən, obasından irəli çıxana arxa dursun, ona kömək eləsin. Amma biz bir-birimizin ayağından çəkirik, istəyirik ki, qabağa gedənimiz tez yıxılsın. Adamlar yaman korlanıblar. Üzdə bir söz danışırlar, dalda başqa. Bilmirsən, dostun kimdir, düşmənin kim. Yadlara yaltaqlanırıq, özümüzünkülərə isə meydan oxuyuruq. Ona görə də başımızdan basırlar. İndi gərək biz elliklə Aydınoğluna arxa duraq, işinə kömək eləyək. Belə olsa, kolxozumuz qabağa gedər, kəndimizin adı dillərə düşər. Aydınoğlu qoçaqdır. Diribaşdır. Mən onu lap uşaqlıqdan tanıyıram. Rəhmətlik atası da diribaş idi. Biz qardaş kimi idik. Onu öz balam kimi istəyirəm. Elə sizə də deyirəm, gərək əl-ələ verək, qoymayaq, onun başından bir tük əskik olsun.
Mən diqqətlə ona qulaq asırdım. Ürəyimdə deyirdim ki, Aydınoğlunun bəxti gətirib. Onu bu qədər sevən adam var. Mədəd kişi kimilər, deyəsən, ona dayaq olacaqlar. Görəsən, kəndimizdə Aydın-oğlunu Mədəd kişi qədər istəyən varmı?
Araba torpaq yoldan çıxdı. Şəhərin yaxınlığında daş yola düşdü. Təkərlər qıcırdadı. Biz titrətməli kimi silkələndik. Şəhərin girəcəyindəki körpüyə yaxınlaşdıq. Birdən Mədəd kişi arabanın içində dikəldi. Yolun kənarı ilə piyada gedən təzə sədri səslədi:
– A bala, niyə piyada gedirsən, qara atı niyə minmirsən?
Aydınoğlu dinmədi. Çiyinlərini çəkib uzaqlaşdı. Mədəd kişi qəlyanını sümürüb yerini rahatladı:
– Çox həyalı cavandır, gördünüzmü, pul kimi qızardı. Amma atı nahaq minmir.
О проекте
О подписке
Другие проекты
