Читать книгу «Məni itirməyin» онлайн полностью📖 — Исмаила Шихлы — MyBook.
image

Keçəçi

Şəhərə vahiməli bir xəbər yayılmışdı. Deyirdilər ki, xeyli vaxtdır, bir dəstə adamyeyən peyda olub. Onlar pusquda durub adamları oğurlayır, zirzəmidə gizlədib ətlik mal kimi bordayır2, sonra da kəsib xörək bişirir və camaata satırlar. Xəbər dəhşətli idi. Şəhər əhalisi qorxusundan günün qulağı yaxan kimi qapı-bacanı bağlayıb içəridə oturur, səhərə kimi səksəkə içində yorğan-döşəkdə o üz-bu üzə çevrilirdilər. Gündüzlər də küçəyə çıxanda vahimə içində ətrafa boylanır, bazara getməzdən, dükanı açmazdan əvvəl dörd yanı dönə-dönə keçirirdilər.

Bu xəbər şaha da çatdı. İndiyə kimi ölkəsini əmin-amanlıqla idarə edən, gecələr təğyirlibas olub hər yeri gəzən, harada haqsızlıq görsə, amansızlıq eşitsə, qarşısını alan bu adil şahı fikir götürdü. Doğrudanmı onun ölkəsində adamyeyən peyda olmuşdu? Yoxsa bunlar bədniyyət adamların uydurmasıdır? Bəlkə, düşmən işidir, onun taxt-tacına, ədalətinə şəkk yaratmaq istəyirlər? Bəlkə, elə, doğrudan da, şəhərdə adamyeyənlər peyda olmuşlar? Nə çoxdur, dünyada şərəfsizlər, biqeyrətlər, nahaq yerə deməyiblər ki, insan çiy süd əmib, ondan nə desən, gözləmək olar.

Şahın casusları qarışqa kimi şəhərin canına daraşdılar, hər dəlik-deşiyə burunlarını soxdular, hər yeri imsilədilər, qoxuladılar, ancaq bir şeyi öyrənə bilmədilər. Axırda şahın özü işə qarışmalı oldu.

Onun adəti idi: qulağına bir pis xəbər dəyəndə, ya da elə belə, paytaxtında nələr baş verdiyini bilmək istəyəndə gecələr paltarını dəyişib küçələrə düşərdi. Sakitcə adamların danışığına qulaq asar, dilənçilərin yanında oturar, dərvişlərin moizələrini dinləyənlərə qoşular, dükan-bazarın yanından keçib karvansaraları gəzər, çox vaxt da elə orada, ya da kimsəsiz qərib kimi yoxsulların daxmasında gecələyərdi. Ona görə də heç nə onun gözündən yayınmazdı. Paytaxtında nələr baş verdiyindən xəbər tutar, ertəsi günü taxtında əyləşib, axşam gördükləri və eşitdikləri barədə tədbir tökərdi. İndi də elə elədi. Qaranlıq qarışan kimi paltarını dəyişdi, saray əyanlarının gözündən yayınıb şəhərə yollandı. Düz yeddi gün, yeddi gecə əlində çəlik, əynində kürk, patavalı, çarıqlı bir dilənçi kimi şəhəri dolaşdı. Elə bir döngə, elə bir xarabalıq olmadı ki, oraya baş çəkməsin. Şəhərin elə bir dükanı, bazarı, meydanı olmadı ki, oraya ayağı dəyməsin. Bütün karvansaraları, məscidləri ələk-vələk elədi, amma eşitdiklərinə bənzər bir şeyə rast gəlmədi. Axırıncı gün sarayın qənşərindəki karvansaranın qabağında dayandı. Yorulub əldən-ayaqdan düşmüşdü. Baldırları sızıldayırdı. Taqətsizliyini hiss eləyib bir daşın üstündə oturdu. Səkinin yaxası boyu balaca bir arx uzanırdı. Onun dumduru suyu şırıltı ilə axıb gedirdi. Şah ayaqlarını soyundu, qolunu çirmələdi, yaxasını açıb suya yaxınlaşdı, dəstəmaz alırmış kimi əlini suya salıb dirsəyinə qədər yudu, sərin suyu üzünə çilədi, boyun başını islatdı, yaş əlini ayaqlarına çəkdi və indi başa düşdü ki, yaman acmışdır. Əsasına dirənib ayağa durdu, üst-başının tozunu çırpıb karvansaraya girdi.


Həyət arı yuvası kimi qaynayırdı. Boynu zınqırovlu dəvələr yatıb tənbəl-tənbəl gövşəyirdilər. Nökərlər ora-bura qaçışaraq atları yemləyir, yəhər-yüyənlərini alır, arabaları qoşur, yükləri eşşəklərin belinə aşırırdılar. Kimi yola düşməyə, kimi də uzaq yoldan gəlib dincəlməyə hazırlaşırdı. Manqal tüstüsü, kabab qoxusu, plov ətri həyəti bürümüşdü. Şah darvazanın yanında ayaq saxlayıb həyəti xeyli gözdən keçirtdi, sonra arabaların, əllərində çay dolu stəkan qaçışan nökərlərin arasından keçib, yarıqaranlıq hücrələrin birinə girmək istədi. Elə bu vaxt başı az qala tavana dəyən, yoğun eşməbığlı3 bir adam yerin altından çıxmış kimi şahın qabağında peyda oldu.

– A kişi, nə istəyirsən?

– Uzaq yoldan gəlmişəm, yaman acmışam.

Nəhəng bir xeyli şaha baxdı, gözləri onun enini-uzununu ölçdü və nə fikirləşdisə, onu qabağına saldı. Karvansaranın qaranlıq hücrələrinin arasındakı dəhlizlə arxaya tərəf getdilər. Şah gördü ki, dəhliz getdikcə uzandı, divarların nəmi üzünə vurdu və qabaqlarına bir qapı çıxdı. Onu aparan adam qapını açdı və şah özünü başdan-başa gəbə döşənmiş bir otaqda gördü. Onun içəri girməsi ilə arxadan qapının bağlanması bir oldu. Şah diksinib geri döndü və elə bu zaman ayağının altından yer qaçdı, gurultu ilə zirzəmiyə düşdü. Gözü qaranlığa alışana qədər gözlədi. Hiss etdi ki, bu yeraltı dünyadan çıxmaq çətin olacaq. Tək gəldiyinə, heç olmasa vəziri özü ilə götürmədiyinə, ya da saraydan yola düşəndə haraya getdiyini arvadına deməməsinə peşman oldu. İndi onun əli hara çatacaqdı? Şah çox fikirləşməyin mənasız olduğunu, işin işdən keçdiyini başa düşüb ayağa durdu. Üst-başının tozunu çırpdı, divarlarından su sızan dəhlizlə asta-asta, ayağı dolaşa-dolaşa irəlilədi. Xeyli getdikdən sonra qarşısına iri bir qapı çıxdı. Ayaq saxladı. Hiss etdi ki, içəridə səs-küy var, insan nəfəsi, insan hənirtisi duyulur. Ürəkləndi. Əlini cəftəyə uzadıb qapını itələdi və yerindəcə donub qaldı.

Onun qarşısına qəribə bir adam çıxdı. Enli qurşağın altından qarnı sallanan, qırxıq başının ortasından alnına doğru at quyruğu boyda saç tökülən, boynunun əti qarış-qarış, qara sifət bir adam. Onun qulağında nal boyda sırğa vardı. Qalın dodaqlarının arasından dişləri, bir də iri gözləri ağarırdı. Şah onun dirsəyə qədər çirmənmiş iri, tüklü qollarına, caynaq kimi hər şeyi qamarlamağa hazır olan barmaqlarına, belindəki əyri qılıncına, kəmərindən sallanan qəmələrə, bıçaqlara baxanda vahimələndi. Xəyalından keçirtdi ki: “Deyəsən, düz deyirlərmiş, şəhərdə adamyeyənlər peyda olubmuş”. Əli şallaqlı kişi şahı diqqətlə süzdü və birdən elə şaqqanaq çəkdi ki, zirzəminin divarları cingildədi, tavana səs düşüb gumbur-gumbur gumbuldadı. Elə bil yer-göy gülməyə başladı. Birdən iri əllər onun boynundan yapışdı, dartıb göyə qaldırdı və yumaq kimi fırladıb içəri atdı. Şah ağzı üstə torpağa düşüb xeyli sürüşdü və başını qaldıranda gördü ki, iri, ucu-bucağı görünməyən böyük, işıqlı bir zirzəmidədir. Divar boyu xanalar, mahud toxuyan dəzgahlar düzülüb, çarxların taqqıltısından, kirkilərin şaqqıltısından qulaq tutulur. Bir yanda yun əyirir, bir yanda iri küplərdə ip boyayır, bir yanda da sapları iri tağalaqlara dolayırlar. Kimi mahud toxuyur, kimi gəbə kəsir, kimi də parça toplarını daşıyıb tay vururdu. Əlində çalğı döşəmə süpürən, gəbələri, xalçaları daşıyıb qat-qat yığanlar, ip aparıb ip gətirənlər bir-birinə qarışmışdı. Burada kişi də vardı, qadın da. Qız da vardı, gəlin də, hətta qarı da. Qarılar divar boyu oturub cəhrələrdə yun əyirirdilər. Şah gözlərinə inanmadı. Elə bildi ki, nağıllarda söylənən sehrli, tilsimli yeraltı bir dünyaya düşüb. Cinlərin, şeytanların arasındadır, əlində qamçı şaqqıldadan divlərin, adamyeyənlərin əlinə keçib.

Onu təpiklə vurub ayağa qaldırdılar. Qulağından tutub zirzəmini gəzdirdilər, hər şeyi, hər yeri göstərdilər və başa saldılar ki, buraya gələn geri qayıtmır. Ölənəcən, sümükləri çürüyənəcən burada işləyir. Şahın nəfəsi darıxdı, öz-özünü danladı, gözünün qabağında, lap burnunun ucunda, sarayla üzbəüz karvansaranın zirzəmisində nələr baş verdiyindən xəbərsiz olduğuna təəccüb etdi, hirsləndi və istədi ki, qışqırıb “mən şaham” desin, cəllad çağırıb bunların boynunu vurdursun, amma dilini dişləyib dayandı. Düşündü ki: “Ey dili-qafil, sən nə eləyirsən? Sirrini açsan, sənin böyük tikəni qulağın boyda eləməzlərmi?” Dinmədi. Səsini içinə salıb susdu.

Onun əlinə çalğı verdilər. Döşəmə süpürdü. Mahud toplarını daşıdı, gəbələri xanadan kəsənlərə kömək elədi. Boyanmış ipləri belinə yüklədilər. İşlədi, gecəli-gündüzlü, nəfəs dərmədən. Günlərin, həftələrin necə gəlib keçdiyindən xəbəri olmadı, ayları bir-birinə qarışdırdı. Ölkələrə hökm edən şah yeraltı zirzəmidə qarışqa kimi işləyənlərin birinə çevrildi. Özü də ən xeyirsizinə. Şah başa düşdü ki, bu yeraltı dünyanın sahibləri müftə yerə ətək-ətək pul götürürlər. Oğurladıqları adamları qul kimi işlədir, onların toxuduqları gəbələri, xalıları, zililəri, mahudları bazarlara çıxardır, gəmilərə doldurub diyarlar aşır, uzaq-uzaq yerlərdə baha qiymətə satırlar.

Bir gün zirzəmiyə qəribə bir xəbər yayıldı. Şah yoxa çıxıb. Bütün qoşun ayağa qalxıb. Şahın arvadı hər yerə çapar yollayıb, ölkənin altını üstünə çeviriblər, amma şahı “gördüm” deyən yoxdur, elə bil zirzəmidəkilərin beli sındı. Şah gördü ki, qızlar, gəlinlər için-için ağlayırlar, kişilər tez-tez köks ötürüb ah çəkirlər. Elə bil onların gözünün işığı sönürdü. Şah başa düşdü ki, zirzəmidəkilər ümidlərini ona bağlayıblarmış.

O gecə yata bilmədi. Saman döşənmiş yerdə o üz-bu üzə çevrildi, çıxış yolu axtardı, gözünü qaranlıq zirzəminin tavanına zillədi, fikrində dağı arana, aranı da dağa köçürdü, dəfələrlə ötən günlərə gedib-qayıtdı…

Onda lap cavan idi, yenicə taxta çıxmışdı. Sarayda oturmaqdan çox dağda-daşda gəzməyi, at çapmağı, yay-ox atmağı, çəmənlikdə, çöllərdə ceyran-cüyür ovlamağı sevirdi. Bir gün ovdan sonra başının dəstəsi ilə bulaq üstünə enəndə suya gələn qızları hürkütmüşdülər. Qızlar qanad çalıb pırıltı ilə uçan göyərçinlər kimi ətrafa səpələnib kolluqda yox olmuşdular. Ancaq onlardan birini şahın qırğı gözləri almışdı. Qız isə “müjgan oxunu atıb” getmişdi. Evə qayıdandan sonra şah durub dincələ bilməmiş, səhərisi gün at belinə qalxmış, başının dəstəsi ilə həmin bulağın üstünə gəlmişdi. Yenə qızları hürkütmüşdülər. Amma şah bu dəfə ovunu aydınca görmüş, nağıllarda deyildiyi kimi, qıza bir könüldən min könülə aşiq olmuşdu. Şahın dünyagörmüş vəziri məsələni başa düşmüş və əl altından öyrənmişdi ki, qızın atası öz tükü üstündə dolanan kasıb bir kişidir. Vəzir xeyli dinməmişdi. Gözləmişdi ki, bəlkə, ötəri hissdir, şahın yadından çıxıb gedəcək. Amma hökmdarın saralıb-solduğunu, günlərlə qapını bağlayıb içəridə oturduğunu görəndə özü məsələni açmalı olmuşdu.

– Qibleyi-aləm, istəyirsən, çapar göndərim, qızı elə bu gün hərəmxanaya gətirsinlər.

Şah yarasına toxunulmuş adam kimi dik atıldı. Vəzir gördü ki, onun burun pərələri genişləndi, qan üzünə vurdu, sifəti qıpqırmızı oldu.

– Yox, vəzir, mən onunla evlənmək istəyirəm. Hazırlaşın, elçi gedin.

– Şahım, məni kimin qapısına göndərirsən, o, sənin tayındırmı?

– Bilirəm, vəzir, hamısını başa düşürəm, amma getməlisiniz.

Şahın anası, bütün yaxın qohumları, saray əyanları işə qarışdılar, onu başa salmağa çalışdılar ki: “Bizi rüsvayi-cahan eləmə, ağlını başına yığ, sən hara, kəndçi qızı hara”. Amma şah inadından dönmədi. Axırda əlacları kəsilib qıza elçi getdilər, bir az keçmiş suları süzülə-süzülə əliboş qayıtdılar. Qız razılıq verməmişdi.

Saray bir-birinə dəydi. Amma şah inadından dönmədi. Vəziri çağırıb:

– Qız qapısı, şah qapısı, – dedi, – bir də getməliyik. Bu dəfə elçiliyə özüm də gedəcəyəm.

Vəzir nə qədər əlləşdisə, onu sözündən döndərə bilmədi. Şah təğyir-libas oldu, elçilərə qarışdı və yola düşdülər.

Bu dəfə qızın atası elçilərə heç nə demədi, boynunu büküb dayandı. Qızın özünü çağırdılar. Utana-utana içəri girdi. Onun əynində nimdaş paltar vardı, ayağı yalın idi. Kələğayını gözünün üstünə çəkib atasının yanında başıaşağı dayandı.

– Qızım, kişilər səndən ötrü gəliblər, özün onlara cavab ver.

Vəzir ortaya çökən sükutun çox sürdüyünü görüb dilləndi:

– Allah-taala öz-özünə qapı açıb, bala, şah özü sənə aşiq olub, istəyir ki, sən onun halalca, kəbinli arvadı olasan.

Qız xeyli dinmədi. Ayağı ilə yeri sığalladı və birdən başını qaldırıb düz vəzirin üzünə baxdı:

– Sənəti nədir?

Hamı təəccüblə bir-birinin üzünə baxdı. Qızın sözündən heç kəs heç nə başa düşmədi. Yenə vəzir cavab verdi:

– Şahlıq.

– Şahlıq sənət deyil.

– Qızım, nə danışdığını bilirsənmi? Şaha nə sənət? Bütün dünya onun qabağında diz çökür, ağlını başına yığ.

– Bilirəm, amma mən əlində sənəti olmayan adama ərə getməyəcəyəm. Gedin, şahınıza deyin, qoy bir sənət öyrənsin. Bəlkə, ondan sonra razı oldum.

Dinməz-söyləməz geri qayıtdılar. Şah çox fikirləşdi, qızın dediyini başa düşməsə də, qəti qərara gəldi. Usta çağırtdırdı. Düz bir ay gecəli-gündüzlü əlləşdi və keçəçilik öyrəndi. İlk keçəni qıza göndərdi, qızın razılığını alıb cah-calalla toy elədi…

Səhərisi zirzəmidə şallaqlar şaqqıldadı. Xanaların, cəhrələrin, boyaqçı küplərinin, tayalanmış mahudların, qalaqlanmış gəbələrin yanındaca mürgüləyənlər, başını dəzgaha söykəyib çimir alanlar dik atıldılar, hər şey işə düşdü. Yenə şaqqıltı, gurultu başladı. Amma şah yerindən durmadı, dedi ki, başçını görmək istəyirəm, vacib sözüm var.

Onun gözlərini sarıdılar. Qolundan tutub kor yedəkləyən kimi xeyli apardılar. Axırda bir otaqda gözünü açdılar. Şah gördü ki, başdan-başa gəbə döşənmiş otağın yuxarı tərəfində, döşəkçənin üstündə kök bir kişi əyləşib, sulu qəlyan sümürür. Əlini döşünə qoyub ikiqat əyildi. Kişi ağzından qəlyanı çıxardıb həm maraq, həm də əsəbiliklə soruşdu:

– Mənə nə sözün var, kişi?

– Ağa sağ olsun, istəyirəm, sizə xeyir verim.

– Mənə nə xeyir verə bilərsən, kişi?

– Verərəm, başına dönüm, sənətkar adamam.

– Nəçisən?

– Keçəçi.

– Keçəni kim alacaq, a kişi?

– Alarlar, ağa, nə çox tərəkəmə.

Başçı xeyli fikrə getdi, qəlyanını horuldatdı, sonra əlini yellədi:

– Yaxşı, qoy sən deyən olsun.

Elə o gün şaha yun verdilər, köməkçi ayırdılar. Şah iki cür yun seçdi: biri dümağ pilə kimi, o biri qapqara şəvə kimi. Onları yudu, təmizlədi, bir həftə gecə-gündüz əlləşdi, axırda haşiyəli, naxışlı, ortası qara güllü, ətrafı işləməli, tamaşasına durulası bir keçə saldı.

– Şahlara layiq keçədir. Bunu bazarda yox, lap şahın qapısında da göydə götürərlər. Bir çanaq qızıl da istəsəniz, verərlər.

Onun dedikləri ağıllarına batdı. Naxışlı keçəni birbaş sarayın qabağına apardılar.

Şahın arvadı Əminə xatun eyvanda dayanıb axtarışa göndərdiyi çaparların yolunu gözləyirdi. Neçə ay idi ki, gözünə yuxu getmir, gecələr paltarlı mürgüləyir, işıqlaşan kimi eyvana çıxıb ürəyi səksəkəli, qulağı səsdə eyvanda gəzinirdi. Birdən onun gözü çiynində keçə sarayın qabağında hərlənən kişiyə sataşdı. Ürəyinə nəsə damdı və qulluqçunu göndərdi. Özü də tab gətirə bilmədi. Qulluqçunun dalınca qırx pilləkəni birnəfəsə düşdü. Qulluqçu ilə bərabər özünü keçənin üstünə saldı:

– Neçəyə deyirsən bu keçəni, a kişi?

– Bir çanaq qızıla, xanım.

Qulluqçu içini çəkdi. Xanım barmağını dişləyib, özünü toxtatdı.

– Bir çanaq qızıla da keçəmi olar, a kişi?

– Niyə olmur, xanım, bax gör necə keçədir?

Kişi keçəni açıb naxışları göstərdi.

Əminə xatun diqqətlə keçəyə baxdı, onun haşiyələrini əli ilə sığalladı, naxışlara qarışdırılmış yazıları gördü və başa düşdü ki, keçəni əri salıb və buraya da göndərib. Keçədəki naxışlarda karvansaranın altındakı zirzəminin yolları, döngələri, keçidləri, giriş və çıxışları aydınca göstərilmişdi.

Şahın arvadı qamətini düzəldib kişinin üzünə baxdı:

– Düz deyirsən, əmi, bir çanaq qızıla dəyəsi keçədir.

Ertəsi günü şahın qoşunu vəzir-vəkil başda olmaqla karvansaranı arakəsməyə aldılar, zirzəmidəki qulları buraxdılar və adamyeyənləri boynunda kündə, ayaqlarında qandal, qollarında zəncir şəhərin meydanlarından gəzdirdilər və camaata car çəkdilər ki, bir həftədən sonra dar ağacından asacaqlar.

Şah zindandan evinə qayıdanda arvadı onun qabağına yeridi, önündə diz çökmək istədi. Amma şah qoymadı, qolundan tutub qaldırdı.

– Sən yox, mən sənin qabağında diz çökməliyəm.

– Niyə, şahım?

– Çünki sən vaxtında mənə sənət öyrətməsəydin, ömürlük zindanda çürüyəcəkdim. Keçəçi Abbas olmasaydı, Şah Abbası heç kəs zindandan qurtara bilməzdi.


1
...
...
9