O, dayandı. Əlini gözünün üstünə qoyub, üfüqlərə qədər uzanan sonsuzluqlara baxdı. Su kimi qırçınlanıb axan sarı, narın qum ləpələrindən başqa, heç nə görmədi. Bu ləpələr balaca bir titrəyişdən hərəkətə gələrək yeriyir, tozlana-tozlana irəliləyir və mavi səmanın qurtaracağına doğru yüyürürdü. Göydən od ələnirdi. Adamın düz başının ortasında dayanan günəş kəhrəba kimi sarı səhra qumlarını qovurub qıpqırmızı edirdi. Nəfəs aldıqca boğaz quruyur, tüpürcək adamın dilinə yapışırdı.
Kainatın bu sonsuz sakinsiz diyarında təkcə dayanan insan övladı dincəlmək istədi. Onun qarşısında hələ uzun yol vardı. Nəfəsini dərib yorğunluğunu almalı idi. Ətrafa boylandı. Kölgəlik axtardı. Yastıyapalaq saksaul kolundan başqa, gözünə heç nə dəymədi. Topuğa qədər isti quma bata-bata ora yaxınlaşdı. Əsasını, torbasını atıb oturmaq istərkən fışıltı eşidərək, geri sıçradı. Gördü ki, bir ilan quyruğu üstə qalxmışdı. Göz-gözə dayandılar. Hər ikisinin gözü qonur idi, hər ikisi döyüşü udmaq istəyirdi. Kim bir balaca qorxsa, geri çəkilsə, basılmış olacaqdı. İnsan övladının geri çəkilmək fikri yox idi. Əksinə, hazır dayanmışdı ki, ilan üstünə atılsa, boğazından yapışsın. Deyəsən, bunu ilan da duydu, asta-asta aşağı yatdı və sürünüb uzaqlaşdı.
O, gözünü ilanın əyri-üyrü izindən çəkmədən oturdu. Ayaqlarına baxdı. Cadar-cadar idi. Yolların isti qumu dərisini yandırmışdı. Çınqıl daşlar pəncəsini doğramış, dabanını çatlaq-çatlaq eləmişdi. Ayağının altı qalınlayıb gönə dönmüşdü. Bədəni qovrulub yanırdı. Əynindəki paltarları cırıq-cırıq idi. Uzandı. Bir azca sərinləmək istədi. Qumu eşib bədəninə tökdü. Qovrulub dənələnmiş narın qum onun qaralıb yanmış qollarının, baldırlarının, sinəsinin qarsımış tüklərinin arasından süzülüb axdı. Elə bil bədəninə qor doldu.
Bağlamasını açdı. Bir parça quru çörək çıxarıb gövşədi. Boğazından ötsün deyə üstündən bircə qurtum su içdi. Dirsəklənərək yenə irəli, sonsuz qum səhrasına baxdı…
O, çoxdan yola çıxmışdı, lap çoxdan. Onda cavan idi, ətli-canlı, gırdın1 budlu bir cavan. İki adam qolunu qanıra bilmirdi. Bircə əli ilə öküzün boynunu qanırıb dizini yerə gətirirdi. İndi isə qupquru quruyub qaxaca dönmüşdü. Saç-saqqalı ağarmışdı. Bir insan ömrünü artıq başa vururdu. Xəbəri yox idi ki, bir insan ömrü yollarda puça çıxmış, amma hələ də gedirdi, hələ də axtarırdı. Hələ də yollarda idi. Ulu babaların keçdiyi, Adəm atadan sonra dünyaya gəlmiş ən qədim əcdadlarının başladığı, ancaq axırına çata bilmədikləri yolda.
O zaman dünya səhrayi-kəbir idi. Üfüqdən-üfüqə uzanan bu sonsuz, sehrli-sirli dünyada yaradanın nələr xəlq etdiyindən heç kimin xəbəri yox idi. Ancaq onu bilirdilər ki, cənnətdən sonra bura pis idi, çox pis! Burada, gah soyuq ruzigarın öz acı nəfəsi ilə hər şeyi buza döndərdiyi, gah da günəşin od ələyib bütün aləmi yandırıb-yaxdığı bu bəhrəsiz diyarda qalmaq çətin idi. Onlara demişdilər ki, Məğribdən Məşriqə bir yol uzanır, o yol ilə getsəniz, üfüqün o üzündə gözəl bir diyar var, ora çatarsınız. Elə bir diyar ki, dağlar baş-başa verib, çaylar çeşmələrdən, irmaqlardan güc alıb daşlanır, şəlaləyə dönüb sıldırım boşluqlardan tökülür, sonra da düzənliklərə axıb hər yeri çəmənliyə, gül-çiçəyə döndərir. Vadilər meşədir, ormanlıqdır. Orada nə istəsəniz, tapacaqsınız. Ceyran-cüyür ovlayacaq, qızıl-gümüş sularda çiməcək, ətirli gül-çiçək içində yatacaqsınız. Quşlar öz nəğmələriylə sizə laylay çalacaq, bihuşdarı ağaclarının ətri sizi məst edəcək. Orada çaylardan su yerinə bal-yağ axır. Nə soyuq ruzigar görəcəksiniz, nə də qızmar günəş.
Yola çıxdılar. Elliklə, obalıqla. Daşlı-kəsəkli yollar aşdılar, səhralar keçdilər. Yolda anadan olan uşaqlar əvvəlcə qucaqda gəzdilər, sonra analarının əlindən tutub yeridilər. Bir də gözlərini açıb gördülər ki, onların əlindən tutanların əlindən tutmaq lazımdır. Dünənki uşaqlar indiki qocaların əlindən tutası oldular. Yenə qatarlaşıb irəlilədilər, ancaq üfüqü aşa bilmədilər. Yaxınlaşdıqca üfüq uzaqlaşdı, əlçatmaz bir məsafəyə döndü.
Gözəl diyar əvəzinə yollarının üstünə buzlaqlar çıxdı, ilanlı-əqrəbli düzənliklərlə qarşılaşdılar. Cavanlar ayaq saxlayıb dayandılar, geri qayıtmaq istədilər, ancaq qocalar razı olmadılar. “Biz heç, barı siz o diyara çatın, xoş gün görün”, – deyə onları dilə tutdular. Yenidən yola düşdülər. Buzlaqlar keçdilər, bələnlər aşdılar, ölənlər də oldu, yollarda qalanlar da. Əldən-ayaqdan düşənləri dallarına aldılar, elə hey irəlilədilər, gecəli-gündüzlü yollarda oldular. Bir də gözlərini açıb gördülər ki, qocalardan heç kəs qalmayıb. Kədərləndilər. Valideynlərini ağ günə çıxarda bilmədiklərinə görə özlərini danladılar. Ancaq onu bilmirdilər ki, ölənlər də uşaqlarına bir gün ağlaya bilmədiklərinə görə bu dünyadan əli uzanıqlı, ürəyi nisgilli getmişdilər.
Bir gün səhrada yağışa düşdülər. Göy şaqqıldadı, buludlar kəllə-kəlləyə gəldi. Elə bil ağrıdan gözlərini yumub, selləmə yağış axıtdılar. Çöllərin tozu yatdı. Bədənlərə sərinlik gəldi. Yağış birdən başladığı kimi birdən də kəsdi. Göyün üzü çimib sığallanan gəlin sifəti kimi tərtəmiz oldu. Birdən insanlar gördülər ki, səmada iki göy qurşağı var. Sarı, yaşıl, göy və qırmızı zehli qurşaq. Biri qabaqda idi, o biri arxada. Sevindilər. İnandılar ki, cənnətmisal diyara gəlib çatıblar. Bu qurşağın altından keçən kimi orada olacaqlar. Ancaq bilmədilər, hansı qurşağın altından keçsinlər: irəlidəkinin, yoxsa arxadakının. Uşaqlar qocaların əlindən tutub qabağı göstərdilər, qocalar isə arxadan qorxduqları üçün geri qayıtmaq istəmədilər. İrəli getdilər. Sevinə-sevinə, qaça-qaça, üzü günəşə, göy qurşağına doğru. Göy qurşağı cazibədar idi, özü də lap yaxındaydı, əlini uzatsan, çatardı. Qaçdılar, çalışdılar ki, onun altından keçsinlər. Ancaq onlar yaxınlaşdıqca göy qurşağı geri çəkildi və birdən gülə-gülə, öz gözəlliyi ilə insanları heyran qoya-qoya yoxa çıxdı.
İnsan övladları dayandılar. Məyus-məyus səhraya boylandılar.
…Saksaul kolunun dibinə arxası üstə uzanıb gözünü səmaya zilləyən insan övladı bunları xatırladı, ulu babaları haqqında eşitdiklərini yada saldı və özünün keçib gəldiyi ömür yolunu gözləri önündə canlandırdı…
Yollarda qalanlar çox oldu. Sağa buruldular, sola qanrıldılar, bəziləri də “daha gedə bilmirik” dedilər. O isə yolundan dönmədi. Axı düz iki dəfə aydınca görmüşdü ki, səhranın ortasında yaşıl bir diyar var. Həmin diyarda çaylar axır, sular ləpələnir… Sinəsi güllü-çiçəkli dağların başı qardır. Hətta suların, dağların sərinliyini üzündə hiss etmiş, ceyran-cüyür səsini eşitmiş və yəqinləşdirmişdi ki, ulu babalarından tutmuş indiyə qədər axtardıqları cənnətmisal diyar elə budur. Gözünü cənnətmisal diyardan çəkmədən, bir azdan orada olacağı ümidi ilə irəliləmişdi. Ancaq əli boşa çıxmışdı. Qaranlıq qarışanda həmin diyar zülmətə bürünmüş, səhər açılanda isə tamam yoxa çıxmışdı. Həm də bu yuxuya bənzər cənnətmisal diyarı iki dəfə görmüşdü. İkisində də birdən-birə peyda olmuş, birdən-birə də yoxa çıxmışdı. Bu nə sirr idi, başa düşə bilmirdi…
…Yola düşməzdən əvvəl uşaqlarını bir kənara çəkmiş, “siz dincəlin, mən gedirəm, ‒ demişdi, ‒ oranı tapacağam, arxayın ola bilərsiniz, mütləq tapacağam. Onda gəlib aparacağam, darıxmayın”. Gecəni gündüzə qatmışdı, gündüzü də gecəyə, elə hey irəliləmişdi. O vaxtdan nə qədər keçdiyini bilmirdi, uşaqlarının başına nə iş gəldiyindən xəbərsiz idi. Amma ümidini itirməmişdi. Elə dünən də səhranın ortasındakı həmin gözəl diyarı açıq-aşkar görmüşdü. Haradasa lap yaxındaydı, gəlib çatmışdı.
Uzandığı yerdən durub yola düşmək istədi. Ayaqları sözünə baxmadı. Sızıltıdan bədəni göynədi. Qərara aldı ki, bir azca mürgüləyib dincini alsın. Xəyalından keçirdi ki: “Bu dəfə mütləq oranı tapacağam, daha gözümdən qoymaram”. Ayaqlarını uzadıb başını torbasına söykədi.
Nə qədər yatdığını bilmədi. Gözünü açanda onu gördü ki, səhra istidən od tutub yanır. Narın qumlar qovrula-qovrula yeriyir, yeridikcə qum təpəcikləri ovulub axır və qırçınlanıb dəniz ləpələri kimi bir-birini qovur. Gözünü hərləyib göyün üzünə baxdı və başa düşdü ki, çox yatıb, lap çox. Əsasını götürdü, torbasını çiyninə aldı və birdən diz çökdü.
Qarşıda, günəşin qarsıyıb yandırdığı bu sonsuz qumlu səhranın ortasında məxmər kimi yaşıl bir çəmənlik vardı. Bu çəmənliyin ətəyini üzü göz kimi hamar və parlaq olan sular yalayırdı. Dağların zirvəsi yenə qar idi, sinəsində isə gül-çiçək ləpələnirdi, sular şırıldayırdı. Ceyran-cüyür mələşməsi eşidilirdi. Bu, həmin diyar idi. Çoxdan bəri axtardığı və iki dəfə apaşkar gördüyü cənnətmisal diyar. Bu, həqiqət idi, bu cür qarabasması ola bilməzdi, quşların səsinə qədər eşidilirdi. Suların sərinliyi üzə vururdu, çiçəklərin ətri sinəsinə dolurdu. Əllərini göyə qaldırdı. “Şükür kərəminə, ey yeri-göyü yaradan, ‒ dedi, ‒ axır ki, məni mənzilə çatdırdın!”
Ayağa durdu. Torbasını, əsasını atdı, qollarını açdı, heç nəyə fikir vermədən irəli cumdu. Elə bil uçurdu. Addımının birini burada atırdı, birini də təpənin o üzündə. Mənzilə lap az qalırdı, əlini uzatsan, çatardı. Artıq şübhə ola bilməzdi. Hər şey aydınca görünürdü, hər şey göz qabağındaydı. Ürəyi az qalırdı partlayıb sinəsindən çıxsın. Amma buna fikir vermədi. Tövşüyə-tövşüyə, ayaqları dolaşa-dolaşa, üzü Məşriqə tərəf, gözəl diyara doğru qaçdı.
Birdən dəhşət içində dayandı. Gördü ki, gözəl diyarın üstünə narın bir kölgə çökür. Keçən dəfə də belə olmuşdu. Əvvəlcə xəfif duman tül pərdə kimi hər yeri bürümüşdü. Azacıq sonra isə bu gözəl diyarın özü kölgəyə dönüb görünməz olmuşdu. O qorxdu, yerindən tərpənə bilmədi. Dizi üstə qumluğa çökdü. Əllərini göyə qaldırdı. Bu dəfə dua üçün yox, fəryad üçün. Hönkür-hönkür ağladı. “Bu nə işdir, mənim başıma gətirirsən, ey Tanrı, hüzurunda nə günah işlətmişəm”. Gözündə yaş üfüqlərə baxdı. Gördü ki, tülə bürünmüş cənnətmisal diyar öz yerindədir, əvvəlki kimi cilvələnib bərq vurur.
Yerindən tərpənə bilmədi. Qorxdu ki, ayağa qalxsa, həsrətini çəkdiyi, ulu əcdadlarından tutmuş bu günə qədər axtardıqları o gözəl diyar yoxa çıxar. Əli göydə, gözü üfüqdə, dizi üstə quruyub qaldı.
Kişi yola düşəndə dan yeri yenicə ağarırdı. Gecikmiş xoruzlar orada-burada qanad çalıb banlayır, səhər mehi otları xışıldadır, torağaylar pırıltı ilə qalxıb sirkan kollarının dibinə qonurdular. O, axşamdan arvadına demişdi ki, uzaq səfərə çıxacaq, Allah-taalanı tapıb dərdini ona deməyincə geri qayıtmayacaq. Arvad əli üzündəcə donub qalmış, xəyalından keçirmişdi ki: “Allah, sən özün saxla, kişinin başına havamı gəldi, nədir?” Ancaq ağzını açıb bir söz deyə bilməmişdi. Bütün gecəni korun-korun ağlamış, ərinin yoluna tədarük görmüşdü. Heybəyə beş-altı çörək, bir torba süzmə, yarım baş pendir qoymuşdu. Səhərəcən yatmayıb ərinin patavasını, çarığını qurutmuş, paltarının cırıq-söküyünü yamamışdı. Xoruzun üçüncü banından sonra kişi paltarını geyinib sakitcə evdən çıxmaq istəmişdi. Arvadı isə həyətdə, boz kilimin üstündə mitil yorğana bürünüb yan-yana yatışan uşaqlarını dürtmələyib qaldırmışdı ki, durun, atanız uzaq yola çıxır, görüşün. Uşaqlar yuxulu-yuxulu onun boynuna sarılmışdılar. Ata balalarını bir-bir öpmüş və daxmasından çıxmışdı.
O, hansı səmtə gedəcəyini bilmirdi. Ona görə də üzünü günəşə tutdu və yolu əlinə aldı.
O, əkinçi idi. Bir parça torpağı, iki öküzü və bir cütü vardı. Səhər tezdən yuxudan durar, Allah verəndən torbasına qoyar, öküzlərini qabağına qatıb işə gedər və bir də qaranlıq qarışanda evə qayıdardı. Heç kimlə işi olmaz, heç kəsin paxıllığını çəkməz, heç kəsin malına göz dikməzdi. Allahdan arzusu o idi ki, balalarının qarnı doysun, əyinləri paltar görsün. Gecə-gündüz əlləşər, halal zəhmətlə dolanar, haram tikəyə əl vurmazdı. O inanırdı ki, öz əlinin bəhrəsi ilə güzəranını yaxşılaşdıracaqdı, amma illər keçir, uşaqlar böyüyür, saqqalına dən düşürdü. Dolanacağı isə günü-gündən pisləşirdi.
O, günortaya qədər üzü günəşə sarı getdi, sonra isə dönüb günün dalına düşdü. Dərə-təpə aşdı, eniş-yoxuş çıxdı, axırda bir taxıl zəmisinin yanında ayaq saxlayıb nəfəsini dərdi. Kişinin gözü sevindi, ürəyi şadlandı. Gördü ki, qara qılçıq sünbüllər baş-başa verib, taxıl boy atıb qurşağa çıxır. Zəmiyə göz düşüb. Sütül sünbüllər bu gün-sabah bərkiyib saralacaq. O, xəyalən oraq götürdü, taxılı biçib dərz bağladı, tayalara vurdu, xırmana gətirdi, taxılı döyüb sovurdu və hər biri zoğal boyda olan sarı kəhrəba buğdanı çanaqlayıb çuvallara doldurdu. Ürəyində belə taxıl becərənə “afərin” dedi və yola düşmək istədi. Elə bu vaxt zəminin kənarında məlul-müşkül oturan yazıq bir kişi gördü, səmtini dəyişib onun yanına gəldi. Salam verdi, salam aldı. Taxılın qırağında oturub fikrə gedən kişi başını qaldırdı, onun üzünə baxdı, qayğılı-qayğılı soruşdu:
– Ey Allah bəndəsi, belə bivaxt hara gedirsən?
– Tanrıdan gizli deyil, bəndədən nə gizlədim, Allahın yanına gedirəm.
– Əstəğfürullah de, a kişi, sənin Allahla nə işin var?
– Var, işim də var, şikayətim də. Onu harada olsa, axtarıb tapacağam və soruşacağam ki, niyə dünyanı başlı-başına buraxıbsan? Görmürsənmi, insaf-mürüvvət qalmayıb, çapovulçuluqdur, dünyanı dağıdırlar? Ona deyəcəyəm ki, necə rəva görürsən ki, sənin yolundan çıxmayıb halal zəhmətlə, halal çörəklə dolananlar zillət çəksin, qarnı dolusu çörək, əyni dolusu paltar tapmasın, amma Allah yolundan çıxıb şeytanlara qulluq eləyənlərin başından var-dövlət tökülsün. Yoxsa istəyirsən ki, saçımızın-saqqalımızın ağ vaxtında yolumuzu azıb şeytana qulluq eləyək?
– Axşam-axşam küfr danışma, kişi, sənin dünya ilə nə işin var, öz dərdimizi çəkə bilmirik, öz dərdimiz özümüzə bəsdir. De görüm, dərdin nədir?
О проекте
О подписке
Другие проекты
