Читать книгу «Məni itirməyin» онлайн полностью📖 — Исмаила Шихлы — MyBook.
image

Sapı özümüzdəndir

Bu gün quşlar lap tezdən oyanmışdılar. Dan yerinə çəhrayı rəngli gümüş işıq çilənib üfüq qızaranda artıq onların səsi meşə yarpaqlarının həzin xışıltısına qarışmışdı. Dünənki yağışda çimib tərtəmiz yuyunmuş çiçəklərin ləçəkləri arasında elə bil səhər-səhər mirvari səpələnmişdi. Meşə xoruzlarının, qırqovulların sinəsi, saçaqlı quyruqları alışıb-yanırdı. Günəşin qızılı şüalarını, göy qurşağının əlvan zolaqlarını, deyəsən, xaliq özü onların boynuna dolamışdı.

Ağacların sultanı, dünyanı yorub yola salmış qoca palıd da tezdən oyanmışdı. O, səhər küləyinin dağlardan qovub gətirdiyi, sərin bulaq suyu kimi diş göynədən təmiz havasını ciyərlərinə çəkib meşəyə qulaq asırdı. Qumru quşları qoşalaşıb naz-qəmzə ilə çəmənlikdə dolaşırdılar. Onların qurultusu hop-hopların səsinə, hop-hopun səsi alabaxtaların oxumasına, alabaxtaların nəğməsi bülbüllərin cəh-cəhinə qarışmışdı. Elə bil bu qalın meşə havanın ətrindən bihuş olub min bir dillə zümzümə edir və bu nəğməli dünyaya heyranlığını bildirirdi. Qoca palıd sonsuz boşluqlara qədər baş alıb gedən meşənin cah-calalına baxdıqca ürəyi dağa dönürdü. Bilirdi ki, bu ağacların çoxu onun kökündən, ətrafa səpələnən qozalarından törəmişdir. Pöhrələr boy atdıqca bir-birinə dayaq olub arxa-arxaya dayanmış, küləyə, tufana boyun əyməmək üçün ayaqlarını yerə dayayıb torpağın qalın qatlarına kök atmışdılar və indiyə qədər onların başından bir tük də əskik olmamışdı.

Birdən meşənin dərinliyindən indiyə qədər qoca palıdın eşitmədiyi qəribə bir səs gəldi. Bu səs boğuq idi. Nə insan səsinə bənzəyirdi, nə də heyvan. Qoca palıd təşvişə düşdü. Nəfəsini içinə salıb dinlədi ki, görsün taqqıltı haradan gəlir və səhər-səhər meşənin zümzüməsini pozan bu səs nə səsidir? Hər şey susmuşdu. Nə yarpaqlar pıçıldaşırdı, nə də otlar, çiçəklər. Quşlar cəh-cəhini kəsmişdi. Heç nə görünmürdü. Elə bil otlar aşağı sinmiş, quşlar haradasa büzüşüb gizlənmişdilər ki, yerlərini bilən olmasın. Lap uzaqdan meşənin dərinliyindən gələn taqqıltı indi daha aydın eşidilirdi. Azacıq sonra taqqıltını iniltili bir xırıltı əvəz etdi. Tufanlı-şimşəkli günlərdə kökündən qopub yıxılan, ya da ortasından qırılan ağac xırıltısına bənzər bir xırıltı. Bu xırıltıdan yer titrədi. Qoca palıdın qaşları çatıldı. Ona elə gəldi ki, yer ayağının altından qaçdı və beynində dolaşan müdhiş fikirdən vahimələndi. Ətrafa boylandı və gördü ki, hamı gözünü ona zilləyib, hamı bu müdrik qocadan kömək istəyirdi. Özünü ələ aldı. Səs gələn tərəfə çaparlar göndərdi və tapşırdı ki, meşəni lərzəyə salan bu səsin nə olduğunu dərhal öyrənsinlər.


Çaparlar yola düşdülər. Gecəli-gündüzlü üç gün yol getdilər və həftənin axırında geri döndülər. Qoca palıd onların sir-sifətindən başa düşdü ki, pis xəbərlə gəliblər, yoxsa belə məlul-məhzun olmazdılar. Çaparlardan biri cəsarətlə gəldi:

‒ Baba palıd, meşəni qırırlar.

‒ Kim?

‒ Balta.

‒ Balta nədir?

‒ Əl boyda bir dəmir parçasıdır. Par-par parıldayan almaz kimi iti ağzı var. Qabağına nə keçirsə, doğrayıb tökür.

Qoca palıd fikrə getdi. Qayğılı-qayğılı saqqalını qaşıdı:

‒ Bu əl boyda dəmir parçası ağacı necə kəsir axı?

Çaparlardan o biri sözə qarışdı:

‒ Düz deyirsiniz, baba palıd, onun uzun sapı var. Həmin sapdan yapışıb baltanın iti ağzı ilə ağacları doğrayırlar. Sap olmasa, bizə heç nə edə bilməzlər.

Qoca palıdın səsi titrədi və təşvişlə soruşdu:

‒ Baltanın sapı nədəndir?

‒ Ağacdan.

‒ Onda bizi qıracaqlar.

‒ Niyə?

‒ Çünki sapı özümüzdəndir.

Sənə “aslanım” deyən

Adı dünyaya yayılmış Diziaynalı pəhləvan bu gün şahın hüzuruna gələndə baş əymədi. Vəzir-vəkili də saymayıb dərhal yuxarı keçdi. İçəridəkilər onu gözaltı süzsələr də, qorxularından heç nə demədilər. Bilirdilər ki, şah istəkli pəhləvanına söz deyənin boynunu vurdurur.

Diziaynalı adəti üzrə şahın sağ tərəfində əyləşdi, dəstəyi naxışlı, uzun, enli qılıncını dizinin üstünə qoyub şəstlə içəridəkiləri süzdü. Şah da dinmədi. Həmişə başını tumarlayıb kürəyinə döydüyü sevimli pəhləvanının axır vaxtlar heç kəsi saymadığını, bu gün isə onun özünə belə məhəl qoymadığını görsə də, susdu. Ancaq hiss etdi ki, barmaqları şahlıq taxtının dirsəkliyini sıxdı.

– Necəsən, oğlum?

– Keyfin yaxşı olsun.

– Güləşməyə hazırsanmı?

– Güləşməyə yox, dünyanı çiynimə qaldırıb yerə çırpmağa da hazıram. Bu saat qollarımda elə güc var ki, heç kim, heç kəs qabağımda dayana bilməz!



– Yəni deyirsən, dizini yerə gətirən olmaz?

– Elə oğulu hələ anası doğmayıb.

Pəhləvan ayağa durdu. Sinəsini qaldırıb şahın önündə dayandı. Onun enli kürəyi otağın yarısını tutdu. Şah pəhləvanın iri, cod əllərinə, tüklü qollarının şişmiş əzələlərinə, şüşənin altından aydın görünən diz kündələrinə, köks qəfəsinin aşağısına, qabırğalara doğru uzanan və paltarın üstündən belə aydınca hiss edilən girdə əzələlərinə, nəhayət, boynuna bitişmiş çiyinlərinə baxdı. Onun çiyni və sinəsi o qədər qabarıq idi ki, bunların müqabilində başı olduqca balaca görünürdü.

– İstəyirsən, bu saat buradakıların hamısını bürüb-büküb alım dizimin altına!

Şahın qaşları çatıldı. Sifətindən qəzəb qarışıq acı bir təəssüf keçdi:

– Lazım deyil. – Şah qəzəbini boğub zorla gülümsündü. Diziaynalı bu gülüşdəki məzəmməti duymadı. – Sabahkı döyüşdən qabaq səni bir yerə göndərəcəyəm.

– Hara?

– Qəbiristanlığa.

– Nə?

Şah pəhləvanın təəccübünə əhəmiyyət vermədi. Sakitcə sözünə davam etdi:

– Gedərsən qəbiristanlığa, Rüstəm Zalı çağırarsan.

– Ölü mənim nəyimə lazımdır?

– Gərək olar.

Pəhləvan gəldiyi kimi, gedəndə də heç kəsi saymadı.

O, şəhərin kənarlarındakı qədim qəbiristanlığın girəcəyində ayaq saxladı. Xəfif külək yovşan qoxulu havanı onun üzünə çırpdı. Qəbiristanlıq böyük idi. Üstü naxışlı, uca, iri başdaşları qibləyə üz tutaraq qatarlaşmışdı. Daşların üstünə qəbirdə yatanların sənətini bildirən şəkillər çəkilmişdi.

Pəhləvan asta və ləngərli addımlarla lal sükuta qərq olmuş qəbirlərin arası ilə ortadakı təpəyə doğru addımladı. Otlar saralmışdı. Çökmüş qəbirlərin ətrafında böcəklər dolaşırdı. O, qurumuş otların, yovşanların arası ilə addımladıqca çəyirtkələr ətrafa sıçraşırdı. Pəhləvan bəzən büdrəyib çuxura düşür, ayağının altında sümüklər ovxalanırdı.

Diziaynalı dikdirdə dayanıb nəfəsini dərdi. Nizami qoşun kimi sıralanmış başdaşlarına baxıb, əmr verir təki saymazyana qışqırdı:

– Ay Rüstəm!

Qəbir daşları tərpəndi. Müxtəlif tərəflərdən, yerin altından çıxanlar asta-asta ona yaxınlaşdılar. pəhləvanın qarşısında dayanıb intizarla gözlədilər. Diziaynalı onları təkkəbbürlə süzüb gülümsədi:

– Sizi kim çağırıb?

– Sən.

– Siz kimsiniz?

– Rüstəmik.

Pəhləvan qəhqəhə çəkdi. Əvvəlcə istədi, onları qabağına qatıb qəbiristanlıqdan qovsun. Sonra fikrini dəyişdi:

– Mənə siz yox, Rüstəm Zal lazımdır.

Ölülər daşları qaldırıb qəbirlərin altında yox oldular.

Diziaynalı pəhləvanın sükutdan qulaqları cingildədi… Üfüqə doğru əyilmiş günəşin qürub sarılığında daha vahiməli görünən başdaşlarına baxıb yenidən qışqırdı:

– Rüstəm Zal, hey!

Onun səsi qəbir daşlarına toxunub cingildədi. Pəhləvan qulaq verib öz səsinin əks-sədasını dinlədi. Birdən ayağının altında yer titrədi. Başdaşları silkələnib şaqqıldadı və Diziaynalı gördü ki, qəbiristanlığın aşağı tərəfindən bir təpə qalxdı və onun üstünə yeridi. Diziaynalını vahimə basdı. Dalı-dalı geri çəkilib kürəyini uca bir başdaşına söykədi. Qılıncının dəstəyindən yapışıb gözlədi.

Gələn insan idi. Yeridikcə dizə qədər torpağa batırdı. Onun enli kürəyi günəşin qabağını kəsdiyindən qəbiristanlığa qaranlıq çökdü. Ətrafdakı quru otlar, yovşan kolları tərpənib xışıldadı. Elə bil külək əsdi. Diziaynalının bədənini soyuq tər basdı. Çığırmaq istədi, səsi çıxmadı. Vahiməli-vahiməli qılıncını siyirib havada yellədi. Qüvvətli bir əl onun qolunu burub yanına saldı:

– Özünü niyə itirdin?

– Sən kimsən?

– Rüstəm Zalam.

O, kənarda durdu. Pəhləvanın üzünə gün düşdü. Diziaynalı təpimiş dodaqlarını yalayıb qarşısında dayanan nəhəngə baxdı:

– Yeriyəndə niyə torpağa batırsan?

– Görünür, torpaq yumşaqdır.

– Bəs mən niyə batmıram?

– Yəqin, mən səndən ağıram.

– Yəni demək istəyirsən ki, səndən güclüyəm?

– Bilmirəm, hələ səninlə gücümü sınamamışam.

– Sən pəhləvansan?

Rüstəm Zal gülümsündü:

– Sözünü de.

Diziaynalı onun mehribançılığından azacıq ürəkləndi, altdan yuxarı Rüstəmin üzünə baxdı. Bu nəhəngin qarşısında nə qədər balaca və çəlimsiz olduğunu dərk etdi.

– Bəs səsin-sorağın qulağıma niyə dəyməyib?

– Hamı sənin kimi adlı-sanlı olmaz ki?

– Yoxsa mənim güclü pəhləvan olduğuma inanmırsan? Məni bütün dünya tanıyır. Hamı qabağımda zağ-zağ əsir. Neçə pəhləvanın kürəyini yerə vurmuşam, ancaq hələ mənim dizimi yerə gətirən olmayıb.

– Bilirəm.

– Dördböyrək pəhləvanı mən yıxmışam.

– Bilirəm.

– Kəlboyunu da mən dizimin altına almışam.

– Onu da bilirəm.

– Haçaürək pəhləvanı necə danaboynu elədiyimi, yəqin, eşitmisən.

– Eşitmişəm.

– Bəs niyə gülürsən?

– Ona görə ki, o pəhləvanlar səndən güclüdürlər.

– Necə? Məndən güclüdürlər? Bəs niyə kürəklərini yerə vurub dizimin altına alıram? Bəs niyə qabağımda duruş gətirə bilməyib yıxılırlar?

– Şahın qorxusundan.

– Şahın buraya nə dəxli var?

– Var, əzizim, var. Əgər o, sənin dalında durmasa, bircə gündə yox olarsan.

– Elə şey yoxdur. Mənim özüm güclüyəm. Mənim qabağıma heç kim çıxa bilməz. Nə qədər adsan qazanmışamsa, özüm qazanmışam. Mənim dizimi yerə gətirən hələ anasından olmayıb. Ona görə mənə “Diziaynalı” deyirlər.

Rüstəm gülümsündü. Yuxarıdan aşağı baxıb qarşısındakı pəhləvanın pörtmüş sifətini, qılıncın dəstəsindən necə yapışdığını gördü. Onun xoruz kimi boynunu şax tutub dünyaya meydan oxumaq fikrində olduğunu anladı. Əlini pəhləvanın çiyninə qoyub ehmalca aşağı basdı. Diziaynalı ağırlıq altına düşmüş yay kimi sıxılıb balacalaşdı. Nə qədər silkələndisə, çiynindəki ağrıları ata bilmədi. Özü də hiss etmədən büzüşüb aşağı çökdü. Dizləri yerə gəldi. Rüstəm onun dizlərinin ehmalca yerə toxunduğunu hiss edib dayandı. Bir balaca da əlinin ağırlığını salsaydı, pəhləvanın dizlərindəki aynalar sına bilərdi. Rüstəm bunu istəmədi. Əlini boşaltdı. Pəhləvanın çiynindən yapışıb yuxarı qaldırdı. Sıxılmış “yay” indi də astaca açılıb dikəldi. Rüstəm əlini götürdü. Pəhləvan dərindən nəfəs alıb ufuldandı. Bilmədi, gözünü gün qamaşdırdı, yoxsa başının üstündə qığılcım oynadı. Özünə gələndə ayağının altında yer titrədi, başdaşları silkələnib şaqqıldadı. Rüstəm Zal yox oldu. Pəhləvan çiynini ovxalaya-ovxalaya onun qarasınca qışqırdı:

– Sənin ki belə gücün var, bəs niyə mənim kimi məşhur deyilsən?

Yerin altından səs gəldi:

– Sənə “aslanım” deyən mənə “pişiyim” desəydi, dünyanı çiynimdə gəzdirərdim.

Diziaynalı kürəyini söykədiyi başdaşının dibinə çömbəldi. Qolu ilə alnındakı soyuq təri sildi.

Qəbiristanlığa ağır və vahiməli bir sükut çökdü.

...
9