Читать книгу «Hekayələr» онлайн полностью📖 — Исмаила Шихлы — MyBook.
image

Qonaq

1

Yan-yörəsi əzilmiş köhnə bir avtobus asfalt yolun kənarında, rayon mərkəzi olan balaca bir qəsəbənin kiçik evləri qarşısında sürətini azaldıb dayandı. Rezin təkərin dilikləri istidən əriyib muma dönmüş yolu zolaq-zolaq etdi. Maşının arxa tərəfindən qarsımış tüstülü hava qalxdı. Arıq, qarayanız, uzun bir oğlan maşından düşdü. Onun ağ, nimdaş köynəyinin yaxası açıq idi. Qollarını dirsəyinə qədər çırmamışdı. Qoltuğunda iri bir qovluq vardı.

Maşın dayandığı kimi də gurultu və tırıltı ilə çıxıb getdi. Oğlan yolun kənarında tək qaldı. Maşının arxasınca xeyli baxdıqdan sonra dəsmal çıxardıb tərini sildi. Qıvrılıb alnına düşmüş saçını geri elədi. Dərindən nəfəs alıb özünü yellədi. Ətraf bomboz idi. Otları çoxdan yanıb saralmış təpələrin döşünə səpələnmiş evlərin həyətlərində təkəmseyrək ağaclar gözə dəyirdi. Qalan yerlər: evləri bir-birinə bitişdirən cığırların torpağı, qəsəbəni yarımdairə şəklində əhatə edən təpələr, bir az o yandakı düzənliklər yanıb kül olmuşdu.

Qəsəbənin ortasında, asfalt yolun o üzündə artezian quyusu var idi. Yerin altından hövllə çıxan su köpüklənir, iri borudan sürətlə axıb iki-üç metr qabaqdakı sement hovuza tökülürdü. Su dəyən yerlər yamyaşıl idi. Bu yaşıllıq qəsəbəni ortadan iki yerə bölən dərənin dibi ilə, quyudan çıxan suyun axarı boyunca, zeh kimi uzanıb gedirdi. Uşaqlar özlərini suyun altına salıb hay-harayla çimirdilər.

Oğlan qaysaqlanmış dodaqlarını nə qədər yaladısa da, islada bilmədi. Boğazında quruluq hiss etdi. İti addımlarla yolu keçib quyunun yanında dayandı. Rayona nə üçün gəldiyini, qəribliyini, camaatın onun hərəkətinə necə baxacağını unudaraq paltarını soyundu, uşaqların təəccüblü baxışlarına əhəmiyyət vermədən özünü suyun altına saldı. İstidən təntimiş camış kimi fınxıra-fınxıra çimməyə başladı.

Birdən səs-küy azaldı. Çılpaq uşaqlar ley görmüş sərçə kimi dağılıb ətrafa səpələndilər. Oğlan suyun altından çıxıb islaq saçını gözünün üstündən geri edəndə quyunun başında şəstlə dayanmış eşməbığ milis nəfərini gördü.

‒ Ay yoldaş, nəçənnik1 səni çağırır.

“Yaman yerdə axşamladıq”, ‒ xəyalından keçirən oğlan sakitcə paltarını geyindi. Onlar divarlarının palçıq suvağı tökülən uzun bir binaya yaxınlaşdılar. İçəri keçdilər. Yarımqaranlıq və istidən nəfəs darıxan otaqda ikibir, üçbir oturub çörək yeyənlər iri, qalın stəkanlarını şaqqıldadıb içirdilər. Oğlan divarların ləkələrinə, tavandan sallanan və üstü milçək ölüsü ilə dolu olan yapışqanlı sarı kağızlara baxa-baxa stolların arasından keçdi və yeməkxananın o başında ayaq saxlayan milis nəfərinin işarəsi ilə örtülü qapını açıb içəri girdi. Pəncərənin qabağında yanpörtü oturmuş milis mayoru çevrilmədən, məzəmmət və sərtlik dolu səslə dilləndi:

‒ Ay yoldaş, çimməyə yer tapmadın?

Oğlan dinmədi. Mayor onun susduğunu hiss edib geri çevrildi. Təəccüblə müsahibinin üzünə baxdı. Bir anlığa ikisi də susdu. Mayor sıçrayıb irəli yeridi:

‒ Cəfər?

‒ Xoş gördük.

Qucaqlaşdılar. Mayor dartıb onu yanında oturtdu. Qabaq-qabağa əyləşib dinməzcə bir-birlərini süzdülər. Mayorun saçı artıq seyrəlmişdi. Gicgahlarında ağ tüklər əmələ gəlmişdi. Müharibədən əvvəlki çevikliyi azalmış, ətə dolub ağırlaşmışdı. Elə Cəfər də dəyişmişdi. Onlar son dəfə görüşəndə, düz altı il bundan əvvəl, Cəfəri cəbhəyə yola salanda onun üzünə ülgüc dəyməmişdi. İndi isə bığlı-saqqallı kişi olmuşdu.

‒ Sən hara, bura hara, söylə görək, nə əcəb səndən?

Cəfər köhnə dostuna belə yerdə rast gələcəyini gözləmədiyindən özünü itirmişdi. O həm sevinir, həm tutduğu işdən xəcalət çəkirdi.

‒ Mühazirə oxuyacağam.

‒ Bu istidə? Yox, əvvəlcə yaxşıca yeməlisən. Yoldan gəlibsən, yəqin ki, acsan. Sonra da – mayor iri, qalın stəkanı doldurdu, ‒ bunu içməlisən! Yadında saxla ki, bizim rayon qızdırma məkanıdır. İçməsən, səni titrətmə tutar, mühazirələrin də yarımçıq qalar.

Cəfərin etirazına baxmayaraq, mayor yarıciddi, yarızarafat onu içirtdi. Yeməkləri qabağına töküb körpəyə qulluq edən kimi xidmətində durdu.

‒ Yaxşı oldu, rastlaşdıq. Uşaqları yaylağa göndərmişəm. Evdə tək darıxıram. Bizdə qalarsan. Bir neçə gün dincələrsən. Sonra da işə baxarıq, hə, indi dur gedək evə.

Onlar yeməkxanadan çıxanda boz düzənliklər-dən əsən isti külək üzlərinə vurdu. Cəfərin nəfəsi daha da darıxdı…

2

Qonşu çarpayı boş idi. İçəridən səs gəlirdi. Mayor kiminləsə danışırdı. Cəfər miçətkənin2 altından çıxıb onlara yaxınlaşdı. Mayor ayaq səsinə geri çevrildi.

‒ Sən niyə durdun?

‒ Hara gedirsiniz?

Mayor duruxdu. Sonra yoldaşının qolundan tutub eyvana tərəf gəldi. Cəfər ay işığında sifəti aydın görünən kapitanın irəli uzatdığı əlini sıxdı.

‒ Bilirsən nə var, Cəfər? Sən yat, dincəl. Biz bəzi məsələləri aydınlaşdırmaq üçün kəndə getməliyik.

‒ Mən də gedirəm.

‒ Bəlkə, dincələsən?

‒ İstəmirəm.

Azacıq tərəddüddən sonra mayor yumşaldı.

Onlar “Villis” markalı maşına mindilər. Mayorla kapitan arxada əyləşdi. Cəfəri isə qonaq kimi qabaqda, şoferin yanında oturtdular. Maşın qəsəbənin kələ-kötür yollarından çıxıb asfalta düşdü. Azacıq sonra isə torpaq yola döndü. Hava sərin idi. Düzənliklərdən əsən külək öz ilıqlığı ilə adamı sərinlədib xumarlandırırdı. Tünd-mavi rəngə çalan göy qübbəsində iynə ulduzu boyda işıqlar görünürdü. Bu işıqlar o qədər çox idi ki, maviliyə səpələnmiş ulduzları saymaqla qurtarmaq olmurdu. Gecə böcəkləri səs-səsə vermişdilər. Arabir haradasa it hürürdü.

Bu yerlərin hər cığırına və döngəsinə bələd olan şofer sakitcə sükanı hərləyib maşını sağa-sola döndərirdi. Təkərlər kələ-kötür yerlərə düşdükcə hürküdülmüş quşlar pırıldayıb havaya qalxırdı. Şofer nədənsə işığı yandırmamışdı. Mayorla kapitan arxada oturub xısınlaşırdılar.

Boz çöllər qurtardı. Cəfər ağarışmağa başlayan üfüqdə bağlı-bağatlı kəndlərin uca çinar ağaclarını gördü. Maşın yenicə çiçəkləyən pambıq tarlalarının arasına düşdü.

‒ Saxla!

Şofer əyləci basdı. Maşın silkələnib dayandı. Mayorla kapitan tarlanın ortasında ağaran talvara doğru addımladılar. Cəfər darıxdığından papiros yandırmaq istədi. Şofer onun qoluna toxunub başa saldı ki, bir az gözləmək lazımdır. Cəfər dinmədi. Bu müəmmalı və sirli səfərin mənasının nə olduğunu şoferdən soruşmaq istədi. Ancaq oğlanın duruşundan və bütün yolboyu bir kəlmə danışmamasından başa düşdü ki, ondan söz almaq mümkün deyil. Pambıq kollarının arasından şaqqıltı gəldi. Şofer qapıları açdı. Mayorla kapitan öz yerində oturdu.

‒ Dəhnəyə3 sür.

Şofer maşını hərlədi. Torpaq yolu tozlaya-tozlaya tarlaların kənarı ilə xeyli getdi. Cəfər su şırıltısı və qamış xışıltısı eşitdi. Şofer bu dəfə əmr gözləmədən maşını arxın kənarında saxladı. Mayorla kapitan düşdülər. Nəyi isə yoxladılar, kiminləsə danışdılar. On beş dəqiqədən sonra geri qayıdıb, öz yerlərində arxayınca əyləşdilər. Şofer əvvəlcədən hər şeyi bilirmiş kimi maşını kələ-kötür yerlərdən çıxarıb geniş kənd yoluna saldı. Cəfər, nəhayət, papiros yandırdı, bu qaradinməz oyundan yorulduğunu büruzə verdi.

‒ Sirr deyilsə, nə axtarırdınız, yoldaş rəislər?

‒ Su oğrularını, yoldaş mühazirəçi, ‒ deyə mayor yarızarafat, yarıciddi cavab verdi. ‒ Bu saat pambıq sulanır. Su da görürsən ki, qəhətə çıxıb. Artezian sularını arxlara axıdıb birtəhər pambığı yanmaqdan qoruyuruq. Bir yandan da camaat bizi əldən salıb. Gözümüzdən yayınan kimi, arxın ağzını qanırıb4 qapılarını sulayırlar.

‒ Bəs sulamasınlar?

‒ Bu saat pambıq vacibdir. Qapılar sulanmasa da, olar.

‒ Bəs kolxozçulara yazığınız gəlmir, istəyirsiniz ki, onların zəhmətləri yanıb kül olsun?

‒ Bura bax, Cəfər, deyəsən, əvvəlki xasiyyətindən əl çəkməmisən, bilirsənmi, ictimai təsərrüfat olan yerdə fərdiyyətçilik məhdudlaşır. Bu saat qapıya su axıtmaqdan böyük cinayət yoxdur.

Artıq işıqlaşırdı. Torağaylar pırıltı ilə havaya qalxır, beş-on addım uçub yenidən yolun ortasına qonurdular. Ala-toranda qaralan ağaclar elə bil kəndlərin dövrəsində dayanıb keşik çəkirdilər. Hiss olunurdu ki, toyuqlar tardan düşüb həyətlərdə dolaşır, gecikən xoruzlar son dəfə qanad çalıb banlayırdılar.

Cəfər səhər havasının sərinliyindən üşürgələndi5. Papirosunu sümürüb üfüqdə qaralan təpələrin zirvəsinə çəkilmiş nazik, qızılı xəttə baxdı. Çəhrayı rəngə çalan bu dalğavarı zeh şəffaflaşdıqca üfüq ağarır, gözə dəyən təkəmseyrək ulduzlar solğunlaşırdı.

Maşın yolu burulub kəndin kənarındakı bir evin doqqazında6 dayandı. Evin ətrafına qaratikandan hündür çəpər çəkilmişdi. Şiş payaların ucu ağarırdı. Darvazanın qapıları tünd-mavi boya ilə rənglənmişdi. Alaqapının çərçivəsinin üstünə taxtadan qayırılmış qırmızı rəngli iki xoruz yapışdırılmışdı. Qarşı-qarşıya dayanıb qanad çalan bu xoruzlar elə bil bu saat vuruşacaqdılar.

Şofer üç dəfə kəsik-kəsik siqnal verdi. Dərhal həyətdən səs eşidildi. Zəncir cingildədi. Nə isə elə bil dəmirə sürtünə-sürtünə sürüşdü. Darvazanın qabağında gurultu eşidildi, taxta cırmaqlandı, zəhmli və hövllü bir it yoğun səslə hürdü. İtə acıqlandılar. Azacıq sonra darvaza açıldı. Orta yaşlı, kök bir kişi doqqazda göründü.

‒ Xoş gəlmisən, nəçənnik, sabah ertə qapımızda nə yaxşı gün doğdu?

‒ Xoş günün olsun, ay ispolkom7.

Maşın içəri girən kimi, ev sahibi darvazanı arxadan bağladı. Mayorun və kapitanın əlini sıxıb görüşdü. Cəfərə ötəri əl verib mayorun qolundan yapışdı:

‒ Keçin içəri.

Darvazadan eyvana qədər həyətə kərpic döşənmişdi. Kərpic yolun ətrafına tənək basdırılmışdı. Bu tənəklər keçid kimi düzəldilmiş dəmir dirəklərə, məftillərə dırmaşıb əməlli-başlı kölgəlik düzəltmişdi. Yarpaqların arasından hələ yetişməmiş üzüm salxımları sallanırdı.

Mayor ayaq saxladı. Cəfərin qolundan yapışıb hörmət və ehtiramla yol verdi. Ev sahibi duruxdu. Onun qalın qaşları altında daha tünd görünən girdə gözləri gah mayora, gah da Cəfərə baxdı. Yumru yanağı pörtdü. Sifətinin qırmızılığı daha da tündləşdi. Üzündə şaxələnmiş xırda damarlar aydınlaşdı. Cəfərə elə gəldi ki, sovet sədrinin sərt və tükləri biz-biz duran bığı bir az da codlaşdı. İri dodaqları aralandı. Kişi nə isə soruşmaq istədi, qızıl dişləri parıldadı. O, gözünü hərləyib bir də mayora baxdı. Nə hiss etdisə, sifətinin ifadəsi mülayimləşdi. Cəfərin qolundan yapışdı:

‒ Ay kişi, sən də xoş gəlibsən! Nəçənniyin əzizi bizim də əzizimizdir.

Onun əynində göy şevyotdan8 cibli köynək var idi. Enli əsgər qayışını nə qədər tarım çəksə də, göbəyi irəli sürüşmüşdü.

Eyvana çıxdılar. Cəfər ayaq saxladı, şüşəbəndin dibi boyu qatarlanmış qələmələrə, səhərin ilk şəfəqində alışıb yanan nar kollarına baxdı. Ağacların arasına və sonu görünməyən bağa yonca səpilmişdi. Arxın suyu şırıltı ilə axıb yoncalığa gedirdi.

‒ Ayağınızı soyunmayın, zəhmət olar.

Otağın döşəməsi qırmızı boya ilə yenicə rənglənmişdi. Yay olmasına baxmayaraq, ayaq altına naxışlı gəbə döşənmişdi. Divarlara da gəbə vurmuşdular. Ortada iri qabaq stolu var idi. Stolun üstünə düzülmüş qədəhləri, içkiləri və meyvələri tənziflə örtmüşdülər. Stulların üstünə ala-bəzək parçadan tikilmiş dəyirmi döşəkçələr atmışdılar. Tül pərdələr, nikel çarpayıların örtükləri, stolun üstündəki hazırlıq sübut edirdi ki, ev sahibi qonaqpərvər və səliqəli adamdır. Ancaq gəlin otağı kimi bəzədilmiş bu evdə bir soyuqluq da hiss olunurdu.

Mayor yuxarı başa Cəfəri keçirdi. Döşəkçənin yaxşısını ona verdi. Ev sahibi milis rəisinin hərəkətlərini gördükdən sonra armudu stəkandakı çayı əvvəlcə Cəfərə verdi, yeri rahat olsun deyə altına ikinci döşəkçəni zorla atdı. Qoyun və hind toyuğunun kababı ortalığa gələndə sədr yağlı tikələri seçib Cəfərə verdi, ona yaxşıca qulluq etdi. Hərəkətlərində, sual dolu hürkək baxışlarında narahatlıq olsa da, mayordan bir söz soruşmağa cəsarət etmirdi. Hərdən gözünü ona zilləyib dayanır, mayorun mənalı sükutundan daha da vahiməyə düşür, bu qonağın, bəlkə də, lap böyük olduğunu, elə naçalnikləri yoxlamağa gəldiyini xəyalından keçirib Cəfərə mehribanlıq göstərir, əziz tikələri ona yedizdirirdi. Şübhəsiz, bir az dincəlmək üçün bu evdə yatası ol-saydılar, qatı açılmamış yorğan-döşəyi də Cəfərə verəcəkdilər…

3

Üç gündən sonra axşamüstü rayon milis şöbəsinin maşını kənd soveti idarəsinin qabağında dayandı. Sədr tırıltı eşidən kimi, yola yüyürdü. “Villis”in qapısını açıb gülümsündü. Belini azacıq əyib “xoş gəlmisiniz” demək istədi. Cəfərin maşından təkcə düşdüyünü gördükdə təbəssümü sifətində dondu:

‒ Bəs nəçənniklər hanı?

‒ Onlar gəlməyəcəklər.

Dinməz-söyləməz idarəyə getdilər. Sədr keçib öz yerində əyləşdi. Üzü tüklü bir kişi gözaltı qonağı süzdükdən sonra sayğacın düymələrini şaqqıldadıb nəyi isə hesablamağa başladı. Heç biri dinmədi. Sayğacın şaqqıltısı divardakı zəncirli saatın çıqqıltısına qarışdı. Sədr nə edəcəyini bilmədiyindən gah gülümsünüb Cəfəri mehribanlıqla dindirmək istəyir, gah da ciddiləşib tutulurdu.

Cəfər papiros yandırdı. Göyümtül tüstü axşamın alatoranlığında laylanıb his çəkmiş tavana qədər qalxdı, sonra burulub qapıdan bayıra çıxdı. Cəfər su çilənmiş torpaq döşəməyə, küncdə əli qoynunda büzüşüb oturan qoca süpürgəçiyə baxdıqdan sonra sədri intizardan qurtarmağı qərara aldı.

‒ Mən mühazirəçiyəm. Bu axşam sizin kənddə mühazirə oxumalıyam.

Sədr qəddini düzəldib stulda yayxandı. Üstündən ağır yük götürülmüş kimi dərindən nəfəs aldı. Cəfər onun gözlərinin işıldadığını, qarnının bir az da irəli süzdüyünü9 və aralanmış qalın dodaqlarında istehzalı bir təbəssümün oynadığını gördü. Katib pəncərənin taxtalarını taybatay açdı. Küncdə büzüşüb oturan arvad şüşəsi sınıq çırağı yandırıb əli əsə-əsə stolun üstünə qoydu. Sədrin kölgəsi böyüyüb cürbəcür şəkil və qəzet yapışdırılmış divarda titrədi. Cəfər papirosunu söndürüb ayağa durdu. Sədr də qalxdı. Çox ciddi və soyuq tərzdə dilləndi:

‒ Yoldaş mühazirəçi, sən burada gözlə, mən kolxoz idarəsinə gedim. Görək camaatı təşkil edə bilərikmi?

Artıq gün batmışdı. Üfüqdəki qızartılar solğunlaşmışdı. Qərib bir yay axşamı çöllərin, tarlaların üstünə qanad gərirdi. Qapılarda mal-qara mələşirdi.

Cəfər pəncərəyə yaxınlaşdı. O hiss etdi ki, kolxoz idarəsi kəndin ortasındadır. İşdən qayıdan briqadirlər, manqabaşçıları evə getməzdən əvvəl adətləri üzrə sədrlə görüşüb sabaha tapşırıq almaq üçün idarəyə toplaşırlar. İstəsələr, bu saat mühazirə üçün camaatı kluba yığa bilərlər, indi, yəqin, kənd soveti sədri məsələni danışıb onun dalınca ya adam göndərəcək, ya da özü gələcəkdi.

Saat yenə çıqqıldadı, sayğacın düymələri yenə şaqqıldadı. Qaranlıq bir az da qatılaşdı. Kəndin ortasındakı hay-küy azaldı. Deyəsən, adamlar seyrəldi. Orada-burada, hətta ən ucqar doqqazlarda itlər hürüşürdü.

Katib sayğacı kənara qoydu. Üst-başını çırpıb ayağa durdu.

‒ Gedim görüm, ispolkom harada qaldı?

Katibin addım səsləri əvvəlcə bərkdən eşidildi, sonra zəifləyib özü kimi qaranlıqda yox oldu. Elə bil onun gedişindən sonra kənd sükuta qərq oldu, səs-küy tamam kəsildi. Pəncərələrdə görünən solğun işıqlar azaldı. Cənub gecələrinə məxsus qatı qaranlıq birdən-birə hər yanı çulğaladı. Yalnız gecə böcəkləri səs-səsə verib oxuyurdular. Elə bil kainatın sükutundan kədərlənib qəribsəyir, hamını öz hüznlərinə şərik etmək istəyirdilər. Qarı küncdə mürgüləyirdi. Su daşından süzülən damlalar aramla tappıldayıb küpə düşürdü.

Saatın zənciri uzanıb yerə dəydi. Çaqqıltı kəsildi. Cəfər yaxınlaşıb zənciri çəkdi, dayanmış kəfkiri hərəkətə gətirdi. Qarını oyatdı.

‒ Ay xala, dur, idarəni bağla.

Arvad diksinib oyandı. Döyükmüş halda ətrafa boylandı.

‒ Bə ispolkom gəlmədimi, dərdin alım?

‒ Yox.

Eyvana çıxdılar. Arvad boynundan asdığı açarı donunun yaxasından çıxardıb qıfılı bağladı. Mürgüləyən gecəyə, göyə səpələnmiş ulduzlara və üfüqdən baş qaldırmaqda olan aya baxdı.

‒ Onların üzü qara olsun, a bala, daha gəlməzlər, gedək bizə.

‒ Çox sağ ol, xala.

‒ Kasıblığıma baxma, oğul, yatmağa yer də tapılar, yeməyə çörək də.

Cəfər bu ixtiyar arvadın sözündən qəhərləndi:

‒ Eviniz şən olsun, xala, dalımca maşın gələcək, qayıtmalıyam.

Arvad çəkələklərini şappıldada-şappıldada idarədən uzaqlaşdı. Yola çıxmazdan əvvəl dönüb bir də geri baxdı. Sonra kənd yolunda əriyib yox oldu…

Cəfər idarənin həyətində, istidən və susuzluqdan yarpaqları vaxtsız tökülən ağacın dibindəki daşın üstündə oturdu. O, süpürgəçi arvada yalan demişdi. Bu gecə dalınca maşın gəlməyəcəkdi. Alçaqdan uçan bir yarasa az qaldı onun çiyninə toxunsun.

Cəfər papirosunu sümürüb yola çıxdı. Gözünü qaralan tarlaların o üzündə təkəmseyrək işığı parıldayan kiçik dəmiryol stansiyasına tərəf zillədi.

Qulağına parovozun kəsik fit səsi gəldi. Haradasa lap uzaqda boğuq uğultu vardı. Elə bil yer azacıq titrəyirdi. Birdən lap uzaqda bir cüt işıltı göründü. Bu işıltı azacıq sonra böyüdü, iriləşib şəffaflaşdı. Təkər taqqıltıları və parovozun tövşüməsi aydınca eşidildi. Tiflis-Bakı qatarı stansiyaya yaxınlaşırdı.

...
5