Читать книгу «Hekayələr» онлайн полностью📖 — Исмаила Шихлы — MyBook.

MƏNİM RƏQİBİM

Unudulmaz müəllimim Əli Sultanlının

əziz xatirəsinə


Qapını açan kimi mənə hərbi xəstəxanadan yaxşı tanış olan yodqarışıq qan qoxusu üzümə vurdu. Düz səkkiz il bundan əvvəlki kimi ehtiyat və sevinclə pillələri qalxdım. Geniş foyelərdə gəzişənlərin səsi uğultuya çevrilib qulaqlarımda güyüldədi. O zaman mənə elə gəlirdi ki, dünyada bu binadan böyük, bu binadan geniş, bu binadan işıqlı və uca ev yoxdur. İndi isə elə bil hər şey kiçilmiş, tavan aşağı enmiş, foyelər daralmış, divarlar da bir-birinə yaxınlaşmışdı.

İkinci mərtəbəyə qalxdım. Biz oxuyan zaman mərmər pilləkənlərin üstünə kənarı yaşıl zehli, tünd-qırmızı rəngli ayaqaltı gəbələr salardılar. Bu gəbə yollar uzanıb koridorun ortası boyu düzülmüş iri gül dibçəklərinin altına sərilər, sonra da şaxələnib sağa-sola burulardı. İndi isə heç nə yox idi. Mərmər pillələrin bəzi yerləri çatlayıb ovxarlanmışdı. Pilləkəndə tünd-qırmızı ləkələr gözə dəyirdi. Mən pillələri qalxdıqca divarlara, auditoriyalara açılan qapılara göz qoyurdum. Hər yerdə bir baxımsızlıq, ağır günlərin izi, yenicə boşaldılmış hərbi xəstəxananın əlamətləri görünürdü.

Divardakı bədənnüma güzgünün qabağında ayaq saxladım. Müharibədən əvvəl tənəffüslərdə qol-qola girib foyelərdə gəzişən qızlar bu güzgünün qabağından keçəndə oğrunca özlərinə baxar, zəriflik və gözəlliklərindən qürrələnərdilər. Çox vaxt utancaq oğlanlar kənarda dayanıb ürəklərindən keçirdikləri qızların üzünə ancaq bu güzgüdə baxmağa cəsarət edərdilər. Nə gizlədim, mənim də gözlərim bu güzgüyə həsrətlə zillənmiş, amansız və qətrəhim baxışlardan təsəlli diləmişdi. İndi özüm də hiss etmədən vaxtilə odlu baxışların çarpazlaşdığı bu müqəddəs bəxt güzgüsünün önündə ayaq saxladım. Oradan mənə arıq, uzun, sifətinin cizgiləri codlaşmış, qara bir oğlan baxırdı. Dodaqları enlənib qaysaqlanmışdı. Gözlərində sərtlik və həyəcan var idi. Alnında qırışlar əmələ gəlmişdi. Saçı hələ uzanmamışdı. Uzun, nimdaş, boz şineli az qala topuğuna düşürdü. Uzunboğaz brezent çəkməsi də nimdaş idi. Bircə papağı təzə idi. Ordudan buraxılanda cəbhə yoldaşı papaqçı Dedkin tikib yadigar vermişdi.

Güzgüdəki oğlan mənə xeyli baxdı. Şinelinin yaxasını açdı. Barmaqlarını enli əsgər kəmərinin altına salıb köynəyinin qırışlarını arxaya sığalladı. Köksü qabardı, sinəsindəki orden və medallar cingildəyib titrəşdi. Sözün düzü, özümü tanıya bilmədim. Dörd ildə, cəbhədə olduğum müddətdə, imkan tapıb güzgüdə özümə əməlli-başlı baxa bilməmişdim. İnstitutun axırıncı kursunda oxuyanda həmin bu divardan, güzgüdən bir az aralı, əlaçı tələbələrin şəklini şərəf lövhəsindən asmışdılar. Mən də onların arasındaydım. Onda üzünə hələ ülgüc dəyməmiş, sifətində məhzunluq, gözlərində dalğınlıq, qıvrım saçları pərişan bir gənc boynunu azacıq yana əyib şərəf lövhəsindən mənə baxırdı. İndi isə hərəkətləri namərbud, yöndəmsiz bir adam güzgüdən boylanırdı.

Aynada məndən başqa müxtəlif sifətlər, adamlar da görünürdü. Gah hələ başının sarğısı açılmamış gənclər, gah qoltuqağacına söykənənlər, gah da on səkkiz-on doqquz yaşı yenicə tamam olmuş oğlan və qızlar güzgüyə ötəri nəzər salıb keçirdilər. Birdən güzgüdə gülümsər çöhrəli, qarabuğdayı, baxışlarından iradəli və inamlı bir adam təsiri buraxan toxtamış bir qız boylandı. Ani olaraq gözlərinə baxdım və sarsıldım. Nəzərimi onun baxışlarından yayındırmaq istədimsə də, bacarmadım. Qızın dodaqlarındakı təbəssüm gülüşə çevrildi. Nüfuzedici gözləri ovunu ürkütmüş alıcı quş gözü kimi alışdı və çalışdı ki, baxışını yayındırmaq istəyən oğlanı üzünə baxmağa məcbur etsin. Güzgüdəki əsgər çarpaz projektor işığına düşmüş təyyarə kimi çırpındı, baxışlarını sağa-sola çevirdi, gah aşağı, gah yuxarı baxdı, ancaq canını qurtara bilmədi. Sərt hərəkətlə geri döndü.

Qarşımda ortaboy, zil qara saçını səliqə ilə darayıb yana ayırmış, sivri burunlu, sifətindən və dodaqlarından təbəssüm silinməyən, qonur gözlərindən sərtlik, mehribanlıq, eyni zamanda zərif, ürəyiaçıq bir qadın nəvaziş və qayğısı sezilən qız dayanmışdı. O, boynunu azacıq yana əyib altdan-yuxarı, hər şeyi bilmək istəyən bir insan marağı ilə mənə baxırdı. Dodaqlar azacıq aralanmışdı. Sıx, zərif, hamar və şirmayı kimi ağ dişləri görünürdü.

– Gəl tanış olaq, mənim adım Əzizədir.

Tərəddüd etdim. Qızın əli havada qalmışdı. Bilmirəm nədənsə əvvəlcə əlimi şinelimin cibinə saldım, sonra üstümə sildim və onun əlini ovcuma aldım. Qızın alnındakı nazik qırışlar azacıq yığıldı, o ufuldamağa hazırlaşan kimi oldu. Hiss etdim ki, özüm də bilmədən bu zərif və yumşaq əli sıxıram. Məndə təqsir yox idi. Dörd il idi ki, avtomatın qundağını çiynimə dayayıb xəzinəni ovcumda sıxırdım. Bilirdim ki, onda daha yaxşı nişan alıram.

– Mən də Rəhmanam.

Əlini ovcumda saxladım. Dinmədi. Mənə elə gəldi ki, ovcumda zərif, pambıq kimi yumşaq, hərarətli bir şey tutmuşam. Kobud, dərisi qabalaşmış, qabarlı və düyünlü əlimin onu incitdiyini sezmirdim. Birdən bu zərif əli pəncəmdə sındıra biləcəyimdən ehtiyatlandım. Barmaqlarım boşaldı. O, əlini çəkmədi, əksinə, elə bil barmaqlarımı bir-bir saymağa başladı. Mən ordudan qayı- dandan sonra ikinci dəfə belə təmasa rast gəlirdim. Düz beş ay əvvəl yağışlı, palçıqlı, soyuq bir axşamda, gözlənilmədən cəbhədən evimizə qayıdanda, boynuma sarılan bacım elə yolun ortasında, evə keçməzdən əvvəl əlimi əlinə alıb bir-bir barmaqlarımı yoxlamışdı. Başa düşmüşdüm ki, əlimin şikəst olub-olmadığını bilmək istəyir. Bacımın özünün də əli qabarlı idi. Qoca ata-anamı saxlamaq üçün dərsi buraxıb kolxozda işləmiş, qapı-bacada yer belləmiş, qarğıdalı əkib sulamışdı.

Əzizə köhnə və yaxın tanış kimi, heç nədən çəkinmədən qoluma girdi. Məni güzgüdən uzaqlaşdırıb foyenin ortasına tərəf apardı. Yeridikcə ləngərlənir, hərdən ağırlığını qoluma salırdı. Mən nə qədər çalışırdımsa da, ayağımı düz ata bilmirdim, qılçalarım dolaşırdı.

– Düz üç gündür səni axtarıram.

– Nə üçün?

– Sifətinə baxmaq istəyirdim.

Mən bu gözlənilməz cavabdan diksindim. Paltarından cəbhə yollarının tozu, tüstü və barıt qoxusu getməyən, qan ləkələri silinməyən, qərib torpaqlarda məzara gömülmüş yoldaşlarının nəfəsi dəymiş nimdaş əsgər libasını dəyişib əyninə təzə paltar belə almağa imkanı olmayan bu qanlı-qadalı yollar yolçusunun sifətinə nə üçün baxmaq istəyirdi?

Qolumu çəkdim. O, bir az tutulsa da, sərbəstliyini itirmədi. Yenidən qolumdan yapışdı. Məni dabanı üstə fırlatdı. Nəfəsini üzümdə hiss etdim.

– Bilmək istəyirdim ki, rəqibim necə oğlandır? Onun kürəyini yerə vura biləcəyəm, ya yox?

Duruxdum. Qızı yenicə görürmüş kimi diqqətlə üzünə baxdım.

– Bilsəydim, ərizə verməzdim.

– Niyə, qorxdun?

– Qızla çəkişmək kişilikdən deyil.

– Buna bax, – deyə Əzizə səsini ucaltdı. – Deyəsən, pişik kimi kürəyini yerə vermək istəmirsən?

– Mən boyda pişik olar?

– Əlbəttə, olmaz! Pişik mehriban heyvandır. Sığal başa düşür, nəvaziş qanır, heç olmasa, adama isinişib xoruldayır. Amma sən kirpi kimi tikanlısan. Hər sözünü bir batman balla yemək olmur. "Qızla çəkişmək kişilikdən deyil". Baxarıq.

Onun sifəti tutuldu. Belə bir qızı incitdiyimə peşman oldum. "Bir ev tikməmişəm ki, yıxılanda vay deyəm. Mənə nə var, əsgər babayam. Harada olsa başımı girləyəcəyəm. Ancaq bu, zərif qız xeylağıdır", – deyə xəyalımdan keçirdim. Doğrudan da, onunla rəqabətə girməyi özümə ar bildim.

Aralanmaq istədim. Təlaşa düşdü.

– Hara?

– İdarəyə.

– Nə var?

– Bəlkə, sənədlərimi geri aldım.

– Pis olmaz.

Yenidən mehribanlıqla qoluma girdi. Pilləkəndən enərkən bərkdən güldü. Bu gülüşdə sevincmi, qəzəbmi olduğunu ayırd edə bilmədim.

– Mənim meydandan qaçan adamlardan zəhləm gedir, illah da kişilərdən.

Elə bil ortamdan güllə keçirdilər. Yaralananda heç belə göynəməmişdim. Əgər bu sözü mənə cəbhədə desəydilər, kimliyinə baxmadan boğazından yapışar, Kerçdə bizə sataşan "tılovoy krısaları" matroslarla birlikdə əzişdirdiyimiz kimi əzişdirərdim. Amma nə edəsən ki, indi zəmanə dəyişmişdi, qarşımdakı da müəmmalı bir qız idi.

İrəli keçdi. Qapını açıb küncdə oturan qızdan gülə-gülə soruşdu:

– Birinci imtahan nə vaxt olacaq?

– İki gündən sonra.

Katibə gah Əzizəyə, gah da otağın ortasında dirək kimi dayanan mənə baxdı. Qaş-gözü ilə nə isə soruşdu. Əzizə geri dönüb qolumdan yapışdı:

– Bu oğlan qızlarla çəkişməyi kişilikdən hesab etməsə də, mənim rəqibimdir. Özü də dəymədüşərin biridir. Sənədlərini geri almağa gəlib.

– Özümün dilim var.

Deyəsən, səsim guruldadı. İçəridəkilər dönüb təəccüblə mənə baxdılar. Xəcalətimdən başımı aşağı salıb bir-iki dəfə öskürdüm.

Elə bu vaxt aspirantura müdirinin oturduğu otağın qapısı açıldı. Professor içəridən çıxdı. Onun əynindəki zehli ağımsov pencək-şalvar elə bil ütünün altından bu saat götürülmüşdü. Paltarlarının rənginə uyğun güllü qalstuk bağlamışdı. Seyrək saçını yana daramışdı. Döş cibindən ağ dəsmalının ucu çıxmışdı. Adəti üzrə, "Kazbek" qutusunu və kibriti qəzetə büküb qoltuğuna almışdı. Çəkdiyi papirosun əzilməsindən qorxurmuş kimi barmaqlarının arasında ehtiyatla tutmuşdu. Onun qara-qumral sifəti, mehriban və qayğılı gözləri gülümsünürdü. Professor bir az arıqlamış olsa da, müharibədən əvvəl bizə mühazirə oxuduğu zamanlarda olduğu kimi səliqəli idi. O, içəridəkilərlə salamlaşdı və bizi görüb ayaq saxladı:

– Hə, balaca, tapışmısınız?

Əzizə ətrafa boylandı. Mən başa düşdüm ki, professor, tələbəlik illərində olduğu kimi, mənə yenə "balaca" deyir. Elə bir həftə bundan əvvəl onun yanına gedəndə də belə demişdi. Əvvəlcə məni tanıya bilməmişdi. Xeyli duruxmuş və üzümə baxmışdı. Sonra gülümsünüb əlini irəli uzatmışdı.

– Balaca, sənsən? Nə yaman uzanmısan! Yoxsa əsgərlikdə boğazından dartıb uzadıblar?

Mən nə üçün gəldiyimi söylədim. Firkə getdi.

– Bircə yer var, ora da ərizə veriblər. Sənə çətin olmazmı? Rəqibin od parçasıdır, universiteti yenicə qurtarıb.

Anladım ki, professor mənim müsabiqədən keçə bilməyəcəyimdən ehtiyat edir. Doğrudan da, çətin idi. Dörd illik fasilə, müharibə, qanlı-qadalı illər və yenidən imtahan.

Mənim tutulduğumu hiss etdi. Qayğılı gözlərində bir ilıqlıq duydum.

– Yaxşı, ərizəni ver…

Professor əvvəlcə mənimlə, sonra da Əzizə ilə görüşdü. Qız anladı ki, professor mənə "balaca" deyir. Gülümsündü. Onun baxışlarından hiss etdim ki, nə isə bir oyun çıxaracaq.

– Balaca sənədlərini geri alır.

– Niyə?

– Deyəsən, qorxur.

Professorun gözündən kölgə keçdi. Gözlərində təəssüf və məyusluq duydum.

– Elə iş eləmə.

Dinmədim. Birdən nə fikirləşdisə, qolumdan yapışıb kənara çəkdi. Onun sınayıcı və qayğıkeş baxışlarını üzümdə hiss etdim.

– Direktorla danışmışam, bəlkə, sənə çörək talonu düzəltdim.

Onu hiss etdim ki, yanaqlarım isindi. Bədənim buz kimi oldu, qulaqlarımın ucu alışıb-yandı…

O gedəndən sonra Əzizə çənəmin altında dayanıb altdan-yuxarı üzümə baxdı. Gözlərində dəcəllik qığılcımları oynadı və əlini əlinə vurub qəhqəhə ilə güldü: "Balacaya bax!"

Sözün düzü, qızın belə rəftarı məni ürküdürdü. Elə bilirdim ki, mənə istehza edir, hər hərəkətimi, sözümü ələ salır. Bəlkə, elə, doğrudan da, bu ərköyün şəhərli qızı bu yolla məni qorxutmaq, meydandan qaçırıb özü tək qalmaq istəyirdi?

Katibəyə yaxınlaşmaq istədim. Bunu sezən kimi sifəti birdən-birə dəyişdi. Zəhmli və amiranə bir görkəm aldı:

– İmtahanlara bir yerdə hazırlaşacağıq. Harada olursan?

Dinmədim. Onun xəbəri yox idi ki, mən hər gecə bir tanışın, ya da qohumun evində qalıram. İkinci dəfə onları narahat eləməyə üzüm gəlmirdi. Dünən gecə isə köhnə soldat kimi şinelə bürünüb vağzalda, taxtanın üstündə yatmışdım.

– İstəyirsən, bizə gəl, anamla təkcə oluram.

Üzünə necə baxdımsa, tutuldu. Deyəsən, gözləri nəmləndi.

– Atam çoxdan ölüb, qardaşım da müharibədən qayıtmayıb. Neçə ildir xəbər-ətər yoxdur.

Onun səsi titrədi. Özümün özümdən zəhləm getdi. Əvvəllər hər balaca titrəyişi, köks ötürməni duyar, qəlblərdən keçənləri baxışlardan oxuyardım. İndi isə qəlbanlamaz, dilbilməz bir kobuda çevrilmişdim. Deyəsən, müharibə bütün hislərimi qabalaşdırmışdı.

– Yaxşı, istəyirsən, kitabxanada görüşək.

Aralandıq.

Şəhərə bir həftə bundan əvvəl gəlmişdim. Heç kəsə bir söz demədən. Xəbərsiz-ətərsiz. Acıq eləmişdim. Məni yandıran o idi ki, rayonumuzdakı müəllimlər institutunun direktoru özü xahiş etmiş, nazirlikdən əmrimi almış və məni yerimdən oynatdıqdan sonra köhnə dostumla üz-üzə gətirmişdi. Dalaşdım. Başqasının çörəyinə bais olmayacağımı söylədim. Elə həmin günü evə dəymədən, hirsli-hirsli, axşam qatarı ilə Bakıya yola düşdüm. Yaxşı ki, istiqrazım udmuşdu. Yoxsa yolpulu tapa bilməyib hövlümdən partlayardım.

Poçta girdim. Evə teleqram vurdum ki, narahat olmasınlar, şəhərdəyəm. Bayıra çıxanda hiss etdim ki, başım hərlənir. Gözüm alacalandı. Yıxılmamaq üçün divara söykəndim. Başa düşdüm ki, dünən yediyimin üstündəyəm. Küçəyə çıxdım. Çörək dükanlarının birinin qarşısında addımlarımı yavaşıtdım. Küncdə dayanan enli kepkalı qarabığ oğlan bunu hiss etdi. Ehtiyatla, ətrafa boylana-boylana mənə yaxınlaşdı, saymazyana yanımdan ötdü, kiməsə eşitdirirmiş kimi astadan dilləndi:

– Bir kilo əntiqə çörək var.

– Neçəyədir?

Dayandı. Paraşüt kimi qabarmış kepkasını gözünün üstündən geri elədi.

– Lap ucuz. Sənə iyirmi beş manata.

Əlimi cibimə atdım. Bilet üçün ayırdığım pula dəymədim. Qalanını çıxarıb oğlana verdim. Çörək qapqara idi. Adamın əlinə yapışırdı. Amma dadlı idi. Elə yoldaca üstündəki qırıqları yedim. Kim idi bu boyda şəhərdə məni tanıyan? Sahilə gəldim. Yorulmuşdum. Skamyaların birində oturdum. Qəzetdən süfrə saldım. İştaha ilə çörək yeməyə başladım.

Xəzər payız şəfəqlərini sinəsində əks etdirərək quzu kimi mürgüləyirdi. Suların səthi qırçınlaşmışdı. Külək sahildən əsdiyindən bu qırçın ləpələr bir-birini qova-qova uzaqlara, sonsuz üfüqlərin ənginliklərinə qədər baş alıb gedirdi. Mavi sular sonsuzluqlara çevrildikcə insanın baxışlarını, qəlbini, fikrini belə özü ilə aparır, elə bil məngənədən çıxarıb genişliyə çəkirdi. Adam qollarını açıb sinədolusu nəfəs almaq istəyirdi.

İndicə fərqinə vardım ki, Xəzərin suyu ağımsovdur, dərinliklərə getdikcə bozarır, bəzi yerlərdə isə axar çay suyu kimi durulur. Amma Qara dənizin suları tünd-maviyə çalırdı. Mərmilər, bombalar partladıqca daha da tündləşirdi. Bəlkə, onun da durulan vaxtı olurdu, amma mən bu dənizin sularını həmişə qaramtıl görmüşdüm. Üfüqlər çənli-çiskinli, dənizin özü isə qəzəbli və dalğalı olurdu. Bəlkə, o, hirsindən qaralırdı? Bəlkə də, sularda qərq olmuş matrosların paltarları dənizin sularını qara rəngə boyayırdı?

Əvvəlcə çörəyin hamısını biroturuma yemək istədim. Sonra iradəmi ələ aldım, çörəyin qalanını kağıza büküb cibimə qoydum. Yadıma cəbhə yoldaşım Vəliyevin döyüşqabağı elədiyi zarafat düşdü. Yəqin, indi o, yanımda olsaydı: "Çörəyin hamısını ye, nə bilirsən nə olacaq?" – deyərdi. Krımskaya stanitsasının yanında vuruşurduq. Qamışlığı, sonra da axmaz suları keçib qarşıdakı təpələri tutmalıydıq. Beş nəfər idik. Rezin pantonlarla desant aparmalıydıq. Hamımıza üçgünlük yemək vermişdilər. Biz çörəyi üç yerə böldük. Yola düşməzdən əvvəl həmin günün payını yedik və qalanını saxladıq. Vəliyev doymamışdı. Gülə-gülə: "Gəlin hamısını yeyək, kim bilir bir azdan nə olacaq?" – dedi. Həmin gecə yaralandı. Biz onu qamışlıqdan çıxarıb arxaya, sahildəki tibb məntəqəsinə gətirdik. Ayrılarkən yarasının ağır olmasına baxmayaraq güldü: "Sizə demədimmi, gəlin çörəyin hamısını yeyək. İndi gördünüz?.."

İmtahan mənim ən çox sevdiyim altı nömrəli auditoriyada başladı. İmtahan götürənlər çox idi. Professordan başqa, elmi hissədən, aspirantura şöbəsindən nümayəndə var idi. Başqa müəllimlər də iştirak edirdilər. İçəri girəndə hər şeyi unutdum. Elə bildim ki, bu saat zəng çalınacaq, tələbə yoldaşlarım səs-küylə içəri dolacaq və professor mühazirəyə başlayacaqdı. Gözümü gəzdirdim. Hər şey yerində idi. Pilləvarı stollar da, pəncərələrin qalın, qara örtükləri də, ön tərəfdə divarboyu vurulmuş yazı taxtası da, xitabət kürsüsü də, səhnəni xatırladan uzun, hündür qabaq stolu da. Görünür, müharibə illərində binada hərbi xəstəxana yerləşdiriləndə belə, bu otağa əl vurmamışdılar. Bəlkə də, bu otaq cərrahiyyə otağı imiş, neçə insan bu uzunsov qabaq stolunun üstündə ölümlə çarpışmışdı?

Həmişəki kimi, keçib qabaq cərgədə oturdum. Əzizə arxada əyləşdi. Hiss etdim ki, bu gün ciddidir, bəlkə də, bir az tutqundur. Gözü üzümdə olsa da, susur, heç nə demir. Bileti əvvəlcə o çəkdi. Sualları oxuyanda sifətinin ifadəsindən başa düşdüm ki, biletdə yazılanların hamısını bilir. Sonra mən ayağa durdum. Özümə toxtaqlıq versəm də, ürəyim döyünməyə başladı. Deyəsən, barmaqlarım titrədi. Onu hiss etdim ki, əlimdəki bilet əsir. Sətirləri bir-birinə qarışdı, hərflər dumana büründü. Ancaq tərpənmədim. İmtahan götürənlərin qarşısında dayandım. Dörd il əvvəl olduğu kimi, fikirləşmədən cavab vermək istədim, professorun səsi məni özümə gətirdi:

– Keç, əyləş, balaca.

Oturmazdan əvvəl dönüb Əzizəyə baxdım. Onun rəngi kül kimi idi.