Ata-anasının qəbri yan-yana idi. Qəbirlərin torpağı çökmüşdü, yan-yörəsini ot-alaq basmışdı, baş ağacları çürüyüb qaralmışdı. Baxımsızlıqdan pis hala düşmüş bu qəbirləri görəndə Mirzədən çox Qədir utandı. Qədir hazırlaşdı ki, Mirzə ağlasa, o da ağlasın, amma Mirzə ağlamadı və Qədirin xirtdəyinə dirənmiş qəhər o dəqiqə sovuşub getdi.
Mirzə qəbiristanlığa nəzər saldı. Dirilər var-yoxlarından çıxıb, burda ölülərə büsat düzəltmişdilər. Hara baxırdın qara, qırmızı, ağ mərmər idi. Adamboyu başdaşılar, qranitdən yonulmuş büstlər, dəmirdən şəbəkə hasarlar…
Mirzə ata-anasının az qala yerləyeksan olmuş qəbirlərinə baxdı, sonra qonur gözlərini, nədənsə, Qədirin üzünə zillədi. Qədir tez çöməlib qəbirlərin yan-yörəsindəki alağı yoluşdurmağa başladı. Bir azdan Mirzə də ona qoşuldu və qət elədi ki, günü sabahdan bu qəbirləri sahmana salacaq. Bu qəbirlər sahibsiz deyil, burda yatan kişinin, arvadın oğlu hələ ölməyib. “Gəlmişəm, əzizlərim, gəlmişəm… Bağışlayın ki, gec gəlmişəm”.
Anası öləndə də gec gəlmişdi. Tez necə gələydi? Buracıq deyil, oracıq deyil. Mirzə teleqramı alandan sonra hazırlaşıb yola düşənəcən iş-işdən keçmişdi. Mirzə rayona çatanda anasının yeddisini vermişdilər, day başsağlığına gəlib-gedən də yox idi. Evdə təzədən ağlaşma başlandı. Güldəstə qardaşını qucaqlayıb ağı dedi. Onda Güldəstə cavan idi, Qədirlə təzəcə evlənmişdilər. Sən demə, Güldəstənin yanıqlı səsi varmış, elə dil açıb ağladı ki, Qədir özünü saxlaya bilmədi – hönkürdü, nə hönkürdü. Amma Mirzə sanki daş idi, odun idi – dayanıb durmuşdu, elə bil ağlamaq yadına düşmürdü. Bunu görəndə Qədir hönkürtüsünü kəsdi. Gözlərindən hələm-hələm yaş çıxmayan Salman kişi də arxasını həyətdəki tut ağacına söykəyib ağladı. Kişi, deyəsən, arvadının ölümündən çox, neçə illik ayrılıqdan sonra oğlunu dədə yurdunda gördüyünə kövrəlib ağlayırdı. Yavaş-yavaş hamı kiridi.
Mirzə gözlərini qollu-budaqlı tut ağacının yoğun göv dəsinə zilləyib, uşaqlığını yadına saldı. Bu ağacın lap təpəsinə dırmanardı, mət kimi ağ tutu dənə-dənə qırıb ağzına atardı. İndi payızdır, ağacın yarpaqları tökülüb, ağac lütlənib, adam buna baxanda kövrəlir. Həm də bu ağac Mirzəyə yəqin ona görə belə qəmli görünür ki, Mirzənin anası ölüb. İndi bu həyətdə gözlərinə dəyən hər şey Mirzəni kədərləndirir, hətta atasının çal saqqalı da, alnındakı dərin qırışları da… Mirzə boğazını arıtlayıb, deyəsən danışmaq xatirinə atasından soruşdu ki, anam son nəfəsində nə dedi, nə vəsiyyət elədi. Kişi çiyinlərini çəkib, təzədən ağlamaqçün bir himə bənd adamsayağı hüznlü səslə cavab verdi ki, Səmaya rəhmətlik heç nə demədi, vəsiyyət-zad eləmədi, gecə qəflətən keçinib, heç xəbər də tutmamışıq.
İki gündən sonra Mirzə qayıdıb getdi – iş adamı idi, icazə alıb gəlmişdi, burda çox qala bilməzdi.
İndi qəbirlərin alağını təmizləyə-təmizləyə Qədir istədi soruşsun ki, qağa, genə tez qayıdacaqsan? Amma bunun əvəzində başqa söz dedi:
– Qağa, başına dönüm, bəs adam el-obasını, qohum-əqrabasını belə yaddan çıxardar? Ağlamaqdan bacın az qalıb kor olsun. Adın gələndə, inandığım haqqı, Güldəstənin dodaqlarında bir damcı qan qalmır. Mənim sözlərimi danlaq, məzəmmət kimi qəbul eləmə, qurbanın olum. Hər şey bir yana, axı burda sənin atanın, ananın qəbri var. Bu torpaqda sənin doğmaların, əzizlərin yatır.
Mirzə bir əlcə yerin alağını təmizləyib heydən düşmüşdü, güclə nəfəs alırdı. Onun badamı, qonur gözlərində dəfolunmaz bir ağrının əzabı görünürdü.
Qədir indicə dediyi sözlərdən peşman oldu.
– Qağa, başına dönüm, yoxsa xətrinə dəydim?
Mirzə dikəldi, yolduğu bir çəngə alağa tövşüyə-tövşüyə baxdı və tövşüyə-tövşüyə Qədirin gözləmədiyi bir söz dedi:
– Ölməyə gəlmişəm, Qədir.
Qədir əlindəki alağı yerə tulladı, ağzını açıb mat-mat Mirzəyə baxdı. Handan-hana:
– Bıy, əşi, səni istəməyənlər ölsün, – dedi və qəhərlənə-qəhərlənə gözlədi ki, yəqin indi Mirzə ağlayıb ürəyini boşaldacaq, amma gördü ki, Mirzə ağlayana oxşamır, çox toxtaqdı, onda Qədir də toxtadı. Dedi:
– Qağa, bu nə sözdü danışırsan?
Mirzə yenə tövşüyə-tövşüyə:
– Əcəlim çatıb, – dedi, – amma Güldəstə bilməsin ha. Eşitdin, Qədir? Ölməyə gəlmişəm vətənə. – Yenə ata-anasının qəbrinə baxdı, fikirləşdi ki, günü sabah usta tapıb bu qəbirləri düzəltdirmək lazımdır, yoxsa sonra gec olar.
Mirzə təzədən üzünü matı-qutu qurumuş Qədirə tutub, yorğun-yorğun gülümsədi, solğun bənizinə təbəssüm işığı yayılanda Mirzə o qədər gözəl, yaraşıqlı göründü ki, Qədir onun ölümünə heyifsiləndi, istədi ağlasın. Qəhərdən boğula-boğula:
– Qağa… – dedi.
Mirzə başını qaldırıb tərtəmiz səmaya baxdı. Havanı ciyərlərinə elə çəkdi ki, qansız dodaqları səyridi, elə dodaqları səyriyə-səyriyə də dedi:
– Ölməyə vətən yaxşı, Qədir… vətən yaxşı.
Qəbiristanlıqdan çıxandan sonra Mirzə rayonu, maşınla da olsa, gəzmək, qırx il bundan qabaq qoyub getdiyi yerlərə axırıncı dəfə baxmaq qərarına gəldi. Qədir tələsdi, qorxdu ki, birdən Mirzənin sözü gerçək olar, Mirzə doğma yurdu görməmiş ölər – “Jiquli”ni o küçəyə sürdü, bu küçəyə sürdü, göstərməli nə vardısa, hamısını Mirzəyə göstərdi. Mirzə gördü ki, bura tamam başqa aləmdi, bura onun qoyub getdiyi tozlu-palçıqlı rayon deyil, burda yastı damlardan, qarğı çəpərlərdən əsər-əlamət qalmayıb. Nə araba var, nə arabaçı. Maşınlar belədən eləyə şütüyür, elədən be-ləyə… Bütün küçələrə asfalt döşənib. Burda daşdan evlər tikilib ki, tamaşasına adam iki göz də borc almaq istəyir. Təzə bazar, təzə xəstəxana, ikimərtəbəli univermaq, mədəniyyət sarayı, musiqi məktəbi… Bunları görəndən sonra arxayın ölmək olar. Amma ölməmişdən əvvəl o iki qəbri abıra salmaq lazımdır. Bir də Həsəni axtarmaq, sağdırsa, tapıb onun könlünü almaq lazımdır, yoxsa Mirzənin sağ əlinin içi o dünyada da gör-gör göynəyəcək. Ondan sonra rayonun ortasındakı bağda, bir palıd ağacının kölgəsində oturub doğma yurdun havasından doyunca udmaq və bu torpaqla halallaşmaq olar. Vəssalam! Yox, nə vəssalam? Səhərdən bəri Mirzənin ürəyini didim-didim didən qaranlıq bir məsələ qalır, indi, bu dəqiqə onu aydın laşdırmasa, Mirzə bu dünyadan nisgilli köçəcək.
Mirzə dedi:
– Qədir, mən bura gələndə dədə-baba evimizə getmək istədim, amma çaşıb qaldım, evi tapa bilmədim, adamlardan soruşmağa da utandım. Yəni təzə evlərin içində itib-batıb evimiz? İndi kimlər olur orda?
Qədir dodaqlarının qıraqları ilə gülümsəyib, maşını bağın ayağından geri döndərdi.
Rayonu tən yarıya bölən ensiz Qarqar çayının üstündəki dəmir körpüdən keçdilər… Bax, bu çaydan bir az aralıda od dəyirmanı vardı – indi yoxdu. Yerində ikimərtəbəli bina tikilib, deyəsən, idarədi… Sağ yanda gümbəzli hamam olmalı idi. Hanı bəs? “Bizim ev gümbəzli hamamın qabağındaydı”.
Qədir maşını saxladı.
– Bu da sizin ev, – deyib gülümsədi. Gördü ki, Mirzə bulud kimi tutulub, o da ciddiləşdi. Dedi:
– Ev də adam kimidi: yiyəsiz, baxımsız qalanda tez qocalır… Hökumət dəyərini verib sökdü, yerində də görürsən də…
Evin yerində balaca daş meydança salınmışdı, meydançanın içində söykənəcəkli taxta skamyalar qoyulmuşdu. Lap ortada hovuz vardı. Mirzə gözlərini dibi görünən dayaz hovuza zilləyib soruşdu:
– Bəs tut ağacı hanı? Burda tut ağacı vardı.
Qədir cavab vermədi, fikirləşdi ki, Mirzə qəribə adamdı, atasından o boyda evi yerlə-yeksan olub, yurdu dağılıb, onun dərdini çəkmir, bir qartımış ağac hayındadı…
Qonum-qonşu gecə yarıdan keçəndə dağılışdı. Mirzəni sorğu-suala tutub əldən salmışdılar. Uşaqlar yatışandan sonra otaqda Mirzə, Qədir, bir də Güldəstə qaldı. Güldəstə deyəsən, səhərə qədər Mirzəylə diz-dizə oturmaq fikrində idi. Sandıqdan saralmış bir şəkil çıxardıb:
– Sən yadıma düşəndə buna baxıram, – dedi. – Heç yadımdan çıxırsanmı? Ay tövbə!
Bu şəkil nə vaxtın şəkli idi, görəsən? Burda Mirzə də cavan idi, Nina da; uşaqlar da körpə idilər. Bu şəkli Güldəstəyə kim göndərib? Bu şəkildən Mirzəgildə, deyəsən, yoxdu heç. Mirzə şəkli alıb arxasına baxdı və öz xəttini tanıdı: “Sevimli ata-anama!” Nədənsə, bu sözlərdən zəhləsi getdi. Şəkli bacısına qaytardı və hiss elədi ki, bacısı bu şəkillə bağlı onun nəsə deyəcəyini gözləyir.
Mirzə dedi:
– Heyif Ninadan, yaxşı adam idi.
Güldəstə şəklə zənlə baxa-baxa:
– Gəlinimizi görmək bizə qismət olmadı, – dedi, sonra da əlavə elədi ki: – Maşallah, yaxşı uşaqların var, kuklaya oxşayırlar.
Mirzə gülümsədi:
– İndi day kuklaya oxşamırlar, – dedi, – yekəliblər… Orda Tolikin beş-altı yaşı olar, Maya da ondan üç yaş kiçikdi.
Güldəstə qardaşının qəlbinə dəyməkdən qorxurmuş kimi ehtiyatla danışdı:
– Qurbanım olum, bir nisgil ürəyimi parçalayır, axı. Ayaqlarının altında ölüm, a Mirzə, bəs belə də dərd olarmı ki, sənin balalarının ayağı bu torpağa dəymədi. Balaların bizi tanımırlar, biz də onlara həsrətik.
Mirzə yumruğunu ağzına dirəyib iki dəfə öskürdü və Güldəstə başa düşdü ki, qardaşı cavab tapmaqda çətinlik çəkir, başa düşdü ki, indi bu söhbətin, bu şikayətin məqamı deyildi.
Güldəstə təzədən şəklə baxıb, kövrələ-kövrələ soruşdu:
– Dərdin mənə gəlsin, qardaş, balaların sənə görüm-baxım eləyirlərmi?
Qədir arvadına gözlərini ağartdı, amma Güldəstə ərinin hədəsini vecinə almadı. Qədir gözlərini təzədən zillədi Mirzənin ağzına.
Mirzə gülümsəyə-gülümsəyə dedi:
– Mənim pensiyam onların maaşından çoxdu. Bilmirəm nəyə xərcləyim, hara xərcləyim. Hərdən mən onlara görüm-baxım eləyirəm.
Mirzənin gözləri süzülürdü, bənizi bir az da ağarmışdı. Qədir arvadına təpindi.
– Dur, kişinin yerini sal, aaz!
Yatağına uzananda Mirzə bu qərara gəldi ki, sabah Həsəni soraqlasın. Bəlkə Həsənin sümüyü də sürmə olub? Sağdırsa, qoy Mirzəni bağışlasın, ölübsə, qəbri nurla dolsun… Sonra Mirzə nazik adyalı sinəsinə çəkib qulaq verdi ki, qurbağalar indi quruldayar, bir azdan quruldayar. Ha gözlədi, qurbağa qurultusu eşitmədi. Bunlara nə oldu, bunlar hara yoxa çıxdı görəsən? Qurbağa od dəyirmanı deyil, gümbəzli hamam deyil. Salman kişinin evi deyil – sökələr, izi-tozu da qalmaya. Yəni bu həndəvərdə ikicə qurbağa yoxdu ki, ağız-ağıza verib quruldaya?
Huşa gethagetdə Mirzə o biri otaqda nazik bir inilti eşitdi: Güldəstə inildəyirdi. Demək, Qədir dilini dinc sax laya bilməyib, Mirzənin vətəndə ölmək niyyətini danışıb Güldəstəyə. Eh, ay Qədir, ay Qədir… Dörd övlad atasısan, nəvən də var, saçın-saqqalın ağarıb, amma ağzında su ilinmir5.
Xərcin çoxluğu Mirzəni qorxutmadı, Mirzə Şuşadan boz mərmər gətirdi, qəbirlərin ikisini də eyni biçimdə düzəltdirdi. Ustaya Mirzə özü kömək eləyirdi: qəbiristan lığın ortasındakı hovuzdan su gətirirdi, palçıq qarışdırırdı, amma qəribə idi ki, əvvəlki təki yorulmurdu, təngnəfəs olmurdu, hiss edirdi ki, bədəninə təpər gəlir. Bu gün dəmir şəbəkəni – qəbirlərin hasarını da gətirib qoyacaqdılar və buradakı iş tamam olacaqdı. İşin belə tez qurtarmağı Mirzənin ürəyincə deyildi, ona elə gəlirdi ki, görəcəyi işlər azaldıqca ölümü yaxınlaşır. Mirzə tez ölmək istəmirdi, düzünə qalsa, heç ölmək istəmirdi; bura gəldiyi iyirmi gündə əməlli-başlı dirçəlmişdi. Güldəstə də, Qədir də səhər-səhər yerlərindən duran kimi Mirzəyə baş çəkirdilər, altdan-altdan onun rəng-rufuna fikir verirdilər. Mirzə hər dəfə süfrədəki nemətləri xımır-xımır yeyəndə Güldəstənin qonur gözləri nəmlənirdi. Güldəstə o biri otağa keçib, üzünü tavana tuturdu: “İlahi, kərəminə min şükür, – deyirdi, – bircəcə qardaşımın yanaqlarına qan gəlib. Sənə atam-anam qurban, ya Rəbb, mənə qardaş vayı, qardaş dağı göstərmə, Mirzədən qabaq mənim canımı al”. Güldəstə qardaşının əvəzinə ölməyə, doğrudan da, hazır idi, çünki Qədir demişkən, Mirzə axırda oğulluq, övladlıq borcunu başa düşüb, valideynlərinin ruhunu şad eləyib. Hərçənd vaxtı çox ötürüb, amma nə eybi, kişi fərli iş görüb. Ləng tərpənmək, gecikmək, onsuz da Mirzənin keçmiş peşəsidir.
Atası öləndə də Mirzə dəfnə gecikdi. Kişi də payızda köçdü dünyadan. Onda da hava bir az sərintəhər idi, yer-yurd xəzəllə dolu idi, qollu-budaqlı tut ağacı da lümlüt idi. Hər şey anası öləndə olduğu kimi idi, intəhası Salman yox idi bu həyətdə, indi onun əvəzində Qədir kürəyini tut ağacına söykəyib gözləyirdi ki, Mirzə ağlasa, o da ağlasın. Mirzə dodaqlarını çeynəyə-çeynəyə Güldəstənin ağısına qulaq asdı, bulud kimi tutuldu, bıçaq vursaydın Mirzənin bir damcı qanı çıxmazdı, di gəl ki, gözləri nəmlənmədi. Bu Mirzə daşdı, qayadı, ağacdı nədi görəsən? Anası öldü – ağlamadı, atası öldü – ağlamadı. Bəs nə vaxt ağlayacaq bu? Mirzə tut ağacının cadar-cadar gövdəsinə baxdı, ağac qocalmışdı, qurumaqçün bir himə bənd idi. Mirzə fikirləşdi ki, bir də yolu doğma yurda düşsə, şahtutu yerində görməyəcək, yəqin şahtut axırıncı payızını yaşayır. Həyətdəki xəzəl də, indi sahibsiz qalmış ev də, ağaclar da adama kədər gətirirdi. Mirzə dərindən ah çəkdi, üzünü Qədirə tutub, hüznlü səslə soruşdu: “Atam öləndə nə vəsiyyət elədi, nə soruşdu?” Qədir kürəyini ağacın qartımış gövdəsindən araladı, hələ də zümzüməylə ağlayan arvadına baxa-baxa dedi: “Kişi neçə gün səni arzuladı… Rəhmətliyin dilində elə sənin adın idi”.
Mirzə iki gündən sonra qayıtdı: icazə almışdı, iş adamı idi, burda çox qala bilməzdi, həm də vaxtının çoxunu yol aparırdı – oracıq deyil, buracıq deyil, get ki, çatacaqsan…
“Jiquli”nin siqnalını eşidəndə Mirzə fikirdən ayrıldı. Gördü ki, Qədir maşından düşüb, gülümsəyə-gülümsəyə ona tərəf gəlir.
Qədir dedi:
– Qağa, on iki Həsən tapmışam, amma heç hansı sən axtaran döyül. Çopur Həsən var… Qayğanaq Həsən… Moyka Həsən… Köndələn Həsən… Kukla Həsən… Çoxu da səndən cavandı.
– Mən axtardığım Həsənin üzündə dəmrov vardı.
Təəccübdən Qədirin qaşları dartıldı.
– Başına dönüm, qağa, indiyə dəmrov qalar?
– Rayona bitişik binədən gəlmişdi.
– İndi binə nə gəzir? Rayon addayıb keçib binənin üstündən. Amma tapacam, fikir eləmə, sağdırsa, əlimdən qurtara bilməz.
Mirzə minnətdarlıq yağan baxışlarını Qədirin qaramtıl üzündə gəzdirdi. Qədir necə qayğıkeş, necə istiqanlı adam imiş. Bu ucaboy, arıq kişinin gücünə, təpərinə, fərasətinə bax. Çörək zavodunda işini də görür, bazarlıq da eləyir, həyət-bacada da əlləşir, hələ desən, Mirzənin qulluğunda da durur.
Qədir qəbirlərin mərmər sinədaşılarına baxa-baxa dedi:
– Qağa, bunları mən də düzəltdirə bilərdim, amma kürəkən bir ayrı, oğul bir ayrı.
Mirzə yeznəsinə dil-ağız eləmək istəyirdi ki, yük maşınında qəbirlərin hasarını gətirdilər. Dəmir şəbəkə çox böyük idi, içinə dörd beş qəbir sığardı.
Qədir soruşdu:
– Qağa, bu boyda hasar nəyə lazımdı?
Mirzə başını mənalı-mənalı tərpətdi.
– Bəs özüm? – dedi, amma bu fikirdən indi bir az qorxan kimi oldu. Söz ağzından çıxmışdı, dalını gətirməliydi. – Aralarında yer yoxdu, yanlarında yer seçmişəm… Anam tərəfdən… Sağda atam, solda mən, ortada anam…
Adamın öz ölümündən belə arxayın danışa biləcəyi Qədirin ağlına heç cür batmırdı; Mirzə elə danışırdı, guya sabah həyət-bacada görəcəyi işigötür-qoy edirdi.
Mirzə gözləri yol çəkə-çəkə:
– Belə-belə işlər, – dedi, sonra özünə gəlib, yan-yörəyə baxdı.
Bahar günəşinin qırmızımtıl-sarı şəfəqi yerə çökmüşdü və bu şəfəqdən yaşıl, tər otlar, çiçəklər, ağaclar – hər şey alov rənginə çalırdı. İlıq havadan qızılgül ətri gəlirdi, uzaqda-yaxında quşlar cikkildəşirdi. Mirzə fikirləşdi ki, ilin bu əyyamında ölümdən danışmaq, vallah, axmaqlıqdır.
Mirzə rahat köks ötürüb, gözlərindən təbəssüm tökülə-tökülə güzgü təki tərtəmiz göyə baxdı.
Elə bu vaxt yük maşınının sürücüsü – cavan oğlan – Qədiri səslədi.
– Qədir dayı, mənə Həsən məsələsi demişdin ha!
Qədir hələ heyrətdən özünə gəlməmişdi – key-key soruşdu:
– Nə Həsən, ə?!
Oğlan dedi:
– Tapşırmışdın ki, harda Həsən görsəm, sənə xəbər eləyim. Birini tapmışam… Rayona lap yaxındakı kolxozda – “Şəfəq”də işləyir. Mexanikdi… Yaşı altmış olar, familiyası da Novruzovdur.
Qədir Mirzənin üzünə baxdı.
– Sənin Həsəninin familiyası Novruzovdu?
Mirzə başını buladı:
– Yadımda deyil.
Səhərisi gün rayonun yaxınlığındakı kolxoza Mirzə tək getdi.
Uzun talvarın altında çoxlu pambıqyığan maşın vardı, burda adamlar vur-həşirlə işləyirdilər. Mirzə kənardan hamıya göz qoydu, amma axtardığı Həsənə bənzəyən adam görmədi. Həsəni soruşdu. Maşınlardan birinin yanında ortaboy, dolubədən bir kişi qabağa gəlib, əllərini çirkli əskiyə silə-silə:
– Həsən mənəm, – dedi.
Mirzə zəndlə kişiyə baxdı. Yox, əşi, o Həsən hara, bu Həsən hara? O, arıq idi, onun boğazı armud saplağı kimi idi, gözləri də alma boyda. Bu, cantaraqdır, sağlamdır, bunun biləkləri pəhləvan biləklərinə oxşayır, gözləri o qədər də iri deyil.
Mirzə başını bulayıb mızıldandı:
– Bağışlayın, mənə başqa Həsən lazımdı.
Kişi gülümsədi.
– Nə fərqi var? – dedi. – Mən də dünyadakı Həsənlərdən biri. Əgər Həsənə işiniz düşübsə, mən hazır.
Mirzə sağ əlini sinəsinə qoyub:
– Var olun, – dedi. – O Həsən arıq oğlan idi… Üzündə dəmrov vardı… Xəstəhal… Gözləri də…
Kişi, Mirzənin sözünü yarımçıq kəsdi:
– Həsənin oğlanlığından gör nə qədər vaxt keçir. Hər il bircə kilo ətlənsə, bircə qırıq dəyişsə…
Mirzə də onun sözünü yarımçıq kəsdi:
– 39-cu ildə biznən yeddinci sinifdə oxuyurdu. İmtahanlara bir ay qalmış çıxıb getdi.
Kişi səsini alçaldıb, gözlərini qıya-qıya dedi:
– Çünki Qeysər müəllimin dərsində sən ona bir sillə vurmuşdun.
Mirzənin içindən bir sızıltı keçdi, sağ əli gör-gör göynədi, dili topuq çaldı.
– Mən… Mənim yanımda… mənnən qonşu bir qız otururdu. Yanımdakı partada… Alagöz, sarıbəniz… Adı da ya Çiçək idi, ya Göyçək.
Həsən:
– Yox, – dedi, – nə Çiçəkdi, nə Göyçək… Adı Qəşəngdi… Gözləri ala.
– Hə.
– Saçları sarı.
– Hə.
– Sən tərəfə çox baxardı.
– Doğrudu.
– İndi mənim arvadımdı o… Matın-qutun qurumasın, həmin Həsən mənəm. Mən səni görən dəqiqə tanıdım.
Mirzənin qıçlarına zəif bir əsməcə gəldi. Mirzə bilmədi Həsənə əl versin, yoxsa qucaqlasın onu.
Həsən özü qucaqladı Mirzəni.
– Xoş gördük! – dedi. – Hərdən yadıma düşürdün. Ürəyimdən keçirdi ki, səni bir görəydim, sənə “sağ ol” deyəydim. Sən onda məni vurmasaydın, mən Qəşənglə evlənməyəcəkdim… Onda gözlərimdən alov püskürdü. Həmin dəqiqə özümə söz verdim ki, Mirzənin acığına bu qızı alacam.
Mirzə, Həsənin qolları arasından çıxıb, onun qabarıq sinəsinə, enli çiyinlərinə nəzər saldı.
– Bir buna bax, – dedi, – onda skeletə oxşayırdı, adam bundan ürpənirdi.
– Onda 39-cu il idi, qardaş, indi 85-di. Gör neçə il keçib. – Həsən yaxınlıqdakı maşının yanında işləyən oğlanı göstərib:
– Kiçiyimdi, – dedi, – mənə oxşayır?
Mirzə gözlərini qıyıb oğlana baxdı.
– Yox, sarışındı, anasına oxşayır, – dedi və birdən oğlanı səslədi:
– Ay bala, onu düz qoymursan! – Mirzə oğlana yanaşdı, açarı ondan alıb özü başladı işləməyə.
Həsən dedi:
– Sən olan tərəflərdə pambıq əkmirlər, bu maşına hardan bələdsən?
Mirzə əllərini Həsənin əlindəki əsgiyə sildi.
– Mən motorçuyam, – dedi. – Daş kömür mədənində cürbəcür maşın var. Davada da tankçı olmuşam. Motorlardan başım çıxır. Davada olmusan?
– Məni 44-də apardılar. Topçu idim, yüngül bir yara da almışam. – Həsən birdən-birə söhbətin səmtini dəyişdi.
– Nə əcəb güzarın bu yerlərə düşüb?
Mirzə cavabı ləngitdi, istədi desin ki, ölməyə gəlmişəm, ancaq demədi; bilirdi ki, köçünü o dünyaya hazırlayan adama oxşamır. Gördü ki, Həsən gözlərini zilləyib onun ağarmış qaşlarına, dedi:
– Torpaq çəkib gətirir.
Gecə yatağına uzananda Mirzə canında xoş bir yorğunluq duydu… Yuxuya nə vaxt getdiyindən özünün də xəbəri olmadı…
Obaşdandan siqnal səsinə oyandı. Sonra Qədir artırmadan çağırdı onu:
– Qağa, çöldə səni bir kişi gözləyir!
Mirzə pijamada tez küçəyə çıxdı. Tez də qayıtdı. Şüşəbənddə dayanıb nigaran-nigaran ona baxan bacısına dedi:
– Həsən “Jiquli”ynən gəlib dalımca. Bir az yemək qoy, aparım, bəlkə gec qayıtdım. Maşınları yığıma hazırlamaq lazımdı… İş çoxdu.
Mirzə otağa keçib paltarını tələm-tələsik dəyişdi. Güldəstənin mətbəxdə bağlama düzəldə-düzəldə ağlamağından xəbəri olmadı.
oktyabr, 1985
О проекте
О подписке
Другие проекты