Читать книгу «Hekayələr» онлайн полностью📖 — İsi Məlikzadə — MyBook.
image
cover

İsi Məlikzadə
Seçmə hekayələr

Qatarda

Dostum Həsənağa Turabova ithaf


Gecə qatarla yol getməkdən Sabitin zəndələnzəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

Stansiyada adam az idi. Vaqona oxşayan bircə uzun bina vardı burda. Sabit çölü içindən işıqlı olan bu binada xeyli aralıda, skamyada tək-tənha oturub siqaret çəkirdi və burda adda-budda gəzişən cavanların gözlərinə görünməməyə çalışırdı. Bu rayon cavanlarının pis bir xasiyyətləri vardı: tanımadıqları adamın üzünə elə zəndlə baxırdılar ki, adam başını soxmağa yer axtarırdı. Sabit çəkinirdi onlardan. Bircəciyi gördümü bəsdi, o biri lərini də duyuq salacaqdı: “Əyə, sən öləsən, Sabit Mirzədi bu. Artist… Kinoda oynayır haa…” Vəssalam! Yığışacaqlar Sabit Mirzənin başına, qoymayacaqlar fikirləriylə təkbətək qalsın, siqaretini arın-arxayın çəksin, yan-yörəyə gözləri dolusu baxsın…

Qatar vaxtında gəldi. Sabit vaqona qalxa-qalxa arxaya baxdı; ondan savayı bu vaqona minən yox idi. Qapının ağzında dayanan vaqon bələdçisi Sabitə çox zəndlə diqqət yetirirdi, deyəsən, tanımışdı onu. Sabitin kişi bələdçilərdən xoşu gəlmirdi – kişi parovoz sürər, təyyarə sürər, deyirdi, day kupelərdə döşəkağı paylamaz. Başını aşağı salıb bələdçinin yanından ötmək istədi, ancaq bələdçi onun sağ əlini qamarlayıb köhnə tanışlar kimi.

– Sabit müəllim, xoş gördük, – dedi. – Siz hara, bura hara?

Sabit dodaqlarının altında nəsə mızıldadı, ancaqbu mızıltıdan nə özü bir şey anladı, nə də bələdçi.

Bələdçi ortayaşlı, dolubədənli, qarabığ, qarabəniz bir kişi idi. Bu qəfil görüşün sevincindən dəyirmi, qırmızımtıl gözləri tamburun zəif işığında par-par parıldayırdı. Sabitin əlini bir az da bərk sıxdı.

– Heç ağlıma da gəlməzdi ki, burda rastlaşarıq, – dedi. – Gör haa… gör ha… işə bir bax…

Sabit dayanıb gözləyirdi ki, bələdçi onun əlini buraxsın, amma bələdçi, deyəsən, ondan qopmaq fikrində deyildi, Sabitin üzünə elə məhəbbətlə baxırdı ki, deyirdin bəs uzun illər həsrətini çəkdiyi əziz dostunu indicə bu balaca stansiyada tapıb.

Sabit razılıqla başını yellədi, bu görüşdən özünün də məmnun olduğunu bildirməkçün gülümsədi və əlini bələdçinin iri ovcundan yarıxoş, yarızor çıxarıb içəri keçdi. Deyəsən, vaqonda seyrək lik idi; səs-küy eşidilmirdi. Sabitin kupesində arıq bir kişi vardı. Əynindəki tor maykanın yaxası sallanıb sinəsindən aşağı düşmüşdü, elə bil balaca uşağa canlı-cəsədli adamın maykasını geyindirmişdilər.

Sabit bir ayağı çöldə, bir ayağı kupedə:

– Axşamınız xeyir, – dedi və kişinin hülqumlu, nazik boğazına baxa-baxa fikirləşdi: “Görəsən, xoruldamır ki bu?”

Kişi tor maykasının az qala dirsəyinəcən sürüşmüş bir çiynini yuxarı dartıb:

– Aqibətiniz xeyir, – dedi.

İçəridə təndir havası vardı, tərs kimi kupenin pəncərəsi də bağlı idi. Sabit yaxınlaşıb əlini qoşa laylı pəncərənin dəstəyinə atanda kişi sakitcə dedi:

– Zəhmət çəkməyin, fələyin bağladığı qapı kimi bir şeydi bu; iki saatdı əlləşirəm, aça bilmirəm. Bizim poyezdləri həmişə belə görmüşəm: pəncərə ləri yayda mıxlı olar, qışda sınıq-salxaq. – Kişi başını buladı və maykasının çiyni yenə dirsəyinəcən sürüşdü. – Lüt soyunmaqdan başqa çarə yoxdu, – dedi.

Sabit kupedən çıxdı. Siqaret yandırdı, ancaq birinci qullabdan sonra hiss elədi ki, ürəyi siqaret istəmir; qatarı gözləyəndə bu zəqqutun tüstüsündən çox udmuşdu.

Qatar taqqaturuqla, yüyəni buraxılmış at kimi yorğa-yorğa gedirdi. Sabit də kip bağlanmış qoşa laylı pəncərədən qaranlıq çölə baxırdı: pəncərədən düşən ağ işıq zolağı qatarın böyrüncə yeri yalaya-yalaya qaçırdı. İşıq zolağından o yana heç nə görünmürdü, deyəsən. Düzü-biyabanlıq idi bura lar. Sabit düzənlik zənn elədiyi o qaranlığa çox baxa bilmədi – bələdçi yanladı onu. Bələdçinin bir əlində qalın stəkan vardı, bir əlində butulka.

– Mineralnı sudu, – dedi, – ürəyiniz yananda içərsiniz.

Bələdçi butulka-stəkanı kupeyə qoyub, maykalı kişiyə dedi:

– Bilirsən yoldaşın kimdi?.. Sabit Mirzə!.. Artist!

Maykalı kişi oturduğu yerdəcə boynunu uzadıb kupenin qapısından dəhlizə tərəf baxdı və sözlərini pəncərənin qabağında dayanmış Sabit Mirzəyə çatdırmaq üçün səsini qaldırdı:

– Deyirəm, axı, mən bunu kimə oxşadıram! Bayaqdan oturub fikirləşirəm ki, əşi bu adamı harda görmüşəm?! – Kişi qalxdı, kupenin üst taxtına tulladığı köynəyini tələm-tələsik əyninə keçirtdi. – Bunu televizorda çox görmüşəm, – dedi.

Bələdçi də sözlərini Sabit Mirzəyə çatdırmaq üçün səsini qaldırdı:

– Mən ölüm, bir nömrəli artistimizdi! Allah canını sağ eləsin! – Sonra kupedən çıxıb, Sabit Mirzənin böyründə dayandı. – Nə lazım olsa, mən hazır! – dedi.

– Çox sağ olun, heç nə lazım deyil. Təkcə… bu pəncərəni açmaq mümkün olsaydı… içəridə nəfəs almaq olmur…

Bələdçi bir əlini sinəsinə qoyub:

– Acizəm, – dedi. – Mənlik iş döyül bu. Onu elə bağlamayıblar ki, bir də açılsın. Beş-altı yerdən mıxlayıblar.

Bələdçi getdi. Sabit Mirzə təzədən üzünü pəncərəyə çevirmək istədi, ancaq çevirə bilmədi: ucaboylu bir kişi qonşu kupenin qapısı ağzında dayanıb adamı deşib keçən bir nəzərlə ona baxırdı. Elə baxırdı, elə bil Sabit Mirzənin iç-içalatını görmək istəyirdi. Sabit bu baxışdan özünü itirdi, az qaldı kişiyə salam versin. Fikirləşdi ki, ucaboylu bu adam beləcə zəndlə baxacaq və birdən gülümsəyəcək. Amma ucaboylu adam gülümsəmədi, gözlərini Sabit Mirzənin gözlərinə zilləyib, iki barmağının arasında tutduğu siqareti dodaqlarına apardı.

– Yandırmaq olar? – dedi və razılıq gözləmədən yaxınlaşıb siqaretini Sabit Mirzənin siqaretinin oduna yandırdı, təzədən gözlərini Sabit Mirzənin gözlərinə zillədi. – Prokuror rolunu oynamağın xoşuma gəlmir, – dedi. – Pis oynayırsan…

Tanımadığı adamdan belə qəfil tənbeh gözləmədiyi üçün Sabit Mirzə bilmədi nə cavab versin. İki il idi ki, o əsəri repertuardan çıxartmışdılar. Sabit Mirzə yanıb qurtarmaqda olan siqaretini pəncərənin altına vurulmuş dəmir külqabıya basıb əzdi.

– Day prokuror rolu oynamıram, – dedi.

Ucaboylu adam dodaqlarını dəyirmilədib tüstünü tavana üfürdü.

– Lap yaxşı eləyirsən, – dedi. – Yalandan oynamaq-dansa, oynamamaq məsləhətdi.

Bu adamın yekəxana danışığı xoşuna gəlməsə də, Sabit Mirzə acığını boğdu; tamaşaçı fikrinə qulaq asmağın nə ziyanı var? Bəlkə, ağıllı bir söz deyəcək, ağıllı bir məsləhət verəcək?

– Mənim prokurorum niyə sizin xoşunuza gəlmir? – dedi.

Ucaboy adam dəhlizin o biri başına nəzər saldı. O tərəfdə saçları az qala çiyninə tökülmüş bir oğlan dayanmışdı. Ucaboy adam həmin uzunsaç oğlana baxa-baxa dedi:

– Sən səhnədə prokurordan çox xeyirxah bir müəlliməoxşayırsan. Prokurorlar sənin oynadığın kimi olmurlar. Prokurorlar elə danışmırlar. – Göz lərini uzunsaç oğlandan çəkdi. – Nəyi də bilməsəm, o sahəyə bələdəm, – dedi və bayaqdan bəri ilk dəfə üzündə təbəssümə oxşar bir ifadə dolandı.

Sabit Mirzə onun yuxarıdan iki düyməsi açıq olan ağappaq köynəyinə baxdı: “Yəqin hansı rayonunsa prokurorudu bu…”.

Ucaboy adam səsinin ahəngini yumşaldıb mərhəmətcəsinə soruşdu:

– Nə əcəb güzarın bu yerlərə düşüb?

Sabit Mirzə onun səsinin ahəngini dəyişməyindən çox, mövzunu dəyişməyindən xoşhallanıb cavab verdi:

– Qastroldaydım. Truppamız qaldı. Mən sabah Bakıda olmalıyam, təzə filmə çəkilirəm… Deyəsən, yorğun-ağrın çatacam Bakıya; bu kupedə uzanmaq, dincəlmək mümkün deyil, pəncərəsi açılmır, içəri yaman istidi.

Ucaboy adam üzünü dəhlizin o başındakı uzunsaç oğlana tutub çağırdı:

– Ay oğlan! Ay bala!

Oğlan dönüb baxdı; çox da cavan deyildi. Ucaboy adam bərkdən dedi:

– Get o bələdçini qulaqla, bura gətir!

Uzunsaç oğlan tərəddüd içində baxa-baxa qaldı; getsin, getməsin? Görəsən, belə hökmlə danışan, onu uşaq kimi buyuran bu adam kimdi?

Ucaboy adam səsinə bir az acıq da qatdı.

– Denən, yoldaş Dadaşov çağırır!

“Yoldaş Dadaşov” sözü, deyəsən, oğlanın tərəddüdünə son qoydu: oğlan getdi bələdçini axtarmağa.

Ucaboy adam siqaretini qapaqlı dəmir külqabıya atdı.

– Düzələr, – dedi.

Bələdçi tələsik addımlarla gəlib ucaboy adamın qabağında dayandı.

– Eşidirəm, yoldaş Dadaşov!

Dadaşov sakit, ancaq hökmlə dedi:

– Bu kişinin kupesindəki pəncərə açılmadı… Beş dəqiqə vaxt verirəm sənə…

Bələdçi, Sabit Mirzəyə baxıb, üzrxahlıq eləyirmiş kimi dedi:

– Beş dəqiqəyə aça bilmərəm, vallah.

Dadaşov:

– Olsun on dəqiqə! –dedi və öz kupesinə girdi.

Sabit Mirzənin daha şübhə yeri qalmadı: “Bu, kimdirsə, hər yerdə sözü keçən adamdı”. Donuxub qalmış bələdçidən soruşdu:

– Bu yoldaş kimdi?

Bələdçi çiynini çəkib yavaşca cavab verdi:

– Nəçi olduğunu bilmirəm, amma… balaca adama oxşamır.

Bələdçi necə tələsik gəlmişdisə, eləcə də getdi.

Dadaşov kupedən çıxıb, Sabit Mirzəyə “Kent” qutusu uzatdı.

– Bayaq gördüm “Avrora” çəkirsən. Sənə yaraşan siqaret deyil. Bunnan çək.

Dadaşovun əlindəki “Kent” qutusuna baxa-baxa Sabit Mirzə başını buladı.

– “Avrora”ya öyrəşmişəm, – dedi. – Sağ olun.

– Mən çəkən deyiləm, hərdən, kefim duranda fısqırdıram. Cana da ziyandı, cibə də… – Üzünü öz kupesinə tərəf tutub çağırdı: – Fətulla!

Kupenin qapısında qırmızısifət, gödək bir kişi göründü. Dadaşov “Kent” qutusunu ona uzatdı.

– Bunu qoy yerinə.

Kişi siqaret qutusunu alıb kupeyə girdi. Sabit Mirzə utandığından gözlərini döşəməyə zillədi. Kimdən utandığını özü də bilmirdi: qırmızısifət kişidənmi, Dadaşovdanmı, özündənmi? “Bu Dadaşov, deyəsən, çox ədəbsiz adamdı”.

Sabit Mirzə başını qaldırıb Dadaşovun üzünə məzəmmətlə baxdı. Dadaşov gülümsəyirdi.

Bələdçi çəkic, kəlbətin gətirib Sabit Mirzənin kupesində taqqaturuq salmışdı və Sabit Mirzəyə elə gəlirdi ki, Dadaşov o taqqaturuqdan zövq aldığı üçün, özünün gücünə, hökmünə bir daha inandığı üçün gülümsəyir. Ancaq Sabit Mirzə onun iri gözlərində adamın ürəyini hərarətlə, sevinclə dolduran bir işıq gördü, ağımtıl üzündə nurlu, mülayim bir təbəssüm gördü və indicə Dadaşov barədə pis fikrə düşməyinə peşman oldu.

Dadaşov təbəssümü qədər ilıq, mülayim olan səslə dedi:

– Saçın tez tökülüb. Heyf… Yaşda mənnən kiçik olarsan.

Dadaşovun səsində elə canıyananlıq, elə mərhəmətlilik vardı ki, Sabit Mirzə onu cavabsız qoya bilmədi.

– Qırx yaşın içindəyəm, – dedi.

– Mənnən yeddi yaş balacasan. Özü də səhnədə çox boylu-buxunlu görünürsən, amma sən demə, o qədər də ucaboy deyilsənmiş.

Sabit Mirzə özünü alçaqboy hesab eləmirdi, ancaq indi baxıb gördü ki, başı Dadaşovun çənəsi bərabərindədir. Birdən ağlına gəldi ki, Dadaşov boynunun ucalığı ilə öyünür, qürrələnir. Elə bil zənnində yanılıb-yanılmadığını dürüstləşdirmək üçün diqqətlə Dadaşovun üzünə baxdı. Dadaşovun sıx, dalğalı saçı sə liqəylə arxaya daranmışdı. Gicgahlarına dən düşmüşdü. Gözləri də iri idi, burnu da. Qapqara qaş larının tükü uzun idi, buruq-buruq idi. Qalın, dördbucaq bığı vardı.

Bələdçi qan-tər içində kupedən çıxıb çəkic-kəlbə tini Dadaşova göstərə-göstərə dedi:

– Düzəldi… Başqa nə qulluğunuz var?

Dadaşovun üz-gözündən bayaqkı ilıq təbəssümdən əsər-əlamət qalmadı. Bircə saniyənin içində sifətinin ifadəsi dəyişdi, ciddiləşdi.

– Qulluğum olanda çağıtdıraram səni, – dedi.

Bələdçi boyun-boğazının tərini silə-silə getdi.

Qırmızısifət kişi başını kupedən çıxarıb:

– Yoldaş Dadaşov, – dedi, – yatmaq istəyirsinizsə, yorğan-döşəyinizi salım.

– Salmağına sal, ancaq hələ yatmıram. – Dadaşov başının işarəsiylə uzunsaç oğlanı göstərib: – Qoy uşaq-muşaq indidən yatsın, – dedi.

Uzunsaç oğlan əvvəlki yerində – pəncərənin qabağında dayanıb siqaret çəkirdi. Üzünü çölə tutsa da, bir gözünün ucu ilə Dadaşova baxırdı. Elə bil qulaqları səsdə idi, bu dəqiqə Dadaşovun çağıracağını, təzə buyruq verəcəyini gözləyirdi.

Sabit Mirzə:

– Bir az dincəlim. Yorğunam… – dedi və kupeyə girib arıq kişiylə üzbəüz oturdu.

Kişi dedi:

– Çox sağ olun. Siz olmasaydınız, pəncərə qışacan bağlı qalacaqdı.

İçəriyə gurhagurla ilıq meh dolurdu, meh pəncərənin sarımtıl pərdələrini şaphaşapla yellədirdi. Kupe daha əvvəlki kimi bürkü-boğanaq deyildi.

Sabit Mirzə kürəyini arakəsməyə söykəyib:

– Dadaşova təşəkkür eləyin, pəncərəni o açdırıb, – dedi və kişinin key-key baxmağından anladı ki, o, Dadaşovun varlığından, kimliyindən bixəbərdir. Sabit Mirzə üzbəüz arakəsməyə işarə eləyəndən sonra arıq kişiyə agah oldu ki, “Dadaşov” deyilən şəxs qonşu kupedədir və şübhəsiz, bu Dadaşov bir sözü iki olan adamlardan deyil.

Arıq kişi gözlərini Sabit Mirzənin üzünə zillədi:

– Yaxşı ki, səni üzbəsurət gördüm, – dedi. – Sən televizora çıxanda bütün külfət yığışır televizorun başına. Səni hamımız çox istəyirik.

Bu sözlərin müqabilində Sabit Mirzə nəsə deməli idi.

– Təşəkkür eləyirəm, – dedi.

Elə bu dəm Dadaşov içəri girdi. Arıq kişi əvvəlcə yerindən tərpənmək istəmədi, sonra ürəyinə damdı ki, bu ucaboy adam elə Dadaşov özüdür ki var. Kişi qapıya tərəf sürüşüb, yerini Dadaşova verdi.

Dadaşov, Sabit Mirzəylə qabaq-qənşər oturub, dalğalı saçını barmaqlarıyla daraqlaya-daraqlaya arıq kişidən soruşdu:

– Adın nədi, əşi?

Kişi:

– Adım Qasımdı, – dedi.

– Yatanda səsin çıxmır ki?

Kişi başa düşmədi.

– Nə buyurdunuz? – dedi.

– Deyirəm, yatanda xoruldamırsan ki?

Kişi Sabit Mirzənin üzünə baxıb, günahını boynuna alan adam kimi dedi:

– Deyilənə görə, hərdən xoruldayıram… yorğun olanda…

Dadaşov nəzərlərini kişinin hülqumlu, nazik boğazına dikdi.

– Yorğun niyə olursan? Daş-zad daşımırsan ha.

Kişi utancaq uşaq təkin gülümsədi.

– Elə daş daşıyıram, – dedi, – sement daşıyıram, qum daşıyıram… tikintidə işləyirəm… Samosval1 sürürəm… Gedirəm Bakıdan təzə samosval gətirməyə.

Dadaşov başını buladı:

– Bu can-cəsədnən samosvala necə gücün çatır? Səni samosval bu kökə salıb, ay yazıq. Səhər-səhər bal ye, qaymaq ye, nehrə yağı ye. Skeletə oxşayırsan lap.

Kişi qaşqabağını salladıb susdu, amma Dadaşov əl çəkmədi ondan.

– Əşi, xoruldayacaqsansa, səni keçirdək ayrı kupeyə, – dedi. – Sabit müəllimi narahat eləyərsən burda.

Kişi pərt-pərt, güclə eşidiləcək bir səslə:

– Narahat eləmərəm, – dedi. – Nəyimiz olmasa da, qanacağımız var.

Sabit Mirzə başa düşürdü ki, Dadaşov bu arıq kişini ələ salır. Başa düşürdü, ancaq dilini tərpədib onu yerində otuzdura bilmirdi. Elə bil Dadaşovun qəlbinə dəyməkdən ehtiyat eləyirdi. Bu acizliyinə görə Sabit Mirzə öz-özündən utandı və mənasız sorğu-suala son qoymaq üçün söhbəti dəyişdi.

– Bakıya saat neçədə çatacağıq? – dedi.

Onun sualına cavab verən olmadı.

Qasım kişi fikrə getmişdi, Dadaşov isə buruq-buruq qaşlarını çatıb dəhlizdən gələn səsə qulaq asırdı.

– Nar! Nar! Gülöyşə nar! Mələs nar!

Cavan bir oğlan həsir zənbili qabağında ikiəlli tutub kupedəkilərə baxdı.

– Nar istəyirsiniz?

Dadaşov barmağının işarəsiylə oğlanın içəri çağırdı. Zənbildən beş iri nar seçdi.

– Üstümdə pul yoxdu, – dedi, – pencəyin cibindədi. Bu narları ver qonşu kupedəki kişiyə, denən, Dadaşov seçib… denən, pulunu versin.

...
5

На этой странице вы можете прочитать онлайн книгу «Hekayələr», автора İsi Məlikzadə. Данная книга имеет возрастное ограничение 12+, относится к жанру «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «лингвистика», «реализм». Книга «Hekayələr» была издана в 2022 году. Приятного чтения!