Əgər Hacı mahalda ən hörmətli adamlardan biri hesab olunurdusa, Eyvaz əminin də bu saat hökumət işində Surxay kimi qardaşı oğlu var idi. Üstəlik, Hacı Tanrıverdidən də köklü nəsildən idi. Elə isə niyə söz altında qalmalı idi ki? Ona görə də qaş-qabağını töküb dedi:
– Kələk nədi, Hacı, yaxşı danış.
Hacı bir tükü belə tərpənmədən sakit səslə üçüncü dəfə təkrarladı:
– Qoyunun bizim ağıla salınmağından nə mənim xəbərim var, nə də qohum-əqrəbamın.
Eyvaz əmi məzəli əhvalatlardan ləzzət alan adam idi. Odur ki birdən kişini gülmək tutdu.
– Ay Hacı, bəs bu necə işdi: sən vurmadın, mən yıxılmadım. Bismillah, qapımıza cin-şəyatin gəlməyib ki?
Eyvaz əminin zarafatını eyninə almayan Hacı yenə daş kimi ağır tövrlə dilləndi:
– Deməli, nişanı siz qaytarmamısınız?
– Bizim başımıza hava-zad gəlməyib ki, axşam qızımıza nişan qoyaq, gecə yarısı da qaytaraq geri.
Hacının üzü birdən-birə canlandı:
– Onda belə çıxır ki, düşmən işidi.
– Ayrı nə ola bilər? Səhər tezdən durub görmüşəm ki, tövlənin kilidini sındırıb, nişan qoçlarını aparıblar. Ayrı cür ola bilməz, ya sənin düşməninin işidi, ya mənim… Elə isə, buyur gedək bizə, Hacı. Qoy düşmən görsün, gözü çıxsın.
Elə bil Hacının da buzu sınmışdı.
– Yox, – dedi. – Gedək bizə.
– Nə olar, Hacı, sizə gedək, – deyə Eyvaz əmi dərhal razı oldu.
Onlar Hacının damına tərəf gələndə qonum-qonşu təəccüblə baxırdı. Yəqin, düşünürdülər ki, nişan qoçlarının qayıtması nədi, bu qol-boyun olmaq nədi?
Qapıya çatanda Hacı doqqazın ağzında dayanıb onlara baxan on doqquz yaşlı oğlu Fərhada dedi:
– Erkəkləri çıxar, qat qabağına, apar sal Eyvaz əmingilin tövləsinə.
Fərhad qaş-qabaqla atasına baxıb sanki təəccüblə soruşdu: «Necə yəni apar? Bəs…»
Hacı oğlunun ürəyindən keçənləri anlayıb əlavə etdi:
– Qoyunları Eyvazgil qaytarmayıb, necə deyirəm, o cür də elə.
Fərhad yenə də heç nə başa düşməyib ağıla tərəf getdi.
Gülgəz qabağa çıxaraq bu əhvalatdan heç nə başa düşməsə də, yarıyaşmanıb ciddi tövrlə dedi:
– Xoş gəlmisən, Eyvaz.
– Xoş günün olsun, Gülgəz.
Gülgəz əri ilə Eyvazın qabağına təzəcə qalaylanmış iri məcməyi qoydu. Qar kimi ağ yuxa, motal pendiri, bal, qaymaq, yaxşı dəmlənmiş çay gətirdi.
Hacı əlini süfrəyə uzatmadan, Eyvaz əminin üzünə baxmayaraq öz-özü ilə danışırmış kimi dedi:
– Bu məsələ düşmən işinə də oxşamır. Əgər qoyunları sənin tövləndən düşmən çıxarmışdısa, elə götürüb gedərdi, daha niyə gətirib ağıla ötürürdü?
– Elə mən özüm də bunu fikirləşirdim, Hacı.
– Məəttəl qalmalı işdi.
Haramıda Ərşadgillə Eyvaz əminin komaları da, otaqları da qonşu idi. Eyvaz əminin qoyunu o qədər çox deyildi, qardaşı oğlu Qaraca özlərinin də on beş-iyirmi qoyununu ona qatıb otarırdı.
Günortaya yaxın Ərşad bir də gördü ki, dayısı oğlu Şamxal həmin dörd erkəyi budur, atın qabağına qatıb gətirdi öz sürülərinə. Məəttəl qaldı ki, bu nə əhvalatdı? Deməli, nişan pozulmayıb. Özünü bilməzliyə qoyub Şamxaldan soruşdu:
– Ə, dayıoğlu, bu heyvanlar haradandı belə?
Şamxal cavab verdi:
– Sərvinazın nişanı üçün Hacı Tanrıverdinin gətirdiyi heyvanlardı.
Yenə də qan vurdu Ərşadın başına. Bir dəqiqə bir yerdə qərar tapıb dura bilmədi. Elə ki gecə oldu, öz komalarından bir çatı götürüb yavaş-yavaş yaxınlaşdı dayısıgilin ağılına. Yəqin məsələ idi ki, itlər onu tanıyırdılar. Ərşad heç vaxt onları öz itlərindən ayırmazdı, yəni öz itlərinə nə versəydi, onlara da verərdi. Ərşad girdi qoyunların içinə. Əvvəl Qaracanın yanına gəldi. Gördü ki, oğlan div yuxusuna gedib. Sonra yavaş-yavaş, qoyunları diqqətlə gözdən keçirə-keçirə irəliləyib Hacının nişan üçün verdiyi qoçları tapdı. Gördü ki, erkəklər baş-başa verib yatışıblar. Ərşad onları qabağına qatıb itələyə-itələyə sürüdən çıxardı. Qoçları ağıllarından xeyli uzaqlaşdırıb balaca bir dərəyə gətirdi. Burada yerə yıxıb ayaqlarını bağladı. Sonra da tələsik qayıtdı öz komalarına. Gördü ki, qardaşı şirin yuxudadı. İstədi oyatsın, ancaq əvvəl-əvvəl qıymadı. Dedi qoy bir az da yatsın. Çıxdı bayıra. Göyə baxıb ulduzlarla müəyyən etdi ki, gecədən o qədər də çox keçməyib. Fikirləşdi ki, nə qədər tez getsə, o qədər yaxşıdı – uzun yoldu. İçəri girib qardaşını tərpətdi. Bu yerlərdə cavanlar sərvaxt yatmağa öyrəniblər. Əli dik atılıb soruşdu:
– Nə olub, ə?
– Dur ayağa, gözünün acısını aldın bəsdi. Mən gedirəm qışlağa.
Əlinin qoyun əhvalatından xəbəri yox idi. Ərşad da bu barədə ona heç nə deməmişdi. Amma qardaşının Sərvinaza aşiq olduğundan xəbərdar idi. Bilirdi ki, Ərşad obaya da indi ona görə gedir. Bu səbəbdən də heç nə soruşmadı.
Ərşad qardaşına tapşırdı ki, əgər Qaraca onu soruşsa, desin naxoşlamışdı, beli-boynu qırılırdı, getdi özünü küpələtsin. Sözünü bitirdikdən sonra erkəkləri gizlədiyi dərəyə endi. Heyvanların ayaqlarını açıb saldı qabağına. Yenə göydə sayrışan ulduzlara baxıb müəyyən etdi ki, hava işıqlanmamış Kürdobaya çatacaq. Sonra da hansısa ulduzu nişanlayıb yola düzəldi.
Dan yeri işıqlanmamış Ərşad obaya çatdı. Hacı Tanrıverdinin yurduna yaxınlaşanda yenə də itlər hürüşdülər, lakin yenə də Ərşadı tanıyıb səslərini kəsdilər. Ərşad keçən dəfəki kimi qoyunları ağıla salıb çubuqdan hörülmüş qapını çəkib örtdü, ağacı da qoydu dalına. Sonra daha evlərinə getməyib özünü verdi Köndələnçay boyunca uzanan qamışlığa… Lap qaranlıq bir yer tapıb tüfəngin qayışını qoluna dolayaraq yapıncısına bürünüb yatdı.
Səhər tezdən qara aftafanı götürüb dəstəmaz üçün qapıya çıxan Hacı qoyunları yenə də ağılda görüb «bismillah!» dedi. Hacı hər şeydən ürkən, təşvişə düşən adam deyildi. Amma bu dəfə elə bil kişinin tükləri ürpəndi. Bir anlığa qoyunlar ona cin-şəyatin kimi göründü. Hacı duruxdu. Sonra «Lənət şeytana!» deyib ağıla yaxınlaşaraq qapını diqqətlə nəzərdən keçirdi. Söz ola bilməzdi ki, qapı əl ilə bağlanmışdı, üstəlik, qapının arxasına açılmasın deyə uzun ağac sürmə keçirilmişdi. Hacı Allaha inanan ağıllı adam idi, yəni bilirdi ki, bu, cin-şəyatin işi deyil, cinlərin işi-gücü qurtarıb bəyəm, durub Hacı ilə belə oyun oynasınlar?
Sonra Hacının arvad-uşağı, qonum-qonşu bayıra çıxıb işdən hali olanda yerlərində quruyub qaldılar. Hacı sakit ifadə ilə oğlu Fərhada dedi:
– Yüyür, Eyvaz əmini çağır bura.
Fərhad qaş-qabağını töküb dedi:
– Əşi, biz niyə gedək onların ayağına? Lazımdı qoy onlar gəlsinlər!
Hacı sərt ifadə ilə dedi:
– Get, Eyvaz əmini çağır!
Fərhad ata minib qəzəblə çapdı Kərbəlayı İbixanlara tərəf…
Eyvaz da gəlib qoyunları Hacının ağılında görəndə lap yerində dondu. Az qaldı, kişinin başına hava gəlsin.
– Hacının başı üçün, – dedi, – dünən Şamxal özü bunları aparıb Haramıda qatıb qoyuna.
Hacı soyuq tərzdə dedi:
– Yox, belə zarafat olmaz, hər nə məsələdi, siz tərəfdən gəlir. Belə şey olmaz! Camaat içində rəzil-rüsvayıq. Qonum-qonşu baxıb deyir, görəsən, bu nə oyundur.
Eyvaz əmi, doğrudan da, qapılarda boy-boya verib, o yandan bəri tamaşa eləyən qonşulara nəzər salıb dedi:
– Ay Hacı, atamın goru haqqı, mən özüm də bu işə məəttəl qalmışam. Əgər bunu eləyən düşmən köpəkoğludursa, ona nə düşüb ki, dörd erkəyi Haramıdan gətirib bir də salsın sənin ağılına. Burada nə isə bir sirr var.
Arvadların, uşaqların üzündə bir vahimə peyda olmuşdu. Hacının doxsan beş yaşlı anası Ballı qarı azca qəddi əyilmiş halda irəli yeriyib dedi:
– Ay Hacı, bəlkə, uşaqlardan biri gedib Molla Hüseynquluya baxdırsın? Yadındadırmı, neçə il bundan qabaq sənin Göydəmir atını hər gecə aparıb çapıb əldən-ayaqdan salırdılar. Səhər görürdün ki, heyvan qan-tərin içindədi. Özünün də yalını incə-incə hörüblər. Onda, bəyəm, Molla Hüseynqulu demədi ki, Cin dərəsindəki hallardı8 gecələr atı minib çapan?!
Eyvaz əmi:
– Ay Ballı nənə, – dedi, – Molla Hüseynqulu fırıldaqçının, kələkbazın biridir, qoy o yana getsin.
Ballı nənə təşvişlə dedi:
– Əstəğfürullah elə, Eyvaz, günahdı.
Eyvaz əmi gülüb dedi:
– Nə günah olacaq, ay nənə? Onun hər cür fırıldaq işi var.
Bir saatın içində Kürdobaya hay vuruldu ki, Hacı Tanrıverdinin ağılında möcüzə baş verir. Nişan üçün gedən qoyunları gecə Eyvaz kişinin tövləsindən çıxarıb, qaytarıb salırlar yenə də Hacının öz ağılına. Oba arvadlarının hərəsi bir yerə yozurdu bu işi. Axırda uzun götür-qoydan bu qərara gəldilər ki, qoyunları qaytarıb gətirən «Cin dərəsi»ndəki cinlərdir.
Dan yeri qızarıb hava işıqlaşan kimi qamışların arasında div yuxusuna getmiş Ərşad oyanıb dərhal qalxdı ayağa, yapıncısının, saçaqlı papağının toz-torpağını çırpdı. Ərşad bilirdi ki, hər səhər Sərvinaz bir az aşağı tərəfdə qamışlığın arasından keçən cığırla suya gedir. Ona görə də gəlib cığırın yaxınlığında, qamışlıqda gizləndi.
Bir qədər sonra Sərvinaz çiynində iri mis səhəng göründü. Qız Ərşadın tuşuna çatanda oğlan qamışlıqdan çıxdı.
– Bismillah!.. Bismillah!.. – deyə Sərvinaz içini çəkib ona baxdı. – Ay tanrısız, canavar kimi qəfil qamışlıqdan niyə çıxırsan?! Qorxdum.
Qız bu sözləri deyəndə Ərşad güldü. Sərvinaz da gülümsünüb guya məzəmmətlə dedi:
– Arsız!
– Arsız sənsən ki, gül kimi maman oğlunu qoyub Hacı Tanrıverdinin avara oğluna gedirsən!
Sərvinaz böyük bir sirr açırmış kimi pıçıltı ilə dedi:
– «Cin dərə»sindəki hallar ikinci dəfədir ki, Hacının nişanını geri qaytarır.
Ərşad bu dəfə şaqqanaq çəkdi.
– Gözünə dönüm o cinlərin, yaxşı eləyib nişanı geri qaytarıblar. Gəl bəri, sənə sözüm var.
Ərşad bunu deyib qızın əlindən tutub qamışlığa çəkdi. Dedi:
– Bura bax, dayıqızı. Mən ölüm, o Nurunun nəyinə aşiq olmusan?
Sərvinaz gülüb dedi:
– Kim deyir aşiq olmuşam?
– Mən ölüm, de görüm, sən, doğrudan, o avaraya getmək istəyirsən?
Sərvinaz fikirli-fikirli çiyinlərini atdı.
– Kimə verərlər, ona da gedərəm.
– Dayım tamahgirin biridi. Hacı Tanrıverdi dövlətlidi deyə səni verir onun avara oğluna. Bax budur deyirəm, əgər məni qoyub ona getsən, qan su yerinə axacaq!
Birdən Sərvinaz səhəngi götürüb qaçdı cığıra tərəf. Ərşad arxadan səsləndi:
– Eşitdin, nə dedim?
Sərvinaz qayıdıb gülə-gülə ona baxaraq «hə» mənasında başını tərpədib qaçdı. Ərşad da heç kəs görməsin deyə qamışlıqdan ehtiyatla çıxıb o tərəf bu tərəfə baxa-baxa çöl-biyabanla yol aldı Haramıya sarı.
Bu vaxt Eyvaz əmi Hacı Tanrıverdiyə deyirdi:
– Hacı, nişanımız nişandı. Ancaq erkəklər qoy qalsın hələlik sənin süründə, görək bu əhvalatın axırı nə olur.
Hacı da ağır-ağır cavab verdi ki, nə olar, qalsın, o heyvanlar onsuz da sənindir.
Bundan sonra Eyvaz əmi gəldi öz evinə. O, cinə-şeytana inanan deyildi. Düzdür, Hacının yanında özünü inanan kimi göstərirdi, amma hey fikirləşirdi ki, bu kimin işi olsun! Birdən ağlına gəldi ki, bəlkə, Ərşaddı bunu eləyən? Sonra da fikirləşdi ki, Ərşad canavar kimi bir şeydi. Heyvanları aparsa, salamat buraxmazdı, kəsib ətini çəkərdi şişə, yeyib-içib kefinə baxradı.
Bir sözlə, Eyvaz əmi nə qədər çək-çevir eləyirdisə, bu işi bir yerə bənd eləyə bilmirdi.
Ərşad da dalbadal sifariş göndərirdi, qızı mənə verməsə, dayını da, Hacının oğlu Nurunu da öldürəcəyəm. Eyvaz əmiyə onu da xəbər vermişdilər ki, Ərşad Haramıda tüfəngli-patrondaşlı gəzir, gecələr gəlib Kürdobada dayısıgilin damının yan-yörəsində hərlənir.
– Lənət sənə kor şeytan! – Eyvaz əmi hirslənib Ərşadın qarasınca söyür, asıb-kəsirdi. Axırda Narıngülü çağırıb dedi:
– A bala, get o qardaşını başa sal ki, daha iş-işdən keçib, bax bu Qarabağda kimin qızını istəyir, gedim alım ona. Amma bu fikri başından çıxarsın. Hacı Tanrıverdinin tayfası qollu-budaqlı nəsildi, bizi onlarla düşmən eləməsin. Səbir eləsin, görək başımıza nə gəlir…
Narıngül də ata minib getdi Haramıya. Bir gün sonra qayıdıb xəbər gətirdi ki:
– Dayı, bacın oğlu tanrıya bəndəlik eləmir. Dediyinin üstündə elə durub ki, fələk də gəlsə, onu fikrindən daşındıra bilməz. Deyir, dayıma söylə, Sərvinazı mənə versə, ölənəcən onun quluyam, verməsə, araya qan salıb qaçaq olacağam.
Sözünü bitirdikdən sonra Narıngülü ağlamaq tutdu.
– Ay dayı, – dedi, – qabağında ölüm, Ərşad özgəsi deyil ki, özününküdür. Kasıb olanda nə olar? Vallah Sərvinazı çiynində gəzdirər.
Eyvaz əmi hirslənib özündən çıxdı.
– Sən də elə qardaşının tayısan. Hamınız ata tərəfə çəkmisiniz.
Narıngül söz altında qalan gəlin deyildi. Gözünün yaşını yaylığının ucu ilə silib dedi:
– Niyə elə deyirsən, dayı, bizim əmimiz Kərbəlayı Əsəd sənin düşmənin olan Kürd Məhərin başına üç güllə çaxmamışdımı?!
Eyvaz əmi gözlərini yerə dikib ürəyində Narıngülün sözünü təsdiq etdi. Hələ bayaqkı sözlərinə görə öz-özünə xəcalət də çəkdi. Bir də ki, axı əvvəl dediyimiz kimi, Ərşadın atası o taylı idi. Eyvaz əmi haradan bilirdi ki, onun nəslində düz- əməlli bir adam olmayıb? Pis nəsildən Kərbəlayı Əsəd kimi mərd, qorxmaz, qohumcanlı adam çıxmazdı.
Eyvaz əmi mülayim bir tövrlə dedi:
– Hər halda, sən qardaşına sifariş göndər, farağat otursun. O tüfəngi-zadı gizlətsin, ağlı əmisi Kərbəlayı Əsədə getməsin. Kərbəlayı Əsəd qaçaqlıq eləyəndə Nikolay hökuməti idi. İndi şura9 vaxtıdı. Söylə, dayım deyir ki, ona heyfim gəlir. Dost-düşmən var, yoxsa tutdurub basdıraram qoduqluğa, ondan sonra ha atılıb düşsün!
О проекте
О подписке
Другие проекты