– Gedək, Eyvaz! – deyə Bəyim ayağa qalxdı, yəqin ki, qonaq səni gözləyir.
– Eybi yoxdur, əyləş.
– Yox.
O, daha oturmadı. Mən naəlac qalaraq, ayağa qalxdım. Biz, dəyirman arxının üstündən salınmış balaca körpüdən keçərək, kəndə sarı yönəldik. Pıçıldaşan söyüd yarpaqları, novdan tökülən bahar suyunun şırıltısı, aşağı dərədə qaralan dəyirman arxada qaldı. Bu, məni kədərləndirirdi. Elə bil ki, bu gedişlə mən, nə isə, əziz bir şeydən ayrılırdım. Sanki mən onları və indi yanımda ürəyinin döyüntüsünü eşitdiyim Bəyimi bir də heç bir zaman bu qədər yaxından görməyəcəkdim. Elə bil ki, bu, mənim həyatımda əvvəlinci və axırıncı gecə idi… Qəribə idi, bu uğursuz hiss mənim ürəyimə haradan girmişdi?
– Bu vaxt sizə gələn qonaq kim ola? – deyə Bəyim kəndin işıqlarına baxaraq soruşdu.
– Bilmirəm. Mənim Gəncədə elə bir tanışım yoxdur.
Kəndimizin işıqları getdikcə yaxınlaşırdı, demək, biz yenə də ayrılırdıq. Yenə də mənim narahat gecəm başlanırdı. Eh… Bəyim, sənsiz keçən bu yaz gecəsinin nə qədər uzun olduğunu, məni nə xəyallarla yorduğunu bircə bilsəydin!.. Odur, qoşa çinar arasından sizin pəncərəniz görünür.
– Bir az dayan, Bəyim…
– Yox, Eyvaz… Gecdir.
– Sabah axşam yenə də həmin yerdə görüşəkmi?
– Bilmirəm… Vaxtımız olsa, görüşərik… Hələlik, sağ ol.
Sonra elə bil ki, mənim könlümü sındırmamaq üçün düz gözlərimə baxaraq, qaranlıqda gülümsədi və çevrilib iti addımlarla darvazalarına tərəf getdi.
– Gecən xeyrə qalsın, Bəyim.
O, başını döndərib, eyni mehribanlıqla:
– Sağ ol, – deyə darvazalarından içəri girdi.
Mən, uzun zaman yerimdən tərpənə bilmirdim. Mən bu bahar gecəsi ilə yalqız qalmışdım. Mən, pəncərənin tül pərdəsi arxasındakı işıqlı otaqda onun kölgəsinin ora-bura necə hərəkət etdiyini görürdüm. Yəqin ki, o, indi anası ilə danışır və mənim buraya mıxlanıb qaldığımı heç ağlına da gətirmir.
“Eh… tərpən, Eyvaz… qonaq səni gözləyir…” Mən ağır addımlarla uzaqlaşdım. Gecə mənim məhəbbətimi bir əfsanəyə, bir nağıla döndərmişdi. Göydə sayrışan ulduzlar, budaqlarda xışıldayan bahar yarpaqları mənə və mənim iztirablarıma qarşı tamamilə biganə idi. Axı, bu kədər, bu ümidsizlik nə üçündür? O mənə demədimi ki, kəndimizdə iki yaxşı oğlan varsa, biri sənsən… Demədimi ki, qoy bir az fikirləşim… Nə olar, qoy fikirləşsin. Mən bu düşüncələrlə həyətimizə girib, evimizin artırmasına çıxdım. Stolun başında anamla qabaq-qabağa oturub, söhbət eləyən qonaq ayağa qalxaraq, şabalıd rəngində olan iri və canlı gözləri ilə mənə baxıb, xəfifcə gülümsədi. Bir anlıq mənə elə gəldi ki, bu adamı haradasa görmüşəm…
Mən qonaqla əl tutuşaraq:
– Əyləşin, əyləşin, – dedim, – xoş gəlmisiniz.
– Hüseynin yoldaşıdır, – deyə anam bildirdi. Adı Humaydır. Bizim MTS-ə işləməyə gəlib.
Hüseyn mənim əmim oğludur. Gəncə Kənd Təsərrüfatı İnstitutunun axırıncı kursunda oxuyur. Humay şəhər dəbi ilə tikilmiş təmiz, lakin bir qədər nimdaş boz pencəyinin qoltuq cibindən bir kağız çıxarıb mənə verdi.
Hüseyn yazırdı ki, məktubu təqdim edən oğlan institutu qurtarıb, MTS-ə mühəndis-mexanizator təyin edilmişdir. Daha sonra Hüseyn dönə-dönə xahiş edirdi ki, onun bu dostuna yaxşı hörmət eləyək.
Mən məktubu oxuyub qurtarandan sonra Humay mənə açıq və şən bir nəzər salaraq:
– Kənddə mehmanxana olmadığı üçün bu gecəlik sizi narahat etməyə məcbur oldum, – dedi.
– Bu nə sözdür, gözümüz üstə yeriniz var…
– Ya Hüseyn, ya onun dostu… Elə bil öz evindir, – deyə anam Humayın stəkanını götürərək o biri otağa keçdi.
Biz xeyli müddət ordan-burdan söhbət etdik. Məlum oldu ki, Humay Gəncədə yaşayan qoca bir müəllimin oğludur.
O, ayağa qalxaraq mənim kitab şkafıma yaxınlaşdı.
– Baxmaq olarmı?
– Xahiş edirəm, burada özünüzü öz evinizdəki kimi hiss edəsiniz.
Humay şkafın qapısını açaraq, kitabları nəzərdən keçirirdi. Mən aqronom olsam da, lap uşaqlıqdan bədii ədəbiyyat maraqlısıyam. Tələbə olanda da əlimə düşən pulu kitaba verərdim. Odur ki, indi balaca bir kitabxanam vardır.
Humay, Çexovun külliyyatından bir cild götürüb baxır, mən də onu nəzərdən keçirirdim. Çox arıq olmasına baxmayaraq, yaraşıqlı oğlan idi. Yaşı iyirmi beşdən artıq olmazdı. Orta məktəbi qurtarandan sonra iki il orduda xidmət etdiyi üçün ali məktəbə gec daxil olubmuş. Əlləri və üzü xəstəlikdən yeni qalxmış adamlarda olduğu kimi arıq və solğun idi. Lakin iri şabalıdı gözlərində canlı, qaynar bir ifadə var idi. Bu da onun üzündəki solğunluğa sanki bir həyat və atəş verirdi. O, gözlərini qırpmadan mənə baxdıqda, mən bu arıq, solğun adamda nə isə tükənməz bir qüvvə, həyatla güclü bir bağlılıq hiss edirdim. Elə bil ki, o, bu saat səni heyrətdə qoyan fövqəladə bir iş görəcəkdi. Elə bil ki, sənin bilmədiyin bir çox sirlər ona məlum idi. Gözləri şabalıdı rəngdə olan, yana daranmış qalın və yumşaq saçları, düz və yaraşıqlı burnu, gülümsəyərkən görünən qar kimi ağ dişləri ilə üzündəki solğunluq arasında bir ahəng hiss olunurdu.
O, Stendalın gündəliklərindən ibarət cildini götürüb vərəqləyərək:
– Bunu oxumusunuzmu? – deyə məndən soruşdu.
– Oxumuşam.
– Romanlarına söz yoxdur. Ancaq gündəlikləri xoşuma gəlmir.
– Nə üçün?
– Hər gün ziyafət, hər gün bal, hər gün gözəl qadınları ziyarət… Adam lap təngə gəlir, – deyə o, üz-gözünü turşutdu.
Sonra qətiyyətlə əlavə etdi:
– Bu böyük adamların fikirləri ilə əməlləri arasında çox zaman qəribə bir ziddiyyət görürsən. Bəzi həkimlər kimi, sənə deyirlər şərab içmə, amma özləri küpün dibindən əl çəkmirlər. Jan Jak Russo cəmiyyətin ədalətsizliklərindən danışır. Uşaqları tərbiyə etmək haqqında cildlər dolusu öyüd-nəsihət verir. Amma öz övladlarını, anadan olan kimi, aparıb uşaq evinə verirmiş. Siz buna nə deyirsiniz?
– Bizim üçün onların fikirləri maraqlıdır. Adamlar ölüb gedir, fikirlər, ideyalar isə yaşayır.
– Düzdür. Ancaq irəli sürdüyün ideyanı, birinci növbədə, özünə tətbiq etmək, onun doğru olduğunu öz həyatınla sübut etmək sənin vətəndaşlıq borcundur. Məsələn, biz bilirik ki, həqiqi insan cəmiyyətin xeyrini öz şəxsi nəfsindən həmişə üstün tutmalıdır. Bu, öz-özlüyündə bir ideyadır, elə deyilmi? Lakın bir anlığa təsəvvür edin ki, bizlərdən hər birimiz bu ideyanı təbliğ etdiyimiz halda, gecə-gündüz öz xeyrimiz haqqında düşünsəydik, onda nə olardı?
O, açıq pəncərədən qaranlıq bağçaya baxaraq susdu.
Anam bizim üçün qayğanaq gətirərək:
– Humay, – dedi, – gərək bizi bağışlayasan, vaxtsız oldu.
– Çox yaxşıdır, xala, – deyə Humay təklif gözləmədən gəlib əyləşdi.
Onun özünü bizdə belə sərbəst hiss etməsi mənə olduqca xoş gəlirdi.
Şamdan bir az sonra işıqları söndürüb, mənim otağımdakı çarpayılarda uzandıq.
Humayın gəlişindən duyduğum xoş təəssüratı Bəyim haqqındakı xəyallarım əvəz etdi: “Qoy bir az fikirləşim”. Bu sözlərin hər bir hərfi bir ulduz olub, açıq pəncərədən görünən səmadan mənə baxaraq, qəlbimə ümid və səadət işığı salırdı…
Bu sözlər bahar gecəsinin lal musiqisi kimi mənə fərəhli nəğmələr oxuyurdu.
Bu sözlər mənə, bir neçə saatdan sonra açılacaq bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edirdi.
“Bəyim sözübütöv qızdır. Əgər o, “qoy bir az fikirləşim” dedisə, demək, ümid çoxdur.”
… Səhər çaydan sonra kəndə çıxmağa hazırlaşdığımız vaxt Humayın çamadanını götürdüyünü görərək soruşdum:
– Yoxsa, evimiz xoşunuza gəlmədi?
– Əksinə, – dedi. – Bu gecə özümü lap öz evimizdəki kimi hiss eləmişəm. Ancaq daha sizə əziyyət vermək istəmirəm.
– Nə əziyyəti var, – deyə anam mənim əvəzimə cavab verdi, üç otaqdır, ya sən, ya da Eyvaz…
O tərəddüd edirdi. Mən çamadanı onun əlindən alıb yerə qoydum.
…Hər ikimiz şad halda bağçadan çıxıb, maşın-traktor stansiyasına tərəf yollandıq. Bizim rayonda iki maşın-traktor stansiyası var… Onlardan biri rayonun mərkəzində, digəri isə bizim kənddə yerləşir.
Küçədə Bəyimə rast gəldik. Onun ağ və göyçək üzündə parlayan qara gözləri bir neçə saniyə Humayın üzünə zilləndi.
– Tanış olun, Bəyim, – deyib Humayı ona təqdim etdim.
Bəyim qızararaq onunla əl tutuşdu.
Biz Bəyimdən ayrılıb yolumuza davam etdikdə, Humay məndən soruşdu:
– Bu qız kimdir?
– Bağ briqadiridir. Dəyirmançı Musanın qızıdır.
Humay daha heç nə demədi. Mən istəyirdim ki, o danışsın. Qızın haqqında nə isə bir söz desin. Lakin susurdu. Üzü qayğılı ifadə almışdı.
Biz maşın-traktor stansiyası yerləşən binanın yanına çatıb dayandıq.
– Acanda birbaş evə getməyi yaddan çıxarmayın.
– Yaxşı, – deyə o, ciddi ifadə ilə cavab verdi.
Mən ondan ayrılaraq, dəyirmanın yanında saldığımız cavan bağa getdim. Günəş üfüqdən xeyli yüksəlmişdi.
Qızlar, cərgə ilə əkilmiş körpə ağacların dibindəki alaqları təmizləyirdilər. Bəyim məni görərkən gülümsəyib yanıma gəldi. Təzə yarpaq açmış balaca ağaclara işarə ilə:
– Görürsənmi, – dedi, – necə gümrahdırlar!
Sonra saçlarının qıvrımlarını yaylığının altında gizlədərək tamamilə biganə halda soruşdu:
– O səhərki oğlan nə üçün gəlib?
– MTS-də mexanizator işləyəcək.
– Traktorçudur?
– Yox, mühəndisdir.
Mən, Humayın haqqında bildiklərimin hamısını ona söylədim. O, diqqətlə qulaq asıb, daha heç nə soruşmadı.
– Bəyim, – dedim, – bu gecə səni dünənki yerdə gözləyəcəyəm.
– Yox, Eyvaz, mən bu gecə kinoya gedəcəyəm. Təzə film gəlib. Özü də, deyirlər, ancaq bircə gecə göstəriləcək.
– Neynək, mən də ora gələrəm.
– Gəl, – deyə o, fikri dağınıq halda cavab verdi.
Mən ondan ayrılaraq, təzə bağın qurtaracağında saldığımız şitilliyə getdim. Bura balaca bir meşəni xatırladırdı. Beş mindən artıq müxtəlif növ şitilimiz vardı. Bütün qonşu kəndlər gəlib bizdən şitil aparırdılar. Bu da sədrimiz Qədirə ləzzət verirdi: “Qoy bizim sağlığımıza aparıb əksinlər”, – deyirdi.
Mən, tər yarpaqları günəş işığında parlayan bu kiçik ağaclara qarşı qəlbimdə bir ünsiyyət, bir doğmalıq hiss edirdim. Mən onların arasında dolaşır, hər birini diqqətlə nəzərdən keçirirdim. Onlar işıq və səadət içində olan körpə uşaqlara bənzəyirdilər. Biz onları kəndimizin Şahlar kimi zarafatcıl gəncləri ilə, Bəyimlə birlikdə əkib becərirdik. Onlarla birlikdə bizim qəlbimizdə gözəl duyğular, gözəl arzular böyüyürdü. İstər-istəməz düşünürdüm: “Kim bilir, indi baş-başa verən bu körpə şitillərdən hər biri hansı bağda çiçək açıb bar verəcək? Kim bilir, bizim qəlbimizdə indi bala quşlar kimi qanad bağlayan arzular hayana uçub gedəcək?”
Gün günorta yerinə əyilmişdi. Humayı tapıb, nahara aparmaq lazım idi.
Şitillikdən çıxıb, yavaş addımlarla dəyirmana sarı getdim. Hava sakit və isti idi. Dəyirmanın qabağındakı çəmənlikdə bir palanlı atla iki eşşək otlayırdı. Onlardan bir qədər aralıda böyük yük maşını dayanmışdı. Üst tərəfdəki böyürtkən kollarının arasından üzüaşağı sallanan, yanları yaşıl yosun bağlamış nov və ondan tökülən suyun altında qıjıltı ilə hərlənən çarx sərin kölgəlik içində idi. Novun üstündə bənövşə rəngli cırcıramalar uçuşaraq hey səslənirdilər.
Mən dəyirmana çatdığım zaman bizim artel sədri ilə Humayın cığırla aşağı endiklərini görüb dayandım. Onlar köhnə dostlar kimi nə barədəsə ucadan danışıb-gülürdülər. Bizim bu artel sədri Qədir qəribə adamlardan biri idi. Qırx səkkiz yaşı olduğu halda, saçlarında bir dənə də ağ tük yox idi. Baxanda otuz beşdən artıq yaş vermək olmazdı. Əynində sürməyi parçadan köynək və şalvar, ayaqlarında yumşaq xromdan uzunboğaz çəkmə vardı. Həddindən artıq yoğun belini enli kəmərlə möhkəm bağlamış, başına yaşıl furajka qoymuşdu. Kefi kök olanda və ya mühüm bir iş görəndə, furajkanın dalını qaldıraraq, gözünün üstünə endirirdi. Peysəri və üzü qıpqırmızı idi. Çəp olmasa da, adama baxarkən başını buğa kimi azca yana əyib, gözlərini qıyırdı. Ona görə də, ilk dəfə rast gələnlər onu çəpgöz hesab edirdilər.
Yüz on səkkiz kilo ağırlıqda olmasına baxmayaraq, toylarda “tərəkəmə” oynayır, atı qızğın çaparağında düşüb-minirdi. Nə qədər məxfi söz danışır-danışsın, üç ağaclıqdan eşidilirdi. O, kəndimizdə çoxbilmiş adamlardan biri hesab olunurdu. Lakin, eyni zamanda, uşaq kimi şən və sadədil idi.
Keçmişdə, cavan vaxtında bir dəfə hirslənərək, zəhmindən atlar qulun salan bir bəyi götürüb su arxına basdığına görə, adına “Dəli Qədir” deyirmişlər.
Qədir gecə məktəbində yeddinci sinfi bitirmişdi. “Dumanlı Təbriz”, “Qılınc və qələm” romanlarını oxumuşdu. “Koroğlu”, “Qaçaq Nəbi” və “Tufarqanlı Abbas” dastanlarını əzbər bilirdi. Texnikaya böyük marağı vardı. Harada təzə bir maşın gördümü, gözlərini qıyıb diqqətlə baxardı. Lakin artelin təzə “Pobeda”sına çox nadir hallarda minir, həmişə atla gəzirdi. Bizim tərəflərdə ən yaxşı at Qədirdə olurdu. At adı eşidəndə, elə bil, kişiyə ilham gəlirdi. Qaşlarını çataraq, öz alapaça ürgəsindən böyük vəcdlə danışmağa başlayırdı…
– Aqronom, ay aqronom, – deyə o, hələ xeyli aralıdan məni səslədi.
– Səhərdən bəri qonağını gəzdirməmiş yer qoymamışam. Gətirmişəm, bir Musa kişinin dəyirmanını da görsün.
Qədirin Musa dayıya da, onun dəyirmanına da bərk azarı var idi. Hər iki-üç gündən bir gərək dəyirmana baş çəkib, Musa dayının “ixtira” etdiyi şeylərin necə nəticə verdiyinə diqqət yetirə idi. Kəndə təzə bir adam gəldimi, Qədirin ona, birinci növbədə, göstərdiyi yer üç il bundan qabaq tikdirdiyi balaca “SES” idisə, sonra mütləq dəyirman olurdu.
– Necədir, kəndimiz xoşuna gəlirmi? – deyə mən Humaydan soruşdum.
– Çox xoşuma gəlir, gözəl perspektivi vardır.
– Hələ harasıdır!.. Gedək bir dəyirmana baxın, görün Musa kişi nə işlər düzəldib! – deyə Qədir qabağa keçərək dəyirmana girdi.
Biz də onun ardınca dəyirmana daxil olduq. Sürətlə hərlənən dəyirmandaşının o tərəfində dayanmış Musa dayı, əlinin ununu çırparaq, üçümüzlə də görüşdü. Bu, əlli yaşında, uzun, arıq, lakin dəmir kimi möhkəm bir adamdı. Şən baxışlı gözlərində, arıq, ovurdları batıq üzündə sərt bir ifadə vardı. Müştüyü qırmızı qarağat çubuğundan qayrılmış demisi daim ağzında tüstülənirdi. Paltarı köhnə oldu, təzə oldu, fərqinə varmazdı. Ancaq həmişə ən bahalı gümüşü dəridən qazağı papaq qoyurdu. Bütün yaz, yay, payız nazik corabla yüngül məst geyirdi. Bayaq dediyim kimi, mən gözümü açandan Musa dayını dəyirmançı görmüşəm. Əvvəllər onun əlində həmişə ovxarlanmış dəhrə olardı. Ancaq bir neçə ildir ki, daha dəhrə götürmür.
– Bax, görürsünüzmü, – deyə Qədir, Musa dayının düzəltdiyi mexaniki aparatları böyük həvəslə qonağa göstərdi.
Musa dayı demisini tüstülədə-tüstülədə sükut içində dayanıb baxırdı. Qədir izahat verib qurtarandan sonra Humay işgüzarlıqla:
– Vaxta ki, – dedi, – kənddə “SES” var, niyə dəyirmanı elektriklə işlətmirsiniz?
– Elektriklə? – Qədir təəccüblə ona baxdı.
Musa dayının gözlərində qəribə işıltı əmələ gəldi.
– Əlbəttə! – deyə Humay qəti ifadə ilə təsdiq etdi. Bu daha çox xeyir verə bilər; kəndiniz də böyükdür.
Musa kişi demisindən dərin bir qullab alaraq, batqın səslə cavab verdi:
– Qonşu kənddə od dəyirmanı var. Ancaq bizimki heç vaxt ondan geri qalmayıb. Bir də ki, onun unu hara, bununku hara! Yerlə göy qədər təfavütü var.
– Hansının unu yaxşı çıxır? – deyə Humay maraqla soruşdu.
– Əlbəttə, su dəyirmanının unu!
– Ola bilməz! – deyə Humay qəti etiraz etdi. Görünür, o kənddə dəyirmanı yaxşı işlədə bilmirlər.
Musa dayı cavab vermədi. Bu da onun bərk dilxor olduğunu göstərirdi.
Humay, Musa dayıya deyirdi:
– Sənin su dəyirmanının bir gündə üyütdüyünü elektrik dəyirmanı iki-üç saatda üyüdər!
– Düzdür, – deyə Qədir təsdiq etdi.
Musa dayı ona acıqlı-acıqlı baxaraq soruşdu:
– Ömründə bir dəfə bizim camaatdan dəyirman barədə şikayət eşidibsənmi?
– Qəribə söz danışırsan, – deyə sədr qızışdı. – Çox da şikayətlənən olmayıb. Vaxt aparmağına nə deyirsən?
Sonra Humaya üz tutdu:
– Doğrusu, indiyə qədər ağlımıza gəlməyib. Heç bilirsən camaatın bu taxıl üyütməyə nə qədər vaxtı gedir? Sən demişkən, böyük kənddir. Birdən elə olur ki, adam iki-üç gün növbəyə durur. Bir də, axı, elektriklə işləsə, bu bir dəyirmanlıq su da havayı axmaz.
– Havayı niyə axır? Bəs o nədir? – deyə Musa dayı təzə salınan bağı göstərdi.
– Oraya ildə cəmi iki-üç dəfə su lazım olur. Amma sən, il on iki ay havayı axıdırsan suyu. Qabağında elə bir yer də yoxdur ki, əkib-becərəsən. Axı, yayda bu suyun hər damcısı bir qızıla bərabər olur.
Musa dayı yaşıl qanovuzdan tikilmiş tənbəki kisəsini açıb, demisini hirsli-hirsli dolduraraq:
– İndi dediyin nədir? – deyə Qədirdən soruşdu.
– Dediyim budur ki, injinerin sözü ağlıma batır. Dəyirmanı tokla işlətmək lazımdır.
– Mən ölsəm də, o novun suyunu sovmaram, – Musa dayı acıqlı halda dəyirmandaşının o biri tərəfinə keçdi.
– Camaat deyəndən sonra sovarsan, – Qədir furajkasının dalını qaldırdı.
Bu vaxt Bəyim içəri girib salam verdi, atasından soruşdu:
– Çay qoymuşuq, sənə də gətirimmi?
– İstəmirəm! – deyə Musa dayı qəzəblə cavab verdi.
Bu, görünməmiş bir iş idi. Əslində, davakar bir adam olan Musa dayının öz qızına güldən ağır söz dediyini hələ indiyə qədər eşidən olmamışdı. Bəyim qızararaq əvvəlcə Humaya, sonra da atasına baxıb, cəld dəyirmandan çıxdı.
– Bizə acığın tutub, daha qızın üstünə niyə qışqırırsan, – deyə Qədir, Musa dayını məzəmmət etdi.
Bayaqdan bəri kənardan söhbətimizə qulaq asan yaşlı bir kəndli:
– Ay Musa, – dedi, – nahaq acıqlanırsan. Düzdür, bu dəyirmanı sənin rəhmətlik atan usta Qubad tikib, ancaq daha indi elektrik zamanıdır.
Musa dayı hirslə yana tüpürdü və qocaya cavab vermədi.
Biz dəyirmandan çıxıb gedəndə, Qədir qaqqıldayıb ucadan gülərək:
– Siz öləsiniz, – dedi, – bu Musa kişi dəsgahlı adamdır. Elə bilirsiniz, o tokla işləməyin xeyrini başa düşmür?
– Əgər, başa düşürsə, niyə etiraz edir? – deyə Humay təəccüblə soruşdu.
– Əvvəla, ona görə ki, bayaq o qoca deyən kimi, bu dəyirmanı onun atası tikib…
– Nə olsun atası tikib, indi ki, camaatındır.
– Nə qədər də olsa, ata yadigarıdır, ayrıla bilmir. İkinci əsas məsələ də odur ki, dəyirmanda işləməyin gəliri çoxdur. Axı, Musa kişi bir az tamahkar adamdır… Közü öz qabağına eşməyi xoşlayır. Ancaq sən ona qulaq asma. Balaca bir layihə hazırla, əvvəlcə özümüz baxaq, sonra da verək camaatın müzakirəsinə.
Axşam düz səkkizin yarısında mən, arxası üstə çarpayıda uzanaraq, qəzet oxuyan Humaydan soruşdum:
– Bu gecə təzə film göstəriləcək, getmək istəyirsinizmi?
– Nə filmdir?
– “Canlı meyit.”
– Gedək, – o, həvəslə ayağa qalxaraq, qəzeti stolun üstünə qoydu.
Bizim, “Mədəniyyət sarayı” – deyə gurultulu bir ad verdiyimiz üç yüz adamlıq balaca klubumuz kəndin aşağı tərəfindəki açıqlıqda yerləşir. Klubun qabağında saldığımız kiçik bağçanın ağacları indi adam boyu qalxıb, çiçək açmışdır. Ağacların altı yaşıl yoncalıqdır. Ərik ağaclarının çəhrayı çiçəkləri arasında Sabirin yarımbüstü görünür. Biz bu balaca klubumuza o böyük şairin adını qoymuşuq.
Divarları təzə əhənglənmiş klubun qabağına çoxlu adam toplanmışdı. Demək olar ki, bütün cavanlar burada idi. Oğlanlar bizim yerlərin dəbinə uyğun boğazlı çəkmə geymiş, günlüyü uzun furajka qoymuş, köynəklərinin üstündən enli qayış çəkmişdilər. Bizim cavanların hamısı yaxşı geyinməyi, bahalı zabit kəməri bağlamağı, ən gözəl xromdan uzunboğaz çəkmə tikdirməyi sevirdilər.
Qız-gəlinlər sarı, qırmızı, yaşıl parçalardan əlvan paltar geyib, təzə ipək kəlağayı örtmüşdülər. Bir dəstə gəncin ortasında dayanmış dostum Şahlar furajkasını yan qoyaraq, yenə, nə isə, məzəli bir şey nağıl edir, gənclər də gülməkdən uğunub gedirdilər. Təzə mahud frenc geymiş Musa dayı da bir qədər aralıda iki kişi ilə dayanıb, demisini tüstülədirdi. Bütün tərsliyinə baxmayaraq, o, ömründə bir kino buraxmazdı. Bizi görərkən qaşqabağını töküb, üzünü o yana çevirdi.
О проекте
О подписке
Другие проекты
