Читать книгу «Tomris Xan » онлайн полностью📖 — Əhməd Haldun Dərzioğlu — MyBook.
cover





Oğlu məhz o günlərdə – şamanlığa ilk addımlarını atarkən gördüyü yuxunu danışdı atasına:

– Dağların arasında qanlı çay axırdı. Mənsəbindən qan fışqırırdı. Ağ qarla bəslənirdi, ancaq rəngi dəyişmirdi. Çağlayaraq axır, bu qədər yolu qan qırmızı rəngi ilə aşırdı. Üzərimə gəlirdi, düz üzərimə. Qanda boğulacağımı düşünərək qorxurdum. Sonra yaxınlaşdıqca sürəti azaldı. Yumşaq-yumşaq ayaqlarıma dəydi. O anda rəngi açıldı və bir anda ağ oldu. Məni keçdikdən sonra artıq ağ suyla axdı. Təəccübdən donub qaldım, ata. Qanlı axan çay bir anda necə ola bilər ki…

– Ola bilər! – dedi atası. – Ola bilər! Bu, müqəddəs yuxudur.

Nə desin?

– Ey oğul! Mənə, atama, babama və lap əvvəlki əcdadlarımıza verilən müqəddəs vəzifə indi də sənə verilib. İşin çox çətindir, bundan əvvəlki xoşbəxt yuxularını çox axtaracaqsan. Həyatın həqiqətlərlə yuxular arasında bir yerə sığınacaq. Bəzən həqiqətlə yuxunu qarışdıracaqsan. Yaşadığını, yoxsa öldüyünü bilməyəcəksən. Görəcəksən, ancaq görməzlikdən gələcəksən. Çarəni səndə axtaranlar olacaq. Çarəsiz olduğunu unudub onların dərdinə qalacaqsan. Ən çətin hallarda belə, qapına gələnlərə ümid yeri olacaqsan.

Atası o gün əlindən tutub müqəddəs dağın yüksəkliklərinə çıxardı, orada müqəddəs ağac77 əkdirdi. Balaca əllərinin əziyyət çəkməsinə, zəif bədəninin yorulmasına fikir vermədən: – “bu çox vacibdir”, – dedi.

Bu ağac onun daşıyacağı yükün bir hissəsinin hissəsi idi. – Sənə kömək olacaq. Onunla bir böyüyəcəksiniz… – dedi.

Ağac quruyub yox olanda o da yox olacaqdı.

“Hər şamanın müqəddəs ağacı8 var”, – dedi.

Qanlı çayın ağ çaya çevrildiyi yuxunu gördükdən sonra ağ rəngə qarşı sevgi yaranmışdı ürəyində. Hər şeyin ağ rənginə doğru axırdı ürəyindəki hisslər. Anlamayanlar üçün qəribə olsa da, atası vəziyyətini bildiyi üçün dinmirdi.

Nəticədə “Ağ” qaldı adı. Yaşlandı, “Ağ Şaman” oldu.

Ağ ilə sarılmış müqəddəs Göy əri.

– Nə üçün axı Göy rəng deyil, ağ oldu? – soruşdular hər dəfə ondan.

– Çünki Göy rəngi Göy üzünün haqqıdır. Al və qara da öz sahiblərini tapdı. Ağ isə mənə qaldı, – dedi.

Şamanlarda rənglə bağlı xüsusi seçim olmazdı. Ağ şaman, qara şaman98 anlayışı güc və başqa bir neçə amillə bağlı idi.

Ağ Şaman ağ rəngdə tapmışdı yolunu.

“Getdiyim yol ağ mənim!” – deyirdi.

Bir yolçu idi o.

Atını dağlara tərəf çapanda atın dırnaqlarının qayalıqlar üzərindən keçərkən çıxardığı səs qarşı zirvələrdə əks olunurdu. Çox diqqətlə və ehtiyatla çapırdı atı. Getdiyi yerə tez çatmalıydı, ancaq atını da qorumaq məcburiyyətində idi. At onların ən sadiq dostu olduğu üçün əsla ona əziyyət verməzdilər. Yoluna davam etməliydi. Getməli olduğu bir neçə yer var idi. Ağ Şaman hələ çox uzaqdaykən hiss etmişdi atlının gəldiyini. Atlının ayaq səslərini duyması, təlatüm hissi, quşların və çöl heyvanlarının hərəkəti… Sonda isə səslər. Hamısı bunu deyirdi.

Bu səbəbdən çadırından uzaqlaşmamışdı. Atlı birbaşa ona doğru gəlirdi. Gördüyü yuxular pis xəbər alacağının işarəsini vermişdi. Həyəcanla gözləyirdi.

Şamanın yaşadığı yerə icazəsiz yaxınlaşmağın düzgün olmadığını bilən çapar çadıra iki yüz addım qalmış atını saxladı. Əvvəlcə ətrafına göz gəzdirdi. Heç kim yox idi. Sonra yüksək səslə səsləndi:

– Ulu Şaman…

Sonra bir anlıq cavab eşitmək üçün gözlədi. Müqəddəs Göy üzü ərənlərinin hər zaman hər şeydən əvvəlcədən xəbərdar olduqlarını bilirdi. Çaparın səslənməsindən xeyli əvvəl Ağ Şaman onun olduğu yerə tərəf enməyə başlamışdı. Bağıraraq cavab vermək, onu çağırmaq əvəzinə yanına gedib qarşılamağı məsləhət bilmişdi.

Çaparın gedəcəyi başqa yerlər olduğu üçün gözləməyə vaxtı yox idi.

– Ağ Şaman! Göy üzünün müqəddəs ərəni, Orda şəhərindən xəbər var?! Haradasan?

Atlı öz qarşılığını tapmayan səsinin əks-sədasından həyəcanlanmışdı, yerində dura bilmirdi. Atı da dayanmır, dəli çöl atları kimi kişnəyirdi. Bir o yana, bir bu yana dönərək üstündəki sahibinin tarazlığını pozurdu.

Əlbəttə, gördüyü otlar da diqqətini dağıtmasına səbəb olmuşdu. Halbuki, çapar bərk tutduğu yüyəni boşaltmaq, onun istəyini yerinə yetirmək niyyətində deyildi.

– Ulu Ş…

Bu dəfə tamamlaya bilmədi sözünü. Bir anda qarşısında bitmiş kimi gördü Ağ Şamanı. Atı da ürkdü, bir neçə addım geriyə çəkildi.

Çapar gənc bir igid idi. Həyəcan içərisində nə edəcəyini unutmuşdu. Sonra qarşısındakının Ulu Şaman olduğunu xatırlayıb cəld atından endi, diz üstə çöküb qarşısında heykəl kimi dayanan müqəddəs Göy adamını salamladı.

– Tanrı səni qorusun, Ulu Şaman. Bağışla. Çox vacib vəzifə olduğu üçün sizə səsləndim. Yox-sa gözləyərdim. Gedəcəyim başqa yerlər də var, xəbəri çatdıracağım yerlər, şəxslər…

Sak yurdunda çaparlar xəbərləşməyi təmin edən, məktub daşıyaraq lazım olan yerlərə çatdıran xüsusi yetişdirilmiş igidlər idi. Dayanmadan at çapır, dağ-daş demədən, isti-soyuq bilmədən çölləri gəzirdilər. Onlara at hazırlayan, gecikmədən atlarını dəyişdirmələrini təmin edən və hazır yeməklər təklif edən qonaq yerləri də vardı ki, vəzifələrində yubanma olmasın.

Onlar üçün dayanmaq yox idi. İstirahətləri də, yuxuları da, yeməkləri də, içməkləri də at üstündə olurdu. Yorucu vəzifə olduğu üçün tez-tez çaparlar dəyişdirilir, yerlərinə yeniləri təyin edilirdi. Onların işini əngəlləməyin, onları gecikdirməyin ağır cəzaları olurdu.

İgidin təcili yola çıxmalı olduğunu bilən Ağ Şaman sözü uzatmadan, – “Söylə!” – dedi.

Çapar ayağa qalxdı. Əzbərində olan məlumatı onu göndərənin adından birnəfəsə söylədi:

– Sak xaqanı Alp xan xəstəliyə düçar olub. Uzun zamandır, bunu bilmədən yatır. Xaqanlıq həkimləri, təbiblər dərdinə çarə tapa bilmədilər. Xanın həyat yoldaşı Tomris10 xatın Sak ölkəsindəki müqəddəs Göy üzü ərənlərinə xəbər yolladı ki, hamısı paytaxta gəlsin. Alp xanın dərdinə dərman tapsınlar.

Buyruq bu idi.

– Sənə də bu əmri çatdırdım, Ulu Şaman! – çapar igid sözlərini tamamladı.

– Yaxşı, – dedi Ağ Şaman. – Buyruğu aldım. Gedə bilərsən, igid! Yolun uğurlu olsun.

Çapar yerindən qalxıb şamanı salamladı, sonra da atına minib yoluna davam etdi.

Ağ Şaman bir müddət durduğu yerdəcə heç tərpənmədən onun uzaqlaşmasını izlədi. İgidin atının dırnaq səslərinə diqqətlə qulaq asdı. Çapar gözdən itdikdən sonra çadırına geri qayıtdı.

Gedərkən yolda düşündü:

– Sak xanı xəstələnib! Çox pis… Müharibə qapımızdadır.

Müharibə, yağı basqınları hər zaman olub. Hər zaman da olacaq. Bu döyüşlərdə həmişə xalqlar əziyyət çəkir. Bu müharibələr nəticəsində əldə olunan sülh barışıqları sanki pozulmaq üçün bağlanırdı.

Hələ Sak elinin günbatan tərəfinə düşən, get-gedə böyüyən təhlükə elə təsirliydi ki, yer üzünü yandırıb-yaxırdı. Uzaqlardan gələn xəbərlər ta oralara qədər bu yanğının ağrısını daşıyırdı.

Günbatan tərəfə doğru istila yürüşünə başlayan farslar mütləq üzlərini Sak yurduna da çevirəcəkdilər. Keçmişdən gələn istilaların təkrarlanması an məsələsi idi. Hökmdar Kir şöhrətini daha da geniş coğrafiyalara yaymaq üçün Sak yurdunu işğal etmək, onları məğlub etmək istəyirdi. Yeni İran-Turan savaşı yaxınlaşmaqdaydı.

İran adlandırılan torpaqlarda qurulan fars dövləti…

Dövlət idarəçiliyinə Əhəməni xanədanı hakim olduqdan sonra qana boğmuşdu yer üzünü.

Başını yellədi Ağ Şaman. Xalqını böyük çətinliklər gözlədiyini bilirdi. Üstəlik, Sak xanı Alp xan xəstələnmişdi və yerinə keçəcək heç kim yox idi. Oğlu İsparqa Tiqin119 hələ on dörd yaşında yeniyetmə idi. Əgər Alp xana nəsə olsa…

“Sak böyükləri belə çətin vəziyyətdə, böyük ehtimalla müharibənin başlayacağını bildikləri üçün kiçik uşağın taxta çıxmağına etiraz etsələr…” – düşünürdü Ağ Şaman.

Ona iş tapşırılmışdı. Ona görə də ağlına belə suallar gəlirdi. Yoxsa Ulu Göy üzü ərənləri dövlət işlərinə qarışmazdılar. Onların işi Göy üzü və bilinməzlərdi.

“Sümüklərdən1210 məsləhət almalı, gələcəyi soruşmalı, ruhlarla məsləhətləşməli idi”.

Həkimlərin, təbiblərin vəzifələri tamamlanmalıydı ki, onlar çağırılsın.

Bu xəstəliyin səbəbi nədir? Nə oldu Alp xana? Nə olacaq sonu? Bəs sak xalqının gələcəyi nə olacaq?

Bu qədər sıxıntı və narahatlıq içərisində onlara ümid verəcək, rahatlandıracaq bir işıq var idi – Tomris xatın.

Alp xanın birinci xatını, sakların sevib-saydıqları, gözəlliyi, bir o qədər də ağlı, bacarığı dillərə dastan olmuş Tomris xatın…

Xalq, həqiqətən, çox sevirdi onu. Alp xana gənc yaşda həyat yoldaşı olmuşdu. Gözəl, dillərə düşən bu sevgi hekayəsinin sonunda Sak yurdunda günlərlə davam edən toy mərasimi qurulmuşdu.

Xalqının da, xan sülaləsinin də gözlədiyi varis – taxta çıxacaq oğlan övladı əvəzinə ard-arda üç qız dünyaya gətirmişdi Tomris xatın. Onların ardından bir müddət Tanrı övlad verməmiş, daha sonra Tomris xatın bir oğlan doğmuşdu. Bu dəfə oğlan dünyaya gəldiyi üçün Sak yurdunda böyük el şənliyi olmuşdu. Alp Ər Tonqanın qanından olan, yer üzünü şərəfləndirən bu oğlan xan soyunun davamı demək idi.

Adını İsparqa qoydular.

“Tanrı Alp xanı qorusun!”

Əgər Tomris xatın oğlunun yanında olsa, əlbəttə, İsparqa Tiqin Sak taxtına sahib çıxaraq dövləti idarə edə bilərdi. Buna qurultay qərar verəcəkdi.

Axır vaxtlar baş verənlər heç də ürəkaçan deyildi.

“Hələ fala baxaq görək”, – deyə Ağ Şaman öz-özünə dedi.

Fars dövləti və hökmdar Kir

Dövlət var, bütün dünyaya ədalət yayar. Bu ədalətin müsbət təsiri bütün varlığında əks olunar. O dövlət elə şəkildə idarə edilər ki, dövlət, əsl dövlət olar.

Dövlət də var, işi müharibə etmək, qan tökməkdir. Sərhədlərinin uzandığı yerlərdən fəryad səsləri yüksələr. Onun işi idarə etmək yox, əzməkdir.

Xalqlar həmişə öz idarəçiliyi ilə fərqlənirlər. Bu idarəçilik əsasında dövlətin yeritdiyi siyasət müəyyən edilir.

Dövlət millətlə, xalqla dövlət olur!

Turanın əzəli düşməni İranda hakimiyyət, əsrlər keçdikcə, sülalədən sülaləyə, xanədanlıqdan xanədanlığa ötürülərək idarə olunurdu. Turan dövləti ilə müharibə heç ara vermədən davam edirdi. İki tərəfin də tərəqqi və tənəzzül etdikləri dövrlər olmuşdu. İranda hakimiyyətə gələn hər hökmdar öz idarəçiliyi dövründə dönüb Turan elinə baxmışdı. Orda keçmiş döyüşlərin izlərini görmüş, unudulmaz igid Alp Ər Tonqanın yaşayan xatirəsinə düşmənə çevrilmişdi.

Son dövrün ən böyük, ən güclü dövlətidir İran torpaqlarında hökmdar olan fars dövləti. Fars dövlətinin meydana gəlməsi və hökmdar Kirin taxta çıxması tarix xəttinin dəyişməsidir.

Uzun zaman İran midiyalıların1311 hakimiyyəti altında yaşadı. Həmin midiyalılar ki, özləri də xeyli müddət sakların hakimiyyəti altında yaşamışdılar.

Saklar çətin günlərdə şimala çəkilib öz doğma yurdlarında yaşadıqları zaman midiyalılar üstünlüyü ələ keçirmiş və bütün bölgəni, bölgədə yaşayan millətləri hakimiyyətləri altına almışdılar. İran Midiya eli olmuş, hətta Babil xaric, bütün Assuriya midiyalıların hakimiyyəti altına keçmişdi.

Bu üstünlük uzun müddət davam etdi.

Midiya hökmdarı Keykavus öldükdən sonra Astiaq Midiya taxtına çıxdı.

Astiaqın qızı oldu. Adını Mandana qoydular. Mandana dünyaya gəldikdən qısa müddət sonra yuxulara və falçılara inanan, onlar olmadan addım belə atmayan hökmdar yuxu gördü.

Mandananın oturduğu yeri sel aparır, bu sel əvvəlcə paytaxtı basır, sonra bütün yer üzünü tutur. Hökmdar Astiaq yuxudan oyandıqda bunun mənası olduğunu, ona verilən ilahi işarə kimi qəbul etmək lazım gəldiyini düşünərək dindarları, falçıları və maqları bir yerə yığdı. Hökmdarın yuxularını yozmaq, gələcəklə bağlı fal açmaq üçün sarayda saxlanılan maqlar, adətən, baş verə biləcək hadisələr haqda danışırdılar. Söylədiklərinin düz çıxması, hadisələri öncədən görə bilmələri sarayda onların mövqeyini daha da gücləndirmişdi. Hökmdar kahinlərin hər sözünə inanırdı.

Astiaq yuxusunu maqlara danışdı və yozumunu istədi. Onların isə o dəqiqə söyləyə biləcəkləri sözləri yox idi. Çünki yuxu yozumları və fikirlərinin düz çıxmadığı vaxtlarda hökmdar onlara qarşı amansız olurdu.

Falçı maqlar öz aralarında uzun müddət müzakirə apardıqdan sonra hökmdara belə cavab verdilər:

– Böyük hökmdar, gördüyünüz yuxu sizi gələcəyə dair xəbərdarlıq işarədir.

Söz gələcəkdən düşəndə hökmdar edilməsi mümkün hər şeyə al atardı. Məhz buna görə də falçıları diqqətlə dinləməyə başladı.

– Yeganə övladınız olan qızınız yetkinlik yaşına çatanda çox diqqətli olmalısınız. Onun evliliyinin sizinlə birbaşa əlaqəsi olacaq. Çünki qızınızdan dünyaya gələcək oğlan uşağı böyüyüb taxt-tacınızı ələ keçirəcək, sizi yox edəcək, Midiya dövlətinə son qoyacaq. O uşaq bütün dünyanın başına bəla olacaq!

Falçıların yuxu ilə bağlı fikirləri hökmdarın dərin düşüncəyə daldırdı. Öz nəslindən, qızından dünyaya gələcək uşağın dövlətini yıxacağı, Midiya xanədanlığını yox edəcəyi nə demək idi? Nə üçün öz soyundan olan hökmdar qurduğu imperiyanın taxt-tacına çıxmayacaqdı ki?

Maqların sözlərindən təsirlənən hökmdar bir anlıq qızını öldürmək haqqında düşündü, ancaq yeganə övladına qarşı bunu edə bilmədi. Xanımının da buna icazə verməyəcəyinə əmin idi. Həm də əgər belə addım atsaydı, xalqına nə deyəcəkdi? Xalq bir yuxuya görə, doğma qızını öldürən hökmdarın arxasında durmazdı.

Astiaq dövrünün müdrik alim və mütəfəkkirlərinə də yuxusunu danışdı, ancaq onların da sözləri ağlına batmadı. Fərqli çıxış yolları məsləhət görülsə də, hökmdar sonda belə qərara gəldi:

– Qızımı əsilzadə ailədən gələn biri ilə evləndirməsəm, ondan dünyaya gələcək körpə də taxt iddiasına düşə bilməz!

Mandana yetkinlik yaşına çatanda hökmdar Astiaq qızını əsilzadə ilə evləndirsə, gələcəyinin qaranlıq olacağını, qurduğu imperiyanın əlindən gedəcəyini düşünərək onu kölələrindən birinə vermək qərarına gəldi. Beləliklə, kölədən dünyaya gələcək uşağın onun üçün təhlükəsi olmayacaqdı. Heç kim kölə övladının taxta çıxmasını istəyə bilməzdi. Kölənin oğlu kölə kimi yaşayacaq, saraya yaxınlaşa bilməyəcəkdi.

Beləcə, Astiaq qızının özündən uzaqlaşmasına göz yumdu. Onun hesabına görə, Midiya dövlətinin gələcəyi bu yolla xilas olacaqdı.

Hökmdar Astiaq qızını Kambiz adında fars əsilli köləyə ərə verdi. Bundan sonra neçə vaxtdır, ona rahatlıq verməyən fikirlərdən az da olsa, uzaqlaşdı. Onları ölkənin mərkəzindən kənar vilayətə göndərdi.

O, falçı maqların köməyi ilə gələcəkdə özünü gözləyən böyük təhlükədən xilas olduğunu düşünürdü.

Aradan bir neçə il keçdikdən sonra hökmdar Astiaqın qızı Mandana saraydan uzaqda, kölə olan həyat yoldaşından övlad dünyaya gətirdi. Bu oğlan uşağı doğulan zaman hökmdar Astiaq yenidən qorxulu yuxu gördü. Gördü ki, Mandananın oğlu dünyaya gəlib və uşağın əlində bir ağac bitir. Ağacın budaqları böyüyür, böyüdükcə ona dolanır, dolanır, nəhayət, onu sıxaraq boğur.

Gördüyü yuxu Astiaqa çox pis təsir etdi. Ertəsi gün səhər yenidən maqları çağırtdıraraq yuxusunu onlara danışdı. Maqlar uzun zamandır, onu gözləyən təhlükənin yaxınlaşdığını, hətta çox yaxında olduğunu söylədilər. Hökmdar bu yozumu dinlədikdən sonra daha da həyəcanlandı. Çünki qurduğu imperiyanın sonunu gətirəcək uşaq artıq dünyaya gəlmişdi. O, bu oğlanı mütləq yox etməliydi. Artıq oturub gözləməyin mənası qalmamışdı.

Astiaqın qızı Mandana övladına Kir adını verdi. Uşağın xüsusi xarakteri, fərqli xüsusiyyətləri yox idi. Əgər bəxti, taleyi dəyişməyəcəkdisə, adi kölə övladı kimi yaşayacaqdı.

Astiaq Midiyanın əsilzadə ailələrindən olan, özünün sadiq adamı hesab etdiyi Harpaqosu yanına çağırdı. Baş verənləri ona danışıb dedi:

– Qızım Mandananın oğlu Kir öldürülməlidir! Hansı şəkildə edirsənsə, et, yeganə tələbim bu işi tez zamanda yerinə yetirməndir. Bunun üçün hər şey sənin xidmətindədir. Onu öldür və dəfn et! Bu barədə də heç kimə, heç nə danışma.

Hökmdar həm öz doğma qanından olan bir uşağın öldürülməsini istəyir, həm də bunu heç kimin bilməməsini tələb edirdi. Çünki gələcəkdə azyaşlı uşağı öldürən hökmdar kimi xatırlanmaq istəmirdi.

Astiaqın danışdıqlarından təsirlənən Harpaqos həm Midiyadakı əsilzadə ailələrdən birindən gəldiyi üçün, həm də öz hakimiyyətlərinin süquta uğramasından qorxaraq çətin də olsa, kralın dediklərini yerinə yetirməyə qərar verdi. Yanına ordudan sayılıb-seçilən bir neçə əsgər götürdü və Mandananın kölə həyat yoldaşı ilə birlikdə yaşadığı uzaq vilayətə yola düşdü. Bu vəziyyət qarşısında heç nə edə bilməyən yazıq qadın və həyat yoldaşı Kambiz nə qədər müqavimət göstərməyə çalışsalar da, yeganə övladlarını onların əlindən xilas edə bilmədilər. Kirin əsgərləri müqavimət göstərən kölə Kambizi öldürdülər. Mandananı isə təkbaşına orada buraxdılar.

Harpaqos bu ağ bezə bükülmüş və ona yazıq baxışlarla baxan körpəni öldürməyə qərarlı olsa da, bacarmadı. Əsgərlərini arxada buraxaraq həyəcanlı şəkildə Mandananın yaşadığı kasıb vilayəti tərk etdi.

Qucağındakı uşaq isə sakit şəkildə sonunu gözləyən qurban idi.

Harpaqos həmişə ağlına və məntiqinə güvəndiyi həyat yoldaşına baş verənləri danışdı:

– Hökmdarın əmridir. Bu uşaq öldürülməlidir, ancaq vicdanım yol vermir, onu öldürüm. Mənə kömək et!

Qadın çox vicdanlı insan idi. Belə ədalətsiz şəkildə körpənin öldürülməsinə icazə verə bilməzdi. Baş verənlərə görə həyat yoldaşına əsəbləşdi:

– Əsla gözümün önündə belə ədalətsizliyin olmasına razılıq verə bilmərəm. Əgər kral öz qanından olan körpənin öldürülməsini çox istəyirdisə, nə üçün bunu özü etmədi? Biz qatil deyilik.

– Bəs nə edəcəyəm? Çox çarəsizəm. Əgər verdiyi əmri yerinə yetirmədiyimi öyrənsə, boynumu vurdurar, – Harpaqos dedi.

Həmin gecə səhərə qədər düşündülər. Axırda bu işi başqasına həvalə etməyi qərarlaşdırdılar. Beləliklə, günahda şərik olsalar da, haqsız yerə öldürülən körpənin qatilləri özləri olmadıqları üçün az da olsa, təsəlli tapacaqdılar.

Harpaqosun qəddar köləsi var idi. Adı Mitradat olan kölə insanları öldürməyi özünə vəzifə bilir, bu işi tərəddüd keçirmədən edirdi. Harpaqos bunu son çıxış yolu hesab etdi və onu səslədi:

– Mitradat, səndən çox gizli və məsulliyyətli bir işi yerinə yetirməyini istəyirəm. Ancaq bu işin səbəbini soruşmayacaqsan!

– Buyurun! Əmr edin, sahibim. Sizin əmriniz nə olursa-olsun, yerinə yetirməyi özümə borc bilirəm.

– Gördüyün bu körpəni götür və öldür. Hansı şəkildə öldürməyini mən daxil olmaqla, heç kimə söyləmə. Əgər uşaq yaşasa, gələcəkdə hamımızın başına bəla olacağını unutma!

Bu, əslində, Mitradat üçün elə də çətin tapşırıq deyildi. Sahibinin əmrini dərhal qəbul etdi. İşi yerinə yetirəcəyi təqdirdə qarşılığında çox böyük mükafat alacağını yaxşı bilirdi. İnsan qanı axıtmaqdan həzz alan qatil kölə günahsız körpəni qucağına alıb getdi.

Harpaqos körpəni uzaq bir yerdə öldürməyi tapşırmışdı. Ona görə də kölə üçün atlara qoşulmuş araba hazırlatmış, bir də bir neçə əsgər ayırmışdı. Bu günə qədər sahibindən aldığı hər tapşırığı yerinə yetirən insafsız qatil bu körpəni də asanlıqla öldürəcəkdi. Onu arabanın altına qoyub əzər və ya sıldırım qayadan ata bilərdi. Ancaq o, bir anlıq qəribə hisslərə qapıldı. Nə olursa-olsun, sahibi üçün əhəmiyyətli və dəyərli olan bu körpə uşağı həyat yoldaşına göstərməliydi. Onsuz da bu dəfəki ovu onun üçün təhlükəli deyildi, istədiyi an axırına çıxmaq olardı.

Bütün bunları düşündükdən sonra Mitradat sahibinin tapşırdığı dəyərli körpənin kim olduğunu, sahibinin ona hansı dərəcədə etimad etdiyini həyat yoldaşına göstərmək qərarına gəldi. Həyat yoldaşı hamilə idi. Yaxın zamanda dünyaya övlad gətirməli idi. Mitradat həyat yoldaşının oğlan doğmasını istəyirdi. Bunun üçün nəzir deyib niyyət eləmişdi.

O, evinə gəlib çatanda içəridən fəryad səsləri eşidildi. Nə baş verdiyini anlamaq üçün həyəcanla evə tərəf getdi. İçəri daxil olanda gördükləri onu dəhşətə saldı. Uşaq xəstə və zəif olduğu üçün elə doğulan kimi dünyadan köçmüşdü.

Həyat yoldaşının söylədiyi ağılar onu sarsıtdı. Aylarla bətnində bəslədiyi övladının səsini eşitmədən o dünyaya yola salması qadına çox pis təsir etmişdi.

Bu əsnada Mitradatın qucağındakı körpə ağlamağa başladı. Baş verənlərdən sarsılan həyat yoldaşı eşitdiyi səs qarşısında nə edəcəyini bilmədi.

– Bu uşaq kimdir? – soruşdu.

Mitradat məsələni həyat yoldaşına danışdı. Qadın baş verən bu hadisələr qarşısında təəccübünü gizlədə bilmədi. Həyat yoldaşının danışdıqları və bir az əvvəl baş verənlər onun uzun düşüncələrə dalmasına səbəb oldu. Qadın sarsılmışdı: